378
GÖR NECƏ TOP VURARAM
Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:
– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
– Yox, Səlim, sən oynaya bilməzsən...
– Niyə oynaya bilmərəm?
– Çünki futbol oynayan gərək biclik eləyə bilsin, fənd işlətsin, başqa oyunçuları
aldada bilsin. Amma sən hələ balacasan, bunları bacarmazsan...
Sonra onlar yenə oynayırlar. Mən də qıraqda durub baxıram...
Eh, düzdü, Dadaş məktəbdə oxuyur, özü də mənim dostumdu, amma Dadaş nə
bilsin ki, mən necə bicəm, necə çoxbilmişəm!? Əgər bilsə mən necə bicəm, o saat
deyər: «–Səlim, gəl sən də bizimlə oyna!».
Lap elə dünən gör necə biclik işlətdim: anam evdə yox idi. Atam da işdə idi.
Mən nənəmə dedim:
– Nənə, gəl gizlənpaç oynayaq.
– Oynayaq, Səlim.
– Sən gözünü yum, mən gizlənim.
– Yaxşı.
Nənəm gözlərini yumdu. Mən çarpayının altına girib gizləndim. Sonra dedim:
– Aç, nənə.
Nənəm gözlərini açdı. Ora baxdı, bura baxdı. Sonra yavaş-yavaş mənə tərəf
gəlməyə başladı. Mən tez qışqırdım:
– Nənə, mən burda deyiləm! Mətbəxdə gizlənmişəm!
Nənəm:
– Hə... – dedi, amma bilmirəm heç niyə güldü. Sonra mətbəxdə məni axtarmağa
getdi. Mən də tez çarpayının altından çıxdım.
Görürsünüz, mən necə bicəm!
Eh, əgər Dadaş bunu bilsə, məni də futbol oynamağa qoyar. Biclik edib fənd
işlədərəm, hamını bir-bir keçərəm, qapıya çoxlu-çoxlu top vuraram!..
Dostları ilə paylaş: