Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə21/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   17   18   19   20   21   22   23   24   ...   51
UZUN ÖMRÜN SƏHİFƏLƏRİ 
 
Məni çox kefsiz və bir az da könülsüz qarşıladı.  Əvvəlcə başa düşə bilmədim, bu 
etinasızlıq mənim gəlişimə görədir, yoxsa qoca xəstəhaldır. Elə-belə, nəzakət xatirinə “keçin, 
əyləşin” - dedi. Bu tənha yaşayan qocanın tərtəmiz geyimindən, ev şəraitindən hiss etmək olurdu 
ki, çox səliqəli adamdır. 
Qoca əvvəl eynəyini çıxartdı, sonra da dizinin üstündəki kitabı qatlayıb qırağa qoydu. İri 
şkafın enli siyirtməsini çəkib dərindən nəfəs ala-ala, qara məxməri parçaya bükülmüş bağlamanı 
açdı. Balaca bir şəkil tapıb işığa tərəf tutdu. İri ala gözlərini geniş açıb “budur, - dedi, - atam, 
buyur, bax!”. “Atam” - deyəndə  səsi qırıldı. Qəribə, təsvirolunmaz bir kövrəklik bu qocanın 
bütün varlığını titrətdi. Udqunub üzünü yana döndərdi. 
Mən şəkli alıb baxdım. Bu, cavan, çox yaraşıqlı bir zabitin ötən əsrdə çəkilmiş şəkli idi. 
- Faris baba, - dedim, - bəs sənədləri? Təkcə bu şəkillə      nə eləmək olar? Mümkünsə 
sənədləri də tapın, birgə baxaq, elə burdaca...  heç yerə aparmayacağam. 
O, könülsüz geri döndü, ağır addımlarla yenidən  şkafa yaxınlaşdı. Xeyli əlləşdi. Bayaq 
oxuduğu kitabı o küncdən bu küncə qoyur, dəftəri açıb baxır, arasından heç nə tapa bilməyib 
əsəbiləşirdi... 
Səbrim tükənmişdi, onun əhvalı  mənə  də  təsir etmişdi. Nəhayət,  şkafın tək gözündən 
götürdüyü qalın bir qovluğu mənə verib titrək, kövrək səslə soruşdu: 
- Cavan oğlan, sənin nəyinə lazımdı    mənim    atamın sənədləri? 
- Faris baba, atanız xalqımızın hərbi - topoqrafiya tarixində yeganə general olub. 
İstəyirəm qəzetdə, jurnalda onun barəsində bir yazı ilə  çıxış edim, qoy bugünkü gənclik 
xalqımızın belə bir şöhrətli generalı olduğunu bilsin. 
- Mənim atam çoxdan unudulub, - deyə incik halda əlini yellədi. Ani fasilədən sonra 
əlavə etdi: - Bəlkə, elə belə yaxşıdı. Kimin nəyinə lazımdır?.. - İndi başa düşdüm ki, qoca məni 
nəyə görə könülsüz qarşıladı. - Bir vaxt özüm çox çalışdım ki, üzə  çıxsın, generallar arasında 
onun da adı çəkilsin. O da Azərbaycan üçün, xalqı üçün can qoyub, cəbhələrdə vuruşub, gecəsi-
gündüzü topoqrafiya çəkilişlərində keçib. 
Hələ 1883-cü ildə rus - İran komissiyasının tərkibində  Xəzər dənizindən  Əfqanıstana 
qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edib. Belə bir ciddi işi vaxtından əvvəl yerinə 
yetirən atamın xidməti İran hökumətinin ən yüksək “Şire - Xorşid” ordeninə layiq görülüb. O, 
Krımın, Dağıstanın və bütün Qafqazın topoqrafik xəritəsini tərtib edib. 1892-ci ildə Türkiyəyə 
ezam olunan atam Qars vilayətinin rus-türk sərhədlərində topoqrafiya işlərinə  rəhbərlik edir. 
Cənubi Azərbaycanın Təbriz, Xoy, Urmiya və başqa şəhərlərinin də topoqrafik çəkilişinə atam 
rəhbərlik edib. Hər gələn bir sənədini, şəklini istədi, elə o gedən oldu. - Kövrək-kövrək, - mən də 
ki, belə, gördüyün kimi, qocaldım,  əldən düşdüm. Sənəd,  şəkil aparanların da ünvanını, 
telefonunu itirdim. O, insafsızlar da, nə atam haqqında yazdılar, nə də şəklini qaytardılar. 
- Mən burda baxacam, heç nəyi heç yerə aparan deyiləm. Qeydlərimi də burda 
eləyəcəm... 
- Yaxşı, onda aç qovluğu, söhbət eləyək.  Əvvəla de görüm atamın sorağını  sənə kim 
verib? - Zənlə üzümə baxıb soruşdu. Bir marşalın “Mənim xatirələrim” adlı yeni kitabı  çıxıb.   
Orda atanız, polkovnik İbrahim ağa Vəkilovun Sərdarabad, Baş Abaran əməliyyatındakı 
fəaliyyətindən geniş  məlumat verilir. Qərargah rəisi polkovnik İbrahim ağa Vəkilovun hərbi 
döyüşlərdə məharətini marşal bütün ordu heyətinə nümunə göstərir. 
Üz-gözündən gördüm ki, bu fakt onu hədsiz dərəcədə sevindirdi. Məndən qabaq əl uzadıb 
qovluğu özü açdı. 


 
47
.. 1978-ci ilin yazında Faris İbrahim ağa oğlu Vəkilovla tanışlığım belə oldu. Həmin il 
atası haqqında “Azərbaycan” jurnalında çıxış etdikdən sonra yenidən onun görüşünə getdim. 
Faris baba jurnalı aldı, yazını o üz - bu üzə vərəqlədi. Divanda yanaşı əyləşdik. 
- Oxu, - dedi, - görüm nə yazmısan? 
Yarıya çatmamış sərlövhəsini bir də soruşdu. 
- “Qəribə tale”, - dedim və dönüb ona baxdım. Onun ağıllı iri gözlərində yaş damcıları 
görüb dayandım. 
- Daha oxuma, özüm oxuyacam, - deyib, buz kimi əlilə biləyimdən yapışdı, - atamı yad 
etdiyiz üçün hamınıza minnətdaram... 
Yol boyu bu tənha qocanı düşünürdüm. “Mənim bu uzun ömrümün qarası ağından çox 
olub”. Bu sözlər onun dilindən elə-belə çıxmamışdı. Sonralar onun həyat tarixçəsi ilə yaxından 
tanış olanda heyrətə gəldim ki, bütün bu əziyyətlərə necə dözüb? Qəribə burasıdır ki, həmişə başı 
qovğalarda olan çox əziyyətlər çəkən bu insanın yaddaşı zərrəcə zəifləməmişdi. 
Faris Vəkilov nə az, nə çox, ömrünün on səkkiz ilini doğma Azərbaycandan uzaqda, həm 
də  əzab-əziyyətlə keçirmişdi. Neçə inqilabın, neçə müharibənin sınaqlarından sayıq çıxmışdı. 
Çünki amalı düz, əqidəsi pak olmuşdu. Harda, hansı şəraitdə olmasına baxmayaraq, qəlbində bir 
çırağın işığı yanmışdı. Onun da adı Azərbaycan idi. Lakin bir acı ilin sərt küləyi onun üzünü elə 
qarsımışdı ki, qapısını elə bərk çırpmışdı ki, o, hələ də özünə gələ bilmirdi.  
Birinci dünya müharibəsi başlananda Texnologiya İnstitutunun beşinci kurs tələbəsi Faris 
Vəkilov Petroqradın Putilov zavodundakı top emalatxanasının müdafiəsinə  səfərbər olunur. 
Gənc mühəndisin bu zavoddakı yaxşı  fəaliyyəti onu pillə-pillə ucaldır. 1916-cı ildə yaxşı 
xasiyyətnamə ilə Petroqraddakı  məşhur “Feniks” zavoduna baş mühəndis təyin olunur. Bir il 
sonra oktyabr tufanları zamanı bu səhmdar idarə öz fəaliyyətini dayandırır. Faris Tiflisə - 
ailəsinin yanına qayıdır. O, mətin bolşevik Əliheydər Qarayevlə birgə ictimai-siyasi işlə məşğul 
olur. Onlar Peterburqda fəaliyyət göstərən “Azərbaycan həmyerliləri cəmiyyəti”ndə tanış 
olmuşdular. 
Azərbaycanda inqilabın qələbəsindən az sonra ixtisasını təkmilləşdirmək üçün Parisdəki 
“Reno” zavoduna ezam olunur. 
“... 1926-cı ildə  Əliheydər Qarayevdən bir teleqram aldım. O yazırdı ki, dağılıb 
uçurulmuş  sənayemizi bərpa etmək üçün sənin də köməyinə ehtiyacımız var, qayıt gəl. Mən 
dərhal Bakıya qayıtdım. Əliheydər Qarayev məni mənzillə təmin edib, leytenant Şmidt zavoduna 
işə göndərdi”. 
... Axşam qonşusu qadın mənə      zəng   eləyib dedi ki, Faris baba sabah sizi görmək 
istəyir. Mümkünsə ona baş çəkin. 
İşdən bir az tez çıxıb onun yanına gəldim. Biz neçə ilin dostu, hətta deyərdim, qohum 
kimi görüşdük. 
-  İndi mənim    sənə   işim   düşüb, - dedi. - Xəbərin    varmı, atamın dayısı oğlu İbrahim 
ağa Usubov da general olub. Ondan da yazmaq lazımdır. 
Həmin günü mənə çoxlu şəkil, sənəd göstərdi. Səxavət  əli açılan Faris babanın mənə 
hədiyyə verdiyi şəklin biri 1901-ci ildə Qarsda çəkilib. Burda atası  İbrahim ağa Vəkilov 
topoqrafiya çəkilişi zamanı təsvir olunub. Hər iki şəklin orijinalı indi də məndədir. Anası Yelena 
Yefimovna Vəkilovanın 1909-cu il martın 2-də böyük rus yazıçısı Lev Tolstoydan öz 
övladlarının islam dinini qəbul etmələrinin mümkünlüyü barədə yazdığı məktubdan söhbət açdı. 
Faris baba bu məktubun fotosurətini və öz əlilə rus dilində yazdığı xatirələrini avtoqrafla 
mənə verdi. 
- Oğul, - dedi, - mənim ömrüm qurtarır, səninki isə başlayır, qoy bunlar səndə qalsın. 
Amma mən tənha qocaya tez-tez baş çək, sənə lazım olan çoxlu materiallar verərəm... 
Bu dəfə söhbətimizin  əsas mövzusu Faris babanın  əmisi  İbrahim ağa Usubov oldu. 
General-mayor  İbrahim ağa Usubov 1872-ci ildə Qazax qəzasının Qıraq Salahlı  kəndində 
dünyaya kəlib. Sənədlərdən öyrənirəm ki, generalın atası Musa ağa da rus ordusunun zabiti olub. 
İran şahzadəsi Abbas Mirzənin qoşunları 1826-cı ildə Azərbaycana   hücum edəndə atası Musa 
ağa və  əmisi Süleyman ağa Usubovlar Qazax süvari dəstəsində      mərdliklə   vuruşmuşlar. 


 
48
Sonralar Polşa müharibəsindəki nümunəvi   xidmətinə görə Musa ağa ştabs - kapitan rütbəsinə 
qədər yüksəlmişdir. Faris baba sənədlərindən birini açır, titrək barmağını üstündə  gəzdirə-
gəzdirə.  
  
- Fikir ver, əmim də Əliağa Şıxlinski və atam kimi Tiflisdəki kadet korpusunu bitirib, özü 
də əla qiymətlərlə, - deyir, - 1890-cı ildə Xarkov piyada hərbiyyə məktəbinə daxil olur. Həmin 
məktəbi də əla qiymətlərlə bitirib ştabs - kapitan rütbəsində əsrimizin əvvəllərində başlayan rus-
yapon müharibəsində  iştirak edir. Port-Artur döyüşlərində  mərdliklə vuruşan  əmim müqəddəs 
Georgi ordeninin dördüncü dərəcəsiylə və bir neçə medalla təltif olunur. Podpolkovnik rütbəsi 
alır. 
Həmyerliləri, artilleriya generalları Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-
çiyinə vuruşan podpolkovnik İbrahim ağa Usubov rus-yapon müharibəsində az şücaət göstərmir. 
Port-Artur döyüşlərindən sonra yenidən Xarkov şəhərində hərbi xidmətə başlayır. 1910-
cu ildə İbrahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi 
Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurur. 
Müsahibimdən soruşuram: 
-  Generalın oğlu, qızı necə, qalırmı? 
  
Bu saat hamısını      deyəcəyəm, - Faris baba yenidən  əl-ayağa düşür. Köhnə cib 
dəftərçələrinin birini götürüb, o birini  qoyur. - İki adamla görüş, söhbət elə. Əmim qızı Nigar 
Usubova və generalın qardaşı qızı Gövhər Usubova ilə. 
Elə həmin günü Mirzə Şəfi küçəsinin altı nömrəli mənzilində yaşayan Gövhər xanıma baş 
çəkdim. General-mayor əmisinin adını eşidən kimi səksən yaşlı qadının da gözlərində, sifətində 
qəribə bir işıq yandı. Sonra o işıq qəfildən də çəkildi və yerində təəccüb qaldı: “Nə əcəb? Hardan 
yada düşüb?”. 
Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi: 
- Fələyin gözü tökülsün, bircə  əmim oğlu vardı, o da 1940-cı ildə  qəfildən vəfat etdi. 
Yeganə kişi nişanəsi idi əmim ocağının. Atam İsmayılı zorla xatırlayıram, 1910-cu ildə  vəfat 
etdikdən sonra əmim İbrahimin himayəsinə keçdim. O, Xarkovda hərbi qulluqda olsa da doğma 
kəndi Salahlını unutmurdu. 1914-cü ildə məni Bakıya gətirib Hacı Zeynalabdin   Tağıyevin   qız 
məktəbinə  qəbul etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. Bir il sonra Azərbaycan 
Demokratik Hökumətinin dəvətilə   Xarkovdan Bakıya köçdü. 
Adətən hərbçi zəhmi ağırdı, deyirlər.  Əlbəttə, işdə, qulluqda necə olmağını deyə 
bilmərəm, amma evdə, ailədə  əmim xoşxasiyyət, həssas qəlbli insan idi. Təhsil və  tərbiyə 
məsələsinə ciddi fikir verərdi. “Gövhər, deyərdi, - səni atanın arzusu ilə müəllimliyə qoymuşam. 
Sənin qarşında mədəni insan yetişdirmək kimi nəcib bir vəzifə durur. Gərək elə  şagird 
yetişdirəsən ki, onunla həmişə iftixar edə biləsən”. Yadımdadı, general Əliağa Şıxlinski tez-tez 
bizə  gələrdi, hər iki bacanaq Port-Artur döyüşlərindən, Birinci dünya müharibəsindəki 
fəaliyyətlərindən söhbət açardılar. 
İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanovla,  Əliheydər 
Qarayevlə, Mixail Frunze və başqaları ilə çox yaxın idi.  1916-cı ildə döyüş meydanlarında 
göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi. 
1918-ci ilin may ayında  İbrahim ağa Usubovu milli Azərbaycan diviziyasında işləmək 
üçün dəvət etdilər. O, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Cavadbəy Şıxlinski və başqa 
hərbçilərlə birgə Azərbaycan Demokratik hökumətinin milli diviziyasının təşkilinə başladı. On 
səkkizinci ilin aprelində Gəncədə praporşik məktəbi açdılar. Burada azərbaycanlı gənclər təhsil 
alırdılar. Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan hərbi məktəbi adlandırıldı. 
1919-cu ildə milli hökumət xalqına sidq-ürəklə xidmət etdiyinə görə polkovnik İbrahim ağa 
Usubovu general-mayor rütbəsi ilə təltif etdi. 
Milli hökumət  İbrahim ağanı on doqquzuncu ildə Azərbaycan ordusu üçün hərbi 
ləvazimat və hərbi geyim alıb gətirmək məqsədilə İtaliyaya ezam etmişdi. Respublika Mərkəzi 
Dövlət Arxivində saxlanan bir sənəd də bunu təsdiq edir. 
 


 
49
Müsavat dövlətinin  İtaliyadakı nümayəndəsinin müsavat ordusuna geyim və  təchizat 
əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsində teleqram. 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin