NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   2   3   4   5   6   7   8   9   ...   17

V BÖLÜM 
 
ALMAN-SOVET MÜHARĠBƏSĠNĠN BAġLANMASI. STALĠNĠN 
SƏHVLƏRĠ. AZƏRBAYCANLILARIN ORDU HĠSSƏLƏRĠNDƏ 
ĠNCĠDĠLMƏSĠ. SOVET ƏSGƏRLƏRĠNĠN KÜTLƏVĠ OLARAQ 
ALMANĠYA TƏRƏFĠNƏ KEÇMƏSĠ 
 
1941-ci ilin iyunun 22-də Brestdəki sərhəd körpüsündən Sovet İttifaqından 
Almaniyaya  taxıl  aparan  qatar  keçdikdən  bir  neçə  dəqiqə  sonra  saat  3.30-da 
Almaniya qoşunları SSRİ üzərinə hücuma keçdi. 
Stalinin hücumdan xəbərinin olmadığı doğru deyildi. Qeyd etdiyimiz kimi, 
əvvəla  Stalin  özü  Almaniya  üzərinə  hücuma  hazırlaşırdı,  sadəcə  Hitler  onu 
qabaqladı. V. Suvorov “Buzqıran” kitabında bunu faktlarla sübut edirdi. Gizli hərbi 
səfərbərliyi  artıq  iki  ilə  yaxın  idi  həyata  keçirən  Stalin  müharibəyə  ciddi  olaraq 
hazırlaşırdı. 
Müharibənin  başlanğıcında  və  ona  qədərki  dövrdə  Stalinin  yol  verdiyi 
səhvlər,  şübhəsiz  ki,  sovet  xalqına  ağır  itkilərlə  başa  gəldi.  Həmin  səhvləri  qərb 
tədqiqatçıları ilə yanaşı sovet mənbələri də sonradan təsdiqlədi. 
Sov.İKP tarixində bu nöqsanlar belə açıqlanırdı: “Alman qoşunlarının sovet 
sərhədləri  yaxınlığına  toplandığı  və  Almaniyanın  SSRİ  üzərinə  basqın  etməyə 
hazırlaşdığı  haqqında  səhih  məlumat  var  idi.  Lakin  qərb  hərbi  dairələrinin 
qoşunları  döyüşə  tam  hazır  vəziyyətə  gətirilməmişdi.  Stalin  alman  faşistlərinin 
basqın  etməsi  üçün  onların  əlinə  bəhanə  verməkdən  ehtiyat  edirdi,  toqquşmanı 
diplomatik  danışıq  yolu  ilə  ləngidib  təxirə  salmaq  ümidində  idi.  Faşist 
təcavüzkarlarının  ilk  zərbələrini  dəf  etməyə  Qızıl  Ordunun  hazırlaşdırılmasında 
buraxılan səhvlər üçün müəyyən dərəcədə Xalq Müdafiə Komitəsi Komissarlığının 
və  Baş  Ştabın  rəhbərləri  –  S.K.  Timoşenko  və  G.K.  Jukov  da  məsuliyyət 
daşıyırlar”. (187, s.531) 
Oktyabr  Sosialist  inqilabının  50  illiyi  münasibəti  ilə  Sov.İKP  MK-nın 
tezislərində  nöqsanlara  belə  toxunulurdu:  “Hitler  Almaniyasının  bizə  nə  vaxt 
basqın  edə  biləcəyinin  müəyyən  edilməsində  yol  verilən  səhvlər  və  bununla 
əlaqədar  olaraq  ilk  zərbələrin  dəf  edilməsinə  hazırlıq  işindəki  nöqsanlar  da  rol 
oynamışdı”. (87, s.20-21) 
Marşal  Q.K.  Jukov  xatirələrində  yazırdı  ki,  müxtəlif  mənbələrdən 
almanların  hücum  edəcəyi  haqqında  Stalinə  məlumatlar  çatdırılırdı.  SSRİ-nin 
Almaniyadakı  səfiri  Dekanazovdan,  Yaponiyadakı  alman  səfirliyində  çalışan 

Rixard Zorgedən, İngiltərə və ABŞ-da bu haqda müvafiq məlumatlar daxil olurdu. 
Lakin  Stalin  bu  informasiyalara  ciddi  yanaşmırdı.  Q.K.  Jukov  yazırdı:  “Stalin 
düzəlməyən  səhvlərə  yol  verərək,  müvafiq  orqanlardan  daxil  olan  yalan 
məlumatlara inanırdı” (256, s.365) 
Ordu  generalı  S.  M.  Ştemenko  da  nöqsanların  olduğunu  etiraf  edirdi: 
“Əlbəttə,  ordumuz  və  ümumiyyətlə  ölkəmiz  üçün  böyük  bədbəxtlik  ondan  ibarət 
idi  ki,  Böyük  Vətən  müharibəsi  ərəfəsində  biz  bir  çox  təcrübəli  sərkərdəni 
itirmişdik. Gənclər çətinlik çəkirdilər. Onlar lazımi təcrübəni döyüşlərin gedişində 
qazanır və bu, onlara çox vaxt həddindən artıq baha başa gəlirdi”. (189, s.26) 
Marşal A.M. Vasilevski də xatirələrində müharibə ərəfəsində nöqsanlara yol 
verildiyini göstərirdi. (233, s.112) 
Marşal  A.A.  Qreçkonun  xatirələrində  isə  yazılırdı:  “Bizim  ordumuz 
qoşunların materiallarla təmin olunmasının təşkilində böyük çətinliklər hiss edirdi. 
Müharibənin  ilk  aylarında  ağır  texnika  və  silah  cəhətdən  olan  ağır  itkilərimiz, 
ölkənin qərbindəki hərbi müəssisələrin şərqə məcburi köçürülməsi ucbatından əvəz 
edilmirdi”. (245, s.81) 
ABŞ-ın, İngiltərənin  və  Qərbi  Almaniyanın tarixçiləri və  generalları sübut 
edirlər  ki,  Sovet  Ordusu  böyük  qanlar  bahasına  qalib  gəldi  və  Stalin  hərbi 
strategiyası  ilə,  çoxlu  sayda  insan  itkiləri  ilə  Almaniyanı  məğlub  etdi.  Amerikalı 
polkovnik,  ABŞ-ın Moskvadakı sabiq hərbi attaşesi Q. Vermont  yazırdı ki,  sovet 
komandirləri olduqca tez-tez kütləyə üstünlük verirdilər. (246, s.155) 
Keçmiş  sovet  zabiti,  mayor  Əbdürrəhman  bəy  Fətəlibəyli-Düdənginski 
Stalinin səhvlərini belə izah edirdi: “Bir-birinin ardınca yüksək rütbəli komandirlər 
dəyişdirilirdi.  Avqustun  əvvəllərində  şimal-qərb  cəbhəsinin  komandiri  general-
polkovnik  Kuznetsov  işdən  çıxarıldı,  Kiyev  Xüsusi  Hərbi  Dairəsinin  komandiri 
Sovet  İttifaqı  Qəhrəmanı  Pavlov  güllələndi.  Hər  gün  yüzlərlə  əsgər,  zabit 
digərlərini qorxuda saxlamaq üçün güllələnirdi. Odur ki,  hamı istehza ilə deyirdi: 
“Marşal  və  Sovet  İttifaqı  adından  çekist  gülləsinə  qədərki  məsafə  -  yalnız  bir 
addımdır”. Və nə üçünsə, Stalinə elə gəlirdi ki, cəza üsulları hələ kifayət deyildir, 
odur  ki,  o,  yenidən  Komissarlar  institutunu  və  XDİK-in  xüsusi  şöbələrini  bərpa 
edib onların ştat və hüquqlarını artırırdı” (362, s.26) 
Keçmiş sovet kəşfiyyatçısı V. Suvorov isə Stalinin müharibə başlanarkən 
yol verdiyi nöqsanları ciddi təhlil edirdi. 
V.  Suvorov  göstərirdi  ki,  müharibə  ərəfəsində  istehsal  edilən  tanklar 
əsasən Avropa ölkələrinin yolları üçün hazırlanırdı, yəni mürəkkəb iqlim şəraitinə 
uyğun  olan  geniş  manevrli  deyildi.  Və  bu  da  onunla  izah  olunurdu  ki,  sovet 
dövlətinin məqsədi Avropanı işğal etmək, Almaniyaya hücuma hazırlıq idi. Digər 
tərəfdən,  sovet  aviasiyası  hücum  xarakterli  idi  və  havada  döyüşmək  texnikasına 
malik  deyildi.  Onlar  yalnız  yerdəki  obyektlərə  zərbə  vurmağa  qabil  idi.  Bu  da 
onunla  aydınlaşırdı  ki,  sovetlərin  məqsədi  yalnız  hücum  xarakterli  müharibəyə 
hazırlaşmaq idi. (334, s. 183) 

V. Suvorov Stalinin cinayət xarakterli digər nöqsanlarını da açıqlayırdı. O, 
yazırdı  ki,  sənədlər  sübut  edir  ki,  müharibənin  hər  üç  günü  ərzində  92  hərbi 
xidmətçi  güllələnirdi.  Yəni  hər  gün  30  nəfəri  hərbi  bölmənin  və  hərbi  hissənin 
sırası qarşısında güllələyirdilər. 
V.  Suvorovun  açıqlamalarından  məlum  olur  ki,  SSRİ  XDİKin  xüsusi 
şöbəsinin  rəis  müavini,  Dövlət  Təhlükəsizliyi  Komissarı,  3-cü  ranqlı  Milşteynin 
SSRİ XDİK-in Xalq Komissarı Beriyaya göndərdiyi məxfi arayışda öldürülənlərin 
sayı olduqca çoxdur. Arayışda yazılmışdı: “Müharibə başlanandan oktyabrın 10-a 
qədər XDİK xüsusi bölmələri və sərhəd qoşunları tərəfindən öz hərbi hissəsindən 
və  cəbhədən  qaçmış  657  min  364  nəfər  hərbi  xidmətçi  saxlanılmışdır.  Xüsusi 
şöbələrin  qərarı  və  hərbi  tribunalın  hökmü  ilə  10  min  201  nəfər  güllələnmişdir. 
Onlardan 3 min 321 nəfər hərbi hissə qarşısında güllələnmişdir. Ən çox güllələnmə 
Şimali-Qərb cəbhəsində olmuşdur – dörd ay ərzində 730 nəfər”. (334, s.184) 
Qrodno şəhərində vurulmuş hərbi təyyarədə heyət həlak olmuş, yalnız bir 
nəfər – atıcı kiçik çavuş A.M. Şeqlov sağ qalmışdı. O, öz alayına qayıtdıqda həbs 
edilmiş və vətənə  xəyanət adı ilə güllələnmişdi. (280) 
Sovet  zabiti,  general-leytenant  N.Popelin  əsir  düşmüş  macar  albayı 
Molnarla söhbətində maraqlı açıqlamalar vardı. Molnar deyirdi: “Mən gördüm ki, 
siz  öz  həmvətənlərinizə  necə  qəddarlıqla  yanaşırsınız.  Sizdə  əsir  düşən  hər  kəs, 
hətta  ağır  yaralı  olsun  belə,  Vətən  xaini  sayılır.  Sizin  ölkəniz  ki,  1929-cu  ildəki 
hərbi əsirlər haqqında olan məşhur konvensiyanı imzalamamışdır. Bu konvensiyanı 
imzalamadan, sizin düşmən əsirliyində olan əsirlərlə bağlı öhdəliyiniz də  yoxdur. 
Mən bunu da başa düşmürəm”. Popel yazırdı: “Araya sakitlik çökdü. Yəqin, albay 
mənim  etirazlarımı  gözlədi.  Lakin  mən  özüm  bu  suallara  cavab  tapa  bilmirdim”. 
(314, s.74) 
Müharibənin  ilk  illərində  Sovet  ordusunda  vəziyyət  dözülməz  dərəcədə 
ağır  idi.  Odur  ki,  döyüşqabağı  əsgərlərin  özünü  güllələmə  halları  çoxalırdı. 
Bununla əlaqədar Qızıl Ordunun Baş hərbi prokuroru Nosov bütün cəbhə və ayrı-
ayrı ordu bölmələrindəki hərbi prokurorlara özünü güllələmə hallarına  qarşı ölüm 
hökmü çıxarmağı əmr etdi. (315, s.246; 261, s.465) 
Sovet Odusunun daxili xidmət Nizamnaməsində  yazılırdı ki, sovet əsgəri 
öz iradəsinin əksinə olaraq əsir düşə bilməz. Əgər əsir düşürsə, o, vətən xainidir. 
Bəs maraqlı idi, əsir düşənlərin sayı nə qədər göstərilirdi? Arxiv materiallarından 
və tədqiqat əsərlərindən məlum olurdu ki, müharibə illərində (1941-1945-ci illərdə) 
əsgər  paltarı  geyinən  32  milyon  nəfərin  5  milyon  734  min  528-i  əsir  düşmüşdü. 
(348) Qızıl Ordudan əsir düşənlər ən çox aşağıdakı bölgələrdə olmuşdu: Belostok-
Minsk-1941-ci  ilin  avqustunda  –  323  min;  Uman-1941-ci  ilin  avqustunda  –  103 
min;  Smolensk-Roslavl,  1941-ci  ilin  avqustunda  –  348  min;  Qomel-1941-ci  ilin 
avqustunda - 30 min; Demyansk - 1941-ci ilin sentyabrında - 35 min; Kiyev-1941-
ci ilin sentyabrında 665 min; Luqa-Leninqrad-1941-ci ilin sentyabrında – 20 min; 
Melitopol  -  1941-ci  ilin  oktyabrında  -  100  min;  Vyazma  -  1941-ci  ilin 

oktyabrında  -  662  min;  Kerç  -  1941-ci  ilin  noyabrında  -  100  min; 
İzyum-Xarkov-1942-ci ilin mayında - 107  min;  Macarıstanda  -  1945-ci  ilin 
fevralında - 100 min. (348) 
Müharibə  illərində  iki  milyon  yarım  insanın  itkin  düşdüyü  bildirilirdi. 
Onların  müəyyən  sayının  Rusiyanın  meşələrində  və  bataqlıqlarında  itkin 
düşdüyünü qəbul etsək, onda bəs qalanları hardadır? 
Alman statistikası təsdiqləyirdi ki,  əsir  düşənlərin 280  mini düşərgələrdə 
həlak  oldu,  1  milyon  157  mini  qaçmaq  cəhdinə  görə  edam  edildi,  qalanları  isə 
Almaniyanın  şaxtalarında,  zavodlarında  ağır  işlərdə  məhv  oldu.  1941-ci  ilin 
noyabrından  dekabrına  qədərki  dövrdə  400  min  sovet  əsiri  həlak  oldu.  Müqayisə 
olaraq  götürdükdə,  beşillik  müharibə  dövründə  Almaniyada  olan  235  min  473 
amerika və ingilis hərbi əsirindən 8 min 348 nəfəri həlak olmuşdu. Bizim əsirlərin 
belə çox sayda həlak olmasının səbəbi nə ıdi? 
Qərb  tədqiqatçıları  sübut  edirdilər  ki,  sovet  əsirlərinin  belə  çox  sayda 
həlak olmasının səbəbi faşizmdə deyil, Stalin sisteminin özündə idi. Əsirlərin çoxu 
acından həlak olurdu və onları xilas etmək mümkün idi. Lakin Stalin onları Vətən 
xainləri  adlandırmış  və  Beynəlxalq  Qırmızı  Xaç  vasitəsi  ilə  ərzaq  göndərməkdən 
imtina etmişdi. 
Həqiqətən  də  Sovet  dövləti  hərbi  əsirlərin  hüquqi  statusunu 
müəyyənləşdirən  Cenevrə  Konvensiyasını  imzalamamışdı.  (370,  s.  31-164-166; 
289, 293) Stalinin fikrincə, konvensiyadakı bəzi müddəalar dünyada “ən azad olan 
ölkəsi”nin  mənəvi-əxlaqi  cəhətləri  ilə  uyğunlaşmırdı.  Çünki,  konvensiya 
zəhmətkeşlər  kimi  hərbi  əsirlərin  hüququna  təminat  vermirdi:  aşağı  əmək  haqqı, 
istirahət  gününün  olmaması,  iş  gününün  qeyri-müəyyənliyi,  hərbi  əsirlərin 
xəbərdarlığı, saxlanılması və s. 
Əlbəttə  ki,  bu,  Stalinin  ictimai  fikri  çaşdırmağa  yönəlmiş  növbəti 
uydurmaları  idi.  Çünki,  sovet  əsir  düşərgələrində  hansı  hüquqi  normalardan 
danışmaq mümkün idi? 
Qeyd edək ki, 1941-ci ilin avqustunda Hitler Qırmızı Xaça Hammerşdatda 
yerləşən  sovet  hərbi  əsirləri  düşərgəsinə  getməyə  icazə  verdi.  Yalnız  bu. 
əlaqələrdən  sonra  Sovet  hökumətinə  öz  əsgər  və  zabitləri  üçün  ərzaq  göndərmək 
çağırışları  ilə  müraciət  edildi.  Lakin  Moskva  Cenevrə  Konvensiyası  normalarına 
əməl etməyə hazır olduğunu bildirsə də, ərzaq göndərməkdən imtina etdi. Qırmızı 
Xaç  nümayəndələri  Stalinin  bu  cavabını  anlaya  bilmədilər.  Çünki,  həmin  vaxtda 
Stalinin 1941-ci ilin avqustun 16-da verdiyi 270 saylı əmrdən xəbərləri yox idi. 
Stalinin  məlum  270  saylı  əmrində  yazılmışdı:  “Əgər  Qızıl  Ordu  hissəsi 
müqavimət  təşkil  etmək  əvəzinə,  əsir  düşürsə,  onu  bütün  yer  və  havadakı 
vasitələrlə  məhv  etmək  lazımdır.  Əsir  düşmüş  Qızıl  Ordu  əsgərlərinin  ailəsi  isə 
dövlət  yardımlarından  və  köməyindən  məhrum  edilməlidir.  Əsir  düşən  komandir 
və siyasi işçiləri fərari hesab etməli, andı pozmuş, vətəni satmış hesab olunan bu 
fərarilərin ailəsi həbs edilməlidir...” (348) 

Müharibə  illərində  Stalinin  haqsızlığı  o  həddə  çatmışdı  ki,  hətta  həlak 
olanları  belə  cinayətkar  sayırdılar.  General-leytenant  Vladimir  Kaçalov  yanmış 
vəziyyətdə  12  gün  tankın  içində  qalmışdı.  General  haqqında  verilən  əmrdə  isə 
yazılmışdı:  “Öz  qərargahı  ilə  mühasirədə  olarkən  qorxaqlıq  göstərib,  alman 
faşistlərinə əsir düşmüşdür. Kaçalovun dəstəsi mühasirədən çıxmış, general özü isə 
əsir düşməyə, düşmənə fərarilik etməyə üstünlük vermişdir.” (348) 
1940-cı ilin iyunun 4-də Qızıl Orduda general rütbəsi bərpa olundu və 966 
zabitə bu yüksək ad verildi. Müharibə illərində isə 50-dən çox general əsir düşdü. 
1945-ci  ilin  aprel-mayında  müttəfıq  qoşunları  tərəfindən  azad  olunub  Sovet 
İttifaqına  verilən  Pavel  Pondelin,  Nikolay  Kirillov  kimi  generallar  sonradan 
güllələndilər.  Sovet  İttifaqında  yaşayan  yüz  minlərlə  uşaq  və  qoca  məhz  ata  və 
oğulları  əsir  düşdüyündən  acından  öldülər,  sürgünə  göndərildilər.  Mənbələrdə 
göstərilirdi  ki,  sovet  əsgərləri  bir-birindən  xahiş  edirdilər  ki,  əgər  həlak  olsalar,   
sağ    qalanlar    onların    necə  öldürüldüyünü  gördüklərini  təsdiqləsinlər.  Yalnız  bu 
halda onların ailəsini incitmir, sakit buraxırdılar. 
K. Simonov xatirələrində yazırdı ki, komandirlər əsgərlərə hətta istehkam 
qazıb  güllədən  qorunmağı  qadağan  edirdilər.  Səbəbi  də  belə  izah  olunurdu  ki, 
istehkam qazmaq əsgərin hücum ruhunu öldürür. (348) 
Qeyd  edək  ki,  müharibə  başlandığı  ilk  gündən  etibarən  Azərbaycanın 
şəhərlərində,  rayon  mərkəzlərində,  qəsəbələrdə  və  kəndlərdə  çağırış  səfərbərlik 
məntəqələri  təşkil  edilməyə  başladı.  (169,  s.20)  Respublikada  yaradılan  xalq 
qoşunu dəstələrinə fəhlələr, kolxozçular və qulluqçularla yanaşı, alimlər, yazıçılar, 
incəsənət işçiləri daxil edilirdi. 
Azərbaycan  K(b)P  MK-nın  rəhbərliyi  ilə  ordu  hissələrində  siyasi-tərbiyə 
işləri aparmaq üçün bütün partiya işçiləri səfərbər edilirdi. Təbliğat işləri aşağıdakı 
mövzuları  əhatə  etməli  idi:  1)  Bütün  dünya  zəhmətkeşləri  SSRİ  ilədir.  2)  SSRİ- 
dost  xalqların  böyük  ailəsidir.  3)  Azərbaycanın,  Gürcüstanın,  Ermənistanın 
zəhmətkeşləri Sovet xalqlarının dost ailəsidir. (28, v.12) 
Cəbhə  bölgələrinə  göndərilən  mühazirəçilər  bu  mövzularda  çıxış  etməyə 
məcbur idilər: 1) Sovet xalqının faşizmə qarşı mübarizəsi ən ədalətli müharibədir. 
2)  Stalin  yoldaşın  sərkərdəlik  fəaliyyəti.  3)  Rus  əsgərinin  Prussiya  ilə  yeddiillik 
müharibədə qəhrəmanlığı və şücaəti. 3) Böyük rus sərkərdəsi Suvorov. 4) Vətəndaş 
müharibəsinin  qəhrəmanları  -  Çapayev,  Şors,  Kotovski.  5)  Slavyan  xalqlarının 
alman faşizminə qarşı mübarizəsi. (28, v-22; 29, v-23; 30, v-25) 
Göründüyü  kimi,  azərbaycanlı  mühazirəçilər  yalnız  rusların  və  rus 
sərkərdələrinin fəaliyyətini, qəhrəmanlığını təbliğ etməli idi. Azərbaycan xalqının 
şanlı  və  şərəfli  tarixinə  aid  olan  onun  qəhrəman  oğullarının,  şəxsiyyət  və 
sərkərdələrinin şücaətini təbliğ edən mövzulara isə imkan verilmirdi. 
Maraqlıdır  ki,  müharibənin  ilk  illərində  vətənpərvərlik  ruhunda  olan 
əsərlərə  ciddi  ehtiyac  olduğundan,  süni  yazılmış  kitabların  təsiri  olmadığından 
başqa xalqların hazır materiallarından istifadə olunması haqqında göstərişlər vardı. 

Azərbaycan  K(b)P  MK-nın  təbliğat  üzrə  katibi  Q.  Məmmədovun  Zaqafqaziya 
cəbhəsinin  briqada  komissarı  Solomkoya  göndərdiyi  məktubda  yazılırdı: 
“Tamamilə məxfidir. Eyni zamanda Sizo Türkiyə yazıçılarının kütləni azadlığa və 
ölkənin  müstəqilliyinə  çağıran  əsərlərindən  seçmələri  də  göndəririk.  17.XI.41.” 
(31, v-46) 
Sovet  dövlətinin  müharibənin  ilk  illərindənki  göstərişləri  və  yeritdiyi  
daxili  siyasət  də  ikiüzlü  idi.  Məsələn,  əsir  düşən  əsgərlərini  “Vətən  xaini” 
adlandırır,  onun  taleyinə  biganə  qalır,  digər  tərəfdən  isə  aşağıdakı  tapşırıqları 
verirdi: “Azərbaycan K(b)P MK-nın təbliğat üzrə katibi Məmmədov yoldaşa. Ordu 
komissarı, 1-ci ranqlı Mexlis yoldaşın tapşırığı ilə Xalq  Xarici İşlər Komissarı V. 
M. Molotov yoldaşın “Almaniya hökumətinin sovet hərbi əsirlərinə qarşı vəhşiliyi 
haqqında”  olan  notasını  hər  bir  əsgər  və  komandir  üçün  nəşr  etmək.  100  min 
tirajla. Azərbaycan dilində.” (32, v-48) 
Cəbhə  bölgələrində,  hərbi  hissələrdə  və  döyüş  yerlərində  azərbaycanlı 
əsgərlərə  qarşı  kobud  münasibətlər,  nifrətlə  yanaşmalar  vardı.  Rus  şovinizmi 
hissləri  ilə  yaşayan  3-cü  taburun  komandiri  Ponomaryov  açıqca  bildirirdi:  “Mən 
onlarla döyüşə getməyəcəyəm”. (33, v-54) Yaxud əsgəri hissələrdə belə məzmunlu 
şaiyələr  yayılırdı:  “Azərbaycanlılardan  döyüşən  çıxmaz”.  (3,  v-54)  Belə 
münasibətlər,  şübhəsiz  ki,  döyüşçülərə  mənfı  təsir  göstərir,  onlar  təhqir 
olunurdular. Odur ki, döyüşçülər arasında beynəlmiləl tərbiyə işinin yüksəldilməsi 
ciddi  problem  olaraq  qalırdı.  Əsgərlərə  olduqca  pis  qayğı  və  xidmət  göstərilir. 
Yorğan-döşək çatışmır, hamama aparılmır, yaralılara tibbi xidmət təşkil edilmirdi. 
(33, v-54; 34, v-55) 
Məxfi  sənədlərdə  göstərilirdi  ki,  əsgərlərin  çoxu  rus  dilini  bilmirdi.  Bu 
mənada,  onlar  komandirlərin  əmrini  düzgün  yerinə  yetirmir  və  müvafiq  qaydada 
cəzalandırılırdılar.  Rus  dilini  bilmədiklərindən  əsgərlər  silahlarla  da  davranışı  pis 
mənimsəyirdilər. (35, v-56) 
O  illərin  döyüş  sınaqlarından  keçmiş  76  yaşlı  Ceyhun  kişi  xatırlayırdr. 
“Bizi  traktor  zavodunda  yerləşdirdilər.  Qısamüddətli  kursda  bizə  desant  və 
paraşütçü peşələrini öyrətdilər. “Öyrətdilər” deyəndə ki, beş-on günə nə öyrənmək 
olardı? Sonra Ukraynaya göndərildik... Faşistlər çox güclü idi. Həm də biz, cənub 
uşaqları  soyuğa  dözmürdük.  Almanlarla  əlbəyaxa  döyüşlər  ordumuza  baha  başa 
gəlirdi.  Hər  dəfə  döyüşə  girəndə  əllərimi  göyə  açırdım:  “Ey  bizi  yaradan,  mənə 
ucuz ölüm vermə!” (101) 
Azərbaycanlı  əsgərlərin  çoxluq  təşkil  etdiyi  hissələrdə  yerləşdirilən, 
rəhbər  heyətdə  olan  ermənilər  isə  “intiqam”  almağı  unutmur,  onları  incidirdilər. 
Azərbaycan  K(b)P  MK-nın  katibi  Məmmədova  göndərilən  məktubda  yazılmışdı: 
“276-cı  alayın  3-cü  bölüyünün  partiya  komitəsinin  katibi  T.  Danielyan  bəzi 
döyüşçülərin ayrı-ayrı nöqsanlarını izah əvəzinə, onları senzuradan kənar sözlərlə 
söyüb təhqir edir. Azərbaycan K(b)P MK-nın nümayəndələri: Babayev, Qasımov. 
9.XI.41.” (36, v-58, 37, v-59) 

Azərbaycan  K(b)P  MK-nın  məxfi  məlumatlarında  göstərilirdi  ki, 
əsgərlərin  çoxunun  ailəsinə  dövlət  qayğısı  göstərilmədiyindən,  onların  sırasında 
döyüş bölmələrindən qaçmaq, yayınmaq halları artmaqda idi. (38, v-60) 
Azərbaycanlı  əsgərlərə  qarşı  fıziki  güc  işlədilir,  döyülür,  təhqir 
olunurdular.  Məxfi  məlumatlarda  yazılırdı:  “Kiçik  komandirlərin  özünü  düzgün 
aparmaması, onlara fiziki güc tətbiq olunması, təhqir edilməsi nəticəsində əsgərlər 
arasında narazılıq halları artmaqdadır. Məsələn, noyabrın 20-də 75-ci alayda Qızıl 
Ordu  əsgəri  Nəsirov  Qurban  Bəbir  oğlu  siqaret  növbəsinə  dayanarkən 
döyülmüşdür.” (39, v-61) 
Digər məlumatda bildirilirdi ki, kommunist Mehdiyev yemək keyfıyyətsiz 
olduğundan kollektivin etirazını, imtina etməsini təşkil etmişdir. (40,v-62) 
75-ci  alayda  əsgərlərdən  siqaret  almaq  üçün  12  min  manat  pul  yığılmış, 
lakin  başqaları  tərəfindən  mənimsənilmişdi.  Çoxlarının  paltarı,  çəkmələri  tez-tez 
oğurlanırdı.  MK-nın  məxfi  məlumatlarında  yazılırdı:  “Gədəbəy,  Tovuz,  Nuxa  və 
Şamaxının  rayon  hərbi  komissarları  adamları  hərbi  xidmətə  göndərərkən  onları 
tibbi müayinədən keçirmirlər. Odur ki, ağır xəstə vəziyyətində orduya gətirilənlər 
gərəksiz hesab olunur. Belə hallar da var ki, orduya gətirilən ağır xəstələr gələndən 
bir  neçə  gün  sonra  vəfat  edirlər.  Həmin  rayonların  hərbi  komissarları  əsgərliyə 
gedənlərin ailələrinə  diqqət  yetirmir, əsgər ailələrinin dövlət  təminatına  köməklik 
göstərmirlər. Əsgərlər arasında  şaiyə  gəzir ki,  bütün dezertirlər dağlarda  gizlənən 
quldurlara  aid  olunur.  Azərbaycan  K(b)P  MK  Qutqaşen  rayon  Komitəsi  bu 
məlumatdan siyasi nəticə çıxarmamış, dezertirlərin, qorxaqların və şaiyəyayanların 
lazımi  cəzasını  vermir.  Azərbaycan  K(b)P  MK-nın  təşviqat  briqadasının  üzvü  S. 
M. Aydınbəyov 27.XI.41.” (41,v-64) 
Azərbaycan K(b)P MK-nın təşviqat briqadası Zaqafqaziya cəbhəsinin 28-
ci  ehtiyat-atıcı  briqadasında  çoxlu  çatışmazlıqları  aşkarlayıb  Azərbaycan  K(b)P 
MK-nın  katibi  və  Zaqafqaziya  cəbhəsi  hərbi  savaşının  üzvü  M.  C.  Bağırova 
çatdırmışdı.  Məlumatlar  çox  ciddi  xarakter  daşıyırdı.  Məlumatlarda  partiya-siyasi 
və kütləvi-təbliğat işinin artırılması vacibliyi bildirilirdi. (42, v-71) Qeyd olunurdu 
ki, azərbaycanlı əsgərlər komandirlərin onları xoşagəlməz ana söyüşləri ilə təhqir 
etməsindən şikayətlənirdilər. (43, v-72) 
Məlumatda göstərilirdi: “Qeyd etməliyik ki, siyasi işçilər və onların bu və 
ya 
digər 
alaylardakı 
müavinləri 
milli 
tərkibi 
nəzərə 
almadan 
komplektləşdirilmişdir.  106-cı  atıcı  alayında  döyüşçülərin  35  faizinin 
azərbaycanlılardan  ibarət  olmasına  baxmayaraq,  siyasi  işçilərin  və  onların 
müavinlərinin  yalnız  4-5  faizi  azərbaycanlılardır,  yaxud  azərbaycanca  danışmağı 
bacaranlardır.  Lakin  savadlı  və  siyasi  cəhətdən  yoxlanılmış  kommunist  və 
komsomolçu azərbaycanlılar da hissələrdə çoxdur”. (44, v-73) 
Bundan  əlavə,  bütün  mühazirələr  hərbi  hissələrdə  rus  dilində 
oxunduğundan azərbaycanlı döyüşçülərin çoxu başa düşmür, hazırlıqsız olurdular. 

Hər  bir  siyasi  dərsə  ayrılan  2  saatın  40-50  dəqiqəsi  mühazirəyə,  qalanı  isə 
tərcüməyə həsr olunur və az effekt verirdi. (45, v-74) 
Azərbaycan  K(b)P  MK-ya  göndərilən  məxfi  məktubda  yazılmışdı: 
“Tamamilə  məxfidir.  Azərbaycan  K(b)P  MK-nın  katibi  Bağırov  yoldaşa.  Bizim 
392-ci  atıcı  diviziyası  Qori  şəhərində  yerləşmişdir.  Diviziya  əsasən  Azərbaycan 
SSR  Respublikasının  Yevlax,  Şaumyan,  Qasım  İsmayılov,  Şamaxı,  Kürdəmir, 
Zərdabi,  Dəvəçi,  Bakı,  Kirov,  Samux,  Ağdam  rayonları  zəhmətkeşlərindən 
ibarətdir. Bizim diviziyaya göndərilənlərin əksəriyyəti rus dilini bilmirlər... Yalnız 
partiya-siyasi  işin  zəif  aparılması  səbəbindən  diviziyamızda  fərarilik,  xidmətdən 
yayınma  və  digər  hallar  baş  verməkdədir...  Lakin  Stalin  yoldaşın  məruzəsinin 
bütün  döyüşçülərə  çatdırılması  üçün,  xahiş  edirəm  ki  Azərbaycan  dilini  bilən, 
Stalin  yoldaşın  məruzəsini  öyrənməyə  kömək  edən  bir  neçə  kommunist 
təbliğatçılar  göndərəsiniz.  392-ci  Atıcı  diviziyasının  Siyasi  İdarəsinin  rəisi 
Burlakov. 18 noyabr 1941. Qori şəhəri”. (46, v-77) 
Məxfi  məlumatlarda,  404-cü  diviziyada  da  azərbaycanlıların  rus  dili  ilə 
bağlı  hədsiz  problemləri  olduğu  açıqlanırdı.  (47,  v-84)  Digər  məlumatda 
göstərilirdi  ki,  hərbi  hissələrdə  çoxlu  sayda  dezinteriya  və  malyariya  xəstəliyinə 
tutulanlar  vardır.  Həkimlə  bunun  səbəbini  tibbin  olmamasında  və  müalicənin 
vaxtında aparılmamasında görürdülər. Digər tərəfdən, əsgərlərə tibbi kömək üçün 
həkimlərə  müraciətə  icazə  verilmirdi.  Yalnız  sonradan  bu  qayda  ləğv  edilmişdi. 
(47,  v-84)  Məlum  olurdu  ki,  əsgərlərə  qaynanmış  çay  verilmir,  digər  millətlərdən 
olan aşpazlar isə yalnız özününküləri daha çox təmin edirlər. (48, v-87) 
Əsgərlərə  tibbi  xidmət  zəif  təşkil  olunduğundan  onların  müalicəsi 
axıradək  aparılmırdı.  Xəstəni  isə  diqqətsiz  müayinə  etdiklərindən  xəstəlik  tam 
müalicə  olunmurdu.  (49,  v-91)  Məxfi  məlumatda  yazılırdı:  “Mətbəxlərdə  sanitar 
vəziyyət  kifayətləndirici  deyil.  Ərzaq  məhsulları  hara  gəldi  atılıb.  Məsələn, 
kerosinlə  çayı,  unu  bir  yerdə  saxlayırlar.  Aşpazların  xalatları  və  əlləri  çirkli, 
dırnaqları uzun və qara kirlə doludur. Yeməyi iki nəfərə bir qabda vermək əvəzinə, 
bəzən  üçünə  verirlər”.  (50,  v-92)  Əsgərlər  həm  də  poçt  xidmətinin  yarıtmaz 
təşkilindən  şikayətlənirdilər.  Göndərdikləri  məktublara  cavab  ala  bilmirdilər.  (51, 
v-93)  Belə  hallar  da  olurdu  ki,  əsgərlərə  yeməyi  vaxtında  vermirdilər.  Axşam 
hazırlanan  yeməklər  səhər  paylanılırdı.  (52,  v-116)  Məxfi  sənədlərdə  əsgər 
ailələrinə  yerlərdəki  rəhbərlərin  düzgün  olmayan  münasibəti  sadalanırdı:  “1) 
Məmmədov  Eyvazın  ailəsinə  nədənsə  MTS  direktoru  çörək  vermir.  2)  Göyçay 
rayonundan  olan  Səmədovun  həyat  yoldaşını  qəzet  redaktoru  Məmmədov  
makinaçı  işindən  ixtisara salmış, başqasını işə götürmüşdür. 3) Lənkərandan olan 
Qafarov Qəzənfər Nəsrulla oğlunun ailəsi - qoca anası və iki uşağı bu günə qədər 
yardım almırlar. 4) Ağcabədi rayonundan olan Məmmədov Məmmədin ailəsi - 67 
yaşlı atası və yaşlı anası yardım almır”. (53, v-117) 
Hərbi hissələrdə səliqə-sahman, demək olar ki, yox idi (54, v-6). Ətrafda 
hər  yerdə  çalalar  qazılmışdı.  (55,  v-7)  Hərbi  əsgərlərin  müalicə  olunduğu 

qospitallarda  vəziyyət  lap  dözülməz  idi.  Azərbaycan  K(b)P  MK-ya  göndərilən 
məlumatlarda  aşağıdakılar aydın olurdu: “Azərbaycan K(b)P MK-nın tapşırığı ilə 
mən  Kirovabad,  Xanlar,  Qazax  rayonlarındakı  qospitalların  işi  ilə  tanış  oldum... 
Qospitaldakı  palatalarda  siçanlar  və  siçovullar  oynayır.  Onların  yox  edilməsinə 
qarşı  heç  bir  tədbir  görülmür.  Qospitallardakı  xəstələr  saman  doldurulmuş 
döşəklərdə  və  elə  o  cür  də  yastıqlarda  yatırlar.  İ.  Pasınkov.  Məxfı”.  (56,  v-61) 
Məlumatlardan  aydın  olurdu  ki,  əsgərlərin  özünüasma,  öldürmə  halları  getdikcə 
çoxalırdı. (56, v-89) 
Belə  gərgin  vəziyyətin  yarandığını  başa  düşən  Sovet  rəhbərliyi 
azərbaycanlılardan  ibarət  hərbi  hissələrin  yaradılmasına  icazə  verdi.  Artıq  döyüş 
bölgələrinə  göndərilən  azərbaycanlı  əsgərlərin  əksəriyyəti  416,  77,  223-cü  döyüş 
hissələrində olur, birgə vuruşurdular. (57, v-7) Qeyd edək ki, 1941-1943-cü illərdə 
1920-1925-ci ildə doğulanların hamısı  hərbi səfərbərliyə alınıb, döyüş bölgələrinə 
göndərilirdi. (58, v-6) 
Bütün  bunlara  baxmayaraq,  məxfi  hərbi  məlumatlarda  könüllü  əsir 
düşənlərin  sayının  çoxluğu  bildirilirdi:  “Diviziyanın  şəxsi  heyətinin  bir  hissəsi 
rəqibə təslim olur. 840 və 839-cu hissələrin komandirləri xaincəsinə alayları başqa 
istiqamətlərə aparmışlar”. (59,v-17) 
Bu  hallardan  sonra  Azərbaycandan  əlavə  əsgərlər  göndərilməsi  tələb 
olunurdu:  “Zaqafqaziya  Cəbhəsi  Qoşunları  komandanı,  ordu  generalı  Tyulenov 
yoldaşa,  surəti  Azərbaycan  K(b)P  MK-nın  katibi  Bağırov  yoldaşa,  Qızıl  Ordu 
Ehtiyat  Hissələr  İdarəsinin  rəisinə.  Təcili  surətdə  Azərbaycan  diviziyalarının 
toplanması  üçün  iyunun  12-dən  500  nəfər  416-cı  atıcı  diviziyası  üçün,  Cənub 
cəbhəsinə  500  nəfər,  Şimali  Qafqaz  cəbhəsinin  77-ci  atıcı  diviziyası  üçün 
göndərilsin.  Şadenko”  (60,  v-20).  M.  Bağırov  cavab  məktubunda  səfərbər 
olunanların  döyüş  hazırlığı  keçməsi  vacibliyinə  toxunub  yazırdı:  “Moskva. 
Formalaşdırma  Baş  İdarəsinin  rəisi  general-polkovnik  Şadenko  yoldaşa.  Hərbi 
çağırışçıların əlavə hazırlıq keçmədən cəbhəyə göndərilməsi ciddi təhlükə yaradır” 
(61, v-21). 
General  Şadenko  göndərilənlərlə  kifayətlənməyib  M.  Bağırovdan  daha 
çox  sayda  əsgərlərin  səfərbər  olunmasını  xahiş  edirdi:  “Lakin  bu  sayda  adam 
kifayət  deyil.  Belə  ki,  cəbhələr  yaxın  vaxtlarda  daha  2000  hazırlıq  keçmiş 
azərbaycanlının göndərilməsini istəyirlər. Qarşıda isə hər ay 1000-1500 adam hər 
diviziyaya  gondərilsin.  Sizin  köməyiniz  olmadan  biz  bunu  edə  bilmərik”  (62,  v-
23). 
M.  C.  Bağırov  isə  Moskvadan  göndərilən  bütün  tapşırıqları  yerinə 
yetirirdi. Çoxlu sayda azərbaycanlılar döyüş bölgələrinə göndərilirdi (63, v-27; 64, 
v-14; 65, v-29; 66, v-30; 67, v-33; 68, v-35). 
Azərbaycan K(b)P MK-nın xüsusi bölməsindəki “olduqca məxfidir” şriftli 
sənədlərdə göstərilirdi: “1941-ci ilin iyunun 1-nə olan məlumata görə Azərbaycan 
SSR-in  əhalisi  (hərbçisiz)  3  milyon  301  min  100  nəfərdir.  Vətən  müharibəsi 

zamanı  1941-ci  ilin  iyunundan  1944-cü  ilin  yanvarına  qədər  Azərbaycan 
Azərbaycan  SSR-dən  553  min  910  nəfər  apanlmışdır.  Onlardan  -  müharibənin 
başlanğıcından  1943-cü  ilin  noyabrına  qədər  Qızıl  Orduya  473  min  nəfər 
göndərilib. Onlardan a) Zaqafqaziya  cəbhəsinə  -  352.166 nəfər; b) ehtiyatda  olan 
hərbi  mükəlləfiyyətlilər  -  2.639  nəfər;  v)  1922-1925-ci  illərdə  doğulmuş 
çağırışçılar  -  80.266  nəfər;  q)  ehtiyat-zabit  heyəti  -  14.321  nəfər;  d)  qadınlar  -
12.975 nəfər. Bundan əlavə, 22 min 534 nəfər müharibə illərində SSRİ XDİK-nin 
müxtəlif  düşərgələrinə  göndərilmişdir.  25  min  851  nəfər  isə  cinayətkar  ictimai-
təhlükəli  elementlər  adı  ilə  müxtəlif  respublika  və  vilayətlərə  sürgün  edilmişdir. 
Eyni  zamanda:  a)  almanlar  -  21.031;  b)  “antisovet”  elementlər  adı  ilə  -2.590;  v) 
müxtəlif cinayətkarlıq elementləri adı ilə - 1.519; q) Vətən xainlərinin ailə üzvləri - 
711;  q)  hazırda  Azərbaycan  həbsxanalarında  saxlanılanların  sayı  -  16  min  707. 
Bundan əlavə, 1941-ci ilin iyunundan - 1943 -cü ilin noyabrın 1-nə qədər 107 min 
578  nəfər  vəfat  etmişdir.  Lakin  bu  vəfat  edənlər  müharibə  zamanı  ölkədən 
aparılanların  ümumi  siyahısına  daxil  deyildir.  1941-ci  ilin  yanvarın  1-nə  olan 
məlumata görə isə ümumilikdə Azərbaycan əhalisinin sayı 3 milyon 331 min 800 
nəfər idi. 1941-ci ilin iyunun 22-dən 1944-cü ilin yanvarın 15-nə qədər Azərbaycan 
SSR-in ehtiyatlarından orduya 569 min 357 nəfər göndərilmişdir ki, onlardan 368 
min 276-sı azərbaycanlı idi” (69, v-22; 70, v-3; 71, v-4, 72, v-5, 73, v-8). 
Azərbaycan  XDİK-in  komissar  müavini  Dövlət  Təhlükəsizliyi  albayı 
Qriqoryanın 1944-cü ilin 15  yanvarına  olan  məlumatına  görə  Azərbaycanda  həbs 
edilmiş və sürgün edilmişlərin ümumi sayı - 48 min 385 nəfər idi. (74,v-13) 
Qeyd  edək  ki,  müharibə  başlamazdan  qabaq,  1939-cu  ilin  siyahıya 
alınmasına  görə  Azərbaycanda  yaşayan  əhalinin  milli  tərkibi  belə  idi:  1) 
Azərbaycanlılar - 1.870.471; 2) ruslar - 528 min 318; 3) 388 min 025; 4) ləzgilər -
111 min 666; 5) talışlar - 870 min 510; 6) Yəhudilər - 41 min 245; 7) tatarlar - 27 
min 591; 8) ukraynalılar - 23 min 643; 9) almanlar - 23.133; 10) avarlar -15.740; 
11)  gürcülər  -  10  min  196;  12)  kürdlər  -  6.005;  13)  mordovalılar  -  5.008;  14) 
osetinlər  -  2700;  15)  iranlılar  -  2289;  16)  və  başqaları  -  61610;  ümumi  say: 
3.205.150. (75, v-16) 
Sovet  İttifaqının  siyasətindən  narazı  qalan  azərbaycanlıların  çoxlu  sayda 
almanların  tərəfınə  keçdiyi  aydın  olduqda  Azərbaycan  K(b)P  MK-nın  qərarı  ilə 
hətta  17  yaşı  tamam  olmayanları  da  döyüş  bölgələrinə  göndərirdilər;  “323  sayli 
protokol.  Azərbaycan  K(b)P  MK  bürosunun  22.X-1,  XI-1943-cü  il;  “Azərbaycan 
K(b)P  MK  və  Xalq  Komissarları  Sovetinin  1926-cı  ildə  anadan  olanlarınn  hərbi 
xidmətə çağırılması haqqında qərarı”. (76, v-258) 
Qərarda  oktyabrın  25-dən  noyabrın  15-nə  qədər  1926-cı  il  təvəllüdlü 
bütün kişi cinsinə mənsub olanların hərbi xidmətə çağırılması göstərilirdi. 
Eyni  zamanda,  Sovet  dövləti  yürütdüyü  allahsızlıq,  dinsizlik  sıyasətinin 
xoşagəlməz nəticələr verdiyini gördükdən və dinin güclü bir təsir vasitəsi olduğunu 
qəbul etdikdən sonra gec də olsa, əvvəlki münasibətini dəyişmək məcburiyyətində  

qaldı.    Buna  uyğun  olaraq  Azərbaycanda  Zaqafqaziya  Müsəlmanları  Dini 
İdarəsinin  yaradılması  qərara  almdı:  “Protokol  N352.  Azərbaycan  K(b)P  MK 
Bürosunun  1944-cü  ilin  17-20  martından.  1.  Bakı  şəhərində  Zaqafqaziya 
Müsəlmanları Dini İdarəsinin təşkil edilməsi haqqında. 
I.
 
ÜİK(b)P  MK-nın  1944-cü  ilin  6  mart  tarixli  qərarına  uyğun 
olaraq  Bakı  şəhərində  Zaqafqaziya  Müsəlmanları  Dini  İdarəsinin  yaradılmasına 
icazə verilsin. (Şiə və sünni təriqətli müsəlmanları birləşdirən). 
II.
 
Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin təşkili və fəaliyyəti ilə bağlı 
olan  bütün  sualların  baxılıb  həll  edilməsi  T.Quliyevə,  T.Yaqubova,  S.İ. 
Yemelyanova,  Q.  Məmmədova  tapşırılsın.  Azərbaycan  K(b)P  MK  katibi  (M.  C. 
Bağırov).” (76,  v-28) 
Sovet dövlətinin göstərdiyi bütün cəhdlərə baxmayaraq, minlərlə əsgər və 
zabit  mövcud  rejimdən,  hərbi  qaydalardan  narazı  qalaraq  Almaniya  qoşunlarının 
tərkibinə  daxil  olur,  qəddar  Stalinə,  bolşevizmə  qarşı  vuruşmağa  üstünlük 
verirdilər.  Almanlara  əsir  düşən,  yaxud  könüllü  olaraq  onların  cərgələrinə 
qoşulanların  sayı  isə  olduqca  çox  idi.  Yalnız  1941-ci  ildə  alman  əsirliyində  3,8 
milyon Qızıl Ordu əsgəri, zabit, siyasi işçi və general vardı. Bütövlükdə müharibə 
illərində isə bu rəqəm 5,24 milyon göstərilirdi. (371, s. 6) 
Beləliklə,  Sovet  dövlətindən  neçə  illər  idi  narazı  qalan  azərbaycanlılar 
imkan düşdükcə, Vətəni azad etmək, bolşevizmdən qurtarmaq naminə Alman ordu 
hissələrində döyüşə başlayırdılar. 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin