Simli musiqi alətləri. Ənənəvi simli musiqi alətlərini qopuz, saz, tar, kamança, tənbur,
ud, rübab, çəng və s. ilə təmsil etmişdir. Bununla yanaşı, vaxtilə Azərbaycanda «setar» adlanan
üçsimli musiqi alətindən də istifadə olunmuşdur. Musiqişünaslar onu tənburun bir növü və sazın
ulu əcdadı hesab edirlər.
18
Simli musiqi alətləri səsləndirmə vasitəsinə görə yaylı (kamanəli), barmaq və ya mizrab
(təzanə) ilə çalınan «dartma» alətlərə bölünür.
Bunlardan əlavə, Azərbaycanda yayılmış simli musiqi alətləri sırasında zahiri görkəmi
etibarilə qanonu xatırladan, həm simli, həm də zərb aləti kimi istifadə olunan santura da təsadüf
edilir. Santur bir cüt kiçik çubuğun ucunu simlərə toxundurmaqla çalınırmış. Nizami Gəncəvinin
əsərlərində dönə-dönə vəsf edilən çoxsimli qanon kimi, santur da sonralar dəbdən düşüb işlək
əhəmiyyətini itirmişdir.
Simli musiqi alətlərinin ən qədim tipoloji növü qopuz və tənbur olmuşdur. Xalq çalğı
alətlərinin bu arxaik növlərinin hər ikisi ilk vaxtlar üçtelli, yəni üçsimli olmuşdur. Sonralar
zaman keçdikcə xalq içərisindən çıxmış peşəkar çalğıçılar onları təkmilləşdirərək simlərin sayını
artırmış və beləliklə də, çoxsaylı səs rezonansı əldə etmək mümkün olmuşdur. Simlərin
artırılması öz növbəsində onların çanağının, qolunun və sim bağlanan aşıqlığının təkmilləşib
dəyişməsinə gətirib çıxarmışdır. Bütün bu təkmilləşmələr nəticə etibarilə simli musiqi alətlərinin
saz, tar, ud, kamança və s. kimi zəngin tipoloji növlərinin yaranması ilə nəticələnmişdir.
Saz. Azərbaycan xalq çalğı alətlərinin ən məlahətli melodik səs tembrinə malik növü
olmaq etibarilə öz başlanğıcını qopuzdan alan saz çox böyük təkamül yolu keçmişdir. Saz
havacatının (zil, bəm, dəm) zənginləşməsi ilə əlaqədar olaraq sazın simlərinin və pərdələrinin
sayı artmışdır. Bu səbəbdən də onun «çanaq» adlanan gövdəsi böyümüş, qolu uzanmışdır.
Bir qayda olaraq, sazı peşəkar sazbəndlər bağlamışlar. Hər eldə, obada peşəkar sazbəndlər
çalışırdı. Saz «çanaq», «boğaz», «qol» və «aşıx» adlanan qulaqcıqlar olmaqla, quruluş etibarilə
dörd hissədən ibarət yonulub hazırlanmışdır. Ölçüsündən asılı olaraq ona 5-6 ədəddən 10-15
ədədə qədər «tel» adlanan sim qoşulur. Simləri bağlamaq üçün, saz çanağının arxasına
31
buynuzdan düzəldilmiş ürək formalı xırda «nal», onun qolunun baş hissəsinə isə «aşık»lar
keçirilir. Simləri nizama düzüb sazın üst səthindən bir qədər aralı saxlamaq üçün çanağın arxa
tərəfinə və qolun «aşıxlığ»ına xərək bərkidilir. Mal buynuzu və ya xırda taxta parçasından
kərtlənib düzəldilən xərək simlərin səslənən hissəsinin uzunluğunu məhdudlaşdırmaqla yanaşı,
onların səs ehtizazını çanağa ötürür və beləliklə də, səsi gücləndirməyə xidmət edir. Bütün
bunlardan əlavə, müxtəlif tembrdə səs rezonansı yarada bilmək üçün sazın qoluna qoç
bağırsağından düzəldilmiş 10-14 ədəd «pərdə» bağlanır. Sazın bəm və ya zil çalınmasından asılı
olaraq, onlar baş pərdə, orta pərdə, şah pərdə, yastı pərdə, ayaq pərdə və beçə pərdə olmaqla
bir-birindən fərqləndirilir.
Sazın çanağı, adətən, damarları çox sıx olan, elə bu səbəbdən də yüksək səs rezonansı
yarada bilən tut ağacından yonulub hazırlanır. Sazın çanağı 3-4 mm qalınlığında əymə
«qabırğa»lardan quraşdırılıb bağlanır. Bunun üçün əvvəlcə yaş tut ağacından arxa tərəfi enli,
qabağa doğru tədricən nazilib trapez forması kəsb edən qabırğalar yonulub hazırlanır, son-ra
onlar «əymə» adlanan metal qəliblər vasitəsilə əyilib müvafiq görkəmə salınır. Qabırğaların
elastikliyini artırmaq üçün əvvəlcə onlar qaynar suda «bişirilib» kövrəkliyi azaldılır. Daha sonra
onların hər birini azca əyib müvafiq qəlibə bağlayır və bir neçə gün belə vəziyyətdə saxlayırlar.
Sonra sarğını açıb əymə bucağını bir qədər də daraldır və qabırğanı qəlibə yenidən sarıyırlar. Bu
əməliyyatı bir neçə dəfə təkrar etməklə çanağı əmələ gətirəcək qabırğaların hər biri əyilib lazımi
həddə çatdırılır və kölgə yerdə qurudulur.
Növbəti mərhələdə qabırğa əymələri sumbata kağızı ilə sürtülüb hamarlanır və ağız-ağıza
düzülür. Bir qayda olaraq, əymələrin ensiz qabaq başı sazın qövsvari formalı «boğaz»ına, enli
arxa hissəsi isə çanağın «daban taxtası»na ağac çüy vasitəsilə bərkidilir. Bundan əlavə, çanağın
2-3 yerindən qabırğa əymələri məftil «badaq»lar vasitəsilə bir-birinə tikilir.
Sazın qolu qoz ağacından yonulub müvafiq formaya salınandan sonra onun «aşıxlıq»
adlanan kəlləsində matqab vasitəsilə müvafiq sayda deşiklər açılır və həmin deşiklərə taxtadan
düzəldilmiş «aşıx» (qulaq) keçirilir. Qolun arxa ucu azca kərtlənib yonulandan sonra ağac
yapışqanı vasitəsilə çanağın «boğaz»ına yapışdırılır.
Saz çanağının üstü nazik (2-3 mm) taxta lövhə ilə qapanır. Sazın üzlüyü ağac yapışqanı ilə
çanağın üst kənarlarına yapışdırılır.
Ölçüsündən asılı olaraq «tavar», «orta» və «cürə» olmaqla, sazın müxtəlif növünə təsadüf
edilir.
Saz gilənar ağacının qabığından düzəldilmiş elastik təzanə vasitəsilə çalınır.
Simli alətlərin digər tipoloji növləri də quruluş və çalğı prinsipi etibarilə sazı, yaxud onun
əcdadı sayılan tənburu xatırladırdı. Bunların arasında başlıca fərq çalğı alətinin çanağının və
aşıxlığının forma və quruluşunda, simlərin sayında, qismən də çalma üsul və vasitələrində nəzərə
çarpır. Məhz bu səbəbdən də xalq çalğı alətlərinin ifaçıları çox vaxt «sazəndə» adlanır.
Tar – müsəlman ölkələrində geniş yayılmış simli müsiqi aləti olsa da, Azərbaycan tarı
təkmillik səciyyəsinə görə onların hamısından seçilir.
Sazdan fərqli olaraq, tarın çanağı bütöv kötükdən, həm də iki gözdən ibarət yonulub
hazırlanmaqdan əlavə, onun çanağının üzü taxta lövhə vasitəsilə deyil, kamançasayağı balıq
dərisi və ya mal ciyərinin pərdəsi ilə örtülür.
Tarın qolunu çanağa düzgün oturtmaq üçün bala çanağın içərisinə xüsusi dayaq taxtası
bərkidilir.
Tar qolunun aşıxlığı da formasına görə sazdan və digər simli alətlərdən fərqlənir. Onun
aşıxlığı düzbucaqlı qutunu xatırladır.
Üzərinə müxtəlif səs rezonansına malik simlər düzülmüş tar mal buynuzundan yonulmuş
mizrab vasitəsilə səsləndirilib ehtizaza gətirilir.
Simli alətlərin ikinci qrupuna «kəmanə» adlanan yay vasitəsilə, sürtmə yolu ilə çalınan
alətlər (kamança, tənbur, rübab) daxildir.
Kamança – simli musiqi alətləri içərisində çanağının kürəvi formada olmasına, qolunun
pərdəsiz qalmasına və nazik çubuğa bağlanmış bir çəngə at saçağından hazırlanmış kamanə
vasitəsilə çalınma üsuluna görə seçilir. Kamança çalınma tərzinə görə də fərqlənir. Sinədə
çalınan saz və tardan fərqli olaraq o, sol qıçın üzərində, «şiş» adlanan ucu düyürcəkli xüsusi
32
metal mil vasitəsilə dik tutulur və kamanənin köməyi ilə səsləndirilir. Son dərəcə təsirli səs
tembrinə malik olan kamança lirik musiqi növlərinin ifasında xüsusilə gözəl təsir bağışlayır.
19
Dostları ilə paylaş: |