Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə38/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   470
ƏBDÜRRƏHİM  BƏY HAQVERDİYEV 

(17.5.1870-11.12.1933) 

 

Realist Azərbaycan  ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy 



Haqverdiyevdir. Yaradıcılığa on doqquzuncu əsrin doxsanıncı illərində başlayıb. Ədəbiyyat tarixinə 

klassik hekayələri və faciə əsərləri ilə daxil olub. Görkəmli teatr təşkilatçısı idi və Azərbaycanın ilk 

peşəkar rejissoru sayılır. Dili son dərəcə  zəngindir, xalq danışığına, folklor ədəbiyyatına yaxındır. 

Milli mədəniyyətimizə nasir, dramaturq, publisist, teatr xadimi, rejissor, tərcüməçi kimi dəyərli 

töhfələr verib. Lap gənc yaşlarından ömrünün sonuna qədər maarifçiliyin alovlu təbliğatçısı  və 

təmsilçisi olmuş, səmərəli pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının  əməkdar 

incəsənət xadimi fəxri adı ilə təltif edilib (1928). 

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının 

Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əsəd bəy qəza dəftərxanasında katib işləyib. 

Əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi Əbdülkərim bəy onu himayəyə götürüb. İki 

il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Əbdürrəhim bəy əmisi arvadının 

ona verdiyi işgəncə  və sitəmlərdən qurtulmaq üçün təzə  ər evində yaşayan anasının yanına gəlib. 

Atalığı H.Sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, 

şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub. 

On yaşı olanda atalığı  Əbdürrəhim bəyi  Şuşada Yusif bəy Məliknəzərovun müvəqqəti yay 

məktəbinə qoyub. O, burada qısa müddətdə rus dilini öyrənib, dünya ədəbiyyatını mütaliəyə 

başlayıb. On dörd yaşında Şuşa şəhərində yerli ziyalıların göstərdikləri "Xırs quldurbasan" (Mirzə 

Fətəli Axundzadə) komediyasma baxıb. Bu, onun gördüyü ilk səhnə əsəri idi və bundan təsirlənən 

gənc Əbdürrəhim bəy Axundzadənin komediyalarını mütaliə edərək "Hacı Daşdəmir" adlı məsxərə 

yazıb.  İlk qələm təcrübəsini oxumaq üçün müəlliminə verib və sonra ondan müəyyən məsləhətlər 

alıb. 

Şuşa  şəhərindəki altıillik realnı  məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də 



Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla 

imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və 

eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib. Ədəbiyyata 

qızğın maraq göstərib və  həmin dövrdə Rusiyanın  ən qabaqcıl sənət ocaqlarından sayılan 

Aleksandrinsk teatrının tamaşalarını müntəzəm izləyib. Qəlbində dramaturgiyaya güclü maraq 

oyanıb. Dünya dramaturgiyasının klassik nümunələrini mütaliə edib. 

Təhsilini yüksək qiymət göstəriciləri ilə başa vuraraq 1899-cu ildə Peterburqdan Şuşaya 

qayıdıb.  İki il burada yaşayıb,  şəhərdə teatr tamaşalarının hazırlanmasında iştirak edib, xalq 

yaradıcılığının nümunələrini toplayıb.  İki il sonra isə Bakıya gəlib, burada "Müsəlman artistləri 

dəstəsi"nin baş rejissoru kimi çalışıb. 1904-cü ildə Şuşa şəhəri idarəsmə üzv seçilərək oraya gedib. 

Bir il sonra Gəncə quberniyasından Rusiya Dumasma deputat seçilib və Peterburqa yollanıb. Duma 

dağılandan sonra bir müddət orada yaşayıb və yazacağı "Ağa Məhəmməd  şah Qacar" faciəsinə 

materiallar toplayıb. Bu işi İranın Mazandaran şəhərində də davam etdirib. 



1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin 

Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsmdə  işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı,  İranı, 

Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama 

gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində  nəşr olunan "Şəhərlər  İttifaqının 

Qafqaz  şöbəsi  əxbarı" aylıq məcmuəsinə müdir təyin olunub. Bir il ötəndə Borçalı  qəzasma 

müvəkkil təyin edilib. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik 

Respublikasının nümayəndəsi göndərib. 

Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı 

komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində  ədəbiyyatdan 

mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir-

üzv seçilib. 

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı  Fəxri 

xiyabandadır. 

 

* * * 



 

"Molla Nəsrəddin" jurnalında "Lağlağı", "Ceyranəli", "Xortdan", "Həkiminun-səğir", 

"Mozalan", "Süpürgəsaqqal" imzaları ilə felyeton, hekayə və publisist yazılar dərc etdirib. Klassik 

irsimizə "Marallarım" silsilə hekayələrini, "Xortdanın cəhənnəm məktubları" povestini bəxş edib. 

"Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Çeşmək", "Qiraət" əsərləri nəsrimizin incilərindən 

sayılır.  Ədəbiyyat tariximizə, milli teatr ənənələrinə aid dəyərli elmi əsərlərin, nəzəri məqalələrin 

müəllifidir. Dünya klassiklərindən Vilyam Şekspirin "Hamlet", Fridrix Şillerin "Qaçaqlar", Emil 

Zolyanın "Qazmaçılar", Mari Fransua Volterin "Sultan Osman", Hans Xristian Andersenin "Bülbül", 

Maksim Qorkinin "İzergil qarı" hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə edib. 

Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası onun zəngin və əlvan yaradıcılığının mühüm 

qolunu təşkil edir. Şərti olaraq onun dramaturji fəaliyyətini üç mərhələyə bölmək olar. 

Birinci mərhələ on doqquzuncu əsrin son on beş və iyirminci əsrin ilk ilini əhatələyir. 

İkinci mərhələyə dramaturqun molla nəsrəddinçilər yaradıcılıq platformasının məşhur 

maarifpərvəri kimi yazdığı dram və komediyalar daxildir. Bu mərhələ 1905-1911-ci illəri əhatə edir. 

Sovet dövrü yaradıcılığı (1920-1933) dramaturqun yaradıcılığının üçüncü mərhələsidir. 

Qeyd edim ki, birinci dövr pyesləri sanbalma, ideya kəsərinə, ikinci dövr faciələri mövzu 

əlvanlığına, dram və komediyalarının bədii-estetik kamilliyinə görə daha bitkindir. 

Dramaturqun ilk qələm təcrübəsi olan "Hacı Daşdəmir" məzhəkəsi  əldə yoxdur. Müəllifin 

etiraf etdiyi kimi, bu pyes "Hacı Qara" komediyasının təsiri altında yazılsa da və zəif alınsa da, hər 

halda fakt kimi dəyərlidir. Peterburqda "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) məzhəkəsini, 

"Dağılan tifaq" (1896) faciəsini qələmə alıb.  Şuşada "Bəxtsiz cavan" (1900) faciəsini və Bakıda 

"Pəri cadu" (1901) dramını tamamlayıb. 

Həm nəsr, həm də dramaturji fəaliyyətinin ikinci dövrü kimi səciyyələnən illərdə 

Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı bir sıra estetik-bədii məziyyətlərinə görə 

diqqətəlayiqdir. Teatrla get-gedə daha yaxından və daha səmərəli  şəkildə  məşğul olan, 

Azərbaycanda peşəkar rejissuranın tərəqqisində misilsiz və möhtəşəm işlər görmüş Əbdürrəhim bəy 

Haqverdiyev 1905-ci ildə "Millət dostları" satirik dramını yazıb. Üzərində bir neçə il işlədiyi, zəngin 

tarixi faktlar toplayaraq onların əsasında yazdığı "Ağa Məhəmməd şah Qacar" faciəsini 1907-ci ildə 

Bakıda bitirib. Bu faciədə dramaturq rejissor Hüseyn Ərəblinskinin xahişi ilə qadın personajları 

qələmə almayıb. 

O, ikinci mərhələdə rus ədibi Sergey Yakovlevin eyniadlı vodevili əsasında "Kimdir 

müqəssir?" məzhəkəsini yazıb və əsər 1909-cu ildə "Kaspi" mətbəəsində çap olunub. Aktyor dostları 

Hüseyn  Ərəblinskiyə  və  Əbülfət Vəliyə  həsr etdiyi "Ac həriflər" məzhəkəsi 1911-ci ildə 

tamamlanıb. Həmin il Əbdürrəhim bəy "Xəyalət" dramını da yazıb. Əsər Mirzə Fətəli Axundzadənin 




anadan olmasının yüz illiyinə  həsr edilib. Buna görə pyesin adı  bəzi mənbələrdə "Mirzə  Fətəli 

Axundzadə" kimi də verilib. "Ac həriflər" və "Xəyalət" dramları ilk dəfə 1911-ci ildə "Orucovlar 

qardaşları nəşriyyatı"nda ayrı-ayrı kitabça kimi buraxılıb. 

Ədibin dramaturji yaradıcılığının üçüncü mərhələsi on iki ili əhatə edir. Bu dövrdə yaranmış 

pyeslər, xüsusən kiçik həcmli dramlar daha çox sovet ideologiyası prinsiplərində yazıldıqları üçün, 

müəyyən sənətkarlıq səciyyələrinə görə zəif və ya natamam təsiri bağışlayır. Bununla belə, 1927-ci 

ildə yazılmış "Köhnə dudman" və "Baba yurdunda" dilogiyası dramaturqun yaradıcılığında yeni 

mövzu-problematika, yeni ideya, yeni konflikt-xarakterlər baxımından əhəmiyyətlidir. 

Dramaturji fəaliyyətinin son dövründə  Əbdürrəhim bəy Haqverdiyev müxtəlif həcmli 

"Qırmızı qarı" (1921), "Padşahın məhəbbəti" (1921), "Ağac kölgəsində" (1921), "Qoca tarzən" 

(1922), "Vaveyla" (1922), "Ədalət qapıları" (1923), Hüseyn Ərəblinskinin ölümünün yeddi illiyinə 

həsr etdiyi "Səhnə qurbanı" (1926), "Məşədi Qulam qiraət öyrənir" (1927), "Qadınlar bayramı" 

(1928), "Kamran" (1931), "Sağsağan" (1931), "Yoldaş koroğlu" (1932), "Çox gözəl" (1932), 

"Daşçı" (1933) pyeslərini yazıb. 

Dövrlə, yaşadığı zamanla həmahəng olduğuna görə  Əbdürrəhim bəyin də yaradıcılığının 

böyük bir dövrü mövzu baxımından mülkədar həyatı ilə bağlıdır. Mülkədarlıq həyat tərzinin 

nadanlıq üzərində qurulmuş  məcrasının doğurduğu faciələr Haqverdiyevin pyeslərində yeni bədii 

səciyyələrlə  təsvir olunub. Onun üslubu fərdi keyfiyyətlərlə  zəngindir. Faciələri üçün təsirli həyat 

hadisələri seçə bilib. Təsvir etdiyi obrazların dil-ifadə xüsusiyyətləri ilk növbədə xarakterlərin tipik 

xüsusiyyətlərinin açılmasma yönəlib. O, faciə, komediya, məzhəkə, məsxərə, dram, rəmzi dram 

("Pəri cadu") janrlarında əsərlər yazıb. Dram ("Ədalət qapıları"), rəmzi dram janrlarını və bioqrafik 

səciyyəli pyesləri ("Səhnə qurbanı" və "Xəyalət") milli dramaturgiyamıza ilk dəfə Əbdürrəhim bəy 

Haqverdiyev gətirib. 

Zaman və məkan vəhdətini (xronotopunu) Əbdürrəhim bəy mövzunun tarixi xarakterini daha 

dərindən açmaq məqsədilə cəsarətlə, inamlı improvizələrlə sındırıb. Məsələn, "Ağa Məhəmməd şah 

Qacar" faciəsində tarixi hadisələr 1887-1897-ci illər arasındakı onillik zamanda baş verir. Bu 

hadisələr müxtəlif məkanlarda-Mazandaranda, Tehranda, Tiflisdə, Muğanda,  Şuşada, Xorasanda 

təsvir edilib. Ancaq bu dağınıqlıqda tarixi-xronoloji faciə janrının (məsələn, Vilyam Şekspirin 

"Dördüncü Henri" dramatik xronikası) estetik prinsipləri dramaturq tərəfindən həssaslıqla 

gözlənilib, bədii dəqiqliklə təcəssüm tapıb. 

Hadisə dağınıqlığı dramaturqun "Bəxtsiz cavan", "Köhnə dudman", "Dağılan tifaq" 

dramlarında başqa şəkildə nəzərə çarpır. Lakin dramaturq bunu da növbəti fərdi yaradıcılıq üslubu, 

bədii fənd (priyom) kimi realizə edə bilib. 

Əbdürrəhim bəy Haqverdiyev dramaturgiyaya çoşğun daxili ehtiraslı, çılğın xarakterli 

dramatik obrazlar gətirib. 

Dramaturqun Qacar ("Ağa Məhəmməd şah Qacar"), Pəri və Hafizə ("Pəri cadu"), Nəcəf bəy 

("Dağılan tifaq") obrazları  əsər boyu, dramaturji konfliktə uyğun  şəkildə, gərgin psixloji dəyişmə 

prosesi keçirlər. Məhz Əbdürrəhim bəy dramaturgiyamızda belə psixoloji-dramatik dəyişmənin real 

təsvirini və parlaq bədii həllini ilk dəfə yaradıb. 

Əbdürrəhim bəy Haqverdiyev "Müsibəti-Fəxrəddin"dən sonra milli dramaturgiyamızda 

ikinci faciə olan "Dağılan tifaq"ı yazıb. Burada bir ailənin müsibəti fonunda çürüməkdə olan 

mənəvi-əxlaqi dəyərlər, cəmiyyətin sarsılmış sosial sütunlarının psixoloji əsasları mürəkkəb 

dramaturji konfliktin əsasını  təşkil edir. İflasa uğramış  cəmiyyət davranışlarının tənqidi  əsasında 

həyatları faciə axarına düşmüş insan xarakterləri dururlar. Bunların da bariz nümayəndələri Nəcəf 

bəy və Süleyman bəy obrazlarıdır. 

Dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələr        "Bəxtsiz cavan"da 

dramaturgiyamızda əvvəllər işlənmiş süjet-konflikt əsasında, lakin yeni estetik prinsiplərlə və daha 

kamil bədii obrazlarla əks olunub. Əsərin qəhrəmanı, təhsil alb doğma yurda qayıtınış Fərhad həm 

ictimai quruluşun çürümüş qanunlarına, həm də uzun illər  ənənəyə çevrilmiş ailə adətlərinə, 



kasıbların mənəviyyatlarını alçaldan mülkədar-rəiyyət münasibətlərinə qarşı çıxır. İradə və qüvvəsi 

bu mübarizə yolunda tab gətirməyib sarsılan və faciəyə  məruz qalan Fərhad maraqlı dramaturji 

obrazdır. 

Mənəviyyatca, cəmiyyətin problemlərinə baxışlarına görə  Fərhadla  əks qütbdə dayanan 

əmisi Hacı  Səməd ağa, anası Mehri xanım, xidmətçi Mirzə Qoşunəli,  əmisi oğlu Çingiz milli 

dramaturgiyamızda təravətli bədii personajlar kimi yaşayırlar. 

Dramaturq özü etiraf edib ki, "Pəri cadu" faciəsini alman dramaturqu Herhart Hauptınanın 

simvolizm ədəbi cərəyanının parlaq nümunəsi olan "Qərq olmuş can" dramının təsiri ilə yazıb. Yəni 

bu təsir süjet, mövzuya fəlsəfi münasibət eyniliyi kimi deyil, sırf janra yanaşma tərzi baxımından 

nəzərə çarpır.  Əbdürrəhim bəy fəlsəfi mistikanı "Pəri cadu" faciəsində mücərrəd xəyalət aləmi ilə 

bağlasa da, dramaturq qayəsinin  əsasında real dövrün müxtəlif sosial zümrələrə  məxsus həyati 

obrazlarının təsviri durub. Bu baxımdan ailəsini atıb varlı qadın Hafizə ilə eyş-işrətə qurşanınış 

odunçu Qurbana qarşı Pərinin qısqanclığı, keçirdiyi daxili sarsıntılar və psixoloji iztirablar həyatidir, 

təsiredicidir və insani hisslərlə çuğlaşıb. 

Əbdürrəhim bəy "Pəri cadu" faciəsində real həyat hadisələrilə mistik obrazları (Pəri,  İblis, 

Əcinnə,  Şamama cadu) dramaturji konfliktə  çəkinəklə, maraqlı  fəlsəfi qənaətə  gəlib. Bu qənaət 

aydın, ifadəli və  həyatidir.  Əxz olunan ideya budur: nəfsi-əmmarənin qulu olmayan insanın 

xoşbəxtliyi onun halal zəhmətindədir. 

Müliyyətcə azərbaycanlı olan, İranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin 

banisi Məhəmməd Qacar obrazını  ədəbiyyatımıza ilk dəfə  Əbdürrəhim bəy gətirib. O, "Ağa 

Məhəmməd şah Qacar" faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər 

olmuş  Cəfərqulu xanın,  Əliqulu  xanın, Mürtəzaqulu xanın,   Mustafa xanın, Rzaqulu xanın,  Əli 

xanın, vəzir Hacı  İbrahim xanın, II İraklinin, Tavad keyxosrov Avelianinin zəngin bədii səciyyəli 

xarakterlərini təsvir etmişdir. 

Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin surətlərin təsvirində faciə 

janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə 

bilmişdir. Belə  bədii təsvirdə tirançılıq ideyaları, vətən və  vətənpərvərlik anlayışları, zəka və güc

vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssüm tapıb. 

Əbdürrəhim bəy Haqverdiyevin faciə qəhrəmanları zaman və cəmiyyət problemlərinin qlobal 

tərəflərinə baxış prizmasından işlənilib. Onun komediya və məzhəkələrində, məsxərələrində və bəzi 

məişət dramlarında boşboğaz "millət qəhrəmanları" ("Millət dostları"), simasız ziyalılar ("Ac 

həriflər"), eybəcərliyə aparan ailə qalmaqallarının sosial zəmini ("Yeyərsən qaz ətini, görərsən 

ləzzətini"), nağılvarı süjetdə kasıb və varlı münasibətində ailə namusu mövzusunun bədii təsviri 

("Padşahın məhəbbəti") ön plandadır. Dramaturqun məişət komediya obrazları canlı, ifadəli, təbii 

yumorlu real insan surətləri təsiri bağışlayır. 

Əbdürrəhim bəy Haqverdiyevin, hətta səhnəcik tipli birpərdəli məsxərələrində də (məsələn, 

"Ədalət qapıları") insan amili ilkindir. 

Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd  şah Qacar", "Pəri cadu", "Köhnə 

dudman", "Baba yurdunda" dram əsərləri ictimai-sosial konfliktin kəsərinə, ehtiraslı xarakterlərinə, 

romantik-dramatik ruhuna görə monumental-romantik teatr məktəbinin tərəqqisində mühüm rol 

oynayıb. 

Onun "Ac həriflər", "Millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin 

formalaşmasında teatrların repertuarlarında dəyərli yer tutub. 

Milli səhnə estrada janrında yazan ilk dramaturqların sırasında  Əbdürrəhim bəy 

Haqverdiyevin öz şərəfli mövqeyi var. Bakı Azad Tənqid və  Təbliğ Teatrında onun məzhəkə-

intermediyaları uğurla oynanılıb.  

 

 

 





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin