115
“Bu alaylar haqqında mühakimə yurütmək üçün onları döyüşdə görmək lazımdır: bunlar
şimşəyi xatırladır, bunlar qəzəblənmiş allahın birdən-birə düşmənlər içərisinə düşərək ölüm və
dəhşət saçan oduna bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik
xariqələrini hələ də heyrətlə yad edirəm... Onlar silahdan çox böyük bir məharətlə istifadə
edərək, qorxmaz və cəsur süvari kimi döyüşürdülər”.
Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, ya da Trofim Borisovun “Port-
arturçular” romanlarını mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on altısında komandan
Stessel qalanı yaponlara danışıqsız təslim etmək istəyəndə polkovnik S.Mehmandarov
və onun
zabit heyəti qəti etiraz edərək necə əsəbiləşmişdilər. Onlar inad edirdilər ki, qalanı son nəfəsə
qədər mudafiə etmək lazımdır. Heç kəs biabırçı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi.
- Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz, - Mehmandarov onun
üstünə qışqırdı. - Siz bizim adımızı korlayırsınız, - deyib yumruğunu havada oynatdı.
- Əlahəzrət, xahiş edirəm, məni təhqirlərdən qoruyasınız,
- kapitan Vamenzon
hirsindən pörtmüş halda Stesselə müraciət etdi.
- Hər şeydən qabaq sakit olmaq lazımdır, cənablar! Polkovnik Mehmandarov, sizi
qayda qanuna riayət etməyə dəvət edirəm.
Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi kapitan
Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu müdafiə edirdilər (A.Stepanov. “Port-
Artur”. səh. 777-778).
Aleksandr Stepanovun “Port-Artur” və Trofim Borisovun “Port-arturçular” romanlarında
bir azərbaycanlı familiyasına da rast gəldik - poruçik Sadıqov. Hər iki əsərdə poruçik Sadıqovun
döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Bütün döyüşlərdə mətanətlə vuruşan Sadıqov
odlu döyüşlərdə qəhrəmanlıqla həlak olur. Poruçik Sadıqov kimdir?
Bu barədə “Kommunist” qəzetinin doqquz sentyabr 1984-cü il tarixli nömrəsində dərc
edilən yazıdan sonra respublikamızın ayrı-ayrı guşələrindən xeyli məktub aldıq. Hamı Sadıqov
familiyalı poruçikin onun qohumu olduğunu yazırdı. Lakin Böyükağa Sadıqovun gətirdiyi
faktlar, sənədlər və fotoşəkillər sübut elədi ki, poruçik Ağababa Hacıbaba oğlu Sadıqov onun
əmisidir. Poruçik Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində anadan olub.
1903-cü ildə Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci
ilin əvvəllərində
poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız alınıb.
Port-Artur döyüşləri haqqında onlarca əsərlər yazılıb, kabardin və çeçen igidlərinin Port-
Arturdakı fəaliyyətləri haqqında Əhmədxan Naloyevin “Dan üzunün atlıları” tarixi romanı,
Vikenti Veresayevin “Yapon müharibəsi haqqında hekayələr” silsiləsi, yazıçının irihəcmli
gündəlik və yol qeydləri, Sergey Senskinin “Susima”, N.A.Levitskinin “1904-1905-ci illərdə
rus-yapon müharibəsi” maraqla oxunan əsərlərdəndir.
“Niva” jurnalının 1905-ci il iyirmi beşinci nömrəsinin 496-cı səhifəsində bir
həmyerlimizin də adına və şəklinə rast gəldik. Onun haqqında ancaq bu sözlər yazılmışdı: “Otuz
üçüncü Şərqi Sibir atıcı polkunun poruçiki Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov
fevral
döyüşlərində igidliklə vuruşub kontuziya oldu”.
Adından, atasının adından və familiyasından poruçik Zülfüqar Bağırbəyovun
azərbaycanlı olması şübhəsizdir. Görəsən, Vətənimizin Uzaq Şərq sərhədləri uğrunda igidliklə
vuruşan poruçik Zülfüqar Bağırbəyovun qohum-qardaşlarından qalan varmı? Səksən ildən çoxdu
bu tərlan baxışlı igid həmyerlimizin şəkli “Niva” jurnalının səhifələrində saralıb solur.
Bəs bizim igidlərin qəhrəmanlığını kim qələmə alacaq, nə vaxt alacaq? Təəssüf ki,
eloğlularımızın Port-Artur döyüşlərində göstərdikləri qeyri-adi qəhrəmanlıqları indiyədək öz
yazıçısını, öz tədqiqatçısını gözləyir.
Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə görə rus artilleriyasının “allahı”
sayılan general-leytenant Əliağa Şıxlinski fəxrlə yazırdı ki, Port-Artur epopeyasının iştirakçısı
olduğumu həmişə iftixarla yad edirəm
19
.
19 Bu məqalə “Bakı” qəzetinin yeddi aprel 1987-ci il nömrəsində dərc olunandan sonra redaksiyadan mənə zəng
elədilər ki, səni bir ağsaqqal axtarır. Məmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva” jurnalından şəklini götürüb
dərc etdirdiyiniz poruçik Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov mənim doğma əmimdir. Əmim Zülfüqar 1874-cü