ÖMRÜN SON GÜNLƏRİ
Təbiət Əliağaya böyük bir ağıl,
müstəsna bir qabiliyyət və hərbi istedad,
mərdlik və nəcib sifətlər, Vətən müdafiəsi
üçün çox faydalı olan fəaliyyət ehtirası ilə
dolu coşğun bir enerji vermişdi.
Artilleriya professoru
Yevgeni Barsukov.
General qocalmışdı, elə qocalmışdı ki, nə gözü əməlli-başlı görürdü, nə də qulağı
eşidirdi. Yerişi də o yeriş deyildi. At belində, piyada cəbhələr gəzən, batalyonlara, alaylara,
orduya sərkərdəlik edən generalın indi tərpənməyə halı qalmamışdı.
Dövlətin ona verdiyi bir neçə otaqdan özü üçün ancaq birini saxlamışdı. Onda da tək-
tənha yaşayırdı. Oğulsuz-qızsız, nəvəsiz-nəticəsiz. Tale onu bu nemətdən məhrum etmişdi.
Həyat onun üçün hələ adiləşməmişdi. Nikbin baxışı, əzəmətli vüqarı, yaşamaq ehtirası və dərin
ağlı tam üstündə idi. Kim onu küçədə, bayırda görürdüsə fəxrlə tanımayana göstərirdi: “Port-
Artur qəhrəmanı Əliağa Şıxlinski!”.
Bu adı o, 1906-cı ildən qazanmışdı. Hər yerdə onu belə nişan verirdilər.
... Uzaqlarda toplar dinir, tüfənglər atılır, insanlar qırılır, kəndlər, şəhərlər dağılırdı.
Onun topçuluq və artilleriya haqqındakı təklifləri bu müharibədə də əsgərlərimizin köməyinə
gəlirdi. Rus topçuluq elmindəki kəşflərindən, xüsusən “Şıxlinski üçbucağından” və “Şıxlinski
formulu”ndan geniş istifadə olunurdu.
General isə dəmir darvaza arxasında saxlanan pələng kimi tək-tənha qalmışdı. Səksən
illik ömür yolunda general, yaşamağına, dünyaya gəlməsinə zərrəcə heyfsilənmirdi. Keçmişdən
söhbət düşəndə o, fəxrlə deyirdi:
- Mən öz keçmişimə sakit bir vicdanla nəzər salır və müasirlərimin gözlərinə cürətlə
baxıram. - Stola söykənib qalın bığlarını eşər, xeyli sükut etdikdən sonra gülümsünən general -
bu günlər də bizim ömrümüzün qocalıq çağına düşdü, - deyərdi.
Altmış ildən çox nümunəvi hərbi qulluğu ona şan-şöhrət gətirmişdi. Uzaq Şərqdəki
xidməti, rus-yapon və Birinci dünya müharibələrində, Oktyabr inqilabındakı sabit fəaliyyəti
bütün hərbçilərə nümunə göstərilirdi. General xidmət illərini xatırlayanda qəlbi nurla dolur,
gözünə işıq gəlirdi. Sanki uzaqlarda atılan qələbə soraqlı topların səsini belə eşidirdi.
Onu yalnız tənhalıq sıxırdı. Bu anlarda dünyada ən çox sevdiyi bir adamla səssizcə
danışmaq ona təsəlli verirdi. Bu adam şəkil olub divardan asılmışdı. Düz on iki ildən çox idi
şəklə dönən insan onun pıçıltılarına cavab vermirdi. Onunla danışanda generalın səsi boş otaqda
əks-səda verib özünə qayıdırdı.
O, özü kimi “qoca kreslo”da sakitcə əyləşmişdi. Ötən günləri qovub xəyalından,
yaddaşından silmək istəyirdi. Keçmişə qayıtmaq istər-istəməz əziz Nigarını xatırlamaq demək
idi. O, bunsuz keçinə bilmirdi. Bu mümkün də deyildi. Bütün xidməti boyu Nigar onunla qoşa
addımlamışdı. Saysız-hesabsız əsgərlərə zərif əllərilə şəfa verib həyata qaytarmışdı. Otaq buz
kimi soyumuşdu. Bayır qatı dumana bürünmüşdü. Gözəgörünməz çisəkdən nəmlənmiş asfalt
parıldayırdı. Küçələrdən gediş-gəliş kəsilmişdi. Cəbhə həyatı keçirən şəhər sanki köçmüşdü.
74
Bayaqdan pəncərə ağzında quruyan generalın yadına Sovet məlumat bürosunun hər saat radio ilə
verilən xəbərləri düşdü. Yaxasından gödəkcəsinin cibinə sallanan qədim saatın zəncirini çəkib
onu işığa tutdu. Səkkizə az qalırdı. Küçədə telefon dirəyindən asılmış reproduktorun altına xeyli
adam yığışmışdı. General pəncərəyə yaxın oturub, burdan aydın eşidilən cəbhə xəbərlərini
dinlədi.
... Bu gün hissələrimiz Stalinqrad ətrafı döyüşlərdə faşist generalı Fridrix Paulsun və
feldmarşal Fon manşteynin ordusunu darmadağın etmişdir.
İndi qələbə bizimlədir. Daha heç nəyi eşitməyən general evin içində sürətli addımlarla
gəzişirdi. Qalın cod bığları sevincdən titrəyirdi. Sevincini bölüşməyə adam axtarırdı.
- Radioda son xəbərlərin oxunuşu qurtardı. Qapı döyüldü, o, cəld irəliyə addımladı.
Soruşmadan qapını açdı. Cavan, yad bir adamı qapıda görüb özünu itirən kimi oldu. Gecdən-
gec:
- Kimi istəyirsiniz? - deyə həyəcanla soruşdu. Qapıda dayanan cavan oğlan dedi:
- Əliağa Şıxlinski sizsinizmi?
- Bəli, buyurun içəri keçin.
Qonaq irəli bir addım atıb əl uzatdı:
-Akademiyanın elmi işçisiyəm. Məni vitse-prezident Heydər Hüseynov sizin yanınıza
göndərib. Tapşırıb ki, xatirələrinizi yazmaqda sizə kömək edim.
- Yaxşı eləyib gəlmisən, oğul, düzü mənim üçün çox çətindir. Belə ki, əllərim əsir, gözüm
pis görür, qulaqlarım da yaxşı eşitmir. Ancaq hafizəm, yaddaşım hələ qalıb. Hər bir hadisəni,
əhvalatı gününə, hətta saatına qədər də xatırlayıram. - Sonra buz kimi soyuq, kimsəsiz otağı
göstərdi: - Nə bilim, bu? şəraitdə mümkündürmü?..
Səhərisi akademik Heydər Hüseynovun özü qoca generalın görüşünə gəldi. Görkəmli
alim qarşısında dayanan ucaboy, enlikürək generala heyranlıqla baxırdı. Sanki onun sağlığına
inana bilmirdi. Professor Barsukovun kitablarında Əliağa Şıxlinskinin adına dönə-dönə rast
gələndən sonra şəxsən alim özü elmi işçini məcbur eləmişdi ki, qapı-qapı gəzməli də olsa
generalı tapmalıdır.
Alimlə general üzbəüz oturdu. Ötəri də olsa evə göz gəzdirən alim, burda kitablardan və
qədim mebeldən başqa qiymətli heç nə görmədi. Ağzı yarıaçıq qalan şkafdan bir dəst general
mundiri asılmışdı. General əli əsə-əsə stolun üstündəki solğun gülün əyilmiş saplağını düzəltdi.
Qonaq titrək səslə:
- Yoldaş general, - dedi, - bizim Akademiya professor Yevgeni Barsukovun yenicə nəşr
olunmuş əsərlərini alıb. Professor dördcildlik “Rus artilleriyası Birinci dünya müharibəsində”
əsərində sizin yalnız rus topçuları arasında deyil, həm də rus ordusunun geniş dairəsində hörmət
və nüfuzunuzu, Port-Artur epopeyasında son dərəcə böyük şöhrətinizi məhəbbətlə, ehtiramla
xatırlayır.
Bayaqdan susan, qonağını dinləyən general təvazökarlıqla.
- Hə, - dedi, - az-çox cavanlıqda Vətən qarşısında xidmətimiz olub. Yevgeni Zaxaroviçlə
təxminən iyirmi il birgə qulluq etmişik. Topçu zabitləri məktəbində, Luqa şəhərində, topçu
general-müfəttişliyində işləmişik.
Heydər Hüseynov onu tapdığına uşaq kimi sevinirdi. Ürəyində özünü danlayırdı ki,
xalqımızın belə şöhrətli oğullarını vaxtında itirib-axtarmırıq. Bu gün görkəmli rus professoru
onun əvəzsiz xidmətlərini nahaqdan xatırlamır. Özü də ötəri yox, dönə-dönə öz elmi əsərində
onun hərbi üçbucağından, Birinci dünya müharibəsindəki fəaliyyətindən ağızdolusu danışır.
O özü ilə gətirdiyi kitabı stolun üstünə qoydu. Səhifələrin arasındakı nazik kağız
parçalarını götürüb dedi:
- İcazənizlə bir epizod oxuyum, yəqin ki, sizin üçün maraqlı olar.
- Buyurun, - deyib - ağır eşidən general stulunu bir az da yaxına çəkdi. Damarı çıxmış
əllərini dizləri üstünə qoydu. Məmnuniyyətlə, qulaq asıram.
- “General Əliağa Şıxlinski 1916-cı ildə Krevo yaxınlığında alman mövqelərinin
yarılması əməliyyatına, onuncu ordu cəbhəsində 1917-ci il iyul əməliyyatına rəhbərlik
etmişdir. Əliağa Şıxlinskini həmişə ön mövqelərdə görmək olardı. O, topçu hissələrinin yerlərini
75
yoxlayır, onları daha düzgün yerləşdirmək üçün göstərişlər verir, döyüş əməliyyatlarını izləyir
və rəhbərlik edirdi”.
Heydər Hüseynov səhifəni axıra qədər oxuyub vərəqi çevirdi. Sakitcə oturub onu
dinləyən generala baxdı. Uzaq keçmişinin şan-şöhrət səsinə diqqətlə qulaq asırdı. Dumanlanmış
eynəyini çıxardıb ehmallıca sildi. İri sifətindəki batıq ordları həyəcandan titrədi.
- Bu səhifədə isə sizin onuncu ordunun baş komandanı olan vaxt yazdığınız bir raportun
mətni verilib.
- Maraqlıdır, mən yüzlərlə raport yazmışam. Görəsən, hansı əməliyyatdır ki, bir tarixi
fakt kimi hətta kitaba düşüb? Oğul, zəhmətdən keçib, rica edirəm, onu da oxuyun, - deyə,
general nəzakətlə xahiş etdi.
“Topçu hazırlığı başlandı. Müharibənin üç ili ərzində mən topçuların bu qədər gözəl
əməliyyatını görməmişdim. Qoşunların əhvalı yüksəlməyə başladı. Hətta topçulara qarşı çox
tələbkar olan piyadalar da razı qalmışdı. Otuz səkkizinci korpusda piyadalar hazırlığı tamamilə
bitmiş hesab edib, hətta onu davam etdirmək təklifindən əl çəkdi... hissələr hücuma keçdilər,
onlar düşmənin iki-üç sıra səngərini aşıb, onun batareyalarına çatdılar, düşmən toplarının
nişangahlarını götürüb gətirdilər...
- Hə, yadıma gəldi, - deyib, general sinədolusu nəfəs aldı.
- Çox sağ ol, oğul...
- Hələ qurtarmamışam, yoldaş general, - deyib Heydər Hüseynov yenidən oxumağa
başladı. O, generalı sevindirdiyinə özü də hədsiz dərəcədə şad olmuşdu. - Əliağa çox tələbkar
və zabitəli bir komandir olmaqla bərabər, eyni zamanda xeyirxah, tabeliyində olanların qeydinə
qalan bir adam idi. Onlar Əliağaya hörmət edər və onu son dərəcə sevərdilər...
- Bəsdir, oğul, bəsdir, - deyib, general alimin biləyindən tutdu. - Üzgörənlik eləyib
Yevgeni Zaxaroviç məni lap ox tərifləyib.
- Zənnimcə elə xidmətiniz müqabilində də Yevgeni Zaxaroviç tərif yazıb. Amma siz
nədənsə elə tərifdən qaçırsınız.
- Axı ay oğul, biz o işləri tərif naminə görməmişik. Bu hər birimizin borcu idi, onu da
pis-yaxşı yerinə yetirdik.
- Yoldaş general, borca qalanda... - susdu, cəsarət eləməyib elə-belə kitabı vərəqlədi.
- Hə, buyur oğul, nəsə sözlü adama oxşayırsan, de utanıb-çəkinmə...
- Sizdən bir təvəqqem var, amma gərək yox deməyəsiniz...
- Oğul, bir de görüm, əlimdən gələn işdimi? - Kövrək-kövrək, - məgər bu əldən-ayaqdan
düşmüş qoca da kiminsə işinə yarıyar.
- Yaxşı olar ki, siz də xatirələrinizi yazasınız. Sizin xatirələr bu gün də dünya ağalığı iddiasında
olanlara qarşı mübarizədə ən güclü silahlardan biri olardı.
General kitabı əlinə alıb, eynəyini gözünə taxdı. Kitabın ilk səhifəsinə elə-belə göz
gəzdirib:
- Ay oğul, - dedi, - dünən sizin bir elmi işçi də gəlmişdi. Ona da dedim. Bu elə çətin
işdir ki, tək mən öhdəsindən gələ bilmərəm. Hərbi gimnaziyada, sonra isə Peterburqda
Mixaylov adına Topçuluq Məktəbindəki təhsil illərim, rus-yapon müharibəsindəki xidmətlərim,
cahan müharibəsində və inqilab illərində olan bütün hadisələr təfərrüatı ilə yaddaşımda qalıb.
Bu, görünür, ömrümdə bir dəfə də olsun araq içməməyimdən, ət yeməməyimdən irəli gəlir.
Ümumiyyətlə, uşaqlıqdan məndə qumara və insana məxsus olmayan əyləncələrə qarşı nifrət var.
Boş vaxtımı at sürməkdə, kitab mütaliəsində keçirmişəm. Bəlkə ona görə də yaddaşdan
yaxşıyam. Amma qulaqlarım və gözlərim vəfasızlıq edir. Bu da, görünür qocalıqdandır. Axı,
zarafat deyil, bu yolu mən ötən əsrin ortalarından gəlirəm.
Alim sevinclə:
- Eybi yoxdur, yoldaş general, - dedi, - generalın razılıq verməyi onun hədsiz sevincinə
səbəb oldu. - Mən sizə köməkçi verərəm. Hiss eləyirəm naxoşsunuz, əgər etiraz etməsəniz, sizə
bir nömrəli xəstəxanda otaq da ayırardıq. Orada həm müalicə olunardınız, həm də xatirələrinizi
diktə edərdiniz. O, adam gecə-gündüz sizinlə bir otaqda yaşayacaq.
76
- Mən etiraz etmirəm, - deyə general qocalara məxsus xoş təbəssümlə gülümsündü. -
Onsuz da evdə tək-tənha darıxıram. Həkimlər mütaliəni də mənə çox gördülər. Amma bir şeyi də
demək istəyirəm. Sizin o alim yoldaşın günahı nədi, sapsağlam ola-ola xəstə...
- Siz onun üçün narahat olmayın. O, özü buna ürəkdən razıdır. Başa düşür ki, bu
xatirələrin hər bir epizodu xalqının azadlığı yolunda əzab-əziyyətlərə dözən, odlu səngərlərdə
“Vətən uğrunda!” deyib hücuma keçən əsgər və zabitlərə hava, su qədər gərəklidir.
- Mən hazıram, - deyə general ürəkdən razılıq verdi. Gur səslə, - bir şərtlə ki, lap
uşaqlıqdan başlayacağam. Çünki uşaqlırım mənim üçün çox əzizdir, - dedi. Sizə onu da
xatırladım ki, kiçik bir mülkədar olan atam İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci
ildən başlayan igid bir nəslə mənsub olub. Bizim ulu babamız Ağdolaq Məmmədağa Qazax
qəzasında igidliyi ilə ad-san qazanıbmış. Onun iki oğlu olub, Böyük oğlu Şıxı çox ağıllı və sakit,
kiçiyi Əli Qazax isə çox igid, amma dəlisov bir adam imiş. Mən Əli Qazaxın nəslindənəm.
Əvvəllər ikisi də Qazaxlı kəndində yaşayıblar. Şıxının övladları artıb, böyüyəndə görünür, torpaq
sahəsi azlıq edib. Ona görə də onlar bir qədər qərbə köçüb, biri Sınıq körpünün yanında, o biri də
Kürün sahilində kənd salıblar. İndiki Şıxlı kəndləri mənim ulu babamın adını daşıyır.
- Eşitdiyimə görə sizin böyük şair Molla Vəli Vidadiyə də qohumluğunuz çatır?
Çatır yox, oğul, - general fəxrlə izah etdi. - Mənim anam Şah Yəmən xanım Vidadinin
dost-doğma nəvəsidir. O dövrün bir məşhur şairi də bizim nəslin yetişdirməsidir. Kazım ağa
Salik, eşitmisənmi?
- Bəli, ədəbiyyat tarixində belə bir şair var. Amma heyf ki, çox az şerləri bizə gəlib
çatıb. O da Firudin bəy Köçərlinin xidməti sayəsində.
Alim hiss edirdi ki, danışmaq, o illəri xatırlamaq general üçün çətin də olsa xoşdur.
Həyəcanlanmış general durub rəfdən qalın bir kitab gətirdi. Vərəqləyib istədiyi səhifəni tapdı.
Kresloda əyləşib dərindən nəfəs aldı.
- Rəhmətlik Firudin bəy gör nə qədər künclərdə, bucaqlarda itib-batmaqda olan
Azərbaycan şairlərinin şerlərini üzə çıxartdı. Yəqin ki, bu kitabı oxumusunuz. Görürsünüzmü,
Kazım ağa Salikin, Mustafa ağa Arifin neçə şeri verilib. Ömrünü Rusiyada sürgündə keçirən
mayor Mustafa ağa da bizim nəslə mənsubdur. Mustafa ağa ilə Kazım ağa deyilənə görə
qardaş, ya da əmioğlu olublar. Diqtət elə, gör qürbətdə Qazaxı xatırlayan Mustafa ağa Arif
Salikə nə yazır:
Bilməm noldu bizim Qazax, Şəmsəddin,
Gəlmədi onlardan bir xəbər yəqin.
Qəzayi-ilahi bu imiş həmin,
Getdi əldən o dövranlar, ağlaram!
... Söhbətləri elə tutmuşdu ki, qonaq getməyi, general isə xəstəliyini unutmuşdu. Sanki
onlar bir-birini neçə illər idi tanıyıb sevirdilər. Alim ürəyində fikirləşirdi: “Hər bir xalq şübhəsiz
ki, öz sərkərdəsi ilə fəxr edir. Biz isə belə sərkərdəni itirib-axtarmırıq. Vaxtilə rus artilleriyasının
“allahı” sayılan, xalqımızın hərb tarixinə şanlı səhifə yaza biləcək insan Cəfər Cabbarlı adına
küçənin on dörd nömrəli evində tək-tənha ölümünü gözləyir”.
- Nəslinizdə sizdən əvvəl hərbçi olubmu?
- Bizim nəsil cəngavərliyi, tündməcazlığı ilə tanınıb. Ona görə də bizi qəzada
“dəliqazaxlı” adlandırıblar.
Əli Qazaxoğlu nəslində birinci savadlı adam mənim atam olub. O, 1804-cü ildə Rusiya-
İran müharibəsində Qazax-Dilican yolu üstündə şahzadə Abbas Mirzə qoşunlarını məğlubiyyətə
uğradan süvari dəstəsinin tərkibində vuruşmuşdur. Atam İsmayıl ağa döyüşdə xüsusilə
fərqlənənlər, təltif olunanlar sırasında olub.
Şıxlinskilər nəslində Avropa təhsili alan birinci adam mən olmuşam.
Atam rus dilini bilməsə də, görünür ona böyük hüsn-rəğbəti olub. Məndən iyirmi beş yaş
böyük qardaşımı çar konvoyuna göndərib. Qardaşım atamdan aldığı maddi yardımla özünə
müəllim tutub rus dilini öyrənir. Üç ildən sonra zabitliyə imtahan verib, süvari zabiti adını alır.
77
Mənə isə hərbi təhsil vermək atamın ən böyük arzusu idi. Ona görə də məni götürüb özü
ilə Tiflisə apardı. Anamın əmisi oğluna - o vaxtlar çox məşhur olan, bir çox azərbaycanlının
təhsil almasına yaxından kömək edən Mirzə Hüseyn Əfəndi Qayıbzadəyə tapşırdı. Həyatda
tutduğun mövqeyə görə həm müəllimim həm də qayınatam Mirzə Hüseynə borcluyam.
General susdu. Gödək saqqalını fikirli-fikirli sığalladı. Qonağın sorğu-sualı onu həyatının
ilk gənclik çağına qaytardığından ürəyindəki nisgili də tərpətmişdi. Saysız-hesabsız dostlarını,
tanışlarını elə bil qonaq özü ilə gətirmişdi. “Qayınatam” deyəndə istər-istəməz Nigarını xatırladı.
Başını söykənəcəyə dirədi. Dünyanın ağrısı-acısı onun köksünü didirdi.
- Hə, oğul, - deyəsən kitabın bir fəslini yazıb bitirdik. Alim onun bərk yorulduğunu görüb
ayağa durdu. Sağollaşıb ayrıldı.
Söhbətdən sonra xeyli vaxt özünə gələ bilməyən general nahar etməyi də unutmuşdu. O,
fikrə getdi. Ötən günlər onu yaman kövrəltmişdi. Diqqəti məchul bir nöqtədə ilişib qalan ev
sahibi fikrən hadisələri ilbəil bir-birinin yanına düzürdü.
... 1908-ci il, iyirmi beş noyabr. Çarskoye Seloda müqəddəs Georki Pobedonosev günü
bayram edilirdi. Podpolkovnik Şıxlinskiyə əla xidmətinə görə polkovnik rütbəsi verilirdi. O,
onillik xidməti borcunu üç ildə yerinə yetirmişdi. Bu barədə yuxarı dairələrdə də, orduda da çox
nadir bir hadisə kimi danışılırdı. Sülh vaxtı bu ağlasığmaz təltifat idi.
Əliağanı məşhur Şipka qəhrəmanı, piyada generalı Nikolay Qriqoryeviç Stoletova burda
təqdim etdilər. Hərbi sovetin üzvü N.Q.Stoletov çatılmış qaşları altındakı iri mavi gözlərini
Əliağaya dikib təmiz Azərbaycan dilində dedi:
- Tanışlığımıza çox məmnunam, cənab polkovnik.
Əliağa donub qaldı. Ona elə gəldi ki, qulağı səsə düşüb. Generalın qarşısında hərbi qaydada
farağat dayanıb təəccüblə:
- Mən də həmçinin ... - səsi qırıldı.
Qulluğunuz necə keçir, füsunkar Qafqaz üçün darıxmırsınız?
- İşin çoxluğu bəzən buna imkan vermir. Lakin Vətən, həmişə Vətən olaraq qalır. Məgər
onun üçün darıxmamaq olarmı?
- Çoxdanmı ayrılmısınız Qafqazdan?
- Artıq səkkiz ili keçir. Cənab general, icazənizlə soruşmaq istərdim, əgər sirr deyilsə,
bizim dili belə təmiz kimdən öyrənmisiniz?
General gülümsünüb ərklə əlini Əliağanın çiyninə qoydu: - Bu dili mən sizinkilərdən
öyrənəndə yəqin ki, sən onda uşaq idin. 1860-cı ildə Tiflisdə hərbi xidmətdə olmuşam.
Sevastopol kampaniyasından sonra mənə ştabs-kapitan rütbəsi verib Qafqaz ordusunun baş
qərargahına təyin etdilər. Onda cavan bir azərbaycanlı ilə tanış oldum. Bu adam ərəb, fars dilində
yaxşı təhsilə malik olsa da, rus dilini çox zəif bilirdi. Bu dilə isə güclü marağı vardı. Biz onunla
dostlaşdıq. Belə qərara gəldik ki, mən ona rusca, o da mənə azərbaycanca dərs keçək.
Azərbaycan dilini bilməyən adam Qafqazda çətin hərəkət edə bilər. Bunu Martınov gülləsinin
günahsız qurbanı, böyük şair Lermontov da etiraf etmişdir.
Onu da deyim ki, sənin Azərbaycan dilin bir neçə dəfə Şipka döyüşlərində də köməyimə
çatıb. Son həmlələrin birində əsir aldığımız məşhur türk sərkərdəsi Hacı Osman Paşanı mən
Azərbaycanca danışdıranda onun cözü kəlləsinə çıxdı. Dodaqaltı mızıldanıb hirslə gözlərini
üzümə bərəltdi:
- Gavura satılan qafqazlı, - deyə məni təhqir etdi.
- Lütfən deyin, cənab general, o dərs aldığınız adamın adını xatırlamırsınız ki...
- Əlbəttə, xatırlayıram, Mirzə Hüseyn Əfəndi. - General ani olaraq fikrə getdi.
Əliağa Şıxlinski dərhal sevinclə soruşdu:
- Qayıbzadə, eləmi?
- Bəli, məgər siz də onu tanıyırsınız?
- Necə tanımayım. Hüseyn Əfəndi mənim anamın doğmaca əmisi oğludur. Həm də
mənim qayınatamdır. Mən də ondan dərs alıb bu rütbəyə çatmışam.
78
- Görürsünüz, tanış çıxdıq. Bu çox yaxşı oldu. Axtarılsa siz qafqazlılar hamınız bir-
birinizə qohumsunuz. Vaxtınız olanda bizə buyurun, cənab polkovnik, sizi Qafqaz çayına qonaq
edərik.
- Cənab general, icazə versəydiniz mən də sizi keçmiş dostunuzun qızı Nigar xanımın
bişirdiyi Qafqaz plovuna dəvət edərdim...
- Böyük məmnuniyyətlə...
Əliağa Şıxlinski Uzaq Şərqdəki xidmət illərini, Çinə səfərini, rus-yapon və Birinci dünya
müharibəsindəki iştirakını, Azərbaycanda xidmətini, Nəriman Nərimanov, Əliheydər Qarayev,
Frunze, Çingiz İldırım kimi dövlət xadimi və məşhur sərkərdələrlə görüşlərini xatırlayır, titrək
qələmilə xırdaca qeydlər də edirdi.
O gündən unudulmuş qoca generala fərdi təqaüd kəsildi. Həkimlər həyəcanlanmamağı
tapşırırdılarsa da mümkün olmurdu. Daim ön xətlərdə, müharibə meydanlarında döyüş
əməliyyatlarının mahir sərkərdəsi həyəcansız danışa bilmirdi.
1943-cü ilin aprelində kitabın son səhifələrini diktə edən general vətəndaşlıq borcunu
xatırlayaraq deyirdi: “İçərisindən çıxdığım xalqıma və onun özü üçün seçmiş olduğu hökumətə
həmişə sədaqətlə xidmət etmişəm, edirəm və edəcəyəm.”
Bütün varlığı ilə xalqını sonsuz ehtiramla sevən generala kitabının çıxmasını görmək
qismət olmadı. Gələcək nəsillərə onun böyük bir əmanəti qaldı. İbrətamiz həyat yolunu, hərbi
xidmətini ayna kimi göstərən məşhur “Xatirələrim” kitabı ölümündən bir il sonra işıq üzü gördü.
Topçu hissələrilə tankların açıq hərəkət üsulu kimi ağıllı təklifləri düşməni məhv etməkdə
döyüşçülərimizin köməyinə gəldi.
Dövlət mükafatı laureatı, hərb elmləri doktoru, artilleriya taktikası professoru Yevgeni
Zaxaroviç Barsukov kitaba yazdığı müqəddimədə bunu bir daha təsdiq edirdi:
“Qızıl Ordunun artilleriyası özünün möhtəşəm qüvvəsini yaradarkən təkcə bu günün
nailiyyətlərindən istifadə etməmiş, təkcə gələcəyə baxmamış, eyni zamanda keçmişdən bütün
faydalı və lazım olanları da götürmüşdür. O, köhnə rus ordusunda olan ən yaxşı döyüş
ənənələrini mənimsəmişdir.
Döyüş ənənələri və köhnə rus artilleriyasında yaxşı nə vardısa, hamısı general-leytenant
Əliağa Şıxlinski ilə əlaqədardır”
Dostları ilə paylaş: |