Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə114/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   110   111   112   113   114   115   116   117   ...   147
 

 

 

AXI, NƏ OLDU KI, BIRDƏN HAMI GÜLDÜ? 

 

Günayla Humay on iki gün idi ki, yay istirahətinə Bakıdan kəndə gəlmişdilər və 



gözəl bir həyətdə, gözəl bir evdə yaşayırdılar. 

Bilmirəm sizə demişəm, yoxsa yox, Günayın yeddi yaşı var idi, səkkizə 

keçmişdi, özü də lap çoxdan keçmişdi, Humayın isə beş yaşı var idi, altıya keçmişdi, 

özü də lap təzəcə keçmişdi. 

Məktəbdə  dərslər qurtarmışdı. Günay da birinci sinfi qurtarmışdı  və Günay o 

qədər məktəbə getmişdi, o qədər dərs oxumuşdu, o qədər yazı yazmışdı ki, yaman 

yorulmuşdu. 

Düzdü, Humay hələ  məktəbə getmirdi, hələ  hərfləri tanımırdı, ona görə  də 

oxuya bilmirdi, yaza bilmirdi, amma Humay da axı, Günayı  məktəbə ötürürdü, 

Humay da axı, evdə oturub Günayı gözləyirdi, Humay da axı, Günayın kitablarına 

baxırdı, Humay da axı, Günayın çəkdiyi  şəkilləri çəkirdi və Humay da yaman 

yorulmuşdu. 

Indi düz on gün idi ki, kənddə dincəlirdilər. 

Günayla Humayın atası yazıçı idi. Səhərdən axşama qədər Bakıdan gətirdiyi 

yazı makinasının arxasında oturub yaz ki, yazırdı. Günayla Humay isə bütün günü 

həyətdə oynayırdılar, anaları ilə  kəndə  gəzməyə  çıxırdılar, bulaq başına gedirdilər, 

çəmənlikdə gül-çiçək dərirdilər, böyürtkən kollarından böyürtkən yığırdılar... 

Günayla Humay kənddə o qədər təzə şey öyrənmişdilər ki... 

Sən demə, qarpız alma kimi, ya da ki, armud kimi, ya da ki, nar kimi, ağacda 

bitmir, yerdə bitirmiş... 

Sən demə, inəyin balasının öz adı var imiş, buzov, atın da balasının öz adı var 

imiş, dayça, camışın isə balasının adı balaq imiş... 




 

396


Sən demə... Eh, hansını deyəsən? Günayla Humay kənddə o qədər çox şey, o 

qədər çox şey öyrənmişdilər ki, elə bil kənd də bir təzə... məktəb idi! Düzdü, Günay 

Bakıdakı məktəbi də çox istəyirdi, amma bu məktəbi də lap çox istəyirdi! 

Indi də Günay ilə Humay şüşəbənddə oturub həyətdəki armud ağacının dibində 

armud yeyən qaratoyuğa baxırdı. Bu qaratoyuq neçə gün idi ki, uçub gəlib həmin 

armud ağacının dibinə qonurdu və ağacdan düşüb yerdə qalan armudları dimdikləyə-

dimdikləyə bir-bir yeyirdi. 

Birdən kənddəki həmin gözəl evin sahibəsi Validə xala hinin yanından Günayla 

Humayı çağırdı: 

– Günay! Humay! Tez bura gəlin! Görün sizə nə göstərirəm?! 

Günayla Humay qaça-qaça hinin qabağına getdilər.  

Validə xalanın ovcunda bir dənə balaca, lap, lap, lap balaca cücə var idi.  

Bu cücə indicə yumurtadan çıxmışdı və Validə xala onu yavaşca əlinə götürüb 

Günayla Humaya göstərirdi. 

Cücənin hələ heç tükləri qurumamışdı. Elə yavaşdan civildəyirdi ki, elə bil cücə 

deyildi, cücü idi. Gözləri elə  xırdaydı ki, elə bil bir düyünü iki yerə paralayıb 

qapqara rəngə boyamışdın. Qanadları elə kiçikdi ki, elə bir kibrit çöpünü ikiyə bölüb 

düzəltmişdin. Ayaqları elə nazik idi ki, elə bil çəyirtkə ayağıydı. Təkcə... təkcə 

dırnaqları yaman uzun idi. 

Günay cıqqılı cücənin bu cür uzun dırnaqlarını gördü və tələsik dedi: 

– Validə xala! Validə xala! Tez qaçım qayçı gətirim, cücənin dırnaqlarını tut! 

Humay da tələsik dedi: 

– Hə, Günay, tez qayçı gətir! Qoy qəşəng olsun! 

Birdən Validə xala Günayla Humayın bu sözlərinə bərk güldü. 

Validə xalanın böyük qızı Ilahə  də, ortancıl qızı Nüşabə, kiçik qızı  Əfiqə  də 

bərkdən güldü. 

Validə xalanın balaca oğlu var idi, Nəsib, həmişə qaşqabaqlı olurdu, amma 

Nəsib də Günayın bu sözlərinə bərkdən güldü. 

Humay da heç bilmədi ki, hamı niyə güldü, amma Humay da güldü.  

Cıqqılı cücə də Validə xalanın ovcunun içində kiçik dimdiyini açıb yavaşcadan 

civildədi, elə bil ki, bu cıqqılı cücə də Günayın sözlərinə güldü... 

 

 



 

 

 



AYICA 

 

Ayıca Aysunun ən birinci dostu idi. 



Ayıca ayı balasının adı idi. Axı, Aysu hələ sözləri düz deyə bilmirdi... Sözlərin 

orasını əyirdi, burasını əyirdi, özündən cürbəcür sözlər quraşdırırdı. 

Bu ayı balasına da əvvəlcə: «A-a-a!» – dedi, sonra: «Yı-yı-yı..» – dedi, sonra: 

«Ca-ca-ca!..» – dedi. Sonra həmin «a»lar, «yı»lar», «ca»lar bir yerə yığılıb oldular 

nə? 

Düzdü! «Ay-yı-ca!..». 



– Ayıca!.. Ayıca!.. Ayıca!.. 

Ayı balasının adı da, bax, bu cür oldu Ayıca. 

Bu ayı balasının sarı-kürən tükləri var idi, özü də həmişə gülürdü. 



 

397


Ayıca o qədər böyük idi ki, lap Aysudan da böyük. Amma elə də yüngül idi ki, 

lap yüngül. Aysu onu qucağına götürürdü. Axı, bu ayı balası  əslində pambıqdan 

idi... 

Bu hadisə çoxdan olmuşdu, lap, lap çoxdan, düz altı gün bundan qabaq. 

Onda gün çıxmışdı. Aysugilin kənddəki evlərinin qabağında çəmənlik var idi.  

O çəməndəki güllər, çiçəklər gecənin sərinindən sonra, günün altında 

qızınırdılar.  

Aysu Ayıcanı qucağına alıb çəmənə çıxdı. 

Çəməndəki güllər, çiçəklər, otlar hamısı başını qaldırıb günəşə baxırdı. Bu 

güllərin, çiçəklərin, otların o qədər cürbəcür rəngi var idi ki, heç Aysunun bu qədər 

rəngli karandaşı yox idi: qırmızı, narıncı, sarı, yaşıl, xurmayı, məxməri, qızılı, göy, 

qəhvəyi, gümüşü, ağ, qızılı... 

Aysu Ayıcanı yamyaşıl otların üstündə oturtdu. Özü isə güllərin, çiçəklərin 

arasında bu güldən o gülə, o güldən bu gülə  tərəf qaçdı  və qaça-qaça heç özü də 

bilmədən necə oldusa, birdən-birə uzun cümlələr deməyə başladı: 

– Oy, nə qə... qə... qəşəng gül!.. 

Bu sözləri Aysu iri qırmızı gül üçün dedi. 

– Oy, nə qə... qə... qəşəng gül! 

Bu sözləri balaca sarı çiçəklər üçün dedi. 

Aysunun yaş yarım yaşı var idi və ömründə birinci dəfə idi sözləri bir-birinin 

ardınca bu cür səliqə ilə düzürdü, lap böyüklər kimi danışırdı: 

– Oy, nə qə... qə... qəşəng gül!.. 

Bu sözləri xırdaca mavi çiçəklər üçün dedi. O xırdaca mavi çiçəklər salxım-

salxım idi. 

Aysu beləcə, güllərdən güllərə qaçdı: 

– Oy nə qəşəng gül!.. 

– Oy, nə qəşəng gül!.. 

– Oy, nə qəşəng gül!.. 

Bu vaxt ağappaq böyük gülün üstündən bir kəpənək uçdu. O kəpənəyin sapsarı 

qanadları günün altında sarı  işıq kimi işıldayırdı. Sarı qanadlarında qıpqırmızı, 

gömgöy xallar var idi və o qıpqırmızı, gömgöy xallar da günün altında qıpqırmızı, 

gömgöy işıq kimi işıldayırdı. 

O sarı kəpənək də uça-uça bu güldən o gülə, o güldən bu gülə qonmağa başladı. 

Aysu o qıpqırmızı, gömgöy xallı sarı kəpənəyə baxdı, baxdı və dedi: 

– Oy, nə qəşəng kə... kə... kəpənək!.. 

Birdən o gözəl çəməndə, günün qızdırdığı o işıqlı, sakit çəməndə kimsə bərkdən 

ağladı. 

Aysu dayandı, o tərəfə baxdı, bu tərəfə baxdı: çəməndə heç kim yox idi. 

Bəs, bu gözəl gündə, bu qəşəng güllərin, çiçəklərin arasında kim beləcə 

ağlayırdı? 

Necə? Ola bilməz!.. 

Aysu tez Ayıcanın yanına qaçdı. 

Hə, hə... Sən demə, o gözəl çəməndə o cür bərkdən ağlayan Ayıca idi... 

Aysu tez Ayıcanın yanında oturdu və bu dəfə də ömründə birinci dəfə sözləri bu 

cür yan-yana düzdü: 

– Sənə... nə... olub... Ayıca? 

Ayıca qalın və yumşaq pəncələri ilə  ağlamaqdan qızarmış gözlərini ovuşdura-

ovuşdura dedi: 




 

398


– Hamı  qəşəng... Güllər qəşəng... Kəpənək qəşəng... Bəs... Bəs mən? – Və 

Ayıca lap bərkdən ağladı. 

Aysu: 

– Sən də qə... qəşəngsən, Ayıca! – dedi. 



Aysu Ayıcaya da bu sözləri birinci dəfə deyirdi. 

Sonra bu sözləri elə dedi ki, çəməndəki bütün güllər, çiçəklər, otlar, kəpənəklər 

eşitdi! 

– Sən də qəşəngsən, Ayıca! 

Elə bil, bu sözləri Günəş də eşitdi! 

Ayıca pəncələrini üzündən çəkdi, Günəşə baxdı və o ayı balasının gün işığında 

parıldayan gözləri yenə də əvvəlki kimi güldü. 

Sonra Ayıca gülümsəyən yaş gözləri ilə Aysuya baxdı  və burnunu çəkə-çəkə 

dedi: 

– Sən də qəşəngsən, Aysu!.. 



Sonra Aysu Ayıcanı qucağına aldı  və onlar gözəl güllərin, çiçəklərin arası ilə 

gəzə-gəzə evə gəldilər... 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin