207
QASIM BƏY ZAKİR
BƏRDƏ ŞƏHƏRİ
O viladə bir mehriban görmədim,
Gəlmişəm indi də mehriban gəzim,
Seyr eləyim tamam Tərtərbasanı,
Varmı aşiqanə can qıyan gəzim.
Tülək tərlan ovladığı bu yerlər,
Bərdə torpağına eləyim güzər,
Görüm qalıbdırmı Şirindən əsər,
Baxım hər tərəfə nigaran gəzim.
Xosrovi – Pərvizin şənü şövkətin,
Fərhadın ələmü qəmü möhnətin,
Şapurun çəkdiyi nəqşü surətin
Arayıb axtarıb hər zaman gəzim.
Dolanıb sərasər çaru, bazarı,
Gətirim nəzərə səmti-minarı,
Görsəm, xəbər alım bülbüli-zarı,
Necoldu ol güli-gülüstan gəzim.
Deyim hanı munda gəzən gözəllər?
Teyhulu meşələr, sonalı göllər?
Çayın kənarında tikilən ellər?
Yoxdu heç birindən bir nişan, gəzim.
Ol baş-başa verən sərvi-rənalar,
Hər guşədən gələn sövtü sədalar,
Zərrin piyalələr, meyi-səhbalar,
Gərdişi-badəyi ərfüğan gəzim.
Adətü qanunun o diyarın mən
Görmüşəm yazıblar xeyli müstəhsən,
Bayram gecələri ta ki, sübhətən
Neçə həmdəm ilə çirağan gəzim.
208
Əmirzadələr edib naharı,
Yenə çarpışırmı Xənəgə sarı,
Boynu qiladəli səgi-şikarı
Gəmişirmi seydə süvaran gəzim.
Bundan əzəlki tək o viranədə,
Guşti tutulurmu asitanədə,
Çillədə əsrəmiş şütürxanədə,
Qızmış dəvələri görüb yan gəzim.
Aşiqə söyləyər qasid ənqərib,
Qəm yemə dilrüba sənədir nəsib,
Zimistan qeydindən çıxan əndəlib
Axtarırmı tazə aşiyan, gəzim.
Gecə, gündüz daim bangi-cərəsdən
Qulaq tutulurmu sədadən, səsdən.
Bakidən, Dərbənddən, Krım, Çərkəsdən,
Gəlirmi mətai-bipayan, gəzim.
Cəvahirfüruşlar satırmı gövhər,
Xublar yaraşığı görürmü zərgər,
Karvansaraylarda tacir, qələndər,
Necə keçir şami-qəriban, gəzim.
Sayəyi-sərvdə məcməi-xuban,
Yenə əyləşərmi xoşdilü xəndan.
Yoxsa ki, onlara saqiyi-dövran,
İçiribdir mey yerinə qan, gəzim.
Nazəninlər ta tülui-afitab,
Oturub gecələr çəkərmi gülab,
Çeşmi-aşiq kimi fəvvarədən ab
Tökülürmü hevzə nümayan, gəzim.
Müzəyyən məhəllər, münəqqəş evlər,
Mütrüblər içində bang, hava söylər,
Töylələrdə kişnəşirmi bidovlar,
Çəkərmi səyhəyi-füravan, gəzim.
209
Hammamlara məsrəf olan ağçanı,
Pozğun otaqları, uçuq tağçanı,
Yıxılan tağları, viran bağçanı,
Xatirimə salıb pərişan gəzim.
Təblü ələm sahibləri xanlara,
Darğanişinlərə, pasibanlara,
Ol səri sövdalı növcavanlara,
Yaxa yırtıb çaki-giriban gəzim.
Qibləyi-hacətə yıxıb özümü,
İmamzadəyə sürtüb üzümü,
Xak olan tənlərə tikib gözümü,
Olam sağlığıma peşiman gəzim.
Hərgiz bu cahanə yoxdur etibar,
Səfası bir isə, cəfası çox var,
Baş götürüb gedim diyarbədiyar,
Eyləyim aləmi imtahan, gəzim.
Bülbüli-biçarə verdi xəbəri,
Dedi ki, qalmayıb şənlik əsəri,
Mən Zakirəm, onu görəndən bəri,
Gərək Məcnun olub biyaban gəzim.