Təbii ekosistemlərdə zərərverici və xəstəliklərə rast gəlinir, lakin onlar nadir
hallarda böyük miqdarda ziyan vururlar. Müxtəliflik zəngin olduğuna görə onların
yayılması çətinləşir. Bitkilər adətən yoluxmadan sonra özünü sağalda bilir. Zərərveri-
cilərin əksəri başqa orqanizmlər, həşəratlar və quşlar tərəfindən nəzarətdə saxlanılır.
Ekoloji təsərrüfatlarda müxtəlif məhsullar, ağaclar, qarışıq məhsullar və növbəli
əkinlər mövcuddur. Heyvanlar təsərrüfat sisteminin mühüm bir tərkib hissəsidir.
Müxtəliflik nəinki ehtiyatlardan optimal istifadəni təmin edir, həm də zərərverici və
xəstəliklərin hücumuna məruz qaldıqda, yaxud müəyyən məhsulun bazar qiyməti
aşağı olduqda bir iqtisadi zəmanət kimi çıxış edir.
Ekoloji fermerlər zərərverici və xəstəliklərin miqdarını iqtisadi cəhətdən zərər
vura bilməyəcək səviyyədə saxlamağa çalışır. Əsas məqsəd bitkinin sağlamlığının və
davamlılığının artırılmasıdır. Faydalı həşəratların sayını yaşayış məskənləri və yemlə
təmin etməklə artırmaq olar. Əgər zərərvericilər təhlükəli səviyyəyə çatarsa, təbii
düşmənlər və bitki mənşəli preparatlardan istifadə olunur.
Ekoloji kənd təsərrüfatı təbiət qanunları üzrə hərəkət etməyə üstünlük verir. Bu,
o deməkdirmi ki, bioloji təsərrüfatlar mümkün qədər təbii sistemlərə oxşar olmalıdır?
Bu bioloji hərəkatın daxilində bəzi fermerlər təbii təsərrüfatçılığa əsaslanır,
digərləri isə sırf iqtisadi cəhətə üstünlük verir. Ekoloji fermerlərin əksəriyyəti yəqin
ki, bu iki nəticənin arasında mövqe tutur. Fermerlərin çoxu təsərrüfatdan dolanışıq
üçün kifayət qədər məhsul əldə etməyi planlaşdırır. Onlar üçün təbiətin prinsiplərinə
riayət etmək yüksək məhsul əldə etmək deməkdir.