X BÖLÜM
AZƏRBAYCAN LEGĠONERLƏRĠNĠN MƏTBU FƏALĠYYƏTĠ.
“AZƏRBAYCAN”, “HÜCÜM” QƏZETLƏRĠ,
“MĠLLĠ BĠRLĠK” JURNALI
İkinci Dünya Hərbində sovet xalqlarını təsir dairəsində saxlamaq
məqsədi ilə Almaniya dövləti xüsusi təbliğat vasitələrindən məharətlə istifadə etdi.
Müharibənin gedişində və Hitlerin ilk aylardakı qələbələrində alman təbliğatının
əhəmiyyəti silahın gücündən az olmadı. Təbliğat Nazirliyi bu sahədəki işini
gücləndirmək, əl elanı, kitabça və plakatlar hazırlamaq üçün öz fəaliyyətini
“Vineta” təşkilatı ilə genişləndirdi. 1941-ci ilin 22 iyunundan bir həftə əvvəl on
ikiyə qədər rus, ukraynalı, qafqazlı və türk-tatar bir yerə toplanaraq Qızıl Ordu
əsgərlərini fərariliyə dəvət edən çağırışlar hazırladılar. Bu heyət Göbbelsin
tabeçiliyində
olan
oberregierungstar
Eberhard
Taubert
tərəfindən
istiqamətləndirilirdi. Təbliğat Nazirliyi əl elanları və radio yayımlarından istifadə
etməklə yanaşı, partiya natiqlərinin danışıqlarından, filmlərdən və toplantılardan da
bəhrələnirdi. Elanların təyyarələrlə sovet bölgələrinə yayılması işi “Vermaxt-
təbliğat” dairəsi ilə birgə aparılırdı. Müharibənin başlanğıcında sovet əsgərlərini
komandirlərini öldürüb almanların tərəfinə keçməsinə çağıran səkkiz milyon ədəd
vərəqə çap olunub cəbhə bölgələrinə atılmışdı. Vərəqələrdə göstərilirdi ki, bu
hərəkətin qarşılığında almanlar sovet əsgərlərinə yaxşı münasibət bəsləyəcəklər.
(395, s. 168)
Qeyd edək ki, müharibənin ilk aylarında bir çox Qızıl Ordu zabitləri bu
vərəqələrdən istifadə edərək sərbəst şəkildə almanların tərəfinə keçmişdilər.
Müharibənin zamanı uzandıqca vərəqələrin də məzmununda dəyişikliklər
yaranırdı. Belə ki, vərəqələrdə xalqın dini hisslərinə müraciət olunur, kilsə və
məscidlərin yenidən açılacağı vəd edilirdi. Çərkəzlərin, gürcü və azərbaycanlıların
yaşadığı bölgələrə atılan vərəqələrdə isə kəndli və fəhlələr kolxoz və fabriklərin
Qızıl Ordu tərəfindən dağıdılmasına qarşı mane olmağa çağırılırdı. Bilavasitə
vərəqələr hazırlamaqla məşğul olan “Vineta” təşkilatının şefi Taubert Şərq
Nazirliyinə tabe olsa da, bu sahəyə rəhbərliyi Təbliğat Nazirliyi aparırdı. Bundan
əlavə, vərəqələrin hazırlanmasına sonradan Xarici İşlər Nazirliyi də cəlb
olunmuşdu. Taubertin 1943-cü ilin iyulunda Göbbelsə yazdığı bir məlumatda iki il
ərzində Şərq Nazirliyi üçün təyyarələrdən atılmaq məqsədi ilə 500 milyon vərəqə
və kitabça hazırlandığı, 60 milyon ədədin isə çapda olduğu göstərilirdi. Bundan
əlavə, türküstanlıların, azərbaycanlıların və gürcülərin öz dillərində “Almaniya
hürriyyət gətirir” məzmunlu kitabçalar da yayılırdı.
Qeyd edək ki, “Vineta” təbliğat şöbəsi Göbbelsin başçılıq etdiyi Təbliğat
Nazirliyində yaradılmışdı və Berlində yerləşirdi. Şöbənin üç xidmət növü vardı:
Fəal Təbliğat, Helman bürosu, Radioverilişlər redaksiyası. Fəal təbliğat xidməti
əsasən sovet hərbi qulluqçularının almanlar tərəfinə keçməsinə kömək göstərən
çağırış vərəqələri, plakatlar, qrammofon valları hazırlayırdı.
Helman bürosu işğal bölgələrindən Almaniyaya gətirilmiş SSRİ
vətəndaşları arasında kütləvi tədbirlər hazırlanması ilə məşğul olurdu.
Radioverilişlər xidməti isə SSRİ xalqları dillərində gündəlik verilişlər hazırlayıb
yaymlayırdı. Radioverilişlər xidməti rus, ukrayna, belorus, Pribaltika və Qafqaz
redaksiyalarından ibarət idi. Radioverilişin Qafqaz redaksiyasına professor Şayber,
sonralar Qafqaz almanı Lents rəhbərlik etmişdir. Qafqaz redaksiyası da milli
redaksiyalara bölünürdü: Azərbaycan, gürcü, erməni, Şimali Qafqaz, türkmən, tatar
və kalmık. Hər bir redaksiyada rəhbərdən əlavə, hərbi əsir və mühacirlərdən olan
beş nəfərə qədər tərcüməçi və diktorlar işləyirdilər. Onlar öz dilində radio ilə hər
gün Vermaxtın Ali komandanlığının cəbhə xidmətindəki vəziyyətlə bağlı
məlumatlarını, alman qəzetlərinin icmalını, tarix, mədəniyyətlər haqqındakı
verilişlərini səsləndirirdilər.
Qeyd edək ki, radioverilişin Azərbaycan redaksiyasına əvvəllər Şamaxı
rayonundan olan, sovetləşmədən sonra Türkiyəyə mühacirət etmiş, Tuğay
Məmmədov başçılıq etmişdir. Sonradan Azərbaycan redaksiyasına rəhbərlik Şəki
rayonundan olan Ənvər Qazıyevə tapşırılmışdı. Redaksiyada çalışanlar 300 marka
əmək haqqı, hər çıxışa görə əlavə 10 marka müəllif haqqı alırdılar. Redaksiya
proqramları sırasında “Anaya məktub”, “Novruzgülü”, “Milli müstəqillik”,
“Azərbaycan nə uğrunda döyüşür” adlı verilişlər də vardı. (100)
Almaniya dövləti vərəqə və kitabçalardan başqa türk-tatar və Qafqaz
xalqları üçün, siyasi parçalanma məqsədi daşıyan radio təbliğatından da istifadə
edirdi. Taubertin məlumatlarına görə, Təbliğat Nazirliyinin xətti ilə, Sov. İKP-nin
Stalinə qarşı olan “Leninçi” qrupunu müdafiə xarakteri daşıyan “Leninçi”
radiostansiyası da qurulub fəaliyyət göstərirdi. Bu radionu işlətməkdə məqsəd Sov.
İKP-ni bölmək, qruplar yaratmaq, qrapları bir-birinə qarşı qoyub sovet dövlətini
zəiflətmək idi (395, s. 170-171). Belə saxta “Leninçi” proqramlar sonradan
Sovetlər Birliyində danışılan hər dildə yayımlanır, ehtiyaca görə gündə bir və ya
iki dəfə efırdə verilirdi. Ümumilikdə isə, nasistlər həmin illərdə yeddiyə qədər
radiostansiyadan istifadə edirdilər. (237, s. 303)
1941-ci ilin 23 oktyabrında alman radiosu türkcə belə bir yayım vermişdi:
“Azərbaycanlılar! Milis təşkilatına girin! Əlinizə tüfəng, makinalı tüfəng və
cəbbəxana keçirməyə çalışın! Görəvinizi (vəzifənizi - N. Y.) yapın!” Lakin, bu
müraciət Türkiyənin “Xəbər” qəzetində təhrif edilərək aşağıdakı şəkildə verilmişdi:
“Azərbaycanlılar! Tüfənglər və makinalı tüfənglərlə silahlanın, gizli təşkilatlar
qurun! Məğlub edilmək üzrə olan düşmənləriniz bolşeviklərə qarşı savaşın.
Onlardan qorxmayın! Yurdunuzun qurtarılması üçün savaşın və bu şəkildə milli
hissiyyatınızı isbat edin!” (395, s. 172)
Qeyd edək ki, radio-müraciətlərdə yol verilən belə yanlışlıqlar alman
dairələrini narahat etmiş, Xarici İşlər Nazirliyinin bu işə müdaxiləsi güclənmişdi.
Şərq təmsilçisi Verner Otto fon Nentiq belə yanlışlığın aradan qaldırılması üçün
Təbliğat Nazirliyi ilə əlaqəyə girmişdi.
Qeyd etdiyimiz kimi, hərbi əsirlərə və legionerlərə münasibət də tədricən
dəyişir və getdikcə onlara daha çox hüquqlar verilirdı. Artıq 1942-ci ildən
başlayaraq hərbi əsirlərin yerləşdiyi düşərgələrdə və legionlarda poçt işi təşkil
edilmiş, qəzetlər nəşr olunmağa başlamışdı. Düşərgələrdə “Kliç”, “Zarya” adlı
qəzetlər nəşr edilir, həm də siyasi təbliğat xarakteri daşıyırdı. (371)
Ayrı-ayrı xalqların təmsilçiləri, legionerləri öz dillərində qəzetlər,
jurnallar, kitablar nəşr edirdilər. Məsələn, ruslar “Könüllü” (“Dobrovoleç”)
qəzetini nəşr edib legionerlər arasında yayırdılar.
Azərbaycan legionerlərinin yayımladığı “Azərbaycan”, “Hücum”
qəzetləri, “Milli Birlik” dərgisi Vermaxt tərəfindən maliyyələşdirilir, Azərbaycan
legionerlərinin fəallığı ilə çap edilirdi. Bundan əlavə, legionerlər arasında yayılan
“Siqnal” jurnalı rus dilində çap edilsə də, azərbaycanlıların döyüş
qəhrəmanlığından bəhs edən çoxlu yazılar nəşr olunurdu. “Azərbaycan” qəzeti isə
1942-ci ilin may-iyun aylarından Berlində (Ünvan: Berlin, W8, Behrenstrabe 65,
111) nəşr edilməyə başladı. “Azərbaycan” qəzeti Şərq Nazirliyinin xüsusi
himayədarlığı ilə nəşr edilirdi. Qeyd edək ki, qəzetin ilk saylarında türk-osmanlı
şivəsinə üstünlük verən mühacirlərə azərbaycanlı legionerlər etiraz etmiş, onun
müasir Azərbaycan dilində, latın əlifbası ilə nəşrinə nail olmuşdular. Sonradan isə
qəzet Təbliğat üzrə Baş İdarənin himayəsinə keçirilmişdi. Qəzet Berlində nəşr
edilirdi, 6-8 səhifədən ibarət idi və tirajı 10 mindən 20 minə qədər qalxırdı.
Qəzetdə Məcid Musazadə (Qarsalanlı) redaktor, Cəmil İsgəndərli redaktor
müavini, Əliheydər Süleymanov arxiv işçisi, Mövsüm Babayev təlimatçı, Xaliq
Babayev mətbəə işləri üzrə texniki əməkdaş, Zahid Ağayev icraçı katib, Əli
Adıgözəlov korrektor vəzifəsində çalışırdılar. Bəzi məlumatlara görə Sovet
Azərbaycanında sonralar “Mixaylo” kimi məşhurlaşmış Mehdi Hüseynzadə də
legioner olmuş və “Qürbətzadə” təxəllüsü ilə həmin mətbuat orqanlarında çıxış
etmişdir. Qəzet 1945-ci ilin mart ayına qədər nəşr edilmişdir. (96)
Qeyd edək ki, qəzetdə milli istiqlalımız, milli tariximiz, adət və ənənəmiz,
ədəbiyyatımız, folklorumuzla bağlı çoxlu yazılar çap edilirdi. Qəzetin 1942-ci
ildəki 20 dekabr tarixli sayında (N28) “Milli Azərbaycan” başlıqlı bir məqalədə
yazılırdı: Taburlarımızın başları üzərində dalğalanan üçrəngli bayraq - bu
Azərbaycanın bayrağıdır. Milli Azərbaycan bayrağı”. Qəzetin eyni sayında “Göy-
Qırmızı-Yaşıl” (Milli Azərbaycan bayrağı). “Milli Azərbaycan bütün xalqın
Azərbaycanıdır”, “Siniflər yox, millətlər var” kimi milli Azərbaycan ideolojisinin
əsaslarını anladan məqalələr çap olunurdu. (16)
Keçmiş legioner, Azərbaycan Milli Mərkəzinin Başqanı M. Kəngərli
“Azərbaycan” qəzetinin fəaliyyəti ilə bağlı yazırdı: “3 yanvar 1943-cü ildə
“Müqəddəs arzu, böyük ümid” məqaləsində: “23 illik əsirlikdən sonra istiqlalçı
azərbaycanlıların yeni il arzularını əlimizdə silah olaraq həqiqiləşdirmək şərəfi biz
legionerlərə nəsib olmuşdur” yazılırdı. Eyni nüsxədə Qurban bayramı münasibəti
ilə yazılan “Qurbanlarımız qəbul olsun” məqaləsində “Biz milli Azərbaycanın
qurbanlarıyıq” deyilirdi. 1943-cü ilin 10 yanvarındakı sayda “Bir kərə yüksələn
bayraq, bir daha enməz!” məqaləsində bu sətirlər vardı: “Eyni ilin 28 Mayısında
Milli Azərbaycan Cümhuriyyətinin istiqlalını elan etmiş olan Milli Azərbaycan
Şurasının rəisi Rəsulzadə Məhəmməd Əmin Millət Məclisinin iclasını açırdı. Natiq
Milli hökumət və Milli Məclis üzvlərindən başqa, izdihamlı əhali tərəfindən dəxi
diqqət və həyəcanla dinlənilən sözlərini, üzünü milli bayrağa çevirərək, bu cümlə
ilə bitirmişdir: - Bir kərə yüksələn bayraq, bir daha enməz!”. Bu tarixi xatirələri
nəql etdikdən sonra qəzet legionerlərə xitabla bunları əlavə edir: “Əziz arkadaşlar!
Baxınız, 23 il sonra, eyni bayraq, türklüyümüzün, müsəlmanlığımızın, əsri (müasir)
adamlar olduğumuzun, bir sözlə, hürr və müstəqil bir millət olduğumuzun əlaməti
olan bu müqəddəs bayrağı biz legionerlər, biz millət və vətən yolunun canfədaları
indi başlarımızın üstündə və qollarımızda daşıyırıq!..” 24 yanvar 1943-cü il tarixli
nüsxədə Milli Azərbaycan Komitəsi haqqında dərc olunan bir informasiyada Milli
Azərbaycan Komitəsinin alman hökumət məqamlarının məlumatı ilə fəaliyyətə
başladığı xəbər verilir. Bu xəbərə görə, “Adlon” otelində azərbaycanlıların bir
toplantısı olduğu və bu toplantıda möhtərəm Məhəmməd Əmin Rəsulzadənin
təfsilat verdiyi bildirilir. Milli Komitənin Proqramı: “Azərbaycanın milli haqlarını
qorumaq, vətənin xilas və istiqlalı üçün mübarizə etmək, Qafqasiyalı millətlərin
dostluqları və siyasətcə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıx
surətdə işbirliyi təmin etməkdən ibarətdir”- deyilir. İqtibasları, əlimizdə təsadüfən
mövcud olan nüsxələrdən dərc edirik. Bu nüsxələr arasında bir də “Azərbaycan”
qəzetinin 25-ci istiqlal ildönümünə təsis etdiyi 30 may 1943-ci il tarixli nüsxəsi
vardır. Bir kərə nüsxənin səhifəsını başdan-başa böyük manşetlərlə - nasist
Almaniyanın təhəmmül edəməyəcəyi, fəqət müstəqil Azərbaycan dövründə məşhur
olan – “insanlara azadlıq, millətlərə istiqlal!” şüarı bəzəyir. Sonra idarə tərəfindən
“Azərbaycanın qəhrəman oğullarına” - deyə bir xitab vardır. Bu xitab belə bitir:
“Davamız haqlıdır. Haqq bizimlədir. Yaşasın cəsur legionerlərimiz, yaşasın milli
istiqlal!” Eyni nüsxədə “Azərbaycan istiqlalının susdurulduğu 27 aprel - Azəri
türklərinin qaragünü münasibəti ilə milli şefimiz hörmətli M. Ə. Rəsulzadəyə
redaksiyamız adından yazdığımız bir məktuba hörmətli şefin cavabını dərc edirik”
müqəddiməsiylə Emin bəyin bir məktubu dərc edilmişdir. Məktub belə bitir:
“Yaşasın milli Azərbaycan, yaşasın milli istiqlal idealına bağlı qalan Azərbaycan
legionerləri!” Məktubun bir cümləsi çox mənalıdır, deyilir: “Milli istiqlal uğrunda
canlarını verməyə hazır fədailərin şəxsinə qarşı göstərdikləri etimada layiq bir
xidmətdə bulunmaq imkanını əldə etmək, milli davaya sərf etdiyim həyatımın ən
sədaqətli anını təşkil edəcəkdir!” Bu nüsxə başdan-başa istiqlal, milliyyət, türklük,
demokratiya və Azərbaycan istiqlalını canlandıran xatirələr və aktual məqalələrlə
doludur. “28 Mayıs Azərbaycan tarixinin əhəmiyyəti”, “Azərbaycan istiqlalı
uğrunda mübarizə” kimi başlıqlar nüsxənin hər səhifəsində gözə çarpmaqdadır.
Qəzetin ədəbiyyata ayırdığı səhifədə milli şairimiz Əhməd Cavadın “Milli
bayrağımıza!” xitab edən şeri yanında atəşli istiqlal şairimiz Gültəkinin, Sananinin,
legioner şairlərdən Daşqın, Süleyman, Mustafa Həqqi, Azəri və başqa şairlərin
istiqlal, milliyyət, türklük və bu ideallar uğrunda mücadilədən bəhs edən həyəcanlı
parçaları dərc edilmişdir. Bu nüsxə rəsmlidir. Rəsmlər istiqlal dövrü böyüklərinin:
Milli Şura başqanı möhtərəm M. Ə. Rəsulzadə, Milli Məclisin ikinci rəisi
Həsənbəy Ağaoğlu, hökumət rəisləri Fətəlixan Xoylu ilə Nəsib bəy Yusifbəylinin
fotolarını; parlament binası, milli əsgərlərdən bir qrupu, istiqlal dövrünə aid kağız,
pul və sair bu kimi xatirələri canlandırmaqdadır. Bütün bu yazı və rəsmlərin
arasında özəl bir çərçivə içində 28 Mayıs 1918-ci ilin İstiqlal Bəyannaməsinin 5
maddəsi dərc olunmuşdur”. (145, s. 25-27)
Azərbaycan legionerlərinin Berlində nəşr edilən “Azərbaycan” qəzetinin
1943-cü ilin avqust (32(60) sayındakı materiallar, məlumatlar, yazılar olduqca
maraqlıdır. Bu yazılar legionerlərin həyatını, fəaliyyətini öyrənməkdə ilkin
mənbədir. Qəzetin həmin sayındakı yazılarda göstərilirdi: “Nöqsanlarımız
haqqında”kı məqalədə yazılırdı: “Etiraf etməliyik ki, Azərbaycan legionerləri
arasında milli şərqilər oxumaq işi o qədər də qabaqda deyildir. Son zamanlarda
bəzi legionerlərimiz tərəfindən yazılan bir neçə əcaib mahnılar oxunurdusa, indi
bəzi alaylarımızda legionerlərimiz “Qarabağ şikəstəsi” və ya “Kəsmə şikəstə” ilə
addımlayırlar. Bəzən də vaxtı ilə Sarı Aşığın “Yaxşı” adlı sevgilisi üçün yazdığı
sözləri də oxuyurlar. Əcəba, tara və ya kamançaya layiq olan həzin can yandırıcı
bir musiqi ilə addımlamaq olarmı? Əlbəttə yox! Legionerlərimizin oxuduğu ağı və
şikəstələrin toylarda, məclislərdə oxunanlardan fərqi orasındadır ki, legionerlərimiz
mahnının əvvəlində gələn “əziziyəm”, axırında isə “ay anam qurbanı, gəl qadan
alım” sözlərini demirlər. “N” legionunun legionerləri belə bir mahnı ilə
fərqlənirlər:
... Aşağıdan gəlir bir cüt erməni,
Bir cüt yaxası var, üstü düyməli.
(Yaxa da cüt olarmı?)
Qaçma ingilisim, tutaram səni,
Şəkər loxması tək udaram səni...
Ümumiyyətlə, belə mahnını “inşa” edən “şairin” ehtimal ki, türkcə
qrammatikadan heç xəbəri yoxdur. “Avtor” şəkilçinin (suffiksin) nə olduğunu
bilmir.
Yenə belə bir şərqiyə də rast gəlirik:
... Ay domenrota, Davay pulemyota... ...
Bu yaxınlarda “N” legionunda mollalardan biri belə bir marş “icad”
etmişdir:
... Əmri bizə hauptman verir,
Komandanı bizə feldfebel verir...
Biz gözəlcə bilirik ki, legionerlərimiz arasında qüvvətli talanta (istedada-
N. Y.) sahib olanlar vardır. Onları bu işə cəlb etməklə belə nöqsanları aradan
qaldırmaq olar. Nöqsanlarımızı aradan qaldıralım və legionerlərimiz üçün elə
mahnılar yazalım ki, o, apardığımız milli azadlıq mübarizəmizdə bizə ilham və ruh
versin.
Bu çağırış birinci növbədə Ucadağlıya, Dənizə, Daşqına, Əzimliyə,
Divaniyə, Zahidliyə və sair bunlar kimi gənc qüvvələrimizə daha çox aiddir. (Leg.
Qürbətzadə)”. (7)
“Hissəmiz ilk vuruşda qalib çıxdı” məqaləsində isə yazılmışdı: “Bizim
taburda legionerlərə böyük qayğı göstərilir. Cənab oberleytenant Lövven tabur
nəfərləri ilə hər gün görüşür, ayrı-ayrılıqda onlarla söhbətlər aparır və legionerlərin
vəziyyətini hər cəhətdən daha da yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir. O,
xəstələri də unutmur. Hər gün onların yanma gedir və qiymətli hədiyyələr aparır.
Taburumuzda olan almanlar və azərbaycanlılar bir-birləri ilə mehribancasına
yoldaşlıq və dostluq edirlər. Hətta hər bir alman növbəti məzuniyyətə gedərkən
özləri ilə bir azərbaycanlı da aparır. Bunun üçün taburumuzda imkan vardır. Budur,
yefreytor Şefler məzuniyyətə getdiyi zaman legioner Məhəmmədi və ştabsfeldfebel
Şonner isə legioner Əzizovu özü ilə birlikdə aparmışdır. Belələri taburumuzda az
deyildir. Bunlarla yanaşı olaraq taburumuz öz hərbi və taktiki təlim işlərini
müvəffəqiyyətlə davam etdirir. Legionerlər müasir alman hərbi texnikasına
məharətlə yiyələnmişlər və döyüş bacarıqlarını qat-qat artırırlar”. (7)
Legioner Mirzənin “Uzun və xoşbəxt həyat arzu edirlər” başlıqlı yazısında
isə bildirilirdi: “İstirahət günü idi. Bütün legionerlər gəzməyə getmək üçün
hazırlaşırdılar. Bu arada incəsənət dərnəyinin konsert vermək üçün legionumuza
gəlməsi düzəldi. Tabur komandanı cənab oberleytenant Lövven də burada idi.
Onun anadan olmasının 55 illiyi bu gün tamam olurdu. Konsert olduqca təntənəli
keçdi. Hər kəsdə böyük sevinc və ruh yüksəkliyi hiss olunurdu. Konsertdən sonra
cənab oberleytenant Lövven çıxışında bildirdi: “Vətənini bolşevik əsarətindən xilas
etmək uğrunda qəhrəmancasına vuruşan azərbaycanlı legionerlərin göstərdiyi
mərdlik məni hədsiz dərəcədə ruhlandırır. Öz vətəniniz Azərbaycanda azad olaraq
belə şənlikləri keçirməyi arzu edirəm”. Onun bu çıxışından sonra legionerlər
arasında böyük canlanma başlandı. Sonra yemək məclisi düzəldi. Ober-leytenant
legionerləri sevdiyi kimi, legionerlər də onu hədsiz dərəcədə sevir, ona uzun illər
xoşbəxt yaşamağı arzu edirlər”. (7)
Qəzetdə şer və hekayələrə, şairlərimizin, yazıçılarımızın əsərlərindən
nümunələrə və əsərlərinin təhlilinə də yer verilirdi. “Böyük milli və lirik şairimiz
Hüseyn Cavid” məqaləsində yazılmışdı: “Azəri türk ədəbiyyatının milli və lirik
şairi, mənzum və mənsur dram əsərlərinin yaradıcısı, müasir ədəbi varlığımızın
parlaq tacı olan Hüseyn Cavidi tanımayan bir azəri türkü və onun inci kimi
qiymətli şerlərini sevə-sevə oxumayan bir çox qabaqcıl türk ziyalısı belə yoxdur.
Cavid təkcə Azərbaycan, Qafqaz deyil, eyni zamanda, bütün Orta Asiya millətləri,
Kazan, Krım, İdil-Ural tatarları, Türkiyə və İran xalqları arasında belə özünü
yaxşıca tanıtmış və müasir şərqin diqqətəşayan şairləri sırasına daxil olmuşdur”.
Sonra Hüseyn Cavidin “Uçurum” əsərindən Əkrəm ilə İldırımın mükaliməsindən
parçalar verilmiş, “Şeyx Sənan”dakı Şeyx Hadi və Şeyx Kəbirin dialoqu təsvir
olunmuş, maraqlı təhlil aparılmışdır. Məqalənin sonu bu sözlərlə yekunlaşır:
“Bədii drama əsərində mövcud quruluşun iç üzünü tərənnüm edən elə bir məfkurə
heç bir zaman dinsizlər, allahsızlar və vicdansızlar hakimiyyətinin müti və kor
“nəzəriyyəçi” və “alimləri”nin hər cür humanistlik və insani duyğulardan kənar
olan bu cəllad bolşevik “tənqidçiləri”nın xoşuna gələ bilməzdi. Bunun üçün də
sovet bolşevik üsul-idarəsi və bu idarəni başlıca olaraq kəndilərinə (özlərinə) xas
bilən rus-bolşevik-yəhudilər və onların Azərbaycan xalqı içərisindəki satqınçı və
alçaq agentləri olan bir sıra vətən xainləri daima Hüseyn Cavidə hücum edərək,
onun ədəbi varlığını baltalamış və şairi arası kəsilməyən təqiblərlə yaxalamışlardır.
Xüsusən, Azərbaycanda “NEP” dövrünün qurtarması ilə əlaqədar olaraq, bu təqib
və hücumlar özünü daha şiddətlə göstərməyə başlamış və şairi dəfələrlə “QPU”
podvallarını (zirzəmilərini - N. Y.) ziyarət etməyə məcbur etmişdir. Hələ 1917-ci il
inqilabının müdhiş dəhşətləri ilə həyəcana gəlmiş və xalqımıza azadlıq deyil, zülm
və işgəncə gətirən belə bir amansız tufandan mütəəssir olmuş şair Azərbacanda
doğan aprel tufanı ilə əlaqədar olan (situasiyaya) qarşı üsyan bayrağı qaldıraraq
yazmışdı:
Elə bir əsr içindəyəm ki, cahan
Zülm dəhşətlə qıvrılıb yanıyor,
Üz çevirmiş də Tanrıdan insan,
Küfri haq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yığın cani,
Hər münafıq, şərəfsiz, əxlaqsız”. (7)
“Azərbaycan” qəzetinin saylarında belə maraqlı yazılar tez-tez dərc
olunurdu.
Qəzetin 1943-cü ilin 14 noyabrında çap edilmiş 46(74)-cı sayında isə
Berlində keçirilən Milli Azərbaycan Qurultayı haqqında geniş məlumatlar dərc
olunmuşdur. Qəzetdə qurultaya göndərilən təbriklərin mətni və çıxış edənlərin
məruzələri ilə də tanış olmaq mümkündür. Bundan əlavə, çıxışçıların fotoları da
verilmişdir ki, bu da həmin şəxsləri tanımaq, öyrənmək baxımından maraqlıdır.
Qeyd edək ki, qəzetin 46-cı sayının 1, 2, 3, 4, 5-ci səhifələrində Milli
Azərbaycan Qurultayının materialları verilib. 5-ci səhifənin sonunda legioner
Miskinin “Ey cavanlar” şeri çap olunmuşdur. Bədii və sənətkarlıq baxımından
yüksək olmasa da, tarixiliyinə görə əhəmiyyətli olan həmin şerdə vətənin azadlığı
ideyası əsas götürülmüşdür:
Sən bir cəsur türk oğlusan, qəhrəman!
Azad elə öz yurdunu düşmandan!” (8)
Qəzetin “Cəbhələrdə vəziyyət” başlığındakı yazılar, məlumatlar 6-cı,
sonuncu səhifədə verilmişdir. “Almaniya silahlı Qüvvələri Baş Komandanlığının
məlumatı”nda bildirilirdi:” 2 noyabr - Düşmən Krımda, Kerç şəhərinin hər iki
tərəfinə çıxmaq istəmişdir. Düşmən mühasirə edilmiş, dar bir sahəyə
sıxışdırılmışdır. Başqa yerlərdə düşmənin cəhdi, ona böyük itki verilməklə puça
çıxarılmışdır. Sahilə çıxmış qoşunlar məhv edilmişdir. Dneprin aşağı axımından
cənuba doğru, Noqay səhralarından Dneprə tərəf soxulmuş düşmən motorlu hissəsi
ilə döyüşlər davam edir. Bolşeviklərin alman hissələrini ayrı salmaq və mühasirə
ciddi-cəhdləri məğlubiyyətə uğramışdır. Dnepropetrovskinin cənubi-qərbində
Dnepr dirsəyində düşmənin hücumu olmuşdur. Bu zaman hücum edən 40 sovet
tankından 28-i məhv edilmişdir.
Krivoy-Roqun şimalında qoşunlarımızın əks-hücumları müvəffəqiyyətlə
nəticələnmişdir. Müdafiəmizə soxulmuş düşmən arxasından kəsilmiş və məhv
edilmişdir. Təxmini hesablamalara görə, oktyabrın 27-dən sonra 5000 əsir
tutulmuş, 357 tank, 378 top və 500-dən artıq avtomaşın ələ keçirilmiş və ya məhv
edilmişdir. Kəskin müqavimət göstərən düşmən hissələri xüsusilə ağır itki verməyə
düçar olmuşlar. Cənubi İtaliya cəbhəsinin cənub-qərbində düşmən böyük qüvvətlə
qoşunlarımızın mövqelərinə hücum etmişdir. Alman bombardmançıları dünən
Cənubi İngiltərə sahilində olan bir neçə limanlar üzərinə axın etmişdir.
Krımın şimal girişində, Xersonun bir məntəqəsində və Dneprin böyük
düşərgəsində düşmənin güclü tank və piyada qüvvətlərilə döyüşlər gedir. Sovet
qoşunları ağır itkilər verir.
Bir bölgədə hücum edən 40 sovet tankının 23-ü məhv edilmişdir. Kiyev
altında və onun şimalında sovet qoşunları tankların yardımı ilə hücumlarını davam
etdirmişlər. Onlar bir neçə yerdə cəbhəni yarmağa müvəffəq olmuşlar. Ağır
döyüşlər davam edir. Veliki Luki altında 32 sovet tankı məhv edilmişdir.
Şimal Buzlu dənizi üzərində hava döyüşlərində və zenit artilleriyasının
atəşilə 16 sovet təyyarəsi vurulmuşdur. Bizim itkimiz olmamışdır.
Alman təyyarələri 5 noyabr gecəsi London şəhərini bombalamışlar.
6 noyabr - Krımda, Kerçin hər iki tərəfində və Pereqor keçidində gedən
ağır döyüşlərdə alman-rumın hissələri tərəfindən sovet qoşunlarının hücumları
püskürtülmüşdür.
Dneprin aşağı axımında, Xerson və Niqopol məntəqələrində bizim
müdafıə
mövqeyimizə
edilən
düşmən
hücumları
püskürtülmüşdür.
Dnepropetrovskinin cənubunda düşmənin kəskin müqavimətinə baxmayaraq,
hücum edən qoşunlarımız irəliyə doğru hərəkət etmişlər. İlin əvvəlindən indiyədək
44-cü tank piyada diviziyası “Das Reyc” düşmənin 2000 tankını məhv etmişdir.
Sovetlər Kiyevdən şimalda döyüşə yeni qüvvələr gətirmişlər. Yarma
təhlükəsindən sağınmaq üçün bizim qoşunlar Kiyev məntəqəsindən geri alınmışlar.
Alman hava qüvvələri tərəfindən şərq cəbhəsində noyabrın 3-dən 5-dək 140 sovet
təyyarəsi məhv edilmişdir. Öz itkimiz 6 təyyarədir.
Təcili məlumatlarda deyilir ki, alman hava qüvvələri Aralıq dənizinin
qərbində düşmən yığnaqlarına ağır bir zərbə vurmuşdur. Bombardman təyyarə
birləşmələri Şimali Afrika sahilində düşmənin qoşunla dolu olan 22 nəqliyyat və
onlan mühafızə edən 8 qırıcı gəmisinə hücum etmişlər. Çoxlu bombardman və
torpedləmə nəticəsində cəmi 140 000 ton sututumu həcmində olan 13 nəqliyyat və
iki də qırıcı gəmi elə zədələnmişdir ki, onları məhv olmuş hesab etmək olar”. (6)
Bundan əlavə, Berlində Azərbaycanın Milli Birlik Məclisinin orqanı
olaraq “Milli Birlik” jurnalı da nəşr edilirdi. Aylıq olaraq çap edilən jurnalda (1000
nüsxə tirajla) rəsmi məlumatlarla yanaşı, Azərbaycanın tarixi, müstəqilliyi ilə də
bağlı yazılara rast gəlmək mümkün idi. Jurnalın redaktoru Cəlil İsgəndərli, aparıcı
müəllifləri Ənvər Qazıyev, Cabbar Məmmədov və Lətif Kərimov idi. (96).
Bundan əlavə, Azərbaycan legionerlərinin fəallığı ilə ana dilimizdə bəzi
kitablar da nəşr edilmişdir. Belə ki, N. Nərimanovun “Bahadır və Sona” əsəri,
Ceyhun Hacıbəylinin tərtib etdiyi “Atalar sözü”, Lətif Kərimovun “Azərbaycan
şerləri almanaxı”, Cabbar Məmmədovun isə “Azərbaycanda milli hərəkat” (1920-
1941-ci illərdə Azərbaycan xalqının mübarizəsinə aid) kitabı nəşr edilmişdir. (96).
Legionerlərin fəaliyyətindən, döyüş şücaətindən bəhs edən yazılara
“Siqnal” jurnalında da rast gəlmək mümkündür. “Siqnal” jurnalı 1940-cı ildən,
Berlində (Ünvan: Berlin SW68, Koxtrasse 22-26) ayda bir dəfə rus dilində nəşr
edilirdi. Jurnalın baş redaktoru Vilhelm Reets idi. Jurnalın 1944-cü ildə çap
olunmuş 12-ci sayında aşağıdakı başlıqlı yazılar vardı: 1) “Şəhərdə döyüş.
Azərbaycan könüllüləri şərqdəki gizli təşkilatlarla mübarizə aparırlar”. 2) “O biri
tərəfə. İngilis, Amerika qəzet və jurnallarından”. 3) “Xırdalanmayan rubl” - N. S.
Leskovun hekayəsi. 4) “Böyük imperiya - Alman dövlətinin taleyi”. 5) “Leyli və
Məcnun” - Nizami Gəncəvinin əsərlərindən”. 6) “Naperekor vraqam - Alman
dəmiryolçularının həyatı və mübarizəsi”. 7) “Orqanın səsi - Emmanuiel
Reyndlyayın məqaləsi”. 8) “Öz torpağında” – “Xüsusiyyətçi kəndçi - ölkənin
çiçəklənməsinin girovudur”. 9) “Volqa oğlu” - Könüllü öz döyüşçü yoldaşı
haqqında”. (344)
Jurnalın 4-cü səhifəsində mayor Əbdürrəhman Fətəlibəyli Düdənginskinin
qəhrəmanlığı, döyüş şücaəti haqqında məqalə və onun zabit formasında fotosu
verilmişdir. Mayor haqqındakı məqalə bu sözlərdə yekunlaşır: “Mayor döyüşən və
öz xalqının inamlı oğludur. Belə insanların yolu bir dəfə və həmişəlik
müəyyənləşir. Xaraktersiz siyasi opportunizmi inkar edən mayor deyir: “Biz türk
mənşəli xalqıq, belə olmuşuq və həmişəlik də qalacağıq”. (344, s.4)
Avropanın yaşayıb qalması uğrunda Almaniyanın apardığı mübarizədə
böhran yaranmış və bəzi müttəfiqlər inamlarını dəyişdilər, nəticədə cəbhələrdəki
ordu hissələri geri çəkildilər. Lakin heç zaman, bir saniyə belə, mayor
Fətəlibəylinin və onun döyüşçülərinin qətiyyətində tərəddüd yaranmadı.
Azərbaycan dağlarında “inam” sözü müqəddəsdir və bundan ötrü öz canlarını belə
əsirgəmirlər.
Öz sevimli və uzaq vətəninin yeni işıqlı həyatı uğrunda bolşevizmə qarşı
mübarizə bayrağı qaldıran belə adamlardır”. (344, s.4)
Bundan əlavə, jurnalda Xorvatiya, Almaniya, İngiltərə, Norveç, Çin və
Hindistana aid müxtəlif məzmunlu fotolar verilmişdir. Xorvatiyaya aid verilmiş
foto belə izah olunmuşdur: “Yaşayış məntəqəsi Titonun quldurlarından
təmizlənmişdir. Şəxsi qvardiyanın döyüşçüsü beşguşəli quldur ulduzu üzərində
qələbə əlaməti olaraq divara Xorvat hərəkatının rəmzi olan “U” hərfini həkk edir”.
(344, s.5)
Jurnaldakı işarələnmiş 3-cü fotonun izahı belə təsvir olunurdu: “Bütün
ölkədə xalq dəstələri yaratmağa çağrılmışdır. Bu foto Adolf Hitlerin çağırışından
sonra çəkilmişdir. Yaxınlarda formalaşmağa başlamış dəstələr öz faydasını
verməyə başlamışdır”. (344, s.5)
Beləliklə, Almaniyada fəaliyyət göstərən, vətənlərini bolşevik istilasından
xilas etməyə çalışan azərbaycanlılar həm öz dillərində mətbu orqanlar çıxarır,
qəzet, jurnallar, kitablar çap edirdilər, həm də başqa qəzet və jurnallarda onların
qəhrəmanlığı və uğurlu döyüşləri haqqında məlumatlar dərc olunurdu.
Qeyd edək ki, Azərbaycan İrtibat qərargahına verilmiş məhdud
səlahiyyətlərə baxmayaraq, Ə. Fətəlibəylinin zəkası və tükənməz enerjisi sayəsində
qısa bir zamanda, o zaman Azərbaycan legionunun orqanı olaraq nəşr edilən
“Azərbaycan” qəzeti yanında sivillər məsələləri ilə məşğul olan “Mittelsteile”, yəni
təltif, tərcümə və nəşriyyat işlərinə nəzarət edən elmi şöbə könüllülərin milli
tərbiyə işləri ilə uğraşan “Milli Birlik” məcmuəsi nəşrə başlamış və fəaliyyət
göstərmişdi. Bütün bu fəaliyyətlər qısa bir zamanda müsbət və fəxr olunacaq
nəticələr verməyə başlamış, Azərbaycan legionuna daxil olan birliklərdə yüksək bir
milli ruhun yaranmasına təkan vermişdi. (404)
Dostları ilə paylaş: |