MÜHAZIRE 4. PATOGEN MİKROORQANİZMLƏR, QİDA XƏSTƏLİKLƏRİ VƏ ONLARIN MİKROBİOLOJİ ƏSASLARI İnfeksiyaların mənbələri və yoluxma yolları İnsan, heyvan və bitkilərdə müxtəlif xəstəlik əmələ gətirən mikroorqanizmlərə
patogen və ya xəstəlik törədənlər adı verilir. Patogen mikroorqanizmlər təbiətdə
geniş yayılmışdır ki, bu da onların təkamül prosesində bitki, heyvan və insan
orqanizminə uycunlaşaraq onların hesabına yaşamaq qabiliyyəti qazanması ilə
əlaqədardır.
Mikrobun patogenliyi onun növ əlamətidir. Bununla yanaşı, digər növlərin
ayrı-ayrı ştammları az və ya çox patogen olur. Patogen mikrobun xəstəlik törətmə
qabiliyyətinin dərəcəsinə virulentlik deyilir ki, bu da fərdi əlamətdir. Mikrobun
virulentliyi daimi deyildir. Mikrobun virulentliyi nə qədər yüksək olarsa,
mikroorqanizmi yolux-durmaca bir o qədər az miqdarda mikrob düşməsi kifayət
edir. Xəstə orqanizmdən yenicə ayrılmış patogen mikroblar çox virulent olur.
Mikroorqanizmlərin müxtəlif ştammlarının virulentliyi minimum ölüm dozası
ilə müəyyən edilir. Ən kiçik ölüm dozası məlum heyvanı müəyyən vaxt ərzində
öldürə bilən mikrobun ən az miqdarına deyilir. Yüksək virulentliyə malik
mikroblar və ya onların toksini cüzi miqdarda belə həssas heyvanı öldürür.
Məsələn, siçanlara qarayara çöplərinin virulent ştammlarını daxil etdikdə
(0,0001ml) onlar tezliklə tələf olur.
Virulentlik patogen mikrobların fərdi xüsusiyyəti olub, bir çox amillərlə
əlaqədardır. Onlardan biri kapsula əmələ gətirməkdir ki, bu da, məsələn, insanlarda
xəstəlik törədən patogenlərin leykositlər tərəfindən udulmasına və qanın
bakterisidlik xüsusiyyətinə mane olur və beləliklə bu mikroblar orqanizmlərdə
çoxalaraq müxtəlif xəstəlik törədirlər. Həmin amillərdən digəri mikrobun
orqanizmə daxil olması üçün xüsusi fermentlər əmələ gətirməsidir. Bu
fermentlərdən biri hialuronidaza adlanır. O, birləşdirici toxumaların tərkib hissəsi
olan Hialuron turşusunu parçalayaraq toxumanın keçiricilik qabiliyyətini artırır.
Bununla əlaqədar bu fermentə invaziya və yayılma amili adı da verilir.