Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə33/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   470
MİRZƏ FƏTƏLİ AXUNDZADƏ 

(1812-10.3.1878) 

 

Milli peşəkar Azərbaycan dramaturgiyasının banisi Mirzə  Fətəli Axundzadə sayılır. O, 



görkəmli ictimai xadim, filosof-estetik və yazıçı olub. Fəlsəfə elminə "Kəmalüddövlə  məktubları" 

traktatını (1865), "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmə haqqında" kimi əsərlərini bəxş edib. 

Yazıçılığının dörd şaxə-qolu var. "Səbuhi" təxəllüsü ilə şeirlər yazıb. Bu janrda məşhur əsəri 

"Puşkinin ölümünə  Şərq poeması" (1837) sayılır. Klassik janrlarda lirik, ictimai-sosial və satirik 

şeirlər yazıb. 

Nəsr janrında "Aldanınış kəvakib" (1857) kimi inci yaradıb. İkinci adı "Hekayəti-Yusif şah" 

olan bu əsər realist nəsrimizin ilk nümunəsi sayılır. Bu əsərində yazıçının arzuladığı  cəmiyyət 

haqqında, dövlətçilik, elm və təhsil, mənəvi-əxlaqi problemlər barədə fikirləri öz təcəssümünü tapıb. 

Müxtəlif mövzularda fəlsəfi-estetik məqalələr, dramaturgiyaya, poeziyaya aid nəzəri əsərlər 

yazıb. "Nəzm və nəsr haqqında", "Tənqid risaləsi" (1862), "Mirzə Ağanın pyesləri haqqında kritika" 

(1871) əsərləri fikir dərinliyinə, forma xüsusiyyətlərinə, məzmun səciyyələrinə görə dəyərlidirlər. 

Bütün bunlarla yanaşı, Mirzə  Fətəli Axundzadə  həm milli, həm də dünya ədəbiyyati 

tarixində dramaturq kimi daha əzəmətli yer tutur. "Hekayəti-Molla  İbrahimxəlil kimyagər", 

"Hekayəti-Müsyö Jordan həkimi-nəbatət və  dərviş  Məstəli  şah caduküni-məşhur", "Sərgüzəşti-

vəziri-xani-Lənkəran" (1850), "Hekayəti-xırs quldurbasan" (1851), "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı 

Qa-ra" 1852) və "Mürafiə vəkillərinin hekayəti" (1855) komediyalarını yazıb. Bu əsərlər ədəbiyyat 

tariximizdə asan və  qısa  şəkildə "Mola İbrahimxəlil kimyagər", "Dərviş  Məstəli  şah" (və yaxud 

"Müsyö Jordan"), "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", "Hacı Qara" və "Mürafiə vəkilləri" 

kimi yazılır. Dramaturq komediyaları hamısı bir yerdə "Təmsilat" adlanır. 

 

* * * 



 

Mirzə Fətəli Mirzə Məhəmmədtağı oğlu Axundzadə 1812-ci ildə Azərbaycanın Nuxa (indiki 

Şəki)  şəhərində doğulub. Atası  nəslən Təbriz  şəhəri yaxınlığındakı  Xəmnə  kəndindəndir. Babası 

Xəmnənin kəndxudası olub. Mirzə Məhəmmədtağı,  əsasən, ticarətlə  məşğul olub və  Şəkiyə  də bu 

məqsədlə  gəlib. Burada Fətəlinin iki yaşı olanda atası  və anası Nanə xanım ticarət işləri ilə bağlı 

Şəkidən Xəmnə  kəndinə köçüblər.  İki yaşlı  Fətəli də onlarla gedib və yeddi il Xəmnədə yaşayıb. 

Burada ilk dini təhsil alıb. Anası ərindən boşanandan sonra oğlunu da götürərək 1821-ci ildə Şəkiyə 

qayıdıb. 

Şəkidə  uşağın tərbiyəsi ilə anasının  əmisi, dini savadına görə hörməti uca tutulan Axund 

Hacı Ələsgər məşğul olub. O, Fətəlini oğulluğa götürüb və ona dini təhsil verməyə başlayıb. Axund 

Məkkəyə Həcc ziyarətinə gedəndə Fətəlini dini təhsilini davam etdirmək üçün 1832-ci ildə Gəncə 

şəhərinə gətirib. Burada onu Molla Hüseyn Pişnamazzadəyə tapşırıb və xahiş edib ki, o, uşağa fiqlı 

(şəriət elmi) və  məntiq dərsi versin. Fətəli Gəncədə, eyni zamanda şair Mirzə  Şəfi Vazehlə tanış 

olub, onun klassik poeziyaya aid dəyərli söhbətləri sayəsində lirikaya maraq göstərib. 

Həcc ziyarətindən qayıdandan sonra Axund Hacı  Ələsgər onu yenidən  Şəkiyə  gətizdirib. 

Fətəli şəhərdə yenicə açılmış rus məktəbinə gedib və burada bir il oxuyub. 1834-cü ildə gələcəyin 

böyük dühası hamisi ilə birgə Qafqazın inzibati mərkəzi sayılan Tiflisə gəlib. Axundun hörmət və 

izzəti sayəsində  Fətəli Axundzadə Qafqazın baş hakimi baron Rozenin dəftərxanasında işə girib. 

Onu mülki işlər üzrə Şərq dilləri mütərciminin şagirdi vəzifəsinə götürüblər. Tezliklə iş yerində və 

camaat arasında böyük hörmət qazanıb və ehtiram əlaməti olaraq onu "Mirzə" deyə çağırıblar. 

Mirzə  Fətəli Axundzadə 1836-cı ilin dekabr ayında  şəhərin "qəza məktəbi" adlanan təhsil 

ocağına müəllim işləməyə  dəvət alıb. Dörd ilə yaxın (1840-cı ilin sentyabrına kimi) burada 

azərbaycanlı balalarına fars və ana dillərini tədris edib. 



Yenidən Qafqaz canişinliyinə böyük qulluğa çağırılan Mirzə  Fətəli uzun illər burada 

çalışmış, Rusiya-İran və Rusiya-Türeiyə siyasi-diplomatik məsələlərində  tərcüməçilik etmişdir. 

Tərcüməçilikdə polkovnik rütbəsi vəzifəsinə kimi yüksəlmişdir. Eyni zamanda rus dilinə mükəmməl 

yiyələnməklə dünya ədəbiyyatının klassik sənətkarlarının yaradıcılıqları ilə yaxından tanış olub. O 

cümlədən də fransız  ədibi Jan Batist Molyerin dramaturji irsini öyrənib və  qəlbində  ədəbiyyatın 

dram janrına böyük maraq oyanıb. Elə bu maraqdan da ədəbiyyatımızda yeni janrın təməli 

qoyulmuş, mədəniyyat tariximiz  "Təmsilat" kimi inci ilə zənginləşmişdir. 

Mirzə  Fətəli Axundzadə 10 mart 1878-ci ildə  ağır ürək xəstəliyindən vəfat edib. Özünün 

vəsiyyətinə görə onu Tiflisdə, müəllimi Mirzə Şəfi Vazehin məzarı yanında dəfn ediblər. 

 

* * * 



 

"Molla İbrahimxəlil kimyagər" Mirzə Fətəlinin ilk komediyasıdır. Elə ilk komediya da onun 

müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizınə, nadanlığa, miskin 

həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı hansı işıqlı mübarizə mövqeyində durduğunu göstərib. 

Dramaturq sadə süjet əsasında qurulmuş  həyati hadisələrin özünü və o hadisələr içərisində 

formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. 

Bir dramaturq kimi Mirzə  Fətəli Axundzadəni həmişə hansısa fırıldaqçının  əməllərinin 

nəticəsi deyil, onu doğuran səbəblərin, ictimai bəlaların ifşası maraqlandırıb. Məhz bu mövqedə o, 

həm görkəmli maarifpərvər, həm də  sənətkar estetikasının fəlsəfi-psixoloji xassələrinə görə realist 

satirikdir.  

Pyesdə fırıldaqçı Molla İbrahimxəlil misi gümüşə çevirə bilmək "məharəti" ilə varlanmağa 

həris, avam adamları aldadıb pullarını  əllərindən alır. Misin gümüşə çevrilməməsinin səbəbini isə 

onların meymunu yadlarına salmaları  bəhanəsində görür. Bu gülməli, bu məsxərəvari hadisə 

avantürist Molla İbrahimxəlilin və onun köməkçisi Molla Həmidin çirkin əməlləri kimi 

səciyyələnmir. Burada əsil mətləb daha dərin qatlardadır. Axundzadənin ifşa hədəfi ictimai mühit, 

pas atınış düşüncələr, 

nadanlıq, xurafat, xudbin ehtiraslar, mənəvi rəzilliklər,  əbləhlik, acgözlük ehtirasının doğurduğu 

vəhşətlərdir. Dramaturq bütün bunların meydana çıxmasını  və  fırıldaqçılığın tüğyan etməsini 

cəmiyyətin durğunluğu ilə bağlayıb. 

"Molla Ibrahimxəlil kimyagər" komediyasında qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi 

problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha 

kəskin Konfliktlər  əsasında işlənib. "Dərviş  Məstəli  şah" dramının qəhrəmanı  mənəvi baxımdan 

Molla İbrahimxəlillə qohumdur, doğmadır. Lakin dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, 

obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli  

dramaturgiyamızda orijinal dramaurji obrazdır. 

Dərviş  Məstəli  şah da sırf real cəmiyyətin real sosial-ictimai tipidir. Buna görə  də Mirzə 

Fətəli Axundzadə bilərəkdən Məstəli  şahın "Parisi dağıtmaq" hoqqasını Komediyanın sonuna 

keçirib. Belə bir bədii fəndlə və dramaturji üslubla ədib cəmiyyətin "Molla İbrahimxəlil Kİmyagər" 

komediyasında görmədiyimiz tərəflərini daha satirik səpkidə  təsvir edib. Avropa və Asiya həyat 

tərzlərinin mahiyyətini və bu mahiyyətin  şüurlara təsirini açıqlayıb. Avropa tipinin xarakterik 

nümayəndəsi olan Müsyö Jordan obrazını yaradıb. Digər tərəfdən, artıq bu məsxərədə  təkcə bir 

şəhərin ("yəni nuxuluların") tipik nümayəndəsinin deyil, böyükbir mahalın - Təklə Muğanlı obasının 

məşhur bəyinin (Hatəmxan ağa), Avropaya, mədəniyyət işığına meyl göstərən (Şahbaz bəy) gəncin 

bitkin obrazları yaradılıb. Ən əsası isə, Axundzadə bu komediyasında mövcud ictimai müsibətləri, 

şüurların kəsafətini, savadsızlığın törətdiyi miskinliyin sarsıdıcı daxili xüsusiyyətini qadın obrazları 

vasitəsilə verib. Dramaturqun qüdrəti bir də orasındadır ki, milli ədəbiyyatımızda ənənəsi olmayan 

bir janrda belə bitkin, belə canlı, belə real və belə dadlı-duzlu, şirəli xarakterlər, o cümlədən qadın 

surətləri yarada bilib. 




Düzdür, bu qadınlar dar bir məkanm, yəni Hatəmxan ağanın həndəvərinin təmsilçiləridir. 

Lakin dramaturq məhz bu "dar" çərçivədə elə ustalıqla bədii personajlar verib ki, elə bunlar da o 

dövrün ictimai mənzərəsində qadın və  cəmiyyət probleminin hərtərəfli üzə  çıxması üçün kifayət 

edib. Şəhrəbanu xanım Hatəmxan ağanın arvadıdır, qırx beş yaşı var. On aitı yaşlı Şərəfnisə xanım 

və doqquz yaşlı Gülçöhrə onların qızlarıdır. Xanpəri isə  Şərəfnisə xanımın dayəsidir və  qırx yaşı 

var. Bu dayəlik Avropadaki kimi elm-savad öyrədən, əxlaqi keyfiyyətlər aşılayan dayələrdən deyil.  

Əsilində bu dayə kütlük və nadanlıqda, miskin zavallılıqda  Şəhrəbanudan heç nə ilə  fərqlənmir. 

Məhz belə bir ictimai panoramda Mirzə  Fətəlinin cəmiyyət və qadın problemi daha əzəmətli 

görünür, satira sırf sosial məna daşıyır. 

Mirzə Fətəli Axundzadənin  "Lənkəran xanının vəziri" komediyası müəyyən mənada tarixi 

xarakter daşıyır. Lakin dramaturqun bu komediyası Azərbaycanın tipik surətlərini indi də siyasi-

ictimai kontekstdə, kinayəli sarkazmla, kəskin satira ilə cilalanan və eyni zamanda vəziyyət 

komediyası janrının estetik prinsiplərinə  əsaslanan forma-üslubda  yazılıb. Dramaturq tarixi 

hadisələrin müasir dövrün insani psixologiyası, çağdaşlarının primitiv dünyagörüşləri, zamanm 

məişət abı-havası ilə həssaslıqla əlaqələndirə bilib. Eyni zamanda komik hadisələrə kəskin ictimai 

motivlər aşılaya bilib. 

Ən əsası isə odur ki, Mirzə Fətəlinin bədii personajları bu komediyadaki xarakterlərlə daha 

da dolğunlaşdı. Oxucular dramaturqun obrazlar palitrasında yeni rənglər kimi görünən kütbaş 

Lənkəran xanı, riyakar vəzir Mirzə  Həbib, cəngavər təsiri bağışlayan Teymur ağa, diribaş  və 

gözüaçıq Şölə xanım, əbləh mehtər Kərim, tədbirli görünməyi ilə kürəkəninin başına oyun açan Pəri 

xanım, bəd əməllərinə görə səksəkədə olan tacir Hacı Salah, dinməz olduğu qədər də vahiməli təsir 

bağışlayan xacə Məsud surətləri ilə rastlaşdılar. Başlıcası isə odur ki, Axundzadə "LənKəran xanmm 

vəziri" komediyasıda da tənqid hədəfinə aldığı personajları əsil  məsxərə estetikası, məzhəkə oyun-

tamaşa poetika prinsipləri ilə canlandırıb. 

İlk üç pyesindən bir il sonra yazdığı dördüncü dram əsərində Mirzə  Fətəlinin zahirən 

əyləncəli gorünən, lətifəvari təsir oyadan hadisələrin dərin qatlarında yenə  də  cəmiyyətin kəskin 

problemləri təsvir olunub. Əlbəttə ki, yeni mövzu-problematikada, yeni hadisələr burulğanında və 

əlbəttə ki, yeni bədii personajlar vasitəsilə. "Xırs quldurbasan" komediyası həyati olduğu qədər də 

canlı, gülməli, həyat nəfəslidir, cazibəli və  əyləndiricidir. Həyatın real hadisələrini reallıqla təsvir 

etmək məharəti bu komediyada da Axundzadənin sənətkarlıq üslubunun estetik xüsusiyyəti kimi 

səciyyələnir. 

Məişət komediyası janrı  "Xırs quldurbasan" səhnə əsərində əvvəlki pyeslərdən tamam fərqli 

rakursdan və tamam fərqli bədii-estetik məziyyətlərlə  təcəssüm tapıb. Cəmiyyətdəki ictimai 

bərabərsizlik, sosial bərabərsizliyin eybəcər fitnə-fəsadları  həm satirik, həm də yumorlu ifadə 

vasitələri ilə  qələmə alınıb. Bir zümrənin özbaşınalığı ilə itaətə  məhkum olan başqa zümrənin 

mütiliyi qarşılaşdırılıb və bu toqquşmada, bu müstəvidə mövcud cəmiyyətin rəzillikləri gülüş 

hədəfinə çevrilib. 

"Xırs quldurbasan" komediyasında təsvir olunan Pərzad dramaturqun əvvəlki qadın tiplərinin 

yeni və bir qədər təzə  səciyyələr daşıyan personajıdır. Bu komediyada Zalxa və Sona yeni bədii 

tutumlu obrazlar olduğu kimi, Tarverdi və Divanbəyi, yasavul Kərim, dilmanc Kamalov, Vəli 

Xatunoğlu, Oruc Nəsiboğlu, Koxa, Matvey surətləri tamam təzə personajlardır. 

Dramaturq bundan əvvəlki pyesində fransız Müsyö Jordanla iranlı  Məstəli  şahı üz-üzə 

gətirməsə də, bir müstəvidəki hadisələr zəminində bağlayıb. Bu bağlamaqla da çox gülməli vəziyyət 

komediyası yaradıb. "Xırs quldurbasan"da isə daha çevik formadan istifadə etməklə  vəziyyət 

komediyasını daha sərt məişət olayları ilə daha canlı, daha gülməli və daha gözlənilməz finallı 

təqdimdə  işləyib. Pərzadın sevgisini "qazanmaq" üçün karvan soymağa çıxan qorxaq Tarverdi 

təsadüfən yol keçən, milliyyətcə alman olan, hafizi-canəvarən Frans Foxtla rastlaşır. Elə əsil mərəkə 

də bundan sonra başlayır. Yenə də biz Avropa və Şərq şüur-əxlaq və məişət davranışı əksliklərinin 

gülüş doğuran, sarkazınla yoğrulmuş bədii təsviri ilə rastlaşırıq. 



Öyüd-nəsihət verən, insanları pis və  bəd, yaramaz və  rəzil  əməllərdən çəkinməyə çağıran 

Divanbəyi obrazı Mirzə Fətəlinin "Hacı Qara" komediyasında Naçalnik surəti kimi verilib. Lakin bu 

komediyasından  əvvəl dramaturq bir qədər də siyasi-ictimai səciyyə daşıyan "Lənkəran xanının 

vəziri" əsərini tamamlayıb. 

"Mürafiə vəkilləri" (bəzən "Təbriz vəkilləri" yazılıb) Mirzə Fətəlinin sonuncu dram əsəridir. 

Dramaturqun bu pyesi 1855-ci ildə yazılıb və komediyadan daha çox dram janrının estetik 

tələblərinə daha yaxındır. Mirzə Fətəli burada yaşı on səkkiz olsa da, dərrakəsİ, dünyaya açıq gözlə 

baxması, qətiyyəti, iradəsi ilə seçilən Səkinə obrazı yaradıb. Məhz bu insani keyfiyyətlərinə görə o, 

nadürüst, haramzada Təbriz vəkilləri ilə mübarizədə, insanlıq haqqı, varislik haqqı, sevib-sevilmək 

haqqı uğrundakı çətin mübarizədə qalib gəlir. 

Mirzə Fətəli Axundzadə əvvəlki beş komediyasında rast gəlmədiyimiz, lakin cəmiyyət üçün 

xarakterik olan vəkillər Ağa Salman və Ağa Mərdan, bazar darğası Hacı Rəcəbəli, ləçər, bihəya və 

riyakar Zibeydə, pullu tacir olan, amma haqq mübarizəsində uduzan Ağa Həsən kimi bədii obrazlar 

yaradıb. 

Mirzə  Fətəli Axundzadənin komediyaları ("Təmsilat"ı) milli ədəbiyyatımızda yeni janrın 

bünövrəsmi qoyub. 

Mirzə  Fətəli Axundzadənin pyesləri Azərbaycanda qüdrətli dramaturqların yetişib-

formalaşmaları üçün təməl olub. 

Mirzə  Fətəli Axundzadənin dram əsərləri dövrün ictimai-sosial mənzərəsini bədii reallıqla, 

xarakterik həyat hadisələri ilə təcəssüm etdirib. 

Mirzə  Fətəli Axundzadənin komediyaları öz dövrünün ən tipik insan xarakterlərini

cəmiyyətin təzadlı zümrələrinin koloritli təsvirini təbii boyalarla gələcək nəsillərə çatdırıb. 

Nəhayət, Mirzə  Fətəli Axundzadənin komediyaları milli peşəkar teatrımızın təşəkkülü və 

inkişafı, geniş yayılması  və ayrı-ayrı  sənət ocaqlarının formalaşması üçün münbit zəmin olub və 

ölməz ənənə kimi ləyaqətlə davam etməkdədir. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin