40
QƏRİBƏ TALE
Qaş qaraldı, uzaqlar yavaş-yavaş görünməz oldu. Axşam düşürdü. Örüşdən qayıdan
mal-qaranın mələşməsi kəsildi. Yal gözləyən itlər zəncir gəmirir, dartınıb gah hirslə, gah da
yazıq-yazıq zingildəşirdi. Yenicə doğmaqda olan ay Kürün sularında yuyunurdu.
Salahlı obasına qərib bir axşam mehman olmuşdu. İbrahimin səbri tamam kəsilmişdi.
Tez-tez torpaq dama girib-çıxır, dinclik tapa bilmirdi. Gözü o tayda qalmışdı. Pənah kişi isə
görünmürdü. İbrahim bir neçə dəfə gəlib Pənah kişinin xalxalına baxıb məyus qayıtdı. Atasının
dostu ilxıçı Pənah sözünə düz adam idi. Paşa ağanın ölümündən sonra ilxıçı bu dostluğu ailənin
böyüyü İbrahimlə davam etdirirdi. “Nə oldu, Pənah əmi niyə gəlmədi, bəlkə...”. Öz-özünə
verdiyi suallar İbrahimin intizarını daha da artırırdı.
Şəmmətli meşəsinin bərabərində bir at kişnədi. Üstündəki adam ata acıqlandı. At şappıltı
ilə suya girdi. Bir göz qırpımında payızın bulanıq sularını yarıb bu taya keçdi.
İbrahim sahildə atlı ilə üzbəüz gəldi. Qorxaq və zəif bir səslə
- Pənah əmi, sənsənmi? - dedi.
İlxıçı duruxdu. Qəfil zərbə dəymiş adam kimi əl-ayaq aça bilmədi:
- Mənəm, oğul, - dedi, sən deyəsən lap doğrulamısan getməyi, hazırsanmı? Burda gözlə,
evə dəyib gəlirəm. - Atını cığıra salıb, bir az aralandı. Birdən yarı yolda geri döndərib:
- Ayə, a İbi,- dedi, evə bir şey demisənmi?
- Deməmişəm, Pənah əmi, amma Yusifə bərk-bərk tapşırmışam ki, işdi gördün çox
axtarırlar, anam çox ağlayıb sızlayır, onda deyərsən ki, dünən Qazaxda idim, eşitdim İbrahim
Tiflisə oxumağa gedib.
- Onda get Bala bərənin yanında gözlə, birdən buralara hərlənən olar, indi gəlirəm, bir az
da orda fikirləş, - Pənah kişi atını mahmızladı.
İbrahim qamışlıqda xeyli gözlədi. O, Pənah kişinin “bir az da gözlə” deməyindən
şübhələndi. “Yəqin anamdan qorxur, qarğış sahibi olmaq istəmir”. Kür aşıb daşanda gətirib
sahilə çıxartdığı qarağac kötüyünün üstündə oturub, ağzı qaralan evlər arasından Pənah kişinin
evini tapdı.
Gündüzlər ayaqyalın, başıaçıq oynadığı bu hay-küylü sahil gecə yuxusunda uyuyurdu.
Səssizlik onun qulağını batırır, qorxusunu artırırdı. Sakit çay da elə bil gündüzün haray-
həşirindən yuxuya getmişdi. Daş atmasan onun səsini eşitməzdin. Qamışlıq xışıldadı. İbrahim
diksinib əlini yerə uzatdı. Nəsə qamışlığı yara-yara ona tərəf gəlirdi. Qaranlıqda iki göz od kimi
yanırdı. İbrahim “a kafir” - deyib, qorxa-qorxa daş atdı Çaqqal sivişib qamışlıqda yox oldu.
“Yaxşı ki, dovşan deyil, nənəm deyərdi çaqqal yola uğurludu”.
İbrahim yenidən Pənah kişinin evini axtarıb tapdı. İlxıçının qara damının qapısı cırıltı ilə
açıldı. Əvvəl Pənah kişi, sonra da əli xurcunlu arvadı çıxdı.
- A kişi, uşaqlara tuman-köynək almağı unutma.
- Rəhmətliyin qızı, mən at satmağa gedirəm, yoxsa tuman köynək almağa, - Pənah
kişi arvada hirsləndi. - Axşama kimi kor Baqrat tuman-köynək satır, ondan alsan belin
qırılarmı?
- Onda sən atanın goru, bir az mampası al, - arvad yalvardı, - uşaqlar neçə gündü
sevincək olublar ki, dədəmiz şəhərdən mampas alacaq.
Pənah kişi könülsüz
- Yaxşı, yaxşı, - deyib, xurcunu atın belinə aşırdı. Atı yedəkləyib xalxaldan çıxartdı.
İbrahimin yanına qədər ata minmədi. Qamışlığın arxasına çəkib atın sağrısını, boynunu sığalladı,
oxşadı.
- Əlimdən möhkəm tut, indi atıl min.
İbrahim bir göz qırpımında ata sıçradı.
- Geri otur, - Pənah kişinin səsində arvadla danışdığı əsəbilik qalmışdı. O, birdən fikrini
dəyişib: - Yox, yox, a İbi, qabağa otur, bu üzülmüş xamdı, birdən çayın ortasında hürküb eləyər,
yıxar səni. Yalmanından bərk tut, çətini çayı keçənə kimidi.
41
İlxıçı “ya allah” deyib ata mindi. Xam at çayın dərin-dayaz yerinə baxmayıb suyu yarır,
fınxıra-fınxıra o taya tələsirdi.
Sahilin o tayı başdan-başa meşə idi. Şəmkirdən başlayan qədim Qarayazı meşəsi Kürün
sahili boyunca yaşıl kəmər kimi Gürcüstan sərhədlərinə doğru uzanırdı. Çayın sağ sahilindəki
Salahlı, Şıxlı obalarının dolanacağı da bu meşə idi. Əhali otu, odunu buradan aparır, mal-qarasını
burada otarırdı. Pənah kişi də burada ilxı saxlayırdı. Hər ilin payızında beş-altı dilbozu Tiflisə
aparıb dolanacaq edirdi.
O taya çıxan kimi at tanış cığırda yerişini artırdı. Meşə bir az seyrələndə duruxub kişnədi
və birdən götürüldü. Pənah kişi atın başını çəkdi:
- Əyə, üzülmüşün boynunu sığalla, gecə vaxtı nə hay-küy salır.
İbrahim atın yalmanını sığallaya-sığallaya:
- Pənah əmi, - dedi, -bu nə dəli atdı, bunnan heç oğurluğa-zada getmək olmaz.
- Təzə tutmuşam, a bala, hələ yaxşı öyrəşməyib. Sən niyə bu gecə vaxtı tərs atın üstündə
tərs söz danışdın. Allaha şükür nəsil-nəcabətində oğurluq eləyən də yoxdur. Oğurluq hardan
ağlına gəldi?
İbrahim nə ağ dindi, nə də qara.
- A İbi, sən Mirzənin evini tanıyırsanmı?
Kişi İbrahimin yaralı yerinə toxundu. Odur ki, kefsiz-kefsiz:
- Yox, - dedi.
Əyə, bə nə təhər gedib çıxacaqsan? Heç şəhərdə olubsanmı?
- Ötən yay Mirzə kəndə gələndə bir kağız yazıb verdi. Ünvanı da var orda.
A bala, səndən qorxuram, gedib o dinsizlərin içində itib eləyərsən, mən qanda qalaram. Sonra
anan Tükəzbanın əlindən qurtara bilmərəm.
- Qorxma, Pənah əmi, məndən sonra evdə anamın on balası var. Hürkütməsə saya
bilmir. Mən heç yada düşməyəcəyəm.
- Elə demə, a bala, ana ürəyidir, yoxluğundan əsim-əsim əsəcək. Bir də nə var o şəhərdə,
bilmirəm; qaçıb gedirsən ora. Gərək qalıb kənddə işləyəydin, evin də böyüyü sən idin, anana da
kömək olardın.
- Yox, Pənah əmi, gedib oxuyub bir sənət qazanacam, adam olacam.
Burda, kəndimizdə Molla Mustafanın məktəbi səni adam olmağa qoymur? Oxu molla ol, ya da
Abbasağa kimi özünnən şer quraşdır. Elə o da molla kimi bir şeydi.
- Şairlik mollalıq döyül, Pənah əmi, Abbasağa kişi şairdir.
Niyə o boyda Vidadiyə, Vaqifə mollalıq yaraşdı, Abbasağaya yaraşmadı?
- Pənah əmi, Vidadiynən Vaqif sən deyən o Mustafa kimi molla döyül ey. O vaxtlar
babalarımız onlara savadlarına görə molla deyiblər.
- Yaxşı, bunlar bir yana qalsın, sən gedib şəhərdə nə olacaqsan, nə oxuyacaqsan? - Pənah
kişi hirslə soruşdu. İbrahimin canına qorxu düşdü ki, birdən cavabımdan razı qalmasa bu dəli
Pənah məni qaytarar ha... Özünü ələ alıb:
- Mən başqa şey oxuyacam, voyenni olacam.
- O nə sözdü əyə, olmaya əfsər olacaqsan? İbrahim qorxa-qorxa:
- Hə, - dedi.
- Dilini bilirsənmi? Urusun deyirəm.
- Mampassatan Baqratdan bir-iki söz öyrənmişəm, qalanını da orda öyrənəcəm.
- Ay öyrəndin ha, axşama kimi gürcü çobanlarıynan bir yerdəyəm. Qoqodan, bicodan
artıq kəlmə bilənin dədəsi tünbətün olsun. Dil öyrənmək su içmək döyül, oğul.
İbrahim istədi desin ki, sənin savadın, fərasətin yoxdu, mən neyləyim. Qorxdu ki, dəli
Pənah elə buradaca onu dəli atından düşürər, qalar dizinə döyə-döyə.
Meşə yolu qurtardı. Onlar sonu görünməyən Ceyrançöl düzünə çıxanda ay Avey dağının
bərabərində idi. Çöl bulud arxasına girib-çıxan aydan gah nurlanır, gah da qaralırdı. Xeyli
uzaqda otlayan ilxı qəbirdaşları kimi qaralırdı. Onların mindiyi at ilxını görəndə bir neçə dəfə
kişnədi. Atların bir neçəsi başını qaldırıb fınxırdı. Birdən yaxındakı kolun dibindən bir adam
qalxdı. Vahimələnən İbrahim atın yalmanından yapışdı. Pənah kişi bunu dərhal hiss edib:
42
- Qorxma, - dedi, mənim ilxıçı yoldaşımdı, bunu gördüyünü heç yerdə danışma ha, yazıq
bir gürcüdü, xozeyinini öldürüb qaçıb. Mənə pənah gətirib. God kəndində bir dəmirçi dostum
var, onun qardaşı oğludu. Zalım oğlu qorxu nə olan şeydi bilmir. Deynən get qəbiristanda yat,
yatacaq, eymənmək-zad yoxdur. Bunda urusca qəzet də var, gündə çıxardıb oxuyur. Məni
günortadan gözləyir...
- Qatso, o kimdi, sənnən gələn?
- Paşa ağanın oğludu, İbidi, bu da şəhərə gedir. - Xeyir ola, bu uşağın Tiflisdə nə işi var?
- Nə bilim, Nikolaz, - deyir gedib oxuyub, voyennidi, əfsərdi, nədi ondan olacam.
Nikolaz qayğılı-qayğılı:
- Qatso, dəlisən-nəsən, - dedi - xalqın uşağını aparıb itirərsən.
- Niyə itir, on dörd yaşında cavan da şəhərdə itərmi?
***
İbrahim həmkəndlisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin Şeytanbazar yanındakı evini
asanlıqla tapa bildi. Çünki o vaxtlar Tiflisdə çoxlu azərbaycanlı yaşayırdı. Mirzə Hüseyn Əfəndi
də çox hörmətli və məşhur şəxs idi.
O, Tiflisdə rus-tatar məktəbində şərq dilləri müəllimi, Zaqafqaziya müftisi vəzifələrində
işlədiyindən böyük nüfuza malik olmuşdu. Oxumaq istəyən kasıb balalarına kömək əli uzatmağı,
onların bu işıqlı arzularının həyata keçməsinə şərait yaratmağı Mirzə Hüseyn Əfəndi ən nəcib, ən
şərəfli vəzifə hesab edirdi.
Müftinin həyat yoldaşı Səadət xanım İbrahimi görəndə gözlərinə inanmadı. Bu gözəl və
nəcib qadın heyrətdən, təəccübdən az qala qışqıracaqdı. O, İbrahimi bağrına basıb doğma balası
kimi öpdü, oxşadı. Kəndi, qohumları soruşdu. Atası Paşa ağanın vaxtsız ölümünə heyfsiləndi.
İbrahimin oxumaq dalınca gəlməsini eşidəndə ona elə bil dünyanı bağışladılar.
- Səadət xanım, - Hüseyn Əfəndi ağır-ağır soruşdu: - İbrahimin haraya qəbul olunmaq
istədiyindən xəbərin varmı?
-Xeyr!
- Ot kökü üstə bitər. Praporşik Paşa ağanın oğlu hərbi qulluqçu olmaq istəyir.
- Hə! - qadın xeyli duruxdu, - demək mənim kəndimin, Salahlının ilk savadlı hərbi
qulluqçusu olacaqsan, çox yaxşı, çox gözəl, oğul. - Səadət xanım onu yenidən qucaqladı.
- Kadet korpusunda yer yoxdur, bir az gec gəlib, bu gün sentyabrın altısıdır. Amma
Hüseyn əmisi onu məyus qaytarmaz. Mirzə ipək kimi yumşaq və dümağ saqqalını sığallayıb
ani olaraq susdu:
- Bəxtindən üçüncü Mecevoy hərbi gimnaziyasında bir yer var. Bu məktəbin
direktorunun mənimlə dostluğunu bilirsən. O İbrahimi himayəsinə götürər. Mənə belə gəlir ki,
burda İbranim üçün çətin olmayacaq. Direktor milliyyətcə Kazan tatarıdır. Bizim dilə yaxşı
bələddir. Ona həm rus dilini öyrədər, həm də təhsil verər.
1866-cı il sentyabrın altısında İbrahim ağa Paşa ağa oğlu Vəkilov həmin gimnaziyaya
daxil oldu.
Gimnaziyanı 1879-cu ildə müvəfəqiyyətlə bitirən İbrahim ağa Vəkilov praporşik rütbəsi
alır. Qulluq uçun Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya
qərargahı şöbəsində çalışır.
Xidmət etdiyi ilk illərdə Dağıstanda topoqrafiya ilə məşğul olan İbrahim ağa Vəkilov
1883-cu ildə rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan
sərhədlərin dəqiqləşdirilməsində iştirak edir. Belə bir ciddi işi vaxtından əvvəl, iki ilə
müvəffəqiyyətlə yerinə yetirdiyinə görə İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən
yüksək “Şire-Xorşid” ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsində topoqrafiya işlərinə
rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın muxtəlif rayonlarında topoqrafiya xəritəsinin
çəkilməsi ilə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa dörd il rus
səfirliyində yaşayaraq xususi tapşırıqları yerinə yetirir. Mayor rütbəsində Vətənə qayıdaraq
yenidən Qafqaz hərbi dairəsində xususi işlər icraçısı olur.
43
Şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov 1901-ci ildən Qars vilayətinin rus-türk
sərhədlərində topoqrafiya işlərinə rəhbərlik edir.
1912-13-cü illərdə Rusiya və İran hökumətlərinin danışıqlarına əsasən polkovnik İbrahim
ağa Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində topoqrafiya xəritələrinin
çəkilişinə başçılıq etmişdir. Birinci dünya müharibəsi illərində döyüşən ordu qərargahında qulluq
edən polkovnik İbrahim ağa Vəkilov Oktyabr inqilabından sonra Tiflisə qayıtmışdır. Onun
xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülmüşdür.
Bir müddət Tiflisdə Xeyriyyə cəmiyyətinin sədri olan İbrahim ağa Vəkilov sonralar
Bakıda və Gəncədə fəaliyyət göstərmişdir.
Xususilə Tiflis ədəbi mühitində yaxından iştirak edən İbrahim ağa Vəkilov böyük
dramaturqumuz Cəlil Məmmədquluzadə ilə yaxından dostlaşmışdı. Xalqımızın nicatı üçün hər
iki dost birgə çalışırdı. Bu fakta Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın “Mirzə Cəlil
haqqında xatirələrim” kitabında da rast gəlmək olur. Həmidə xanım yazır ki, 1907-ci ildə
Qarabağda çəyirtkə və aclıq gözlənilirdi... Tiflis Xeyriyyə Cəmiyyəti (cəmiyyətin sədri İbrahim
ağa Vəkilov, katibi Mirzə Cəlil idi) bizim rayonun məruz qaldığı çıxılmaz vəziyyətdən xəbər
tutduqda, zərərdidələrə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul göndərmişdi.
Bizdə Mirzə Cəlillə general İbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq edən daha bir
etibarlı sənəd var. O da 1909-cu il martın iyirmi ikisində çap olunan “Molla Nəsrəddin”
jurnalının on ikinci nömrəsidir.
Həmin nömrədə İbrahim ağa haqqında iki dostluq şarjı verilmişdir. Birinci şarjda küçədə
İbrahim ağaya rast gələn ziyalı müsəlmanların hamısı ona baş əyir, xoş təbəssümlə təzim edirlər.
Hamı onun Tiflisdə Müsəlman Xeyriyyə Cəmiyyəti açmaq təşəbbüsünü bəyənir, ətrafına toplaşıb
şirin-şirin söhbət edirlər. Ona deyirlər ki, sən Xeyriyyə cəmiyyətini təşkil et, biz sənə maddi
cəhətdən kömək göstərəcəyik.
İzof Rotterin məharətlə çəkdiyi bu şarcın altında belə yazılıb: “İbrahim ağa Vəkilov.
Müsəlman, Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl”.
Həmin səhifədə verilmiş ikinci şarjda isə İbrahim ağa küçənin ortasında tək dayanıb.
Ondan baş götürüb qaçan musəlmanlara baxıb acı-acı gülümsünərək, - bunlara nə oldu, - deyir.
Xeyriyyə cəmiyyətinə yardım etmək istəməyən “bu ziyalı müsəlmanların indi kimisi qaçır,
kimisi də gizlincə tindən, dalandan qorxa-qorxa İbrahim ayağa baxır. İbrahim ağanın əlləri
təəccüblə açıq qalıb Şarjın altında: oxuuruq: “Xeyyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra”.
Rəsmi sənədlərdən məlum olur ki, İbrahim ara Vəkilov görkəmli dövlət və partiya xadimi
Muxtar Hacıyevlə, Əliheydər Qarayevlə, Qəzənfər Musabəyovla, Həmid Sultanovla,
Sultanməcid Əfəndiyevlə, Tağı Şahbazi ilə, general Tərlan Əliyarbəyovla, Heydər Vəzirovla
birgə işləmişdir.
Əliheydyr Qarayevin məsləhətilə 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin
müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-mayor İbrahim ağa
Vəkilov olmuşdur.
Xalq komissarlığının və hərbi dəniz donanmasının əmrində oxuyuruq:
Hərbi topoqrafiya şöbəsinin rəisi İbrahim ağa
Vəkilov yoldaş hərbi topoqrafiya kurslarının
təşkili və rəhbərliyi sayəsində misilsiz xidmətlərinə, eləcə
də yeni Qırmızı topoqrafiyanın
yetişdirilməsinə səmimi və vicdanla yanaşmasına
görə, Qırmızı topoqrafçıların birinci buraxılışının
təntənəsi günü, ümumi iclasın qərarına əsasən hərbi
topoqrafiya kurslarının fəxri kursantı seçilmişdir.
Hərbi Dəniz Donanmasını xalq komissarı:
Dostları ilə paylaş: |