MEZOLĠT VƏ NEOLĠT DÖVRÜ.
AZƏRBAYCAN SAKĠNLƏRĠ ĠSTEHSALEDĠCĠ
TƏSƏRRÜFATIN MEYDANA ÇIXMASI DÖVRÜNDƏ
GiriĢ qeydləri. Bütün Paleolit dövrü ərzində əhəmiyyətli nailiyyətlərə və
cəmiyyətin çox böyük inkişafına baxmayaraq, insanlar istehlakçı olaraq qalır, onların
təsərrüfatı sırf mənimsəmə xüsusiyyəti daşıyırdı. İstehsal bazasının məhdudluğu,
ovçuluq fəaliyyətinin ekoloji mühitdən bilavasitə asılılığı, təbii şəraitin dəyişməsi
cəmiyyətin inkişafını həddindən artıq ləngidirdi.
Paleolitdən yeni daş dövrünə (neolitə) keçid mərhələsi insan həyatında mühüm
dəyişikliklər dövrü idi. Mezolit (yunanca mesos - orta, lithos - daş) adlanan bu
mərhələnin başlanğıcı təxminən son buzlaşma dövrünün qurtarmasına və müasir
geoloji mərhələnin-holosenin (yunanca holos - bütün, kainos - yeni) bərqərar olması
ilə uyğun gəlir, bu dövrdə müasir ekoloji şərait yaranır.
Mezolit dövrü təxminən e.ə. XIII-IX minillikləri əhatə edir. Bəşər tarixində,
onun bütün sonrakı inkişafını müəyyən edən bu mühüm mərhələ mənimsəmə
təsərrüfat formasından (ovçuluq-balıqçılıq-yığıcılıq) istehsaledici təsərrüfata keçid
olmuşdur. Bu dövrdə bütün müasir mədəni inkişafa zəmin yaranır, cəmiyyətdə və
insan həyatında dönüş ərəfəsi başlanır, istehsaledici təsərrüfatın əsas sahələri -
əkinçilik və maldarlıq meydana gəlir. İnsanlar ovçuluq və yığıcılıqla yanaşı, əkinçilik
və maldarlıq vasitəsilə ərzaq istehsalına başlayır. Demək olar ki, bu dövrdən
başlayaraq bəşəriyyətin əsas inkişaf xəttini təbiətin hazır nemətlərini mənimsəmək
yox, ərzaq istehsal etmək yolu müəyyən edir. Dünyanın bir çox rayonlarında, o
cümlədən Zaqafqaziyada neolit dövründə erkən əkinçi-maldar mədəniyyəti əsasında
yeni təsərrüfat forması meydana gəlir və inkişaf edir. Bu, əslində son mərhələsi bir
çox hallarda "neolit inqilabı" kimi ifadə edilən nəhəng çevriliş idi.
Mezolit dövründə baş verən dəyişiklikləri çox vaxt Üst Paleolitdə ovçuluq
təsərrüfatında baş vermiş böhranla bağlayırlar. Güman edirlər ki, mezolit dövrünə
qədər iqlim və landşaft kompleksində baş verən dəyişikliklər, bununla əlaqədar insan
faktoru təsirinin güclənməsi nəticəsində təsərrüfatın bu növündə potensial imkan artıq
tükənmişdi.
Biz həqiqətən görürük ki, mezolit dövründə dünyanın müxtəlif yerlərində yeni
təsərrüfat formalarının axtarışı başlanır. Açıq sahələr əvəzinə insanlar daha çox
meşədə ov etməyə başlayırlar. Heyvan sürüsündə tərkibin dəyişməsi, heyvanların
sayının xeyli azalması, həm də ox və yayın icad edilməsi kollektiv ovdan meşələrdə
fərdi ova keçmək üçün geniş imkanlar yaradır. Ox və yayın, həm də müxtəlif düzmə
dişli alətlərin meydana gəlməsi mikrolitik texnikanın güclü inkişafına təkan verir.
65
İqtisadiyyatın müstəqil sahəsi kimi formalaşan balıqçılığın dənizdə və ya quruda
aparılan ov və akvafaunadan maksimum istifadə ilə intensivləşməsi uzlaşır.
Yığıcılığın intensivləşməsi öz növbəsində dənli bitkilərin becərilməsinə gətirib çıxarır
və s. Bütün bunlar istehsaledici təsərrüfat formasına keçid üçün imkanlar yaradır.
Mezolit dövründə bir çox yerlərdə, o cümlədən Azərbaycanda balıqçılıqda
qayıqlardan istifadə olunmağa başlanır. Qobustan qaya rəsmlərindəki çoxlu qayıq
şəkilləri bunu aydın göstərir.
Mezolit dövrü insan kollektivlərinin miqrasiyası dövrüdür. Bu köçmə ilə
əlaqədar mədəni yeniliklər tezliklə oykumenanın müxtəlif ərazilərinə yayılır.
Tamamilə şübhəsizdir ki, bütün regionlarda istehsaledici təsərrüfatın
yaranması və inkişafı eyni cür olmamışdır. Bəzi yerlərdə əkinçilik, digərlərində
maldarlıq və maldarlıq məhsullarının istehsalı üstün olmuş, üçüncülərdə isə bu iki
təsərrüfat sahəsi bərabər inkişaf etmişdir. Yəqinliklə demək olar ki, istehsaledici
iqtisadiyyatın mənşəyi əkinçilik və maldarlıqdan əvvəl mövcud olmuş təsərrüfatın
kompleks xarakteri ilə əlaqədar olmuşdur. Həmin vaxt ibtidai kollektivin ərzaqla
təchizatı ovçuluq və xüsusən yığıcılıqdan əldə edilən məhsulla təmin olunurdu.
Beləliklə, istehsaledici iqtisadiyyatın mənbəyi mənimsəmə təsərrüfatından başlanır.
İnsan kollektivləri minilliklər ərzində bitki və heyvanat aləmi haqqında
müntəzəm olaraq bilik toplamış, bitki və heyvanların həyat tsikli ilə tanış olmuş,
orada gedən prosesləri müşahidə etmişdi. Bütün bunlar əkinçilik və maldarlığın
yaranmasında lazımi hazırlığı təmin etmişdir.
Zaqros ərazisində, Kaspinin cənubunda Azərbaycana qovuşan qurşaqda, eləcə
də Qobustanda yabanı bitkilər, o cümlədən buğda arpa bitirdi, ev heyvanlarının
əcdadları otlayırdı. Belə şərait isə yeni təsərrüfat formasına keçmə prosesini
sürətləndirirdi.
XI-X minilliklərdə artıq mezolit dövrü adamları yabanı bitkilərin dənindən
qida kimi istifadə edir, xırdabuynuzlu heyvanları - keçi və qoyunu əhliləşdirməyə,
dənli bitkiləri becərməyə başlayır. Əldə edilən daş alətlər - biçin bıçaqları və
sürtgəclər bu barədə müəyyən məlumat verir. Bu dövrdən Azərbaycanda istehsaledici
təsərrüfatın bünövrəsi qoyulur, Kaspi sahilində Qobustan sakinləri dənizdə balıq tutur,
suiti vurur və ceyran ovlayırdılar. Onlar ox və yaydan istifadə edirdilər və artıq iti
əhliləşdirmişdilər. Bu rayonda "ceyran mezoliti" deyilən dövrdən mənimsəmə
təsərrüfatının son mərhələsi, eramızdan əvvəlki VIII minillikdən isə istehsaledici
təsərrüfat yaranmağa başlayır.
Eramızdan əvvəl VIII-VII minilliklərdə Zaqros ərazisində əkinçi maldar
təsərrüfatı artıq üstün yer tutmuşdur.
Qobustan ərazisində istehsaledici təsərrüfatın elementləri mezolitin sonu -
neolitin əvvəlindən yaranır.
|