NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   2   3   4   5   6   7   8   9   ...   17

 
III BÖLÜM 
 
FAġĠZMĠN YARANMASI. HĠTLERĠN HAKĠMĠYYƏTƏ GƏLĠġĠ. 
ALMANĠYANIN MÜHARĠBƏYƏ  
HAZIRLIQ PLANI 
 
Hitlerçilik  və  faşizm  yalnız  Almaniya  sərhədləri  ilə  ölçülmürdü.  İtaliyada, 
İspaniyada faşizm ideyaları geniş yayılmış, ətrafına çoxlu insanlar toplamışdı. 
Almaniyadan  əvvəl,  hələ  1922-ci  ilin  oktyabrın  30-da  İtaliyada  faşistlər 
hakimiyyətə  gəlmişdi.  Hakimiyyətə  gəlməzdən  qabaq  Mussolini  “Rim,  yaxud 
ölüm!” şüarı ilə çıxış edir, “xalqın antimillətçi dövlətlə mübarizəsindən” danışırdı. 
(286, s.14) 
1933-cü  ildə  isə  Hitler  başda  olmaqla  faşistlər  hakimiyyətə  gəldi.  Bəs 
faşizmin  böyük  insan  kütlələrini  əhatə  etməsinin,  onları  təsirində  saxlamasının 
səbəbi nə idi? 
Əlbəttə  ki,  hitlerçilik  və  nasist  partiyasının  sərhədləri  daxilində  fəaliyyət 
göstərmirdi  və  o,  geniş  fəhlə  təşkilatlarını,  liberal,  eləcə  də  demokratik  dairələri 
əhatə  edirdi.  Faşizm  isə  yalnız  siyasi  ideologiya  olaraq  qəbul  edilə  bilməz.  Bu, 
insanlara, sevgiyə, əməyə xüsusi münasibəti olan bir həyat konsepsiyası idi. 
Nasist  ideoloqlar  inadkarlıqla  bildirirdilər  ki,  onların  dünyagörüşü  bütün 
tarix  boyu  Almaniyanın  yüksək  intellektual  həyatında  mövcud  olmuş  yüksək 

ideyaların qanuni davamıdır. Belə  ideya  yaradıcıları sırasında  Hegelin, Nitsşenin, 
Quttenin,  milli  mədəniyyətin  dünya  şöhrətli  nümayəndələrindən  Herderin, 
Vaqnerin, Qrimm qardaşlarının adları çəkilirdi. (241, s.273) 
Hər  şeydən  əvvəl  mövcud  olan  nasist  sosializmlə  hələ  ötən  əsrin  80-90-cı 
illərində yaranmış ənənəvi panalmanizm şovinizmi arasında birbaşa bağlılıq vardı. 
Bu  ideya  həm  də  alman  burjuaziyasının  imperiya  ideyasını  əks  etdirirdi.  Məlum 
olduğu kimi, panalmanistlərin fəaliyyətində üç başlıca ideya dayanırdı: birincisi  – 
Avropa  bölgəsində  Almaniyanın  hökmranlığı;  ikincisi  –  almandilli  xalqların  və 
milli qrupların Almaniya imperiyası sərhədləri daxilində birləşdirilməsi; üçüncüsü 
– alman koloniyaları təsirinin genişləndirilməsi. 
Bu ideyalar panalmanizmin əsas dayaqları və bazası idi. 
Nasional-sosialist  ideyanın  formalaşmasına  xarici  ölkələrdə  mövcud  olan  
nəzəriyyələr  də  az  təsir  göstərmirdi.  Hələ  ötən  əsrin  ortalarında  bir  təlim  olaraq 
yaranan  müstəmləkə  siyasəti  doğrudan  da  irqi  nəzəriyyə  J.  A.  Qobinonun,  de 
Lyapujanın  və  onlarla  başqa  fransız,  ingilis  davamçılarının  əsərlərində  əksini 
tapırdı. (241, s. 274) 
Doğrudur,  Qobinoda  irqçilik  bütövlükdə  pessimist  və  neqativ  ideyalar 
sayılsa da, Hitler bu antisemitizmdən pozitiv diktrina hazırlayıb ondan istifadə etdi. 
Nasional-sosialist  dünyagörüşünün  genezisini  tədqiq  edərkən  alman 
faşizminin  ideya  bazasının  yaradılmasında  xüsusi  rolu  olmuş  Nitsşenin  əsərləri 
qeyd olunmalıdır. Fridrix Nitsşe alman tarixində və alman  fəlsəfəsi tarixində dahi 
bir  şəxsdir.  Odur  ki,  Nitsşeyə  Qobino  və  Çemberlen  kimi  birmənalı  yanaşmaq 
olmaz.  Nitsşenin  özünəməxus  antidemokratizmi,  parlamentarizmə  inkaredici 
münasibəti,  zəiflərə  nifrətinin  faşist  baxışlarının  formalaşmasında  mühüm  rol 
oynadı.  Nitsşenin  baxışları  onun  davamçılarından  olan  O.  Şpenglerin  fikirlərində 
mühüm rol oynadı. 
Qeyd edək ki, nasistlərin hakimiyyətə gəlişindən sonra Şpenglerlə NSDAP 
(Milli  Sosialist  Almaniya  Fəhlə  Partiyası)  arasında  münasibətlər  pisləşdi.  “Yeni 
rejimin”  mənəvi  atası  sayılan  Şpengler  özünün  təlimləri  və  tənqidi  ilə  nasistlərin 
işinə  təsir  göstərməyə  çalışsa  da,  rəhbərlik  ona  kəskin  etiraz  etdi.  Şpengler 
səmadan  abstrakt  və  yarımutopik  nitsşesayağı  fövqəlinsani  yerə  endirdi.  Həmin 
adamın yerdə müasir Sezar olmaq və qürub edən Avropa şəraitində sivilizasiyanın 
taleyi  məsuliyyətini  üzərinə  götürmək  imkanlarını  göstərdi.  Şpengler  cəmiyyətin 
xeyirxahlığı dəyişməyi tələb edirdi. 
Nitsşe  adətən  lazımi  deklamasiyalarla  kifayətlənsə  də,  Şpengler  ondan 
konkret  və  təcrübi  nəticələr  çıxarırdı.  Hər  şeydən  əvvəl  o,  təsdiqləyirdi  ki, 
xəstələrin, zəiflərin və tam inkişaf etməmiş insanların  həyatını yaxşılaşdıran bütün 
müəssisələri ləğv etmək lazımdır. 
Şpengler  Nitsşenin  “Mübarizə  həyatın  əsas  mənbəyidir,  həyatın  özüdür” 
fikrini  daha  sərt  şəkildə  davam  etdirirdi.  Şpengler  yazırdı:  “Başlıca  vəzifəmiz 
alman sosializmini Marksdan xilas etməkdir”. (241, s.278) 

İctimai  planda  isə  o,  sosializmi  liberalizmin  antipodu  adlandırırdı.  Yazırdı 
ki,  sosializm  fərdin  inkarıdır,  liberalizm  isə  anarxiyadır.  Sosializm-intizamdır, 
möhkəm dövlət intizamıdır. (241, s.279) 
Əlbəttə,  Şpengler  bu  fikirlərində,  sosializmin  üstünlüklərini  xüsusi 
vurğulayırdı. 
Nasional-sosialistlərin  əsaslandığı  ideya  davamçıları  arasında  görkəmli 
şəxslərdən  biri  də  alman  coğrafiyaşünası  Fridrix  Ratsel  idi.  Ratsel  nəşr  etdirdiyi 
“Siyasi coğrafiya” kitabında  siyasi ekspansiyaların və  işğalların coğrafi bəraətləri 
sisteminin  əsasını  qoydu.  Ratsel  bu  əsərində  “Dövlətin  genişlənmiş  ölçülərinin 
boyu”  nəzəriyyəsini  irəli  sürür,  xalqların  artımı  prosesinə  diqqət  etməyi  vacib 
sayırdı.  Bu  nəzəriyyəni  alman  burjuaziyasının  maraqlarına  uyğunlaşdırmaq  üçün 
Ratsel  “dövlətlərin  sərhədlərinin ölçülərinə  uyğun gələn  xalqların  mədəniyyətinin 
səviyyəsi” tezisini də əlavə etdi. Buradan belə fikir yaranırdı ki, kiçik dövlətlərin 
nəhənglər tərəfindən əridilməsi – bu, mütləq hadisədir. Məhz bu ideyaya əsaslanan 
nasistlər 30-40-cı illərdə ayrı-ayrı ölkələri nəzarətlərinə alırdılar. 
Beləliklə, Almaniyada faşizm ideyasının ciddi tarixi əsasları vardı. 
Qeyd  edək  ki,  nasist  liderlər  öz  ideologiyalarında  antimarksist  mövqeni 
xüsusi  qabardırdılar.  Hitler  1933-cü  ilin  mayında  Berlində,  Alman  Əmək 
Cəbhəsinin  Konqresində  demişdi:  “14-15  il  əvvəl  alman  xalqına  bildirmişdim  ki, 
tarixi  vəzifəmi  marksizmi  məhv  etməkdə  görürəm.  Həmin  vaxtdan  dediklərimi 
təkrar  edirəm.  Bu,  boş  sözlər  deyildir,  müqəddəs  anddır  ki,  son  nəfəsimə  qədər 
yerinə yetirəcəyəm”. (241, s.284) 
Qeyd  edək  ki,  nasistlərin  “antimarksist”  şüarları  Almaniyanın  nəhəng 
burjuaziyasını bütövlükdə razı salırdı. Çünki yaxşı  təşkilatlanmış fəhlə hərəkatları 
tez-tez  məhz  “marksizm”  adı  altında  onlara  hücum  edirlər.  Antimarksizmdən 
ideoloji prinsip  kimi istifadə  edən nasistlər o dövrdə  Almaniyada geniş  yayılmış, 
özünəməxsus  millətçilik  əhvali-ruhiyyəsini  yayırdılar.  Beynəlmilər  təlim  olan 
marksizmə  qarşı  milli  təlim  olan  antimarksizm  qoyulurdu.  Antimarksist  əsaslar 
üzərində nasist milliyyətçi nəzəriyyə qurulub inkişaf edirdi. 
Nasional-sosialist  ideoloqları  arasında  irqə  münasibətlərdə  də  müxtəlif 
yanaşmalar  vardı.  Əksəriyyət  qan  qohumluğu  ilə  müəyyənləşən  xarici  əlamətlər 
toplumuna  üstünlük  verirdilər.  Bu  əlamətlər  içərisində  daha  çox  kəllənin 
formasına,  saçın  rənginə,  gözə,  burnun  quruluşuna  və  başqa  əlamətlərə  diqqət 
yetirilirdi.  Yüksək  irqin  nümayəndələri  (buraya  ilkin  növbədə  almanlar  aid  idi) 
bütün  xeyirxah  keyfiyyətlərə  malik  idi;  aşağı  irqə  mənsub  olanlar  isə  (buraya 
əsasən  yəhudilər  və  slavyanlar  daxil  idi)  bütün  mümkün  nöqsanların  daşıyıcıları 
sayılırdılar. (2, s.287) 
İrqçilik  nəzəriyyəsi  ilə  məşğul  olan  Valter  Darre  yazırdı  ki,  “irqi  sual,  bu 
dünya tarixini anlamaq üçün bir açardır”. (241, s.287) 
Alfred  Rozenberqin  fikrincə  isə,  müxtəlif  irqlər  arasında  mübarizə  dünya 
tarixinin,  eləcə  də  mədəniyyətlər  tarixinin  əsas  məzmununu  təşkil  edir.  Öz 

növbəsində,  Hitler  bütün  dünyada  gedən  ideoloji  prosesləri  aydınlaşdırmaq  üçün 
irqi  nəzəriyyədən  istifadə  edirdi.  O,  1933-cü  ildə  Nyurenberqdə  keçirilən  partiya 
qurultayındakı  çıxışında,  “irqi  təmizlik”  probleminə  toxunurdu.  Hitler  çıxışında 
deyirdi:  “İrqi  münasibətdə  təmiz  olan  xalq  özünün  təmiz  varlığına  uyğun  olaraq, 
bütün  həyati  vacib  suallarda  adekvat  mövqe  tutur.  Əgər  xalq  müxtəlif  irqi 
elementlərdən ibarətdirsə, onda bu şəraitdə o situasiya əhəmiyyətli olacaq ki, hansı 
irqi elementin dünyagörüşü ideoloji mübarizədə üstünlük qazanacaq. (241, s.288-
289) 
Hitler  təsdiqləyirdi  ki,  nasional-sosializmin  xidməti  ondan  ibarətdir  ki,  o, 
alman qanının instiktiv tələbini əks etdirən dünyagörüşünün qələbəsinə kömək etdi. 
Hitlerin  fikrincə,  insanlığı  üç  irqə  bölmək  lazımdır:  mədəniyyət  banisləri, 
mədəniyyət daşıyıcıları və mədəniyyət dağıdıcıları. (326, s.97) Hitler göstərirdi ki, 
yalnız  ari  irqə  mənsub  olanlar  mədəniyyət  banisləri  və  mədəniyyət  yaradanlar 
hesab  edilir.  Asiya  xalqları  isə,  məsələn,  yaponlar  və  çinlilər  öz  formalarını  ari 
mədəniyyətinə verib onu qəbul etdiklərindən, onlar mədəniyyət daşıyıcıları sayılır. 
Yəhudi  irqini  isə  mədəniyyət  dağıdıcılığına  aid  etmək  olar.  “Aşağı  insanlar”ın 
mövcudluğu  yüksək  mədəniyyətin  yaranmasında  əsas  şərtdir.  İnsanlığın  ilkin 
mədəniyyəti aşağı irqlərin istifadəsinə söykənib. Keçmiş zamanlarda qalib olduğu 
üçün  arilər  istila  etdikləri  xalqları  iradəsinə  tabe  etdirir,  öz  tələblərinə  uyğun 
tapşırıqlarını həyata keçirirdilər. Lakin bütün bunlara baxmayaraq, məğlub xalqlar 
“hakimlər”in  adətini,  ənənəsini,  dilini  qəbul  etsə  də,  arilər  öz  qanının  təmizliyini 
itirməyə  başladı.  Hitler  bununla  əlaqədar  “Mənim  mübarizəm”  əsərində  yazırdı: 
“Mədəniyyətlərin  zəifləməsinin  yeganə  səbəbi  qan  qarışıqlığı  oldu  və  bunun 
nəticəsində irqlərin inkişaf səviyyəsi aşağı düşdü”. (383, s.296) 
Əlbəttə,  Hitlerin  irqi  mühakiməsində  həm  obyektiv,  həm  də  müəyyən 
gerçəkliklər  vardır.  Və  qeyd  edək  ki,  onun  irqə  belə  münasibəti  hər  çeydən  çox 
Darvinin irəli sürdüyü “Təbii seçim nəzəriyyəsinə” əsaslanırdı. Hitler göstərirdi ki, 
əgər  belədirsə  və  arilər  yeganə  mədəniyyət  yaradanlardırsa,  onda  onlar  dünyaya 
hökmranlıq etməlidirlər. Odur ki, Almaniya imperiyası şərq istiqamətində - Sovet 
Rusiyasının ərazisi hesabına sərhədlərini genişləndirməlidir. 
Qeyd  edək  ki,  hələ  keçmiş  əsrlərdə  də  almanlar  belə  qapalılığa, 
özünütəcridliliyə  meylli  idilər.  Hələ  XI-XII  əsrlərdən  Almaniyada  bütün  etnik 
qrupların  etnik  sərhədlərlə  qapanması  onların  qarışmasını  və  inteqrasiyasını 
olduqca çətinləşdirirdi. Başqa tayfaların yayılması yerli vilayətin məhvi kimi qəbul  
edilirdi (məsələn, saksların şvatblara qarşı daimi mübarizəsi). (328, s.38) 
Nasistlərin  irqçilik  nəzəriyyəsinə  görə  yüksək  irqə  mənsub  olan  almanlar 
bütün  aşağı  irqə  qarşı  mübarizə  aparmalıdırlar.  İrqin  mövcudluq  formasını 
saxlayan müharibədir. Yüksək irq ətraf mühitdən təcrid olunmağı bacarmalıdır. 
Aşağı  irqə  mənsub  olan  slavyanları  arilər  gələcəkdə  kölə  halına  salmalı, 
yəhudi və qaraçıları isə tamamilə məhv etməli idilər. Odur ki, Almaniyada hər bir 
yəhudi kişinin adının axırına İsrail yazılırdı. 

Eyni zamanda, nasistlərə görə “yüksək irq” həyati genişliyə malik olmalıdır. 
Almaniya  buna  sahib  deyildir.  Odur  ki,  o  bu  genişliyi  ən  kəskin  və  amansız 
üsullarla  qazanmalıdır.  Odur  ki,  alman  faşistlərinin  xarici  siyasətində  başlıca 
məqsəd  Sovet  İttifaqına  qarşı  müharibəyə  başlayıb,  Urala  qədər  həyati  genişlik 
əldə  etmək,  onu  amansızcasına  almanlaşdırıb,  müstəmləkəyə  çevirmək  idi.  (317, 
s.39) 
Qeyd edək ki, nasistlərin irqçilik nəzəriyyəsinə görə, həm yəhudilər, həm də 
qaraçılar  və  slavyanlar  “zərərli  elementlər”  sayılırdı.  Əlbəttə  ki,  yəhudilərə  və 
qaraçılara  qarşı  mübarizə  nasistlər  üçün  problem    doğurmurdu  və  istənilən  vaxt 
onları irqi toqquşmalara, şəxsi ziddiyyətlərə, təşkil olunmuş dağıntılara cəlb etmək 
mümkün  idi.  Lakin,  slavyanlarla  mübarizə  başqa  vəziyyətdə  idi.  Əvvəla, 
Almaniyada  slavyanlar  çox  az  idi,  onlarin  yaşadığı  yerlər  isə  almanlaşdırılmışdı. 
(241, s.291) 
Slavyanlar  Almaniyanın  şərqində  və  cənub-şərqində  yaşayan  qonşular  idi. 
Odur  ki,  nasistlər  ilk  qənimət  olaraq  məhz  slavyanları  düşünürdülər.  Odur  ki, 
nasistlərin  slavyanları  aşağı  irqə  aid  etməyi  həm  də  onların  şərq  qonşularına 
hücumu üçün psixoloji əsas yaradırdı. 
Qeyd  edək  ki,  Hitlerin  hakimiyyəti  dövründə  geç  də  bütün  almanlar  onun 
“irqçiliyi” təsiri altına düşməmişdi. 
Şübhəsiz  ki,  faşizmə  yalnız  Hitlerin  yaxud  nasional-sosialistlərin problemi 
kimi  yox,  kütlə  problemi  olaraq  baxmaq  lazımdır.  Nasional-sosialistlər  geniş 
ketləni  cəlb  etmək  üçün  inqilabi  frazeologiyadan  məharətlə  istifadə  edirdilər. 
Təsadüfi deyildi ki, Hitlerin bəzi  yaxınları onu  “alman  Lenini” adlandırırdı. Odur 
ki,  sosial-demokrat  və  mərkəzçi-liberal  partiyalardan  çoxlu  sayda  inqilabçı  əhval-
ruhiyyəli adamlar Hitlerin tərəfinə keçirdilər. 
Nasional-sosialistlər 
öz 
fəaliyyətlərində 
kommunist 
təbliğatı 
elementlərindən  məharətlə istifadə edirdilər. Nasional-sosialistlər öz bayraqlarının 
quruluşunda da bu inqilabi xarakterə üstünlük verirdilər. Bu haqda Hitler yazırdı: 
“Bizim  üçün,  nasional-sosialistlər  üçün,  bayrağımız  fəaliyyət  proqramımızı  əks 
etdirir.  Qırmızı  rəng  –  hərəkatımızın  sosial  ideyalarını  ifadə  edir.  Ağ  rəng  – 
millətçilik  ideyasıdır.  Xaç  işarəsində  isə  arilər  həmişə  antisemit  olmuş  və  olacaq, 
arilərin və yaradıcı əməyin qələbəsi uğrunda mübarizə ideyası qoyulmuşdur. (382, 
s.117) 
Beləliklə,  Hitler  hakimiyyətə  gəlməzdən  əvvəl  nasist  ideyaları  ilə 
silahlanmış təhlükəli bir proqrama malik idi. 
Hitler  1889-cu  ildə  Avstriya  ilə  sərhəddə  yerləşən  Lintse  şəhərində  kiçik 
burjua ailəsində anadan olmuşdu. Uşaqlıq illərində heç bir qeyri-adi keyfiyyəti ilə 
seçilmirdi. 
On  altı  yaşında  olarkən  təəssüflənmədən  orta  məktəbi  tərk  etmişdi.  1907-
1908-ci  illərdə  isə  Vyanadakı  Təsviri  İncəsənət  Akademiyasına  daxil  ola 
bilməmişdi.  Sonradan  beş  il  o,  imperiya  paytaxtı  olan  bu  şəhərdə  bir  neçə  dostu 

istisna  olmaqla,  demək  olar  ki,  tənha  yaşamışdı.  Bu  müddətdə  o,  küçələrdə 
gecələyir, pis təsirlərə düşür, hər cürə kitablar oxuyurdu. 1913-cü ildə o, Avstriya 
ordusunda  xidmətdən  boyun  qaçırmaq  üçün  Münhenə  getmişdi.  1914-cü  ildə  isə 
“həddindən artıq zəif” olduğuna görə orduya yararsız saymışdılar. (286, s.6-7) 
1914-cü  ilin  avqustunda  Almaniya  Rusiyaya  qarşı  müharibəyə  başladığını 
elan  etdikdə  Hitler  könüllü  olaraq  orduya  yazıldı.  Piyada  alayında  xidmət  edən 
Hitler iki dəfə (Birinci dərəcəli Dəmir xaçla) igidliyə görə fərqləndi. 
Müharibə  onun  həyatında  çox  ciddi  rol  oynadı.  Sonralar  xatirələrində  o, 
müharibəni  həyatın  ən  unudulmaz  dövrü  adlandırırdı.  Orduda  xidmət  edərkən 
Hitlerin dünyagörüşü əsasən formalaşmışdı. 
Sonra Hitler orduda ideoloji kurs keçdi. Eyni zamanda, o, alman tarixinə və 
alman  şovinizminin  nəzəriyyə  və  təcrübəsinə  aid  oxunan  mühazirələrə  gedir, 
məşğələlərdə  iştirak  edirdi.  Burada  o,  həmçinin  dünyanın  iqtisadi  situasiyası, 
bolşevik  idarəsi  altında  olan  Rusiya,  Bavariyanın  və  Reyxin  birliyinə  aid  olan 
problemləri  öyrənirdi.  1919-cu  ilin  payızında  Hitler  yenicə  yaranan  Alman  Fəhlə 
Partiyası ilə əlaqəyə girdi və həmin vaxtdan siyasətlə sıx bağlılığı başladı. 
Bu  dövrdə  Hitler  Münhenin  pivə  barlarında  populizmə  və  demaqogiyaya 
söykənən  natiqliyi  ilə  artıq  məşhur  idi.  Onun  fikirləri  həmin  vaxt  Münhenə  axıb 
doluşan  panalmançı  baxışlı  irqçi-millətçi  qrupların  ideyaları  ilə  üst-üstə  düşürdü. 
Elə  həmin  vaxtdan  o,  Versal  müqaviləsi  əleyhinə  ilkin  təbliğat  aparmağa  başladı. 
Hitler  başqa  panalmançılar  kimi  itirilmiş  müstəmləkələrin  qaytarılmasını  və 
Almaniya ilə Avstriyanın birləşdirilməsini tələb edirdi. Onun nəzərincə, almanların 
başlıca  düşmənləri  Rusiya  deyil,  Fransa  və  İngiltərədir.  Yəhudilərə  isə  maliyyə 
kapitalının agentləri kimi baxırdılar. 
Hitlerin  yəhudilərə  mənfi  münasibətinin  formalaşmasında  digər  mütaliələri 
ilə  yanaşı, Bavariya şairi Ditrix Ekhartın, baltika almanı Maks Ervin  von Şöyner-
Rixterin  və  Alfred  Rozenberqin  təsiri  vardı.  Ekhard  öz  fəlsəfəsini  “qəlbsiz 
yəhudiçiliklə”  mübarizədə  görürdü. Rozenberq və  Şöyner  Rixter isə Hitlerdə “rus 
bolşevik yəhudiçiliyi” fikrini yaradırdılar. Nasistlərin ilkin ideyalarında Rusiya və 
bolşevizm  əhəmiyyətli  rol  oynamasa  da,  Rozenberq  Hitleri  saxta  “Sion 
müdriklərinin  protokolları”nda  qoyulmuş  !ümumdünya  yəhudi  qəsdinin”  detalları 
ilə tanış etmişdi. (268, s.37) 
Məhz bu fikirlər Hitlerin özünəməxsus ideologiyasının formalaşmasına təsir 
göstərdi.  Özünün  yazdığı  “Mənim  mübarizəm”  kitabındakı  “yəhudi  bolşevizmi” 
ifadəsi  artıq  Almaniyanın  “həyati  genişliyi  məqsədi  ilə”  Sovet  İttifaqını  dağıtmaq 
mənasını kəsb edirdi. 
Hitlerin  bolşevizmə  və  yəhudiçiliyə  münasibəti  onun  siyasətində  mühüm 
yer tuturdu. Hələ 1920-ci ilin yayında o, çoxlu nümunələrlə bolşevizmin Rusiyaya 
faciəvi təsirini qeyd edirdi. Həmin ilin iyulunda o, bolşevizm, marksizm adı altında 
Sovet  Rusiyasını  yəhudilərin  amansızcasına  idarə  etməsindən  danışır.  Sosial-
demokratiyanın Almaniyaya yolunun salınmasını qeyd edirdi. (268, s. 41) 

1922-ci  ilə  qədərki  çıxışlarında  Hitler  bolşevik  Rusiyasına  mənfi 
münasibətini  tez-tez  hiss  edirdi.  O,  iki  ideologiyanın  –  idealizm  və  materializm 
arasında  gedən  mübarizəni  xeyirin  və  şərin  apardığı  mübarizə  kimi  qəbul  edir, 
alman  xalqının  missiyasını  xeyirin  gücü  ilə  bolşevizmə  və  ölümcül  düşmənə  - 
yəhudiçiliyə qarşı mübarizədə görürdü. 
Həmin  ilin  oktyabrında  isə  Hitler  həyat  uğrunda  mübarizədən  yox,  iki 
dünyagörüşünün arasındakı ölümdən yazırdı. Göstərirdi ki, bu mübarizədə ya qalib 
gəlmək,  ya  da  həlak    olmaq  lazımdır.  Bu  fikirlərin  doğruluğunu  Rusiyanın 
nümunəsində  görmək  mümkündür.  Hitler  yazırdı:  “Marksist  ideyanın  qələbəsi 
rəqiblərin tam məhv olması deməkdir. Almaniyanın bolşevikləşdirilməsi isə bütün 
xristian-qərb mədəniyyətinin məhvi deməkdir”. (268, s. 42) 
Qeyd  edək  ki,  nasistlərin  təbliğatında  aşağıdakı  şüarlara  ilk  vaxtlarda 
üstünlük verilirdi: 1) “Marksizmin məhvi”; 2) “Versal müqaviləsinin dağıdılması”; 
3)  “Rusiyanın  alınması”;  4)  “Daxili  ictimai  təhlükəsizliyin  təminatı”;  5) 
“Almaniyanın və bütün almanların “milli nüfuzu”nun bərpası”. (268, s.43) 
Hitler  sonralar  da  öz  çıxışlarında,  müsahibələrində  marksizmə  nifrətini 
gizlətmirdi. Məsələn, 1931-ci ildə Breytinqdə “Leypsiqin  son xəbərləri” qəzetinin 
redaktoru  ilə  söhbətində  demişdi:  “Marksizm  kökündən  qoparılmalıdır...  O, 
bolşevizmin  mənbəyidir.  Yalnız  biz  bu  düşməndən  həlak  olan  insanları  xilas  edə 
bilərik”. (317, s.37) 
Nasizmin  mənasını  izah  edərkən  Ernst  Nolte  göstərirdi  ki,  bu  ideya  hər 
şeydən  əvvəl  sosial-kommunist  hərəkatı  ilə  müəyyənləşir.  Hitler  “Mənim 
mübarizəm”  əsərində  göstərirdi  ki,  onun  yaratdığı  hərəkat  marksist  və  bolşevik 
hərəkatının  əks  tərəfidir.  Yənib  burda  sinfi  mübarizə  irqi  mübarizə  ilə  əvəz 
edilmişdir.  (268,  s.149)  Alman  filosoflarının  “nəhəng  spekulyativ  bilikləri”ni 
mənimsəyən Marks ona yeni bir güc verdi, dünyanı anlatmaq  əvəzinə, proletariatı 
müvafiq  fəlsəfi  təlimlərlə  silahlandırıb  onu  dəyişməyə  çalışdı.  Burada  peşəkar 
inqilabçı  Lenin  daha  da  irəli  getdi.  Rus  xalqlarının  fikirlərinə  əsasən  Lenin 
göstərirdi ki,  o, bir qrup bolşevik  həmfikri ilə  birgə  kapitalist inkişaf  mərhələsini 
keçib  çar  Rusiyasını  sosializmə  çatdıra  bilər.  Sonra  səhnədə  görünən  Hitler 
bolşeviklərin  ideologiyasını  inkar  edərək,  hakimiyyət  silahını  ələ  keçirib  başqa 
ideologiyanı irəli sürdü. 
Birinci  Dünya  hərbindən  sonra  çex  mənşəli,  almandilli  sosioloq  Karl 
Priabram  yazırdı:  “Bu  gün  Almaniyada  ilk  baxışda  olduqca  heyranedici  bir 
vəziyyət  müşahidə  olunur”.  (268,  s.154)  K.  Priabram  göstərirdi  ki,  alman 
nasionalizmi  və  alman  sosializmi  marksist  sosializmi  mənasında  bir-birinə  oxşar 
ideologiyalardır.    Nasionalizm  və  sosializm  –  hər  ikisi  fərdi  və  kapitalist  özülü 
əsasında  dirçəlmişdir  və  hər  ikisi  müəyyən  birliyə  -  millətə  və  ictimai  sinfə 
buraxılış almağa çalışırlar. (268, s.155) 
Hitler  “Mənim  mübarizəm”  əsərində  özünün  nasional-sosialist  fikirlərinin 
formalaşmasında  panalmanist,  antisemist  Şöynerin  və  sosial-xristian  Lyuterin 

təsirlərinin  də  olduğunu  göstərirdi.  (268,  s.  161)  Beləliklə,  Hitlerin  nasionalist 
fikirlərinin Marksın sosializm ideyası ilə tam yaxınlığını gördük. Sosializm burjua 
fərdinin varisidir, nasizm isə marksist ideologiyasının əks mövcudluğudur. 
İstər  sosializmdə,  istər  nasizmdə  “kollektiv  düşüncə”,  “kollektiv  şüur” 
elementləri  güclü  şəkildə  görünməkdədir.  Fransız  sosioloqu  Dürkheym  müəyyən 
bir  cəmiyyətin  ümumi  fikrini  ifadə  etmək  üçün  “kollektiv  şüur”dan,  “kollektiv 
düşüncə”dən  danışırdı.  Onun  bu  fikirləri  anqlo-sakson  empriklərində  suallar 
doğursa  da  (məsələn,  “Siz  küçədə  kollektiv  düşüncə  ilə  rastlaşmısınızmı?”), 
“Hamının  hamıya  qarşı  mübarizəsi”nə  inanan  Hitler  kollektiv  sosial  məzmun 
anlayışına, şübhəsiz ki, diqqət yetirirdi. (268, s. 178) 
Qeyd  edək  ki,  özünün  marksist  sinfi  əvəzləmə  funksiyası  rolunda  Hitlerin 
irqçiliyi  nisbətən  zəif  görünürdü.  Çünki  Hitler  irqçiliyi  adamları  yalnız  bir  yerə 
toplaşmağa  məcbur  edirdi.    Yalnız  fəal  irqi  nəzəriyyə  olan  antisemitizm  alman 
əhalisini  bir  yerə  toplaya  bilərdi.  Bu  mənada,  Rautninq  göstərirdi  ki,  yəhudilər 
Hitlerə  mütləq  lazım  idi.  Yəni  o,  öz  iradəsini  daima  yəhudilərin  iradəsinə  qarşı  
qoyurdu. O, yəhudilərdə dağıdıcılığın aparıcısını və müasirlikdə nifrət etdiyi fərdin 
daşıyıcısı  olan  hər  şeyi  –  demokratik  eqalitarizmi,  marksist  və  bolşevik 
inqilablarını görürdü. 
Qeyd  edək  ki,  nasist  ideoloqları  irqi  nəzəriyyədən  yalnız  kütləyə  təsir 
vasitəsi  kimi  yox,  eyni  zamanda  təbliğat  aləti  kimi  də  istifadə  edirdilər.  Bununla 
yanaşı nasistlər irqi nəzəriyyəni həm də siyasi aksiyaların keçirilməsində də vasitə 
sayırdılar.  Məsələn,  nasist  hökümətinin  1933-cü  ilin  iyulunda  qəbul  etdiyi  “İrsi 
xəstəliklərin  nəsillərə  ötürülməsinin  dayandırılması  haqqında  qanun”  müalicə 
olunmayan  və  hər  şeydən  əvvəl  psixi  xəstəliklərin  məhv  edilməsi  üçün  “hüquqi 
baza”  yaratdı.  (241,  s.291)  Şübhəsiz  ki,  bu  addımla  nasistlər  heç  də  təbliğat 
məqsədi güdmürdülər. 
İriq seçim probleminə  Himmler xüsusi əhəmiyyət verirdi. Xüsusən o, belə 
müəssisələrdən  biri  olan  “Lebencborn”un  (“Həyat  mənbəyi”)  fəaliyyətini  yüksək 
qiymətləndirirdi. Bu təşkilatın başlıca vəzifsi nigahdan kənar “yüksək keyfiyyətli” 
çoxlu  uşaqların  dünyaya  gəlməsinə  təsir  göstərmək  idi.  Təşkilat  həmin  uşaqların 
bütün saxlanma və tərbiyə olunma xərclərini öz üzərinə götürmüşdü. Belə ari irqı 
mənsub  uşaqların  dünyaya  gəlməsində  subay  qadınlardan  istifadə  olunurdu. 
Güman  edilirdi  ki,  müharibədən  sonra  müəssisə  öz  fəaliyyətini  daha  geniş 
miqyasda davam etdirəcək. Bu işin tam həyata keçirilməsi üçün otuz yaşına qədər 
olan hər bir qadının (eyni zamanda subay) hökümətə bir uşaq verməsini təmin edən 
qanun hazırlanması da nəzərdə tutulurdu. (241, s. 292) 
Bundan  əlavə,  SS  sıralarına  daxil  edilənlər  ciddi  irqi  seçimlə  üzləşirdilər. 
Hər  şeydən  əvvəl  onlardan  təmiz  irqi  mənsubluğu  haqqında  sənəd  tələb  olunur, 
sonra isə antropoloji seçim keçirilirdi. Bu işin yüksək təmin olunması üçün xüsusi 
“Napolas” internat məktəblər yaradılmışdı (nasional-sosialist tərbiyə müəssisələri). 

Nasistlərin  yalnız  irqə  deyil,  dinə  münasibətlərində  də  fərqli  yanaşmalar 
vardı.  İlkin  vaxtlarda  nasist  nəzəriyyəçiləri  kilsəyə  qarşı  da  mübarizə  aparırdılar. 
Bununla  əlaqədar  nasional-sosialist  ədəbiyyatda  dinə  və  kilsəyə  qarşı  geniş 
mübarizə kampaniyası başlamışdı. Nasist nəzəriyyəçilərindən biri olan, Frankfurt-
Mayndakı Höte Universitetinin rektoru E.Krik yazırdı: “İstənilən din öz mənbəyini 
Asiyadan  götürür.  Odur  ki,  bizim  xarakterimizə  və  düşüncəmizə  din  yaddır. 
Almanların xarakterinə və taleyinə yalnız Allaha və taleyə canlı inam uyğun gəlir. 
İnam iradə və gücü möhkəmləndirir, din isə iradə və gücü dağıdır. Din bizim irqə 
yaddır. İnam, iradə, güc isə sağlamlıq amilləridir”. (241, s.301) 
Güclü  dövlət  konsepsiyası  nəzəriyyəsini  əsaslandırmaq  üçün  nasist 
ideoloqlar  təbliğat  məqsədli  “dövlətin  orqanizm  nəzəriyyəsi”ni  müdafiə  edirdilər. 
Bu nəzəriyyəyə uyğun olaraq cəmiyyət bir dövlət olaraq bütün görünüşündə canlı 
orqanizmi xatırladır. Bu orqanizmdə ayrıca insan onun əsas hissələrini təşkil edir. 
(241, s.298) 
Sinfi  mübarizəni  inkar  edən  faşizm,  millətin  daxili  birliyi  prinsipini  əsas 
götürür, bu birliyin yalnız orqanizm halında mövcudluğunu mümkün sayırdı. 
Beləliklə,  Hitlerin  sonda  gəldiyi  fikir  bu  idi:  hamının  hamıya  qarşı 
mübarizəsi.  Hitlerin  insan  həyatı  düşüncələri  bu  dairədə  ümumiləşirdi:  həyat 
uğrunda  mübarizə,  maraq  uğrunda  mübarizə.  Hitler  bu  fikirlərini  “Mənim 
mübarizəm”  əsərində  belə  ifadə  edirdi.  “Mübarizə  ideyası  həyatın  özü  kimi 
qədimdir. Bu mübarizədə ən güclü və ən cəsur adamlar ən zəiflər üzərində qələbə 
çalırlar. Mübarizə hər şeyin yaradanıdır. Odur ki, insanlığın prinsiplərinə təşəkkür 
etməədn  insan  yaşayıb  amansız  mübarizə  vasitəsi  ilə  heyvanlar  aləmini  üstələyə 
bilər. (382, s.24) 
Artıq bu sözləri demək mümkün idi ki, nasist partiyasının başlıca məqsədi 
marksist  dünyagörüşünü  məhv  etməkdən  ibarət  idi.  1922-ci  ildə  isə  hitlerin 
dünyagörüşü həyat uğrunda mübarizəyə yox, “yəhudi bolşevizmi”ni məhv etmək, 
dağıtmaq  lazım  idi.  1922-ci  ilə  qədərki  çıxışlarında  Hitlerin  Sovet  Rusiyasına 
münasibəti  birmənalı  da  deyildi.  Onun  ikili  baxışlarında  gah  Rusiyanın  “milli” 
xalqına  yaxşı  münasibət,  gah  da  “yəhudi-bolşevik”  hökümətinə  mənfi  münasibət 
hiss  olunurdu.  Eyni  zamanda  o,  bolşevik  olmayan  Rusiya  ilə  Britaniyaya  qarşı 
razılaşmaya  meyllənirdi.  Bəzi  söhbətlərində  isə  göstərirdi  ki,  o,  Britaniya  ilə 
rəqabət  siyasətindən  bir  şərtlə  uzaqlaşar  ki,  Britaniya  onun  Rusiyaya  olan  ərazi 
siyasətini dəstəkləsin. 
Onun fikrincə, Almaniya Britaniyanın maraqlarına toxunmayan kontinental 
siyasətə  hazır  olmalıdır.  Məhz  İngiltərənin  köməyi  ilə  Rusiya  ələ  keçirməlidir. 
Rusiya alman sakinləri və nəhəng alman sənayesi üçün geniş torpaqlar ayırmalıdır. 
Əslində  “Mənim  mübarizəm”  kitabının  yazılmasına  hələ  iki  il  qalmış 
Hitlerin məqsədi və fikirləri formalaşmışdı. Hitlerin məqsədini üç istiqamətdə belə 
ümumiləşdirmək  mümkün idi: 1) Dünya  yəhudiliyi  gücünün dağıdılması uğrunda 

mübarizə;  2)  Marksizmə  qarşı  mübarizə;  3)  Almaniya  üçün  Rusiyanın  hesabına 
“həyati genişlik” uğrunda mübarizə. 
Hitler  “Mənim  mübarizəm”  kitabının  son  fəsillərində  yazırdı  ki, 
Almaniyaya  lazım  olan  torpaqlar  məhz  Rusiyadadır,  orada  “yəhudi  bolşevizmi” 
Rusiyanı  zəiflətmişdir  və  o,  uçub-dağılmağa  hazırdır.  O,  yazırdı:  “Yəhudilərin 
Rusiyanı  idarə  etməyinə  son  qoyulması  ilə  Rusiyanın  bir  dövlət  kimi  axırı 
olacaqdır”.  (382,  s.743)  Alman  xalqının  və  alman  dövlətinin  başlıca  vəzifəsi 
gücünü toplayıb “yəhudi bolşevizmi”ni məhv etməkdir. Həmin işi isə yalnız özünü 
bu məqsədə həsr etmiş dahi bir şəxs yerinə yetirə bilər. Çevrilişlə bağlı Landsberq 
qalasında beşillik həbs müddətinin doqquz ayını yatıb azad olduqdan sonra Hitler, 
həmin dahi lider rolunda özünü görürdü. 
Qeyd  edək  ki,  Hitler  özünün  ilkin  fəaliyyəti  dövründən  müəyyən 
keyfiyyətləri ilə çoxlarının rəğbətini qazana bilmişdi. Onun yaxın silahdaşlarından 
olan  Rudolf  Qess  göstərirdi  ki,  adamları  nə  isə  məcbur  edib  Hitlerin  təsiri  altına 
salırdı.  Məsələn,  o,  Landsberq  həbsində  Hitlerin  bir  şəxsiyyət  kimi  böyük 
əhəmiyyəti olduğunu dərk etmişdi. 
Alfred Rozenberq isə nyurenberq prosesində danışırdı ki, o, Hitlerin dəmir 
iradəsi, yaradıcı gücü öz intellektual səviyyəsini daima artırması ilə heyrətlənir və 
onu nasist partiyasının yaradıcısı kimi qəbul edirdi. 
İozef  Göbbels  isə  “Mənim  mübarizəm”  kitabını  oxuduqdan  sonra 
soruşmuşdu:  “Kimdir  bu  adam?  Yarımallah!  Xristos  həqiqəti,  yaxud  ancaq 
Müqəddəs  İohan?”  Və  məhz  bundan  sonra  o,  1926-cı  ilin  19  aprelində  öz 
gündəliyində yazmışdı: “Hitler, mən Sizi sevirəm!” (268, s.52) 
“Hitleryuqend”  təşkilatının  sonralar  lideri  olmuş  Baldur  fon  Şirak 
xatırlayırdı ki, ilk dəfə 1925-ci ildə onun səsini eşidib heyrətə gəlmişdi. İnanmışdı 
ki, Almaniyanı məhz Hitler xilas edəcəkdir. 
German  Gerinq  isə  yazırdı  ki,  Hitler  onun  üçün  vicdandır.  O,  Hitlerdə 
“nadir  əlaqə...  məntiqi  fikir  düşüncəsi,  dərin  fəlsəfədə  və  fəaliyyətdə  olan  dəmir 
adam” xarakteri görürdü. (268, s.252) 
Hitler  öz  yüksək  bacarığı  ilə  qısa  bir  zamanda  gənc  Milli-Sosialist  Alman 
Fəhlə  Partiyasının  (1920-ci  ilin  fevralında  Alman  Fəhlə  Partiyası  öz  adını 
dəyişmişdi)  aparıcı  natiqinə  çevrildi.  1920-ci  ilin  fevralın  24-də  isə  o,  özünün 
redaktə  etdiyi,  üzərində  dəfələrlə  işləyib  hazırladığı  Partiya  Proqramını  elan  etdi. 
Hitlerin  mənsub  olduğu  partiyanın  da  sıraları  genişlənirdi.  1919-cu  ilin 
sentyabrında 55-ci adam kimi daxil olduğu partiyanın üzvlərinin sayı 1920-ci ildə 
2000-nə, 1921-ci ildə isə 3300-ə çatdı. 
Qeyd edək ki, Hitlerin və onun başçılıq etdiyi nasist partiyasının nüfuzunun 
getdikcə  artmasında  Versal  müqaviləsinin  Almaniya  tərəfindən  qəbul  edilmiş 
şərtləri  də  az  rol  oynamırdı.  1919-cu  ilin  iyunun  28-də  Fransada  –  Versalda 
Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İtaliya, Yaponiya və digər dövlətlərin 
imzaladığı  Almaniyanın təslimçiliyi sənədi 1920-ci  ilin  yanvarın 10-da  Almaniya 

və dörd müttəfiq dövlət – Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya ratifikasiya 
etdikdən sonra qüvvəyə mindi. (238, s.25) 
Versal müqaviləsinə görə, Almaniya özünün bir sıra ərazisindən və ona aid 
olan  müstəmləkələrdən  məhrum  edilir  və  həmin  yerlər  sonradan  qalib  dövlətlər 
arasında  bölünürdü.  Almaniya  dövlətinə  100  mindən  artıq  quru  qoşunları 
saxlamağa  icazə  verilmirdi.  Mütləq  hərbi  xidmət  ləğv  olunur,  hərbi-dəniz 
donanmasının  böyük  hissəsi  qaliblərə  verilirdi.  Almaniya  müharibə  zamanı 
Antanta ölkələrinin hökümətlərinə və ayrı-ayrı vətəndaşlarına dəyən zərəri ödəmək 
öhdəliyini də üzərinə götürürdü. 
Qeyd edək ki, dəyən zərərin də miqdarı olduqca yüksək idi. Hətta fantastik 
rəqəmlər  –  3,  7,  10  trilyon  qızıl  frank  səslənirdi.  Lakin,  uuznmüddətli 
diskussiyalardan sonra təxmini 325 milyard frank rəqəmi razılaşdırılmağa başlandı. 
Məsələ belə həll olundu: 1921-ci ilin mayın 1-nə qədər Almaniya 20 milyard qızıl 
markanı  pul  formasında,  yaxud  da  natura  halında  ödəməlidir.  Natura  halında 
ödəmələrdə  kömür,  heyvandarlıq,  gəlirlər,  maşınlar,  istehsal  alətləri  və  müxtəlif 
əşyalar, hərəkət əmlakı nəzərdə tutulurdu. (317, s.54) 
Versal  müqaviləsi  şərtlərinə  görə  Şərqi  Prussiya  Almaniyanın  qalan 
hissəsindən  ayrılırdı.  Almaniya  Elzası  və  Lotaringiyanı  Fransaya,  Eypen  və 
Malmedi  vilayətlərini  Belçikaya,  şimali  Şlezvinqanı  Danimarkaya,  Poznan 
vilayətini  isə  Polşaya  verirdi.  (317,  s.25)  Reyn  çayının  sahili  boyu 
silahsızlaşdırılmış  ərazi  sayılırdı.  Müqavilə  əsasında  Almaniyanın  9,6  faiz  əhalisi 
daxil olamqla 12,7 fazi  ərazisini alıb Fransaya, Belçikaya, Danimarkaya, Polşaya, 
Çexoslovakiya  və  Litvaya  verdilər.  Bundan  əlavə  o,  bütün  Şərqi  və  Cənub-qərbi 
Afrikadakı  müstəmləkələrini  itirdi.  Asiyada  Kamerunu  və  Toqonu,  Avstraliyada 
əhalisi 12,3 milyon olan 3 milyon kv m-lik ərazini Böyük Britaniyaya, Fransaya, 
Belçika  və  Yaponiyaya  verdi.  Dansiq  azad  şəhər  oldu  və  bu  dəhlizlə  Polşanın 
dənizə çıxışı təmin edildi. Eyni zamanda, Versalda Millətlər Liqası təsis olundu. 
Göründüyü  kimi,  Versal  müqaviləsi  Almaniyanı  da  çox  ağır  vəziyyətə 
salmışdı. Başda Hitler olmaqla nasistlər Versal  müqaviləsinin şərtləri 1921-ci ilin 
yanvarın  30-da  elan  edildikdən  sonra  fevralın  1-də  Münhenin  “Krone”  sirkində 
etiraz  mitinqi  təşkil  etdilər.  Axşam  saat  8-də  altıminlik  zal  adamlarla  dolmuşdu. 
Hitlerin  “Krone”  sirkindəki  iki  saatlıq  çıxışı  “Gələcək,  yaxud  ölüm”  adlanırdı. 
Hitlerin  çıxışı  çox  böyük  marağa  səbəb  oldu.  Məhz  bu  çıxışdan  sonra  onu  yeni 
lider kimi Münhenin mühafizəkarları və ekstremistləri də etiraf etdilər. 
Amerikanın  Berlindəki  hərbi  attaşesinin  nümayəndəsi  T.Smit  elə  həmin 
illərdə  Hitlerlə  görüşündən  sonra  yazırdı:  “Ağlasığmayan  demaqoqdur.  Mən  bu 
vaxta  kimi  belə  inadkar  və  fanatik  adam  eşitməmişəm...  Hitler  alman  siyasətində 
əhəmiyyətli amildir. O, nə istədiyini bilir”. (317, s.55-56) 
ABŞ-ın  Berlindəki  səfiri  Robbins  1922-ci  il  dekabrın  5-də  Vaşinqtona 
göndərdiyi məktubda yazırdı: “Hitler gənc Avstriya feldfebelidir, müharibə zamanı 
alman  ordusunda  vuruşmuşdur,  indi  isə  faşist  hərəkatına  rəhbərlik  edir. 

Mussolininin  keçdiyi  yolu  yavaş-yavaş  o  da  gedir.  O  da  Mussolini  kimi 
sənayeçilərdən  çoxlu pul alır”. (317, s.56) 
Hitlerin  nüfuzu getdikcə  artırdı.  (128) O, Almaniyanın ağır vəziyyətindən, 
problemlərindən  danışaraq  mübarizəsini  gücləndirir,  lideri  olduğu  nasist 
partiyasının  təşkilat  strukturlarını  genişləndirirdi.  Artıq  1929-cu  ilin  seçkilərində 
nasistlər  ilk  uğurlar  əldə  etdilər  və  partiyanı  çox  zaman  “Hitler  hərəkatı”  da 
adlandırırdılar.  1932-ci  ilin  seçkilərində  isə  13  milyon  seçici  məhz  Hitleri 
dəstəkləmişdi.  1932-ci  ilin  iyulundakı  iki  seçkidə  -  yerlərə  və  Rexstaqa  seçkidə 
Hitler  seçicilərin  37,3  faizinin  səsini  qazandı.  Rexstaqda  230  yer  alan  ən  böyük 
partiyanın  lideri  kimi  o,  kansler  vəzifəsini  tələb  etdi.  Lakin,  1932-ci  ilin  13 
avqustunda Gindenburq onun təyinatına razı olmadı. 
Lakin  sonrakı  proseslər,  baş  verən  ağır  böhran  Gindenburqu  Veymar 
Konstitusuyasının  48-ci  bəndinin  əksinə  olaraq  (həmin  bənd  demokratiyanın 
antidemokratik qüvvələrdən, sağ və sollardan qorunmasına  əsas verirdi)  höküməti 
Hitlerə verməsini məcbur etdi. 1932-ci il dekabrın 2-də ölkədəki inqilabi hərəkatla 
bacarmayan  Papen  istefa  verdi.  Onun  yerinə  kansler  olan  general  Şleyxer  əslində 
Hitlerin  hakimiyyətə  gətirilməsi  rolunu  oynadı.  1933-cü  il  yanvarın  30-da  Hitler 
reyxkansler oldu. (317, s.69) 
Hitler  ilk  gündən  fəal  xarici  siyasətlə  məşğul  oldu,  güclü  hərbi  potensiala 
malik  olmayan  Almaniyanı  sülh  tərəfdarı  kimi  tanıtmağa  başladı.  Hitler  ABŞ 
prezidenti  Ruzveltin  sülhün  qorunması  haqqında  Avropa  xalqlarına  müraciətinə 
belə  cavab  vermişdi:  “Almaniya  böyük  səylə  belə  sülhün  təminatçısı  olmaq 
istəyir”.  (317,  s.76)  Əslində,  Hitler  Sovet  İttifaqını  zəbt  etmək  planından  əl 
çəkməmişdi.  O,  kommunizmə  qarşı  mübarizədə  İngiltərəni  müttəfiq  görmək 
istəyirdi. Təxmini plan belə idi: Almaniya Avropa qitəsində Urala qədər, İngiltərə 
isə dənizdə  və dənizətrafı  müstəmləkələrdə ağalıq edir. Bundan  əlavə, o, İtaliyanı 
da özünə müttəfiq etmək istəyirdi. Rəsmi müraciətində yeni hökümət Sovet İttifaqı 
ilə  dostluq  münasibətini  müdafiə  etdiyini  bildirir,  göstərirdi  ki,  kommunistlərə 
qarşı aparılan tədbirlərin SSRİ-yə aidiyyatı yoxdur. 
Lakin,  1933-cü  ilin  payızında  nasistlər  Almaniyanın  Millətlər  Liqasından 
çıxdığını  bildirdilər.  Oktyabrın  14-də  radio  ilə  oxunan  müraciətdə  bildirilirdi: 
“Üçüncü  reyx”  iki  ildir  ki,  tərksilah  olunmaqla  bağlı  davam  edən  Cenevrə 
Konfransını və Millətlər Liqasını tərk edir. (317, s.77) 
Cenevrədəki  konfransda  alman  nümayəndəsi,  səfir  Nadolnı  bildirirdi: 
“Almaniya  artıq  tərksilah  olub.  Onun  ordusu  cəmi  100  min,  donanması  isə  15 
mindir.  Almaniyanın  nə  tankı  var,  nə  də  ağır  silahı.  Onun  aviasiyası  da  yoxdur. 
Bəs,  buyurun,  deyin  görək,  başqa  dövlətlər  necə  tərksilah  olurlar?  Almaniyanın 
bərabər hüquqluğu hardadır? Almaniya istənilərn təcavüz qarşısında müdafiəsizdir. 
Millətlər  Liqası  lazımi  təcavüzkarın  qarşısını  almağa  qadir  deyildir.  Baxın, 
Yaponiyanın  1932-ci  ildəki  Mancuriyaya  qarşı  təcavüzünə!  Almaniya  tamamilə 

silahlanmaq istəmir. Lakin, Almaniya tələb edir ki, başqaları da tərksilah olsunlar!” 
(317, s.77) 
1933-cü  ilin  dekabrında  Almaniya  ordusunun  sayının  və  hərbi  xərclərinin 
isə  90  fazi  artırdığını  bildirdi.  Beləliklə,  Versal  müqaviləsinin  şərtləri  Hitler 
tərəfindən  pozulmağa  başladı.  1934-cü  il  avqustun  1-də  prezident,  feldmarşal 
Gindenburq  vəfat  etdi.  Təntənəli  dəfn  mərasimindən  sonra  avqustun  15-də 
Gindenburqun vəsiyyətləri çap edildi. O, vəsiyyətlərində bildirirdi ki, ordu dövlətin 
başlıca rəmzi və əsas sütunu olmalıdır. Bundan əlavə o, Hitıerin siyasətini bəyənir 
və göstərirdi ki, prezidentin davamçısı məhz Hitler özü olmalıdır. (317, s.83) 
Doğrudur, bu vəsiyyətlərin saxta olması haqqında fikirlər səslənsə də, artıq 
Hitler öz əlinə kifayət qədər güc toplamışdı. Onun tələbi ilə “Alman imperiyasında 
dövlətin ali başçısı haqqında   qanun”  qəbul edilir. Hər iki  –  prezident və  kansler 
və\ifəsinə uyğun olaraq Hitlerə ömürlük rəsmi “fürer və rexskansler” titulu verilir. 
(317,  s.83)  1939-cu  ildən  isə  Hitlerin  arzusuna  görə  onu  sadəcə  “Fürer”  deyə 
çağırdılar. 
1934-cü  ildə  nasistlərin  Avstriya  kansleri  Dolfusu  öldürməsi  Hitler 
hökümətini  pis  vəziyyətə  salsa  da,  o,  bu  vəziyyətdən  məharətlə  çıxmağı  bacardı. 
Belə  ki,  Versal  müqaviləsinə  görə,  Saar  ərazisi  1920-ci  ildə  Almaniyadan 
alınmışdı. Məhz nasistlərin ciddi səyi ilə əhali arasında sorğu keçirildi: yerli əhali 
Almaniyanın  tərkibinə  qatılmaq  istəyir,  yoxsa  Fransanın  ərazisi  olmağı  üstün 
sayıq?  1935-ci  il  yanvarın  13-də  əhali  arasında  keçirilən  sorğuda  sakinlərin  90,9 
faizi Almaniya ilə birləşməyə üstünlük verdilər. Daxili siyasət və beynəlxalq nüfuz 
baxımından bu, Hitler üçün olduqca böyük qələbə idi. 
1936-cı  ildə  Hitler  daha  bir  cəsarətli  addım  atdı:  alman  qoşunları  onun 
göstərişi ilə  Reyn  vilayətinə  daxil oldu. Bununla  Versal  müqaviləsinin  şərtləri və 
1925-ci il Lokarn razılaşması pozuldu. 
Bu  addımın  atılması  çox  həyəcan  və  narahatlıqlar  yaratdı.  Xarici  İşlər 
Nazirliyi  Hitlerə  ehtiyatlı  olmağı  məsləhət  gördü.  Hərbçilər  isə  sonrakı 
hadisələrdən  ehtiyatlanırdılar.  Baxmayaraq  ki,  Hitler  istənilən  anda  qoşunu  geri 
çağırmağa hazır idi, lakin, o, cəsarətli riskə üstünlük verdi. Hitlerin bu cəsarəti xalq 
arasında onu daha da məşhurlaşdırdı. Hitler ordunun bərpasına ciddi diqqət yetirdi. 
1934-cü  ildən  başlanan  iqtisadi  çətinliklər  Yalmar  Şaxtanın  iqtisadiyyat  naziri 
təyin  edilməsindən  sonra  bir  qədər  dayandırıldı.  Hitler  yeni  nazirə  iqtisadi 
problemlərin həllində “diktator” səlahiyyəti vermişdi. 
1935-cı  ildə  Almaniya  Yaponiya  ilə  ilk  əlaqələrini  qurdu.  Həmin  ilin 
mayında  Ribbentropun  nümayəndəsi  Xak  Yaponiyanın  hərbi  attaşesi  polkovnik-
leytenant  Osima  ilə  görüşdü.  Həmin  görüşdə  Almaniya  ilə  Yaponiyanın  Sovet 
İttifaqına qarşı hansı hərbi paktın bağlanması imkanları müzakirə edildi. Almaniya 
tərəfindən  imzalanmış  Yaponiya  ilə  “Antikomintern”  paktı  Hitler  tərəfindən 
bəyənildi.  İyunun  9-da  Hitlerin  Yaponiyanın  səfiri  Mutakoi  ilə  söhbətində 
“bolşevizmə  və  kommunist  ideyalarına  qarşı  birgə  mübarizə”  aparmaq 

razılaşdırıldı.  (317,  s.87)  Bir  neçə  həftə  sonra  Hitler  bildirdi:  “Rusiya  öz  tarixi 
torpaqlarına bölünməlidir ki, dünya nəhayət rahat olsun”. (317, s.87) 
1936-cı ilin sentyabrında  Almaniya ilə  Yaponiya arasında olan  müqaviləni 
Ribbentropla  Mutakoi  imzaladılar.  Bu  müqaviləyə  əsasən,  Rusiyanın  hər  iki 
ölkədən birinə hücumu zamanı birgə fəaliyyət nəzərdə tutulurdu. 
1936-cı  ilin  avqustunda  Hitler  “Müharibəyə  iqtisadi  hazırlıq  haqqında” 
memorandumu  elan  etdi.  Hitler  göstərirdi  ki,  “xalqın  və  imperiyanın 
mövcudluğunu”  yalnız  bu  addım  təmin  edə  bilər.  Böyük  iqtisadi  çətinliklərə 
baxmayaraq  Hitler  Almaniya  ordusunu  gücləndirirdi.  1937-ci  ilin  yanvarında 
Hitler partiyanın dairə liderlərinin toplantısında bildirirdi: “Mən istəyirəm ki, bizim 
alman xalqı Avropa xalqları arasında ən güclüsü olsun!” (317, s.93) 
Almaniya  hər  vasitə  ilə  müharibəyə  hazırlığını  davam  eydirirdi.  1937-ci  il 
noyabrın 5-də reyxkanselyariyada yüksək siyasi və hərbi rütbəli şəxslərin keçirdiyi 
gizli müşavirədə bildirilmişdi: yaxın gələcəkdə müharibəyə hazır olmaq. Təxminən 
tarix  də  belə  müəyyənləşmişdi:  1943-1945-ci  illər”.  (317,  s.99)  Hitler  bildirmişdi 
ki, hazırda Britaniya daxildən çox zəifdir, fransızlar isə  möhkəm olsalar da, daxii 
siyasi çətinliklər içərisindədir. 
Bundan  əlavə,  artıq  1937-ci  ilin  sonlarında  İngiltərə  və  Fransa  sovet 
hökümətinə əks mövqedə dayandığından Berlinlə yaxınlaşmağa meylli idilər. Artıq 
1937-ci  ildə  Hitlerin  göstərişinə  əsasən  “Otto”  planı  hazırlandı.  Bu  plana  uyğun 
şəkildə  1939-cu  il  martın  12-də  Avstriya  işğal  edildi  və  martın  13-də  Avstriya 
Almaniyanın əlayəti elan olundu. (317, s.103) 
Almaniyanın  az  sonra  Çexoslavakiyanın  Sudet  vilayətini  də  öz  ərazisinə 
birləşdirməsi  Hitlerin  Versal  müqaviləsi  şərtlərini  bütövlükdə  pozduğunu  sübut 
etdi.  1938-ci  ilin  oktyabrında  alman  qoşunlarıa  artıq  Sudet  vilayətini  tutmuşdu. 
Qeyd  edək  ki,  1938-ci  ilin  sentyabr  ayında  İngiltərə,  Fransa,  Almaniya  və  İtaliya 
hökümətlərinin  başçıları  Münhendə  toplaşaraq  Çexoslavakiyanın  bir  sıra 
rayonlarını Almaniyaya vermək razılığına gəlmişdilər. Çexoslavakiya höküməti isə 
ölkədə  müəyyən  qüvvələrin  etirazlarına  baxmayaraq,  müqavimət  göstərməkdən 
imtina edib təslim oldu. (187, s.498) 
Qeyd  edək  ki,  Hitlerin  nüfuzunun  artmasında  Reyxstaqın  yandırılması  və 
Remin  çevrilişi,  Blomberqer  –  Frinq  cəhdinin  də  böyük  təsiri  oldu.  Məhz  bu 
hadisələrdən  sonra  Hitlerin  ətrafında  daha  çox  özü  xislətdə  olan  avantüristlər  və 
“ya hər şey, ya da heç nə” prinsipinə möhkəm əsaslanan əlavə adamlar toplaşdı. 
Qeyd  edək  ki,  Hitlerin  hakimiyyət  zirvəsinə  çatmasında  qəddarlığının  və 
tətbiq etdiyi amansız cəza  üsullarının da böyük təsiri  vardı. Hitler rejimi  əleyhinə 
olan  minlərlə  adam  təqib  edilir,  müxtəlif  cəzalara  məruz  qalırdılar.  Nasistlərin 
hakimiyyəti  ərəfəsində  ümumi  sayı  150  mindən  çox  olan  Kommunist  Partiyası 
üzvlərinin,  demək  olar  ki,  yarısı  həbsxanaya  salındı.  1933-cü  ildən  1939-cu  ilə 
qədər  təqribən  12  min  adam  dövlətə  xəyanətdə  günahlandırılıb  mühakimə  edildi. 
Müxalifət qüvvələri ya məhv edilmiş, ya da Almaniyadan qovulmuşdu. Doğrudur, 

nasistlər  ilkin  vaxtlarda  daha  çox  həbslər  aparsalar  da,  sonrakı  illərdə  bu  rəqəm 
azaldıldı.  Məsələn,  1933-cü  ilin  31  iyuluna  qədər  həbsxanalarda  27  min  adam 
saxlanırdısa,  1936-1937-ci  illərdə  bu  rəqəm  7500  idi.  Lakin,  həbsxanaların  və 
məhbusların genişləndirilməsi haqqında planlar vardı. 
Bu  illərdə  Almaniyada  güclü  terror  aparatı  yaradılmışdı.  Həbs 
düşərgələrinin  yaradılmasında  isə  Himmlerin  “xüsusi  xidmətləri”  vardı.  İlk 
düşərgələr  –  Bavariyada  –  Dahauda  yaradılırdı.  1935-ci  ildə  Almaniyada  yeddi 
böyük həbs düşərgəsi vardı: Dahau, Esterveqen (burada rəsmi olaraq cinayətkarları 
saxlasalar  da,  siyasətçiləri  buraya  salırdılar),  Lixtenberq,  Zaksenhauzen,  Bad-
Zultsa,  Kolumbiya-hauz  və  Fyulsbyuttel.  1936-cı  ilin  iyulunda  Zaksenhauzendəki 
həbsxana  əsas  düşərgə  sayılırdı.  Həmin  vaxtda  Buhenvald  həbs  düşərgəsinin 
tikintisinə  başlanıldı.  Bundan  əlavə,  Himmler  Berlində  həbsxana  təlimatçıları 
idarəsi və briqadfyurer Eykin komandanlığı ilə “Ölü başlar” dəstələri yaratdı. 
Hitler  öz  hakimiyyətini  gücləndirmək  məqsədi  ilə  mövcud  orqanları 
möhkəmlətmiş,  eyni  zamanda  müxtəlif  qurumlar  yaratmışdı.  Hitlerin  hakimiyyəti 
illərində  fəaliyyət  göstərən  qurumlardan  biri  SA  (hücum  dəstələri)  təşkilatı  idi. 
Həmin  təşkilat  1921-ci  ildə  nasist  partiyasına  kömək  məqsədi  ilə  yaradılmışdı  və 
nasist partiyasının hərbiləşmiş terrorçu dəstəsi kimi mövcud idi. 1933-cü ilə qədər 
anti-faşistlərə qarşı terror silahı kimi istifadə olunurdu. SA təşkilatına Emil Mauris 
və  Ulrix  Klinqdən  sonra  German  Gerinq  rəhbərlik  edirdi.  Maraqlı  idi,  böyük 
xərclər hesabına başa gələn dəstəni yaratmaqda Hitler nə məqsəd güdürdü? 
SA təşkilatının ilk rəhbərlərindən olan kapitan Rem hərbi anbarlarda çoxlu 
qəhvəyi rəngli paltarların olduğunu gördükdə öz  əsgərlərinə o formanı geyinməyi 
əmr  etmişdi.  Beləliklə,  qəhvəyi  rəng  həm  də  faşistlərin  rəmzlərindən  birinə 
çevrildi. 
Küçələrdə  yük  maşınlarında  gedən  hücum  dəstələri  haqqında  isə  belə 
şüarlar söylənilirdi: “Neçə ki, SA marş edir, Almaniya sağ qalacaqdır!” Hitler SA 
dəstələrinə  böyük  əhəmiyyət  verirdi.  Həmin  dəstələri  o,  müharibədən  sonra 
yaranmış  freykerlərin  təcrübəsi  əsasında  formalaşdırırdı.  (372,  s.23)  SA-da 
olanların sayı 300 mindən 1,2-1,7 milyona çatırdı. 
Qeyd  edək  ki,  SA  dəstələrinin  başçısı  Rem  özünün  çoxminlik  ordusunu 
dövlətə  qarşı  qoyur,  heç  kimə  tabe  olmurdu.  SA  getdikcə  narazı  qalanların 
ordusuna  çevrilirdi.  Eyni  zamanda  partiya  rəhbərliyinə  tabeçilikdə  dayanmayan 
Rem və onun ordusu Hitlerə problemlər yaradırdı. Hitler 1925-ci ildə onu bu işdən 
uzaqlaşdırsa  da,  1931-ci  ildə  onu  yenidən  qaytarmağa  məcbur  olmuşdu.  Lakin 
sonralar  Hitler  Gerinqin  və  Himmlerin  hazırladığı  planı  təsdiqləyib  başda  Rem 
olmaqla SA dəstələrini dağıtmaq əmrini verdi. (207, s.483) Hitler özü əməliyyatda 
iştirak  edərək  SA  rəhbərliyinin  yaşadığı  otağa  girib  onları  həbs  etdi  və  ciddi 
nəzarət  altında  Münhenə  göndərdi.  Hitlerin  göstərişi  ilə  Remə  özünü  öldürmək 
imkanı verildi, lakin o razılaşmadıqda, bazar günü axşam güllələndi. 

Hitlerin  bu  cəsarətli  hərəkəti  böyük  heyrətə  səbəb  oldu.  İyulun  13-də 
Reyxstaqdakı çıxışında Hitler apardığı əməliyyatı belə izah etdi: “Mən sui-qəsdin 
iştirakçılarını güllələmək əmrini verdim. Bu, o deməkdir ki, mən alman ailələrinin 
möhkəmliyini  sarsıdan  bir  yaranı  sağaltdım.  Qoy  hamı  bilsin  ki,  intizam  və 
təhlükəsizlik  millətimizin  mövcudluğunun  başlıca  şərtidir.  Heç  kim  bu  əsasa  sui-
qəsd  edə  bilməz!  Və  qarşıda  kim  dövlətə  əl  qaldıracaqsa,  mütləq  ölümə  məhkum 
ediləcəkdir”. (207, s.485) 
Hadisədən üç həftə sonra Hitler əvvəllər SA tərkibində olan SS təşkilatının 
statusunu  yüksəldib  müstəqil  təşkilat  etdi  və  birbaşa  öz  tabeliyinə  keçirdi. 
Beləliklə,  Hitler  intizamsız  və  inam  bəsləmədiyi  SA-nı  öz  siyasətinə  uyğun  olan, 
daha perspektivli SS-lə əvəz etdi. 
SS  təşkilatı  da  (mühafizə  dəstələri)  faşist  rejiminin  əsas  dayaqlarından  idi. 
1925-ci  ildə  SA  tərkibində  fürerin  şəxsi  mühafizəsi  kimi  (sayı  200-ə  qədər) 
yaradılmışdı.  (301,  s.682)  1929-cu  ildən  SS-in  rəhbəri  Himmler  təyin  olundu. 
1934-cü  ildən  isə  müstəqil  təşkilat  olaraq  fəaliyyətə  başladı.  SS  təşkilatı 
aşağıdakılardan ibarət idi: 1) Alqemeyn SS (ümumi SS); 2) Ferfyuqunstruppe SS 
(hərbi dəstəli SS). İkinci Dünya müharibəsi başlandıqda hər ikisi “SS Vaffen” (“SS 
hissələri”)  adını  aldı.  Beləliklə,  SS  tərkibinə  “Ölü  başlar”,  “SS  hissələri”,  SS 
Reyxsfürerin  təhlükəsizlik  xidməti  daxil  idi.  SS  Almaniyada  və  işğal  edilmiş 
bölgələrdə  kütləvi  terrorun  keçirilməsində  başlıca  silah  idi.  SS-in  sıralarında 
olanların sayı 50 mindən 1 milyona qədər idi. 
Hitlerin  hakimiyyəti  illərində  fəaliyyət  göstərən  daha  bir  qurum  SD 
(təhlükəsizlik  xidməti)  adlanırdı.  Bu  qurumun  fəaliyyəti  istiqamətləri  belə  idi: 
casus-terrorçuluq,  siyasi  kəşfiyyat  və  əks-kəşfiyyat,  reyx  daxilində  və  onun 
kənarlarında fəaliyyət, işğal zonalarında terrorçu aksiyalara rəhbərlik. (301, s.682) 
SD sıralarında olanların sayı 70 minə qədər idi. 
Hitlerin  təsirində  olan  digər  bir  təşkilat  “Polad  dəbilqə”  adlanırdı.  1918-ci 
ilin  noyabrında  yarımhərbi  və  şovinist  qurum  olaraq  yaranmışdı.  Qurumun 
yaradıcısı  keçmiş  zabit,  fabrik  sahibi  Zeldt  idi.  Təşkilat  Almaniyada  inqilabi 
hərəkatla  mübarizə  məqsədi  ilə  yaradılmışdı.  Alman  Nasist  Partiyasının 
sənayeçiləri  tərəfindən  maliyyələşdirilirdi.  1933-cü  ildə  bütövlükdə  SA-ya  və 
“Hitleryuqend” (“Hitlerçi gənclər”) təşkilatına qatıldı. Zeldt isə Hitler hökümətində 
əmək naziri oldu. (301, s.683) 
Hitlerin  hakimiyyətinin  möhkəmləndirilməsində  Gestapo  (“Gizli  dövlət 
polisi”) sisteminin də  az təsiri olmamışdı.  Gestapo sistemi 1933-cü ilin aprelində 
Gerinqin  sərəncamı  ilə  yaradılmışdı.  Gestapo  faşist  Almaniyasında  əks-kəşfiyyat 
və  siyasi  türk  orqanları  sistemi  olaraq  mövcud  idi.  Almaniyada  və  kənarlarda 
kütləvi terror həyata keçirirdi. (301, s.663) 
Gestapoda  olanların  sayı  40  minə  qədər  idi.  Bundan  əlavə,  Hitlerin 
ideyalarının  təbliğində  və  bir lider kimi nüfuzunun artmasında  nasist partiyasının 
mərkəzi  orqanı  olan  “Felukiter  beobaxter”  qəzetinin,  esesçilərə  (SS)  daha  yaxın 

“Şvarie  kor”  (“Qara  korpus”)  qəzetinin,  aylıq  “NS  Monatsxefşe”  jurnalının 
əhəmiyyəti də böyük idi. 
Hitlerin nüfuzunun yüksəldilməsində, şübhəsiz ki, onu əhatə edən şəxslərin 
də  təsiri  böyük  idi.  Hitlerə  xüsusi  yaxınlığı  olanların  arasında  German  Gerinqin, 
Henrix  Himmlerin,  İosif  Göbbelsin,  Martin  Bormanın,  İoahim  Ribbentropun  adı 
tez-tez hallanırdı. 
German Gerinq – Hitler imperiyasında ikinci şəxs sayılırdı və fürerin rəsmi 
varisi idi. 53 il ömür sürdü. 1893-cü ilin yanvarında doğulan Gerinq 1946-cı ildə 
Nyurenberq prosesində asılmaqla ölümə məhkum edildikdən sonra  özünü öldürdü. 
(372, s.97) 
Gerinq  ilk  dəfə  1922-ci  ildə  Hitlerlə    tanış  olmuşdu.  İlk  tanışlıqdan  sonra 
Hitler  onu  SA-nın  rəhbəri  təyin  etmişdi.  İlk  tanışlıqları  dövründə  Hitlerin  maddi 
təminatına və dolanışığına həm Gerinq, həm də Gerinqlər ailəsi yaxından köməklik 
göstərirdi.  Onların  dostluğunu  pozmağa  çalışanlar  olsa  da,  bu  münasibət  1945-ci 
ilə qədər davam etdi. Doğrudur, bu illərdə Hitlerlə münasibətlərində az gərginliklər 
də  olmadı.  Bir  müddət  o,  həbsdə  yatdı,  narkomaniya  xəstəliyinə  tutuldu,  sonra 
sağalıb  İtaliyaya-Mussolini  ilə  danışıqlara  göndərildi.  1926-cı  ildə  yeni  alman 
prezidenti  Gindenburq  putçistlərə  amnistiya  verdikdən  sonra  da  nasistlər  Gerinqi 
yaxına  buraxmadılar.  Sonra  o,  İsveçə  getdi.  Burada  çox  qalmayıb  yenidən 
Almaniyaya qayıtdı. 1928-ci ildə Reyxstaqa seçkiləerdən sonra onun həyatında çox 
dəyişiliklər oldu. Hitlerlə yaxınlıq edən Gerinq özü haqqında şöhrət dolu və təsirli 
rəylərin  yaranmasını  təmin  etdi.  Məsələn,  “Alovlu  vətənpərvər  Gerinq,  Almaniya 
Versal müqaviləsi şərtlərindən xilas olmayınca, rahat nəfəs almayacaq” və s. Nasist 
təbliğatçıları  belə  uydurmalarla  onun  nüfuzunu  artırırdılar.  1928-ci  ildə  o, 
Reyxstaqa  deputat  seçildi.  Bütün  bu  uğurları  o,  Hitlerin  köməyi  ilə  qazanırdı. 
1933-cü il yanvarın 30-da hakimiyyətə gələn Hitler sabahı günü – ayın 31-də onu 
Prussiya Daxili İşlər Nazirliyində fövqəladə komissar təyin etdi. Burada olarkən o, 
tədqiqat  mərkəzi  yaradıb  adamların  danışıqlarına  qulaq  asır,  lentə  yazırdı.  Bu 
“tədqiqat”a hələ nə xarici diplomatlar, nə də almanlar öyrəşməmişdilər. 1934-cü il 
aprelin  10-da  Hitler  Gerinqi  Prussiyanın  nazir-prezidenti  təyin  etdi.  1937-ci  ilin 
iyulunda  Gerinqin  rəhbərliyi  ilə  nəhəng  dövlət  konserni  yaradıldı.  Buna  qədər  isə 
o,  xammal  ilə  yanacaq  üzrə  komissar  kimi  iqtisadiyyatın  inkişafında  mühüm  rol 
oynayırdı.  1940-cı  il  iyulun  19-da  Hitler  Gerinqə  reyxmarşal  rütbəsini  verdi. 
Beləliklə, “dəmir German” Almaniya tarixində ikinci reyxmarşal oldu. İlk rütbəni 
alan  Savoski  prin  (1663-1736)  Oyqen  olmuşdu.  Nasist  Almaniyanın 
məğlubiyyətindən  sonra  ömrünə  bir  neçə  saat  qalmış  Gerinq  zəhər  ampulasını 
dişləri arasında sıxıb özünü öldürdü. (301, s.166) 
Henrix  Himmler  –  1900-cü  ildə  anadan  olmuşdu.  SS  reyxsfüreri  Himmler 
Hitlerin ən yaxın adamlarından biri idi. Fransız tarixçisi Jak Delaryu Himmleri belə 
təsvir  edirdi:  “Ancaq  iki  əlaməti  göstərirdi  ki,  bu  adamla  olduqca  ehtiyatlı  olmaq 
lazımdır:  çox  nazik  və  qansız  dodaqları  və  çox  kəskin  ifadəli  balaca  boz-mavi 

gözləri.  Onun  bu  baxışlarını  hətta  eynəyin  şüşələri  də  gizlədə  bilmirdi”.  (301, 
s.172-173) Rozenberq isə deyirdi: “Mən heç zaman Himmlerin gözlərinin içərisinə 
düz  baxa  bilməmişəm.  Onlar  həmişə  qırpılaraq  eynəyin  şüşələri  arxasında 
gizlənirdi.  İndi  onun  şəkildən  mənə  dikilmiş  gözlərində  bir  şey  hiss  edirəm: 
qəddarlıq”. (301, s.173) 
Himmler  hələ  1925-ci  ilin  fevralında  Hitlerə  məktub  yazmış,  martın  12-də 
isə Münhendə ilk dəfə onunla görüşmüşdü. 20-ci illərin sonunda isə o, bütövlükdə 
Hitlerə  xidmətə  başladı.  1929-cu  ildə  o,  SS  qrupuna  başçılıq  etdi.  1933-cü  ildə 
Hitler hakimiyyətə gəldikdən sonra Himmlerin də ulduzu parlamağa başladı. 1936-
cı il iyunun 17-də Himmler SS-in reyxsfüreri və alman polisinin rəisi təyin olundu. 
Nasist Almaniyasında Himmlerin vəzifəsinə  görə əslində daxili işlər naziri Frikin 
müavini  sayılırdı.  Lakin,  Himmler  nazirdən  də  çox  hakimiyyətə  malik  idi.  Yəni, 
əslində  Himmler  və  onun  idarəsi  nazirə  yox,  birbaşa  Hitlerə  tabe  idi, 
dövlətdənkənar  idarə  formasına  çevrilmişdi.  Himmlerə  aşağıdakı  qurumlar  tabe 
edilmişdi:  İmperiyanın  Təhlükəsizlik  İdarəsi  –  rəhbəri  Heydrix,  sonradan  isə 
Kaltenbrunner  idi.  Bu  idarə  yeddi  bölməyə  ayrılırdı:  Baş  bölmə  -  Gestapo,  gizli 
polis  idi.  Əslində  Gestapo  RSXA-nın  yalnız  dördüncü  bölməsi  olsa  da,  olduqca 
qorxulu və mistik təsirə malik idi. Məhz Gestapo ölkədə kəsilməyən terroru həyata 
keçirirdi.  Gestapo  bölməsinin  rəhbəri  keçmiş  polis  məmuru,  bavariyalı  Henrix 
Müller idi. Kommunistlərlə, fəhlə və ziyalılarla mübarizədə peşəkar idi. RSXA-nın 
mühüm  olan  altıncı  bölməsinə  isə  uzun  müddət  Şellenberq  başçılıq  edirdi.  Bu 
bölmə xaricdə təxribatlar aparır, qanlı intriqalar törədir, xarici kəşfiyyatlarla əlaqə 
saxlayırdı. Nyurenberq prosesində şahid kimi dindirilən Şellenberqə toxunulmadı. 
O,  İtaliyanın  kurort  bölgəsi  olan  Laqo  Macorda  vəfat  etdi.  Şellenberqi  xarici 
kəşfiyyat  quurmları  müdafiə  edirdi.  Səbəbi  isə  Şellenberqin  məhz  onların 
fəaliyyətinə aid çox məlumatları bilməsi idi. (301, s.194) 
Bundan  əlavə,  Himmler  bütün  SS  silahlı  qüvvələrinə  -  nəhəng  daxili 
qoşunlar ordusuna, cəbhə diviziyalarına və daha dörd “ideoloji” bölməyə başçılıq 
edirdi. Beləliklə, Himmlerin əlində üç nəhəng struktur toplaşmışdı: RSXA – terror 
aparatı,  xüsusi  təyinatlı  qoşunlar  və  alman  QULAQ-ı  –  Almaniyada  və  işğal 
edilmiş  ərazilərdəki  həbs  düşərgələri.  Bəzi  hallarda  Himmleri  Bonapart 
Napoleonun polis naziri olmuş və ilk gizli polis “xüsusi xidmətlərinin”  yaradıcısı 
sayılan  Fuşla  müqayisə  edirdilər.  Məhz  Himmlerin  göstərişi  ilə  aprelin  20-də 
Hitlerin ad günündə esesçilər rəhbərə and içirdilər: “Sənə and içirəm, Adolf Hitler! 
Sədaqətli  və  cəsarətli  olacağam.  Ölənə  qədər  itaətkar  olacağam.  Allah  da  mənə 
kömək edəcək”. (301, s.224) 
SS-in ümumi qoşun hissələrində andiçmə məzmunlu aşağıdakı sorğu-suallar 
keçirilirdi: “Sual: Biz nə üçün Almaniyaya və Fürerə inanırıq? Cavab: Ona görə ki, 
biz  cənab  Allaha  inanırıq,  Almaniyaya  inanırıq  ki,  onu  bu  dünyada  yaratdı  və 
Fürerə - Adolf Hitlerə inanırıq ki, onu bizə göydən göndərdi. Sual: Biz hər şeydən 
əvvəl  kimə  xidmət  etməliyik?  Cavab:  Bizim  xalqımıza  və  bizim  Adolf  Hitlerə. 

Sual:  Nə  üçün  sən  tabe  olursan?  Cavab:  Öz  dərin  daxili  inamımdan,  ona  görə  ki, 
Almaniyaya və Fürerə, nasional-sosializmə, SS-ə inanıram”. (301, s.225) 
Maraqlıdır  ki,  1945-ci  ildə  artıq  Almaniyanın  məğlubiyyətini  görən 
Himmler  qərb  qüvvələri  ilə  danışıqlara  başlamaq  istəmişdisə  də,  bu  cəhdi  baş 
tutmamışdı.  Bi-Bi-Si  radiosundan  bu  məlumatı  eşitdikdən  sonra  Hitler  özünün 
“siyasi vəziyyətləri”ndə  yazmışdı: “ölümüm ərəfəsində  mən sabiq SS reyxsfüreri, 
daxili  işlər  naziri  Henrix  Himmleri  partiyadan  qovur  və  bütün  vəzifələrdən  azad 
edirəm...” (301, s.262) 
Almaniya  məğlub  edildikdən  sonra  ingilislər  tərəfindən  zəbt  edilən 
Himmler sianid zəhərli ampulanı qəbul edib özünü öldürdü. 
İozef  Göbbels  –  nasist  rəhbərliyində  ilk  beşliyə  daxil  olan  liderlərdən  idi 
(Gerinq,  Göbbels,  Gess,  Rozenberq,  Himmler).  Nasist  hökümətində  təbliğat  və 
maarif  naziri  olan  Göbbels  öz  sənətinin  həqiqi  peşəkarı  idi.  Yalan  və  cəzanı 
Göbbels təşkil edir, qorxunu isə Himmler yaradırdı. 
Göbbels  1897-ci  ildə  oktyabrın  29-da  anadan  olmuşdu.  Anası  hollandiyalı 
idi, atası isə fabrikdə işləyirdi. Göbbels anadan qüsurlu doğulmuşdu, ayağının biri 
o birisindən qısa idi. Gimnaziyanı bitirdikdən sonra Göbbels Bonn Universitetində 
qədim  filologiya,  almanizm  və  tarix  öyrəndi.  Eyni  zamanda  o,  təhsil  illərində  bir 
neçə  dəfə  universitet  dəyişdi:  Bonn  –  Münhen  –  Freyburq  –  Qeydelburq.  Sonra 
fəlsəfədən  müdafiə  edib  elmlər  doktoru  oldu.  İlkin  dövrlərdə  Göbbels  nasist 
partiyasında  güclü  təşkilatçı  və  natiq  olan  Qreqor  Ştrasserə  xüsusi  rəğbət 
bəsləyirdi.  Ştrasser  1925-ci  ilin  noyabrında  öz  qruppası  ilə  Hannoverdə  konfrans 
keçirib NSDAP-ın proqramındakı 25 maddəni dəyişmək istədikdə (köhnə proqramı 
Feder  və  dreksnar  hazırlamışdı)  müəyyən  etirazlar  nəzərə  alınmış,  konfrans 
sonraya  saxlanılmışdı.  Hitler  isə  onları  qabaqlayıb  özü  Bamberqdə  konfrans 
keçirdi. Konfransda ştrasserçilər Göbbelsin Hitlerə qarşı mövqeyini gözləsələr də, 
bu alınmadı. Göbbels Hitlerin daha böyük üstünlüyünü görüb susdu. 
1926-cı  ilin  noyabrında  Hitler  Göbbelsi  Berlinin  qauleyteri  təyin  etdi. 
Beləliklə, Göbbelsin Hitlerlə yaxşı münasibətlərinin əsası qoyuldu. Sonrakı illərdə 
Göbbelsin düşünülmüş və  sistemli şəkildə  aparılan “təbliğatı”  Hitlerin nüfuzunun 
artmasında mühüm rol oynadı. Nasistlərin hakimiyyəti ələ keçirməsindən düz yüz 
gün  sonra  Göbbels  lazımsız  kitablar  adı  altında  alman  ədəbiyyatının  və 
mədəniyyətinin  çox  nümunələrini  yandırıb  məhv  etdi.  Məhz  Göbbelsin  rəhbərliyi 
ilə universitetlərdə təmizləmələr aparılır, yəhudilər qovulurdu. Yalnız 1933-cü ilin 
14  aprelində  aparılan  təmizləmələrdən  sonra  universitetlərin  15  faizə  qədər 
professoru işfən çıxarılmışdı. Göbbelsin təsdiqlədiyi siyahı əsasında 141 müəllifin 
14 min kitabının mağazalardan və kitabxanalardan götürülməsi tapşırılmışdı. (371, 
s.304) 
Göbbels  “alman  xalqının  sağlamlığı”  adı  altında  “anti-alman  ruhunu” 
uzaqlaşdırmaq  üçün  incəsənətdə  -  musiqidə,  teatrda  da  “təmizləmələr”  aparmağı 
unutmurdu. 

Göbbelsin  başçılıq  etdiyi  Maarif  və  Təbliğat  Nazirliyinin  alman 
cəmiyyətinə təsiri getdikcə artırdı. Nazirliyinin işçilrinin də sayı durmadan artırdı. 
1933-cü  il  martın  13-də  yarandıqdan  və  elə  həmin  vaxtdan  Göbbelsin  başçılıq 
etdiyi  nazirliyin işçilərinin  ümumi sayı 350 nəfər idisə, artıq dörd ildən sonra  bu 
rəqəm 1000-ə çatdı. 
Göbbelsin  apardığı  siyasət  nəticəsində  çoxlu  sayda  tanınmış  ziyalılar  ya 
məhv edilir, ya da ölkədən qovulurdu. Belə məşhur ziyalılar arasında aşağıdakılar 
da  vardı:  Erix  Myuzam,  Karl  Oseçeski  (Nobel  mükafatı  laureatı),  Marks  Zivers, 
Adam Kukxof, Albert Xausxofer, Kurt Tuxolski, Valter Benyamin, Karl Eynşteyn, 
Valter Qazenklever və s. 
Tanınmış  alman  yazıçıları,  dirijor  və  bəstəkarları  isə  mühacirətə  getdilər. 
Onların arasında Tomas və Henri Mannlar, Bertold Brext, Remark, Zegers, Bexer, 
Bruno  Frank, paul Xindemit, Piskator, Reynxard, Kandinski və s. (372, s.320) 
Bu əməliyyata başçılığı isə Göbbels özü aparırdı. Maraqlıdır ki, Göbbelsin 
bu  “təmizləmə”  siyasətinə  qarşı  çıxan,  etiraz  edən  ziyalılar  da  az  deyildi.  Yazıçı 
Oskar  Mariya  Qraf  özünün  məşhur  “Mənim  də  kitablarımı  yandırın”  məktubunu 
bütün  alman  redaksiyalarına  yaymışdı:  “Bütün  mənim  həyatım  və  bütün 
yaradıcılığım  tələb  edir  ki,  mənim  kitablarım  da  tonqalın  təmiz  alovlarında 
yandırılsın,  lakin  qəhvəyi  quldurların  və  qatillərin  qanlı  əllərinə  düşməsin. 
Yandırın  alman  zəkasının  yaratdıqlarını!  Siz  onu  söndürə  bilməyəcəksiniz  və  öz 
biabırçılığınızı da gizlədə bilməyəcəksiniz!” (371, s.321) 
Eyni zamanda həmin ilin oktyabrında 88 alman yazıçısının imzası ilə Hitleri 
müdafiə  edən  bir  sənəd  –  “Hitlerə  inam  andı”  yayılıb  təbliğ  edilirdi.  Göbbels 
təbliğatın formalarından və üsullarından məharətlə istifadə edirdi. 
Alman  tarixçisi  Helmut  Xayber  “İozef  Göbbels”  kitabında  Göbbels 
tərəfindən  qadağan  edilmiş  mövzuların  siyahısını  vermişdi:  1)  Yoxsul  və  yetim 
uşaqlar haqqında yazmaq olmaz, 2) Şubert və Şumanın Heynenin sözlərinə musiqi 
bəstələdiyini xatırlamaq qadağandır, 3) Hötenin masson olduğunu, İohann Ştrausun 
isə  nənəsinin  yəhudi  olduğunu  çap  etmək  qadağandır.  4)  Hitlerin  gəncliyinə  aid 
mövzuya  toxunulmamalıdır.  5)  Korrupsiya  ilə  bağlı  cinayət  proseslərini 
işıqlandırmağa icazə verilmir (yəni, nasistlər oğru deyillər). 6) Matəm elanlarında 
“tibbi  əməliyyatdan  sağ  çıxmamışdır”  sözünü  xatırlatmamalı  (çünki,  nasist 
xəstəxanalarında əməliyyatlar uğurla keçir) və s. 
Maraqlıdır ki, Göbbels mətbuatla  müqayisədə radioya daha çox göstərişlər 
verirdi.  Onun  göstərişinə  əsasən,  radio  proqramları  “ciddi”  olmalı,  müharibə 
illərində “əyləncə” (daha çox fokstrop və tanqolar ifa etmək) xarakteri daşımalıdır. 
Göbbels  radionu  gərəkli  ideoloji  silah  sayırdı.  Odur  ki,  dünyada  ən  ucuz 
radioqəbuledicilər  Almaniyada  satılırdı.  (372,  s.  332)  Ölkənin  hər  yerində 
qoyulmuş  səsucaldanlardan  isə  nasist  rəhbərlərin  nitqləri,  marşlar,  müharibə 
illərində isə cəbəh xəbərləri verilirdi. Bu səsucaldanları söndürmək istəyənləri ağır 
cəza – həbs düşərgələri gözləyirdi. 

Göbbelsin  rəhbərliyi  altında  alman  təqvimindəki  xristian  bayramları  yeni 
bayramlarla  əvəz  olundu.  Məsələn,  30  yanvar  –  hakimiyyətin  alınması  hünü;  24 
fevral  –  NSDAP-ın  yaradılması  günü;  Mart  –  Qəhrəmanları  xatırlama  günü  (hər 
əyalətin öz xüsusi günü); 20 aprel – Hitlerin ad günü; 22 iyun – “günəşli darvaza” 
bayramı;  sentyabr – Nyurenberqdə illik səkkizgünlük partiya qurultayı; oktyabr  – 
məhsul bayramı; 9 noyabr – başlıca bayram, “pivə çevrilişi”nin ildönümü (1923-cü 
il); 25 dekabr – “arilərin doğum günü”. 
Göbbels  bu  bayramları  məharətlə  təbliğata  istiqamətləndirir,  nasistlərin 
mövqeyini möhkəmləndirirdi. 
Hitlerin  sədaqətli  dostlarından  olan  Göbbels  son  məqama  qədər  Berlində 
yeraltı  bunkerdə  qaldı,  Hitleri  tərk  etmədi.  Hitlerin  ölümündən  sonra  isə  artıq 
mövcud olmayan reyxin kansleri olmağa cəhd göstərdi. Göbbelsin həyatı qanlı bir 
sonluqla  bitdi:  özünü  öldürməzdən,  arvadını  zəhərləmədən  qabaq  altı  uşağını  da 
öldürüb məhv etdi. 
Rudolf  Gess  –  1894-cü  ildə  anadan  olmuşdu.  Təyyarəçi  idi.  1914-cü  ildə 
könüllü olaraq orduya getmişdi. 1923-cü ilin çevrilişindən sonra əvvəl Avstriyaya 
qaçmış, sonra da könüllü olaraq qayıdıb Hitlerin olduğu Landsberq həbsxanasında 
yatmışdı.  Burada  o,  Hitlerə  “Mənim  mübarizəm”  kitabını  yazmağa  kömək  etdi. 
Dostlarının  Hitlerə  “  Mənim  fürerim”  (yəni,  mənim  rəhbərim)  müraciətini  də 
formalaşdıran Gess oldu. Hitler hakimiyyətə  gəldikdə onun kabinetində portfelsiz 
nazir oldu. 1938-ci  ildə Gess  gizli Nazirlər Sovetinə daxil  edildi (buraya  yalnız 6 
adam daxil idi). 1939-cu ilin avqustunda isə Müdafiə Nazirliyi Sovetinin tərkibinə 
qatıldı. Həmin ili Hitler onu Gerinqdən sonra özünün ikinci varisi təyin etdi. 
Həm  prezident,  həm  kansler,  həm  də  ali  baş  komandan  olan  Hitlerin 
bacarıqlı aparat rəhbərinə ehtiyacını məhz Gess yerinə yetirirdi. O, həm də “Adolf 
Hitler Fondu”nun rəhbəri idi. (312, s.116) Gessin Fürerin şəxsi katibi kimi Hitlerə 
təsiri  də  böyük  idi.  Gessin  başçılıq  etdiyi  büroda  qərargah  rəisi  vəzifəsini  isə 
Borman  tuturdu  (312,  s.397).  Qeyd  edək  ki,  Hitler  Gessin  başçılıq  etdiyi  büroya 
geniş  səlahiyyətlər  vermişdi.  Gess  Fürerin  şəxsi  katibi,  partiya  üzrə  müavini 
sayılırdı. (330, s.57) 
Almaniyanın  məğlubiyyətindən  sonra  Nyurenberq  prosesində  ekspertlərin 
bir  qrupu  Gessin  sağlamlığını  normal  hesab  etsələr  də,  bəziləri  ona  isterik  və 
psixopatik  diaqnozu  qoyduğundan  Şpandau  həbsxanasına  salındı  və  burada  93 
yaşına qədər qalıb sonda özünü öldürdü. 
Hitlerin  “beşliy”inə  daxil  olan  sonuncu  lider  Ulrix  Fridrix  Villi  İoahim 
Ribbentrop 1893-cü il aprelin 30-da anadan olmuşdu. Atası hərbçi, anası isə evdar 
qadın idi. Bir müddət İsveçrədə, Fransada, İngiltərə və Kanadada yaşadıqdan sonra 
Almaniyaya qayıtmışdı. Hitlerlə ilk tanışlığı 1932-ci ilin avqustunda oldu. Həmin 
vaxtdan onların arasında sıx münasibətlər yarandı. Hitlerin hakimiyyətində paralel 
strukturlar  hər  sahədə  mövcud  olduğu  kimi  xarici  siyasətdə  də  özünü  göstərirdi. 
Məsələn, partiyanın xarici siyasət idarəsinə Alfred Rozenberq başçılıq etdiyi halda, 

birbaşa Hitlerə tabe olan “Ribbentrop bürosu” da fəaliyyət göstərirdi. Eyni vaxtda, 
xarici işlər naziri vəzifəsini fon Neyrat tuturdu. 
Ribbentropun  diplomatik  fəaliyyətində  ilk  ciddi  cəhd  Fransa  ilə  danışıqlar 
aparması idi. O, bir müddət Fransada yaşadığından şəxsi əlaqələri də vardı. 
1936-cı  il  avqustun  11-də  Ribbentrop  Almaniyanın  İngiltərədə  səfiri  təyin 
edildi.  Hitlerin  məqsədi  Ribbentrop  vasitəsi  ilə  möhkəm  alman-ingilis  ittifaqına 
nail  olmaq  idi.  Ribbentrop  İngiltərədə  iki  il  səfir  işlədi.  Fon  Neyrat  Hitlerin 
Avstriya və Çexoslavakiyanı tutmaq planına etirazından sonra 1938-ci il fevralın 4-
də vəzifəsindən azad edildi və Ribbentrop onun yerinə təyin olundu. 
1939-cu  ilin  avqustunda  sovet-alman  müqaviləsinin  imzalanmasını 
Ribbentrop özünün ən görkəmli uğuru sayırdı. 
1941-ci  ildən  sonra  Ribbentropun  nüfuzu  enməyə  başladı.  Müharibənin 
sonlarında  Ribbentrop  Hitlerin  tapşırığı  ilə  qərb  müttəfiqləri  ilə  danışıqlara  cəhd 
göstərsə  də,  bir  nəticə  vermədi.  Hitlerin  ölümündən  sonra  Flensburqda  hökümət 
qurmuş  Deniçslən  əlaqədar  qurması  da  baş  tutmadı.  Admiral  Deniçs  bildirdi  ki, 
Ribbentrop daha nazir deyildir. 
1945-ci  il  iyunun  14-də  Hamburqda  Ribbentropu  təsadüfən  bir  ingilis 
patrulu həbs etdi.  
Nyurenberq tribunalı isə ona asılmaqla edam cəzası kəsdi. 
 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin