əkinçilik tuturdu. Bu dövrdə Azərbaycanda xış əkinçiliyi geniş yayılır. Bu baxımdan
maraqlıdır ki, ilk tunc dövrü yaşayış yerlərində daşdan, buynuzdan və sümükdən
88
hazırlanmış toxalar yoxdur. Ancaq ötən dövrün hər bir yaşayış yerində bu alətlərə
çoxlu miqdarda təsadüf olunur.
Kür-Araz mədəniyyəti qəbilələrinin iribuynuzlu heyvanları qoşquda istifadə
etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil
fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir.
Azərbaycanda Kür-Araz mədəniyyəti yaşayış yerlərindən suvarma şəraitində
becərilən dən qalıqları əldə edilmişdir. Süni suvarma bəsit şəkildə olsa da, bu ərazinin
eneolit dövrü əhalisində də məlum idi. Azərbaycanda süni suvarma ilə yanaşı,
xüsusən dağlıq rayonlarda dəmyə əkinçiliyi əsas yer tuturdu.
Kür-Araz mədəniyyəti qəbilələri buğda və arpa, darı və kətan, paxlalı
bitkilərdən noxud (nut) becərirdilər. Noxud Kültəpə və Babadərvişdən tapılmışdır.
Səpin üçün taxıl dənlərinin seçilməsi bu dövrün əkinçilik mədəniyyətində
böyük tərəqqi idi. Arpa və buğda ayrılıqda əkilirdi. Bu barədə məlumat Babadərviş
tapıntılarından aydın olur. Burada bir taxıl quyusundan arpa, o birindən yumşaq
buğda tapılmışdır. Yumşaq buğda qalıqları II Babadərviş yaşayış yerinin
otlaqlarından birində tapılmışdır. İlk tunc dövründə yumşaq buğda daha geniş
yayılmış dənli bitki növlərindən olmuşdur. Məhsulun biçilməsindən sonra müxtəlif
sadə üsullarla, o cümlədən ovma yolu ilə onun döyülməsi aparılırdı. I Kültəpədə
böyük bir quyuda yanmış dən qalıqları, sünbüllü küləş və dərz bağlamaq üçün
bəndəmlər bir yerdə tapılmışdır. Görünür, taxıl buraya döyülməmiş vəziyyətdə
yığılmışdır. Babadərvişdə yanğın baş vermiş bir evin döşəməsinin xeyli hissəsində
sünbül qılçığının qalın qatı var idi. Döşəmə üzərində bu qata bitişik dən topasına rast
gəlindi. Bu faktlar göstərir ki, ehtiyat üçün saxlanılan taxıl həm də ehtiyaca görə
döyülürdü.
Taxıl məhsulunun biçilməsi yığma oraqlarla aparılırdı. Oraqların əsası ağac
dəstəklərdən, dişləri çaxmaq daşından düzəldilirdi. Ancaq ilk tunc dövrü bəzi yaşayış
məskənlərində tunc oraqlara da rast gəlinmişdir. Azərbaycan ərazisində belə bir oraq I
Kültəpədən tapılmışdır. Metal oraqların meydana gəlməsi, sözsüz ki, biçin prosesində
əməyin məhsuldarlığına müsbət təsir göstərir.
Dənin saxlanılmasının mühüm əhəmiyyəti var idi. Bu məqsədlə iri saxsı
qablardan, xüsusi quyulardan və kərpic tikintilərdən istifadə olunurdu. Babadərviş
yaşayış yerində 22 quyu aşkar olunmuşdur. Dənin nəmləşib çürüməməsi məqsədilə
quyuların dibi daş və ya kərpiclə döşənirdi. Yanıqtəpədə aşkar olunmuş dördgözlü
qalın divarlı tikinti taxıl anbarı kimi istifadə olunmuşdur.
İnamla demək olar ki, İlk Tunc dövründə çörək bişirilirdi. Bu məqsədlə
Naxçıvan Kültəpəsində aşkar olunmuş düzsəthli kürələrdən istifadə olunurdu.
Kür-Araz mədəniyyəti yaşayış məskənlərindən məlum olan materiallar
təsərrüfatda əkinçiliyin çox mühüm rolunu göstərir.
89
İlk Tunc dövrü təsərrüfatının başqa mühüm sahəsini maldarlıq təşkil edirdi.
Arxeoloji materiallar çox müxtəlif olmasa da, dövrün maldarlıq təsərrüfatının
xarakteri haqqında kifayət qədər təsəvvür yaradır. Osteoloji material göstərir ki,
sürüdə bütün ev heyvanları var idi (öküz, inək, keçi, qoyun və ev donuzu). Kür-Araz
mədəniyyəti qəbilələrinin, o cümlədən Azərbaycan əhalisinin atdan istifadəsi
haqqında olduqca az material vardır.
İlk Tunc dövrünün başlanğıcında maldarlıq təsərrüfatında iribuynuzlu
heyvanlar üstün mövqe tuturdu, sonralar isə xırdabuynuzlu heyvanların sürüdə ümumi
artım meyli müşahidə olunur. Mal-qaranın xeyli artımı öz növbəsində yem
mənbələrinin, o cümlədən otlaqların, örüşlərin genişlənməsinə səbəb olmalı idi.
Yaşayış yerləri ətrafındakı örüşlər, xüsusən yay aylarında artmaqda olan tələbatı
ödəmirdi. Bununla əlaqədar olaraq bütün Qafqazda olduğu kimi, Azərbaycanda da İlk
Tunc dövründə heyvandarlığın yaylaq forması inkişaf edir; yayda heyvanlar dağlara,
alp otlaqlarına sürülürdü. Qoyunçuluğun inkişafı İlk Tunc dövründə dağlıq rayonların
geniş mənimsənilməsinin əsas səbəblərindəndir.
Daşkəsən rayonunda Xaçbulaq yaylağında maldar qəbilələrə məxsus kurqan
qəbirləri məlumdur. Yaylaq məskənlərinin qalıqları Kəlbəcərdə, Şirvanın dağlıq
hissəsində, Şamaxı rayonunda müəyyən edilmişdir.
Mal-qaranın artması ilə heyvandarlıqda daha intensiv proses müşahidə edilir,
izafi ərzaq məhsulu yaranır. Maldarlıq təsərrüfatı tarixində yağ istehsalının və onun
inkişafının mühüm əhəmiyyəti vardır. Bu dövrdə ilk dəfə gil nehrə icad olunur. Yeri
gəlmişkən qeyd edək ki, o, öz formasını dəyişmədən Azərbaycanda bu günə qədər
qalmaqda davam edir. Nehrə adının da onun icad olduğu dövrdə meydana gəldiyi
şübhə doğurmur.
Beləliklə, ilk tunc dövründə əkinçi-maldarlıq təsərrüfatında böyük tərəqqi
başlanır, yeyinti məhsullarının istehsalında yeni imkanlar yaranır. Maldarlıq
təsərrüfatının sürətli inkişafı sayəsində icma-qəbilə quruluşu daxilində mülki və sosial
ayrılmalar güclənir.
Dostları ilə paylaş: