377
SƏLIMIN HEKAYƏLƏRI
MƏNƏ NIYƏ GÜLÜRLƏR?
Mənə niyə gülürlər? Heç bilmirəm...
Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım
Laləni çox istəyirəm...
Lalə lap balacadır. Mənim üç yaş bir ayım var, onun – hi, hi, hi, adamın gülməyi
gəlir!..– heç bir yaşı da yoxdur. Amma həmişə ondan çox mənə gülürlər. Özü də
böyük-böyük əmilər, xalalar...
Niyə gülürlər? Heç bilmirəm...
Bax, elə bu gün, Firudin əmi mənə o qədər gülüb ki...
Anam mənə iki xırda pul verib dedi:
– Pulu verərsən Firudin əmiyə. Bax, bu qabı ağzına qədər südlə doldurar,
götürüb gələrsən evə.
Mən də südqabını götürdüm. Aşağı düşdüm. Getdim süd satılan yerə.
– Salam, Firudin əmi, – dedim.
– Salam, dostum. Süd almağa gəlmisən?
– Bəli, Firudin əmi. Al bu pulu, qabı ağzına qədər südlə doldur.
Firudin əmi pulu aldı. Qabı südlə doldurdu, verdi mənə. Mən qayıtdım. Bloka
girdim. Birdən... üzü üstə yıxıldım. Ağlamadım. Niyə ağlayım? Ayağımın altında
qarpız qabığı qalmışdı, mən də yıxılmışdım. Nə olsun?!
Süd yerə tökülmüşdü. Qabı götürdüm, tez qayıtdım geri.
Firudin əmi məndən soruşdu:
– Hə, niyə qayıtdın, Səlim?
Mən dedim:
– Al, bu qabı təzədən doldur.
Firudin əmi dedi:
– Niyə qabı təzədən doldurmalıyam, əzizim?
Mən dedim:
– Axı, bayaq qabı doldurmuşdun, yıxıldım, dağıldı. Indi boşdu. Yenə doldur,
aparım evə.
Firudin əmi bir az mənə baxdı. Sonra başladı gülməyə. O qədər güldü ki...
Mən soruşdum:
– Nəyə gülürsən, Firudin əmi?
O dedi:
– Heç nəyə. Böyüyəndə özün başa düşərsən.
Mən böyük deyiləm? Üç dəfə qış olacaq, qar yağacaq, mən məktəbə gedəcəyəm.
Mənim nəyim balacadır?
Sonra Firudin əmi südqabını məndən aldı, ağzına qədər doldurdu. Apardım evə.
Anam bişirdi. Mən də içdim. Lalə də.
Amma mənə niyə gülürlər? Heç bilmirəm...
Dostları ilə paylaş: