66
Mən yenə də əl çəkmədim:
- Siz inanın, - dedim, artıq beş ilə yaxındır ki, Şıxlinskinin həyat və fəaliyyəti ilə məşğul
oluram. Onun rus və Azərbaycan dilində xatirələrini çapa hazırlamışam. Yazdığı yüzlərlə faktı
dönə-dönə yoxlamışam, bir işıq ucu qədər yanlışlıq görməmişəm. O özü yazır ki, 1910-cu ildə
Luqa şəhərində belə bir kitabım çıxıb. Özünüz fikirləşin, bundan sonra mən neyləməliyəm?
- Bilmirəm, cavan oğlan, - dedi, - onun haqqında bizdə bircə kitab var.
O da Sabir
İbrahimovun “General Əliağa Şıxlinski” monoqrafiyasıdır. Sizi qane edirmi? Böyük Vətən
müharibəsi illərində Luqa şəhəri faşistlər tərəfindən dağıdılmışdır. Bəlkə kitab o vaxt məhv olub,
bizə gəlib çatmayıb?
Kor-peşman qayıdıb oxu zalına gəldim, buraxılış vərəqəsi almaq üçün. Qəfildən ağlıma
bir fikir gəldi. Təzə anket götürüb doldurdum. Kataloqda inqilabdan əvvəl Luqada nə qədər
artilleriyaya aid kitab və kitabça çıxıbsa sifariş verdim. Yarım saatlıq
fasilədən sonra stolumun
üstundə ondan çox kitab vardı. Bir-bir vərəqləyib onların axırıncı səhifəsində verilən elanları
oxudum. Üz qabığı qalın, həcmcə o qədər də böyük olmayan, 1911-ci ildə çap olunmuş
“Artilleriyada səhra topları üçün məsələlər” məcmuəsinin son - yüz altmış birinci səhifəsində
belə bir elanı tapdım: “Artilleriya zabitləri məktəbinin anbarına satış üçün
qəbul olunmuş
kitablar”.
Yeddinci kitab Əliağa Şıxlinskinin “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri idi.
Sevindiyimdən gözlərimə inanmadım. Dönə-dönə baxdım. Açıq-aydın yazılmışdı. “Şıxlinski Ə.
1910-cu il, qiyməti 70 qəp. Luqa şəhəri, V.M.Kuroçkinin yeni mətbəəsində çap olunub”.
Ayağa qalxdım. Növbətçi qızın yanına gedib yazını ona göstərdim. Ordan birbaşa fondun
baş mühafizəçisinin yanına qaçdım.
- Baxın, baxın...
Baş mühafizəçi məni sakitləşdirdi:
- Özünüzə gəlin, qoyun əməlli-başlı baxım. O, eynəyi çıxarır, oxuyur, özü də bərkdən.
“Ə.Şıxlinski”. Bəli,
biz təslim olduq, cavan oğlan, indi bildim haradadır. - Nina Qriqoryevna,
- deyə yaxınlıqdakı bir qadını səslədi. Bir baxın, bu azərbaycanlı bizi təslim etdi. Demək, belə bir
kitab varmış.
Nina Qriqoryevna:
- Bu kitab olsa-olsa hərbi
dərsliklər şöbəsində olacaq, dedi. Sifarişi təzələyin...
* * *
Artıq bir həftədir ki, Leninqradın bəyaz havasına oxşar binada məni bir yazı stolu
gözləyir. Beş, ya da on dəqiqə, lap uzağı iyirmicə dəqiqə geçiksəm, gərək kiminsə durmağını
gözləyəm. Nahara qədər də öz “isti yuvasını” tərk edən adam çox çətin tapılır. Ona görə də səhər
saat doqquz tamamda kitabxananın qarşısında olmağa adət eləmişəm.
Mənə müvəqqəti verilmiş vəsiqəmi təqdim edib soruşuram.
-
Zəhmət olmasa, K-9178 nömrəli sifarişi yoxlayın.
- Sizin istədiyiniz kitab tapılıb, amma bir qədər gözləməli olacaqsınız...
Yəni nə qədər?
Dəqiq deyə bilmərəm... Bəlkə bir gün, bəlkə üç gün, bəlkə bir həftə... Ona görə də hər
gün gəlib yoxlamalısınız.
* * *
Leninqrad ətrafındakı iki şəhər Əliağa Şıxlinskinin hərbi fəaliyyəti ilə bağlı olub.
Onlardan
biri Luqa, digəri isə Çarskoye Selo (indiki Puşkin şəhəri - Ş.N.) şəhəridir. Əliağa
Şıxlinski xatirələrində bu yerləri böyük məhəbbətlə yad edir. İnqilabdan əvvəl artilleriya zabitləri
məktəbi Çarskoye Seloda, bütün Avropada ən nümunəvi hərbi təlim meydanı isə Luqa
düzənliyində yerləşirmiş. Ona görə də fürsətdən istifadə edib Çarskoye Seloya getmək -
Şıxlinskinin yaşayıb işlədiyi şəhəri görmək arzusu məni rahat buraxmırdı...