19.11.1987 GÖZLƏMƏ MƏNİ Yolumun üstünə çıxsan da hər gün,
Əsən rüzgar təki izləmə məni.
Qursan da həsrətin evində düyün,
Çıxıb yollarıma gözləmə məni.
Hicran acıları qəlbə od vurur,
Ürəyim nə vaxtdı səndən dad vurur,
Məni ayağına gətirmir qürur,
Çıxıb yollarıma gözləmə məni.
İndi gözlərimə yuxu kimisən,
Ayrılıq avazlı qorxu kimisən,
Həsrətin sərt vuran oxu kimisən,
Çıxıb yollarıma gözləmə məni.
Xəyalım çağlayan dağ şəlaləsi,
Üşüyən çöllərin zərif laləsi,
Düşüb əllərimdən eşq piyaləsi,
Çıxıb yollarıma gözləmə məni.
21.07.1989