Milli Kitabxana
8
"Laçın yuvası"nda Əmiraslan ağanın intiharı, Cahangirin ailəsinin başına gələn
faciə, Cahangir üçün bir növ nikbin faciə xarakteri daşıyır ki, bu da əsərin mövzusu
ilə əlaqədar olaraq Süleyman Saninin dramaturgiyamıza gətirdiyi yeni keyfiyyət
idi. Dramın finalında yeniliyin köhnəliyə qalib gəlməsi əsərə nikbinlik,
qəhrəmanlıq ruhu aşılayır. Bununla da Cahangirin ailə tragizmi kölgədə qalır. Bu
tragizm yeniliyə zidd olan qüvvələrin faciəsinə çevrilir.
"Laçın yuvası" kamil ideya-bədii xüsusiyyətləri ilə seçilən sovet dövrü ilk
Azərbaycan dramıdır. Sovet hakimiyyətinin qurulmasının ildönümü münasibəti ilə
pyes yazmaq üçün elan edilən dövlət müsabiqəsində bu əsər birinci mükafata layiq
görülmüşdür. "Laçın yuvası"nın əlyazmalarının biri üzərində böyük yazıçımız
Ə.Haqverdiyev bu əsərin "Ənama layiq" olduğunu göstərmişdir.
"Eşq və intiqam" isə beş pərdə, yeddi şəkildə realist faciədir. Əsərin mövzusu
bolşevik inqilabından əvvəlki Azərbaycanda insanları fəlakətə salan vəhşi adət-
ənənələrdən, mustəbid mülkədar və bəylərin törətdiyi qanlı faciələrdən, gəncliyin
bu müsibətlərdən xilas olmaq cəhdlərindən, onların azad məhəbbətindən,
haqsızlığa qarşı mübarizə edənlərin həyatından bəhs edir. Professor Məmməd
Cəfər sovet dövrü ilk Azərbaycan dramları haqda məqaləsində yazır: "Deyirlər ki,
"Eşq və intiqam" faciəsi səhv olaraq bir-birini sevən bacı-qardaşın faciəsidir. Ona
görə də guya süni, uydurma bir hadisədir. Bu, əlbəttə, yanlış, dərindən
düşünülməmiş söylənən bir fikirdir. Əsil həqiqəti axtarsaq, bu əsərdə iştirak edən
adamların hamısının faciəsi bir yerə toplanaraq ümumi bir faciə, müəyyən bir
dövrün, zamanın, məişət tərzinin, bir üsuli-idarənin faciəsidir".
Əsərdə
qanlı adət-ənənələri davam etdirən bəy-mülkədar zümrəsinin
nümayəndəsi Şahbaz bəydir. O, pul gücünə Həcər xanımı özünə arvad etmişdir.
Şahbaz bəy və Həcər xanım xəttində dramaturq, feodal-burjua ailəsindəki
ziddiyyətləri olduqca real, bədii boyalarla qələmə almışdır. Həcər xanımın
simasında qadının günahsız müqəssir, hüquqsuz kölə vəziyyətini, mənəvi
iztirablarım, Şahbaz bəyin şəxsində isə pulun, çirkin feodal əxlaqının ailəni necə
dağıtdığını görürük.
Realist dramaturq S.Sani göstərir ki, feodal-burjua cəmiyyətindəki əxlaqsızlıq
çox təbii olaraq Çingiz və Zöhrə xanım kimi günahsız müqəssirlər doğurur. Buna
görə şahbaz bəylərin özbaşınalığı, ancaq çingizlərin, zöhrələrin müsibətinə bais
olmaları ilə məhdudlaşmır. Bu nöqteyi-nəzərdən Çingiz intihardan əvvəl üsyankar
bir dillə: "Məni öz bacıma aşiq yetirməkdə
Milli Kitabxana
9
fikrin nədir, ey çərxi-fələk?" deməsi çox mənalıdır. Çingiz realist, tragik
qəhrəmandır. O, ağır dəqiqələrdə əlçatmaz gözəl arzularla yaşamaq istəmir.
Bacısına aşiq olduğunu bilib intihar etməsi, xəstə mülkədar-burjua əxlaqının
məişətdə törətdiyi faciəni ümumiləşdirir, digər tərəfdən insanların sevgi hisslərinin
yüksək əxlaqi prinsiplərini ləkələməkdən qoruyur, saf ailə-məişət normalarının
müqəddəsliyini təsdiq edir.
"Eşq və intiqam" ilhamla yazılmış əsərdir. Burada surətlərin intellektual aləmi,
fərdi xüsusiyyətləri əlvan realist boyalarla təsvir olunmuş, öz xarakteri, ədası,
hərəkət və düşüncə tərzi ilə bir-birindən fərqlənən surətlər yaradılmışdır. Əsərdəki
obrazlar canlı, dolğun və təsirli verilmişlər. Faciə həm də gözəl insani sifətlərin
qabarıq verilməsi baxımından 20-ci illərin dramaturgiyasında yeni hadisə idi.
S.S.Axundovun "Tənqid və təbliğ" teatrında tamaşaya qoyulan pyesləri də o
dövrün tələblərinə cavab verən əsərlər idi. "Çərxi-fələk" (1921) pyesində
dramaturq, istismarçı sinfin inqilabi mübarizə yolu ilə devrildiyini simvolik şəkildə
əks etdirir, fəhlə sinfinin bu mübarizədə hegemonluğunu Bahadır surətində
göstərməyə çalışır.
Yazıçının maraqlı pyeslərindən biri də "İki yol" (1922) əsəridir. Pyesin
konflikti yeniliklə köhnəliyin mübarizəsi üzərində qurulmuşdur. Əsərin qəhrəmanı
gənc ziyalı, aktyor Məmməddir. O, azad, saf məhəbbətin tərəfdarıdır, eyni
zamanda teatrı kəsərli, əhəmiyyətli tərbiyə vasitəsi hesab edir və təbliğ etdiyi bu
qayəyə qarşı duranlarla mübarizə aparır.
Keçmişdən qalma mənfi adət-ənənələrin tənqidi, yeni əxlaq normalarının köhnə
mühafizəkar əxlaqi normalar üzərində qələbəsi, komediyada müsbət surətlərdən
cəsarətlə istifadə etmək meyli Süleyman Saninin "Molla Nəsrəddin Bakıda",
"Şahsənəm və Gülpəri", "Bir eşqin nəticəsi", "Yeni həyat" məzhəkələrinin ideya-
bədii xüsusiyyətlərini təşkil edir.
Sovet dövrü Azərbaycan dramaturgiyasında bioqrafik formada yazan ilk
sənətkar Süleyman Sanidir. Onun "Molla Nəsrəddin Bakıda" məzhəkəsi böyük
inqilabçı-demokrat C.Məmmədquluzadəyə həsr edilmişdir. Burada o, Molla
Nəsrəddin surətini ilk dəfə səhnəyə çıxarır, onun köhnəliyə qarşı çevrilən satirik
gülüşünün ictimai məzmununu açır, Cəlil Məmmədquluzadənin bir şəxsiyyət kimi
bəzi xarakterik sifətlərini göstərir.
"Şahsənəm və Gülpəri"nin konflikti hüququnu anlayan, ictimai həyata atılmaq
istəyən qadınlar ilə yeniliyə qarşı çıxan köhnə fikirli ərlərin mübarizəsi üzərində
qurulmuşdur. Komediyanın finalında ərlər öz səhvlərini başa düşüb arvadları ilə
barışır, mədəni həyata qədəm qoyurlar.
|