IV BÖLÜM
RĠBBENTROP-MOLOTOV PAKTININ ĠMZALANMASI.
POLġANIN ALMANĠYA VƏ SOVET ĠTTĠFAQI TƏRƏFĠNDƏN ĠġĞAL
EDĠLMƏSĠ. ĠKĠNCĠ DÜNYA HƏRBĠNĠN BAġLANMASI
1939-cu ilin avqustun 23-də SSRİ ilə Almaniya arasında paktın
imzalanması dünyada gedən hadisələrə və İkinci Dünya hərbinin başlanmasına
ciddi təsir etdi. Qeyd olunmalıdır ki, imzalanmış pakta müxtəlif ölkələrdə
münasibət də fərqli izah olunmaqdadır. Qərb tədqiqatçıları bu paktın
imzalanmasında daha çox Sovet İttifaqını mühakimə etməkdədirlər. Sovet
tarixçiləri isə bu addımın atılmasını yaranmış şəraitin mürəkkəbliyi ilə izah etmiş
və xarici siyasətdə düzgün addım olaraq qiymətləndirmişlər. (275)
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərindən başlayaraq sovet
araşdırıcıları da paktın imzalanmasında birtərəfli yanaşmadılar. Hətta sovet
mətbuatında həmin paktın sovet dövlətinə və dünya ictimaiyyətinə vurduğu
zərərdən danışılmağa başlandı.
Qeyd edək ki, 1939-cu ilin yayında SSRİ-nin hərbi-siyasi şəraiti belə idi ki:
birincisi – İngiltərə və Fransa ilə hərbi müqaviləyə nail olmaq; ikincisi – təklikdə
qalmaq; üçüncüsü – Almaniya ilə müqavilə bağlamaq. Şübhəsiz ki, burada daha
gərəkli addım qarşılıqlı yardım şərtləri əsasında ingilis-fransız sovet müqaviləsini
imzalamaq və bununla faşist Almaniyasına qarşı koalisiya yaratmaq idi. Lakin
Sovet İttifaqı qərb dövlətləri ilə ümumi razılığa gələ bilmədi. Əlbəttə, hər iki
tərəfin bu razılaşmanın baş tutmasında günahı vardı. Sovet dövlətinin əsas səhvi
ondan ibarət idi ki, o, qərb dövlətlərinə özünün düşməni kimi baxır və Hitler
Almaniyası ilə ona qarşı gizli plan hazırlanmasından ehtiyatlanırdı. Qərb dövlətləri
isə həqiqətən SSRİ ilə yaxınlaşmaq arzusunda deyildilər. SSRİ ilə aparılan
danışıqlardan isə Almaniyaya təsir vasitəsi olaraq istifadə edirdilər.
Eyni zamanda, İngiltərə və Fransa faşist təcavüzünü şərqə yönəldib, alman
silahı ilə sosialist dövlətini məhv etmək məqsədini də güdürdülər. Xüsusən belə bir
istək İngiltərə, Fransa, İtaliya və Almaniyanın iştirakı ilə keçirilən Münhen
konfransında özünü biruzə vermişdi. Məhz həmin konfransda Çexoslavakiyanın
bölünməsi qərarı verilmişdi.
İngilis tədqiqatçılarından R.Xayt, D.Moris və A.Peters qeyd edirlər ki, əsas
səbəb ondadır ki, İngiltərə, Fransa və Sovet İttifaqı arasında geniş ittifaq yaratmaq
mümkün olmadı. Əks halda Almaniyanın qarşısı alınardı. (275) Fransa və
Britaniya liderləri beynəlxalq stabilliyin qorunmasından daha çox, Berlini, Romanı
və Tokionu sakitləşdirməyə üstünlük verirdilər.
1939-cu ilin yazında Almaniyanın Polşaya hazırlıq planı məlum olanda
Avropada vəziyyət kəskin olaraq dəyişdi. Sovet dövləti İngiltərə və Fransa ilə
əməkdaşlıq sahəsində cəhdlərə başladı. Məlum idi ki, böyük dövlətlər öz maraqları
dairəsindən çıxış edir, yaranmış şəraitdən faydalanmağa çalışırdılar. O dövrdə
İngiltərənin baş naziri olmuş Antoni İdenin yazdıqları bu mənada çox maraqlıdır.
O, yazırdı: “Çemberlen SSRİ ilə yeni ittifaqa cəhd göstərmirdi, əksinə, Hitlerlə
yeni danışığa çalışırdı. Moskvada aparılan danışıqlarla paralel olaraq Londonda
çox gizli şəkildə alman nümayəndəliyi ilə danışıqlar aparılırdı”. (351, s.182)
Lakin İngiltərənin bütün cəhdlərinə baxmayaraq, Almaniya dövləti
danışıqlardan qaçır, verilən təklifləri qəbul etmirdi. London isə Berlinə olduqca
çoxlu güzəştlər vəd edirdi. A. İden yazırdı: “Alman faşistləri ilə razılaşmaq planı
ingilis diplomatiyasının hiyləgərliyinin bütün dərin qatlarını açır. Təbii ki, onun
ikiqat oyunu Moskva danışıqlarının uğuruna mane oldu və 1939-cu ilin avqustunda
SSRİ, İngiltərə və Fransa hərbi nümayəndələri arasında bağlanmış danışıqlar
nəticəsiz qaldı”. (351, s.186)
Beləliklə, SSRİ dövləti təklənməmək üçün Almaniya ilə müqavilə
bağlamaqda maraqlı idi.
Eyni
zamanda,
ingilis-fransız-sovet
əlaqələri nasist Almaniyası
rəhbərliyində narahatlıq doğururdu. Həmin ilin mayından Almaniyanın Xarici
Siyasət İdarəsi rəhbərliyi, Ribbentropun göstərişləri əsasında SSRİ-nin Berlindəki
nümayəndəliyi ilə birbaşa əlaqəyə girdi. Bu danışıqlarda hər iki dövlətin
yaxınlaşmaq meylləri daha güclü hiss olunurdu. Almaniyanın Xarici İşlər naziri
Ribbentrop isə İngiltərənin həmin dövrdə apardığı siyasəti belə izah edirdi:
“Beləliklə, 1939-cu ilin yazı Avropada vəziyyətin kəskinləşməsi ilə müşahidə
olundu... İngiltərənin Almaniya ətrafında mühasirə yaratması getdikcə genişlənirdi.
Fransa isə İngiltərənin mövqeyində dayandı. Hər iki dövlətin Almaniyaya qarşı
koalisiya yaratmasına aprelin ortalarında Britaniya və Fransanın Ruminiya ilə
Yunanıstana təminat verilməsi haqqındakı planı əlavə olundu. 1939-cu ilin
mayında isə ingilis-fransız-türk müqaviləsi bağlandı. Moskva ilə danışıqlar
başlandı ki, Sovet İttifaqını Almaniyaya qarşı hərbi ittifaqa daxil etsinlər. İngilis
siyasəti məni daima artan həyəcanla bürüdü. Bismarkın “koalisiya dəhşəti”
adlandırdığı bu həyəcan mənə yuxusuz gecələr hesabına başa gəldi. Hadisənin belə
inkişafını gördükdə, biz 1939-cu ilin mayın 22-də dostluq və inkişaf haqqında
alman-italyan müqaviləsi bağladıq. Bundan başqa, Varşavaya uğursuz səfərdən
sonra fürerə məsləhət gördüm ki, Almaniya ətrafında mühasirənin başa
çatdırılmasına imkan verməmək üçün Rusiya ilə danışıqlara cəhd etmək lazımdır”.
(330, s.177)
1939-cu ilin iyulun 4-də Berlindəki sovet səfirliyinə SSRİ ilə Almaniyanın
ümumi sərhədlər haqqında müqavilə bağlaması ilə bağlı gizli məktub daxil oldu.
Məktubda göstərilirdi ki, Almaniya tərəfi hər iki dövlətin 1914-cü ildəki
sərhədlərini bərpa etmək arzusunda olduğunu bildirmişdir. 1939-cu ilin avqustun
2-də Berlində Ribbentrop sovet səfiri Q. A. Astaxovla söhbətində rəsmi şəkildə
bildirdi ki, Almaniya Qara dənizdən başlamış Baltikə qədərki bütün ərazi
problemləri üzrə çətinlik olmadan razılaşa bilər.
Həmin ilin avqustun 15-də Moskvadakı alman səfiri Şulenberq SSRİ-nin
Xalq Xarici İşlər Komissarı Molotovdan onu təcili qəbul etməyi xahiş etdi.
Qəbulda Şulenberq Ribbentropun bütün mübahisəli problemləri həll etmək üçün
Moskvaya gəlməyə hazır olduğunu bildirdi.
Belə şəraitdə Sovet İttifaqının vəziyyəti çox mürəkkəb idi. Sovet dövləti
çox riskli siyasi oyuna başlamışdı. İngiltərə və Fransa ilə aparılan danışıqlar davam
etsə də, onların SSRİ-ni bərabərhüquqlu dövlət kimi görmək istəməməsi
səbəbindən bir nəticə alınmırdı. Almaniya isə, əksinə, Sovet dövlətinin maraqlarını
nəzərə almaqla, güzəştə gedirdi. Bundan əlavə, o, sovet-yapon əlaqələrinin
yaxşılaşması üçün Yaponiyaya təsir göstərməyi də vəd edirdi. Belə vəziyyət
Xalxin-Qol çayında yaponlarla qanlı döyüş aparan SSRİ dövlətini təmin edirdi.
Avqustun 23-dən 24-nə keçən gecə Stalin, Molotov və Ribbentropun iştirakı
ilə tələsik razılaşdırılmış sovet-alman sənədləri imzalandı: birincisi – hücum
etməmək haqqında müqavilə; ikincisi – Almaniyanın birtərəfli qaydada üzərinə
öhdəliklər götürdüyü gizli protokol. Müqavilə avqustun 24-də imzalansa da,
protokol uzun illər ictimaiyyətdən gizli saxlanıldı. Sənədlərdə göstərilirdi ki,
alman-polyak silahlı toqquşması başlanarsa, alman qoşunları Narva, Visla, Sana
çayı sərhədlərindən kənara hərəkət etməyəcək, Finlandiya, Estoniya və Latviyaya
daxil olmayacaq. Eyni zamanda, Almaniya SSRİ-nin Bessarabiyadakı maraqlarını
da ifadə edirdi.
Gizli protokolların SSRİ və Almaniya dövləti tərəfindən imzalanması
suveren bir dövlətin – xüsusən, Polşanın hüquqlarının kobud şəkildə pozulması
demək idi. Bu protokolu imzalamaqla SSRİ dövləti də işğalçı planlarını
gerçəkləşdirmək niyyətində olduğunu göstərirdi.
Uzun illərin qadağanından sonra 1989-cu ildə “Arqumenti i faktı” qəzetində
çap olunmuş “gizli əlavə protokol”da yazılmışdı: “Almaniya ilə SSRİ arasında
hücum etməmək haqqında müqavilənin imzalanması zamanı hər iki tərəfin aşağıda
imza edən səlahiyyətləri ciddi məxfi qaydada Şərqi Avropada qarşılıqlı maraq
dairələrini müzakirə etdik. Bu müzakirə aşağıdakı nəticəyə gətirdi:
1.Pribaltika dövlətlərinə daxil olan (Finlandiya, Estoniya, Latviya, Litva)
vilayətlərin ərzi-siyasi yenidənqurması baş verərsə, Litvanın şimal sərhədi
Almaniya və SSRİ-nin maraq dairəsi sayılır. Bununla bağlı, Litvanın Vilensk
vilayətinə olan maraqlarını hər iki tərəf etiraf edir.
2.Polşa dövlətinin tərkibinə daxil olan vilayətlərin ərazi-siyasi
yenidənqurulması halında Almaniya və SSRİ-nin maraq dairəsi sərhədləri təqribən
Narva, Visla və Sena çayları xəttindən keçəcək.
Müstəqil Polşa dövlətinin qarşılıqlı maraq dairısində saxlanılmaq istəyi və
onun sərhədlərinin necə olması yalnız qarşıdakı siyasi hadisələrin inkişafından asılı
olacaq. Hər ehtimala qarşı, hər iki hökümət bu sualı qarşılıqlı dostluq şəraitində
həll edəcəklər. Gizli əlavə - protokol.
Aşağıda imza edən səlahiyyətlilər Almaniya höküməti və SSRİ
hökümətlərinin razılığını növbəti qaydada açıqlayır:
1939-cu ilin avqustun 23-də imzalanmış gizli protokolun 1-ci bəndi belə
dəyişilir ki, Litva dövlətinin ərazisi SSRİ-nin maraqları dairəsinə aid edilir, eyni
zamanda Lyublin voevodluğu və Varşava voevodluğunun bir hissəsi Almaniyanın
maraq dairəsinə aid edilir. SSRİ höküməti Litva ərazisində öz maraqlarını qorumaq
üçün xüsusi tədbirlərə başlayan kimi, təbii olaraq hazırkı alman-litva sərhədi ilə
müəyyənləşdirilir ki, Litva ərazisinin xəritədə göstərilən cənubi-qərb xətti
Almaniyaya keçir. Sonra açıqlanır ki, Almaniya ilə Litva arasında olan təsərrüfat
əlaqələri Sovet İttifaqının yuxarıdakı tədbirləri keçirərkən pozulmamalıdır.
28.IX.1939”. (275)
Bu müqavilənin imzalanması həm Sovet, həm də dünya ictimaiyyəti üçün
gözlənilməz oldu. Əgər birinci müqavilənin (23 avqust) hücum etməmək məqsədi
daşıdığını qəbul etmək mümkün idisə, 28 sentyabr gizli protokolunun
imzalanmasının sülhün qorunmasına aidiyyatı yox idi.
Şübhəsiz ki, 1939-cu ilin 28 sentyabrında imzalanmış müqavilə SSRİ
rəhbərliyinin ciddi səhvi idi. Məhz bu müqavilədən sonra SSRİ ərazisində yaşayan
antifaşist mövqeli almanlara da münasibət dəyişdi. Məsələın, 1939-cu ilin
avqustunda Moskvada alman siyasi mühacirləri üçün açılmış 6 saylı uşaq bağçası
bağlandı. 1940-cı ilin əvvəllərində isə hələ 30-cu illərdə Sovet İttifaqına sürgün
edilmiş alman və Avstriya antifaşistləri almanlara təhvil verildi.
SSRİ ilə Almaniya arasında imzalanmış müqavilənin əhəmiyyətli tərəfi
sovet dövlətinin müdafiə qabiliyyətini artırmaq üçün iki il əlavə vaxt qazanmasında
görülürdüsə, sonradan bu üstümlüyə də müxtəlif yanaşmalar oldu. Araşdırmalar
göstərir ki, bu ikiillik müddətdən ordunu gücləndirmək üçün Almaniya Sovet
dövlətindən daha effektli istifadə etdi. 22 ay müddətində Almaniya dövləti öz hərbi
potensialını qat-qat yüksəltdi. Əgər 1939-cu ilin əvvəllərində Almaniyanın hərbi-
siyasi rəhbərliyi Qızıl Ordunu güclü rəqib olaraq qiymətləndirirdisə, lakin 1941-ci
ilin əvvvəllərində SSRİ Silahlı Qüvvələrinin, xüsusən rəhbər heyətinin zəifliyi
qeyd olunurdu.
Müqavilənin imzalanmasının SSRİ dövləti üçün həm müsbət, həm də mənfi
tərəfləri vardı. Müsbət tərəfləri aşağıdakılar idi:
-
Sovet İttifaqı iki cəbhədə mübarizədən uzaqlaşa bildi, çünki bu müqavilə alman-
yapon münasibətlərində çat yaratdı;
-
Müqavilə kapitalist ölkələrinin SSRİ-yə qarşı birləşməsinin qarşısını aldı.
Müqavilənin mənfi tərəfləri:
- müqavilə Sovet xalqının və SSRİ-nin hərbi-siyasi rəhbərliyinin ayıqlığını itirdi ki,
bu da sovet dövlətinin müharibənin əvvəllərindəki məğlubiyyətinin başlıca
səbəbinə çevrildi;
- SSRİ dövlətinin, Ümumrusiya K(b)P-sı və Kominternin, eləcə də faşizmə qarşı
olan digər mübarizlərin beynəlxalq nüfuzunu aşağı saldı. (275)
Qeyd edək ki, hələ 1939-cu ilin martından Stalin sovet-alman əlaqələrinin
yüksəldilməsi vacibliyinə toxunurdu. Stalin XVIII Partiya Qurultayında bildirirdi:
“Amerika siyasətinin Rusiyanı Almaniyaya müharibə aparmaq istəyində görmək
arzusunu Potoçskinin 21.11.1938-ci il tarixli məlumatından görünməkdədir.
Prezident Ruzveltin inanılmış adamı səfir Bullit bu sözləri demişdi: “Demokratik
dövlətlərin istəyi bu olardı ki, Şərqdə Almaniya omperiyası ilə Rusiya arasında
hərbi toqquşma olsun. Onda demokratik dövlətlər Almaniyaya hücum edib onu
təslim olmağa məcbur edərdilər”. (330, s.178) Hitler Stalinin bu çıxışına tələsik
münasibət göstərmək istəməsə də, Xarici İşlər Naziri Ribbentrop prosesi
sürətləndirməyi vacib saymışdı. Hitlerin Stalinə göndərdiyi teleqramdan sonra o,
Almaniyanın Moskvadakı səlahiyyətli nümayəndəsini yanına dəvət etmişdi.
İlkin danışıqlar başa çatdıqdan sonra avqustun 21-də Stalin Hitlerə
aşağıdakı məzmunda teleqram göndərdi: “21 avqust 1939-cu il. Almaniyanın
reyxkansleri cənab A. Hitlerə. Məktuba görə təşəkkür edirəm. Ümid edirəm ki,
hücum etməmək haqqında sovet-alman müqaviləsi ölkələrimiz arasındakı
münasibətlərin yaxşılaşmasına daha yaxşı şərait yaradacaq.
Ölkələrimizin xalqlarının öz aralarında dinc münasibətlərə ehtiyacı vardır.
Alman hökümətinin hücum etməmək haqqında müqavilənin imzalanmasına razılıq
verməsi siyasi gərginliyi aradan götürmək, sülh yaratmaq və ölkələrimiz arasında
əməkdaşlıq etmək üçün baza yaradacaqdır. Sovet höküməti mənə həvalə etdi Sizə
bildirim ki, o, s. Ribbentropun avqustun 23-də Moskvaya gəlməsinə razıdır. İ.
Stalin”. (330, s. 184-185).
Almaniyanın Xarici İşlər naziri Ribbentropu Kremldə Stalin Molotovla
birgə qarşıladı. Təəccüblü idi ki, bu vaxta kimi Moskvada olmasına baxmayaraq,
səfir Şulenberq Stalinlə bir dəfə də olsun, görüşməmişdi. İndi isə Stalin özü
qonaqları qarşılayırdı.
Hər iki tərəf arasında danışıqlar uğurla getsə də, bəzi problemlər də ortaya
çıxırdı. Məsələn, Sovet tərəfi Pribaltika ölkələrini, xüsusən, Libau limanını öz
maraq dairəsində saxlamağa çalışırdı. Alman tərəfi bu problemə münasibəti
aydınlaşdırmaq üçün Hitlerlə məsləhətləşməyi zəruri saydı. Odur ki, danışıqlar
müvəqqəti olaraq dayandırıldı. Axşam saat 22.00-da Hitlerin razılığı alınandan
sonra danışıqlar yenidən canlandı. Bu dəfə çətinlik olmadan ümumi razılaşma
əsasında müqavilə imzalandı. Müqavilə imzalandıqdan sonra yemək stolu
arxasında Stalin Hitler haqqında qısa tost söylədi. Bildirdi ki, o, Hitlerə həmişə
qeyri-adi ehtiram bəsləyir.
Sonralar Ribbentrop öz xatirələrində Stalin haqqında yazırdı: “Stalin ilk
görüşümüzdən məndə güclü təəssürat oyatdı. Onun ayıq, demək olar ki, quru, lakin
dəqiq manevri, açıqürəkli danışıq aparmaq üslubu göstərdi ki, öz familiyasını
nahaqdan daşımır. Stalinlə apardığım danışıqlar məndə onun gücü və hakimiyyəti
haqqında təəssürat yaratdı, bir dəfə əlini yelləməsi Rusiyanın itib-batan geniş
çöllərində, uzaq bir kəndində əmrə çevrilən bu adam keçmişdə heç bir çarın
bacarmadığı bir işi – 200 milyonluq imperiya əhalisini birləşdirmişdir”. (303,
s.190)
Ribbentrop xatırlayırdı ki, müqavilə imzalandıqdan sonra Stalinə bildirdim
ki, bundan sonra almanlar və ruslar bir də silaha əl atmazlar. Stalin cavab vermişdi:
“Buyurun, bu mütləq belə olmalı idi”. Ribbentropun imzalanan müqavilənin qərb
müttəfiqlərinə qarşı birgə mübarizəyə əsas yaratması fikrinə isə Stalin belə cavab
vermişdi: “Mən heç zaman Almaniyanın zəifləməsinə imkan vermərəm!”
Ribbentrop bununla bağlı xatirələrində yazırdı: “Stalinin bu iki fikri
üzərində çox düşünürdüm: O, bununla nə demək istəyirdi? Sovet İttifaqının kəskin
tənqid olunması (onların sırasında İngiltərənin Berlindəki Keçmiş səfiri c. Nevim
Henderson da vardı) təsdiqləyirdi: Stalin Almaniya ilə ona görə müqavilə bağlayıb
ki, füreri Polşaya hücuma itələsin və o, yaxşı bilirdi ki, belə halda İngiltərə və
Fransa Polşanın tərəfində vuruşacaqlar. Almaniyanın Polşa üzrəində təxmin edilən
qələbəsindən sonra Rusiya, birincisi, sonuncu müharibədə itirdiyi vilayətləri geri
qaytaracaq, ikincisi isə, sakit dayanıb Almaniyanın qərb dövlətləri ilə savaşda
bütün gücünü itirməsinə baxacaq, sonra isə lazımi anda Qızıl Ordunun gücü ilə
Avropanın bolşevikləşdirilməsinə başlayacaq”. (330, s.112)
Avqust müqaviləsini imzalamaqda doğrudanmı, Stalin bu məqsədi
güdürdü?
V. Suvorov məşhur “Buzqıran” əsərində bu faktları təsdiqləyirdi. Yazırdı ki,
Stalin hər vasitə ilə Hitleri müharibəyə cəlb edirdi. Məqsədi isə aydın idi. Stalin
ona görə müqaviləni fikirləşmişdi ki, Hitlerin əli ilə İkinci Dünya müharibəsini
başlasın, Avropanı, o cümlədən, Almaniyanı zəiflətsin. (334, s.170)
Nikita Xruşşov isə şahidlik edirdi ki, müqavilənin imzalanmasından sonra
Stalin şadlıqla bildirirdi ki, Hitleri aldatdı, müqavilə Hitler üçün tələ idi.
Marşal Q. K. Jukov isə xatirələrində yazırdı: “O ki, qaldı hücum etməmək
haqqında Almaniya ilə bağlanmış müqaviləyə, Stalinin ona ümid bəsləməyinə elə
bir əsas yox idi”. (256, s.236)
Sovet İttifaqının donanma admiralı N.Q. Kuznetsov isə bildirirdi: “Stalin
Almaniya ilə müqavilənin gücünə o qədər də inanmırdı. Ümumiyyətlə isə, o,
Hitlerə az ümid edirdi”. (334, s.175)
Bu mənada N. S. Xruşşov Stalinin xarakterini onun öz sözləri ilə
açıqlayırdı: “Mən heç kimə inanmıram, özüm-özümə də inanmıram”. (308, s.17)
Şübhəsiz ki, Almaniya dövləti ilə müqavilə bağlamaq Stalin üçün sərfəli idi.
Çünki, Almaniyanın Polşa və qərb dövlətləri ilə müharibəyə başlaması onu
zəiflədəcək, iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətə salacaqdı.
Müqavilənin imzalanmasında, şübhəsiz ki, Almaniyanın da xüsusi
maraqları vardı. 1939-cu ilin 22 avqustunda, müqavilənin imzalanmasına bir gün
qalmış Oberzalqburqda Almaniya Silahlı Qüvvələrinin bütün rəhbərliyinin iştirak
etdiyi yığıncaqda Hitler dedi: “1938-ci ilin payızından mən Stalinlə birgə
addımlamağı qərara almışam. Stalinlə mən yeganə adamlarıq ki, ancaq gələcəyə
baxırıq. Beləliklə, yaxın həftələrdə alman-sovet sərhəddində əlimi Stalinə uzadıb
onunla birgə dünyanı yenidən bölməyə başlayacağıq... General-polkovnik fon
Brauxiq vəd verib ki, Polşa ilə müharibəni bir neçə həftəyə yekunlaşdıracaq. Əgər
o, mənə məruzə etsəydi ki, bunun üçün iki, yaxud bir il tələb olunur, onda mən
hücum etmək haqqında əmr verməzdim və müqaviləni Rusiya ilə deyil, İngiltərə
ilə bağlayardım. Biz uzunmüddətli müharibə apara bilmərik. Bədbəxt çervləri
Daladye və Çemberleni Münhendə tanıdım. Onlar həddindən artıq qorxaqdırlar və
bizə hücum edə bilməzlər. Onlar bizi mühasirəyə də ala bilməzlər. Əksinə, bizim
öz avtariyamız (iqtisadi siyasət – N.Y.) və rus xammalımız var. Polşa boşaldılacaq
və almanlarla doldurulacaq. Mənim Polşa ilə müqaviləm yalnız vaxtı udmaq üçün
idi. Ümumiyyətlə, cənablar, Polşa ilə nə etmişəmsə, Rusiya ilə də o baş verəcək.
Stalinin ölümündən sonra, o, çox ağır xəstədir, biz Sovet Rusiyasını ələ keçiririk.
Onda alman dünya ağalığının günəşi kimi çıxacaq. İndiki şərait bizim üçün
olduqca əlverişlidir. Mənim yalnız bir qayğım var ki, olsun ki, Çemberlen yaxud
başqa bir axmaq mənə yaxınlaşıb şəriklik təklif etsin. Onda mən onu pilləkəndən
ataram...” (372, s.444)
Maraqlıdır ki, istər Hitler, istərsə də Stalin özlərini hər iki dövlət arasında
bağlanmış müqavilənin ilk təşəbbüskarları kimi təqdim etməyə çalışırdılar.
Görünür, hər iki lider özlərinin “uzaqgörən” siyasətçi imicini itirmək istəmirdilər.
Doğrudur, Molotov hər vasitə ilə təsdiqləyirdi ki, məhz Stalinin XVIII
Partiya Qurultayındakı çıxışı Almaniya ilə münasibətlərin yaxşılaşmasına və
müqavilənin bağlanmasına təkan verdi. Bununla bağlı Molotov bildirirdi:
“Almaniyada Stalin yoldaşın fikrini, ümumiyyətlə, düzgün başa düşdülər”. (372,
s.446)
Lakin Almaniya Xarici İşlər nazirliyinin görkəmli nümayəndəsi, avqust
müqaviləsinin imzalanmasında Ribbentropun tərcüməçisi olmuş Himmler yazırdı
ki, o, heç zaman nə Hitlerdən, nə də Ribbentropdan Stalinin çıxışının Sovet
dövlətinin xarici siyasət kursunun dəyişməsinin sübutu olduğunu eşitməmişdi. Q.
Himer yazırdı: “23 avqustdakı danışıqlar çox sadə görünürdü. Cənab Ribbentrop
yeni təkliflər gətirməmişdi, o, müqaviləni və əlavə gizli protokolu tez imzalayıb
qayıtmaq istəyirdi”. (219)
Müqavilə imzalanmazdan bir qədər əvvəl Xarici İşlər Komissarı Maksim
Litvinovun qəflətən vəzifəsindən çıxarılıb heç bir səbəb göstərilmədən Molotovla
əvəz olunması da maraqlı idi. Köhnə kommunist Litvinov 1930-1939-cu illərdə
Xarici İşlər Komissarı işləmişdi. İşdən çıxarılması ilə bağlı açıqlama verməyən
Moskva isə susurdu.
Almaniyada isə Stalinin bu addımını dialoqa dəvət kimi qəbul etdilər.
Çünki, Litvinov ingilis-fransız xəttinə üstünlük verir, Hitlerdən müdafiə olunmaq
üçün “Avropada “kollektiv təhlükəsizlik” sistemi” yaratmağa çalışırdı. Bundan
əlavə, Litvinov həm də yəhudi idi. Yəni, Hitler üçün qəbuledilməz idi. Stalin isə
gələcək rəfiqlərini “ən yaxşı hisslərini” təhqir etmək istəmirdi: rus mənşəli
Molotov isə dövlətdə ikinci şəxs sayılır və onun imzası daha nüfuzlu idi.
Eyni zamanda, Moskva ilə danışıqların əsasını Ribbentrop qoymuşdu. Hələ
1938-ci ilin aprelində Hitlerə göndərdiyi məruzəsində bildirirdi ki, Sovet İttifaqının
özünü böyük dövlətlərin tərəfindən istifadə etmək lazımdır. SSRİ hazırda “qəhvəyi
Reyx”lə müharibə aparmaq iqtidarında deyildir. Əgər Almaniya-İtaliya-Yaponiya
əməkdaşlığına SSRİ də qoşularsa, onda Almaniyanın qələbəsi təmin olunacaqdır.
Ribbentropun ideyasındakı yenilik belə yekunlaşırdı: “Demokratik
dövlətlərlə total dövlətlər arasındakı uçurum daima böyüyəcək, odur ki, totalitar
dövlətlər ümumi məqsədlərə nail olmaq üçün güclü koalisiyada birləşməlidirlər”.
(372, s.447)
1922-ci ilin mayında İtaliya ilə Almaniya arasında səsli-küylü təcavüzkar
“Polad akt” imzalanmışdı. İtaliyanın Xarici İşlər naziri Çiano bu müqavilədən
sonra gündəliyində yazmışdı: “Mən heç bir zaman belə sənəd görməmişəm. Bu
müqavilə əsl dinamitdir”. (372, s.448)
Tarixçilər belə hesab edirlər ki, məhz bu hadisədən sonra Hitler də SSRİ ilə
müqavilə razılığını formalaşdırmağı qərara aldı.
Qeyd edək ki, müqavilə bağlanan ərəfədə Sovet İttifaqının vəziyyəti çox
mürəkkəb idi. Qərbdə - faşist Almaniyası, Şərqdə - Yaponiya təhlükəsi. İngiltərə
və Fransa isə SSRİ ilə razılaşmaq istəmir, Moskva danışıqlarına ikinci dərəcəli
məmurları göndərirdilər. Hətta Sovet İttifaqı 1939-cu ilin yazında Almaniyanın
ticarət müqaviləsi bağlamaq təklifinə də reaksiya verməmiş, ingilis-fransız
müqaviləsinə ümid bəsləmişdi. Lakin, bu alınmadıqda, SSRİ-nin təcrid olunmaq
təhlükəsi reallaşdıqda Stalin Almaniya ilə müqaviləni imzalayıb Hitlerdən
məharətlə istifadə etdi. (319, s.170)
SSRİ ilə Almaniya arasında imzalanmış müqaviləyə mühacirətdə yaşayan
keçmiş sovet liderləri də birmənalı münasibətlə yanaşmadılar. 1929-cu ildən Sovet
İttifaqını tərk etmək məcburiyyətində qalmış Lev Trotski (252, s.3) qəzetdə nəşr
etdirdiyi məqaləsinə belə başlıq qoymuşdu: “Stalin Hitlerin intendantıdır”
(təsərrüfat işlərinə baxanıdır – N.Y). Həmin məqaləsində Trotski Stalinin rəhbərlik
etdiyi ölkənin fəlakətə uğrayacağını əvvəlcədən bildirir və sovet fəhlələrini onu
devirməyə çağırırdı. (208, s.285)
Stalin, şübhəsiz ki, Trotskinin mövqeyini qəbul etmirdi və onun belə kəskin
çıxışlarından sonra Beriyaya onu aradan götürmək haqqında müvafiq tapşırıq
verdi. XDİK agenti Naum Eytinqonun Meksikada keçirdiyi əməliyyatda ağır
yaralanıb sağ qalan Trotskini digər agent – İspaniya inqilab ordusunun keçmiş
leytenantı Ramon Merkader alpinist baltası ilə vurub öldürdü. (208, s.285)
Qeyd edək ki, müqavilənin imzalanmasından çox illər sonra bu sənədə
hüquqi-siyasi qiymət verildi. 1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayı 26
nəfərdən ibarət komissiya yaratdı. Komissiyaya Siyasi Büronun üzvü, Sov. İKP
MK katibi A. N. Yakovlev başçılıq etdi. (219) Komissiya aydınlaşdırdı ki, SSRİ
Ali Soveti 1939-cu ilin avqustun 31-də hücum etməmək haqqında müqaviləni
müzakirə etmədən ratifikasiya etmişdir. İstər hücum etməmək haqqında 1939-cu
ilin 23 avqust müqaviləsi, istərsə də dostluq və sərhədlər haqqında 28 sentyabr və
digər müqavilələr 1941-ci ildə Almaniyanın SSRİ üzərinə hücum etməsi ilə
qüvvədən düşmüşdür. Bununla bağlı SSRİ xalqlarının 1989-cu ilin dekabrın 24-də
keçirilən qurultayı qərara aldı.
Qərarda göstərilirdi: “7. SSRİ Xalq Deputatları Qurultayı 1939-cu ilin 23
avqustunda və sonradan Almaniya ilə imzalanmış müqavilələri müzakirə edir.
Qurultay gizli protokolları imzalandığı gündən hüquqi əsası olmayan sənədlər
hesab edir”. (329)
Protokollar Sovet hökümətinə üçüncü ölkələrlə anlaşmaqda hüquqi baza
yaratmadı, əksinə, Stalinin və onun ətrafının başqa dövlətlərə güc göstərməsinə və
üzərinə götürdüyü öhdəlikləri pozmasına şərait yaratdı”. (351)
Beləliklə, sovet-alman müqaviləsindən az sonra 1939-cu ilin sentyabrın 1-
də Almaniya müharibə elan etmədən Polşaya hücum etdi. (303, s.77) Almaniyanın
Polşaya hücumu İkinci Dünya müharibəsinin başlandığı gün olaraq tarixə daxil
oldu. Belə vəziyyətdə, sentyabrın 3-də İngiltərə və Fransa höküməti Polşa ilə
müqavilələrinə əsaslanıb ciddi tərəddüdlərdən sonra Almaniyaya müharibə elan
etdilər. Beləliklə, İkinci Dünya müharibəsi başlandı.
1939-cu ilin sentyabrın 17-də Varşava şəhəri hələ almanlardan müdafiə
olunarkən, Lvov altında, Xel yarımadasında döyüşlər davam edərkən, gizli avqust
müqaviləsi əsasında sovet qoşunları şərqdən Polşa ərazisinə daxil oldular. (253,
s.271)
Polşa höküməti başda prezident Mosçiçski və Ali Baş Komandan Rıdz-
Smiqli olmaqla Rumıniyaya keçdilər. Rumıniyadan sonra Fransa və Londonda
yerləşən Polşa hökuməti işğalçılara qarşı mübarizəsini davam etdirirdi. Bu
müddətdə Vladislav Raçkeviç prezident, Vladislav Sinorski isə yeni hökumətin
başçısı idilər. Qızıl Ordunun Polşaya daxil olması günündən ərazidə qanlı hadisələr
başladı. Sovet əsgərləri qarşılarında olanları dağıdır, oğurlayır, məhv edirdilər.
Nizami ordu hissələrini ardınca XDİK hissələri, sonra isə əhalini kommunist
qaydalarına dəvət edən komissarlar gedirdi. Sovet əsgərləri Polşanın şərq
əyalətlərində daha amansız cəza tətbiq edir, mülkədarları, keşişləri, dövlət
məmurlarını, siyasi xadimləri aradan götürürdülər. Minlərlə polyak əsgər və zabiti
“Kozelsk”, “Starobels” və “Ostatkov” həbsxanalarına dolduruldu. Həbs edilən
polyakların çoxunu ağır işgəncələrdən sonra sovet ərazisindəki həbs düşərgələrinə
gətirdilər. 130-dan çox həbs düşərgəsi olan bu ölkədə dustaqların ucuz fəhlə əməyi
istismar edilirdi. Polyakları əsasən Kol yarımadasına, Kolmaya və cənubi
Ukraynaya yerləşdirdilər. Polşada qalanları isə Sovet dövlətinin ideoloji “qul”una
çevirdilər. Qorxu və işgəncələrlə yaşayan bir polyak şairi yazırdı: “Mən istəmirəm
ki, Lvov sovetlərin olsun, lakin gündə yüz dəfə düşündüyümün əksini deyirəm”.
(253, s.279)
SSRİ-nin nəzarəti altında olan Polşa torpaqlarında sovet işğalçıları katolik
kilsəsinə qarşı dağıdıcı mübarizə aparırdılar. Almanların nəzarətində olan Polşanın
qərb hissəsində isə rəsmi şəkildə general qubernatorluq yaradıldı. (328, s.28)
Bu müddətdə Almaniya və SSRİ müvafiq qaydada işğallarını davam
etdirirdilər. Sovet İttifaqı artıq Estoniya, Latviya və Litvanı işğal etmiş,
Rumıniyanı da Bessarabiyanı verməyə məcbur etmişdi.
Sovet qoşunları artıq Bukovina və ona yazın olan Dunaydakı Bessarabiyanı
işğaldan sonra əhalisi əsasən almanlardan ibarət olan Şimali Bukovinanın
(Avstriya koronunun tarixi torpaqları) da alınması Hitleri xüsusilə sarsıtdı. O,
Stalinin bu addımını rusların qərbə basqını kimi qəbul etdi.
1940-cı ilin yazında Şərqi Prussiya, Polşa və Bessarabiya sərhədlərində
sovet-rus qoşunlarının cəmləşməsi xəbəri Hitlerə çatdırıldı. Yalnız Şərqi Prussiya
qarşısında 22 sovet diviziyası toplaşmışdı. Hitler bu hadisədən bərk narahat
olmağa başladı.
1940-cı ilin avqustunda artıq Hitler general-feldmarşal Keytellə söhbətində
sovet təhlükəsinin artmasını qeyd etmişdi. Münhendəki “Qəhvəyi ev”də, Hitler
onun üçün tikilmiş xüsusi korpusda Ribbentropla söhbətində Sovet dövlətinin
mövqeyindən narazı qaldığını bildirmişdi. Rus qoşunlarının yeni hərəkətləri
haqqında daxil olan məlumatlar Hitleri coşdururdu. Eyni zamanda, alman
müəssisələrində kommunistlərin agentlərinin fəaliyyətinin güclənməsi haqqında da
məlumatlar alınırdı. Artıq Hitler Stalinə və Sovet dövlətinə sərt münasibətini
gizlətmirdi.
Ribbentrop xatirələrində yazırdı: “Mən bütün ciddiyyəti ilə Fürerə bildirdim
ki, Stalindən təcavüz gözləmək olmaz. Mən Füreri ehtiyatlandırdım ki, Rusiyaya
qarşı hər hansı bir əks addım atılmasın. Mən hətta Bismarkın prevetiv müharibə
haqqında sözlərini də xatırlatdım: “Allah özü də özgə xəritəsinə baxmağa
qoymur”. Hitler bu dəfə bildirdi ki, o, şübhə ilə yanaşır, olsun ki, yəhudilər
Moskvada Stalinə təsir göstəriblər. Mənim bütün etirazlarıma baxmayaraq, o,
bildirdi ki, hər ehtimala qarşı ehtiyat hərbi tədbirlər görülməlidir. O, çox qayğılı və
gərgin idi”. (330, s.223) Sonradan Ribbentropun cəhdlərinə baxmayaraq, Hitlerlə
Stalinin görşü baş tutmadı. Belə ki, Stalin Rusiyadan, Hitler isə Almaniyadan
çıxmaq istəmirdilər. Nəticədə, problemlərə aydınlıq gətirmək məqsədi ilə Xarici
İşlər naziri Molotovun Berlinə dəvət edilməsi razılaşdırıldı.
Molotov Hitlerlə söhbətində gizli protokola əsasən Finlandiyanın Rusiyanın
maraq dairəsində olduğunu bildirdi. Hitler isə fikrini dəyişərək Finlandiyanı
vermək istəmirdi. Bu problemlə bağlı çox inadkar diskussiya oldu. Hitler xahiş
edirdi ki, Molotov bu məsələdə ona güzəştə getsin.
Molotov isə söhbətində Almaniyanın Rumıniyaya təminatından Rusiyanın
narazı olduğunu bildirdi. Hitlerin Molotova cavabı belə oldu: nə qədər ki, Sovet
İttifaqı Rumıniyaya hücum etmək fikrində deyil, onda bu təminat da ona qarşı
yönəlməyib. Bu halda Molotov Hitlerdən soruşdu: onda siz razısınızmı ki, belə bir
təminatı Rusiya Bolqarıstana versin. Hitler soruşdu: Bolqarıstan bu haqda sizdən
xahiş edibmi? Molotov bu suala yayındırıcı cavab verdi.
Hitlerlə Molotovun söhbəti kifayətləndirici olmadı və heç bir qərara
gəlinmədən sona çatdı. Bu söhbətdən sonra Hitlerdə qəti təəssürat yarandı ki, artıq
ruslar ciddi şəkildə qərbə cəhd edirlər. Odur ki, Hitler 1940-cı ilin dekabrın 13-də
20 saylı direktivi ilə “Maritsa” əməliyyatını – Yunanıstana hücumu təsdiqlədikdən
sonra dekabrın 18-də “Barbarossa” planını əsaslandıran 21 saylı digər sənədi
imzaladı. “Barbarossa” planında o, Sovet İttifaqına hücum planını belə açıqlayırdı:
“Alman Silahlı Qüvvələri Sovet İttifaqını hətta ingilislərə qarşı müharibəni
bitirmədən sürətli bir əməliyyatla əzməyə hazır olmalıdırlar.. Böyük vaxt tələb
edən bu hazırlıq tələb edir ki, elə bu saatdan başlamalı, 1941-ci ilin mayın 15-də
yekunlaşmalıdır. Qərbi Rusiyadakı kütləvi rus ordusu zirehli tankları ilə məhv
edilməlidir... Son məqsəd Asiya Rusiyasına qarşı Volqadan başlamış Arxangelskə
qədər müdafiə xətti yaratmaqdır. Sonradan Rusiyanın Uralda qalan son sənaye
rayonu “Luftvaffor” məhv edilə bilər”. (208, s.303)
Sovet İttifaqının yürütdüyü siyasət Almaniyanı narahat edirdi. Artıq
Moskvada ingilis-sovet danışıqları başlamışdı. İngiltərənin SSRİ-dəki səfiri
Stafford Krippe Kremldə Sovet rəhbərliyi ilə danışıqlar aparırdı.
Eyni zamanda, Sovet İttifaqının Baltik dənizindən Qara dənizə qədərki
ərazidə geniş hazırlığı ilə bağlı məlumatlar Almaniya rəsmi dairələrinə çatdırılırdı.
Moskvanın serb çevrilişlərinin hökümət başçısı Simoviçlə müqavilə bağlaması da
sovet-alman müqaviləsindən uzaqlaşıldığını göstərirdi.
Hitler hələ 1938-ci ildə ehtiyatlanırdı ki, İngiltərə və Amerika kifayət qədər
silahlanan kimi Almaniyaya hücum edəcəklər. O, çəkinirdi ki, İngiltərə və
Amerika Sovet İttifaqı ilə müqavilə bağlayarsa, onda Almaniya həm Qərbdən, həm
də Şərqdən təcavüzə məruz qalacaq və 1914-cü ilin müharibəsində baş verənlər
təkrarlanacaq. Hitler başa düşürdü ki, iki cəbhədə uzunmüddətli müharibə aparmaq
çox çətin olacaqdı. Odur ki, o, ingilis-amerikan gücü Qərbdə hərəkətə gəlməmiş
Şərqdə azad nəfəs almaq istəyirdi. Hitler bir neçə ay ərzində Sovet İttifaqını
məğlub etmək istəyirdi. Lakin onun Sovet Ordusunun imkanları və Amerikanın
köməyi haqqındakı səhv hesablamaları fəlakətlə nəticələndi.
SSRİ üzərinə hücum edərkən Hitlerin özü-özünə o qədər də inamlı deyildi.
Söhbətlərinin birində Xarici İşlər naziri Ribbentropa demişdi: “Biz bilmirik ki,
Şərqdə açacağımız qapıların arxasında hansı güc dayanır”. (330, s.243)
Almaniya-SSRİ müharibəsi getdikcə labüd xarakter alırdı. Almaniyaya
qarşı İngiltərə, Amerika və SSRİ üçlüyü eyni mövqeyə yaxınlaşırdı. Almaniyanın
isə münasibətləri zəif sayılan İtaliya, az ümid bəslənilən Yaponiya dövləti idi.
Çünki, Yaponiya dövləti Almaniya ilə razılaşmadan 1941-ci ilin aprelində Xarici
İşlər naziri Yesuko Maçuokanın iştirakı ilə Rusiya dövləti ilə hücum etməmək
haqqında müqavilə imzalamışdı. Vəziyyətin belə gərginləşməsinin bir səbəbi də
Ribbentropun fikrincə, Qərb və Şərq yəhudiçiliyinin əks-alman əlaqələri idi.
Bundan əlavə, Sovet İttifaqı müharibəyə ciddi hazırlığa başlamışdı. Sovet
sərhədlərinin özündə bu hazırlıq belə izah olunurdu: “Müharibədən qabaqkı illərdə
ordu yenidən təşkil olundu: ərazi-milis prinsipi üzrə qurulan qoşun hissələri və
birləşmələri ləğv edildi; silahlı qüvvələr tamamilə daimi qüvvə vəziyyətinə
keçirildi. Ordunun sayı xeyli artmışdı. Silahlı Qüvvələrin daimi qüvvələr prinsipi
üzrə qurulması “Ümumi əsgəri vəzifə haqqında” 1939-cu ilin sentyabrında SSRİ
Ali Sovetinin qəbul etdiyi qanunda təsbit edildi. Sovet dövləti çalışırdı ki, onun
ordusu kapitalist dövlətlərinin ordularından güclü olsun. Sosializm nailiyyətlərinin
müdafiəsi, habelə bütün dünyada sülh uğrundakı mübarizənin müvəffəqiyyəti bir
çox cəhətdən SSRİ-nin və onun Silahlı Qüvvələrinin gücündən asılı idi”. (187,
s.518) Daha bir səbəb də sovet-alman münaqişəsini gərginləşdirdi.
1941-ci ilin yanvarın 17-də Berlindəki sovet səfiri Dekanozovun Almaniya
Xarici İşlər Nazirliyinə təqdim etdiyi sənəddə göstərilirdi ki, Bolqarıstanın
ərazisində və dəniz sularında xarici qoşunların görünməsi SSRİ-nin maraqlarının
təhlükəsizliyi kimi qəbul ediləcək.
Bunun müqabilində sovet səfirinə Almaniyanın mövqeyi açıqlandı.
Bildirildi ki, Almaniya İngiltərənin Yunanıstana qoşun çıxarıb orda
möhkəmlənməsinə etiraz edir və buna mane olacaq. Eyni zamanda o, Türkiyənin
ərazi müstəqilliyinə də hörmətlə yanaşır. Digər tərəfdən, ingilis qoşunlarının
Yunanıstan ərazisində möhkəmlənməsi Almaniyanın Balkanlardakı Həyati
maraqlarını təhlükədə qoyur. Bununla yanaşı, Yunanıstana qarşı əməliyyatların
keçirilməsini reallaşdırmaq üçün alman qoşunları Bolqarıstanın ərazisindən
keçməlidir. Bu isə sovet maraqlarının təhlükəsizliyinin pozulması kimi
anlaşılmalıdır. Bundan əlavə, Almaniya dəniz sularında sovet maraqlarını nəzərə
alıb Montre statusuna yenidən baxmağa hazırdır. (330, s.247)
Qeyd etdiyimiz kimi, İngiltərə və Amerika da sovet-alman münasibətlərinin
gərginləşməsində maraqlı idi. Hələ 1940-cı ilin yayında Çörçill demişdi ki, heç
yarım il keçməyəcək ki, Rusiya Almaniyaya qarşı çıxacaq.
Amerikanın Sovet İttifaqı ilə yaxınlaşmasından sonra isə Ruzvelt işarə
edirdi ki, tezliklə Rusiya Almaniyaya qarşı müharibəyə başlayacaq. ABŞ-ın
məşhur senatoru, respublikaçı Taft 1941-ci ilin yayında “Nyu-York Tayms”
qəzetindəki məqaləsində yazırdı: “Ruzveltin məqsədi hadisələrin inkişafını
müharibəyə yönəltməkdir”. (330, s.252) Ruzveltin məqsədini təsdiqləyən daha bir
fakt ABŞ səfiri Bullitin Polşa səfiri Potoçskiyə dediyi sözlərdir: “Ruzveltin
məqsədi odur ki, Almaniya ilə Rusiya arasında hərbi toqquşma olsun və bütün
demokratik ölkələr Almaniyaya hücum edib onu təslim etsinlər”. (330, s.253)
Göründüyü kimi, digər böyük dövlətlər də Almaniya ilə Rusiya arasında
müharibə təhlükəsini reallaşdırırlar.
Bundan əlavə, Sovet İttifaqı hərbi gücünü artırmaqda davam edirdi. Əgər
Polşaya hücum ərəfəsində Sovet dövlətinin motorlaşdırılmış və tank
birləşmələrinin sayı 65 idisə, artıq 1941ci il müharibəsi ərəfəsində onların sayı
158-ə çatdırılmışdı. 1941-ci ilin mayında Stalin Kremldəki çıxışlarının birində
bildirmişdir ki, artıq indi Sovet İttifaqının gələcək məqsədi yalnız silah gücünə əldə
oluna bilər. Qızıl Ordu buna hazırdır.
V. Suvorov yazırdı ki, artıq 1939-cu ilin 19 avqustundan SSRİ-də “gizli
səfərbərlik” başlamışdı və bu iş 1941-ci ilin iyulun 6-da SSRİ-nin Almaniyaya və
Rumıniyaya hücumu ilə nəticələnməli idi. (Qeyd edək ki, bəzi tədqiqatçılar Sovet
qoşunlarının Almaniya üzərinə 1942-ci ildə hücum edəcəyini əsaslandırırlar).
Gizli səfərbərlik hücumla yekunlaşmalı və “M” günü elan edilməli idi.
Lakin, Hitlerin gizli səfərbərlikdən xəbəri vardı və o, Stalini iki həftə qabaqladı.
Odur ki, SSRİ-də “M” günü elan edilmədi. (334, s.171)
Vəziyyətdən çıxış yolunu Hitler Sovet İttifaqına hücum etməkdə görürdü.
Onun Sovet İttifaqına hücumunun bir səbəbi də özünü Stalinin qəfil hücumundan
və Qərbin, eləcə də Şərqin təzyiqindən qorumaq idi. Hitler üç böyük dövlətin –
İngiltərə, Amerika və SSRİ-nin birgə hücumunda Almaniyanın məğlubiyyətini
görürdü. Odur ki, qəfil olaraq Sovet İttifaqına hücum etməyə (330, s.245) üstünlük
verdi.
Qeyd edək ki, Hitlerin ətrafında olan Birinci Dünya hərbini uzun müddət
Şərq cəbhəsində keçirən feldmarşal fon Rundştedt və Almaniya Quru Qoşunlarının
Baş Komandanı feldmarşal fon Brauxiç və Baş qərargah rəisi general Qalder
Hitleri Sovet İttifaqı ilə müharibədən çəkindirməyə çalışırdılar. Uzun illər
Rusiyada yaşamış, bu ölkəni və Stalini yaxşı tanıyan general Göstrinq də Hitlerə
ehtiyatlı olmağı məsləhət edirdi. Lakin Hitler öz fikrində qəti idi.
Dostları ilə paylaş: |