III BÖLÜM
FAġĠZMĠN YARANMASI. HĠTLERĠN HAKĠMĠYYƏTƏ GƏLĠġĠ.
ALMANĠYANIN MÜHARĠBƏYƏ
HAZIRLIQ PLANI
Hitlerçilik və faşizm yalnız Almaniya sərhədləri ilə ölçülmürdü. İtaliyada,
İspaniyada faşizm ideyaları geniş yayılmış, ətrafına çoxlu insanlar toplamışdı.
Almaniyadan əvvəl, hələ 1922-ci ilin oktyabrın 30-da İtaliyada faşistlər
hakimiyyətə gəlmişdi. Hakimiyyətə gəlməzdən qabaq Mussolini “Rim, yaxud
ölüm!” şüarı ilə çıxış edir, “xalqın antimillətçi dövlətlə mübarizəsindən” danışırdı.
(286, s.14)
1933-cü ildə isə Hitler başda olmaqla faşistlər hakimiyyətə gəldi. Bəs
faşizmin böyük insan kütlələrini əhatə etməsinin, onları təsirində saxlamasının
səbəbi nə idi?
Əlbəttə ki, hitlerçilik və nasist partiyasının sərhədləri daxilində fəaliyyət
göstərmirdi və o, geniş fəhlə təşkilatlarını, liberal, eləcə də demokratik dairələri
əhatə edirdi. Faşizm isə yalnız siyasi ideologiya olaraq qəbul edilə bilməz. Bu,
insanlara, sevgiyə, əməyə xüsusi münasibəti olan bir həyat konsepsiyası idi.
Nasist ideoloqlar inadkarlıqla bildirirdilər ki, onların dünyagörüşü bütün
tarix boyu Almaniyanın yüksək intellektual həyatında mövcud olmuş yüksək
ideyaların qanuni davamıdır. Belə ideya yaradıcıları sırasında Hegelin, Nitsşenin,
Quttenin, milli mədəniyyətin dünya şöhrətli nümayəndələrindən Herderin,
Vaqnerin, Qrimm qardaşlarının adları çəkilirdi. (241, s.273)
Hər şeydən əvvəl mövcud olan nasist sosializmlə hələ ötən əsrin 80-90-cı
illərində yaranmış ənənəvi panalmanizm şovinizmi arasında birbaşa bağlılıq vardı.
Bu ideya həm də alman burjuaziyasının imperiya ideyasını əks etdirirdi. Məlum
olduğu kimi, panalmanistlərin fəaliyyətində üç başlıca ideya dayanırdı: birincisi –
Avropa bölgəsində Almaniyanın hökmranlığı; ikincisi – almandilli xalqların və
milli qrupların Almaniya imperiyası sərhədləri daxilində birləşdirilməsi; üçüncüsü
– alman koloniyaları təsirinin genişləndirilməsi.
Bu ideyalar panalmanizmin əsas dayaqları və bazası idi.
Nasional-sosialist ideyanın formalaşmasına xarici ölkələrdə mövcud olan
nəzəriyyələr də az təsir göstərmirdi. Hələ ötən əsrin ortalarında bir təlim olaraq
yaranan müstəmləkə siyasəti doğrudan da irqi nəzəriyyə J. A. Qobinonun, de
Lyapujanın və onlarla başqa fransız, ingilis davamçılarının əsərlərində əksini
tapırdı. (241, s. 274)
Doğrudur, Qobinoda irqçilik bütövlükdə pessimist və neqativ ideyalar
sayılsa da, Hitler bu antisemitizmdən pozitiv diktrina hazırlayıb ondan istifadə etdi.
Nasional-sosialist dünyagörüşünün genezisini tədqiq edərkən alman
faşizminin ideya bazasının yaradılmasında xüsusi rolu olmuş Nitsşenin əsərləri
qeyd olunmalıdır. Fridrix Nitsşe alman tarixində və alman fəlsəfəsi tarixində dahi
bir şəxsdir. Odur ki, Nitsşeyə Qobino və Çemberlen kimi birmənalı yanaşmaq
olmaz. Nitsşenin özünəməxus antidemokratizmi, parlamentarizmə inkaredici
münasibəti, zəiflərə nifrətinin faşist baxışlarının formalaşmasında mühüm rol
oynadı. Nitsşenin baxışları onun davamçılarından olan O. Şpenglerin fikirlərində
mühüm rol oynadı.
Qeyd edək ki, nasistlərin hakimiyyətə gəlişindən sonra Şpenglerlə NSDAP
(Milli Sosialist Almaniya Fəhlə Partiyası) arasında münasibətlər pisləşdi. “Yeni
rejimin” mənəvi atası sayılan Şpengler özünün təlimləri və tənqidi ilə nasistlərin
işinə təsir göstərməyə çalışsa da, rəhbərlik ona kəskin etiraz etdi. Şpengler
səmadan abstrakt və yarımutopik nitsşesayağı fövqəlinsani yerə endirdi. Həmin
adamın yerdə müasir Sezar olmaq və qürub edən Avropa şəraitində sivilizasiyanın
taleyi məsuliyyətini üzərinə götürmək imkanlarını göstərdi. Şpengler cəmiyyətin
xeyirxahlığı dəyişməyi tələb edirdi.
Nitsşe adətən lazımi deklamasiyalarla kifayətlənsə də, Şpengler ondan
konkret və təcrübi nəticələr çıxarırdı. Hər şeydən əvvəl o, təsdiqləyirdi ki,
xəstələrin, zəiflərin və tam inkişaf etməmiş insanların həyatını yaxşılaşdıran bütün
müəssisələri ləğv etmək lazımdır.
Şpengler Nitsşenin “Mübarizə həyatın əsas mənbəyidir, həyatın özüdür”
fikrini daha sərt şəkildə davam etdirirdi. Şpengler yazırdı: “Başlıca vəzifəmiz
alman sosializmini Marksdan xilas etməkdir”. (241, s.278)
İctimai planda isə o, sosializmi liberalizmin antipodu adlandırırdı. Yazırdı
ki, sosializm fərdin inkarıdır, liberalizm isə anarxiyadır. Sosializm-intizamdır,
möhkəm dövlət intizamıdır. (241, s.279)
Əlbəttə, Şpengler bu fikirlərində, sosializmin üstünlüklərini xüsusi
vurğulayırdı.
Nasional-sosialistlərin əsaslandığı ideya davamçıları arasında görkəmli
şəxslərdən biri də alman coğrafiyaşünası Fridrix Ratsel idi. Ratsel nəşr etdirdiyi
“Siyasi coğrafiya” kitabında siyasi ekspansiyaların və işğalların coğrafi bəraətləri
sisteminin əsasını qoydu. Ratsel bu əsərində “Dövlətin genişlənmiş ölçülərinin
boyu” nəzəriyyəsini irəli sürür, xalqların artımı prosesinə diqqət etməyi vacib
sayırdı. Bu nəzəriyyəni alman burjuaziyasının maraqlarına uyğunlaşdırmaq üçün
Ratsel “dövlətlərin sərhədlərinin ölçülərinə uyğun gələn xalqların mədəniyyətinin
səviyyəsi” tezisini də əlavə etdi. Buradan belə fikir yaranırdı ki, kiçik dövlətlərin
nəhənglər tərəfindən əridilməsi – bu, mütləq hadisədir. Məhz bu ideyaya əsaslanan
nasistlər 30-40-cı illərdə ayrı-ayrı ölkələri nəzarətlərinə alırdılar.
Beləliklə, Almaniyada faşizm ideyasının ciddi tarixi əsasları vardı.
Qeyd edək ki, nasist liderlər öz ideologiyalarında antimarksist mövqeni
xüsusi qabardırdılar. Hitler 1933-cü ilin mayında Berlində, Alman Əmək
Cəbhəsinin Konqresində demişdi: “14-15 il əvvəl alman xalqına bildirmişdim ki,
tarixi vəzifəmi marksizmi məhv etməkdə görürəm. Həmin vaxtdan dediklərimi
təkrar edirəm. Bu, boş sözlər deyildir, müqəddəs anddır ki, son nəfəsimə qədər
yerinə yetirəcəyəm”. (241, s.284)
Qeyd edək ki, nasistlərin “antimarksist” şüarları Almaniyanın nəhəng
burjuaziyasını bütövlükdə razı salırdı. Çünki yaxşı təşkilatlanmış fəhlə hərəkatları
tez-tez məhz “marksizm” adı altında onlara hücum edirlər. Antimarksizmdən
ideoloji prinsip kimi istifadə edən nasistlər o dövrdə Almaniyada geniş yayılmış,
özünəməxsus millətçilik əhvali-ruhiyyəsini yayırdılar. Beynəlmilər təlim olan
marksizmə qarşı milli təlim olan antimarksizm qoyulurdu. Antimarksist əsaslar
üzərində nasist milliyyətçi nəzəriyyə qurulub inkişaf edirdi.
Nasional-sosialist ideoloqları arasında irqə münasibətlərdə də müxtəlif
yanaşmalar vardı. Əksəriyyət qan qohumluğu ilə müəyyənləşən xarici əlamətlər
toplumuna üstünlük verirdilər. Bu əlamətlər içərisində daha çox kəllənin
formasına, saçın rənginə, gözə, burnun quruluşuna və başqa əlamətlərə diqqət
yetirilirdi. Yüksək irqin nümayəndələri (buraya ilkin növbədə almanlar aid idi)
bütün xeyirxah keyfiyyətlərə malik idi; aşağı irqə mənsub olanlar isə (buraya
əsasən yəhudilər və slavyanlar daxil idi) bütün mümkün nöqsanların daşıyıcıları
sayılırdılar. (2, s.287)
İrqçilik nəzəriyyəsi ilə məşğul olan Valter Darre yazırdı ki, “irqi sual, bu
dünya tarixini anlamaq üçün bir açardır”. (241, s.287)
Alfred Rozenberqin fikrincə isə, müxtəlif irqlər arasında mübarizə dünya
tarixinin, eləcə də mədəniyyətlər tarixinin əsas məzmununu təşkil edir. Öz
növbəsində, Hitler bütün dünyada gedən ideoloji prosesləri aydınlaşdırmaq üçün
irqi nəzəriyyədən istifadə edirdi. O, 1933-cü ildə Nyurenberqdə keçirilən partiya
qurultayındakı çıxışında, “irqi təmizlik” probleminə toxunurdu. Hitler çıxışında
deyirdi: “İrqi münasibətdə təmiz olan xalq özünün təmiz varlığına uyğun olaraq,
bütün həyati vacib suallarda adekvat mövqe tutur. Əgər xalq müxtəlif irqi
elementlərdən ibarətdirsə, onda bu şəraitdə o situasiya əhəmiyyətli olacaq ki, hansı
irqi elementin dünyagörüşü ideoloji mübarizədə üstünlük qazanacaq. (241, s.288-
289)
Hitler təsdiqləyirdi ki, nasional-sosializmin xidməti ondan ibarətdir ki, o,
alman qanının instiktiv tələbini əks etdirən dünyagörüşünün qələbəsinə kömək etdi.
Hitlerin fikrincə, insanlığı üç irqə bölmək lazımdır: mədəniyyət banisləri,
mədəniyyət daşıyıcıları və mədəniyyət dağıdıcıları. (326, s.97) Hitler göstərirdi ki,
yalnız ari irqə mənsub olanlar mədəniyyət banisləri və mədəniyyət yaradanlar
hesab edilir. Asiya xalqları isə, məsələn, yaponlar və çinlilər öz formalarını ari
mədəniyyətinə verib onu qəbul etdiklərindən, onlar mədəniyyət daşıyıcıları sayılır.
Yəhudi irqini isə mədəniyyət dağıdıcılığına aid etmək olar. “Aşağı insanlar”ın
mövcudluğu yüksək mədəniyyətin yaranmasında əsas şərtdir. İnsanlığın ilkin
mədəniyyəti aşağı irqlərin istifadəsinə söykənib. Keçmiş zamanlarda qalib olduğu
üçün arilər istila etdikləri xalqları iradəsinə tabe etdirir, öz tələblərinə uyğun
tapşırıqlarını həyata keçirirdilər. Lakin bütün bunlara baxmayaraq, məğlub xalqlar
“hakimlər”in adətini, ənənəsini, dilini qəbul etsə də, arilər öz qanının təmizliyini
itirməyə başladı. Hitler bununla əlaqədar “Mənim mübarizəm” əsərində yazırdı:
“Mədəniyyətlərin zəifləməsinin yeganə səbəbi qan qarışıqlığı oldu və bunun
nəticəsində irqlərin inkişaf səviyyəsi aşağı düşdü”. (383, s.296)
Əlbəttə, Hitlerin irqi mühakiməsində həm obyektiv, həm də müəyyən
gerçəkliklər vardır. Və qeyd edək ki, onun irqə belə münasibəti hər çeydən çox
Darvinin irəli sürdüyü “Təbii seçim nəzəriyyəsinə” əsaslanırdı. Hitler göstərirdi ki,
əgər belədirsə və arilər yeganə mədəniyyət yaradanlardırsa, onda onlar dünyaya
hökmranlıq etməlidirlər. Odur ki, Almaniya imperiyası şərq istiqamətində - Sovet
Rusiyasının ərazisi hesabına sərhədlərini genişləndirməlidir.
Qeyd edək ki, hələ keçmiş əsrlərdə də almanlar belə qapalılığa,
özünütəcridliliyə meylli idilər. Hələ XI-XII əsrlərdən Almaniyada bütün etnik
qrupların etnik sərhədlərlə qapanması onların qarışmasını və inteqrasiyasını
olduqca çətinləşdirirdi. Başqa tayfaların yayılması yerli vilayətin məhvi kimi qəbul
edilirdi (məsələn, saksların şvatblara qarşı daimi mübarizəsi). (328, s.38)
Nasistlərin irqçilik nəzəriyyəsinə görə yüksək irqə mənsub olan almanlar
bütün aşağı irqə qarşı mübarizə aparmalıdırlar. İrqin mövcudluq formasını
saxlayan müharibədir. Yüksək irq ətraf mühitdən təcrid olunmağı bacarmalıdır.
Aşağı irqə mənsub olan slavyanları arilər gələcəkdə kölə halına salmalı,
yəhudi və qaraçıları isə tamamilə məhv etməli idilər. Odur ki, Almaniyada hər bir
yəhudi kişinin adının axırına İsrail yazılırdı.
Eyni zamanda, nasistlərə görə “yüksək irq” həyati genişliyə malik olmalıdır.
Almaniya buna sahib deyildir. Odur ki, o bu genişliyi ən kəskin və amansız
üsullarla qazanmalıdır. Odur ki, alman faşistlərinin xarici siyasətində başlıca
məqsəd Sovet İttifaqına qarşı müharibəyə başlayıb, Urala qədər həyati genişlik
əldə etmək, onu amansızcasına almanlaşdırıb, müstəmləkəyə çevirmək idi. (317,
s.39)
Qeyd edək ki, nasistlərin irqçilik nəzəriyyəsinə görə, həm yəhudilər, həm də
qaraçılar və slavyanlar “zərərli elementlər” sayılırdı. Əlbəttə ki, yəhudilərə və
qaraçılara qarşı mübarizə nasistlər üçün problem doğurmurdu və istənilən vaxt
onları irqi toqquşmalara, şəxsi ziddiyyətlərə, təşkil olunmuş dağıntılara cəlb etmək
mümkün idi. Lakin, slavyanlarla mübarizə başqa vəziyyətdə idi. Əvvəla,
Almaniyada slavyanlar çox az idi, onlarin yaşadığı yerlər isə almanlaşdırılmışdı.
(241, s.291)
Slavyanlar Almaniyanın şərqində və cənub-şərqində yaşayan qonşular idi.
Odur ki, nasistlər ilk qənimət olaraq məhz slavyanları düşünürdülər. Odur ki,
nasistlərin slavyanları aşağı irqə aid etməyi həm də onların şərq qonşularına
hücumu üçün psixoloji əsas yaradırdı.
Qeyd edək ki, Hitlerin hakimiyyəti dövründə geç də bütün almanlar onun
“irqçiliyi” təsiri altına düşməmişdi.
Şübhəsiz ki, faşizmə yalnız Hitlerin yaxud nasional-sosialistlərin problemi
kimi yox, kütlə problemi olaraq baxmaq lazımdır. Nasional-sosialistlər geniş
ketləni cəlb etmək üçün inqilabi frazeologiyadan məharətlə istifadə edirdilər.
Təsadüfi deyildi ki, Hitlerin bəzi yaxınları onu “alman Lenini” adlandırırdı. Odur
ki, sosial-demokrat və mərkəzçi-liberal partiyalardan çoxlu sayda inqilabçı əhval-
ruhiyyəli adamlar Hitlerin tərəfinə keçirdilər.
Nasional-sosialistlər
öz
fəaliyyətlərində
kommunist
təbliğatı
elementlərindən məharətlə istifadə edirdilər. Nasional-sosialistlər öz bayraqlarının
quruluşunda da bu inqilabi xarakterə üstünlük verirdilər. Bu haqda Hitler yazırdı:
“Bizim üçün, nasional-sosialistlər üçün, bayrağımız fəaliyyət proqramımızı əks
etdirir. Qırmızı rəng – hərəkatımızın sosial ideyalarını ifadə edir. Ağ rəng –
millətçilik ideyasıdır. Xaç işarəsində isə arilər həmişə antisemit olmuş və olacaq,
arilərin və yaradıcı əməyin qələbəsi uğrunda mübarizə ideyası qoyulmuşdur. (382,
s.117)
Beləliklə, Hitler hakimiyyətə gəlməzdən əvvəl nasist ideyaları ilə
silahlanmış təhlükəli bir proqrama malik idi.
Hitler 1889-cu ildə Avstriya ilə sərhəddə yerləşən Lintse şəhərində kiçik
burjua ailəsində anadan olmuşdu. Uşaqlıq illərində heç bir qeyri-adi keyfiyyəti ilə
seçilmirdi.
On altı yaşında olarkən təəssüflənmədən orta məktəbi tərk etmişdi. 1907-
1908-ci illərdə isə Vyanadakı Təsviri İncəsənət Akademiyasına daxil ola
bilməmişdi. Sonradan beş il o, imperiya paytaxtı olan bu şəhərdə bir neçə dostu
istisna olmaqla, demək olar ki, tənha yaşamışdı. Bu müddətdə o, küçələrdə
gecələyir, pis təsirlərə düşür, hər cürə kitablar oxuyurdu. 1913-cü ildə o, Avstriya
ordusunda xidmətdən boyun qaçırmaq üçün Münhenə getmişdi. 1914-cü ildə isə
“həddindən artıq zəif” olduğuna görə orduya yararsız saymışdılar. (286, s.6-7)
1914-cü ilin avqustunda Almaniya Rusiyaya qarşı müharibəyə başladığını
elan etdikdə Hitler könüllü olaraq orduya yazıldı. Piyada alayında xidmət edən
Hitler iki dəfə (Birinci dərəcəli Dəmir xaçla) igidliyə görə fərqləndi.
Müharibə onun həyatında çox ciddi rol oynadı. Sonralar xatirələrində o,
müharibəni həyatın ən unudulmaz dövrü adlandırırdı. Orduda xidmət edərkən
Hitlerin dünyagörüşü əsasən formalaşmışdı.
Sonra Hitler orduda ideoloji kurs keçdi. Eyni zamanda, o, alman tarixinə və
alman şovinizminin nəzəriyyə və təcrübəsinə aid oxunan mühazirələrə gedir,
məşğələlərdə iştirak edirdi. Burada o, həmçinin dünyanın iqtisadi situasiyası,
bolşevik idarəsi altında olan Rusiya, Bavariyanın və Reyxin birliyinə aid olan
problemləri öyrənirdi. 1919-cu ilin payızında Hitler yenicə yaranan Alman Fəhlə
Partiyası ilə əlaqəyə girdi və həmin vaxtdan siyasətlə sıx bağlılığı başladı.
Bu dövrdə Hitler Münhenin pivə barlarında populizmə və demaqogiyaya
söykənən natiqliyi ilə artıq məşhur idi. Onun fikirləri həmin vaxt Münhenə axıb
doluşan panalmançı baxışlı irqçi-millətçi qrupların ideyaları ilə üst-üstə düşürdü.
Elə həmin vaxtdan o, Versal müqaviləsi əleyhinə ilkin təbliğat aparmağa başladı.
Hitler başqa panalmançılar kimi itirilmiş müstəmləkələrin qaytarılmasını və
Almaniya ilə Avstriyanın birləşdirilməsini tələb edirdi. Onun nəzərincə, almanların
başlıca düşmənləri Rusiya deyil, Fransa və İngiltərədir. Yəhudilərə isə maliyyə
kapitalının agentləri kimi baxırdılar.
Hitlerin yəhudilərə mənfi münasibətinin formalaşmasında digər mütaliələri
ilə yanaşı, Bavariya şairi Ditrix Ekhartın, baltika almanı Maks Ervin von Şöyner-
Rixterin və Alfred Rozenberqin təsiri vardı. Ekhard öz fəlsəfəsini “qəlbsiz
yəhudiçiliklə” mübarizədə görürdü. Rozenberq və Şöyner Rixter isə Hitlerdə “rus
bolşevik yəhudiçiliyi” fikrini yaradırdılar. Nasistlərin ilkin ideyalarında Rusiya və
bolşevizm əhəmiyyətli rol oynamasa da, Rozenberq Hitleri saxta “Sion
müdriklərinin protokolları”nda qoyulmuş !ümumdünya yəhudi qəsdinin” detalları
ilə tanış etmişdi. (268, s.37)
Məhz bu fikirlər Hitlerin özünəməxsus ideologiyasının formalaşmasına təsir
göstərdi. Özünün yazdığı “Mənim mübarizəm” kitabındakı “yəhudi bolşevizmi”
ifadəsi artıq Almaniyanın “həyati genişliyi məqsədi ilə” Sovet İttifaqını dağıtmaq
mənasını kəsb edirdi.
Hitlerin bolşevizmə və yəhudiçiliyə münasibəti onun siyasətində mühüm
yer tuturdu. Hələ 1920-ci ilin yayında o, çoxlu nümunələrlə bolşevizmin Rusiyaya
faciəvi təsirini qeyd edirdi. Həmin ilin iyulunda o, bolşevizm, marksizm adı altında
Sovet Rusiyasını yəhudilərin amansızcasına idarə etməsindən danışır. Sosial-
demokratiyanın Almaniyaya yolunun salınmasını qeyd edirdi. (268, s. 41)
1922-ci ilə qədərki çıxışlarında Hitler bolşevik Rusiyasına mənfi
münasibətini tez-tez hiss edirdi. O, iki ideologiyanın – idealizm və materializm
arasında gedən mübarizəni xeyirin və şərin apardığı mübarizə kimi qəbul edir,
alman xalqının missiyasını xeyirin gücü ilə bolşevizmə və ölümcül düşmənə -
yəhudiçiliyə qarşı mübarizədə görürdü.
Həmin ilin oktyabrında isə Hitler həyat uğrunda mübarizədən yox, iki
dünyagörüşünün arasındakı ölümdən yazırdı. Göstərirdi ki, bu mübarizədə ya qalib
gəlmək, ya da həlak olmaq lazımdır. Bu fikirlərin doğruluğunu Rusiyanın
nümunəsində görmək mümkündür. Hitler yazırdı: “Marksist ideyanın qələbəsi
rəqiblərin tam məhv olması deməkdir. Almaniyanın bolşevikləşdirilməsi isə bütün
xristian-qərb mədəniyyətinin məhvi deməkdir”. (268, s. 42)
Qeyd edək ki, nasistlərin təbliğatında aşağıdakı şüarlara ilk vaxtlarda
üstünlük verilirdi: 1) “Marksizmin məhvi”; 2) “Versal müqaviləsinin dağıdılması”;
3) “Rusiyanın alınması”; 4) “Daxili ictimai təhlükəsizliyin təminatı”; 5)
“Almaniyanın və bütün almanların “milli nüfuzu”nun bərpası”. (268, s.43)
Hitler sonralar da öz çıxışlarında, müsahibələrində marksizmə nifrətini
gizlətmirdi. Məsələn, 1931-ci ildə Breytinqdə “Leypsiqin son xəbərləri” qəzetinin
redaktoru ilə söhbətində demişdi: “Marksizm kökündən qoparılmalıdır... O,
bolşevizmin mənbəyidir. Yalnız biz bu düşməndən həlak olan insanları xilas edə
bilərik”. (317, s.37)
Nasizmin mənasını izah edərkən Ernst Nolte göstərirdi ki, bu ideya hər
şeydən əvvəl sosial-kommunist hərəkatı ilə müəyyənləşir. Hitler “Mənim
mübarizəm” əsərində göstərirdi ki, onun yaratdığı hərəkat marksist və bolşevik
hərəkatının əks tərəfidir. Yənib burda sinfi mübarizə irqi mübarizə ilə əvəz
edilmişdir. (268, s.149) Alman filosoflarının “nəhəng spekulyativ bilikləri”ni
mənimsəyən Marks ona yeni bir güc verdi, dünyanı anlatmaq əvəzinə, proletariatı
müvafiq fəlsəfi təlimlərlə silahlandırıb onu dəyişməyə çalışdı. Burada peşəkar
inqilabçı Lenin daha da irəli getdi. Rus xalqlarının fikirlərinə əsasən Lenin
göstərirdi ki, o, bir qrup bolşevik həmfikri ilə birgə kapitalist inkişaf mərhələsini
keçib çar Rusiyasını sosializmə çatdıra bilər. Sonra səhnədə görünən Hitler
bolşeviklərin ideologiyasını inkar edərək, hakimiyyət silahını ələ keçirib başqa
ideologiyanı irəli sürdü.
Birinci Dünya hərbindən sonra çex mənşəli, almandilli sosioloq Karl
Priabram yazırdı: “Bu gün Almaniyada ilk baxışda olduqca heyranedici bir
vəziyyət müşahidə olunur”. (268, s.154) K. Priabram göstərirdi ki, alman
nasionalizmi və alman sosializmi marksist sosializmi mənasında bir-birinə oxşar
ideologiyalardır. Nasionalizm və sosializm – hər ikisi fərdi və kapitalist özülü
əsasında dirçəlmişdir və hər ikisi müəyyən birliyə - millətə və ictimai sinfə
buraxılış almağa çalışırlar. (268, s.155)
Hitler “Mənim mübarizəm” əsərində özünün nasional-sosialist fikirlərinin
formalaşmasında panalmanist, antisemist Şöynerin və sosial-xristian Lyuterin
təsirlərinin də olduğunu göstərirdi. (268, s. 161) Beləliklə, Hitlerin nasionalist
fikirlərinin Marksın sosializm ideyası ilə tam yaxınlığını gördük. Sosializm burjua
fərdinin varisidir, nasizm isə marksist ideologiyasının əks mövcudluğudur.
İstər sosializmdə, istər nasizmdə “kollektiv düşüncə”, “kollektiv şüur”
elementləri güclü şəkildə görünməkdədir. Fransız sosioloqu Dürkheym müəyyən
bir cəmiyyətin ümumi fikrini ifadə etmək üçün “kollektiv şüur”dan, “kollektiv
düşüncə”dən danışırdı. Onun bu fikirləri anqlo-sakson empriklərində suallar
doğursa da (məsələn, “Siz küçədə kollektiv düşüncə ilə rastlaşmısınızmı?”),
“Hamının hamıya qarşı mübarizəsi”nə inanan Hitler kollektiv sosial məzmun
anlayışına, şübhəsiz ki, diqqət yetirirdi. (268, s. 178)
Qeyd edək ki, özünün marksist sinfi əvəzləmə funksiyası rolunda Hitlerin
irqçiliyi nisbətən zəif görünürdü. Çünki Hitler irqçiliyi adamları yalnız bir yerə
toplaşmağa məcbur edirdi. Yalnız fəal irqi nəzəriyyə olan antisemitizm alman
əhalisini bir yerə toplaya bilərdi. Bu mənada, Rautninq göstərirdi ki, yəhudilər
Hitlerə mütləq lazım idi. Yəni o, öz iradəsini daima yəhudilərin iradəsinə qarşı
qoyurdu. O, yəhudilərdə dağıdıcılığın aparıcısını və müasirlikdə nifrət etdiyi fərdin
daşıyıcısı olan hər şeyi – demokratik eqalitarizmi, marksist və bolşevik
inqilablarını görürdü.
Qeyd edək ki, nasist ideoloqları irqi nəzəriyyədən yalnız kütləyə təsir
vasitəsi kimi yox, eyni zamanda təbliğat aləti kimi də istifadə edirdilər. Bununla
yanaşı nasistlər irqi nəzəriyyəni həm də siyasi aksiyaların keçirilməsində də vasitə
sayırdılar. Məsələn, nasist hökümətinin 1933-cü ilin iyulunda qəbul etdiyi “İrsi
xəstəliklərin nəsillərə ötürülməsinin dayandırılması haqqında qanun” müalicə
olunmayan və hər şeydən əvvəl psixi xəstəliklərin məhv edilməsi üçün “hüquqi
baza” yaratdı. (241, s.291) Şübhəsiz ki, bu addımla nasistlər heç də təbliğat
məqsədi güdmürdülər.
İriq seçim probleminə Himmler xüsusi əhəmiyyət verirdi. Xüsusən o, belə
müəssisələrdən biri olan “Lebencborn”un (“Həyat mənbəyi”) fəaliyyətini yüksək
qiymətləndirirdi. Bu təşkilatın başlıca vəzifsi nigahdan kənar “yüksək keyfiyyətli”
çoxlu uşaqların dünyaya gəlməsinə təsir göstərmək idi. Təşkilat həmin uşaqların
bütün saxlanma və tərbiyə olunma xərclərini öz üzərinə götürmüşdü. Belə ari irqı
mənsub uşaqların dünyaya gəlməsində subay qadınlardan istifadə olunurdu.
Güman edilirdi ki, müharibədən sonra müəssisə öz fəaliyyətini daha geniş
miqyasda davam etdirəcək. Bu işin tam həyata keçirilməsi üçün otuz yaşına qədər
olan hər bir qadının (eyni zamanda subay) hökümətə bir uşaq verməsini təmin edən
qanun hazırlanması da nəzərdə tutulurdu. (241, s. 292)
Bundan əlavə, SS sıralarına daxil edilənlər ciddi irqi seçimlə üzləşirdilər.
Hər şeydən əvvəl onlardan təmiz irqi mənsubluğu haqqında sənəd tələb olunur,
sonra isə antropoloji seçim keçirilirdi. Bu işin yüksək təmin olunması üçün xüsusi
“Napolas” internat məktəblər yaradılmışdı (nasional-sosialist tərbiyə müəssisələri).
Nasistlərin yalnız irqə deyil, dinə münasibətlərində də fərqli yanaşmalar
vardı. İlkin vaxtlarda nasist nəzəriyyəçiləri kilsəyə qarşı da mübarizə aparırdılar.
Bununla əlaqədar nasional-sosialist ədəbiyyatda dinə və kilsəyə qarşı geniş
mübarizə kampaniyası başlamışdı. Nasist nəzəriyyəçilərindən biri olan, Frankfurt-
Mayndakı Höte Universitetinin rektoru E.Krik yazırdı: “İstənilən din öz mənbəyini
Asiyadan götürür. Odur ki, bizim xarakterimizə və düşüncəmizə din yaddır.
Almanların xarakterinə və taleyinə yalnız Allaha və taleyə canlı inam uyğun gəlir.
İnam iradə və gücü möhkəmləndirir, din isə iradə və gücü dağıdır. Din bizim irqə
yaddır. İnam, iradə, güc isə sağlamlıq amilləridir”. (241, s.301)
Güclü dövlət konsepsiyası nəzəriyyəsini əsaslandırmaq üçün nasist
ideoloqlar təbliğat məqsədli “dövlətin orqanizm nəzəriyyəsi”ni müdafiə edirdilər.
Bu nəzəriyyəyə uyğun olaraq cəmiyyət bir dövlət olaraq bütün görünüşündə canlı
orqanizmi xatırladır. Bu orqanizmdə ayrıca insan onun əsas hissələrini təşkil edir.
(241, s.298)
Sinfi mübarizəni inkar edən faşizm, millətin daxili birliyi prinsipini əsas
götürür, bu birliyin yalnız orqanizm halında mövcudluğunu mümkün sayırdı.
Beləliklə, Hitlerin sonda gəldiyi fikir bu idi: hamının hamıya qarşı
mübarizəsi. Hitlerin insan həyatı düşüncələri bu dairədə ümumiləşirdi: həyat
uğrunda mübarizə, maraq uğrunda mübarizə. Hitler bu fikirlərini “Mənim
mübarizəm” əsərində belə ifadə edirdi. “Mübarizə ideyası həyatın özü kimi
qədimdir. Bu mübarizədə ən güclü və ən cəsur adamlar ən zəiflər üzərində qələbə
çalırlar. Mübarizə hər şeyin yaradanıdır. Odur ki, insanlığın prinsiplərinə təşəkkür
etməədn insan yaşayıb amansız mübarizə vasitəsi ilə heyvanlar aləmini üstələyə
bilər. (382, s.24)
Artıq bu sözləri demək mümkün idi ki, nasist partiyasının başlıca məqsədi
marksist dünyagörüşünü məhv etməkdən ibarət idi. 1922-ci ildə isə hitlerin
dünyagörüşü həyat uğrunda mübarizəyə yox, “yəhudi bolşevizmi”ni məhv etmək,
dağıtmaq lazım idi. 1922-ci ilə qədərki çıxışlarında Hitlerin Sovet Rusiyasına
münasibəti birmənalı da deyildi. Onun ikili baxışlarında gah Rusiyanın “milli”
xalqına yaxşı münasibət, gah da “yəhudi-bolşevik” hökümətinə mənfi münasibət
hiss olunurdu. Eyni zamanda o, bolşevik olmayan Rusiya ilə Britaniyaya qarşı
razılaşmaya meyllənirdi. Bəzi söhbətlərində isə göstərirdi ki, o, Britaniya ilə
rəqabət siyasətindən bir şərtlə uzaqlaşar ki, Britaniya onun Rusiyaya olan ərazi
siyasətini dəstəkləsin.
Onun fikrincə, Almaniya Britaniyanın maraqlarına toxunmayan kontinental
siyasətə hazır olmalıdır. Məhz İngiltərənin köməyi ilə Rusiya ələ keçirməlidir.
Rusiya alman sakinləri və nəhəng alman sənayesi üçün geniş torpaqlar ayırmalıdır.
Əslində “Mənim mübarizəm” kitabının yazılmasına hələ iki il qalmış
Hitlerin məqsədi və fikirləri formalaşmışdı. Hitlerin məqsədini üç istiqamətdə belə
ümumiləşdirmək mümkün idi: 1) Dünya yəhudiliyi gücünün dağıdılması uğrunda
mübarizə; 2) Marksizmə qarşı mübarizə; 3) Almaniya üçün Rusiyanın hesabına
“həyati genişlik” uğrunda mübarizə.
Hitler “Mənim mübarizəm” kitabının son fəsillərində yazırdı ki,
Almaniyaya lazım olan torpaqlar məhz Rusiyadadır, orada “yəhudi bolşevizmi”
Rusiyanı zəiflətmişdir və o, uçub-dağılmağa hazırdır. O, yazırdı: “Yəhudilərin
Rusiyanı idarə etməyinə son qoyulması ilə Rusiyanın bir dövlət kimi axırı
olacaqdır”. (382, s.743) Alman xalqının və alman dövlətinin başlıca vəzifəsi
gücünü toplayıb “yəhudi bolşevizmi”ni məhv etməkdir. Həmin işi isə yalnız özünü
bu məqsədə həsr etmiş dahi bir şəxs yerinə yetirə bilər. Çevrilişlə bağlı Landsberq
qalasında beşillik həbs müddətinin doqquz ayını yatıb azad olduqdan sonra Hitler,
həmin dahi lider rolunda özünü görürdü.
Qeyd edək ki, Hitler özünün ilkin fəaliyyəti dövründən müəyyən
keyfiyyətləri ilə çoxlarının rəğbətini qazana bilmişdi. Onun yaxın silahdaşlarından
olan Rudolf Qess göstərirdi ki, adamları nə isə məcbur edib Hitlerin təsiri altına
salırdı. Məsələn, o, Landsberq həbsində Hitlerin bir şəxsiyyət kimi böyük
əhəmiyyəti olduğunu dərk etmişdi.
Alfred Rozenberq isə nyurenberq prosesində danışırdı ki, o, Hitlerin dəmir
iradəsi, yaradıcı gücü öz intellektual səviyyəsini daima artırması ilə heyrətlənir və
onu nasist partiyasının yaradıcısı kimi qəbul edirdi.
İozef Göbbels isə “Mənim mübarizəm” kitabını oxuduqdan sonra
soruşmuşdu: “Kimdir bu adam? Yarımallah! Xristos həqiqəti, yaxud ancaq
Müqəddəs İohan?” Və məhz bundan sonra o, 1926-cı ilin 19 aprelində öz
gündəliyində yazmışdı: “Hitler, mən Sizi sevirəm!” (268, s.52)
“Hitleryuqend” təşkilatının sonralar lideri olmuş Baldur fon Şirak
xatırlayırdı ki, ilk dəfə 1925-ci ildə onun səsini eşidib heyrətə gəlmişdi. İnanmışdı
ki, Almaniyanı məhz Hitler xilas edəcəkdir.
German Gerinq isə yazırdı ki, Hitler onun üçün vicdandır. O, Hitlerdə
“nadir əlaqə... məntiqi fikir düşüncəsi, dərin fəlsəfədə və fəaliyyətdə olan dəmir
adam” xarakteri görürdü. (268, s.252)
Hitler öz yüksək bacarığı ilə qısa bir zamanda gənc Milli-Sosialist Alman
Fəhlə Partiyasının (1920-ci ilin fevralında Alman Fəhlə Partiyası öz adını
dəyişmişdi) aparıcı natiqinə çevrildi. 1920-ci ilin fevralın 24-də isə o, özünün
redaktə etdiyi, üzərində dəfələrlə işləyib hazırladığı Partiya Proqramını elan etdi.
Hitlerin mənsub olduğu partiyanın da sıraları genişlənirdi. 1919-cu ilin
sentyabrında 55-ci adam kimi daxil olduğu partiyanın üzvlərinin sayı 1920-ci ildə
2000-nə, 1921-ci ildə isə 3300-ə çatdı.
Qeyd edək ki, Hitlerin və onun başçılıq etdiyi nasist partiyasının nüfuzunun
getdikcə artmasında Versal müqaviləsinin Almaniya tərəfindən qəbul edilmiş
şərtləri də az rol oynamırdı. 1919-cu ilin iyunun 28-də Fransada – Versalda
Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İtaliya, Yaponiya və digər dövlətlərin
imzaladığı Almaniyanın təslimçiliyi sənədi 1920-ci ilin yanvarın 10-da Almaniya
və dörd müttəfiq dövlət – Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya ratifikasiya
etdikdən sonra qüvvəyə mindi. (238, s.25)
Versal müqaviləsinə görə, Almaniya özünün bir sıra ərazisindən və ona aid
olan müstəmləkələrdən məhrum edilir və həmin yerlər sonradan qalib dövlətlər
arasında bölünürdü. Almaniya dövlətinə 100 mindən artıq quru qoşunları
saxlamağa icazə verilmirdi. Mütləq hərbi xidmət ləğv olunur, hərbi-dəniz
donanmasının böyük hissəsi qaliblərə verilirdi. Almaniya müharibə zamanı
Antanta ölkələrinin hökümətlərinə və ayrı-ayrı vətəndaşlarına dəyən zərəri ödəmək
öhdəliyini də üzərinə götürürdü.
Qeyd edək ki, dəyən zərərin də miqdarı olduqca yüksək idi. Hətta fantastik
rəqəmlər – 3, 7, 10 trilyon qızıl frank səslənirdi. Lakin, uuznmüddətli
diskussiyalardan sonra təxmini 325 milyard frank rəqəmi razılaşdırılmağa başlandı.
Məsələ belə həll olundu: 1921-ci ilin mayın 1-nə qədər Almaniya 20 milyard qızıl
markanı pul formasında, yaxud da natura halında ödəməlidir. Natura halında
ödəmələrdə kömür, heyvandarlıq, gəlirlər, maşınlar, istehsal alətləri və müxtəlif
əşyalar, hərəkət əmlakı nəzərdə tutulurdu. (317, s.54)
Versal müqaviləsi şərtlərinə görə Şərqi Prussiya Almaniyanın qalan
hissəsindən ayrılırdı. Almaniya Elzası və Lotaringiyanı Fransaya, Eypen və
Malmedi vilayətlərini Belçikaya, şimali Şlezvinqanı Danimarkaya, Poznan
vilayətini isə Polşaya verirdi. (317, s.25) Reyn çayının sahili boyu
silahsızlaşdırılmış ərazi sayılırdı. Müqavilə əsasında Almaniyanın 9,6 faiz əhalisi
daxil olamqla 12,7 fazi ərazisini alıb Fransaya, Belçikaya, Danimarkaya, Polşaya,
Çexoslovakiya və Litvaya verdilər. Bundan əlavə o, bütün Şərqi və Cənub-qərbi
Afrikadakı müstəmləkələrini itirdi. Asiyada Kamerunu və Toqonu, Avstraliyada
əhalisi 12,3 milyon olan 3 milyon kv m-lik ərazini Böyük Britaniyaya, Fransaya,
Belçika və Yaponiyaya verdi. Dansiq azad şəhər oldu və bu dəhlizlə Polşanın
dənizə çıxışı təmin edildi. Eyni zamanda, Versalda Millətlər Liqası təsis olundu.
Göründüyü kimi, Versal müqaviləsi Almaniyanı da çox ağır vəziyyətə
salmışdı. Başda Hitler olmaqla nasistlər Versal müqaviləsinin şərtləri 1921-ci ilin
yanvarın 30-da elan edildikdən sonra fevralın 1-də Münhenin “Krone” sirkində
etiraz mitinqi təşkil etdilər. Axşam saat 8-də altıminlik zal adamlarla dolmuşdu.
Hitlerin “Krone” sirkindəki iki saatlıq çıxışı “Gələcək, yaxud ölüm” adlanırdı.
Hitlerin çıxışı çox böyük marağa səbəb oldu. Məhz bu çıxışdan sonra onu yeni
lider kimi Münhenin mühafizəkarları və ekstremistləri də etiraf etdilər.
Amerikanın Berlindəki hərbi attaşesinin nümayəndəsi T.Smit elə həmin
illərdə Hitlerlə görüşündən sonra yazırdı: “Ağlasığmayan demaqoqdur. Mən bu
vaxta kimi belə inadkar və fanatik adam eşitməmişəm... Hitler alman siyasətində
əhəmiyyətli amildir. O, nə istədiyini bilir”. (317, s.55-56)
ABŞ-ın Berlindəki səfiri Robbins 1922-ci il dekabrın 5-də Vaşinqtona
göndərdiyi məktubda yazırdı: “Hitler gənc Avstriya feldfebelidir, müharibə zamanı
alman ordusunda vuruşmuşdur, indi isə faşist hərəkatına rəhbərlik edir.
Mussolininin keçdiyi yolu yavaş-yavaş o da gedir. O da Mussolini kimi
sənayeçilərdən çoxlu pul alır”. (317, s.56)
Hitlerin nüfuzu getdikcə artırdı. (128) O, Almaniyanın ağır vəziyyətindən,
problemlərindən danışaraq mübarizəsini gücləndirir, lideri olduğu nasist
partiyasının təşkilat strukturlarını genişləndirirdi. Artıq 1929-cu ilin seçkilərində
nasistlər ilk uğurlar əldə etdilər və partiyanı çox zaman “Hitler hərəkatı” da
adlandırırdılar. 1932-ci ilin seçkilərində isə 13 milyon seçici məhz Hitleri
dəstəkləmişdi. 1932-ci ilin iyulundakı iki seçkidə - yerlərə və Rexstaqa seçkidə
Hitler seçicilərin 37,3 faizinin səsini qazandı. Rexstaqda 230 yer alan ən böyük
partiyanın lideri kimi o, kansler vəzifəsini tələb etdi. Lakin, 1932-ci ilin 13
avqustunda Gindenburq onun təyinatına razı olmadı.
Lakin sonrakı proseslər, baş verən ağır böhran Gindenburqu Veymar
Konstitusuyasının 48-ci bəndinin əksinə olaraq (həmin bənd demokratiyanın
antidemokratik qüvvələrdən, sağ və sollardan qorunmasına əsas verirdi) höküməti
Hitlerə verməsini məcbur etdi. 1932-ci il dekabrın 2-də ölkədəki inqilabi hərəkatla
bacarmayan Papen istefa verdi. Onun yerinə kansler olan general Şleyxer əslində
Hitlerin hakimiyyətə gətirilməsi rolunu oynadı. 1933-cü il yanvarın 30-da Hitler
reyxkansler oldu. (317, s.69)
Hitler ilk gündən fəal xarici siyasətlə məşğul oldu, güclü hərbi potensiala
malik olmayan Almaniyanı sülh tərəfdarı kimi tanıtmağa başladı. Hitler ABŞ
prezidenti Ruzveltin sülhün qorunması haqqında Avropa xalqlarına müraciətinə
belə cavab vermişdi: “Almaniya böyük səylə belə sülhün təminatçısı olmaq
istəyir”. (317, s.76) Əslində, Hitler Sovet İttifaqını zəbt etmək planından əl
çəkməmişdi. O, kommunizmə qarşı mübarizədə İngiltərəni müttəfiq görmək
istəyirdi. Təxmini plan belə idi: Almaniya Avropa qitəsində Urala qədər, İngiltərə
isə dənizdə və dənizətrafı müstəmləkələrdə ağalıq edir. Bundan əlavə, o, İtaliyanı
da özünə müttəfiq etmək istəyirdi. Rəsmi müraciətində yeni hökümət Sovet İttifaqı
ilə dostluq münasibətini müdafiə etdiyini bildirir, göstərirdi ki, kommunistlərə
qarşı aparılan tədbirlərin SSRİ-yə aidiyyatı yoxdur.
Lakin, 1933-cü ilin payızında nasistlər Almaniyanın Millətlər Liqasından
çıxdığını bildirdilər. Oktyabrın 14-də radio ilə oxunan müraciətdə bildirilirdi:
“Üçüncü reyx” iki ildir ki, tərksilah olunmaqla bağlı davam edən Cenevrə
Konfransını və Millətlər Liqasını tərk edir. (317, s.77)
Cenevrədəki konfransda alman nümayəndəsi, səfir Nadolnı bildirirdi:
“Almaniya artıq tərksilah olub. Onun ordusu cəmi 100 min, donanması isə 15
mindir. Almaniyanın nə tankı var, nə də ağır silahı. Onun aviasiyası da yoxdur.
Bəs, buyurun, deyin görək, başqa dövlətlər necə tərksilah olurlar? Almaniyanın
bərabər hüquqluğu hardadır? Almaniya istənilərn təcavüz qarşısında müdafiəsizdir.
Millətlər Liqası lazımi təcavüzkarın qarşısını almağa qadir deyildir. Baxın,
Yaponiyanın 1932-ci ildəki Mancuriyaya qarşı təcavüzünə! Almaniya tamamilə
silahlanmaq istəmir. Lakin, Almaniya tələb edir ki, başqaları da tərksilah olsunlar!”
(317, s.77)
1933-cü ilin dekabrında Almaniya ordusunun sayının və hərbi xərclərinin
isə 90 fazi artırdığını bildirdi. Beləliklə, Versal müqaviləsinin şərtləri Hitler
tərəfindən pozulmağa başladı. 1934-cü il avqustun 1-də prezident, feldmarşal
Gindenburq vəfat etdi. Təntənəli dəfn mərasimindən sonra avqustun 15-də
Gindenburqun vəsiyyətləri çap edildi. O, vəsiyyətlərində bildirirdi ki, ordu dövlətin
başlıca rəmzi və əsas sütunu olmalıdır. Bundan əlavə o, Hitıerin siyasətini bəyənir
və göstərirdi ki, prezidentin davamçısı məhz Hitler özü olmalıdır. (317, s.83)
Doğrudur, bu vəsiyyətlərin saxta olması haqqında fikirlər səslənsə də, artıq
Hitler öz əlinə kifayət qədər güc toplamışdı. Onun tələbi ilə “Alman imperiyasında
dövlətin ali başçısı haqqında qanun” qəbul edilir. Hər iki – prezident və kansler
və\ifəsinə uyğun olaraq Hitlerə ömürlük rəsmi “fürer və rexskansler” titulu verilir.
(317, s.83) 1939-cu ildən isə Hitlerin arzusuna görə onu sadəcə “Fürer” deyə
çağırdılar.
1934-cü ildə nasistlərin Avstriya kansleri Dolfusu öldürməsi Hitler
hökümətini pis vəziyyətə salsa da, o, bu vəziyyətdən məharətlə çıxmağı bacardı.
Belə ki, Versal müqaviləsinə görə, Saar ərazisi 1920-ci ildə Almaniyadan
alınmışdı. Məhz nasistlərin ciddi səyi ilə əhali arasında sorğu keçirildi: yerli əhali
Almaniyanın tərkibinə qatılmaq istəyir, yoxsa Fransanın ərazisi olmağı üstün
sayıq? 1935-ci il yanvarın 13-də əhali arasında keçirilən sorğuda sakinlərin 90,9
faizi Almaniya ilə birləşməyə üstünlük verdilər. Daxili siyasət və beynəlxalq nüfuz
baxımından bu, Hitler üçün olduqca böyük qələbə idi.
1936-cı ildə Hitler daha bir cəsarətli addım atdı: alman qoşunları onun
göstərişi ilə Reyn vilayətinə daxil oldu. Bununla Versal müqaviləsinin şərtləri və
1925-ci il Lokarn razılaşması pozuldu.
Bu addımın atılması çox həyəcan və narahatlıqlar yaratdı. Xarici İşlər
Nazirliyi Hitlerə ehtiyatlı olmağı məsləhət gördü. Hərbçilər isə sonrakı
hadisələrdən ehtiyatlanırdılar. Baxmayaraq ki, Hitler istənilən anda qoşunu geri
çağırmağa hazır idi, lakin, o, cəsarətli riskə üstünlük verdi. Hitlerin bu cəsarəti xalq
arasında onu daha da məşhurlaşdırdı. Hitler ordunun bərpasına ciddi diqqət yetirdi.
1934-cü ildən başlanan iqtisadi çətinliklər Yalmar Şaxtanın iqtisadiyyat naziri
təyin edilməsindən sonra bir qədər dayandırıldı. Hitler yeni nazirə iqtisadi
problemlərin həllində “diktator” səlahiyyəti vermişdi.
1935-cı ildə Almaniya Yaponiya ilə ilk əlaqələrini qurdu. Həmin ilin
mayında Ribbentropun nümayəndəsi Xak Yaponiyanın hərbi attaşesi polkovnik-
leytenant Osima ilə görüşdü. Həmin görüşdə Almaniya ilə Yaponiyanın Sovet
İttifaqına qarşı hansı hərbi paktın bağlanması imkanları müzakirə edildi. Almaniya
tərəfindən imzalanmış Yaponiya ilə “Antikomintern” paktı Hitler tərəfindən
bəyənildi. İyunun 9-da Hitlerin Yaponiyanın səfiri Mutakoi ilə söhbətində
“bolşevizmə və kommunist ideyalarına qarşı birgə mübarizə” aparmaq
razılaşdırıldı. (317, s.87) Bir neçə həftə sonra Hitler bildirdi: “Rusiya öz tarixi
torpaqlarına bölünməlidir ki, dünya nəhayət rahat olsun”. (317, s.87)
1936-cı ilin sentyabrında Almaniya ilə Yaponiya arasında olan müqaviləni
Ribbentropla Mutakoi imzaladılar. Bu müqaviləyə əsasən, Rusiyanın hər iki
ölkədən birinə hücumu zamanı birgə fəaliyyət nəzərdə tutulurdu.
1936-cı ilin avqustunda Hitler “Müharibəyə iqtisadi hazırlıq haqqında”
memorandumu elan etdi. Hitler göstərirdi ki, “xalqın və imperiyanın
mövcudluğunu” yalnız bu addım təmin edə bilər. Böyük iqtisadi çətinliklərə
baxmayaraq Hitler Almaniya ordusunu gücləndirirdi. 1937-ci ilin yanvarında
Hitler partiyanın dairə liderlərinin toplantısında bildirirdi: “Mən istəyirəm ki, bizim
alman xalqı Avropa xalqları arasında ən güclüsü olsun!” (317, s.93)
Almaniya hər vasitə ilə müharibəyə hazırlığını davam eydirirdi. 1937-ci il
noyabrın 5-də reyxkanselyariyada yüksək siyasi və hərbi rütbəli şəxslərin keçirdiyi
gizli müşavirədə bildirilmişdi: yaxın gələcəkdə müharibəyə hazır olmaq. Təxminən
tarix də belə müəyyənləşmişdi: 1943-1945-ci illər”. (317, s.99) Hitler bildirmişdi
ki, hazırda Britaniya daxildən çox zəifdir, fransızlar isə möhkəm olsalar da, daxii
siyasi çətinliklər içərisindədir.
Bundan əlavə, artıq 1937-ci ilin sonlarında İngiltərə və Fransa sovet
hökümətinə əks mövqedə dayandığından Berlinlə yaxınlaşmağa meylli idilər. Artıq
1937-ci ildə Hitlerin göstərişinə əsasən “Otto” planı hazırlandı. Bu plana uyğun
şəkildə 1939-cu il martın 12-də Avstriya işğal edildi və martın 13-də Avstriya
Almaniyanın əlayəti elan olundu. (317, s.103)
Almaniyanın az sonra Çexoslavakiyanın Sudet vilayətini də öz ərazisinə
birləşdirməsi Hitlerin Versal müqaviləsi şərtlərini bütövlükdə pozduğunu sübut
etdi. 1938-ci ilin oktyabrında alman qoşunlarıa artıq Sudet vilayətini tutmuşdu.
Qeyd edək ki, 1938-ci ilin sentyabr ayında İngiltərə, Fransa, Almaniya və İtaliya
hökümətlərinin başçıları Münhendə toplaşaraq Çexoslavakiyanın bir sıra
rayonlarını Almaniyaya vermək razılığına gəlmişdilər. Çexoslavakiya höküməti isə
ölkədə müəyyən qüvvələrin etirazlarına baxmayaraq, müqavimət göstərməkdən
imtina edib təslim oldu. (187, s.498)
Qeyd edək ki, Hitlerin nüfuzunun artmasında Reyxstaqın yandırılması və
Remin çevrilişi, Blomberqer – Frinq cəhdinin də böyük təsiri oldu. Məhz bu
hadisələrdən sonra Hitlerin ətrafında daha çox özü xislətdə olan avantüristlər və
“ya hər şey, ya da heç nə” prinsipinə möhkəm əsaslanan əlavə adamlar toplaşdı.
Qeyd edək ki, Hitlerin hakimiyyət zirvəsinə çatmasında qəddarlığının və
tətbiq etdiyi amansız cəza üsullarının da böyük təsiri vardı. Hitler rejimi əleyhinə
olan minlərlə adam təqib edilir, müxtəlif cəzalara məruz qalırdılar. Nasistlərin
hakimiyyəti ərəfəsində ümumi sayı 150 mindən çox olan Kommunist Partiyası
üzvlərinin, demək olar ki, yarısı həbsxanaya salındı. 1933-cü ildən 1939-cu ilə
qədər təqribən 12 min adam dövlətə xəyanətdə günahlandırılıb mühakimə edildi.
Müxalifət qüvvələri ya məhv edilmiş, ya da Almaniyadan qovulmuşdu. Doğrudur,
nasistlər ilkin vaxtlarda daha çox həbslər aparsalar da, sonrakı illərdə bu rəqəm
azaldıldı. Məsələn, 1933-cü ilin 31 iyuluna qədər həbsxanalarda 27 min adam
saxlanırdısa, 1936-1937-ci illərdə bu rəqəm 7500 idi. Lakin, həbsxanaların və
məhbusların genişləndirilməsi haqqında planlar vardı.
Bu illərdə Almaniyada güclü terror aparatı yaradılmışdı. Həbs
düşərgələrinin yaradılmasında isə Himmlerin “xüsusi xidmətləri” vardı. İlk
düşərgələr – Bavariyada – Dahauda yaradılırdı. 1935-ci ildə Almaniyada yeddi
böyük həbs düşərgəsi vardı: Dahau, Esterveqen (burada rəsmi olaraq cinayətkarları
saxlasalar da, siyasətçiləri buraya salırdılar), Lixtenberq, Zaksenhauzen, Bad-
Zultsa, Kolumbiya-hauz və Fyulsbyuttel. 1936-cı ilin iyulunda Zaksenhauzendəki
həbsxana əsas düşərgə sayılırdı. Həmin vaxtda Buhenvald həbs düşərgəsinin
tikintisinə başlanıldı. Bundan əlavə, Himmler Berlində həbsxana təlimatçıları
idarəsi və briqadfyurer Eykin komandanlığı ilə “Ölü başlar” dəstələri yaratdı.
Hitler öz hakimiyyətini gücləndirmək məqsədi ilə mövcud orqanları
möhkəmlətmiş, eyni zamanda müxtəlif qurumlar yaratmışdı. Hitlerin hakimiyyəti
illərində fəaliyyət göstərən qurumlardan biri SA (hücum dəstələri) təşkilatı idi.
Həmin təşkilat 1921-ci ildə nasist partiyasına kömək məqsədi ilə yaradılmışdı və
nasist partiyasının hərbiləşmiş terrorçu dəstəsi kimi mövcud idi. 1933-cü ilə qədər
anti-faşistlərə qarşı terror silahı kimi istifadə olunurdu. SA təşkilatına Emil Mauris
və Ulrix Klinqdən sonra German Gerinq rəhbərlik edirdi. Maraqlı idi, böyük
xərclər hesabına başa gələn dəstəni yaratmaqda Hitler nə məqsəd güdürdü?
SA təşkilatının ilk rəhbərlərindən olan kapitan Rem hərbi anbarlarda çoxlu
qəhvəyi rəngli paltarların olduğunu gördükdə öz əsgərlərinə o formanı geyinməyi
əmr etmişdi. Beləliklə, qəhvəyi rəng həm də faşistlərin rəmzlərindən birinə
çevrildi.
Küçələrdə yük maşınlarında gedən hücum dəstələri haqqında isə belə
şüarlar söylənilirdi: “Neçə ki, SA marş edir, Almaniya sağ qalacaqdır!” Hitler SA
dəstələrinə böyük əhəmiyyət verirdi. Həmin dəstələri o, müharibədən sonra
yaranmış freykerlərin təcrübəsi əsasında formalaşdırırdı. (372, s.23) SA-da
olanların sayı 300 mindən 1,2-1,7 milyona çatırdı.
Qeyd edək ki, SA dəstələrinin başçısı Rem özünün çoxminlik ordusunu
dövlətə qarşı qoyur, heç kimə tabe olmurdu. SA getdikcə narazı qalanların
ordusuna çevrilirdi. Eyni zamanda partiya rəhbərliyinə tabeçilikdə dayanmayan
Rem və onun ordusu Hitlerə problemlər yaradırdı. Hitler 1925-ci ildə onu bu işdən
uzaqlaşdırsa da, 1931-ci ildə onu yenidən qaytarmağa məcbur olmuşdu. Lakin
sonralar Hitler Gerinqin və Himmlerin hazırladığı planı təsdiqləyib başda Rem
olmaqla SA dəstələrini dağıtmaq əmrini verdi. (207, s.483) Hitler özü əməliyyatda
iştirak edərək SA rəhbərliyinin yaşadığı otağa girib onları həbs etdi və ciddi
nəzarət altında Münhenə göndərdi. Hitlerin göstərişi ilə Remə özünü öldürmək
imkanı verildi, lakin o razılaşmadıqda, bazar günü axşam güllələndi.
Hitlerin bu cəsarətli hərəkəti böyük heyrətə səbəb oldu. İyulun 13-də
Reyxstaqdakı çıxışında Hitler apardığı əməliyyatı belə izah etdi: “Mən sui-qəsdin
iştirakçılarını güllələmək əmrini verdim. Bu, o deməkdir ki, mən alman ailələrinin
möhkəmliyini sarsıdan bir yaranı sağaltdım. Qoy hamı bilsin ki, intizam və
təhlükəsizlik millətimizin mövcudluğunun başlıca şərtidir. Heç kim bu əsasa sui-
qəsd edə bilməz! Və qarşıda kim dövlətə əl qaldıracaqsa, mütləq ölümə məhkum
ediləcəkdir”. (207, s.485)
Hadisədən üç həftə sonra Hitler əvvəllər SA tərkibində olan SS təşkilatının
statusunu yüksəldib müstəqil təşkilat etdi və birbaşa öz tabeliyinə keçirdi.
Beləliklə, Hitler intizamsız və inam bəsləmədiyi SA-nı öz siyasətinə uyğun olan,
daha perspektivli SS-lə əvəz etdi.
SS təşkilatı da (mühafizə dəstələri) faşist rejiminin əsas dayaqlarından idi.
1925-ci ildə SA tərkibində fürerin şəxsi mühafizəsi kimi (sayı 200-ə qədər)
yaradılmışdı. (301, s.682) 1929-cu ildən SS-in rəhbəri Himmler təyin olundu.
1934-cü ildən isə müstəqil təşkilat olaraq fəaliyyətə başladı. SS təşkilatı
aşağıdakılardan ibarət idi: 1) Alqemeyn SS (ümumi SS); 2) Ferfyuqunstruppe SS
(hərbi dəstəli SS). İkinci Dünya müharibəsi başlandıqda hər ikisi “SS Vaffen” (“SS
hissələri”) adını aldı. Beləliklə, SS tərkibinə “Ölü başlar”, “SS hissələri”, SS
Reyxsfürerin təhlükəsizlik xidməti daxil idi. SS Almaniyada və işğal edilmiş
bölgələrdə kütləvi terrorun keçirilməsində başlıca silah idi. SS-in sıralarında
olanların sayı 50 mindən 1 milyona qədər idi.
Hitlerin hakimiyyəti illərində fəaliyyət göstərən daha bir qurum SD
(təhlükəsizlik xidməti) adlanırdı. Bu qurumun fəaliyyəti istiqamətləri belə idi:
casus-terrorçuluq, siyasi kəşfiyyat və əks-kəşfiyyat, reyx daxilində və onun
kənarlarında fəaliyyət, işğal zonalarında terrorçu aksiyalara rəhbərlik. (301, s.682)
SD sıralarında olanların sayı 70 minə qədər idi.
Hitlerin təsirində olan digər bir təşkilat “Polad dəbilqə” adlanırdı. 1918-ci
ilin noyabrında yarımhərbi və şovinist qurum olaraq yaranmışdı. Qurumun
yaradıcısı keçmiş zabit, fabrik sahibi Zeldt idi. Təşkilat Almaniyada inqilabi
hərəkatla mübarizə məqsədi ilə yaradılmışdı. Alman Nasist Partiyasının
sənayeçiləri tərəfindən maliyyələşdirilirdi. 1933-cü ildə bütövlükdə SA-ya və
“Hitleryuqend” (“Hitlerçi gənclər”) təşkilatına qatıldı. Zeldt isə Hitler hökümətində
əmək naziri oldu. (301, s.683)
Hitlerin hakimiyyətinin möhkəmləndirilməsində Gestapo (“Gizli dövlət
polisi”) sisteminin də az təsiri olmamışdı. Gestapo sistemi 1933-cü ilin aprelində
Gerinqin sərəncamı ilə yaradılmışdı. Gestapo faşist Almaniyasında əks-kəşfiyyat
və siyasi türk orqanları sistemi olaraq mövcud idi. Almaniyada və kənarlarda
kütləvi terror həyata keçirirdi. (301, s.663)
Gestapoda olanların sayı 40 minə qədər idi. Bundan əlavə, Hitlerin
ideyalarının təbliğində və bir lider kimi nüfuzunun artmasında nasist partiyasının
mərkəzi orqanı olan “Felukiter beobaxter” qəzetinin, esesçilərə (SS) daha yaxın
“Şvarie kor” (“Qara korpus”) qəzetinin, aylıq “NS Monatsxefşe” jurnalının
əhəmiyyəti də böyük idi.
Hitlerin nüfuzunun yüksəldilməsində, şübhəsiz ki, onu əhatə edən şəxslərin
də təsiri böyük idi. Hitlerə xüsusi yaxınlığı olanların arasında German Gerinqin,
Henrix Himmlerin, İosif Göbbelsin, Martin Bormanın, İoahim Ribbentropun adı
tez-tez hallanırdı.
German Gerinq – Hitler imperiyasında ikinci şəxs sayılırdı və fürerin rəsmi
varisi idi. 53 il ömür sürdü. 1893-cü ilin yanvarında doğulan Gerinq 1946-cı ildə
Nyurenberq prosesində asılmaqla ölümə məhkum edildikdən sonra özünü öldürdü.
(372, s.97)
Gerinq ilk dəfə 1922-ci ildə Hitlerlə tanış olmuşdu. İlk tanışlıqdan sonra
Hitler onu SA-nın rəhbəri təyin etmişdi. İlk tanışlıqları dövründə Hitlerin maddi
təminatına və dolanışığına həm Gerinq, həm də Gerinqlər ailəsi yaxından köməklik
göstərirdi. Onların dostluğunu pozmağa çalışanlar olsa da, bu münasibət 1945-ci
ilə qədər davam etdi. Doğrudur, bu illərdə Hitlerlə münasibətlərində az gərginliklər
də olmadı. Bir müddət o, həbsdə yatdı, narkomaniya xəstəliyinə tutuldu, sonra
sağalıb İtaliyaya-Mussolini ilə danışıqlara göndərildi. 1926-cı ildə yeni alman
prezidenti Gindenburq putçistlərə amnistiya verdikdən sonra da nasistlər Gerinqi
yaxına buraxmadılar. Sonra o, İsveçə getdi. Burada çox qalmayıb yenidən
Almaniyaya qayıtdı. 1928-ci ildə Reyxstaqa seçkiləerdən sonra onun həyatında çox
dəyişiliklər oldu. Hitlerlə yaxınlıq edən Gerinq özü haqqında şöhrət dolu və təsirli
rəylərin yaranmasını təmin etdi. Məsələn, “Alovlu vətənpərvər Gerinq, Almaniya
Versal müqaviləsi şərtlərindən xilas olmayınca, rahat nəfəs almayacaq” və s. Nasist
təbliğatçıları belə uydurmalarla onun nüfuzunu artırırdılar. 1928-ci ildə o,
Reyxstaqa deputat seçildi. Bütün bu uğurları o, Hitlerin köməyi ilə qazanırdı.
1933-cü il yanvarın 30-da hakimiyyətə gələn Hitler sabahı günü – ayın 31-də onu
Prussiya Daxili İşlər Nazirliyində fövqəladə komissar təyin etdi. Burada olarkən o,
tədqiqat mərkəzi yaradıb adamların danışıqlarına qulaq asır, lentə yazırdı. Bu
“tədqiqat”a hələ nə xarici diplomatlar, nə də almanlar öyrəşməmişdilər. 1934-cü il
aprelin 10-da Hitler Gerinqi Prussiyanın nazir-prezidenti təyin etdi. 1937-ci ilin
iyulunda Gerinqin rəhbərliyi ilə nəhəng dövlət konserni yaradıldı. Buna qədər isə
o, xammal ilə yanacaq üzrə komissar kimi iqtisadiyyatın inkişafında mühüm rol
oynayırdı. 1940-cı il iyulun 19-da Hitler Gerinqə reyxmarşal rütbəsini verdi.
Beləliklə, “dəmir German” Almaniya tarixində ikinci reyxmarşal oldu. İlk rütbəni
alan Savoski prin (1663-1736) Oyqen olmuşdu. Nasist Almaniyanın
məğlubiyyətindən sonra ömrünə bir neçə saat qalmış Gerinq zəhər ampulasını
dişləri arasında sıxıb özünü öldürdü. (301, s.166)
Henrix Himmler – 1900-cü ildə anadan olmuşdu. SS reyxsfüreri Himmler
Hitlerin ən yaxın adamlarından biri idi. Fransız tarixçisi Jak Delaryu Himmleri belə
təsvir edirdi: “Ancaq iki əlaməti göstərirdi ki, bu adamla olduqca ehtiyatlı olmaq
lazımdır: çox nazik və qansız dodaqları və çox kəskin ifadəli balaca boz-mavi
gözləri. Onun bu baxışlarını hətta eynəyin şüşələri də gizlədə bilmirdi”. (301,
s.172-173) Rozenberq isə deyirdi: “Mən heç zaman Himmlerin gözlərinin içərisinə
düz baxa bilməmişəm. Onlar həmişə qırpılaraq eynəyin şüşələri arxasında
gizlənirdi. İndi onun şəkildən mənə dikilmiş gözlərində bir şey hiss edirəm:
qəddarlıq”. (301, s.173)
Himmler hələ 1925-ci ilin fevralında Hitlerə məktub yazmış, martın 12-də
isə Münhendə ilk dəfə onunla görüşmüşdü. 20-ci illərin sonunda isə o, bütövlükdə
Hitlerə xidmətə başladı. 1929-cu ildə o, SS qrupuna başçılıq etdi. 1933-cü ildə
Hitler hakimiyyətə gəldikdən sonra Himmlerin də ulduzu parlamağa başladı. 1936-
cı il iyunun 17-də Himmler SS-in reyxsfüreri və alman polisinin rəisi təyin olundu.
Nasist Almaniyasında Himmlerin vəzifəsinə görə əslində daxili işlər naziri Frikin
müavini sayılırdı. Lakin, Himmler nazirdən də çox hakimiyyətə malik idi. Yəni,
əslində Himmler və onun idarəsi nazirə yox, birbaşa Hitlerə tabe idi,
dövlətdənkənar idarə formasına çevrilmişdi. Himmlerə aşağıdakı qurumlar tabe
edilmişdi: İmperiyanın Təhlükəsizlik İdarəsi – rəhbəri Heydrix, sonradan isə
Kaltenbrunner idi. Bu idarə yeddi bölməyə ayrılırdı: Baş bölmə - Gestapo, gizli
polis idi. Əslində Gestapo RSXA-nın yalnız dördüncü bölməsi olsa da, olduqca
qorxulu və mistik təsirə malik idi. Məhz Gestapo ölkədə kəsilməyən terroru həyata
keçirirdi. Gestapo bölməsinin rəhbəri keçmiş polis məmuru, bavariyalı Henrix
Müller idi. Kommunistlərlə, fəhlə və ziyalılarla mübarizədə peşəkar idi. RSXA-nın
mühüm olan altıncı bölməsinə isə uzun müddət Şellenberq başçılıq edirdi. Bu
bölmə xaricdə təxribatlar aparır, qanlı intriqalar törədir, xarici kəşfiyyatlarla əlaqə
saxlayırdı. Nyurenberq prosesində şahid kimi dindirilən Şellenberqə toxunulmadı.
O, İtaliyanın kurort bölgəsi olan Laqo Macorda vəfat etdi. Şellenberqi xarici
kəşfiyyat quurmları müdafiə edirdi. Səbəbi isə Şellenberqin məhz onların
fəaliyyətinə aid çox məlumatları bilməsi idi. (301, s.194)
Bundan əlavə, Himmler bütün SS silahlı qüvvələrinə - nəhəng daxili
qoşunlar ordusuna, cəbhə diviziyalarına və daha dörd “ideoloji” bölməyə başçılıq
edirdi. Beləliklə, Himmlerin əlində üç nəhəng struktur toplaşmışdı: RSXA – terror
aparatı, xüsusi təyinatlı qoşunlar və alman QULAQ-ı – Almaniyada və işğal
edilmiş ərazilərdəki həbs düşərgələri. Bəzi hallarda Himmleri Bonapart
Napoleonun polis naziri olmuş və ilk gizli polis “xüsusi xidmətlərinin” yaradıcısı
sayılan Fuşla müqayisə edirdilər. Məhz Himmlerin göstərişi ilə aprelin 20-də
Hitlerin ad günündə esesçilər rəhbərə and içirdilər: “Sənə and içirəm, Adolf Hitler!
Sədaqətli və cəsarətli olacağam. Ölənə qədər itaətkar olacağam. Allah da mənə
kömək edəcək”. (301, s.224)
SS-in ümumi qoşun hissələrində andiçmə məzmunlu aşağıdakı sorğu-suallar
keçirilirdi: “Sual: Biz nə üçün Almaniyaya və Fürerə inanırıq? Cavab: Ona görə ki,
biz cənab Allaha inanırıq, Almaniyaya inanırıq ki, onu bu dünyada yaratdı və
Fürerə - Adolf Hitlerə inanırıq ki, onu bizə göydən göndərdi. Sual: Biz hər şeydən
əvvəl kimə xidmət etməliyik? Cavab: Bizim xalqımıza və bizim Adolf Hitlerə.
Sual: Nə üçün sən tabe olursan? Cavab: Öz dərin daxili inamımdan, ona görə ki,
Almaniyaya və Fürerə, nasional-sosializmə, SS-ə inanıram”. (301, s.225)
Maraqlıdır ki, 1945-ci ildə artıq Almaniyanın məğlubiyyətini görən
Himmler qərb qüvvələri ilə danışıqlara başlamaq istəmişdisə də, bu cəhdi baş
tutmamışdı. Bi-Bi-Si radiosundan bu məlumatı eşitdikdən sonra Hitler özünün
“siyasi vəziyyətləri”ndə yazmışdı: “ölümüm ərəfəsində mən sabiq SS reyxsfüreri,
daxili işlər naziri Henrix Himmleri partiyadan qovur və bütün vəzifələrdən azad
edirəm...” (301, s.262)
Almaniya məğlub edildikdən sonra ingilislər tərəfindən zəbt edilən
Himmler sianid zəhərli ampulanı qəbul edib özünü öldürdü.
İozef Göbbels – nasist rəhbərliyində ilk beşliyə daxil olan liderlərdən idi
(Gerinq, Göbbels, Gess, Rozenberq, Himmler). Nasist hökümətində təbliğat və
maarif naziri olan Göbbels öz sənətinin həqiqi peşəkarı idi. Yalan və cəzanı
Göbbels təşkil edir, qorxunu isə Himmler yaradırdı.
Göbbels 1897-ci ildə oktyabrın 29-da anadan olmuşdu. Anası hollandiyalı
idi, atası isə fabrikdə işləyirdi. Göbbels anadan qüsurlu doğulmuşdu, ayağının biri
o birisindən qısa idi. Gimnaziyanı bitirdikdən sonra Göbbels Bonn Universitetində
qədim filologiya, almanizm və tarix öyrəndi. Eyni zamanda o, təhsil illərində bir
neçə dəfə universitet dəyişdi: Bonn – Münhen – Freyburq – Qeydelburq. Sonra
fəlsəfədən müdafiə edib elmlər doktoru oldu. İlkin dövrlərdə Göbbels nasist
partiyasında güclü təşkilatçı və natiq olan Qreqor Ştrasserə xüsusi rəğbət
bəsləyirdi. Ştrasser 1925-ci ilin noyabrında öz qruppası ilə Hannoverdə konfrans
keçirib NSDAP-ın proqramındakı 25 maddəni dəyişmək istədikdə (köhnə proqramı
Feder və dreksnar hazırlamışdı) müəyyən etirazlar nəzərə alınmış, konfrans
sonraya saxlanılmışdı. Hitler isə onları qabaqlayıb özü Bamberqdə konfrans
keçirdi. Konfransda ştrasserçilər Göbbelsin Hitlerə qarşı mövqeyini gözləsələr də,
bu alınmadı. Göbbels Hitlerin daha böyük üstünlüyünü görüb susdu.
1926-cı ilin noyabrında Hitler Göbbelsi Berlinin qauleyteri təyin etdi.
Beləliklə, Göbbelsin Hitlerlə yaxşı münasibətlərinin əsası qoyuldu. Sonrakı illərdə
Göbbelsin düşünülmüş və sistemli şəkildə aparılan “təbliğatı” Hitlerin nüfuzunun
artmasında mühüm rol oynadı. Nasistlərin hakimiyyəti ələ keçirməsindən düz yüz
gün sonra Göbbels lazımsız kitablar adı altında alman ədəbiyyatının və
mədəniyyətinin çox nümunələrini yandırıb məhv etdi. Məhz Göbbelsin rəhbərliyi
ilə universitetlərdə təmizləmələr aparılır, yəhudilər qovulurdu. Yalnız 1933-cü ilin
14 aprelində aparılan təmizləmələrdən sonra universitetlərin 15 faizə qədər
professoru işfən çıxarılmışdı. Göbbelsin təsdiqlədiyi siyahı əsasında 141 müəllifin
14 min kitabının mağazalardan və kitabxanalardan götürülməsi tapşırılmışdı. (371,
s.304)
Göbbels “alman xalqının sağlamlığı” adı altında “anti-alman ruhunu”
uzaqlaşdırmaq üçün incəsənətdə - musiqidə, teatrda da “təmizləmələr” aparmağı
unutmurdu.
Göbbelsin başçılıq etdiyi Maarif və Təbliğat Nazirliyinin alman
cəmiyyətinə təsiri getdikcə artırdı. Nazirliyinin işçilrinin də sayı durmadan artırdı.
1933-cü il martın 13-də yarandıqdan və elə həmin vaxtdan Göbbelsin başçılıq
etdiyi nazirliyin işçilərinin ümumi sayı 350 nəfər idisə, artıq dörd ildən sonra bu
rəqəm 1000-ə çatdı.
Göbbelsin apardığı siyasət nəticəsində çoxlu sayda tanınmış ziyalılar ya
məhv edilir, ya da ölkədən qovulurdu. Belə məşhur ziyalılar arasında aşağıdakılar
da vardı: Erix Myuzam, Karl Oseçeski (Nobel mükafatı laureatı), Marks Zivers,
Adam Kukxof, Albert Xausxofer, Kurt Tuxolski, Valter Benyamin, Karl Eynşteyn,
Valter Qazenklever və s.
Tanınmış alman yazıçıları, dirijor və bəstəkarları isə mühacirətə getdilər.
Onların arasında Tomas və Henri Mannlar, Bertold Brext, Remark, Zegers, Bexer,
Bruno Frank, paul Xindemit, Piskator, Reynxard, Kandinski və s. (372, s.320)
Bu əməliyyata başçılığı isə Göbbels özü aparırdı. Maraqlıdır ki, Göbbelsin
bu “təmizləmə” siyasətinə qarşı çıxan, etiraz edən ziyalılar da az deyildi. Yazıçı
Oskar Mariya Qraf özünün məşhur “Mənim də kitablarımı yandırın” məktubunu
bütün alman redaksiyalarına yaymışdı: “Bütün mənim həyatım və bütün
yaradıcılığım tələb edir ki, mənim kitablarım da tonqalın təmiz alovlarında
yandırılsın, lakin qəhvəyi quldurların və qatillərin qanlı əllərinə düşməsin.
Yandırın alman zəkasının yaratdıqlarını! Siz onu söndürə bilməyəcəksiniz və öz
biabırçılığınızı da gizlədə bilməyəcəksiniz!” (371, s.321)
Eyni zamanda həmin ilin oktyabrında 88 alman yazıçısının imzası ilə Hitleri
müdafiə edən bir sənəd – “Hitlerə inam andı” yayılıb təbliğ edilirdi. Göbbels
təbliğatın formalarından və üsullarından məharətlə istifadə edirdi.
Alman tarixçisi Helmut Xayber “İozef Göbbels” kitabında Göbbels
tərəfindən qadağan edilmiş mövzuların siyahısını vermişdi: 1) Yoxsul və yetim
uşaqlar haqqında yazmaq olmaz, 2) Şubert və Şumanın Heynenin sözlərinə musiqi
bəstələdiyini xatırlamaq qadağandır, 3) Hötenin masson olduğunu, İohann Ştrausun
isə nənəsinin yəhudi olduğunu çap etmək qadağandır. 4) Hitlerin gəncliyinə aid
mövzuya toxunulmamalıdır. 5) Korrupsiya ilə bağlı cinayət proseslərini
işıqlandırmağa icazə verilmir (yəni, nasistlər oğru deyillər). 6) Matəm elanlarında
“tibbi əməliyyatdan sağ çıxmamışdır” sözünü xatırlatmamalı (çünki, nasist
xəstəxanalarında əməliyyatlar uğurla keçir) və s.
Maraqlıdır ki, Göbbels mətbuatla müqayisədə radioya daha çox göstərişlər
verirdi. Onun göstərişinə əsasən, radio proqramları “ciddi” olmalı, müharibə
illərində “əyləncə” (daha çox fokstrop və tanqolar ifa etmək) xarakteri daşımalıdır.
Göbbels radionu gərəkli ideoloji silah sayırdı. Odur ki, dünyada ən ucuz
radioqəbuledicilər Almaniyada satılırdı. (372, s. 332) Ölkənin hər yerində
qoyulmuş səsucaldanlardan isə nasist rəhbərlərin nitqləri, marşlar, müharibə
illərində isə cəbəh xəbərləri verilirdi. Bu səsucaldanları söndürmək istəyənləri ağır
cəza – həbs düşərgələri gözləyirdi.
Göbbelsin rəhbərliyi altında alman təqvimindəki xristian bayramları yeni
bayramlarla əvəz olundu. Məsələn, 30 yanvar – hakimiyyətin alınması hünü; 24
fevral – NSDAP-ın yaradılması günü; Mart – Qəhrəmanları xatırlama günü (hər
əyalətin öz xüsusi günü); 20 aprel – Hitlerin ad günü; 22 iyun – “günəşli darvaza”
bayramı; sentyabr – Nyurenberqdə illik səkkizgünlük partiya qurultayı; oktyabr –
məhsul bayramı; 9 noyabr – başlıca bayram, “pivə çevrilişi”nin ildönümü (1923-cü
il); 25 dekabr – “arilərin doğum günü”.
Göbbels bu bayramları məharətlə təbliğata istiqamətləndirir, nasistlərin
mövqeyini möhkəmləndirirdi.
Hitlerin sədaqətli dostlarından olan Göbbels son məqama qədər Berlində
yeraltı bunkerdə qaldı, Hitleri tərk etmədi. Hitlerin ölümündən sonra isə artıq
mövcud olmayan reyxin kansleri olmağa cəhd göstərdi. Göbbelsin həyatı qanlı bir
sonluqla bitdi: özünü öldürməzdən, arvadını zəhərləmədən qabaq altı uşağını da
öldürüb məhv etdi.
Rudolf Gess – 1894-cü ildə anadan olmuşdu. Təyyarəçi idi. 1914-cü ildə
könüllü olaraq orduya getmişdi. 1923-cü ilin çevrilişindən sonra əvvəl Avstriyaya
qaçmış, sonra da könüllü olaraq qayıdıb Hitlerin olduğu Landsberq həbsxanasında
yatmışdı. Burada o, Hitlerə “Mənim mübarizəm” kitabını yazmağa kömək etdi.
Dostlarının Hitlerə “ Mənim fürerim” (yəni, mənim rəhbərim) müraciətini də
formalaşdıran Gess oldu. Hitler hakimiyyətə gəldikdə onun kabinetində portfelsiz
nazir oldu. 1938-ci ildə Gess gizli Nazirlər Sovetinə daxil edildi (buraya yalnız 6
adam daxil idi). 1939-cu ilin avqustunda isə Müdafiə Nazirliyi Sovetinin tərkibinə
qatıldı. Həmin ili Hitler onu Gerinqdən sonra özünün ikinci varisi təyin etdi.
Həm prezident, həm kansler, həm də ali baş komandan olan Hitlerin
bacarıqlı aparat rəhbərinə ehtiyacını məhz Gess yerinə yetirirdi. O, həm də “Adolf
Hitler Fondu”nun rəhbəri idi. (312, s.116) Gessin Fürerin şəxsi katibi kimi Hitlerə
təsiri də böyük idi. Gessin başçılıq etdiyi büroda qərargah rəisi vəzifəsini isə
Borman tuturdu (312, s.397). Qeyd edək ki, Hitler Gessin başçılıq etdiyi büroya
geniş səlahiyyətlər vermişdi. Gess Fürerin şəxsi katibi, partiya üzrə müavini
sayılırdı. (330, s.57)
Almaniyanın məğlubiyyətindən sonra Nyurenberq prosesində ekspertlərin
bir qrupu Gessin sağlamlığını normal hesab etsələr də, bəziləri ona isterik və
psixopatik diaqnozu qoyduğundan Şpandau həbsxanasına salındı və burada 93
yaşına qədər qalıb sonda özünü öldürdü.
Hitlerin “beşliy”inə daxil olan sonuncu lider Ulrix Fridrix Villi İoahim
Ribbentrop 1893-cü il aprelin 30-da anadan olmuşdu. Atası hərbçi, anası isə evdar
qadın idi. Bir müddət İsveçrədə, Fransada, İngiltərə və Kanadada yaşadıqdan sonra
Almaniyaya qayıtmışdı. Hitlerlə ilk tanışlığı 1932-ci ilin avqustunda oldu. Həmin
vaxtdan onların arasında sıx münasibətlər yarandı. Hitlerin hakimiyyətində paralel
strukturlar hər sahədə mövcud olduğu kimi xarici siyasətdə də özünü göstərirdi.
Məsələn, partiyanın xarici siyasət idarəsinə Alfred Rozenberq başçılıq etdiyi halda,
birbaşa Hitlerə tabe olan “Ribbentrop bürosu” da fəaliyyət göstərirdi. Eyni vaxtda,
xarici işlər naziri vəzifəsini fon Neyrat tuturdu.
Ribbentropun diplomatik fəaliyyətində ilk ciddi cəhd Fransa ilə danışıqlar
aparması idi. O, bir müddət Fransada yaşadığından şəxsi əlaqələri də vardı.
1936-cı il avqustun 11-də Ribbentrop Almaniyanın İngiltərədə səfiri təyin
edildi. Hitlerin məqsədi Ribbentrop vasitəsi ilə möhkəm alman-ingilis ittifaqına
nail olmaq idi. Ribbentrop İngiltərədə iki il səfir işlədi. Fon Neyrat Hitlerin
Avstriya və Çexoslavakiyanı tutmaq planına etirazından sonra 1938-ci il fevralın 4-
də vəzifəsindən azad edildi və Ribbentrop onun yerinə təyin olundu.
1939-cu ilin avqustunda sovet-alman müqaviləsinin imzalanmasını
Ribbentrop özünün ən görkəmli uğuru sayırdı.
1941-ci ildən sonra Ribbentropun nüfuzu enməyə başladı. Müharibənin
sonlarında Ribbentrop Hitlerin tapşırığı ilə qərb müttəfiqləri ilə danışıqlara cəhd
göstərsə də, bir nəticə vermədi. Hitlerin ölümündən sonra Flensburqda hökümət
qurmuş Deniçslən əlaqədar qurması da baş tutmadı. Admiral Deniçs bildirdi ki,
Ribbentrop daha nazir deyildir.
1945-ci il iyunun 14-də Hamburqda Ribbentropu təsadüfən bir ingilis
patrulu həbs etdi.
Nyurenberq tribunalı isə ona asılmaqla edam cəzası kəsdi.
Dostları ilə paylaş: |