dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin
419
Düzdür, illər keçəcək, dünyanın böyüklü, kiçikli müxtəlif konsert zallarında,
radioda, televiziyada «Azərbaycan», «Azərbaycan qravürləri», «Azərbaycan
kapriççiosu» dünən və bu gün olduğu kimi, yenə də Fikrət Əmirovun doğma
xalqından, doğma torpağından söhbət açacaq.
Düzdür, illər keçəcək, Sevilin ariyası yenə də insan iradəsindən xəbər verəcək,
Balaşın ariyası dərdləri təzələyəcək, «Nəsimi» insan xislətinin böyüklüyündən,
«Nizami» insan dühasının ucalığından deyəcək, «Min bir gecə» bu gün olduğu kimi,
yenə də etibardan və xəyanətdən söz salacaq, şuxluq gətirəcək, yalnız müəllifin yox,
xalqın istedadından söyləyəcək...
Düzdür, bütün bunlar belədir, düzdür, Fikrət Əmirov sənəti heç vaxt ölməyəcək,
həmişə bizimlə bir yerdə olacaq, nəvələrimizlə, nəticələrimizlə bir yerdə olacaq,
əsrləri adlayacaq, amma yenə də... yenə də yandırır bu ölüm...
Insan getdi... Bütün ölümlər kimi, bu ölüm də vaxtsız oldu.
Xəstə Qasım hələ dörd əsr bundan əvvəl sazı sinəsinə sıxıb deyirdi:
Neçə qəhrəmanlar gəldi dünyaya,
Köç vaxtı yetişdi, tez oldu getdi...
Əlbəttə, Xəstə Qasım düz deyir, belədir, beyin bunu dərk edir, amma ürək dərk
etmir, ürək dərk etmək istəmir.
X ə s t ə Q a s ı m: «Dünya dediyin bir fanidir, fani, əzəl Nuh gəlmişdi,
görünmür, hanı?» – soruşurdu və əlbəttə, bu sual cavabsızdır, bunu bilirik, dərk
edirik, amma hər dəfə də bu dünyadan bir insan köçəndə sarsılırıq, bütün
hisslərimizi, həyəcanlarımızı matəm toranı bürüyür.
Həmin insan yalnız özünə, yalnız öz ailəsinə, yaxınlarına, dostlarına yox, bütün
xalqa, vətənə məxsus olanda, o sarsıntı daha dözülməz olur, o toran işıq ucu
görünməyən bir zülmətə çevrilir.
Həmin insan sənətkar olanda, öz əzizləri ilə birgə, xalqı, vətəni ilə birgə, kitablar
da ağlayır, simfoniyalar, tablolar da ağlayır.
Ağlamaların ən müdhişidi bu.
Dəli könül, məndən sənə əmanət:
Demə bu dünyada qalım yaxşıdı.
Yox, aşıq baba, yox, Xəstə Qasım, qalım yaxşıdı, ölümdənsə qalım yaxşıdı və
sən dəli könlünün sözünü kəsmə, bu dünyada qalım yaxşıdı...
Nə təəssüf ki, nə acı ki, «ölüm»lə bağlı, «qalım»la bağlı insanın iqtidarı
daxilində bir şey yoxdur.
Və bu yerdə, əlbəttə, insanların ən xoşbəxti sənətkardır, əsl sənətkar.
Fikrət Əmirov kimi sənətkar.
Fikrət Əmirovun sənəti «qalım»lı sənətdir.
O sənətdə Fikrət Əmirovun duyğuları yaşayır, hissləri, həyəcanları yaşayır,
Fikrət Əmirovun ürəyi döyünür.
Bu, ömrün vəfasızlığı, sənətin isə, vəfası, ilqarıdı...
Həmin duyğular, hisslər və həyəcanlar, həmin ürək döyüntüsü həmişəlikdir,
daimidir...
...amma yenə də... yenə də yandırır bu ölüm...