VII BÖLÜM
AZƏRBAYCANLI “XĠVĠLƏR” - LEGĠONERLƏR. AZƏRBAYCAN
LEGĠONUNUN TƏġKĠLĠ
Qeyd edək ki, müxtəlif dövrlərdə almanların, müsəlmanlara
münasibətində fərqli mövqelər olmuşdur. Slavyanlara (ruslara) qarşı uzun illər
mübarizə aparmaq məcburiyyətində qalmış Almaniya özünü Rusiya təhlükəsindən
daima qorumağa çalışan Türkiyə ilə yaxşı münasibətlər qurmağa cəhd etmişdir.
Ortaq düşmənin mövcudluğu hər iki dövləti bir-birinə yaxınlaşdıran başlıca səbəbə
çevrilmişdir. (384, s. 92).
Vaxtilə, Almaniya kayzeri Vilhelm Səlahəddin Eyyubinin türbəsinə gedib
“Dünyanın bütün əzilən müsəlman xalqları, Almaniyanı ən yaxın dostunuz
sayın” deyə sözlər söyləmişdi. (384, s.92)
Daha sonradan I Dünya müharibəsində Almaniya müsəlmanlardan istifadə
etmək üçün Osmanlı dövləti ilə 1914-cü ilin 10 noyabrında bir gizli anlaşma
aparmış və bunun müqabilində 5 milyon qızıl pul vermişdi. Müsəlmanların
Xəlifəsi sayılan Osmanlı bu pulun qarşısında bütün müsəlmanları Almaniyanın
başçılığı altında savaşa aparmaq üçün “Cihadi-Əkbər” (Böyük Cihad: Böyük inanc
savaşı) elan etmişdi. (384, s.93) Almanpərəst Ənvər Paşanın Orta Asiyadakı Türk
ellərini Rus təsirindən çıxarıb osmanlı bayrağı altında birləşdirib Almaniya təsirinə
salmaq cəhdi də alınmadı. Çünki istər Türkiyə, istərsə də Almaniya I Dünya
hərbindən məğlub dövlətlər olaraq çıxmışdılar.
Otuzuncu illərdə hakimiyyətə gələn Hitler “Müsəlmanlardan istifadə”yə
yenidən üstünlük vermiş və başçılıq etdiyi nasist partiyasının bu sahədəki
fəaliyyətini canlandırmışdı. Nasist partiyası üzvləri bununla bağlı “Hitlerin sünnətli
bir müsəlman olması” fikrini Türkiyədə yaymış, onlarda Hitlerə rəğbət yaratmağa
çalışmışlar. Belə təbliğat da aparılırdı ki, Türkiyə rus təsirində yaşayan müsəlman
türklərini din və soy birliyi çərçivəsində öz rəhbərliyi altında Almanların verəcəyi
top, tüfəng, uçaq və tanklarla Rusiyanın cənubundan oraya hücum edəcək, Hitler
isə Rusiyanın işini bitirəcək və Urallardan Atlantikə qədər geniş torpaqlar azad
olunacaqdı. Hitler bu fikri gerçəkləşdirmək məqsədi ilə hələ 1934-cü ilin martında
Münhendə bir anti-sionistlər və anti-kommunistlər toplantısı keçirmiş, bu gizli
toplantıya Türkiyədən Cavad Rifah Atilxan da çağırılmışdı.
Bundan əlavə, Hitler Qüds müftisi Hacı Emin Əl-Hüseynlə də yaxşı
əlaqələr qurmuş və müfti bu təbliğatı aparmışdı: “Hitlerin doğum günü ilə Həzrəti
Məhəmmədin doğum günləri eyni aya təsadüf etməkdədir. Hitler sünnətlidir,
müsəlmandır” (384, s.95) Lakin sonradan Almaniya özünün təsirində olan Türkiyə
başçılığında bir dünya “İslam-Türk Birliyi” yaradıb Sovetlərə qarşı mübarizəyə
çalışsa da, bu istək gerçəkləşmədi.
Lakin nasistlərin irqçi baxışlarına gəldikdə isə Qafqazlılar və Türk-tatarlar
“düşük dəyərli asiyalılığı” təmsil edirdilər və slavyanlardan da aşağıda
dayanırdılar. “Tatar”, “Qırğız”- və “Moğol” kimi anlamlar isə “Untermanş”
(“Aşağı insan”) qavramına bərabər tutulurdu. (395, s. 40) Hitlerin Rusiyada
yaşayan ruslara münasibəti belə idi: “Bolşevik rejimi şeytani bir üsulla bu rusları
yox etmiş və ya Sibiryaya sürmüş və Rus xalqını irqən yox edib asiyalaşdırmaq
üçün planlı olaraq moğolları Avropa Rusiyasına yerləşdirmişdir” (395, s. 40)
Bundan əvvəl isə, 1930-cu ildə Hitler Sovetlər Birliyinin “Slav-Tatar gövdəli və
yəhudi başlı” bir məxluq olduğunu söyləmişdi.”
1942-ci ildə SS öyrətmə dairəsinin yayımladığı şəkilli “Der Untermanş”
broşurasında irqi nifrət və ən adi təhriflərlə dolu məqalələrlə yayılırdı: “Əzəldən
bəri uzaq bozqırlarda güclər toplanırlar, Atilla və Çingiz Xan, Hun sürülərini
toplayıb arxalarında qanlı qiyamət, atəş, ölüm, təcavüz, cinayətlər və qorxu,
buraxaraq rüzgar kimi Avropanı başdanbaşa qət edirlər... çəkik gözləri öldürmək
“şövqü ilə parlayır və arxalarında sadəcə çöllər, cinayət, yanğınlar və ölümlər
qalırdı” (395, s.41)
Belə təbliğatdan sonra alman əsgər və zabitlərinin asiyalı əsgərlərə
münasibəti daha kəskin və şiddətli olurdu. Sovet əsgərlərinin üzləşdiyi ilk qurum
SD təşkilatı idi və SD-yə mənsub olanlar hərbi əsirləri müxtəlif kateqoriyalara
bölürdülər.
Bunlardan bir qrupunu “şərqli işçi” adlandırır, digərini isə məhv edirdilər.
Məhv edilənlər sırasına aşağıdakılar daxil idi; kommunistlər, dövlət və partiya
xadimləri, yəhudilər və “asiyalılar”. Müharibənin ilk həftələrində bu ad altında
çoxlu sayda əsirləri qətlə yetirdilər. Bəzi hallarda isə müsəlmanlar da (Türküstanlı,
Tatar və müsəlman Qafqasiyalı) sünnət olduqlarından yəhudilərlə eyniləşdirilib
güllələnirdilər. Lakin sonradan Alman Silahlı Qüvvələrinin və SD təmsilçilərinin
də qatıldığı bir toplantıda sünnət adəti haqqında məlumat verildikdən sonra 1941-ci
ilin avqustundan başlayaraq sovet müsəlmanlarının kütlə halında qətledilmələri
azalmışdı. (395, s. 42)
Şərq Nazirliyinin təmsilçisi olan professor fon Mende Varşava
yaxınlığındakı Siedldə hərb əsirləri düşərgəsini gəzərkən orada 700-ə qədər
ziyalının qətl edilmək üçün seçildiyini gördükdə hadisənin qarşısını ala bilmişdi.
Həm yəhudilərlə eyniləşdirildiyinə, həm də “Asiyalı” kateqoriyaya
mənsubluğuna görə ən çox qətlə yetirilən tatarlar və türküstanlılar idi. Onların
məhv edilməsi üçün SD tərəfindən ayrıca təlimat da verilmişdi. Məhz buna görə
Rozenberq bir səfərində Hitlerə şikayətlənmiş və bildirmişdi ki, bu qədər insanları
öldürməkdənsə, onları legionlara cəlb etmək daha doğru olardı. Qeyd edək ki,
yalnız 1941-ci ilin sentyabrın 12-də SD birlikləri tərəfındən əsirlərə qarşı olan sərt
münasibət azalmağa başladı.
1942-ci ilin yazında, yəni yayımlandıqdan qısa bir zaman sonra Xarici
İşlər Nazirliyinin təmsilçiləri “Aşağı insan” broşurasının azərbaycanlılar,
türküstanlılar və şimali qafqazlılar arasında narazılığa səbəb olduğu və Yaponiya
hökumət dairələrində də xoşagəlməzliklə qarşılandığı xəbərini SS-in də diqqətinə
çatdırmışdılar. Lakin bu broşuranın yayılması 1944-cü ilə qədər davam etdi.
Nəhayət, SS generalı Berger digər rəsmi dairələrin təmsilçiləri ilə aparılan uzun
müzakirələrdən sonra broşuranın bağlanmasına nail oldu. (395, s.50)
Almanların irqi baxışları Qafqaz və Türk-Tatar mühacirlərə də mənfi təsir
göstərmişdi. Səfərlərinin birində sabiq Türküstan Baş Naziri Mustafa Çokayoğluna
Berlində küçədə SS sərsərisi sataşmış və onu yerə itələmişdi. Səbəbini soruşduqda
o, “aşağı insan” haqqında gördüyü bir filmdən təsirlənərək bu hərəkəti etdiyini
açıqlamışdı. Çokayoğlu Şərq Nazirliyinin qonağı olduğundan ondan rəsmi üzr
istənilmişdi.
Lakin almanların belə irqi baxışlarına və münasibətlərinə baxmayaraq
müharibənin ilk aylarında həm könüllü, həm də əsir olaraq onların tərəfınə çoxlu
sayda sabiq Qızıl Ordu əsgər və zabitləri keçmişdi. 1941-ci ilin noyabrın 1-dək
alman düşərgələrində olanların sayı iki milyondan çox idi. Rozenberq isə bu
rəqəmin 3,6 milyon olduğunu söyləyirdi.
Bəs türk-tatar əsirlərindən milli legionlar yaratmaq fıkrini ilk dəfə kim
irəli sürmüşdü? Mühlen yazırdı ki, bu fikrin təşviq ediciliyində iki türk generalının
xüsusi rolu olmuşdu və 1941-ci ilin oktyabrında bu planın müsbət həyata
keçirilməsində cəhdlər göstərmişdilər. Həmin generallardan biri tanınmış hərbçi
Nuru Paşa (130, 71) digəri isə general Ərkilət ıdi. Qeyd edək ki, hələ 1941-ci ilin
sentyabrında Berlinə golən Nuru Paşa Almaniya Xarici İşlər Nazirliyi ilə əlaqələr
qurub Veyçzeker və Bermanla görüşlər keçirdi. Öz fıkir və ideyalarını,
Almaniyada fəaliyyət proqramını açıqlayan Nuru Paşa həmin fikirlərin (yəni, Türk
birliyinin) Türkiyədə çoxları tərəfindən dəstəkləndiyini bildirirdi. Nuru Paşa alman
nümayəndələrinə izah edirdi ki, o, Türkiyə hökumətindən xəbərsiz olaraq buraya
gəlməmişdir. Berlinə yola düşməzdən qabaq o, bu səfəri haqqında ancaq Baş
Nazirə məlumat vermişdi.
Lakin Almaniya dövləti Nuru Paşanın təkliflərini onun gözlədiyi kimi
qarşılamadı. Almaniyanı Türkiyənin rəsmi dövlət mövqeyi ilə Pantürkist
təşkilatları arasındakı münasibətlərin fərqli olması narahat edirdi. Bununla əlaqədar
Berman Ribbentropa hazırladığı məlumatda Hitlerin ideyalarını əsas götürüb
bildirirdi: Sovet İttifaqının məğlubiyyətindən sonra keçmiş Rusiya imperiyasının
böyük ərazisi başqa dövlətlərin yox, Almaniyanın təsiri altına düşməlidir”. (270, s.l
12) Berman hesab edirdi ki, neft maraqları baxımından Türkiyəyə Mosul rayonunu
güzəştə getmək mümkün olsa da, Bammi və Bakı əraziləri tamamilə istisnalıq
təşkil edir. Berman düşünürdü ki, yalnız Türküstanda Türkiyənin müttəfiqliyi ilə
türk dövlətləri yaratmaq olar.
Eyni zamanda, Nuru Paşaya Berlində pantürkist ideyalarını təbliğ etməyə,
xüsusən müsəlman hərbi əsirləri arasında iş aparmağa, onlardan sovet ərazilərində
təbliğat üçün istifadə etməyə və hərbi hissələr yaratmağa razılıq verildi.
Almanlar hərbi əsirlərlə iş aparmaq məqsədi ilə ayrı-ayrı xalqların
mühacirətdəki liderləri ilə də əlaqələr qururdular. Bundan ötrü Şərq Nazirliyi
tərkibində müvafiq komissiyalar yaradılırdı. Komissiyaların məqsədi əsirlərin
siyahılarını tutmaq, onları gələcək günlər üçün işlərə hazırlamaq idi. Bununla
əlaqədar, almanlar hələ ötən illərdən Almaniyada fəaliyyət göstərmiş mühacir
liderlərə xüsusi önəm verirdilər.
İdil-Ural türklərindən olan Əhməd Teymur xatırlayırdı: “Məsələn, İdil-
Ural işini mən, (sonralar Əbdürrəhman Şəfi Almaz) yürüdürdüm, Azərbaycan işinə
Mehmet bəy (Məhəmməd Əmin Rəsulzadə), Şimali Qafqaz işinə Əli xan Qantəmir
və dostları baxırdı. Türküstanlı əsirlərlə ilgilənmək üzrə komisyona alınan Vəli
Qəyyum xan isə Mustafa Çokay gəldikdən sonra onun müavini olaraq çalışmalarını
davam etdirdi. Bundan başqa, komisyonda gürcü və erməni işlərini yürüdən üzvlər
də vardı... Komisyon üzvləri arasında səmimi bir qardaşlıq və dostluq havası hökm
sürürdü. Hər kəs bu savaşa millətləri qurtuluşa götürəcək böyük bir savaş olaraq
baxırdı”. (380, s.218)
1941-ci ilin avqustundan fəaliyyətə keçən komissiya düşərgələrdəki
əsirlərlə görüşməyə başladı. İdil-Ural komissiyasına (buraya tatarlar, başqırdlar,
çuvaşlar və fin xalqlarının nümayəndələri daxil idi) Əhməd Teymur, Türküstan
komissiyasına özbək Vəli Qəyyum xan, Şimali Qafqaz komissiyasına Əli xan
Qantəmir, Azərbaycan komissiyasına isə Məhəmməd Əmin Rəsulzadə daxil idi.
Bundan əlavə, Gürcüstan və Ermənistan üçün də müvafiq komissiyalar vardı.
Ümumi komisyon Başqanı isə NSDAP-ın (Milli Sosialist Almaniya Fəhlə
Partiyası) SA batalyonundan şturmbanfürer Geybel adlı bir alman idi.
Sovet savaş əsirləri ilə ilk münasibətlər quran bu komissiyalar onların
arasından uyğun olanlarının seçilib legionlar yaradılmasına şərait açdı. Məhz bu
komissiyaların fəaliyyətindən sonra ilkin olaraq “Tatar legionu” kimi əsgəri
birliklər qurulmağa başladı.
Qeyd edək ki, Polşada, Rodom şəhərində formalaşan Azərbaycan
legionerləri haqqında məlumata Belorusiya Respublikasının Dövlət Təhlükəsizlik
Komissarı L. Çanavanın 1943-cü ildəki 25 iyun raportunda da rast gəlmək
mümkündür. Raportda göstərilirdi ki, Azərbaycan milli legionu 5 min nəfəri əhatə
edən 5 taburdan ibarətdir və Yedlino stansiyası yaxınlığında yerləşmişdir. (324)
İlk azərbaycanlı əsirlər digər xalqlardan olanlarla birgə alman ober-
leytenant Baron fon Qoubenin başçılığı altında Zaporojye yaxınlığındakı 444 saylı
təhlükəsizlik diviziyasında birləşdirildi. Sonra onlardan alman zabitlərinin
rəhbərliyi altında Türküstan taburu yaradıldı və bu sonradan 444 saylı türk taburu
adını aldı (393, s. 26).
1941-ci ilin sonlarına yaxın alman zabit Mayer Mader Özbəkistanın
mühacirətdə olan siyasətçisi Vəli Qəyyumxanı da cəlb edərək qırmızı ordunun əsir
düşmüş əsgərlərindən türk mənşəli mübarizə dəstəsi yaratdı və onlar təxribat
işlərinə cəlb cdildilər. Az sonra Azərbaycandan və digər bölgələrdən olan türk
mənşəliləri də bu işə yaxınlaşdırıb yeni dəstələr yaratdılar.
Qeyd edək ki, 1942-ci ilin fevralın 18-dən rəhbəredici orqan Şərq
legionlarının komandir və ya qərargahı adlandırıldı. Şərq legionlarının
komandanları xidməti baxımından rütbə sırası ilə düzülürdülər və onların başlıca
vəzifəsi müxtəlif millətlərdən olan hərbi əsirlərdən gücləndirilmiş hərbi taburlar
yaratmaq idi. Türküstan, Qafqaz, sonradan formalaşan Azərbaycan legionları məhz
Mayer-Maderin yaratdığı hissələrin davamı kimi qurulmaqda idi və 1942-ci ilin
fevralın 19-dan bunların hamısı birləşdirildi.
Şərq legionlarının qərargahı almanların müharibədə qələbəsini
reallaşdırmaq üçün işi sürətləndirmək istəyirdi. Bu məqsədlə almanlar artıq 450-
452-781-782-783-784 saylı Türküstan piyada taburu iki 804-805 saylı azərbaycanlı
taburu iki 795-796 saylı gürcü taburları, iki 808-809 saylı erməni taburunu yaradıb
cəbhəyə göndərdilər.
1942-ci ilin payızından Polşa və Ukraynada formalaşmış legionerlərin
döyüş taburlarından da Qafqaz və Stalinqrad ətrafındakı döyüşlərdə istifadə etdilər.
Azərbaycanlılardan ibarət olan 804-cü tabur almanların 49-cu dağ korpusunun 4-cü
dağ atıcı diviziyasına göndərildi. Həmin diviziya Qafqazda Suxumi istiqamətindəki
yüksək dağ rayonlarında hərəkət edirdi.
Nalçik və Mozdok istiqamətlərində olan döyüşlərdə əsasən 111-ci
azərbaycan taburu vuruşurdu. General-leytenant Qrayfenberqin məlumatında digər
taburlarla yanaşı azərbaycanlılardan təşkil edilmiş 804-cü və 805-ci taburların da
meşəlik rayonlarda ayrı-ayrı dəstələrə qarşı uğurlu döyüşləri qeyd olunurdu. Məhz
belə uğurlu döyüşlərdən sonra ayrı-ayrı taburlara “alman forması daşımaq şərəfı”
nail olurdu.
Qeyd edək ki, ilk döyüşlərdə azərbaycanlılardan təşkil edilmiş 804, 805,
806, 807 saylı taburlar xüsusi olaraq fərqlənmişdilər. Artıq 1943-cü ilə qədər Şərq
legionları qərargahının rəhbərliyi ilə Polşa ərazisındə 8 azərbaycanlı taburu
yaradılmış və onlar Hərbi komandanlığa təhvil verilmişdi. (393 s. 38). Qısa zaman
müddətində isə burada bütövlükdə 53-ə qədər hərbi hissə yaradılmışdı. Bununla
belə qərargahda yalnız döyüşən taburlar yaradılmırdı, eyni zamanda, ordu
qərargahının tələblərinə uyğun olaraq ayrı-ayrı türk işçi taburları da formalaşırdı.
Sonradan yaradılan türk taburları əsasən 162-ci piyada diviziyasının sərəncamına
göndərilirdi.
Eyni zamanda, legionların və dolayısı ilə milli qrupların idarə işlərini
aparmaq üçün Berlində Şərq Nazirliyinin himayəsində “Leytstelle”lər (idarə yeri)
olaraq ayrı-ayrı bürolar, komissiyalar meydana gətirildi. (380, s.219)
Komissiyalar aşağıdakı formada raportlar hazırlayırdı:
“I Raport 1941-ci ilin 27 və 28 avqust günləri, Şərq Nazirliyinin Geibel
komisyonu üzvləri olaraq Harmover ətrafındakı Fallinq-Vostel qəsəbəsinin
“Oerbke” və “Verqen-Velsen” məhəllələrində olan 2 əsirlər düşərgəsini ziyarət
etdik. Əsirlər milliyyətlərinə görə ayrılıb ayrı koğuşlarda yerləşdirilmiş
olduqlarından onlarla əlaqə yaratmaq çox çətin idi. Öncə onları koğuşlarında
gördükdən sonra qərargah yerlərinin birisində yerləşib onları bir-bir qarşıma
gətirərək söhbətləşdim və adlarını yazdım. Yanımda çoxlu siqara götürmüşdüm,
hər birinə 3-5 ədəd verərək daha açıq danışmaqlarına çalışırdım. Vücudca gözə
batan şey hamısının dişlərinin sağlamlığı idi. Bu cəhət bizə başçılıq edən alman
zabitinin də diqqətini çəkmiş və heyrətini gizlətməmişdi.
Bu 2 düşərgədə qarşılaşdığım əsirlərin ümumi sayı 263 nəfər idi və onlar
belə bölünmüşdülər:
Oerbke
Verqen-Velsen
Tatar
60
135
Başqırd
5
4
Çuvaş
5
54
Toplam
70
193
Bu düşərgələrdə fin boyları ilə qarşılaşmadım, ya heç yoxdular, ya da
soruşulmadan ruslar arasında qalmışlardı”. (380, s.221)
Qeyd edək ki, türk-tatarlardan və qafqasiyalılardan təşkil olunan ilk iki
birlik alman təhlükəsizlik təşkilatının nəzarəti altında yaradılmışdı. Bunlardan biri
türk-tatar əsgərlərdən ibarət olan 450 saylı türk taburu idi və Andreas Mayer-
Maderin komandanlığı altında idi. “Bergman” (“Dağlı”) taburu olan digər birlik isə
qafqasiyalı əsgərlərdən təşkil olunmuşdu. Öncə 1941-ci ilin oktyabrında Poltavada
700 əsir seçilmiş və Sileziyada təhsil almışdılar. Sonradan birliyin sayı artmış və
nəhayət 2900 nəfərə çatmışdı. Bu birlik Teodor Oberlanderin komandanlığı altında
1942-ci ilin ilk baharında cəbhədə döyüşə başlamışdı. (395, s.53)
Əlbəttə, bu iki birlik hələ “nizami” legion deyildi və özəl statuslarını
1943, 1944-cü ilə qədər mühafızə etdilər. Alman ordusu ilə Şərq Nazirliyinin
1941-ci ilin avqustundan etibarən əsirlərin milliyyətlərinə görə komissiyalar
tərəfindən seçilib ayrılmasından sonra legionlar yaradılmağa başladı. Legionların
yaradılması istiqamətində ilk çalışmalar 1941-ci ilin noyabr ayından başlandı.
1941-ci ilin dekabrında Rozenberq Hitlerə “türk” legionlarının təşkil edilməsi
vacibliyi ilə bağlı bir bəyanat vermişdi. Bu plana Hitler müsbət yanaşaraq 1941-ci
ilin dekabrın 22-də Alman Silahlı qüvvələri nəzdində rəsmən türküstanlı, erməni,
gürcü və müsəlman qafqasiyalı legionunun təşkili əmrini vermişdi. Bu sonuncu
sonradan azərbaycanlı və Şimali qafqasiyalı legionu olmaq üzrə ikiyə ayrılmış və
1942-ci ilin aprel-may aylarında isə Volqa tatarlarının legionu təşkil edilmişdi.
Türküstan legionu öz sıralarında Orta Asiya xalqlarını - özbəkləri,
qazaxları, qırğızları, türkmənləri, qaraqalpaqları və tacikləri birləşdirirdi. Gürcü
legionu - gürcüləri, abxazları, adıgeyləri, çərkəsləri, kabardinləri, balkarları və
qaraçayları, Qafqaz legionu isə - azərbaycanlıları, dağıstanlıları, inquşları və
çeçenləri öz sıralarına toplamışdı. 1942-ci ilin avqustun 2-də Qafqaz legionu
Azərbaycan legionu adlandırıldı və digər dağlı xalqların nümayəndələri isə Şimali
Qafqaz legionu adı ilə Vesolda yerləşdi. Bundan əlavə, 1942-ci ilin avqustun 15-də
yaradılan Volqa tatarları legionuna isə Povoljye tatarları, başqırdlar, marilər,
mordvinlər, çuvaşlar və udmurtlar cəlb edildilər. (255, s. 5).
Legionerlərin ideoloji cəhətdən hazırlığında aparıcı rolu əsasən keçmiş
mühacirlər oynayırdı. Müsəlman legionerlərin düşərgələrinə isə Yerusəlim müftisi
Hacı Əmin əl-Hüseyn dəfələrlə gəlmiş və Almaniya ilə müttəfıq olmayanlara qarşı
müqəddəs savaş elan etmişdi.
Legionerlərin hərbi və siyasi hazırlığı ümumi andiçmə və milli bayrağın
təqdim edilməsi ilə yekunlaşırdı. Bu mərasimdən sonra taburlar cəbhəyə
göndərilirdilər.
Qeyd edək ki, hələ 1942-ci ilin aprelin 15-də isə Hitler kazaklardan və
qafqazlılardan cəbhədə partizanlara qarşı mübarizədə “bərabərhüquqlu müttəfiqlər”
kimi istifadəyə icazə vermişdi. 1942-ci ilin avqustunda isə legionerlərin statusu
“Şərqdə yerli köməkçi hissələrin vəziyyəti haqqında” qəbul edilən sərəncamda
daha da ciddi əsaslandırılmışdı. Həmin sənəddə türk və qafqaz xalqlarının
nümayəndələri ayrıca bölgüyə aid edilir və “xüsusi döyüş hissələri tərkibində
alman əsgərləri ilə çiyin-çiyinə bolşevizmə qarşı mübarizə aparan bərabərhüquqlu
müttəfiqlər” olaraq göstərilirdi. (255, s. 4).
Qeyd olunmalıdır ki, Köniqsberq, Qrafvald və Praqa universitetlərinin elm
xadimləri kimi (OKW)-nin idarəsinin ikinci xarici bölməsinin ehtiyat zabitləri hələ
çoxdan Şərqi Avropanın iqtisadi və siyasi problemləri ilə məşğul olmağa
yönəldilmiş, Sovet İttifaqı və xüsusilə də Qafqaza tədqiqat səfərləri vasitəsilə bu
ərazilərlə tanış olmuşdular. 17-ci ordunun əsas bölmə rəhbərləri, cənub qoşun
hissəsinin baş qərargah zabiti S. Vinterin 1941-ci il oktyabr məlumatında Qafqazda
planlaşdırma əməliyyatlarının xeyri üçün yerli əhalidən xüsusi qrup təşkil etmək
fikri irəli sürülür. Bir tərəfdən gürcü qoşunlarını dəf edərək əsas dağ keçidi ilə
almanların Tiflis istiqamətində irəliləməsini yüngülləşdirməli, digər tərəfdən bir-
biri ilə ədavəti olan millətlər arasında təxribat aparmalı idi.
İlk birliklər əsasən işğal altındakı Polşada yerləşdirilmiş, 1942-ci ilin
martından isə paralel olaraq Sovetlər Birliyinin işğal edilmiş ərazilərində
qurulurdu. Bu legionlardan əlavə Krımda və Kalmık bölgələrində almanlar
tərəfındən silahlandırılmış milislər, özəl birliklər də vardı.
Qeyd etdiyimiz kimi, Hitler birliklərə etibar etmədiyindən onları yalnız
tabur olaraq saxlayırdı və bu sırada yalnız 162-ci türk diviziyası istisnalıq təşkil
edirdi. 1942-ci ilin dekabrından isə “Şərq birlikləri generallığı” və daha sonra da
“könüllü birliklər generallığı” qurumları da yaradıldı.
Qeyd edək ki, almanlar legionerləri müxtəlif sahələrdə fəaliyyətə cəlb
edirdilər. Belə ki, onlar yalnız döyüşən hissələrdə deyil, eyni zamanda kəşfiyyat
xarakterli işlərdə də istifadə olunurdular. Bu məqsədlə faşist Almaniyasında
bilavasitə Gestaponun təsirində olan kəşfiyyat mərkəzləri fəaliyyət göstərirdi.
Onlardan biri də “Çeppelin” kəşfiyyat mərkəzi idi. Bu mərkəzdə sovet dövlətinə
göndərilən təxribatçılar hazırlanırdı. 1942-ci ilin dekabrında buradakı bir qrup
azərbaycanlını Auşvits kəşfiyyat məktəbinə göndərdilər. Bu məktəbin dinləyiciləri
radio işlərini, şifrələnməni, saxta sənədlər hazırlanmasını və digər təxribat işlərini
öyrənirdilər. Kursu qurtaranları sovet ordusunun arxa hissələrində fəaliyyətə
göndərirdilər. (327)
Bundan əlavə, Teppel şəhərində də kəşfıyyat məktəbi fəaliyyət göstərirdi.
Məktəbdə almanlara sədaqətlə xidmət etmək, bolşevizmlə amansız mübarizə
aparmaq mövzusunda siyasi mühazirələr oxunurdu. Burada təhsil alan
azərbaycanlıların Azərbaycana kəşfiyyat fəaliyyətinə göndərilməsi planlaşdırılırdı.
Qeyd edək ki, legionların təchizatı qismən alman silahlarından, qismən də
qənimət silahlardan mütəşəkkildi. Geyimləri isə almanlarınkı qədər keyfiyyətli
deyildi və özəl işarətləri vardı. Alman ordusu əslində legionerləri muzdlu əsgər
olaraq görürdü və onları siyasətdən ayrı tuturdu.
Qeyd edək ki, 1942-ci ilin son baharında erməni legionerləri üsyan
etdiyindən və bir qismi Ukrayna partizanlarının tərəfınə keçdiyindən Hitlerin
digərlərinə də inamı azalmışdı. Erməni və gürcülərlə müqayisədə Hitler
müsəlmanlara daha çox üstünlük verdiyini bildirirdi. (395, s.61) Almanların
müşahidələrinə görə etibarsızlıq və sürüşkənlik baxımından birinci planda
ermənilər, sonra gürcülər, ikinci planda Volqa tatarları ilə türküstanlılar dayanırdı.
Azərbaycanlılarda və şimali qafqazlılarda belə hallara çox az təsadüf olunurdu.
Bəzi hallarda isə legionerlərimiz də alman zabit və əsgərlərinə silah
çevirirdilər. Belə hadisənin qarşısını almaq üçün almanlar 1943-cü il oktyabrın 8-
də Krımda Sultanovka kəndində 9 nəfər legioneri qətlə yetirdilər. Qətlə yetirilənlər
aşağıdakılar idi: 1) Əbdüləzimov Həsən - kapitan, 2-ci tabur komandiri, əsli
Naxçıvanlıdır; 2) Məmmədov Məmməd - leytenant, əsli Tovuzdandır; 3)
Əfəndiyev Məmmədiyyə Xəlil oğlu - hərbi həkim, əsli Zaqataladandır; 4) Səfərov
Hacı - leytenant, Dağıstanın Kurax rayonu; 5) Karitov Sədulla – hərbi texnik, Lək
rayonu, Dağıstanlı; 6) Əliyev Mirzə - baş serjant, Bakı; 7) Əliyev Əli - kiçik
leytenant, əsli Naxçıvanlıdır; 8) Məmmədov Hacı - serjant, əsli Salyanlıdır; 9)
Malamodov Hüseyn. (324)
Hərbi əsirlərlə və mühacirlərlə yalnız Şərq Nazirliyi deyil, eyni zamanda,
Xarici İşlər nazirliyi də məşğul olurdu. 1941-ci ilin aprelindən bu sahədə fəaliyyətə
başlayan Xarici İşlər nazirliyi əslində Şərq Nazirliyinin gördüyü işləri təkrarlayırdı.
İşğal ediləcək Sovetlər Birliyi üçün yetkili olan Rusiya Komitəsinin başqanlığına
müşavir olaraq Georq Qrosskopf təyin edildi. O da Leybrandt və professor fon
Mendenin də daxil olacaqları bir heyət təşkil etməyə çalışdı. Lakin Qrosskopfun
məlumatlarından aydın olurdu ki, onun fəaliyyəti yalnız bilgi toplamaqdan
ibarətdir.
Müharibənin başlamasından az sonra Qroskopfun “Rusiya Komitəsi”
qafqasiyalı və türk-tatar mühacirlərlə və türk siyasi və əsgəri adamları ilə bir çox
münasibəti olan səfır Verner Otto fon Nentiqə “Güneydoğu Avropa qövmlərinin
(qafqasiyalılar, qırğızlar, tatarlar) məsələləri”nin araşdırılması səlahiyyəti verildi.
(395, s.65)
“Rusiya Komitəsi”nin məşğuliyyətlərindən biri də Sovetlər Birliyindəki
rus olmayan milliyyətlər üçün kitabçalar hazırlamaqdı. Bununla bağlı milliyyətcə
tatar olan Alimcan İdris də Komitənin tapşırğı ilə Qızıl Ordunun tatar, özbək və
digər türk əsilli əsgərlərinə müraciət edən “Doğu Türk” kitabçası hazırlamışdı. Az
sonra almanlar Qafqaza yaxınlaşdıqca “Qafqaz broşuraları” da çap edilməyə
başladı. Nəhayət, 1942-ci ilin yanvarından Nentiqə pantürkizm təbliğatını
gücləndirmək tapşırıldı.
Qeyd edək ki, pantürkizmin atəşli bir tərəfdarı və təşviqçisi isə
Ankaradakı alman səfıri Frans fon Papen idi. Fon Papenin məqsədi Türkiyədə çox
fəal olan mühacir qrupları və məşhur pantürkistlər vasitəsi ilə Ankara hökumətini
Almaniyanın cərgəsində hərbə cəlb etməkdi. Məhz fon Papenin təşəbbüsü ilə iki
türk generalı - Ərkilət və Ərdan Nentiqlə birgə Krımı gəzmiş, türklərin yaşadığı
bölgələrin gələcəkdəki idarə forması ilə tanışlıq üçün Almaniyada olmuşdular.
Bundan əlavə, Türkiyənin sabiq Hərbiyyə naziri Ənvər paşanın qardaşı Nuru Paşa
(Killigil) da məhz fon Papenin təşəbbüsü ilə Berlinə gəlmişdi. “Prometey” təşkilatı
tərəfdarlarından azərbaycanlı Məhəmməd Əmin Rəsulzadə, şimali qafqazlı Səid
Şamil, Aytən Namitok və digərləri alman məqamları ilə müzakirələrə cəlb
olunurdular.
Almaniyanın sabiq Moskva səfiri Şulenburq da mühacirətdəki
siyasətçilərdən faydalanmağı vacib sayırdı və o da səfirliyin müşaviri Nilgerlə
birlikdə “Rusiya Komitəsi”nə daxil edilmişdilər. 1942-cı ilin aprelində Şulenburq
Fransa, İtaliya, Balkanlar, Türkiyə və İsveçrədə yaşayan mühacirləri Berlinə dəvət
etdi. Həmin ilin aprelin sonu və mayın əvvəllərində Berlinin məşhur “Adlon”
mehmanxanasında bir toplantı keçirildi. Toplantıda aşağıdakı şəxslər iştirak edirdi:
Azərbaycanlı - Məhəmməd Əmin Rəsulzadə, Xəlil Xasməmmədov və Fuad
Əmircan; şimali qafqasiyalı - Səid Şamil, Heydər Bammat və Əli xan Qantəmir;
gürcülərdən - Spiridion və Leo Kereselidze, Daşa Vaçanadze, Zurab Avaiaşvili v b.
(395, s.68) Bu toplantının mühacirlərlə işbirliyi qurması baxımından böyük
əhəmiyyəti vardı.
Qeyd edək ki, Hitler Almaniyası mühacir təşkilat və qruplarla danışıqları
əsasən iki nazirliyi vasitəsi ilə aparırdı: Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi.
Xarici İşlər Nazirliyində bu işdə Şulenburq, Şərq Nazirliyində isə Rozenberq
dayanırdı. Bəzi məqamlarda bu iki nazirliyin işi üst-üstə düşdüyündən ziddiyyətlər
yaranırdı. Sonradan, Rozenberq Hitlerə şikayət etmiş, o isə “Xariciyyə
Bakanlığına” işğal altındakı Sovetlər Birliyinin məsələləri ilə məşğul olmağı
yasaqlayan bir təlimat vermişdi. (195, s. 210)
Şərq Nazirliyi üç əsas bölümdən ibarət idi: 1) siyasət; 2) idarə; 3) iqtisadi.
Siyasi bölümün başında nazirliyin baş müdiri, Rozenberqin dostu Leybrandt
dayanırdı. Bu siyasi bölüm aşağıdakı qaydada idarə olunurdu: “Baş siyasət” -
Xarici İşlər Nazirliyindən Otto Brautidam tərəfindən idarə olunurdu. 2) “Ostland”
dairəsi Xarici İşlər Nazirliyindən Peter Kleist tərəfindən idarə olunurdu; 3)
“Ukrayna” dairəsi isə SS oberfüreri Vilhelm Kinkelin tərəfindən idarə olunurdu; 4)
“Qafqasiya” dairəsini professor fon Mende idarə edirdi; 5) “Yerləşim” dairəsi
“Ernst Vetsel” tərəfindən idarə olunurdu. Eyni zamanda, nazirlikdə “Mədəniyyət”,
“Mətbuat”, “Gənclik” və “Qadınlar” dairələri də fəaliyyət göstərirdi. 1943-cü ilin
yazında Leybbrandt SS-dən işdən çıxarıldıqda onun yerinə SS generalı Verger
gətirilmişdi. Sovet Şərq xalqları mənsubları və xüsusən qafqasiyalı və türk-
tatarlarla ilgilənmək üçün yaradılmış irtibat dairəsi (almanca - “Mittelstelle”), və
Sövq dairəsi (almanca – “leitstelle”) fon Mendeyə bağlı idilər. Bundan əlavə Şərq
Nazirliyinə bir çox özəl dairə və institutlar da aid idi: “Qafqaz İnşa Dairəsi”, “Şərq
Araşdırma Mərkəzi”, “Şərq Millətləri Mərkəzi”, “Alman elminin Şərqə
yönəldilməsi vəzifəsi”. (395, s. 74)
Şərq Nazirliyində professor fon Mendenin başçılıq etdiyi SSRİ millətləri
üzrə Baş İdarə fəaliyyət göstərirdi. Bu idarənin nəzdində isə Qafqaz işləri üzrə
idarə yaradılmışdı. Burada Qafqazdan olan ayrı-ayrı xalqları əhatə edən -
azərbaycanlı, gürcü, erməni, Şimali Qafqaz və Kalmık şöbələri vardı. Bu şöbələrin
başlıca məqsədi müxtəlif sahələr üzrə gələcəkdə istifadə məqsədi ilə kadrlar
hazırlamaqdan ibarət idi. Bundan ötrü Polşanın Keits şəhərində yığma düşərgə,
Almaniyanın Vüsturau, Tsitenxorst və Vutzets yaşayış məntəqələrində qapalı tədris
düşərgələri təşkil edilmişdi. Noyruppin şəhəri yaxınlığındakı “Vüsturau”
düşərgəsində daha çox azərbaycanlılar yerləşdirilmişdi.
Qeyd edək ki, “Vüsturau” düşərgəsi 1942-ci ildən fəaliyyət göstərirdi və
buraya gətirilən hərbi əsirlər milli mənsubiyyətlərinə görə seçilir və
qruplaşdırılırdılar. Eyni zamanda düşərgədəki əsirlər ixtisaslarına görə
qruplaşdırılırdılar və onlardan təbliğat, tibbi və sənaye sahəsində istifadə edirdilər.
Bundan əlavə, əsirlər peşə və bacarıqlarına, təhsillərinə görə də iki - A və B
qrupuna bölünürdülər. Daha qabiliyyətli və bacarıqlı olanları A qrupuna seçib açıq
düşərgələrə göndərirdilər. Nisbətən zəif olanlara isə müvəqqəti işlərdəki adamlar
kimi yanaşırdılar. (100)
Düşərgədəki komandanlığın yanında hər qrupun öz nümayəndəsi təyin
olunurdu və qruplardakına görə məsuliyyət daşıyırdılar. Eyni zamanda qrup
rəhbərlərinin vasitəsi ilə əsirlərə öz ana dillərində Almaniya haqqında dərslər də
keçirilirdi. Açıq düşərgələrdəki əsirlərə Berlinə sərbəst gedib-gəlmək imkanı da
verilmişdi və bundan ötrü onlar “Aysbeys” sənədi, sonradan isə ayrıca xaricilər
üçün nəzərdə tutulmuş pasportla təmin edilirdilər.
Qeyd edək ki, mühacirlərlə Almaniya dövlətinirı işbirliyi qurulmasına
türk generalları Nuru Paşanın, Əli Fuad Ərdənin və Hüsnü Əmir Ərkilətin də ciddi
təsiri olmuşdu. Məsələn, onların tövsiyəsi ilə Nentiq İdil (Volqa) tatarlarının
sürgündəki lideri Ayaz İshaqi ümumi işə cəlb edilmişdi.
Azərbaycan legionlarının yaradılması ilə bağlı ABŞ-da nəşr edilən
“Üçüncü Reyxin xidmətində olan xarici imkanlar” kitabında da maraqlı
məlumatlar vardır. Müəllif yazır: “Türk legionlarının yaradılması ideyası Türkiyə
ordusu Baş Qərargahının generalı Ərkilətə məxsusdur. Belə ki, 1941-ci ilin
payızında Hitlerlə onun Şərqi Prussiya iqamətgahında görüşən generalın təklifi
Hitleri maraqlandırmışdı. Türkiyəni öz tərəfınə çəkməyə çalışan Hitler 1941-ci ilin
noyabrında Türküstan legionunun yaradılmasına razılıq verdi. Alman ordusunun
tamamilə məxfı olan 1941-ci il, 3 dekabr tarixli əmri ilə daha çox - müsəlman-
Qafqaz, gürcü və erməni legionları formalaşdırılmağa başladı. Sonradan
müsəlman-Qafqaz legionu şimali-qafqazlı və azərbaycanlı olmaq üzrə iki yerə
ayrıldı. 1942-ci ilin ortalarında onlara daha ikisi əlavə edildi: Krım tatarları və
Povoljye tatarları. (292, s.250)
Lakin mühacirlərin Almaniya hökuməti təmsilçiləri ilə danışıqları heç də
uğurlu getmirdi. Xüsusən, şimali qafqasiyalı, gürcüstanlı və azərbaycanlılar öz
ölkələrinin müstəqilliyini irəli sürdüyündən almanlar tərəfindən qəbul edilmirdi.
Belə olduqda, Azərbaycan təmsilçisi Məhəmməd Əmin Rəsulzadə və şimali
qafqazlı Səid Şamil Almaniyadan çıxıb getmək məcburiyyətində qalmışdılar.
Lakin fon Mende çətinliklə də olsa, M. Ə. Rəsulzadəni müvəqqəti olaraq saxlaya
bilmişdi.
Nəhayət, üzvləri Şərq Nazirliyi tərəfindən təsdiq olunan və dörd Qafqaz
millətindən hər biri üçün, bir də kalmıklar üçün “milli komisyonlar” təşkil olundu.
Milli komisyonlar dörd-beş nəfərdən, kalmıklarınkı iki nəfərdən və şimali
qafqazlılarınkı isə on nəfərdən ibarət idi. Hitler “Milli komitə” adını
yasaqladığından mövcud qurumları “milli komisyonlar” adlandırırdılar. Sonradan
təmsilçilər legionlara və mətbuata təsirlərinin az olduğunu görüb “milli
komisyonlar”dan istefa etdilər. Bəzi üzvlər komisyonlarda qalsalar da, ciddi
fəaliyyət göstərmədilər.
Qeyd edək ki, həmin dövrdə Almaniyada M. Ə. Rəsulzadənin başçılığı ilə
Milli Azərbaycan Komitəsi də yaradılmışdı.
M. Ə. Rəsulzadə bu münasibətlə yazırdı: “1943-cü ildir. İkinci Cahan
hərbi əsnasında Alman Xariciyyə Nazirliyindən fon Şulenburqin (sonradan Hitlerə
yapılan sui-qəsd işi ilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlində idim.
Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi; bu komitə Milli Azərbaycan
davasının əsaslarını alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdi”.
(1, s.11)
M. Ə. Rəsulzadənin başçılıq etdiyi Milli Azərbaycan Komitəsi bu
proqramla mübarizə aparırdı: “Azərbaycanın milli haqlarını qorumaq, vətənin
xilası və istiqlalı üçün mübarizə etmək, qafqasiyalı millətlərin dostluqları və
siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıxı surətdə işbirliyi
təmin etmək”. (139, s.26)
“Milli Azərbaycan Komitəsi”nin yaradılması azərbaycanlıları çox
sevindirmişdi. Azərbaycan legionerlərinə başçılıq edənlərdən mayor Ə. Fətəlibəyli
Düdənginski M. Ə. Rəsulzadəyə aşağıdakı məzmunda bir məktub göndərmişdi:
“Mərhəba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın
yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adından
salamlayıram. Qəzetimizdə “Milli Azərbaycan Komitəsi”nin təşkil olunduğunu
oxudum, bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli
Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu
Babayev Beydullah da olacaqdır. Biz irəlidə də millətimizin hürriyyət və böyük
Almaniya uğrunda fədakaranə bir tərzdə döyüşəcəyiz. Cəbhədəki bütün
əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər dilərəm. Sizin Ə. Düdənginski
Fətəlibəyli”. (1, s.12)
Milli təmsilçiliklərin mətbu fəaliyyətinə də geniş yer verilirdi. Legionlar
üçün həftəlik dərgilər və düşərgə qəzetləri də yayımlanırdı. Mətbu orqanlar milli
dillərdə və bəzən də iki dildə, yaxud almanca paralel nüsxələr şəklində çap edilirdi.
Bəzi milli təmsilçiliklər hətta ədəbiyyat sahəsində də fəaliyyət göstərirdilər.
Azərbaycanlılar, türküstanlılar Volqa tatarları öz aralarında ədəbi dərgilər və şer
kitabları nəşr edirdilər.
Şərq Nazirliyinə bağlı olan bütün milli təmsilçiliklərin öz büdcələri də
vardı. Qafqaz irtibat heyətlərinin büdcəsi - 300 000 markaya, hərbin sonlarında isə
600 000 markaya çatırdı. Ümumi işlərin görülməsində ayrıca fondlardan da
faydalanırdı. Burada çalışanlara ayda 350-400 marka həcmində maaş verilirdi.
Qeyd etdiyimiz kimi, almanlar hər vasitə ilə M. Ə. Rəsulzadədən
faydalanmağa çalışırdılar. 1942-ci ilin oktyabrın 7-də M. Ə. Rəsulzadə ilə aparılan
danışıqlar fayda vermədiyindən (çünki o, Azərbaycanın müstəqilliyi fikrini önə
çəkirdi) o, Rumıniyaya - Buxarestə getmişdi. Almanlar onun getməsinə
təəssüflənmiş, qalması üçün Drezden məktəblərinin birində müəllimlik təklif
etmişdilər, lakin o, bununla da razılaşmamışdı. SS Mərkəzi dairəsi onu sonradan
yenə aramış və işbirliyinə çalışmışdılar.
Beləliklə, M. Ə. Rəsulzadə ilə danışıqların alınmadığını və Milli
Azərbaycan Komitəsində yalnız Hilal Münşinin təmsilçi olaraq Berlində qaldığını
gördükdə almanlar X. Xasməmmədov qrupu ilə dialoqa başlamışdılar. Bu dialoqda
azərbaycanlı “Qafqaz” qrupuna mənsub Fuad Əmircan, Abbas bəy Atamalıbəyov
və Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski olmuşdu.
Lakin, M. Ə. Rəsulzadənin Hitlerə, onun ideya və baxışlarına münasibəti
də mənfi olmuşdur. M. Ə. Rəsulzadə Hitlerin “millətçiliyi”nə münasibətini hələ
30-cu illərdə yazdığı məqalələrində aydınlaşdırmışdı. O, 1933-cü ildə yazırdı:
“Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün
yaranmış bir ideyadır. O faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini
götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”. (196, s.224)
M. Ə. Rəsulzadənin Almaniyada nəşr edilmiş “İstiqlal” qəzetindəki
“Demokrasi və Sovetlər” məqaləsində isə faşizmə münasibəti belə açıqlanırdı:
“Daxildə və xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm, demokrasi rejiminin
müxalifı olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi,
faşist diktatorluğu imiş.”(179)
M. Ə. Rəsulzadə sonrakı əsərlərində Almaniya dövlətinin İkinci Dünya
hərbində yeritdiyi siyasəti tənqid edərək yazırdı: “1942 və 1943-cü illərdə
Almaniyanın Xarici İşlər Nazirliyinin dəvəti ilə digər Qafqazlı siyasi emiqrantlarla
birlikdə Berlinə getdiyim zaman biri mənfı, digəri müsbət iki şeyə şahid oldum.
Hitler Almaniyasının mövqeyi bütün milli məsələlərdə olduğu kimi, Qafqazya
məsələlərinə olan münasibətdə də mənfi idi. Berlindən milli mübarizəmizin
əsaslarını tanımasını gözləmək əbəsdi. “Ali irq”in nəzəriyyəçiləri ilə Polşadakı,
Ukraynadakı və işğal olunan başqa məmləkətlərdəki alman praktikləri ən kiçik
ümidə belə yer vermirdilər. Üzərimizə düşən yeganə vəzifə milli haqlarımızı
tanımayan və istiqlal davamızı tanımayan bir hökumətlə birgə fəaliyyətin baş
tutmayacağını təsdiq edərək meydandan çıxmaqdı. Elə də etdik. 1943-cü il 5
avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik”. (180, s.103)
Qeyd etdiyimiz kimi, Hitleri heç bir milli komitə maraqlandırmırdı. 1942-
ci ilin avqustunda hərb əsirlərinə uyğulanacaq və onlarla ilgilənmə əsasında ortaya
çıxacaq məsələlərin həll edilməsi üçün “Şərq Millətləri Mərkəzi” qurulsa da, (395,
s.75) Hitler “İrtibat (rabitə) heyətləri”nə üstünlük verirdi. Çünki, Mərkəz texniki
yardıma nəzarət edirdi, “irtibat dairələri” isə təbliğat, dərgilər, öyrədici kurslarla
məşğul olurdu. M. Ə. Rəsulzadə bununla əlaqədar yazırdı ki, Hitler təşkil olunan
milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini görən məhdud və
müəyyən işlərlə bağlı “Rabitə (irtibat) heyətləri” (Əlaqə qərargahları - almanca:
“Ferbindunqştablar) (195, s. 12) qurulmasını əmr etmişdi. Azərbaycan Rabitə
Heyətinin başına da Əbdürrəhman bəy Fətəlibəyli - Düdənginski gətirilmişdi. Qeyd
edək ki, Azərbaycan legionerlərinə əvvəlcə qrup halında başçılıq edirdilər: Abbas
bəy Atamalıbəyov, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Fuad Əmircan.
“İrtibat Heyəti”nin - Ferbindunqştabın hərbi, mülki və diplomatik şöbələri
fəaliyyət göstərirdi. Hərbi şöbəyə Ə. Düdənginski, mülki işə F. Əmircan,
diplomatik sahəyə isə A. Atamalıbəyov rəhbərlik edirdi. Birinci iki şöbənin
müxtəlif bölmələri vardı. Hərbi şöbədə hərbi əsirlərlə bağlı məsələlərə Rəhim
Babayev, legion məsələlərinə polkovnik (albay) İsrafilbəy İsrafilov, xüsusi
hissələrə (“SS-in milli birləşmələri”) İslam Əliyev baxırdı. Mülki şöbədə
azərbaycanlı fəhlələr məsələsi bölməsinə Səbzəli Məmmədov, azərbaycanlı
mütəxəssislər bölməsinə Cümşüd Məmmədov, radioveriliş bölməsinə Ənvər
Qazıyev rəhbərlik edirdi. Diplomatik şöbə isə Xarici İşlər Nazirliyi ilə müxtəlif
tədbirlərin
keçirilməsi
və
azərbaycanlıların
işlədiyi
müxtəlif
alman
müəssisələrindəki problemləri həll etmək istiqamətində fəaliyyət göstərirdi. (99)
Lakin Ə. Düdənginskinin fəallığı ilə “Azərbaycan Milli Birlik Məclisi” də
formalaşırdı. Azərbaycan Milli Birlik Məclisinin tərkibinə aşağıdakılar daxil idi:
Ə. Düdəngınski, Abbasqulu Abbasov, Vəli Ələkbərov, İslam Əliyev, Abbas bəy
Atamalıbəyov, Rəhim Babayev, Ceyhun Hacıbəyli, Balakişiyev, Hacı Hacınski,
Cahangirbəy Balakişiyev, Hacı Hacınski, Cahangirbəy Kazımbəyov, Cəlil
İsgəndərli, İsrafilbəy İsrafilov, Ənvər Qazıyev, Məcid Qarsalanlı, Nuşibəy
Zülqədərov, Cabbar Məmmədov, Cümşüd Məmmədov, Murbaxan Məmmədov,
Səbzəli Məmmədov, Fərman Məmmədov, Orucov, Süleymanov, Zahid Xoyski,
Fuadbəy Əmircan və s. (99)
Qeyd etdiyimiz kimi, Azərbaycan legionunun əsas bazaları Polşa və
Almaniya ərazilərində yerləşirdi. Sonralar isə legionu Polşanın Rodom
məntəqəsindən Fransanın cənubunda yerləşən Rodess şəhərinə köçürdülər. 1944-cü
ildə Azərbaycan legionerlərindən Ə. Düdənginskinin, İ. İsrafilovun, R. Babayevin,
T. Məmməd və Ə. Qazıyevin fəallığı ilə “İrtibat Qərargahı”nın (Ferbindunqştabın)
Paris filialı yaradıldı. Paris fılialına Nuşibəy Zülqədərov, Rza Tağıyev və Əlibəy
Hacınski daxil oldular. 1944-cü ildə Parisin almanlardan azad edilməsindən sonra
Paris fılialı da buraxıldı. Azərbaycan legionunun bir hissəsi məhv edildi, bir hissəsi
isə ingilis-amerikan qoşunlarına təslim oldu. (97)
Beləliklə, ayrı-ayrı xalqların nümayəndələrindən və hərbi əsirlərdən
yararlanmağa o qədər də meylli olmayan Hitler getdikcə hərbi legionların
yaranması zərurətini qəbul edirdi. Digər tərəfdən, hərbi əsirlərin çoxluğu və
müharibənin davamlı xarakter alması da Hitleri belə addım atmağa məcbur edirdi.
Dostları ilə paylaş: |