TAĞI ƏMİ
Əmim Mirzə Məmmədin üç oğlu var idi: Tağı, Aslan, Mehdi. Tağı böyük,
Mehdi kiçik qardaş idi. Sonuncu İranda tibb təhsil edərdi. O, İrana gedən zaman
mən çox kiçik olduğuma görə yadıma gəlmir. Qardaşlardan yalnız Tağı evli idi.
Onun məndən iki yaş kiçik Məmmədağa adlı bir oğlu var idi. bu, mənim oyun
yoldaşım idi. Tağı əmi sair əmizadələrimə nisbətən məndə böyük təsir buraxmışdı.
Səxavətli, rəhmdil, həlim təbiətli bu şəxs öz xasiyyəti cəhətincə hamının hörmətini
qazanmışdı. Atam kimi onun da ova artıq həvəsi var idi. Qızılquş, qırğı, tula
saxlayıb, ölənə kimi ondan əl götürmədi. Ata məhəbbətini görmədimsə də, atalıq
məhəbbətini bu sevgili əmizadəmdə gördüm.
Tağı əmi quşçular arasında məşhur idi. O, bəslədiyi quşun önündən bir qırqovul
qaçıb canını qurtara bilməzdi. Ov tulaları da çox təlimli olardılar.
Mən əvvəllərdə quşların adlarını, növlərini, yaşayışlarını, xasiyyətlərini
bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə
Milli Kitabxana
430
öyrədən Tağı əmi oldu. Göyün üzündə bir qara nöqtə kimi görünən alıcıquşu mənə
göstərərək deyərdi:
-
Bax, o göy üzündə süzən quş qaraquşdur. Ova çıxıbdır.
-
Tağı əmi, o yuxarıda quş yoxdur. O, kimi ov edəcəkdir? – deyə
soruşduqda:
-
Onun ovu yerdədir. Alıcı quşların gözləri çox iti olar. Onlar yerdə siçan
kimi xırda bir heyvanın hərəkət etməyini görərlər. İndi o qaraquş da yerdə
dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına
alacaqdır. Sonra bir uca dağın başında oturub yeyəcəkdir, - deyə Tağı əmi mənə
cavab verərdi:
Mən qaraquş, quzğun, çalağan, qızılquş, qırğı, yapalaq, bayquş, sar kimi ət
yeyən vəhşi quşları, alacəhrə, şeyda bülbül, sarıköynək, baltadimdik kimi oxuyan
bağ quşlarını, ya da turac, qırqovul, kəklik, çil, bildirçin kimi ov quşlarını
məktəbdə şəkildən yox, hələ uşaq ikən təbiətin özündə, Tağı əminin vasitəsilə
gördüm, öyrəndim. Onun mürəbbilik vəzifəsi bir bunlarla bitmirdi. Mühitimdə
gördüyüm şeylərin adlarını, onlarla əmələ gələn dəyişiklikləri yenə də ondan
öyrəndim. Mən əvvəllər qurdlar ilə kəpənəklərin əlaqədar olduqlarını bilməzdim.
Bir dəfə bağda ala-bəzək bir qurdu yarpağa büküb gətirdim.
-
Tağı əmi, bax gör nə qəşəng qurddur? - deyə ona göstərdim.
-
Doğrudur, gözəldir. Lakin bu qurd kəpənək olanda daha da gözəl
olacaqdır, - deyə Tağı əmi əlavə etdi.
Mən təəccüb edərək soruşdum:
-
Bundan necə kəpənək olacaqdır? Onun qanadları var, bunun yoxdur.
Tağı əmi cavab verdi:
-
Bu qurd yarpaq yeyə-yeyə böyüyəcəkdir. Sonra hörümçək kimi tor hörüb
içində qalacaqdır. Bir müddətdən sonra onun gözləri, ayaqları yox olub topal
olacaqdır. Sonra topala qanadlar, göz gələcəkdir.
Yazın isti günlərinin birində baramasını deşib çıxacaqdır. Bağda uçub çiçəklərə
qonduqda, sən də papağını əlinə alaraq onu tutmaq fikrinə düşəcəksən.
Mən o vaxta kimi ipək qurdunun saxlanılmasını görməmişdim. Sonralar
özümüz qurd saxladıqda Tağı əminin nağıl etdiyini öz gözümlə gördüm.
Milli Kitabxana
431
* * *
O zaman məndə iki arzu vardı. Biri at minib seyr etmək, digəri Tağı əmi kimi
quş ovuna getmək. Bunların birincisinə Tağı əmi razı olaraq, ikincisi üçün:
-
Hələ ova gedən vaxtın deyil, gələn il səni qırğı ilə bildirçin ovuna
aparacağam. Qızılquş ovuna atla gedərlər. Yaxşı at minmək öyrənsən, ona da
apararam, - deyə məni sevindirdi.
Tağı əmi dediyinə əməl edən şəxs idi. O gündən atları suvarmağa göndərəndə
mənə də boz madyana minməyə izin verdi. Anam təşvişə düşərək:
-
Ay Tağı, at uşağı yıxar, - dedikdə:
-
Qorxma, heç zad olmaz. Bizlər at üstündə böyümüşük, - deyə onu sakit
etdi.
Mən get-gedə kənd uşaqları arasında birinci at minən oldum. Bir hadisə anamı
qorxuya saldı. O məni bir müddət at minməyə qoymadı. Belə ki, bir dəfə Həsən
adlı yoldaşımla Ağdam bazarına gedirdim.
-
Gəl çapışaq, - deyə yoldaşım təklif etdi. Onun altında üçyaşar ürgə idi,
mənimkində Tağı əminin boz madyanı.
-
Kəhər at altımda olsaydı, gəl çapışaq deməzdin, - deyə Həsəni utandırdım.
-
Eybi yoxdur, sənə bir qədər ara versəm, razı olarsanmı?
-
Olaram, - deyə cavab verdim.
Bazarla, çapışdığımız yerin məsafəsi iki kilometrə kimi var idi. Yol enli və
hamar idi. Qorxulu yol üç döngə idi. Mən irəlidən Həsən arxadan atların başını
buraxdıq. İki döngəni salamat keçdik. Üçüncü döngəyə xeyli qalmış Həsən gəlib
məni keçdi. Bunu gördükdə mən atın başını yığdım. Lakin Həsən ürgəni saxlaya
bilməzdi. Bazara dönən döngəni keçdikdə ürgə Həsəni üstündən üç metrəyə qədər
atdı. Bunu gördükdə adamlar yüyürüşdülər. Mən də gəlib çatdım. Həsənin qıçı iki
yerdən sınmışdı. Onu xalça üstə qoyub evlərinə apardılar. Seyidlinin məşhur
sınıqçısı Məşədi Yusif onu bir ayın ərzində sağaldıb ayaq üstə qoydu. Həsən irəliki
kimi yenə bizimlə oyun yoldaşı oldu. Onda axsamaqdan əlamət belə qalmamışdı.
Bu məşhur sınıqçını, uşaqlar üçün yazdığım "Nurəddin" adlı hekayədə yad
etmişəm.
Milli Kitabxana
432
Dostları ilə paylaş: |