NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

 
VII BÖLÜM 
 
AZƏRBAYCANLI “XĠVĠLƏR” - LEGĠONERLƏR. AZƏRBAYCAN 
LEGĠONUNUN TƏġKĠLĠ 
 
Qeyd  edək  ki,  müxtəlif  dövrlərdə  almanların,  müsəlmanlara 
münasibətində  fərqli  mövqelər  olmuşdur.  Slavyanlara  (ruslara)  qarşı  uzun  illər 
mübarizə aparmaq məcburiyyətində qalmış Almaniya özünü Rusiya təhlükəsindən 
daima  qorumağa  çalışan  Türkiyə  ilə  yaxşı  münasibətlər  qurmağa  cəhd  etmişdir. 
Ortaq düşmənin mövcudluğu hər iki dövləti bir-birinə yaxınlaşdıran başlıca səbəbə 
çevrilmişdir. (384, s. 92). 

Vaxtilə, Almaniya kayzeri Vilhelm Səlahəddin Eyyubinin türbəsinə  gedib  
“Dünyanın    bütün    əzilən  müsəlman    xalqları,  Almaniyanı  ən  yaxın  dostunuz 
sayın” deyə sözlər söyləmişdi. (384, s.92) 
Daha sonradan I Dünya müharibəsində Almaniya müsəlmanlardan istifadə 
etmək  üçün  Osmanlı  dövləti  ilə  1914-cü  ilin  10  noyabrında  bir  gizli  anlaşma 
aparmış  və  bunun  müqabilində  5  milyon  qızıl  pul  vermişdi.  Müsəlmanların 
Xəlifəsi  sayılan  Osmanlı  bu  pulun  qarşısında  bütün  müsəlmanları  Almaniyanın 
başçılığı altında savaşa aparmaq üçün “Cihadi-Əkbər” (Böyük Cihad: Böyük inanc 
savaşı) elan etmişdi. (384, s.93) Almanpərəst Ənvər Paşanın Orta Asiyadakı Türk 
ellərini Rus təsirindən çıxarıb osmanlı bayrağı altında birləşdirib Almaniya təsirinə 
salmaq  cəhdi  də  alınmadı.  Çünki  istər  Türkiyə,  istərsə  də  Almaniya  I  Dünya 
hərbindən məğlub dövlətlər olaraq çıxmışdılar. 
Otuzuncu  illərdə  hakimiyyətə  gələn  Hitler  “Müsəlmanlardan  istifadə”yə 
yenidən  üstünlük  vermiş  və  başçılıq  etdiyi  nasist  partiyasının  bu  sahədəki 
fəaliyyətini canlandırmışdı. Nasist partiyası üzvləri bununla bağlı “Hitlerin sünnətli 
bir müsəlman olması” fikrini Türkiyədə yaymış, onlarda Hitlerə rəğbət yaratmağa 
çalışmışlar. Belə təbliğat da aparılırdı ki, Türkiyə rus təsirində yaşayan müsəlman 
türklərini din və soy birliyi çərçivəsində öz rəhbərliyi altında Almanların verəcəyi 
top, tüfəng,  uçaq və  tanklarla  Rusiyanın cənubundan oraya hücum edəcək, Hitler 
isə  Rusiyanın  işini  bitirəcək  və  Urallardan  Atlantikə  qədər  geniş  torpaqlar  azad 
olunacaqdı. Hitler bu fikri gerçəkləşdirmək məqsədi ilə hələ 1934-cü ilin martında 
Münhendə  bir  anti-sionistlər  və  anti-kommunistlər  toplantısı  keçirmiş,  bu  gizli 
toplantıya Türkiyədən Cavad Rifah Atilxan da çağırılmışdı. 
Bundan  əlavə,  Hitler  Qüds  müftisi  Hacı  Emin  Əl-Hüseynlə  də  yaxşı 
əlaqələr qurmuş və müfti bu təbliğatı aparmışdı: “Hitlerin doğum günü ilə Həzrəti 
Məhəmmədin  doğum  günləri  eyni  aya  təsadüf  etməkdədir.  Hitler  sünnətlidir, 
müsəlmandır” (384, s.95) Lakin sonradan Almaniya özünün təsirində olan Türkiyə 
başçılığında  bir  dünya  “İslam-Türk  Birliyi”  yaradıb  Sovetlərə  qarşı  mübarizəyə 
çalışsa da, bu istək gerçəkləşmədi. 
Lakin nasistlərin irqçi baxışlarına gəldikdə isə Qafqazlılar və Türk-tatarlar   
“düşük  dəyərli  asiyalılığı”  təmsil  edirdilər  və  slavyanlardan  da  aşağıda  
dayanırdılar.  “Tatar”,  “Qırğız”-  və  “Moğol”  kimi  anlamlar  isə  “Untermanş”   
(“Aşağı  insan”)  qavramına    bərabər  tutulurdu.  (395,  s.  40)  Hitlerin  Rusiyada 
yaşayan ruslara  münasibəti belə idi: “Bolşevik rejimi şeytani bir üsulla bu rusları 
yox  etmiş  və  ya  Sibiryaya  sürmüş  və  Rus  xalqını  irqən  yox  edib  asiyalaşdırmaq 
üçün  planlı  olaraq  moğolları  Avropa  Rusiyasına  yerləşdirmişdir”  (395,  s.  40) 
Bundan  əvvəl  isə,  1930-cu  ildə  Hitler  Sovetlər  Birliyinin  “Slav-Tatar  gövdəli  və 
yəhudi başlı” bir məxluq olduğunu söyləmişdi.” 
1942-ci  ildə  SS  öyrətmə  dairəsinin  yayımladığı  şəkilli  “Der  Untermanş” 
broşurasında  irqi  nifrət  və  ən  adi  təhriflərlə  dolu  məqalələrlə  yayılırdı:  “Əzəldən 
bəri  uzaq  bozqırlarda  güclər  toplanırlar,  Atilla  və  Çingiz  Xan,  Hun  sürülərini   

toplayıb  arxalarında  qanlı  qiyamət,  atəş,  ölüm,  təcavüz,  cinayətlər  və  qorxu, 
buraxaraq  rüzgar  kimi  Avropanı  başdanbaşa  qət  edirlər...  çəkik  gözləri  öldürmək 
“şövqü  ilə  parlayır  və  arxalarında  sadəcə  çöllər,  cinayət,  yanğınlar  və  ölümlər 
qalırdı” (395, s.41) 
Belə  təbliğatdan  sonra  alman  əsgər  və  zabitlərinin  asiyalı  əsgərlərə 
münasibəti daha kəskin və  şiddətli olurdu. Sovet əsgərlərinin üzləşdiyi ilk qurum 
SD  təşkilatı  idi  və  SD-yə  mənsub  olanlar  hərbi  əsirləri  müxtəlif  kateqoriyalara    
bölürdülər. 
Bunlardan bir qrupunu “şərqli işçi” adlandırır, digərini isə məhv edirdilər. 
Məhv  edilənlər  sırasına  aşağıdakılar  daxil  idi;  kommunistlər,  dövlət  və  partiya 
xadimləri,  yəhudilər  və  “asiyalılar”.  Müharibənin  ilk  həftələrində  bu  ad  altında 
çoxlu sayda əsirləri qətlə yetirdilər. Bəzi hallarda isə müsəlmanlar da (Türküstanlı, 
Tatar  və  müsəlman  Qafqasiyalı)  sünnət  olduqlarından  yəhudilərlə  eyniləşdirilib 
güllələnirdilər.  Lakin  sonradan  Alman  Silahlı  Qüvvələrinin  və  SD  təmsilçilərinin 
də qatıldığı bir toplantıda sünnət adəti haqqında məlumat verildikdən sonra 1941-ci 
ilin  avqustundan  başlayaraq  sovet  müsəlmanlarının  kütlə  halında  qətledilmələri 
azalmışdı. (395, s. 42) 
Şərq  Nazirliyinin  təmsilçisi  olan  professor  fon  Mende  Varşava 
yaxınlığındakı  Siedldə  hərb  əsirləri  düşərgəsini  gəzərkən  orada  700-ə  qədər 
ziyalının qətl edilmək üçün seçildiyini gördükdə hadisənin qarşısını ala bilmişdi. 
Həm  yəhudilərlə  eyniləşdirildiyinə,  həm  də  “Asiyalı”  kateqoriyaya 
mənsubluğuna  görə  ən  çox  qətlə  yetirilən  tatarlar  və  türküstanlılar  idi.  Onların 
məhv  edilməsi  üçün  SD  tərəfindən  ayrıca  təlimat  da  verilmişdi.  Məhz  buna  görə 
Rozenberq bir səfərində Hitlerə şikayətlənmiş və bildirmişdi ki, bu qədər insanları 
öldürməkdənsə,  onları  legionlara  cəlb  etmək  daha  doğru  olardı.  Qeyd  edək  ki, 
yalnız 1941-ci ilin sentyabrın 12-də SD birlikləri tərəfındən əsirlərə qarşı olan sərt 
münasibət azalmağa başladı. 
1942-ci  ilin  yazında,  yəni  yayımlandıqdan  qısa  bir  zaman  sonra  Xarici 
İşlər  Nazirliyinin  təmsilçiləri  “Aşağı  insan”  broşurasının  azərbaycanlılar, 
türküstanlılar  və  şimali qafqazlılar arasında  narazılığa səbəb olduğu  və  Yaponiya 
hökumət dairələrində  də  xoşagəlməzliklə  qarşılandığı xəbərini SS-in də  diqqətinə 
çatdırmışdılar.  Lakin  bu  broşuranın  yayılması  1944-cü  ilə  qədər  davam  etdi. 
Nəhayət,  SS  generalı  Berger  digər  rəsmi  dairələrin  təmsilçiləri  ilə  aparılan  uzun 
müzakirələrdən sonra broşuranın bağlanmasına nail oldu. (395, s.50) 
Almanların irqi baxışları Qafqaz və Türk-Tatar mühacirlərə də mənfi təsir 
göstərmişdi. Səfərlərinin birində sabiq Türküstan Baş Naziri Mustafa Çokayoğluna 
Berlində küçədə SS sərsərisi sataşmış və onu yerə itələmişdi. Səbəbini soruşduqda 
o,  “aşağı  insan”  haqqında  gördüyü  bir  filmdən  təsirlənərək  bu  hərəkəti  etdiyini 
açıqlamışdı.  Çokayoğlu  Şərq  Nazirliyinin  qonağı  olduğundan  ondan  rəsmi  üzr 
istənilmişdi. 

Lakin  almanların  belə  irqi  baxışlarına  və  münasibətlərinə  baxmayaraq 
müharibənin ilk aylarında  həm könüllü, həm də əsir olaraq onların tərəfınə çoxlu 
sayda  sabiq  Qızıl  Ordu  əsgər  və  zabitləri  keçmişdi.  1941-ci  ilin  noyabrın  1-dək 
alman  düşərgələrində  olanların  sayı  iki  milyondan  çox  idi.  Rozenberq  isə  bu 
rəqəmin 3,6 milyon olduğunu söyləyirdi. 
Bəs  türk-tatar  əsirlərindən  milli  legionlar  yaratmaq  fıkrini  ilk  dəfə  kim 
irəli sürmüşdü? Mühlen yazırdı ki, bu fikrin təşviq ediciliyində iki türk generalının 
xüsusi  rolu  olmuşdu  və  1941-ci  ilin  oktyabrında  bu  planın  müsbət  həyata 
keçirilməsində  cəhdlər  göstərmişdilər.  Həmin  generallardan  biri  tanınmış  hərbçi 
Nuru Paşa (130, 71) digəri isə general Ərkilət ıdi. Qeyd edək ki, hələ 1941-ci ilin 
sentyabrında Berlinə golən Nuru Paşa Almaniya  Xarici İşlər Nazirliyi ilə əlaqələr 
qurub  Veyçzeker  və  Bermanla  görüşlər  keçirdi.  Öz  fıkir  və  ideyalarını, 
Almaniyada fəaliyyət proqramını açıqlayan Nuru Paşa həmin fikirlərin (yəni, Türk 
birliyinin) Türkiyədə çoxları tərəfindən dəstəkləndiyini bildirirdi. Nuru Paşa alman 
nümayəndələrinə  izah  edirdi  ki,  o,  Türkiyə  hökumətindən  xəbərsiz  olaraq  buraya 
gəlməmişdir.  Berlinə  yola  düşməzdən  qabaq  o,  bu  səfəri  haqqında  ancaq  Baş 
Nazirə məlumat vermişdi. 
Lakin  Almaniya  dövləti  Nuru  Paşanın  təkliflərini  onun  gözlədiyi  kimi 
qarşılamadı.  Almaniyanı  Türkiyənin  rəsmi  dövlət  mövqeyi  ilə  Pantürkist 
təşkilatları arasındakı münasibətlərin fərqli olması narahat edirdi. Bununla əlaqədar 
Berman  Ribbentropa  hazırladığı  məlumatda  Hitlerin  ideyalarını  əsas  götürüb 
bildirirdi:  Sovet  İttifaqının  məğlubiyyətindən  sonra  keçmiş  Rusiya  imperiyasının 
böyük ərazisi başqa dövlətlərin yox, Almaniyanın təsiri altına düşməlidir”. (270, s.l 
12) Berman hesab edirdi ki, neft maraqları baxımından Türkiyəyə Mosul rayonunu 
güzəştə  getmək  mümkün  olsa  da,  Bammi  və  Bakı  əraziləri  tamamilə  istisnalıq 
təşkil  edir.  Berman  düşünürdü  ki,  yalnız  Türküstanda  Türkiyənin  müttəfiqliyi  ilə 
türk dövlətləri yaratmaq olar. 
Eyni zamanda, Nuru Paşaya Berlində pantürkist ideyalarını təbliğ etməyə, 
xüsusən müsəlman hərbi əsirləri arasında iş aparmağa, onlardan sovet ərazilərində 
təbliğat üçün istifadə etməyə və hərbi hissələr yaratmağa razılıq verildi. 
Almanlar  hərbi  əsirlərlə  iş  aparmaq  məqsədi  ilə  ayrı-ayrı  xalqların 
mühacirətdəki  liderləri  ilə  də  əlaqələr  qururdular.  Bundan  ötrü  Şərq  Nazirliyi 
tərkibində  müvafiq  komissiyalar  yaradılırdı.  Komissiyaların  məqsədi  əsirlərin 
siyahılarını  tutmaq,  onları  gələcək  günlər  üçün  işlərə  hazırlamaq  idi.  Bununla 
əlaqədar,  almanlar  hələ  ötən  illərdən  Almaniyada  fəaliyyət  göstərmiş  mühacir 
liderlərə xüsusi önəm verirdilər. 
İdil-Ural  türklərindən  olan  Əhməd  Teymur  xatırlayırdı:  “Məsələn,  İdil-
Ural işini mən, (sonralar Əbdürrəhman Şəfi Almaz) yürüdürdüm, Azərbaycan işinə 
Mehmet bəy (Məhəmməd Əmin Rəsulzadə), Şimali Qafqaz işinə Əli xan Qantəmir 
və  dostları  baxırdı.  Türküstanlı  əsirlərlə  ilgilənmək  üzrə  komisyona  alınan  Vəli 
Qəyyum xan isə Mustafa Çokay gəldikdən sonra onun müavini olaraq çalışmalarını 

davam etdirdi. Bundan başqa, komisyonda gürcü və erməni işlərini yürüdən üzvlər 
də vardı... Komisyon üzvləri arasında səmimi bir qardaşlıq və dostluq havası hökm 
sürürdü.  Hər  kəs  bu  savaşa  millətləri  qurtuluşa  götürəcək  böyük  bir  savaş  olaraq 
baxırdı”. (380, s.218) 
1941-ci  ilin  avqustundan  fəaliyyətə  keçən  komissiya  düşərgələrdəki 
əsirlərlə  görüşməyə  başladı.  İdil-Ural  komissiyasına  (buraya  tatarlar,  başqırdlar, 
çuvaşlar  və  fin  xalqlarının  nümayəndələri  daxil  idi)  Əhməd  Teymur,  Türküstan 
komissiyasına  özbək  Vəli  Qəyyum  xan,  Şimali  Qafqaz  komissiyasına  Əli  xan 
Qantəmir,  Azərbaycan  komissiyasına  isə  Məhəmməd  Əmin  Rəsulzadə  daxil  idi. 
Bundan  əlavə,  Gürcüstan  və  Ermənistan  üçün  də  müvafiq  komissiyalar  vardı. 
Ümumi  komisyon  Başqanı  isə  NSDAP-ın  (Milli  Sosialist  Almaniya  Fəhlə 
Partiyası) SA batalyonundan şturmbanfürer Geybel adlı bir alman idi. 
Sovet  savaş  əsirləri  ilə  ilk  münasibətlər  quran  bu  komissiyalar  onların 
arasından  uyğun  olanlarının  seçilib  legionlar  yaradılmasına  şərait  açdı.  Məhz  bu 
komissiyaların  fəaliyyətindən  sonra  ilkin  olaraq  “Tatar  legionu”  kimi  əsgəri 
birliklər qurulmağa başladı. 
Qeyd  edək  ki,  Polşada,  Rodom  şəhərində  formalaşan  Azərbaycan 
legionerləri  haqqında  məlumata  Belorusiya  Respublikasının  Dövlət  Təhlükəsizlik 
Komissarı  L.  Çanavanın  1943-cü  ildəki  25  iyun  raportunda  da  rast  gəlmək 
mümkündür. Raportda göstərilirdi ki, Azərbaycan milli legionu 5 min nəfəri əhatə 
edən 5 taburdan ibarətdir və Yedlino stansiyası yaxınlığında yerləşmişdir. (324) 
İlk  azərbaycanlı  əsirlər  digər  xalqlardan  olanlarla  birgə  alman  ober-
leytenant Baron fon Qoubenin başçılığı altında Zaporojye yaxınlığındakı 444 saylı 
təhlükəsizlik  diviziyasında  birləşdirildi.  Sonra  onlardan  alman  zabitlərinin 
rəhbərliyi altında Türküstan taburu yaradıldı və bu sonradan 444 saylı türk taburu 
adını aldı (393, s. 26). 
1941-ci  ilin  sonlarına  yaxın  alman  zabit  Mayer  Mader  Özbəkistanın 
mühacirətdə olan siyasətçisi Vəli Qəyyumxanı da cəlb edərək qırmızı ordunun əsir 
düşmüş  əsgərlərindən  türk  mənşəli  mübarizə  dəstəsi  yaratdı  və  onlar  təxribat 
işlərinə  cəlb  cdildilər.  Az  sonra  Azərbaycandan  və  digər  bölgələrdən  olan  türk 
mənşəliləri də bu işə yaxınlaşdırıb yeni dəstələr yaratdılar. 
Qeyd  edək  ki,  1942-ci  ilin  fevralın  18-dən  rəhbəredici  orqan  Şərq 
legionlarının  komandir  və  ya  qərargahı  adlandırıldı.  Şərq  legionlarının 
komandanları  xidməti  baxımından  rütbə  sırası  ilə  düzülürdülər  və  onların  başlıca 
vəzifəsi  müxtəlif  millətlərdən  olan  hərbi  əsirlərdən  gücləndirilmiş  hərbi  taburlar 
yaratmaq idi. Türküstan, Qafqaz, sonradan formalaşan Azərbaycan legionları məhz 
Mayer-Maderin  yaratdığı  hissələrin  davamı  kimi  qurulmaqda  idi  və  1942-ci  ilin 
fevralın 19-dan bunların hamısı birləşdirildi. 
Şərq  legionlarının  qərargahı  almanların  müharibədə  qələbəsini 
reallaşdırmaq  üçün  işi  sürətləndirmək  istəyirdi.  Bu  məqsədlə  almanlar  artıq  450-
452-781-782-783-784 saylı Türküstan piyada taburu iki 804-805 saylı azərbaycanlı 

taburu iki 795-796 saylı gürcü taburları, iki 808-809 saylı erməni taburunu yaradıb 
cəbhəyə göndərdilər. 
1942-ci  ilin  payızından  Polşa  və  Ukraynada  formalaşmış  legionerlərin 
döyüş taburlarından da Qafqaz və Stalinqrad ətrafındakı döyüşlərdə istifadə etdilər. 
Azərbaycanlılardan ibarət olan 804-cü tabur almanların 49-cu dağ korpusunun 4-cü 
dağ atıcı diviziyasına göndərildi. Həmin diviziya Qafqazda Suxumi istiqamətindəki 
yüksək dağ rayonlarında hərəkət edirdi. 
Nalçik  və  Mozdok  istiqamətlərində  olan  döyüşlərdə  əsasən  111-ci 
azərbaycan taburu vuruşurdu. General-leytenant Qrayfenberqin məlumatında digər 
taburlarla  yanaşı azərbaycanlılardan təşkil edilmiş 804-cü  və  805-ci taburların da 
meşəlik rayonlarda ayrı-ayrı dəstələrə qarşı uğurlu döyüşləri qeyd olunurdu. Məhz 
belə uğurlu döyüşlərdən sonra ayrı-ayrı taburlara  “alman forması daşımaq şərəfı” 
nail olurdu. 
Qeyd edək ki,  ilk döyüşlərdə  azərbaycanlılardan təşkil edilmiş 804, 805, 
806, 807 saylı taburlar xüsusi olaraq fərqlənmişdilər. Artıq 1943-cü ilə qədər Şərq 
legionları  qərargahının  rəhbərliyi  ilə  Polşa  ərazisındə  8  azərbaycanlı  taburu 
yaradılmış və onlar Hərbi komandanlığa təhvil verilmişdi. (393 s. 38). Qısa zaman 
müddətində  isə  burada  bütövlükdə  53-ə  qədər  hərbi  hissə  yaradılmışdı.  Bununla 
belə  qərargahda  yalnız  döyüşən  taburlar  yaradılmırdı,  eyni  zamanda,  ordu 
qərargahının  tələblərinə  uyğun olaraq ayrı-ayrı  türk işçi taburları da  formalaşırdı. 
Sonradan  yaradılan  türk  taburları  əsasən  162-ci  piyada  diviziyasının  sərəncamına 
göndərilirdi. 
Eyni  zamanda,  legionların  və  dolayısı  ilə  milli  qrupların  idarə  işlərini 
aparmaq üçün Berlində Şərq Nazirliyinin himayəsində  “Leytstelle”lər (idarə  yeri) 
olaraq ayrı-ayrı bürolar, komissiyalar meydana gətirildi. (380, s.219) 
Komissiyalar aşağıdakı formada raportlar hazırlayırdı: 
“I  Raport  1941-ci  ilin  27  və  28  avqust  günləri,  Şərq  Nazirliyinin  Geibel 
komisyonu  üzvləri  olaraq  Harmover  ətrafındakı  Fallinq-Vostel  qəsəbəsinin 
“Oerbke”  və  “Verqen-Velsen”  məhəllələrində  olan  2  əsirlər  düşərgəsini  ziyarət 
etdik.  Əsirlər  milliyyətlərinə  görə  ayrılıb  ayrı  koğuşlarda  yerləşdirilmiş 
olduqlarından  onlarla  əlaqə  yaratmaq  çox  çətin  idi.  Öncə  onları  koğuşlarında   
gördükdən  sonra  qərargah  yerlərinin  birisində  yerləşib  onları  bir-bir  qarşıma 
gətirərək  söhbətləşdim  və  adlarını  yazdım.  Yanımda  çoxlu  siqara  götürmüşdüm, 
hər  birinə  3-5  ədəd  verərək  daha  açıq  danışmaqlarına  çalışırdım.  Vücudca  gözə 
batan  şey  hamısının  dişlərinin  sağlamlığı  idi.  Bu  cəhət  bizə  başçılıq  edən  alman 
zabitinin də diqqətini çəkmiş və heyrətini gizlətməmişdi. 
Bu 2 düşərgədə qarşılaşdığım əsirlərin ümumi sayı 263 nəfər idi və onlar 
belə bölünmüşdülər: 
      
 
Oerbke 
Verqen-Velsen 
Tatar 
60 
135 

 
Başqırd 
 


Çuvaş 
 

54 
Toplam 
 
70 
193 
 
Bu  düşərgələrdə  fin  boyları  ilə  qarşılaşmadım,  ya  heç  yoxdular,  ya  da 
soruşulmadan ruslar arasında qalmışlardı”. (380, s.221) 
Qeyd  edək  ki,  türk-tatarlardan  və  qafqasiyalılardan  təşkil  olunan  ilk  iki 
birlik alman təhlükəsizlik təşkilatının nəzarəti altında yaradılmışdı. Bunlardan biri 
türk-tatar  əsgərlərdən  ibarət  olan  450  saylı  türk  taburu  idi  və  Andreas  Mayer-
Maderin komandanlığı altında idi. “Bergman” (“Dağlı”) taburu olan digər birlik isə 
qafqasiyalı əsgərlərdən təşkil olunmuşdu. Öncə 1941-ci ilin oktyabrında Poltavada 
700 əsir  seçilmiş və  Sileziyada  təhsil almışdılar. Sonradan birliyin sayı artmış  və 
nəhayət 2900 nəfərə çatmışdı. Bu birlik Teodor Oberlanderin komandanlığı altında 
1942-ci ilin ilk baharında cəbhədə döyüşə başlamışdı. (395, s.53) 
Əlbəttə,  bu  iki  birlik  hələ  “nizami”  legion  deyildi  və  özəl  statuslarını 
1943,  1944-cü  ilə  qədər  mühafızə  etdilər.  Alman  ordusu  ilə  Şərq  Nazirliyinin 
1941-ci  ilin  avqustundan  etibarən  əsirlərin  milliyyətlərinə  görə  komissiyalar 
tərəfindən  seçilib  ayrılmasından  sonra  legionlar  yaradılmağa  başladı.  Legionların 
yaradılması  istiqamətində  ilk  çalışmalar   1941-ci   ilin  noyabr ayından başlandı. 
1941-ci  ilin  dekabrında  Rozenberq  Hitlerə  “türk”  legionlarının  təşkil  edilməsi 
vacibliyi ilə bağlı bir bəyanat vermişdi. Bu plana Hitler müsbət yanaşaraq 1941-ci 
ilin dekabrın 22-də  Alman Silahlı qüvvələri nəzdində rəsmən türküstanlı, erməni, 
gürcü  və  müsəlman  qafqasiyalı  legionunun  təşkili  əmrini  vermişdi.  Bu  sonuncu 
sonradan azərbaycanlı və Şimali qafqasiyalı legionu olmaq üzrə ikiyə ayrılmış və 
1942-ci ilin aprel-may aylarında isə Volqa tatarlarının legionu təşkil edilmişdi. 
Türküstan  legionu  öz  sıralarında  Orta  Asiya  xalqlarını  -  özbəkləri, 
qazaxları,  qırğızları,  türkmənləri,  qaraqalpaqları  və  tacikləri  birləşdirirdi.  Gürcü 
legionu  -  gürcüləri,  abxazları,  adıgeyləri,  çərkəsləri,  kabardinləri,  balkarları  və 
qaraçayları,  Qafqaz  legionu  isə  -  azərbaycanlıları,  dağıstanlıları,  inquşları  və 
çeçenləri  öz  sıralarına  toplamışdı.  1942-ci  ilin  avqustun  2-də  Qafqaz  legionu 
Azərbaycan legionu adlandırıldı və digər dağlı xalqların nümayəndələri isə Şimali 
Qafqaz legionu adı ilə Vesolda yerləşdi. Bundan əlavə, 1942-ci ilin avqustun 15-də 
yaradılan  Volqa  tatarları  legionuna  isə  Povoljye  tatarları,  başqırdlar,  marilər, 
mordvinlər, çuvaşlar və udmurtlar cəlb edildilər. (255, s. 5). 
Legionerlərin  ideoloji  cəhətdən  hazırlığında  aparıcı  rolu  əsasən  keçmiş 
mühacirlər oynayırdı. Müsəlman legionerlərin düşərgələrinə isə Yerusəlim müftisi 
Hacı Əmin əl-Hüseyn dəfələrlə gəlmiş və Almaniya ilə müttəfıq olmayanlara qarşı 
müqəddəs savaş elan etmişdi. 

Legionerlərin  hərbi  və  siyasi  hazırlığı  ümumi  andiçmə  və  milli  bayrağın 
təqdim  edilməsi  ilə  yekunlaşırdı.  Bu  mərasimdən  sonra  taburlar  cəbhəyə 
göndərilirdilər. 
Qeyd  edək  ki,  hələ  1942-ci  ilin  aprelin  15-də  isə  Hitler  kazaklardan  və 
qafqazlılardan cəbhədə partizanlara qarşı mübarizədə “bərabərhüquqlu müttəfiqlər” 
kimi  istifadəyə  icazə  vermişdi.  1942-ci  ilin  avqustunda  isə  legionerlərin  statusu 
“Şərqdə  yerli  köməkçi  hissələrin  vəziyyəti  haqqında”  qəbul  edilən  sərəncamda 
daha  da  ciddi  əsaslandırılmışdı.  Həmin  sənəddə  türk  və  qafqaz  xalqlarının 
nümayəndələri  ayrıca  bölgüyə  aid  edilir  və  “xüsusi  döyüş  hissələri  tərkibində 
alman əsgərləri ilə çiyin-çiyinə bolşevizmə qarşı mübarizə aparan bərabərhüquqlu 
müttəfiqlər” olaraq göstərilirdi. (255, s. 4). 
Qeyd olunmalıdır ki, Köniqsberq, Qrafvald və Praqa universitetlərinin elm 
xadimləri kimi (OKW)-nin idarəsinin ikinci xarici bölməsinin ehtiyat zabitləri hələ 
çoxdan  Şərqi  Avropanın  iqtisadi  və  siyasi  problemləri  ilə  məşğul  olmağa 
yönəldilmiş,  Sovet  İttifaqı  və  xüsusilə  də  Qafqaza  tədqiqat  səfərləri  vasitəsilə  bu 
ərazilərlə  tanış  olmuşdular.  17-ci  ordunun  əsas  bölmə  rəhbərləri,  cənub  qoşun 
hissəsinin baş qərargah zabiti S. Vinterin 1941-ci il oktyabr məlumatında Qafqazda 
planlaşdırma  əməliyyatlarının  xeyri  üçün  yerli  əhalidən  xüsusi  qrup  təşkil  etmək 
fikri  irəli  sürülür.  Bir  tərəfdən  gürcü  qoşunlarını  dəf  edərək  əsas  dağ  keçidi  ilə 
almanların  Tiflis  istiqamətində  irəliləməsini  yüngülləşdirməli,  digər  tərəfdən  bir-
biri ilə ədavəti olan millətlər arasında təxribat aparmalı idi. 
İlk  birliklər  əsasən  işğal  altındakı  Polşada  yerləşdirilmiş,  1942-ci  ilin 
martından  isə  paralel  olaraq  Sovetlər  Birliyinin  işğal  edilmiş  ərazilərində 
qurulurdu.  Bu  legionlardan  əlavə  Krımda  və  Kalmık  bölgələrində  almanlar 
tərəfındən silahlandırılmış milislər, özəl birliklər də vardı. 
Qeyd  etdiyimiz  kimi,  Hitler  birliklərə  etibar  etmədiyindən  onları  yalnız 
tabur  olaraq  saxlayırdı  və  bu  sırada  yalnız  162-ci  türk  diviziyası  istisnalıq  təşkil 
edirdi.  1942-ci  ilin  dekabrından  isə  “Şərq  birlikləri  generallığı”  və  daha  sonra  da 
“könüllü birliklər generallığı” qurumları da yaradıldı. 
Qeyd  edək  ki,  almanlar  legionerləri  müxtəlif  sahələrdə  fəaliyyətə  cəlb 
edirdilər.  Belə  ki,  onlar  yalnız  döyüşən  hissələrdə  deyil,  eyni  zamanda  kəşfiyyat 
xarakterli  işlərdə  də  istifadə  olunurdular.  Bu  məqsədlə  faşist  Almaniyasında 
bilavasitə  Gestaponun  təsirində  olan  kəşfiyyat  mərkəzləri  fəaliyyət  göstərirdi. 
Onlardan  biri  də  “Çeppelin”  kəşfiyyat  mərkəzi  idi.  Bu  mərkəzdə  sovet  dövlətinə 
göndərilən  təxribatçılar  hazırlanırdı.  1942-ci  ilin  dekabrında  buradakı  bir  qrup 
azərbaycanlını Auşvits kəşfiyyat məktəbinə göndərdilər. Bu məktəbin dinləyiciləri 
radio işlərini, şifrələnməni, saxta sənədlər hazırlanmasını və digər təxribat işlərini 
öyrənirdilər.  Kursu  qurtaranları  sovet  ordusunun  arxa  hissələrində  fəaliyyətə 
göndərirdilər. (327) 
Bundan əlavə, Teppel şəhərində də kəşfıyyat məktəbi fəaliyyət göstərirdi. 
Məktəbdə  almanlara  sədaqətlə  xidmət  etmək,  bolşevizmlə  amansız  mübarizə 

aparmaq  mövzusunda  siyasi  mühazirələr  oxunurdu.  Burada  təhsil  alan 
azərbaycanlıların Azərbaycana kəşfiyyat fəaliyyətinə göndərilməsi planlaşdırılırdı. 
Qeyd edək ki, legionların təchizatı qismən alman silahlarından, qismən də 
qənimət  silahlardan  mütəşəkkildi.  Geyimləri  isə  almanlarınkı  qədər  keyfiyyətli 
deyildi  və  özəl  işarətləri  vardı.  Alman  ordusu  əslində  legionerləri  muzdlu  əsgər 
olaraq görürdü və onları siyasətdən ayrı tuturdu. 
Qeyd  edək  ki,  1942-ci  ilin  son  baharında  erməni  legionerləri  üsyan 
etdiyindən  və  bir  qismi  Ukrayna  partizanlarının  tərəfınə  keçdiyindən  Hitlerin 
digərlərinə  də  inamı  azalmışdı.  Erməni  və  gürcülərlə  müqayisədə  Hitler 
müsəlmanlara  daha  çox  üstünlük  verdiyini  bildirirdi.  (395,  s.61)  Almanların 
müşahidələrinə  görə  etibarsızlıq  və  sürüşkənlik  baxımından  birinci  planda 
ermənilər, sonra gürcülər, ikinci planda Volqa tatarları ilə türküstanlılar dayanırdı. 
Azərbaycanlılarda və şimali qafqazlılarda belə hallara çox az təsadüf olunurdu. 
Bəzi  hallarda  isə  legionerlərimiz  də  alman  zabit  və  əsgərlərinə  silah 
çevirirdilər. Belə hadisənin qarşısını almaq üçün almanlar 1943-cü il oktyabrın 8-
də Krımda Sultanovka kəndində 9 nəfər legioneri qətlə yetirdilər. Qətlə yetirilənlər 
aşağıdakılar  idi:  1)  Əbdüləzimov  Həsən  -  kapitan,  2-ci  tabur  komandiri,  əsli 
Naxçıvanlıdır;  2)  Məmmədov  Məmməd  -  leytenant,  əsli  Tovuzdandır;  3) 
Əfəndiyev Məmmədiyyə Xəlil oğlu - hərbi həkim, əsli Zaqataladandır; 4) Səfərov 
Hacı - leytenant, Dağıstanın Kurax rayonu; 5) Karitov Sədulla – hərbi texnik, Lək 
rayonu,  Dağıstanlı;  6)  Əliyev  Mirzə  -  baş  serjant,  Bakı;  7)  Əliyev  Əli  -  kiçik 
leytenant,  əsli  Naxçıvanlıdır;  8)  Məmmədov  Hacı  -  serjant,  əsli  Salyanlıdır;  9) 
Malamodov Hüseyn. (324) 
Hərbi əsirlərlə və mühacirlərlə yalnız Şərq Nazirliyi deyil, eyni zamanda, 
Xarici İşlər nazirliyi də məşğul olurdu. 1941-ci ilin aprelindən bu sahədə fəaliyyətə 
başlayan Xarici İşlər nazirliyi əslində Şərq Nazirliyinin gördüyü işləri təkrarlayırdı. 
İşğal  ediləcək Sovetlər Birliyi üçün  yetkili olan  Rusiya  Komitəsinin başqanlığına 
müşavir  olaraq  Georq  Qrosskopf  təyin  edildi.  O  da  Leybrandt  və  professor  fon 
Mendenin  də  daxil  olacaqları  bir  heyət  təşkil  etməyə  çalışdı.  Lakin  Qrosskopfun 
məlumatlarından  aydın  olurdu  ki,  onun  fəaliyyəti  yalnız  bilgi  toplamaqdan 
ibarətdir. 
Müharibənin  başlamasından  az  sonra  Qroskopfun  “Rusiya  Komitəsi” 
qafqasiyalı və türk-tatar mühacirlərlə və türk siyasi və əsgəri adamları ilə bir çox 
münasibəti  olan  səfır  Verner  Otto  fon  Nentiqə  “Güneydoğu  Avropa  qövmlərinin 
(qafqasiyalılar,  qırğızlar,  tatarlar)  məsələləri”nin  araşdırılması  səlahiyyəti  verildi. 
(395, s.65) 
“Rusiya  Komitəsi”nin  məşğuliyyətlərindən  biri  də  Sovetlər  Birliyindəki 
rus olmayan  milliyyətlər üçün kitabçalar hazırlamaqdı.  Bununla  bağlı  milliyyətcə 
tatar  olan  Alimcan  İdris  də  Komitənin  tapşırğı  ilə  Qızıl  Ordunun  tatar,  özbək  və 
digər türk əsilli əsgərlərinə müraciət edən “Doğu Türk” kitabçası hazırlamışdı. Az 
sonra  almanlar  Qafqaza  yaxınlaşdıqca  “Qafqaz  broşuraları”  da  çap  edilməyə 

başladı.  Nəhayət,  1942-ci  ilin  yanvarından  Nentiqə  pantürkizm  təbliğatını 
gücləndirmək tapşırıldı. 
Qeyd  edək  ki,  pantürkizmin  atəşli  bir  tərəfdarı  və  təşviqçisi  isə 
Ankaradakı alman səfıri Frans fon Papen idi. Fon Papenin məqsədi Türkiyədə çox 
fəal olan mühacir qrupları və məşhur pantürkistlər vasitəsi ilə Ankara hökumətini 
Almaniyanın  cərgəsində  hərbə  cəlb  etməkdi.  Məhz  fon  Papenin  təşəbbüsü  ilə  iki 
türk  generalı  -  Ərkilət  və  Ərdan  Nentiqlə  birgə  Krımı  gəzmiş,  türklərin  yaşadığı 
bölgələrin  gələcəkdəki  idarə  forması  ilə  tanışlıq  üçün  Almaniyada  olmuşdular. 
Bundan əlavə, Türkiyənin sabiq Hərbiyyə naziri Ənvər paşanın qardaşı Nuru Paşa 
(Killigil) da məhz fon Papenin təşəbbüsü ilə Berlinə gəlmişdi. “Prometey” təşkilatı 
tərəfdarlarından  azərbaycanlı  Məhəmməd  Əmin  Rəsulzadə,  şimali  qafqazlı  Səid 
Şamil,  Aytən  Namitok  və  digərləri  alman  məqamları  ilə  müzakirələrə  cəlb 
olunurdular. 
Almaniyanın  sabiq  Moskva  səfiri  Şulenburq  da  mühacirətdəki 
siyasətçilərdən  faydalanmağı  vacib  sayırdı  və  o  da  səfirliyin  müşaviri  Nilgerlə 
birlikdə  “Rusiya  Komitəsi”nə daxil edilmişdilər. 1942-cı ilin aprelində Şulenburq 
Fransa, İtaliya, Balkanlar, Türkiyə və İsveçrədə yaşayan mühacirləri Berlinə dəvət 
etdi.  Həmin  ilin  aprelin  sonu  və  mayın  əvvəllərində  Berlinin  məşhur  “Adlon” 
mehmanxanasında bir toplantı keçirildi. Toplantıda aşağıdakı şəxslər iştirak edirdi: 
Azərbaycanlı  -  Məhəmməd  Əmin  Rəsulzadə,  Xəlil  Xasməmmədov  və  Fuad 
Əmircan;  şimali  qafqasiyalı  -  Səid  Şamil,  Heydər  Bammat  və  Əli  xan  Qantəmir; 
gürcülərdən - Spiridion və Leo Kereselidze, Daşa Vaçanadze, Zurab Avaiaşvili v b. 
(395,  s.68)  Bu  toplantının  mühacirlərlə  işbirliyi  qurması  baxımından  böyük 
əhəmiyyəti vardı. 
Qeyd edək ki, Hitler Almaniyası mühacir təşkilat və qruplarla danışıqları 
əsasən  iki  nazirliyi  vasitəsi  ilə  aparırdı:  Xarici  İşlər  Nazirliyi  və  Şərq  Nazirliyi. 
Xarici  İşlər  Nazirliyində  bu  işdə  Şulenburq,  Şərq  Nazirliyində  isə  Rozenberq 
dayanırdı. Bəzi məqamlarda bu iki nazirliyin işi üst-üstə düşdüyündən ziddiyyətlər 
yaranırdı.  Sonradan,  Rozenberq  Hitlerə  şikayət  etmiş,  o  isə  “Xariciyyə 
Bakanlığına”  işğal  altındakı  Sovetlər  Birliyinin  məsələləri  ilə  məşğul  olmağı 
yasaqlayan bir təlimat vermişdi. (195, s. 210) 
Şərq Nazirliyi üç əsas bölümdən ibarət idi: 1) siyasət; 2) idarə; 3) iqtisadi. 
Siyasi  bölümün  başında  nazirliyin  baş  müdiri,  Rozenberqin  dostu  Leybrandt 
dayanırdı.  Bu  siyasi  bölüm  aşağıdakı  qaydada  idarə  olunurdu:  “Baş  siyasət”  - 
Xarici İşlər Nazirliyindən Otto Brautidam tərəfindən idarə olunurdu. 2) “Ostland” 
dairəsi  Xarici  İşlər  Nazirliyindən  Peter  Kleist  tərəfindən  idarə  olunurdu;  3) 
“Ukrayna” dairəsi isə SS oberfüreri Vilhelm Kinkelin tərəfindən idarə olunurdu; 4) 
“Qafqasiya”  dairəsini  professor  fon  Mende  idarə  edirdi;  5)  “Yerləşim”  dairəsi 
“Ernst Vetsel” tərəfindən idarə olunurdu. Eyni zamanda, nazirlikdə “Mədəniyyət”, 
“Mətbuat”, “Gənclik”  və  “Qadınlar” dairələri də fəaliyyət  göstərirdi. 1943-cü ilin 
yazında  Leybbrandt  SS-dən  işdən  çıxarıldıqda  onun  yerinə  SS  generalı  Verger 

gətirilmişdi.  Sovet  Şərq  xalqları  mənsubları  və  xüsusən  qafqasiyalı  və  türk-
tatarlarla  ilgilənmək  üçün  yaradılmış  irtibat  dairəsi  (almanca  -  “Mittelstelle”),  və 
Sövq dairəsi (almanca – “leitstelle”) fon Mendeyə bağlı idilər. Bundan əlavə Şərq 
Nazirliyinə bir çox özəl dairə və institutlar da aid idi: “Qafqaz İnşa Dairəsi”, “Şərq 
Araşdırma  Mərkəzi”,  “Şərq  Millətləri  Mərkəzi”,  “Alman  elminin  Şərqə 
yönəldilməsi vəzifəsi”. (395, s. 74) 
Şərq Nazirliyində professor fon Mendenin başçılıq etdiyi SSRİ millətləri 
üzrə  Baş  İdarə  fəaliyyət  göstərirdi.  Bu  idarənin  nəzdində  isə  Qafqaz  işləri  üzrə 
idarə  yaradılmışdı.  Burada  Qafqazdan  olan  ayrı-ayrı  xalqları  əhatə  edən  - 
azərbaycanlı, gürcü, erməni, Şimali Qafqaz və Kalmık şöbələri vardı. Bu şöbələrin 
başlıca  məqsədi  müxtəlif  sahələr  üzrə  gələcəkdə  istifadə  məqsədi  ilə  kadrlar 
hazırlamaqdan  ibarət  idi.  Bundan  ötrü  Polşanın  Keits  şəhərində  yığma  düşərgə, 
Almaniyanın Vüsturau, Tsitenxorst və Vutzets yaşayış məntəqələrində qapalı tədris 
düşərgələri  təşkil  edilmişdi.  Noyruppin  şəhəri  yaxınlığındakı  “Vüsturau” 
düşərgəsində daha çox azərbaycanlılar yerləşdirilmişdi. 
Qeyd edək ki,  “Vüsturau” düşərgəsi 1942-ci ildən fəaliyyət göstərirdi və 
buraya  gətirilən  hərbi  əsirlər  milli  mənsubiyyətlərinə  görə  seçilir  və 
qruplaşdırılırdılar.  Eyni  zamanda  düşərgədəki  əsirlər  ixtisaslarına  görə 
qruplaşdırılırdılar və onlardan təbliğat, tibbi və sənaye sahəsində istifadə edirdilər. 
Bundan  əlavə,  əsirlər  peşə  və  bacarıqlarına,  təhsillərinə  görə  də  iki  -  A  və  B 
qrupuna bölünürdülər. Daha qabiliyyətli və bacarıqlı olanları A qrupuna seçib açıq 
düşərgələrə  göndərirdilər.  Nisbətən  zəif  olanlara  isə  müvəqqəti  işlərdəki  adamlar 
kimi yanaşırdılar. (100) 
Düşərgədəki  komandanlığın  yanında  hər  qrupun  öz  nümayəndəsi  təyin 
olunurdu  və  qruplardakına  görə  məsuliyyət  daşıyırdılar.  Eyni  zamanda  qrup 
rəhbərlərinin  vasitəsi  ilə  əsirlərə  öz  ana  dillərində  Almaniya  haqqında  dərslər  də 
keçirilirdi.  Açıq  düşərgələrdəki  əsirlərə  Berlinə  sərbəst  gedib-gəlmək  imkanı  da 
verilmişdi  və  bundan  ötrü  onlar  “Aysbeys”  sənədi,  sonradan  isə  ayrıca  xaricilər 
üçün nəzərdə tutulmuş pasportla təmin edilirdilər. 
Qeyd  edək  ki,  mühacirlərlə  Almaniya  dövlətinirı  işbirliyi  qurulmasına 
türk generalları Nuru Paşanın, Əli Fuad Ərdənin və Hüsnü Əmir Ərkilətin də ciddi 
təsiri  olmuşdu.  Məsələn,  onların  tövsiyəsi  ilə  Nentiq  İdil  (Volqa)  tatarlarının 
sürgündəki lideri Ayaz İshaqi ümumi işə cəlb edilmişdi. 
Azərbaycan  legionlarının  yaradılması  ilə  bağlı  ABŞ-da  nəşr  edilən 
“Üçüncü  Reyxin  xidmətində  olan  xarici  imkanlar”  kitabında  da  maraqlı 
məlumatlar vardır. Müəllif yazır: “Türk legionlarının yaradılması ideyası Türkiyə 
ordusu  Baş  Qərargahının  generalı  Ərkilətə  məxsusdur.  Belə  ki,  1941-ci  ilin 
payızında  Hitlerlə  onun  Şərqi  Prussiya  iqamətgahında  görüşən  generalın  təklifi 
Hitleri maraqlandırmışdı. Türkiyəni öz tərəfınə çəkməyə çalışan Hitler 1941-ci ilin 
noyabrında  Türküstan  legionunun  yaradılmasına  razılıq  verdi.  Alman  ordusunun 
tamamilə  məxfı  olan  1941-ci  il,  3  dekabr  tarixli  əmri  ilə  daha  çox  -  müsəlman-

Qafqaz,  gürcü  və  erməni  legionları  formalaşdırılmağa  başladı.  Sonradan 
müsəlman-Qafqaz  legionu  şimali-qafqazlı  və  azərbaycanlı  olmaq  üzrə  iki  yerə 
ayrıldı.  1942-ci  ilin  ortalarında  onlara  daha  ikisi  əlavə  edildi:  Krım  tatarları  və 
Povoljye tatarları. (292, s.250) 
Lakin mühacirlərin Almaniya hökuməti təmsilçiləri ilə danışıqları heç də 
uğurlu  getmirdi.  Xüsusən,  şimali  qafqasiyalı,  gürcüstanlı  və  azərbaycanlılar  öz 
ölkələrinin  müstəqilliyini  irəli  sürdüyündən  almanlar  tərəfindən  qəbul  edilmirdi. 
Belə  olduqda,  Azərbaycan  təmsilçisi  Məhəmməd  Əmin  Rəsulzadə  və  şimali 
qafqazlı  Səid  Şamil  Almaniyadan  çıxıb  getmək  məcburiyyətində  qalmışdılar. 
Lakin fon Mende çətinliklə də olsa, M. Ə. Rəsulzadəni müvəqqəti olaraq saxlaya 
bilmişdi. 
Nəhayət,  üzvləri  Şərq  Nazirliyi  tərəfindən  təsdiq  olunan  və  dörd  Qafqaz 
millətindən hər biri üçün, bir də kalmıklar üçün “milli komisyonlar” təşkil olundu. 
Milli  komisyonlar  dörd-beş  nəfərdən,  kalmıklarınkı  iki  nəfərdən  və  şimali 
qafqazlılarınkı  isə  on  nəfərdən  ibarət  idi.  Hitler  “Milli  komitə”  adını 
yasaqladığından  mövcud  qurumları  “milli  komisyonlar”  adlandırırdılar.  Sonradan 
təmsilçilər  legionlara  və  mətbuata  təsirlərinin  az  olduğunu  görüb  “milli 
komisyonlar”dan  istefa  etdilər.  Bəzi  üzvlər  komisyonlarda  qalsalar  da,  ciddi 
fəaliyyət göstərmədilər. 
Qeyd edək ki, həmin dövrdə Almaniyada M. Ə. Rəsulzadənin başçılığı ilə 
Milli Azərbaycan Komitəsi də yaradılmışdı. 
M.  Ə.  Rəsulzadə  bu  münasibətlə  yazırdı:  “1943-cü  ildir.  İkinci  Cahan 
hərbi əsnasında Alman Xariciyyə Nazirliyindən fon Şulenburqin (sonradan Hitlerə 
yapılan  sui-qəsd  işi  ilə  ilgili  olaraq  edam  edilən)  dəvəti  üzərinə  Berlində  idim. 
Milli  Azərbaycan  Komitəsi  təşəkkül  etmişdi;  bu  komitə  Milli  Azərbaycan 
davasının əsaslarını alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdi”. 
(1, s.11) 
M.  Ə.  Rəsulzadənin  başçılıq  etdiyi  Milli  Azərbaycan  Komitəsi  bu 
proqramla  mübarizə  aparırdı:  “Azərbaycanın  milli  haqlarını  qorumaq,  vətənin 
xilası  və  istiqlalı  üçün  mübarizə  etmək,  qafqasiyalı  millətlərin  dostluqları  və 
siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıxı surətdə işbirliyi 
təmin etmək”. (139, s.26) 
“Milli  Azərbaycan  Komitəsi”nin  yaradılması  azərbaycanlıları  çox 
sevindirmişdi. Azərbaycan legionerlərinə başçılıq edənlərdən mayor Ə. Fətəlibəyli 
Düdənginski  M.  Ə.  Rəsulzadəyə  aşağıdakı  məzmunda  bir  məktub  göndərmişdi: 
“Mərhəba,  çox  möhtərəm  Məhəmməd  Əmin!  Əziz  yurdumuz  Azərbaycanın   
yorulmaz hürriyyət  mücahidi  olan Sizi  cəbhədəki  bütün  əsgərlərimiz adından     
salamlayıram.  Qəzetimizdə  “Milli  Azərbaycan  Komitəsi”nin  təşkil  olunduğunu 
oxudum,  bu  məni  çox  sevindirir.  Biz,  cəbhədəki  əsgərlər  şübhə  etmirik  ki,  Milli 
Komitəmizin  üzvləri  arasında  hamımızca  sevilən,  legionumuzun  qurucusu 
Babayev  Beydullah  da  olacaqdır.  Biz  irəlidə  də  millətimizin  hürriyyət  və  böyük 

Almaniya  uğrunda  fədakaranə  bir  tərzdə  döyüşəcəyiz.  Cəbhədəki  bütün 
əsgərlərdən  Sizə  salam.  Sizə  xoş  səhhətlər  dilərəm.  Sizin  Ə.  Düdənginski 
Fətəlibəyli”. (1, s.12) 
Milli  təmsilçiliklərin  mətbu  fəaliyyətinə  də  geniş  yer  verilirdi.  Legionlar   
üçün  həftəlik  dərgilər  və  düşərgə  qəzetləri  də  yayımlanırdı.  Mətbu  orqanlar  milli 
dillərdə və bəzən də iki dildə, yaxud almanca paralel nüsxələr şəklində çap edilirdi. 
Bəzi  milli  təmsilçiliklər  hətta  ədəbiyyat  sahəsində  də  fəaliyyət  göstərirdilər. 
Azərbaycanlılar,  türküstanlılar  Volqa  tatarları  öz  aralarında  ədəbi  dərgilər  və  şer 
kitabları nəşr edirdilər. 
Şərq  Nazirliyinə  bağlı  olan  bütün  milli  təmsilçiliklərin  öz  büdcələri  də 
vardı. Qafqaz irtibat heyətlərinin büdcəsi - 300 000 markaya, hərbin sonlarında isə 
600  000  markaya  çatırdı.  Ümumi  işlərin  görülməsində  ayrıca  fondlardan  da 
faydalanırdı. Burada çalışanlara ayda 350-400 marka həcmində maaş verilirdi. 
Qeyd  etdiyimiz  kimi,  almanlar  hər  vasitə  ilə  M.  Ə.  Rəsulzadədən 
faydalanmağa çalışırdılar. 1942-ci ilin oktyabrın 7-də M. Ə. Rəsulzadə ilə aparılan 
danışıqlar  fayda  vermədiyindən  (çünki  o,  Azərbaycanın  müstəqilliyi  fikrini  önə 
çəkirdi)  o,  Rumıniyaya  -  Buxarestə  getmişdi.  Almanlar  onun  getməsinə 
təəssüflənmiş,  qalması  üçün  Drezden  məktəblərinin  birində  müəllimlik  təklif 
etmişdilər,  lakin  o,  bununla  da  razılaşmamışdı.  SS  Mərkəzi  dairəsi  onu  sonradan 
yenə aramış və işbirliyinə çalışmışdılar. 
Beləliklə,  M.  Ə.  Rəsulzadə  ilə  danışıqların  alınmadığını  və  Milli 
Azərbaycan Komitəsində yalnız Hilal Münşinin təmsilçi olaraq Berlində qaldığını 
gördükdə almanlar X. Xasməmmədov qrupu ilə dialoqa başlamışdılar. Bu dialoqda 
azərbaycanlı  “Qafqaz” qrupuna  mənsub Fuad Əmircan, Abbas bəy Atamalıbəyov 
və Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski olmuşdu. 
Lakin, M. Ə. Rəsulzadənin Hitlerə, onun ideya və baxışlarına münasibəti 
də  mənfi  olmuşdur.  M.  Ə.  Rəsulzadə  Hitlerin  “millətçiliyi”nə  münasibətini  hələ 
30-cu  illərdə  yazdığı  məqalələrində  aydınlaşdırmışdı.  O,  1933-cü  ildə  yazırdı: 
“Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış  etmək üçün  
yaranmış  bir  ideyadır.  O  faşizm  kimi  öz  müxaliflərindən  diktatorluq  fikrini   
götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”. (196, s.224) 
M.  Ə.  Rəsulzadənin  Almaniyada  nəşr  edilmiş  “İstiqlal”  qəzetindəki 
“Demokrasi  və  Sovetlər”  məqaləsində  isə  faşizmə  münasibəti  belə  açıqlanırdı: 
“Daxildə  və  xaricdəki  düşmənlərinin  qənaətincə,  Hitlerizm,  demokrasi  rejiminin 
müxalifı  olaraq  iş  başına  gəlmiş,  təsisinə  başladığı  idarə  İtaliyada  olduğu  kimi, 
faşist diktatorluğu imiş.”(179) 
M.  Ə.  Rəsulzadə  sonrakı  əsərlərində  Almaniya  dövlətinin  İkinci  Dünya 
hərbində  yeritdiyi  siyasəti  tənqid  edərək  yazırdı:  “1942  və  1943-cü  illərdə 
Almaniyanın Xarici İşlər Nazirliyinin dəvəti ilə digər Qafqazlı siyasi emiqrantlarla 
birlikdə  Berlinə  getdiyim  zaman  biri  mənfı,  digəri  müsbət  iki  şeyə  şahid  oldum. 
Hitler  Almaniyasının  mövqeyi  bütün  milli  məsələlərdə  olduğu  kimi,  Qafqazya 

məsələlərinə  olan  münasibətdə  də  mənfi  idi.  Berlindən  milli  mübarizəmizin 
əsaslarını  tanımasını  gözləmək  əbəsdi.  “Ali  irq”in  nəzəriyyəçiləri  ilə  Polşadakı, 
Ukraynadakı  və  işğal  olunan  başqa  məmləkətlərdəki  alman  praktikləri  ən  kiçik 
ümidə  belə  yer  vermirdilər.  Üzərimizə  düşən  yeganə  vəzifə  milli  haqlarımızı 
tanımayan  və  istiqlal  davamızı  tanımayan  bir  hökumətlə  birgə  fəaliyyətin  baş 
tutmayacağını  təsdiq  edərək  meydandan  çıxmaqdı.  Elə  də  etdik.  1943-cü  il  5 
avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik”. (180, s.103) 
Qeyd etdiyimiz kimi, Hitleri heç bir milli komitə maraqlandırmırdı. 1942-
ci ilin avqustunda hərb əsirlərinə uyğulanacaq və onlarla ilgilənmə əsasında ortaya 
çıxacaq məsələlərin həll edilməsi üçün “Şərq Millətləri Mərkəzi” qurulsa da, (395, 
s.75)  Hitler  “İrtibat  (rabitə)  heyətləri”nə  üstünlük  verirdi.  Çünki,  Mərkəz  texniki 
yardıma  nəzarət  edirdi,  “irtibat  dairələri”  isə  təbliğat,  dərgilər,  öyrədici  kurslarla 
məşğul olurdu. M. Ə. Rəsulzadə bununla əlaqədar yazırdı ki, Hitler təşkil olunan 
milli  legionlarla  ordu  qərargahı  arasında  rabitə  vəzifəsini  görən  məhdud  və  
müəyyən  işlərlə  bağlı  “Rabitə  (irtibat)  heyətləri”  (Əlaqə qərargahları - almanca: 
“Ferbindunqştablar)  (195,  s.  12)  qurulmasını  əmr  etmişdi.  Azərbaycan  Rabitə 
Heyətinin başına da Əbdürrəhman bəy Fətəlibəyli - Düdənginski gətirilmişdi. Qeyd 
edək ki, Azərbaycan legionerlərinə əvvəlcə qrup halında başçılıq edirdilər: Abbas 
bəy Atamalıbəyov, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Fuad Əmircan. 
“İrtibat Heyəti”nin - Ferbindunqştabın hərbi, mülki və diplomatik şöbələri 
fəaliyyət  göstərirdi.  Hərbi  şöbəyə  Ə.  Düdənginski,  mülki  işə  F.  Əmircan, 
diplomatik  sahəyə  isə  A.  Atamalıbəyov  rəhbərlik  edirdi.  Birinci  iki  şöbənin 
müxtəlif  bölmələri  vardı.  Hərbi  şöbədə  hərbi  əsirlərlə  bağlı  məsələlərə  Rəhim 
Babayev,  legion  məsələlərinə  polkovnik  (albay)  İsrafilbəy  İsrafilov,  xüsusi 
hissələrə  (“SS-in  milli  birləşmələri”)  İslam  Əliyev  baxırdı.  Mülki  şöbədə 
azərbaycanlı  fəhlələr  məsələsi  bölməsinə  Səbzəli  Məmmədov,  azərbaycanlı 
mütəxəssislər  bölməsinə  Cümşüd  Məmmədov,  radioveriliş  bölməsinə  Ənvər 
Qazıyev  rəhbərlik  edirdi.  Diplomatik  şöbə  isə  Xarici  İşlər  Nazirliyi  ilə  müxtəlif 
tədbirlərin 
keçirilməsi 
və 
azərbaycanlıların 
işlədiyi 
müxtəlif 
alman 
müəssisələrindəki problemləri həll etmək istiqamətində fəaliyyət göstərirdi. (99) 
Lakin Ə. Düdənginskinin fəallığı ilə “Azərbaycan Milli Birlik Məclisi” də 
formalaşırdı.  Azərbaycan  Milli  Birlik  Məclisinin  tərkibinə  aşağıdakılar  daxil  idi: 
Ə.  Düdəngınski,  Abbasqulu  Abbasov,  Vəli  Ələkbərov,  İslam  Əliyev,  Abbas  bəy 
Atamalıbəyov,  Rəhim  Babayev,  Ceyhun  Hacıbəyli,  Balakişiyev,  Hacı  Hacınski, 
Cahangirbəy  Balakişiyev,  Hacı  Hacınski,  Cahangirbəy  Kazımbəyov,  Cəlil 
İsgəndərli,  İsrafilbəy  İsrafilov,  Ənvər  Qazıyev,  Məcid  Qarsalanlı,  Nuşibəy 
Zülqədərov,  Cabbar  Məmmədov,  Cümşüd  Məmmədov,  Murbaxan  Məmmədov, 
Səbzəli  Məmmədov,  Fərman  Məmmədov,  Orucov,  Süleymanov,  Zahid  Xoyski, 
Fuadbəy Əmircan və s. (99) 
Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  legionunun  əsas  bazaları  Polşa  və 
Almaniya  ərazilərində  yerləşirdi.  Sonralar  isə  legionu  Polşanın  Rodom 

məntəqəsindən Fransanın cənubunda yerləşən Rodess şəhərinə köçürdülər. 1944-cü 
ildə Azərbaycan legionerlərindən Ə. Düdənginskinin, İ. İsrafilovun, R. Babayevin, 
T. Məmməd və Ə. Qazıyevin fəallığı ilə “İrtibat Qərargahı”nın (Ferbindunqştabın) 
Paris  filialı  yaradıldı.  Paris  fılialına  Nuşibəy  Zülqədərov,  Rza  Tağıyev  və  Əlibəy 
Hacınski daxil oldular. 1944-cü ildə Parisin almanlardan azad edilməsindən sonra 
Paris fılialı da buraxıldı. Azərbaycan legionunun bir hissəsi məhv edildi, bir hissəsi 
isə ingilis-amerikan qoşunlarına təslim oldu. (97) 
Beləliklə,  ayrı-ayrı  xalqların  nümayəndələrindən  və  hərbi  əsirlərdən 
yararlanmağa  o  qədər  də  meylli  olmayan  Hitler  getdikcə  hərbi  legionların 
yaranması  zərurətini  qəbul  edirdi.  Digər  tərəfdən,  hərbi  əsirlərin  çoxluğu  və 
müharibənin davamlı xarakter alması da Hitleri belə addım atmağa məcbur edirdi. 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin