172 ШиринХаным Кяримбяйли Шадиман
MƏNƏ ƏMANƏT VER Sən mənim könlümün titrək bir şamı,
Boya şəfəqinlə nura axşamı,
İsitsin könlümü isti əllərin,
Qəlbə dayaq olsun təsəllilərin.
Ərit atəşinlə soyuq buzları,
Parlasın qəlbimin qoy ulduzları.
Bir təravət gətir bu diləklərə,
Dönsün saf eşqimiz pak mələklərə.
Dolaşsın taleyin asimanında,
Sevdası şirindir hər bir anın da.
Sabahı bilinməz bu ömrümüzün,
Nəş‘əsi qısadır, kədəri uzun.
Budaqdan budağa qonan meh təki,
Otları qəhərlə qucan şeh təki,
Gözlərin alışıb yanmasın qəmdən,
Sən bir sevda ara bu xoş aləmdən.
Onsuz da qısadır hər ömrün sonu,
Bizi əsir edib bu bəxt oyunu.
Udub-uduzmaqdı taleyin işi,
Belədir fələklə Rəbbin gərdişi.
Ərit ürəyimdən qüssəni, ahı,
Qoy işvəli gəlsin ömrün sabahı.
Səndən mən nə sərvət, nə var istərəm,
Dəyanət, sədaqət ilqar istərəm.
Tale titrətməsin heç dirəyini,
Mənə əmanət ver o ürəyini...
05.02.2001