27 tarixçiyə tarixin öz silahı məğlub edir: "Mənə elə gəlir ki, Siz "mənbə və məxəzlərə" də diq-
qətli deyilsiniz. Heç olmasa, şərqşünas İ.P.Petruşevskinin məşhur "İslam v İrane" (1966, Le-
ninqrad) kitabına diqqətlə baxsaydınız, Məhəmmədin ayrı-ayrı vaxtlarda dediyi parça-parça
fikirlərin məhz sümüklərə və palma yarpaqlarına yazıldığını, yalnız sonralar xəlifə Osmanın
təşəbbüsü ilə, Tövratın, Zəburun, İncilin əsasında kitab-Quran tərtib olunduğunu oxuyardınız"
(2, 147).
Göründüyü kimi, söhbət tarixi roman və elmi dəqiqləşdirmələrdən gedərkən yazıçı ilə
tarixçi arasında qarşılıqlı mübahisə daha çox yazıçının xeyrinə həll olunur. Yazıçı keçmişə,
hadisəyə tarixçidən əslində olduğundan fərqli baxır, tarixi əsərlərdən, faktlardan, xronikadan
ancaq material kimi istifadə edir, onu bədii təxəyyülün gücü ilə yeni həyati ideya və
məzmunla zənginləşdirir. Yazıçı heç zaman tarixə, şəxsiyyətə qərəzli yanaşmaq fikrində
olmur, tarixi təhrif etmək qəsdinə durmur, əksinə müxtəlif təzkirəçilərin, salnaməçilərin bir-
birinə zidd yazdıqları quru faktlara, hadisələrə yeni həyat verməyə çalışır. Bu ayrı məsələdir
ki, yazıçı əsərində buna necə nail olur, hansı yollar və üsullarla göstərir. Bu cəhətdən
İ.Hüseynovun "Məhşər" romanı istər tarixi hadisələrin təsviri, istərsə də tarixin bədii əsərdə
təcəssümü baxımından milli tarixi romançılığımızın ən yaxşı nümunəsi kimi qəbul edilmişdir.
Akademik Z.Bünyadov və Ə.Rəcəbov bədii əsərdə tarixin təhrifi ilə bağlı məqaləsində
də İ.Hüseynov və M.İsmayılovun yaradıcılığına da müraciət edərək tənqidi fikirlərini bildir-
mişlər. Onların fikrincə, yazıçının romanda təsvir etdiyi gənc Teymurla molla arasında baş
verən və yaxud "qəddar hökmdarın" öz oğlu Miranşahı cəzalandırması əhvalatı inandırıcı
deyil və bu barədə bir sətr belə məlumat yoxdur: "Unutmayaq ki, bir sıra tarixi mənbələrdə
bütün Şərqdə istilaçı kimi tanınan, on minlərlə insanları, yüzlərlə şəhərləri, qalaları məhv
edən Teymurləng vəsiyyət etmişdi ki, onu öz mənəvi ustadı, müəllimi Mir Seyid Bərəkənin
ayaqları altında dəfn etsinlər. Onun vəsiyyətinə əməl olunmuşdu" (1, 168).
Z.Bünyadov və Ə.Rəcəbov "Tarixi həqiqətlər... Yoxsa təhriflər?" məqaləsində əgər
İ.Hüseynovu tarixdə olmayan bir hadisəni yazmaqla tarixi təhrif etməkdə qınayırlarsa, yazıçı
M.İsmayılovu tarixdə olan bir çox hadisələrin üstündən sükutla keçdiyi üçün tənqid edirlər.
M.İsmayılovun "İki od arasında" romanında Şeyx İbrahimin Teymurlənglə olan ittifaqının,
Toxtamışa qarşı mübarizəsinin və s. yer almadığını irad tutan müəlliflər yazır: "Əgər yazıçı
M.İsmayılov öz əsərini Şeyx İbrahimə həsr etmək fikrindəydisə, burada o, Teymurlənglə olan
ittifaqdan, müttəfiqlərin Toxtamışa qarşı mübarizəsindən bəhs etməli, sultan Əhməd Cəlairi,
Qara Yusif, Gorgin (Georgi), Sidi Əli, Sidi Əhməd, Bistam Cagir. Bəyazid kimi hökmdar-
lardan və dövlət xadimlərindən, Katibi, Bədr Şirvani, Məazi Təbrizi kimi sənət adamlarından
söz açmalıydı" (1, 168).
İ.Hüseynovun "Məhşər"ində olmayan tarixi hadisəni təsvir etməkdə, M.İsmayılovu isə
olmuş tarixi hadisələri nə üçün təsvir etməməkdə günahlandıran müəlliflər, demək olar ki,
yazıçının bədii təxəyyülünə, sərbəstliyinə yer qoymurlar. Həm də yazıçılar üçün müəyyən bir
çərçivə müəyyən etməyə çalışır və yazıçıları bu çərçivədən kənara çıxmamağa dəvət edirlər.
Burada tarixçinin yazıçını keçmişi təhrif etməsində günahlandırması onun materiala
strateji cəhətdən səhv yanaşmasından irəli gəlir. Tarixi romanda faktlardan, tarixi hadisələr-
dən necə istifadə olunmasını müəyyənləşdirmək üçün tarixi məxəzlərlə yanaşı, bədii mate-
rialdan da çıxış etmək, onların sintezini yaratmaq lazım gəlir. Tarixi hadisə ilə bədii həqiqətin
müqayisəsində yazıçı təxəyyülünün rolunu heçə endirmək roman janrının məhdudluğuna
aparıb çıxardığı kimi, yazıçının da imkanlarını məщdudlaşdırmağa xidmət edir. Bu mübahisə
bir daha sübut edir ki, bədii tarixi əsəri "qarşısına məxəz, mənbə qoyub" da qiymət vermək
çətindir. Üstəlik, tarixlə bağlı bu mənbə və məxəzlərin özündə ziddiyyətlilik də yox deyildir.