52
xidmətlərini və onun günahsızlığını başa salmaq iqtidarında deyilmiş.
Atam tutulandan sonra
babamın qəddinin əyilməyini indi də gözüm önünə gətirəndə kövrəlirəm. Babam o ağır illərdə
qanadları qırılmış quş kimi gəzirdi.
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad böyüyürdü.
Qleb sənətdə atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi ilə Tiflisdəki kadet
korpusunu müvəffəqiyyətlə bitirib Xarkovdakı üçüncü Aleksandr adına Ali hərbi-texniki
instituta qəbul olundu. İkinci kursdan sonra Qleb Vəkilov könüllü olaraq həmin institutu tərk
etdi. Sonralar Moskvadakı Alekseyev hərbi məktəbində təhsilini davam etdirdi.
Əsrin əvvəllərində fəhlə sinfi ayağa qalxıb mütləqiyyətin rədd olunmasını tələb edirdi.
Qanlı bazar hadisələrindən hiddətlənən xalq hərəkatı coşmuşdu. İmperiyanın hər yerində
çarizmin qanlı cinayəti nifrətlə qarşılandı. Belə təlatümlü, qarışıq bir dövrdə ananın da, atanın da
əzabı onlara dinclik vermirdi. Peterburqda təhsil alan böyük oğlu Borisi, Moskvada yunker
məktəbində oxuyan Qlebi də bir sual düşündürürdü. Mən kiməm, hansı millətə məxsusam? Bu
izahedilməz müdhiş sual qarşısında qalan hər iki qardaş tez-tez ana-ataya müraciət edirdilər.
Faris Vəkilovun söhbətindən: - Mənim on doqquz yaşım tamam oldu. Dərs məşğələləri
ilə bərabər Məhəmmədin dininə keçmək fikri də məni tərk etmirdi. 1904-05-ci illərdəki şərait bu
niyyətimin həyata keçməsinə kömək etməli idi. Bədniyyətli rus-yapon müharibəsi,
xalq kütlələri
arasındakı inqilabi əhvali-ruhiyyə çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi.
1904-cü ildə “Dinazadlığı haqqında manifest” nəşr olundu. Orada hər hansı bir səbəbdən
öz ata-baba dinindən dönmüşlərə yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi
ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ həll olunsun. Təcrübəli adamlar, o
cümlədən mənim valideynlərim Peterburqa gəlişimin birinci ilində pravoslav dininin
müdafiəçilərinin bilavasitə yaxınlığında bu məsələni qaldırmağı məsləhət görmədilər. Anamın
Lev Tolstoya məktubunda da bu ehtiyat öz əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa
qurtarmaq məqsədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli olduq.
Ona görə də çıxılmaz vəziyyətdə qalan anam Yelena Yefimovna Vəkilova 1909-cu il
martın 2-də dahi yazıçı Lev Nikolayeviç Tolstoya məktubla müraciət etməli olub.
Görünür, böyük Tolstoyu ananın məktubu bərk həyəcanlandırıb. Bunu dörd səhifəlik və
demək olar ki, təcili yazılan məktubdan da hiss etmək olur.
Lev Nikolayeviç Tolstoyun məktubu ailədə hökm kimi oxunub, qanun kimi qəbul olundu.
Ailənin sakitliyi öz yerində, hətta onlar Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin
məsləhəti ilə adlarını da dəyişdilər. Boris - Faris, Qleb isə Qalib oldu.
1910-cu ildə yunker Qalib Vəkilov Moskvadakı Alekseyev hərbi-texniki məktəbini bitirib
xidmətə başladı. Birinci dünya müharibəsi başlananda o, Qərb cəbhəsindəki
mühəndis polkunda
döyüşürdü. Molodeçniy şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə
podpolkovnik Qalib Vəkilov 2-ci dərəcəli müqəddəs Georgi ordeni ilə təltif olundu. Hərbi-
texniki mütəxəssis kimi Qalib Vəkilovun ən başlıca vəzifəsi düşmənin qəfil hücum edəcəyi bərə
və keçidlərin möhkəm qurulması, səngərlərdə piyada və tank əleyhinə mərmilərin dəqiq
yerləşdirilməsi idi.
Leyla xanımın stolun üstünə qoyduğu müxtəlif sənəd və fotoşəkillərin hamısı inqilabdan
əvvələ məxsusdur. Onların arasında çox da qalın olmayan bir kitab da var. Bu, məşhur
ədəbiyyatşünasımız Firidun bəy Köçərlinin ilk “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabıdır.
Onu müəllif 22 oktyabr 1903-cü ildə belə bir avtoqrafla Leyla xanımın general babasına hədiyyə
verib. “Hörmətli İbrahim ağa Vəkilova böyük məhəbbət nişanəsi ilə Firidun bəy Köçərlidən.
Qori şəhəri”.
Şəkillərdən ikisi daha maraqlıdır. Onlar məşhur general-leytenantımız Əliağa Şıxlinskiyə
məxsusdur. İndiyədək heç kəsə məlum olmayan və heç yerdə dərc edilməyən şəkillərdə Əliağa
Şıxlinski 1915-ci ildə təsvir olunub. Bir qrup zabit və üç nəfər şəfqət bacısı ilə birgə çəkdirdiyi
şəkildə Əliağa Şıxlinski həyat yoldaşı Nigar xanımla birgə dayanıb.
- Nigar xanımla yanaşı əyləşən anam Aleksandra İvanovna Vəkilovadır. Anam da atam
Qaliblə birgə birinci dünya müharibəsi illərində döyüşən orduda xidmət edib. Anamın rütbəsi
leytenant olub. O, da Nigar xanım kimi hərbi səhra qospitalında şəfqət bacısı işləyib. Böyük
53
oktyabr inqilabı başlananda onlar Minsk ətrafındakı cəbhədə olublar. Atam üç ay ordu
sıralarında komandir kimi xidmət etdikdən sonra komandanlıq onu qulluğunu davam etdirmək
üçün Bakıya ezam edir. Azərbaycanda Sovet hakimiyyəti qələbə çaldıqdan sonra atam Bakı
hərbi-mühəndislər idarəsinin rəisi təyin olunur. Az sonra atam Qızıl Ordunun Ənzəli şəhərindəki
mühəndis qoşunları hissəsinin rəisi vəzifəsində qulluq edir.
Anam da bu yürüşdə atamla birgə olmuşdu. Atam bu yürüşdə ağır xəstələnmişdi. O,
malta qızdırmasına tutulmuşdu.
Xəstəliyinə baxmayaraq, 1922-ci ildə yenidən Azərbaycan Baş
hərbi-mühəndislər idarəsinin rəisi vəzifəsində işə başladı. Sonra Zaqafqaziya Qızıl Ordu hərbi
inqilab şurasının hərbi sənaye komitəsinin direktoru oldu. Bu vəzifədə beş il işlədi.
- Leyla xanım, - bayaq dediniz ki, atanız iki dəfə həbs edilib. Otuz yeddinci ildən əvvəl
nə vaxt həbs olunmuşdu?
- İlk dəfə atam 1931-ci ildə həbs edilib. O, inşaatçı-mühəndis sifətilə Belomor - Baltik
kanalının tikintisində dustaq kimi işləmişdi. 1933-cü ildə o, həbsxanadan gəldi. Qocalıb əldən
düşmüş, xəstəhal atamın saçı tamam ağarmış və dinib-danışmaz olmuşdu. O, tək bircə dəfə
mənimlə həbs olunması haqqında söhbət edəndə dedi: “Kim mənim haqqımda sənə nə deyir-
desin, bilmirəm. Bircə onu yadında saxla ki, mən nə Vətənimin, nə xalqımın qarşısında, nə sənin,
nə ananın, nə də heç kəsin qarşısında günahkar deyiləm”.
Belomor - Baltik kanalı tikintisindən qayıdandan sonra atam Bakıda məişət-tikinti
trestində direktor müavini işlədi.
Yadımdadır, çox tez-tez xəstələnərdi. Semaşko adına xəstəxanada, dəmiryolu
xəstəxanasında, sonra da Bayıldakı xəstəxanada müalicə olunurdu. Onu operasiya elədilər.
Anamla çox çətinliklə yanına gedib-gələrdik. Bir xeyli sonra atamın səhhəti yaxşılaşdı.
Ailəmizin güzəranı da pis deyildi. O, işini dəyişmişdi. İndi Kür üstündəki Bankə qəsəbəsində
işləyirdi. Sən demə, ən dəhşətlisi geridə imiş. Otuz yeddinci il gəlib çatdı. Laxa ağzını açan bu
dəhşətli qara il yüzlərlə saf adam kimi atamı da uddu...
1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında iki bəraət məktubu aldım. Biri
1931-ci
ilə görə, biri də 1937-yə görə. Sonuncuda yazılmışdı ki, polkovnik Qalib Vəkilov 19
dekabr 1937-ci ildə həlak olub. Anamla mən isə otuz yeddinci ildən əlli altıya qədər onu
həbsxanalarda axtarırdıq.
Leyla xanım Vəkilovanın stolun üstündəki daha bir tarixi şəkil haqqında: süfrə arxasında
altı nəfər əyləşib. Ovdan qayıdıb günortaüstü nahar edirlər. Məşhur sovet sərkərdəsi Mixail
Frunze sol əli çənəsində dərin düşüncələrə dalıb. Onun sağ yanında dayanmış Əliheydər
Qarayevlə Qalib Vəkilov da fikirlidirlər. Təkcə diviziya komandiri Məmməd Veysov məşğuldur.
O, əlindəki çəngəl-bıçaqla qarşısındakı qabda nəyisə doğrayır. Qalan iki nəfərin kimliyi məlum
deyil. Leyla xanım deyir ki, bu şəkil 1925-ci ilin qışında M.V.Frunze ikinci dəfə Azərbaycana
gələndə Xaçmaz rayonunun ərazisindəki keçmiş Neruçev (indiki 1 №-li sovxoz) malikanəsində
çəkilib.
Altı ay keçməmiş bu sıradan biri - M.Frunze qəfil vəfat etdi. Əliheydər Qarayev, Qalib
Vəkilov otuz yeddinin qurbanı oldular. Məmməd Veysov isə doqquzillik həbs cəzası çəkib 1957-
ci ildə vəfat etdi.
- Leyla xanım, atanızın dostlarından kimləri xatırlayırsınız?
- Hələ uşaq idim, yadıma gəlir ki, M.V.Frunze, Əliağa Şıxlinski, Serqo Orconikidze və ən
çox Çingiz İldırım qonağımız olardı. Çingiz İldırım mənim üçün “Çi dayı” idi. O, çox şən, səsli-
küylü, çox vaxt mənimlə oynayan, mənə cürbəcür macəralar danışan “Çi dayı” idi.
Onun ailəsi yox idi. Vaxtının çoxunu atamla bizdə keçirərdi. “Çi dayı” uşaqlara xüsusi
məhəbbət və hörmətlə yanaşardı. Onun danışdığı yarımfantastik hekayətlər də yaxşı yadımdadır.
O, nəql edərdi ki, bir dəfə qatar gedə-gedə atılıb
ona mindim, ordan da hoppanıb uçan təyyarənin
üstünə qondum. Bunları danışar, özü də mənimlə birgə gah təccüblənər, gah da uğunub gedərdi.
O danışardı ki, yadıma gəlir, bir dəfə Lənkəran tərəfdə ov eləyəndə qamışlıqdan qəfil
çıxan atanı qaban zənn edib az qala qanına qəltan eləmişdim. “Çi dayı” hər gəlişində mənə rəngli
uşaq kitabları gətirərdi. Bir dəfə ağacdan yonulmuş qaban heykəli gətirdi. Pəncəsində anama
avtoqraf yazdırmışdı. Həmin heykəl - qaban budur. İndi də saxlayıram. Atamın yazı stolunun
54
üstündə “Çi dayı”nın Qırmızı Bayraq ordeni alandan sonra çəkilmiş fotoşəkli qoyulmuşdu. Onu
Çingiz əmi avtoqrafla atama bağışlamışdı.
Birdən-birə “Çi dayı” yoxa çıxdı. Bir müddət bizə gəlmədi. Hər dəfə mən atamdan,
anamdan soruşanda ki, “Çi dayı” niyə bizə gəlmir, onlar susardılar. Mənim sualım cavabsız
qalardı. Xeyli sonra mən başa düşdüm ki, o qara illərin qorxunc əli onun da yaxasından yapışıb.
Çingiz İldırım cəllad Bağırovdan yaxasını qurtarmaq üçün əvvəl Maqnitoqorsk, 1934-də isə
Krivoy - Roqa gedir. Amma cəllad Bağırov orda da onu axtarıb tapdırır və güllələtdirir.
Leyla xanım stolun üstündəki şəkli götürüb kədərli səslə;
- “Çi dayı”nın atama bağışladığı bu şəkil qeyri-adi bir təsadüf nəticəsində bizdə qalıb, -
deyir. - Atam həbs olunanda onun kitabları, bağışlanmış şəxsi silahı, sənədləri hamısı müsadirə
olundü. “Çi dayı”nın bu şəkli isə sonralar lazımsız bir kitab arasından çıxdı. Atam Çingiz
İldırımdan sonra həbs olunacağını gözləyirdi. O hətta “Çi dayı” nın həbs olunmasını eşidəndə
anama
deyib ki, indi növbə mənimdir.
Görünür, atam bilə-bilə “Çi dayı”nın şəklini lazımsız kitabın arasına qoyub ki, ələ
düşməsin.
Çingiz İldırıma bəraət veriləndən sonra bu nadir şəkil o gözəl insandan demək olar ki,
yeganə yadigar idi. Bizim muzeylər bu şəklin surətini çıxartdılar. Adını daşıyan Politexnik
İnstitutu qarşısındakı büst də bu şəkil əsasında qoyuldu.
İndi hər dəfə yolum Nərimanov prospektinə düşəndə o büst qarşısında istər-istəməz baş
əyir, sanki canlı “Çi dayı”yla salamlaşıram.
Dostları ilə paylaş: