Milli Kitabxana
4
ÖN SÖZ
Azərbaycan realist nəsrinin böyük nümayəndələrindən olan maarifpərvər yazıçı
Süleyman Sani Axundov 40 illik yaradıcılıq yolu keçmişdir. M.F.Axundovla
başlanan nəsr və dramaturgiya yolunu davam etdirən N.Vəzirov, Ə.Haqverdiyev,
C.Məmmədquluzadə kimi böyük yazıçılar sırasında Süleyman Sani orijinal bir yer
tutur. Həm ictimai, həm də ədəbi fəaliyyəti ilə o, böyük demokrat, yorulmaz
maarifçi, istedadlı sənətkar kimi XX əsr Azərbaycan ədəbiyyatı tarixində şöhrət
qazanmışdır.
Süleyman Sani Rzaqulu bəy oğlu Axundov 1875-ci il oktyabr ayının 21-də
Şuşa şəhərində bəy ailəsində doğulmuşdur. Hələ körpə ikən atasız qalan
Süleymanın təlim-tərbiyəsi ilə bilavasitə dayısı, görkəmli maarif xadimi Səfərəli
bəy Vəlibəyov (1861-1902) məşğul olmuşdur. Süleyman Sani 1885-ci ildə Qori
müəllimlər seminariyasına daxil olmuş, burada milli, klassik rus və dünya
ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir göstərmişdir.
1894-cü ildə seminariyanı bitirən Süleyman Sani Bakıdakı III dərəcəli rus-tatar
məktəbinə müəllim təyin edilmişdir. Həmin ildən o, tərəqqipərvər maarifçilərlə
birlikdə
xalqı cəhalətdən qurtarmaq, gənc nəsli mütərəqqi ideyalarla
tərbiyələndirmək işində var qüvvəsi ilə çalışmışdır. Süleyman Sani ədəbi-ictimai,
pedaqoji fəaliyyətinin bütün dövrlərində xalq mənafeyini müdafiə etmişdir.
1906-cı ildə Bakıda çağırılan müəllimlər qurultayında fəal iştirak edən
Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərmiş, həmin
qurultayda ana dilində proqram tərtib etmək üçün ayrılan komissiyaya seçilmiş,
1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə
birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur
"İkinci il" dərsliyini tərtib etmişdir. Dərsliyin müəllifləri yenicə oxuyub yazmağa
başlayan azəri balalarına çatdırmaq istədikləri tərbiyəvi fikirləri sadə, aydın, usaq
təfəkkürünün tez dərk edə biləcəyi bir üslubda qələmə almışdılar. Bununla həm də
dilimizin alınmalarla doldurulmasına qarşı çıxaraq azəri dilinin saflığını qoruyub
saxlamışlar.
Süleyman Sani olduqca həssas, şagirdlərin qəlbinə yol tapa bilən ustad müəllim
idi. Bu keyfiyyət onun geniş psixoloji, pedaqoji biliyə malik olmasından irəli
gəlirdi. Bakıdakı yoxsul ailələrdən olan yüzlərlə uşaq
Milli Kitabxana
5
onun dostu idi. O özünün yüksək mənəvi keyfiyyətləri, qabaqcıl fikri, ensiklopedik
biliyi, ciddiliyi, səmimiliyi, tələbkarlığı ilə ictimaiyyətin dərin hörmətini
qazanmışdır. Təsadüfi deyildir ki, Süleyman Saninin direktor olduğu məktəb onun
adı ilə çağırılırdı.
1918-ci ildə Bakıda sovet hakimiyyəti qurulanda o, Azərbaycanda ilk maarif
komissarı kimi maarif sahəsində böyük həvəslə çalışmışdır. Xalq maarifi işində
Süleyman Saninin xidməti onun ictimai-pedaqoji fəaliyyətində parlaq, şərəfli
hadisədir. O, tərcümeyi-halında yazır: "1918-ci ildə mən cəlb olunmuş üzv sifəti ilə
xalq maarifi işində işləmişəm... Buradakı əsas işim - zəhmət məktəbləri üçün
proqram düzəltmək, məktəbləri avadanlıqla təchiz etmək, Bakı şəhəri və
rayonlarındakı maarifçilərin bütün həyətini siyahıya alıb yoxlamaqdan ibarət idi".
1920-ci il mayn 25-də Gəncə qiyamı yatırıldıqdan sonra həmin il iyun ayının
əvvəlində belə bir qiyam Qarabağda baş verir. Qiyamı yatırmaq üçün ciddi
tədbirlər hazırlanır. XI Ordu hissələri Qarabağa gəlir. AK(b)P MK və Azərbaycan
İnqilab Komitəsi Dadaş Bünyadzadə və Çingiz ildırımı Qarabağa göndərir.
Azərbaycan İnqilab Komitəsi tərəfindən göndərilən nümayəndələr sırasında
Süleyman Sani də vardı.
1920-ci ildə Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra
partiya və dövlət tapşırıqlarını yerinə yetirir. Həmin il avqustun 9-da Qarabağ
vilayəti maarif şöbəsinə müdir təyin edilir. O, maarif işində həvəslə işləyir;
Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif
ocaqlarının açılmasında fəal iştirak edir. Azərbaycanda mədəni maarif işlərinin
möhkəmlənməsinə çalışır.
1922-ci ildə S.Sani M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə,
A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə "Yeni türk (Azərbaycan - N.V.) əlifbası"
dərsliyini yazır. Həmin ildə o, "Azərbaycan ədib və şairlər ittifaqının sədrliyinə
seçilir və ədəbi gəncliyin tərbiyələnməsi üçün böyük əmək sərf edir. 1923-cü ildən
nəşrə başlayan "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında dövrün
tələbləri ilə səsləşən bir sıra hekayələrini çap etdirir.
S.S.Axundov Azərbaycan teatrının əlli illiyi münasibəti ilə Ə.Haqverdiyev,
N.Vəzirov, T.Şahbazi, S.Qənizadə, Ə.Cəfərzadə ilə birlikdə "Azərbaycan-türk
teatrosunun müxtəsər tarixçəsi"ni yazır. 1923-cü ildə Bakıda Azərnəşrin nəzdində
məktəbdənkənar oxu kitabları tərtib edən komissiyanın işində fəal çalışır. Bütün bu
və başqa dəlillər göstərir ki, 20-ci illərdə Süleyman Sani xalqın ictimai-mədəni
inkişafı üçün böyük əmək sərf etmiş, ictimai xadim kimi xalqın etimadını
qazanmışdır.