10.04.1987
QAPI ÜZƏ AÇIQDI
Yaxşı gündə qapı üzə açıqdı,
Yaman günə düşdüm indi, hardasan?
Hiylə, fitnə qəlbdə çamur, palçıqdı,
Başına qəm, ələm yendi, hardasan?
Bəxtiyar gün adamları səsləyir,
Yan-yörədə min tanış, dost bəsləyir,
Yaş odun da ocaq için hisləyir,
Bu günümə aləm dindi, hardasan?
Ömrümüzün taleləri qarışıq,
Xoş saatlar bəxtimizə gur işıq,
Könlüm dolu dil-dil ötək, ay aşıq,
Yandırdığım çırağ söndü, hardasan?
Sən ki, məni həmdəm deyib gəzirdin,
Ürəyimin dəryasında üzürdün,
Guya onu məhəbbətlə süzürdün,
Bəxtim qəfil yoldan döndü, hardasan?
19.01.1987
|