NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 
VIII BÖLÜM 
 
AZƏRBAYCAN LEGĠONERLƏRĠ. MAYOR FƏTƏLĠBƏYLĠ 
DÜDƏNGĠNSKĠ. LEGĠONERLƏRĠN UĞURLU DÖYÜġLƏRĠ 
 
Azərbaycan  legionerlərinin  başlıca  qərargahı  Polşa  ərazisində  yerləşirdi. 
Legionerlərin  ümumi  sayının  36  mindən  65-70  minədək  olduğu  göstərilməkdədir 
(82, s. 125) 
Bütün  legionerlər  könüllü  təklif  edilmiş  nişan  şəklində  qollarında  öz 
vətənlərinin  fərqləndirici atributunu  gəzdirirdilər. (393, s. 36) Lakin, onlar alman 
forması geyməyə məcbur idilər. Legionerlərin sol qollarında üç rəngli bayrağımız 
və ay-ulduz həkk olunmuş fərqlənmə nişanı vardı. Bəzi hissələrdə isə papaqlarına 
əyri  xəncər  vururdular.  (262)  Bundan  əlavə,  almanlar  ayrıca  qafqazlılar  üçün 
igidliyə görə I, II, III dərəcəli gümüş ulduzlar təsis etmişdilər. Eyni zamanda, aldığı 
yaranın  dərəcəsinə  görə  də  onlara  gümüş  və  bürünc  medallar  verilirdi.  Bundan 
əlavə, Ə. Fətəlibəylinin başçılıq etdiyi Azərbaycan Milli Birlik Məclisi tərəfindən 
1944-cü ildə iki orden ilə  də təsis olunmuşdu: “Azərbaycan İstiqlaliyyəti” və “Boz 
Qurd”.  Hərbi  döyüşlərdə  xüsusi  fərqlənənlər  bu  ordenlərlə  mükafatlandırılırdı. 
Qeyd edək ki, bəzi alman zabitləri də bu ordenlərlə təltif edilmişdi (85). 
Azərbaycanlı  legionerlər  alman  dilini  bilmədiyindən  ayrıca  tərcüməçilər 
qrupu da fəaliyyət göstərirdi. Qeyd edək ki, hələ 1942-ci ilin sentyabrın 7-də hərəsi 
10  nəfərdən  ibarət  olan  azərbaycanlı,  gürcü,  türküstan  dilli  tərcüməçilər  qrupu 
yaradılmışdı və onlara əlavə alman dili dərsləri keçirilirdi. (393, s. 69) 
Legionerlər arasında dini-maarifçilik işini aparmaq məqsədi ilə Təbliğat Baş 
İdarəsi Drezden şəhərində “Molla kursları” təşkil etmişdi. Bu kurslarda SSRİ-dən 
olan bütün müsəlman xalqlarının nümayəndələri təmsil olunurdu. 
1942-ci  ilin  27  avqustunda  legionlarda  dini  məsələləri  tənzim  edən  xüsusi 
diviziya  yaradılmışdı.  Dini  məsələlərə  aid  bütün  işləri  obermolla  Cumabəyov 
tənzimləyirdi. O, həm də diviziya mollası səlahiyyətinə malik idi. Digər obermolla 

Paşayev isə Azərbaycan legionlarına məsul idi. (393, s. 138) Bundan əlavə, onlara 
tabe olan hər bir taburda da obermollalar vardı. Azərbaycanlıların (eləcə də bütün 
müsəlmanların)  ibadət  vaxtlarında  onlar  hərbi  təlimlərdən  azad  olunurdu.  Eyni 
zamanda, azərbaycanlılara 1942-ci ilin dekabr ayında Qurban bayramının, 1943-cü 
ilin  yanvarında  məhərrəmliyin  və  1943-cü  ilin  martında  isə  Novruz  bayramının 
keçirilməsinə  icazə  verilmişdi  (393,  s.  138-139).  Bundan  əlavə,  ölülərin  kəfənə 
bükülməsi,  qibləgah  istiqamətində  dəfn  edilməsi,  qəbirüstü  daşının  düzəldilməsi 
müsəlmanların ixtiyarına verilmişdi. Qeyd edək ki, Azərbaycan legionlarında olan 
əsgər və zabitlər milli marşlarımızı, mahnılarımızı, vətən, millət duyğulu şerləri ifa 
edirdilər.  Əsgi  legionerlərdən  birinin  yaddaşında  həmin  marşlardan  biri  belə 
qalmaqdadır: 
Bombalar partlar, toplar guruldar,  
Haydı əsgərlər, haydı irəli.  
Haydı əsgərlər, Şərqə gedəlim,  
Şərqin ellərini azad edəlim.  
Şərqin elləri fəryad eləyir,  
Hər zaman bizdən imdad gözləyir,  
Haydı əsgərlər, haydı irəli (131) 
Qeyd  edək  ki,  azərbaycanlılar  (eləcə  də  bütün  müsəlmanlar)  gürcü  və 
ermənilərlə müqayisədə öz keçmişi və tarixləri haqqında çox az biliyə malik idilər. 
Dini  adət-ənənələrdən  isə  məlumatsızdılar.  M.  Ə.  Rəsulzadə  bununla  əlaqədar, 
Azərbaycan legionerləri ilə Almaniyadakı söhbətlərini belə xatırlayırdı: “Yeni nəsil 
öz dilində, deyə bilərik ki, tamamilə oxuyub-yaza bilir. Hamısı ibtidai məktəbləri 
bitirmişlər.  Əsirlər  arasında  orta  təhsil  görənlər  də  az  deyil.  Müxtəlif  ixtisaslı  ali 
təhsillilərə  də  rast  gəlinir.  Müəllimlərlə  həkimlər  daha  çoxdular.  Mənim  -
Azərbaycanda  məmləkətin  idari  və  iqtisadi  ehtiyaclarını  ödəyəcək  qədər  bir  neçə 
yüz ali  təhsil  görmüş gəncləriniz  vardırmı?  -  sualına  müsahiblərim əsəbi  halda:  - 
Siz  nə  deyirsiniz,  yüzlərdən  deyil,  minlərdən  danışın...  Biz  öz-özümüzü  idarə 
edəcək bir vəziyyətdəyik! - deyə cavab verdilər. Ana dili ilə bərabər, əsirlər ruscanı 
da  bilirlər,  lakin  çox  zəif.  Məsələn,  ruscanı  kifayət  dərəcədə  bilməyən  rus  dili 
müəlliminə  rast  gəldim.  Bizə  anlatdılar  ki,  ruscaya  qarşı  Qafqazyada  xüsusi  bir 
müxalifət vardır... Sovet şəraiti və idarəsi ilə bağlı olaraq çox da yüksək səviyyədə 
olmayan  ümumi  məlumat  və  biliklərinə  baxmayaraq,  azərbaycanlı  əsirlərin  dini 
məsələlərdə tamamilə biliksiz olduqları nəzərə çarpırdı. 
Azərbaycandakı  yeni  nəsil,  deyə  bilərik  ki,  dinə  qarşı  laqeyddir.  Dini 
mərasim  və  ibadətlərdən  ən  bəsit  şeyləri  belə  bilmirlər.  Məmləkətdə  məscidlər 
bağlanmışdır.  Nə  Ramazan,  nə  də  Qurban  bayramı  sovet  gənclərinə  məlum 
deyildir.  Azərbaycanda  əsgidən  çox  böyük  əhəmiyyətə  malik  olan  bahar  xalq 
bayramı – “Novruz” da dəbdən düşmüşdür. Azərbaycan, bütün Sovetlər Birliyi ilə 
bərabər  yalnız  Oktyabr  inqilabının  siyasi  bayramlarını  və  bir  də  Azərbaycanın 
sovetləşdirildiyi  günü  qeyd  edir.  Yeni  nəsil  heç  bir  dua  və  namaz  bilməz.  (Çox 

qüvvətli  ailə  ənənələrinin  təsiri  ilə  adətləri  yaxşı  bilənlərə  təsadüf  olunur.)  Krım 
cəbhəsində  əsir  düşən  azərbaycanlı  kiçik  yaşlı  qızlar  -  bacılar  namaz  qılan 
nənələrini necə ələ saldıqlarından danışırdılar. Əsirlərdən bəziləri alman ordusuna 
legioner  yazılmışdılar:  bunlardan  bir  neçəsi  faciəli  bir  hadisədən  bəhs  edirdilər. 
Bölük  komandiri  bir  alman  azərbaycanlılardan  cəbhədə  ölən  arkadaşlarını  İslam 
adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman 
əl  çəkməmişdir.  İsrar  edən  komandirin  əlindən  qurtulmaq  üçün  azərbaycanlı 
gənclər, nəhayət, bir çarə tapmışlar. Yeddi dəfə - “Ya Məhəmməd, ya Məhəmməd” 
-  deyə  bağıraraq  arkadaşlarını  torpağa  tapşırmışlar.  Bir  başqa  dəfə  eyni  növ 
məcburiyyətə  düşərkən  isə  ölən  arkadaşlarını  “Arşın  mal  alan”  operasından 
nəğmələr oxuyaraq basdırmışlar...(180, səh. 108-110; 180, 105-107) 
Azərbaycanlı  legionerlərin  geyimi,  qidalanması  da  Sovet  ordusundakından 
olduqca  yüksək  idi.  Aşağıdakı  cədvəldə  legionerlərə  ayrılan  ərzaq  və  qida 
məhsullarının miqdarı verilmişdir: 
 
Alman silahlı 
qüvvələrində 
legionerlər 
Legionerlər 
Drezden hər.kom. 
15.05.45 
Berlin hər. Kom.-lar 
21.10.1941 
20.12.41 
20.05.45 
 
Çörək 
214 
321 
250 
300 
Ət 

29 
20 
20 
Yağ 
10 
19 


Pendir 




Qənd 
21 
32 
15 
15 
Marmelad 
21 
25 


Nehrmittel 
14 
21 
15 
30 
Şəkər tozu 




Kartof 
714 
1214 
500 
400 
Tərəvəz 
161 
161 


Duzlu kələm 
20 
39 


İçkilər 




Duz 
15 
25 
13 
13 
 
 
 
 
(393, s. 178) 
Qeyd  edək  ki,  hər  bir  taburun  ayrıca  adı,  yaxud  nömrəsi  vardı:  “Aslan”, 
“İgid”, “Dönməz”, “Berqman”, “Cavadxan”, 817, 818, 819 və s. 
Bəzi  taburlar  Polşadakı  Yedlino  ərazisində  formalaşırdı.  Taburların  şəxsi 
heyəti  isə  Malkino  və  Deblin  düşərgələrində  təlim  keçmiş  hərbi  əsirlərdən  ibarət 
idi. Sonradan legionun Qərargahı Fransanın cənubuna, Rodes şəhərinə köçürüldü. 
Qeyd  edək  ki,  Aslan  (804-cü)  taburu,  1942-ci  ilin  mayından 
formalaşdırılmağa  başlamışdı.  Taburun  komandiri  alman  Qloger,  müavini  Ə. 
Düdənginski  idi.  Bu  tabur  Krasnodar  ərazisindəki  döyüşlərdə  fəallıq  göstərmişdi. 

Sonradan Fransa ərazisinə, oradan isə Şimali İtaliyaya köçürülmüşdü. 1945-ci ilin 
aprelində ABŞ hərbi hissələri taburun bir hissəsini əsir götürür. (98) 
“İgid” taburu Sevastopol şəhəri istiqamətində döyüşmüş, sonra Rumıniya və 
fransaya aparılmış, 1945-ci ildə ingilis-amerikan qoşunlarına əsir düşmüşdü. 
“Dönməz” taburu 1942-ci ildə Ukraynanın Priluki şəhərində yaradılmış və 
Qafqaz cəbhəsində vuruşmuşdur. Tamanda, Xarkovda, Kirovoqradda və Odessada 
“Dönməz”  sovet  ordusuna  qarşı  döyüşlərdə  fəallıq  göstərib.  Varşava  üsyanının 
yatırılmasına da həmin tabur cəlb edilmişdi. (98) 
818-ci tabur da 1942-ci ildə yaradılmış və Qərbi Ukraynada, sonradan Polşa 
ərazilərində  sovet  ordusu  hərbi  hissələrinə  qarşı  vuruşmuşdur.  Sonradan  tabur 
Fransaya  gətirilmiş,  müharibənin  sonlarında  onların  bir  qrupu  müttəfiq  qoşunları 
tərəfindən tərk-silah edilib sovet qoşunları komandanlığına təhvil verilmişdi. (98) 
819-cu  tabur  isə  əsasən  Polşa  ərazisində  döyüşlər  aparırdı.  Bəzi  hallarda 
keşikçi  funksiyasını  yerinə  yetirən  tabur  1945-ci  ildə  sovet  ordusu  hissələri 
tərəfindən dağıldı. (98) 
Azərbaycanlı  legionerlər  döyüşlərdə  əsl  qəhrəmanlıq  göstərirdilər. 
Azərbaycanlı  könüllülərin  ilk  uğurlu  döyüşlərindən  biri  Qafqaz  bölgəsində 
Qaraçay  türklərinin  yaşadığı  ərazilərdə  olmuşdu.  Ruslara  qarşı  vuruşan 
azərbaycanlı  əsgərlər  ilk  azad  etdikləri  kəndin  adını  “Zəfər  kəndi”  qoymuşdular. 
Bu  döyüşdən  sonra  azərbaycanlı  əsgərlər  yüksək  rütbəli  alman  zabitinin 
təşəkkürünü qazanmışdılar. Döyüşlərdə xüsusilə fərqlənən Fətəlibəyli Düdənginski 
böyük  şücaət  göstərən  azərbaycanlı  və  Qafqasiyalı  türk  dəstələrinə  belə  müraciət 
etmişdi:  “Qardaşlarım,  bu  qarlı  dağların  ardında  bizi  səbirsizliklə  gözləyən 
milyonlarca  gözləri  yaşlı  əsir  türk  qardaşlarımız  vardır.  Onları  qurtarmaq  bizə 
namus borcumuzdur, irəli...” (398, s. 2) 
Dəstəyə  başçılıq  edən  alman  zabiti  Şarnberq  bu  qəhrəmanlıqdan  vəcdə 
gələrək  “bravo-əhsən,  aslanlar”  söyləmiş  və  məhz  həmin  döyüşçülərin  çoxunun 
toplandığı  taburu  “Aslan”  adlandırmış,  Fətəlibəyli  isə  tabur  komandiri  olmuşdu. 
Qafqaz cəbhəsindən Krıma çəkilərkən yetmiş azərbaycanlı mücahidlə birgə alman 
albayı Şarnberq də şəhid olmuşdu. 
Azərbaycanlı  legionerlərdən  biri  Qafqaz  uğrunda  -  Vətənlərini 
bolşevizmdən və rus əsarətindən xilas etmək üçün apardıqları döyüşü, onların yerli 
əhali  tərəfindən  necə  qarşılanmasını  belə  xatırlayırdı:  “Almanlar  dağlıların  daxili 
işlərinə qətiyyən müdaxilə etmədilər. Dağlılar da özlərinin ənənəvi qonaqpərvərlik 
nəzakəti  ilə  almanları  əzizləyir,  hətta  onları  milli  və  dini  bayramlarına  dəvət 
edirdilər”. (177, s. 64) 
Azərbaycanlı legionerlərin uğurlu döyüş əməliyyatları tez-tez olurdu. Bu 
uğurlar  azərbaycanlılarla  almanların  münasibətlərini  daha  da  yaxınlaşdırırdı. 
Azərbaycanlı  legionerlər  xatırlayırdı:  “Böyük  bir  qəsəbədə  dayandıq.  Təsadüfən 
“Aslan” taburu komandanı, həmçinin, çadırını eyni məntəqədə qurmuşdu. Minbaşı 
Elxan bəyin ziyarətinə  getdim. Dostum  mənim üçün bir səhra  ziyafəti təşkil etdi. 

Fəqət bu halda taburun radioçuları sol cinahda bütöv bir alman diviziyasının dəmir 
məftillərə  alındığını  bizə  xəbər  verdilər.  Ruslar  ani  bir  basqın  etmişdilər.  O  saat 
Elxanla  baş-başa  verərək,  vəziyyəti  müzakirə  etdik  və  silahdaşlarımızı  xilas 
edəyim, - deyə qəti bir qərara gəldik. Mən təcili geri döndüm. Bir neçə saat sonra 
hər  iki  taburumuz  hücuma  keçdi.  Hazırladığımız  plana  görə,  düşmən  dəmir 
məftilləri  iki  tərəfdən  qıracaq  və  rusların  özləri  dəmir  məftillərə  alınacaqdılar. 
“Timur” və “Aslan” taburlarımız ildırım sürətilə irəlilədilər. “Allah, Allah” sədası 
rus  torpağını  bir  daha  titrətdi.  Bütün  bir  ehtiyat  ordu  basqın  edirdi  sanki.  Təbii, 
almanlar  da  bir  qəhrəman  kimi  vuruşurdu.  Ruslar  iki  atəş  arasında  qalaraq,  xeyli 
itki verdilər. Sağ qalanlar isə fərarilik etmək istəyirdilər. Fəqət onların da sinələrinə 
türk süngüləri saplandı. Qəhrəmanlarımız həm süngü işlədir, həm də hayqırırdılar: 
-  Türküstan  naminə,  Qafqaz  naminə,  Krım  naminə,  İdil-Ural  naminə,  Türklər 
naminə,  İnsanlıq  naminə...  Bəli,  bütün  bu  döyüşlər  türklük  və  insanlıq  naminə 
edildi.  Ruslarla  bərabər  döyüşmək  istəməyən  və  “yoldaş”  deyə  həqarətə  uğrayan 
soydaşlarımız,  ruslara  qarşı  döyüşlərdə  bir  aslan  kimi  kükrədilər.  İşin  sirri  harda 
idi? Bəlli deyildir. Milli idealları uğrunda döyüşə girən bütün övladlarının ümumi 
və tarixi bir adları vardır: “Aslan”. (7, s.95-96) 
Azərbaycan  legionerlərinin  cəsarətli  və  qorxmaz  olduğunu  döyüşlərdəki 
şücaətini  sübut  edən  bir  başqa  xatırlamada  isə  göstərilirdi:  “Taburumuz  yenicə 
təşkil  edilmişdi.  Nizami  soydaşlarımız  ruslarla  bir  an  əvvəl  qarşı-qarşıya  gəlmək 
istəyirdilər.  Fəqət  bağlı  olduğumuz  alman  diviziyasının  komandanı  bizim  cəbhə 
arxasında gözləməmizi əmr etdi. Yəqin ki, bizə etimad etməyirdi. Nə edə bilərdik. 
Almanların  “Bəfexi,  ist  bəfexi”  (əmr-əmrdir)  sözlərini  xatırladıq  və  gözlədik.  İki 
gün  sonra  ruslar  cəbhə  arxasındakı  bir  təpə  ətrafında  paraşütçülər  endirdilər. 
Bundan daha yaxşı bir fürsət ola bilməzdi? Heç bir əmr-filan gözləmədən hərəkətə 
keçdik.  Mən  rusları  tələyə  salmaq  üçün  plan  hazırladım  və  onu  sübut  etdirməyə 
başladım.  Rus  dilində  yaxşı  bilən  bir  soydaşımız  rus  komandirinin  əleyhinə  bu  -
sözlərlə  xitab  etdi:  -  Bizim  də  hissəmiz  almanların  işğal  etdikləri  məntəqələrdə 
fəaliyyət  göstərmək  üçün  göndərilmişdir.  İki  gün  öncə  bütöv  bir  alman  birliyini 
məhv etdik və alman əsgərlərinin hərbi paltarlarını geydik. Bu hərbi paltar hiyləsi 
ilə  daha  böyük  alman  birliklərini  tələyə  salacağıq.  Haydı,  bizim  qərargahımıza 
doğru gedəyin. Edəcəyimiz bir çox işlər var. 
Paraşütçü  birliyinin  komandanı  öz  əsgərlərini  başsız  buraxaraq  bir  neçə 
nəfər zabit ilə bərabər bizim qərargahımıza qədər gəldi. Budur, mən də onun belə 
bir  ağılsızlıq  etməsini  istəyirdim.  Tez  özünü  və  zabitlərini  yaxaladım.  Başsız 
qalmış əsgərlərini isə bir güllə belə atmadan əsir aldıq”. (177, s.98-99) 
“Onlar  türklərdir”  xatirə  kitabında  azərbaycanlı  legionerlərin  döyüşdəki 
qəhrəmanlığı  belə  təsvir  olunurdu:  “Artıq  alman  komandanlığının  etimadını 
qazanmışdıq.  Bizi  cəbhəyə  göndərdilər.  Mənəviyyatımız  bir  daha  möhkəmlənmiş 
oldu. Diviziya komandanlığı qəsəbəyə doğru gələn hər iki yolu müəyyənləşdirdi və 
yeni bir hücum planı hazırlamağa başladı. Diviziya komandiri əmr verdi, hazırlıq 

işlərimizi  bir  gündə  qurtardıq  və  ertəsi  gün  hələ  tamamilə  təmizlənməmiş  olan 
minalı  yollar  arasından  hücuma  başladıq.  Ruslar  çaşmışdılar.  Buna  baxmayaraq, 
üstünlük  bunların  tərəfində  olduğuna  görə  yerlərini  tərk  etmək  istəmirdilər. 
Dəhşətli  bir  döyüşdən  sonra  əsgərlərimiz  irəlilədilər  və  düşmənlə  üzbəüz 
vuruşmağa  başladılar.  Döyüş  şiddətlənincə,  Stalin  strategiyasının  yeni  bir 
formasının şahidi olduq. Rus topçuları bütün döyüş sahəsini topa tutdular və artıq 
biri digərinin sahəsinə daxil olmuş hər iki tərəfin qüvvələrini ləğv etmək istədilər. 
Bu  halda  üçlü  təyyarə  eskadrası  yardımımıza  gəldi.  “Messer”lər  düşmən 
batareyasını  bir  neçə  dəqiqədə  susduraraq,  rəsmi  keçid  etmiş  kimi  döyüş  sahəsi 
üzərindən  uçub  keçdilər.  O  dəqiqə  maşınların  səs  və  gurultuları  da  düşməni 
vahiməyə  saldı.  Ruslar  artıq  məğlub  olmuşdular.  Biz  düşmənlərdən  bir  qismini 
məhv edərək bir xeyli irəliləmiş və döyüş həyəcanı içində iki düşmən qüvvəsinin 
arasına  soxulmuşduq.  Qırmızı  həriflər  fürsət  tapıb  hər  iki  tərəfdən  üzərimizə 
hücum  etdilər.  Dərhal  süngülərimizi  taxdıq  və  rusların  “ura”  bağırtılarına  qarşı 
“Allah”  -  deyə  hayqırdıq.  Türkün  “Allah,  Allah”  sədası  qarşısında  rusun  “ura” 
bağırtıları elə sönük və zəif idi ki... Bu qanlı döyüşdə ruslar məğlub oldular, bir çox 
rus  zabiti  və  əsgərlərini  əsir  aldıq.  Diviziya  komandanı  bütün  yüksək  hərbi 
rütbəlilərlə bərabər bizi təbrik etməyə gəldi. Soydaş aslanlarımı alman dostlarımıza 
təqdim etdim və yeni hərbi formaları ilə əsgi çar ordularını andıran rus əsgərlərini 
də  onlara  göstərdim.  Dostlarımız  və  düşmənlərimiz  dərin  bir  heyrət  içində  idilər. 
Çünki,  rusları  məğlub  etmiş  olan  aslanlar,  dünən  “yoldaş”  deyə  həqarət  etdikləri 
türk uşaqları idi. Almanlar heyrət edirdilər. Çünki, hünər göstərən həmin əsgərlər 
dünənə  qədər  “Untermanş”  (“ən  aşağı  adam”)  -  deyə  onların  istehza  etdikləri 
əsirlərdi”.  (177,  s.  99-102)  Azərbaycan  legionerlərinin  döyüşlərdəki  fədakarlığı 
alman  hərbi  komandanlığı  tərəfindən  lazımınca  qiymətləndirilirdi.  Keçmiş 
legionerlərdən  biri  ilk  keçirdikləri  uğurlu  döyüşü  belə  xatırlayırdı:  1942-ci  ilin 
yanvar  ayında  Polşanın  Yedlino  şəhərində  toplanmış  7000  qafqaziyalılardan 
mürəkkəb  əsgəri  birlik  -  804  saylı  tabur  (bu  tabur  sonradan  əsasən 
azərbaycanlıların  adı  ilə  bağlandı)  alman  minbaşısı  Qlogerin  rəhbərliyində 
Qafqasyaya  göndərildi.  Taburumuz  “Mostovoy”  bölgəsinin  “Çubinski”  kəndinə 
daxil  oldu.  Burada  4-cü  alman  dağ  alayı  ilə  birləşərək  hərəkət  əmrini  aldı. 
Avqustun 26-da səhər saat 4-də minbaşı Qlogerin əmri ilə taburumuzun 2 və 4-cü 
bölükləri ilə  bir alman dağ alayının köməyi ilə hücuma  keçdik. Kəndlərə  iki  yüz 
metr  qalmış  komandiri  Xasay  taqım  komandirlərinə  son  əmrlərini  bildirdi.  Buna 
uyğun  hücuma  keçdik...  Bizim  vuruşmamıza  şahid  olan  alman  dağ  bölüyünün 
komandiri  Moritz  bunları  söylədi:  “Məni  4-cü  dağ  alay  komandiri  general  N. 
Braun  sizin  hamınızdan  raport  yazmaq  üçün  bura  göndərdi.  Vuruşmağınızı 
gördüm, heyran qaldım. Əsgəri məktəbdə ikən türklərin hərb meydanında şücaətlə 
vuruşduqlarını  oxumuşdum.  Bu  gün  sizi  gördükdən  sonra  buna  şahid  oldum. 
Raportum sizi mədh edən sətirlərlə dolacaqdır” (135, s. 25-26). 

Belə  uğurlu  döyüşlərdən  sonra  alman  yüksək  komandanlığının  xüsusi 
təbriki  də  oxunurdu.  Təsadüfi  deyildi  ki,  1942-ci  ilin  oktyabrında  Şərq  könüllü 
birliklərinin komandanı general Köstrinq “Bahovisko” bölgəsində 804-cü taburun 
bütün  döyüşçülərini  toplayıb  demişdi:  “Sizin  yeni  bir  qəhrəmanlığınızı  daha 
duydum,  çox  sevindim  və  sizi  xüsusi  olaraq  təbrik  etmək  üçün  buraya  qədər 
gəldim. 804 saylı taburun buraya göndərilməsinin səbəbi, sizə olan etimadımızı bir 
daha  gücləndirmək  üçündür.  İndi  biz  qafqaziyalıların  ruslara  qarşı  almanlardan 
daha  yaxşı  çarpışmaq  qüdrətində  olduğunu  anladıq.  Yaşasın  vətən  uğrunda 
çarpışan qafqasya qəhrəmanları!” (403, s.25-26). 
General  Köstrinq  axşam  ziyafətində  isə  tərifli  sözlərini  belə 
yekunlaşdırmışdı:  “Mən  uzun  illər  Moskvada  hərbi  attaşe  olaraq  çalışdım.  Bu 
etibarla  sizləri  yaxşı  anladım.  Baş  komandanlığa  da,  qafqaziyalıların  yalnız  indi 
deyil,  100  ildən  bəri  vətənləri  üçün  vuruşduqlarını  söylədim  və  bu  ölkə 
övladlarının şücaətini tərif etdim” (403, s. 25-26). 
Azərbaycan legionerlərinin yüksək döyüş bacarığı və qorxmazlığı haqqında 
Berlində çap edilən “Siqnal” qəzetində də çoxlu məlumatlar dərc olunurdu: “Aslan 
sözünün  azərbaycanca  mənası  şir  deməkdir.  1943-ci  ilin  yazında,  bu  söz  bütün 
Kubanda  şərəf  və  qəhrəmanlıq  rəmzinə  çevrildi.  Cəbhənin  bu  bölgəsindəki 
döyüşlərdə  fərqlənən  mayor  Fətəlibəylinin  başçılıq  etdiyi  Azərbaycan  taburu 
döyüşçülərini  “Aslan”  adlandırırdılar.  Mayor  isə  indinin  özündə  belə  həyəcanını 
gizlətmədən bu qəhrəman günləri xatırlayır. Yüksək  şərəf rəmzi hücum nişanıdır. 
Yalnız  əlbəyaxa  döyüşdə  müstəsna  bacarıq  və  kişilik  göstərənləri  həmin  nişanla 
təltif  edirlər.  Kuban  çöllərində  azərbaycanlı  döyüşçüləri  şərqli  könüllülərdən 
birinci  olaraq  ilk  belə  hücum  nişanlarına  layiq  görüldülər.  Belə  nişanlardan  biri 
mayorun da döşündən asılıb”. (344, s.4) 
Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  legionerlərinə  əvvəlcə  qrup  halında 
başçılıq  edilsə  də,  (A.  Atamalıbəyov,  F.  Əmircan  və  Ə.  Fətəlibəyli-Düdənginski) 
burada daha çox fəallıq göstərən Ə. Fətəlibəyli-Düdənginski idi. 
Ə.  Fətəlibəyli-Düdənginski  əslən  Naxçıvanın  Şərur  rayonundandır.  O, 
1908-ci il iyunun 12-də Şərurun Düdəngə kəndində anadan olmuşdur. Ata-babaları 
məşhur  Səfəvi  nəslinə  mənsubdur.  “Əlincə  yaddaşı,  Naxçıvan,  1914-1992” 
kitabında  bu  haqda  maraqlı  məlumatlar  verilmişdir:  “Arpaçayın  sol  sahilində 
məskunlaşan  səfəvilərə  (Səfiyevlərə)  gəldikdə,  bu  tayfanın  nümayəndələri  də 
dövlət  aparatalarında  mövqe  sahibləri  olmuşlar.  Qəza  rəislərinin  əksəriyyəti 
səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan 
bir qayda  olaraq qəzanın  mirabı seçilərdi.  1914-1915-ci  illərdə  onu bir neçə  dəfə 
şəxsən görmüşdüm, boy-buxunlu, saqqallı kişiydi. Səfəvilər 1920-ci ildən etibarən 
xeyli  zəifləmiş,  mülkləri  dağılmış,  özləri  də  pərən-pərən  düşmüşlər.  Səfəvilərin 
nümayəndəsi  Teymur  bəy  ömrünün  sonunadək  Şərur  Qəza  İcraiyyə  Komitəsinin 
katibi vəzifəsində işləmişdir. Tağı bəy Baş Noraşen natamam orta məktəbində rus 
dilini  tədris  etmişdir.  Allah  rəhmət  eləsin,  mən  də  ondan  dərs  almışam. 

Səfiyevlərdən Əbdürrəhman (Abo) Fətəlibəyov İsmayıl xanın (Nəso xanın) nəvəsi 
idi.  Qərəz,  İsmayılın  övladları  -  Bəhlul  xanı,  Beytulla  xanı,  Rəşid  xanı  sovet 
hökuməti  zülmə  düçar  etdi,  axırına  çıxdı.  Beytulla  xandan  başqa,  hamısı  məhv 
oldu.  Səfəvilərin  həm  də  Dərələyəzdə  yaşayan  Vəkilovlarla  qohumluğu  vardır. 
Səfiyevlər  sülaləsində  qalan  nəslin  az  bir  qismi  hazırda  Baş  Noraşendə  - 
Cəlilkənddə məskundur. Bu sülalənin görkəmli şəxsiyyətlərindən biri də uzun illər 
ictimaiyyətimizə  Vətən  xaini  kimi  təqdim  olunan  Əbdürrəhman  (Abo)   
Düdənginskidi.  Mən  Abonu  üç  dəfə  görmüşəm.  Kəlbalı  xan  ona  oxşayırdı. 
Olduqca  cəsur,  mərd  adam  idi.  Hakimiyyətə  gəlmiş  yeni  təhsil  görməyən,  amma 
vəzifədə  olan  adamları  incidərdilər.  1929-cu  ildə  Abonu  (Əbdürrəhmanı) 
komsomol  sıralarından  xaric  edəndə,  gənc  Əbdürrəhman  ona  amansız  mövqe 
tutanlar  qarşısında  əsəblərini  cilovlaya  bilməyib  ağlayır  və  deyir  ki,  məni  atama 
görə  cəzalandırırsınız,  axı,  mən  onu  görməmişəm,  Allahın  himayəsində   
böyümüşəm.  Tənələrə,  təhqirlərə  dözməyən  yeniyetmə  kəndi  gizlincə  tərk  edib 
Tiflisə  gəlir.  Tiflisdə  hərbi  məktəbdə  oxuyan  Əbdürrəhmanla  tez-tez  görüşərdik.   
Zaqafqaziya  Kommunist  Universitetində  oxuyan  naxçıvanlı  tələbələrin  yanına 
vaxtaşırı  gələrdi,  tələbə  dostum  Hüseyn  Mahmudovla  dostluq  edərdi.  Gözündə 
daim kədər var idi, doğma kəndində verilən mənəvi əzablar ona rahatlıq verməzdi. 
Zavallı  bilmirdi  ki,  qohumlarının  qarşılaşacağı  müsibətlər  hələ  irəlidə  idi.  Açıq 
danışmağı sevirdi, düz sözün aşiqi idi. Qətiyyətlə deyirəm: o heç zaman el-obasına, 
doğma xalqına dönük çıxa bilməzdi. Hər zaman bu fikirdə olmuşam”. (105, s.121-
122) 
Ə.  Fətəlibəylinin  atası  Əli  bəy  Fətəlibəyli  Naxçıvanın  Şərur  rayonunun 
Düdəngə,  Zeyvə  kəndlərinin  bəyi  olaraq  hörmətli,  tanınmış  şəxsiyyətlərdən  biri 
olmuşdur.  Əli  bəy  çar  Rusiyasının  vaxtında  Türküstan,  sonralar  İrəvan 
quberniyasının  sərhədi  boyu  zabit  kimi  xidmət  etmişdir.  İrəvan  quberniyasında 
olan vaxt zabitlər yığıncağında bir rus zabiti müsəlman dininə  istehza etdikdə, Əli 
bəy  qılıncı  ilə  rus  zabitini  vurmaq  istəmişdir.  Oradakı  zabitlər  Əli  bəyi 
sakitləşdirmişlər. Bir ay sonra Əli bəyi zəhərləyib öldürdülər. Böyük oğlu Qulam  
(Əbdürrəhman Fətəlibəylinin qardaşı) xatırlayırdı: “Biz gələn günün sabahı zabitlər 
yığıncağında  axşam  yeməyindən sonra  ağam özünü pis  hiss elədi,  gecə  yarısında 
keçindi.  Bu  xəbər  çatan  kimi  qaynı  Nəsrulla  xan  bir  neçə  nəfərlə  hərbi  hissəyə 
gedərək  Əli  bəyin  cəsədini  gətirib  Düdəngədə  dəfn  elədilər.  Bu  yolla  Əli  bəyi 
1910-cu ildə zəhərləyib öldürdülər”. (148) 
Atası belə faciəli surətdə öldürüləndə Əbdürrəhman bəyin iki yaşı vardı. F. 
Düdənginski gənc yaşlarında əsgər getmiş, hərbi piyada məktəbini bitirmiş, (124) 
Azərbaycan  diviziyasında  zabit  olmuşdur.  1935-1936-cı  illərdə  Moskva  Hərbi 
Akademiyasına  oxumağa  göndərilmişdir.  1937-ci  ildə  Bakıda  məzuniyyətdə 
olarkən  əmisi  Əhməd  bəyin  məsləhəti  ilə  Leyla  xanım  Qazıyeva  ilə  evlənmişdir. 
Məzuniyyəti  qurtardıqdan  sonra  həyat  yoldaşını,  qayınanasını  özü  ilə  Leninqrada 

(indiki  Sankt-Peterburq)  aparmış  və  1940-cı  ilə  qədər  burada  yaşamışlar.  1938-ci 
ildə Leninqradda ilk övladı Əli anadan olub. 
Qeyd  edək  ki,  Ə.  Düdənginski  olduqca  bacarıqlı  bir  zabit  idi.  O,  1939-cu 
ildə  Finlandiya  müharibəsində  iştirak  etmiş,  “Qırmızı  Ulduz”  ordeni  ilə  təltif 
olunmuşdur.  O,  bir  müddət  Leninqrad  dairəsi  qərargahında  6-cı  şöbənin  rəisi 
işləmişdir.  1940-cı  ildə  Sovet  ordu  hissələri  Pribaltika  respublikalarını  işğal 
etdikdən sonra Ə. Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada 
almanlara əsir düşmüşdür. 
Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə də 
Ə.  Fətəlibəyli-Düdənginskini  yüksək  qiymətləndirir  və  onunla  ilk  görüşünü  belə 
xatırlayırdı:  “Hərarətli  və  anlayışlı  bir  əsgərlə  qarşılaşmışdım.  Milli  davanın 
əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu. 
Milli  Azərbaycan  Komitəsi,  nasist  alman  məqamlarına  məram  anlada  bilmədi. 
Hitler  “heç  bir  komitə  istəmirəm”  demiş,  təşkil  olunan  milli  legionlarla  ordu 
qərargahı arasında rabitə vəzifəsini aparan məhdud və müəyyən işlərlə bağlı olan 
“Rabitə Heyətləri” (Əlaqələr heyəti) qurulmasını əmr  etmişdi. Azərbaycan Rabitə 
Heyətinin başına da mərhum Fətəlibəyli gətirilmişdi. 
İş  bu  şəkil  alınca,  mayor  Fətəlibəyliyə  müvəffəqiyyətlər  təmənna  edərək, 
fəaliyyət  sahəsindən  çəkilmiş  və  milli  əsaslarımıza  sadiq  qaldığı  müddətcə,  onu 
mənən dəstəkləyəcəyimizi vəd etmişdik”. (178, s.11-14; 181, s. 64). 
Sonralar  SSRİ-nin  Müdafiə  Naziri  olmuş,  bir  zamanlar  Ə.  Fətəlibəyli  ilə 
birgə  Baş  Qərargahın  Akademiyasında  oxumuş  Sovet  İttifaqı  Marşalı  A.  Qreçko 
yazırdı:  “O,  heyrətedicı  bir  aydın  ağıla  və  təhlil  düşüncəsinə  malik  idi.  O, 
anadangəlmə  komandir idi.  Hərbi taktika  məsələlərində  bizim heç birimiz  onunla 
müqayisə oluna bilməzdik”. (12, s. 105) 
Mühacirət  illərində  sovet  rejiminə  qarşı  ideoloji  mübarizə  aparmış, 
“Hakimiyyətin  texnologiyası”,  “Partokratiya”,  Stalin  və  Beriya  haqqında  kitablar 
müəllifi kimi tanınmış, əslən çeçen millətindən olan Əbdürrəhman Avtorxanov Ə. 
Fətəlibəylini belə dəyərləndirirdi: “Hardasa 1943-cü ilin ortalarında, mən Berlində 
Vermaxtın Ali Komandanlığının  (OKV) qəbulunda  qafqazlı görkəmində,  sovet 
hərbi  əsiri  zabiti  formasında  olan  (xarici  görkəmindən  hiss  edilirdi  ki,  o, 
düşərgədən  yenicə  azad  olunub)  bir  nəfərlə  qarşılaşdım.  Hiss  olunurdu  ki,  həmin 
şəxs  fikirlidir,  daxili  qayğıları  ilə  məşğuldur  və  taleyin  ona  nə  hazırlayacağını 
düşünür. Qəbul otağında adamlar çox idi və bir qədər tərəddüddən sonra mən ona 
yaxınlaşıb qafqazlı olub-olmadığını soruşdum. Gözlənilməz sualdan o, səksəndi və 
cavab  vermək  əvəzinə  eyni  sualla  da  mənə  müraciət  etdi.  Mən  özümü  təqdim 
etdim.  O  da  özünü  təqdim  etdi:  keçmiş  sovet  ordusu  mayoru,  azərbaycanlı  Əbo 
Düdənginski.  Həmin  vaxtdan  bizim  dostluğumuz  başladı.  İnanıram  ki,  Abonu 
ömründə bir dəfə görən şəxs, bu qeyri-adi insanı heç zaman unuda bilməz. Onun 
şəxsi ünsiyyəti, onun şahzadəliyi, onun çətinliyə düşən hər şəxsə köməyə hazırlığı 

hamını  heyran  edirdi.  Onun  bu  xarakterindən  “NKVD”  qatili,  onu  öldürməyə 
göndərilmiş Mikayıl İsmayılov da istifadə etdi. 
Abo    Düdənginski    (mən  heç  vaxt  ondan  əsl  familiyasını  soruşmurdum  - 
Düdənginskidir,  yaxud Fətəlibəylidir) hərbi  əsirlər düşərgəsindən azad edildikdən 
sonra  OKV  (Ali  Baş  Komandanlıq)  ona  Azərbaycan  legionlarına  komandanlıq 
etməyi  təklif  etdi.  (Almanlar  şərq  xalqlarından  belə  legionlar  yaradırdılar: 
Türküstan,  Azərbaycan,  erməni,  gürcü,  şimali  qafqazlı  və  s.)...  Abo  doğma 
Azərbaycanını ürəkdən sevirdi, lakin şovinist deyildi. O, alovlu və inamlı Qafqaz 
patriotu idi. Qafqaz bu gün çox ağır və kədərli günlərini yaşayır. İnanıram ki, bizim 
ümumi Qafqaz evimiz qardaşlıq dünyasına qayıdacaq və bu, Fətəlibəyliyə qoyulan 
ən yaxşı heykəli olacaq”. (206, s.59-60; 205) 
Ə.  Fətəlibəylinin  Azərbaycan  İrtibat  Qərargahına  gətirilməsini  və  bu  işə 
rəhbərliyini  keçmiş  legioner  Məhəmməd  Kəngərli  belə  xatırlayırdı:  “O, 
Azərbaycan  legionunun  layiqli  mövqeyini  nümayiş  etdirmək  üçün  legionun 
cəbhəyə göndərilməsini alman məqamlarına tövsiyə etmiş və sonradan cəbhələrdə 
qızıllara qarşı mücadilədə göstərmiş olduqları üstün bacarıq və qəhrəmanlıqlardan 
dolayı alman məqamları tərəfindən “Aslan” adı verilən 804-cü tabur ilk dəfə olaraq 
1942-ci  ildə  Qafqasya  cəbhəsinə  sövq  edilmişdi.  Gecəni  gündüzə  qataraq 
çalışmanın nəticəsində qısa bir zamandan sonra bütün hazırlıqları tamamlanan beş 
azəri  taburu  da  17-ci  alman  ordusuna  bağlanaraq  cənub  cəbhəsindəki  savaşlarda, 
xüsusən Krım cəbhəsində böyük bacarıqlar göstərmişdilər”. (144) 
Keçmiş  legionerlərdən  Əflan  Muğan  da  Ə.  Fətəlibəylinin  alman  hərbi 
dairələrində  böyük  nüfuza  malik  olması  ilə  bağlı  maraqlı  məlumatlar  çap 
etdirmişdi. O, yazırdı ki,  komandiri olduğum birinci taburu əslən ruslardan ibarət 
olan  Don  kazaklarının  təşkil  etdiyi  birliklərə  birləşdirmək  istəyirdilər.  Lakin 
Berlinə gedib Ə. Fətəlibəyliyə problemi çatdırdıqdan sonra o, qısa bir zamanda hər 
şeyi  bizim  xeyrimizə  həll  etdi.  (109,  s.  13-14)  Bu  onun  alman  hərbi 
komandanlığında yüksək əlaqələrinin olduğunu göstərirdi. 
Ə.  Fətəlibəylinin  doyüşlərdəki  cəsurluğu,  qəhrəmanlığı  haqqında  legioner 
Şamil  Atabəy  yazırdı:  “1942-ci  ilin  ortalarından  başlayaraq  Fətəlibəyli 
legionerlərlə  birlikdə  cəbhədə  idi.  Qısa  bir  vaxtda  Fətəlibəylinin  başçılığı  altında 
olan legionerlərin qəhrəmanlığı almanları heyrətə gətirirdi”. (215, s. 61-62) 
Mayor  Ə.  Fətəlibəyli  Düdənginskinin  Almaniyadakı  fəaliyyətinin  ən 
mühümü  onun  Azərbaycan  Konfransını  təşkil  edib  keçirməsi  oldu.  M.  Ə. 
Rəsulzadə  yazırdı:  “Mərhum,  üzərinə  aldığı  vəzifəyə  başlarkən  Rabitə  Heyətinin 
yanında  bir  təbliğat  təşkilatı  da  vücuda  gətirmiş,  bu  məqsədlə,  6  qasım  (noyabr) 
1943-də Berlində bir Qurultay çağırmışdı. Qurultayın Fətəlibəylinin raporu üzərinə 
qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdır”. 
(118, s.12) 
Qeyd  edək  ki,  1943-cü  ilin  noyabrın  6-11-də  Berlində  Azərbaycan  “Milli 
Birlik”  Məclisinin  təşəbbüsü  ilə  çağırılan  Azərbaycan  Qurultayının  böyük 

əhəmiyyəti  oldu.  Belə  ki,  digər  xalqların  mühacir  və  legionerləri  arasında  ilkin 
olaraq azərbaycanlılar öz qurultaylarını keçirdilər. 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin