NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 
VI BÖLÜM 
 
 
SOVET LEGĠONLARI. 
LEGĠONLARIN TƏġKĠLĠ 
 
Alman-sovet  müharibəsinin  ilk  illərindən  hərbi  əsirlər  və  mülki  əhali  də 
daxil  olmaqla  könüllü  dəstələr  yaradılmağa  başladı.  Müharibənin  ilk  aylarında 
həmin  könüllülərdən,  əsasən,  arxa  cəbhədə  sürücü,  atsaxlayan,  mətbəx  işçisi  və 
müxtəlif sahələrdə istifadə edirdilər. Döyüş bölgələrində isə onlar patronlar daşıyır, 
rabitə və minatəmizləmə işlərində çalışırdılar. İlkin fəaliyyət dövründə alman hərbi 
hissələrindəki  belə  könüllüləri  “xivi”  (Almancanın  qısaldılmış  forması 
“Nilvswillige”  -  könüllü  köməkçilər,  daha  dəqiqi  –  “köməyə  hazır  olanlar”) 
adlandırırdılar  və  müharibənin  sonunadək  onları  belə  də  çağırdılar.  (254,  s-5) 
1942-ci  ilin  sonlarına  qədər  belə  “xivi”lər  Şərq  cəbhəsindəki  alman  hissələrində 
əhəmiyyətli  dərəcədə  hiss  olunurdular.  Qeyd  olunmalıdır  ki,  “Xivi”lərin  hüququ 
artdıqca  onlar  legionerlər  -  könüllülər,  könüllü  vuruşanlar  olaraq  qəbul  edilməyə 
başladı. (333, s. 703) 
Qeyd  edək  ki,  könüllülərə  münasibət  Almaniya  hökumətində  heç  də 
birmənalı  deyildi.  Üçüncü  reyxin  liderləri  bolşevik  rejimində  böyümüş  insanlara 

tam  etibar  etmirdilər.  Məsələn,  Göbbels  özünün  29  səhifəlik  məruzəsində  təklif 
edirdi  ki,  bütün  şərq  xalqlarını  bolşevizmdən  azad  olmaq  və  onları  azad,  işıqlı 
gələcək uğrunda mübarizədə əməkdaşlığa çağırmaq lazımdır. (254, s. 311) 
Alfred  Rozenberq  isə  belə  bir  ideya  ilə  çıxış  edirdi  ki,  Ukrayna  və 
Pribaltika  xalqlarını  xüsusi  olaraq  ayırmaq,  onlara  mədəniyyət  mərkəzləri  və 
universitetlər  açmaq,  torpağa  sahiblik  hüququ  vermək,  kommunistlərə  qarşı 
könüllü  hərbi birliklərini  formalaşdırmaq üçün imkan  yaratmaq lazımdır. (254, s. 
331) 
Rozenberq sonradan daha bir təkliflə də çıxış etdi. Belə ki, o, 1942-ci ilin 
fevralın  15-də  şərq  xalqlarının  din  sitayişini  təmin  edən  qərar  layihəsini  təqdim 
etdi.  O,  təsdiqləyirdi  ki,  belə  bir  addım  böyük  təlimati  effekt  verəcək.  Lakin 
sənədlə tanış olan Borman başqa bir ideya irəli sürdü: bəlkə yeganə bir Şərq kilsəsi 
qurub yalnız ümumi bir din yaradaq? Yaradacağımız belə  ümumi din müqavimət 
hərəkatı üçün güclü mərkəzə çevrilməyəcəkmi?! Ən yaxşısı budur ki, hər xalq öz 
Allahına ibadət etsin. Beləliklə, Hitler Rozenberqin yox,  Bormanın təklifıni qəbul 
etmişdi. 
Bundan  başqa,  Hitler  din  xadimlərini  (rahibləri)  ümumiyyətlə  sevmirdi. 
Hərbçilərin  çoxu  isə  yerli  əhaliyə  silah  verməyin  əleyhinə  çıxış  edirdilər.  İşğal 
edilmiş  bölgələrdəki  əhaliyə  və  əsir  düşmüş  insanlara  münasibətdə  Alfred 
Rozenberq  daha  obyektiv  mövqe  tuta  bilirdi.  Bəs  adı  tez-tez  hallanan  Alfred 
Rozenberq kim idi? 
Alfred  Rozenberq  Pribaltika  almanı  idi  və  fanatikcəsinə  antikommunist, 
antisemit mövqedə dayanır və Nasist Partiyasının ideoloqu sayılırdı. (241, s.31) A. 
Rozenberq  məşhur  “XX  yüzilliyin  mifı”  əsərini  yazmış  və  xristian  dininə  mənfi 
münasibət  bəsləyirdi.  Digər  nasional-sosialistlər  kimi  Rozenberq  də  protestant 
kilsəsinə  üstünlük  verir  və  onu  öz  ideyalarının  ifadəçisi  sayırdı.  (241,  s.302)  A. 
Rozenberq  bütün  ölkələri  və  xalqları  bolşeviklərə  qarşı  səlib  yürüşünə  çağırmaq 
niyyətində idi. (372, s.422) Lakin Alfred Rozenberqin təşkilatçılıq bacarığı o qədər 
də  yüksək deyildi.  (268, s.48) Alman-sovet  müharibəsindən üç  həftə  sonra  Hitler 
Bormanın təklifı ilə Rozenberqi işğal edilmiş Şərq (sovet) torpaqlarının reyxsnaziri 
təyin etdi. Bu təyinatın iki səbəbi vardı: birincisi, Rozenberq əslən pribaltikalı idi; 
ikincisi, bu vəzifə Rozenberqə vəd olunub verilməyən Xarici İşlər naziri kürsüsünü 
əvəz etməli idi. 
1941-ci  ilin  iyulun  16-da  almanların  qələbəsi  hiss  olunduqda  Hitler 
keçirdiyi bir konfransda işğal bölgələrini bölmək planı ilə çıxış etdi. Məlum oldu 
ki, barlı-bərəkətli Ukraynaya komissar Şərqi Prussiya qaulyayteri Erix Kox, Krıma 
Alfred  Froenfeld,  Brandenburq  Vilhelm  isə  Moskvaya,  yaxud  Belorusiyaya  təyin 
olunacaq,  Rozenberqə  isə  Qafqaz  komissarı  vəzifəsi  veriləcəkdir  (lakin  məlum 
olduğu kimi Qafqazı sovetlərdən azad etmək mümkün olmadı). 
Lakin  Alfred  Rozenberqin  Bormanla  münasibətinin  yaxşı  olmaması   
həmişə  ikincidən  zərbələr  almaqla  nəticələnirdi.  Rozenberq  şikayətlənirdi  ki, 

sonuncu  dəfə  1941-ci  ildə  Fürerlə  təkbətək  görüşmüşdür.  1942-ci  ildə  isə  Hitler 
onu  üç  dəfə  qəbul  etmiş  və  hər  görüşdə  Borman  iştirak  etmişdir.  Həqiqətən  də, 
artıq  Rozenberqə  ciddi  ehtiyac  duyulmurdu,  çünki  Şərqdəki  bölgələrə  başqaları 
nəzarət edirdi. Rozenberq ölümü ərəfəsində yazırdı: “Şərqdə yeni Avropa qaydaları 
yaratmaq  istəyirdim,  lakin  məsul  vəzifələrdə  olanlar  Bormanın  və  Hitlerin  təsiri 
altında  idilər.  Hitler  isə  onlara  qarşı  çıxmırdı”.  (312,  s.316)  Hitler  özünün 
idarəetmə  qaydalarında  Darvinin  “Güclülər  zəifləri  əritməlidir”  təbii  prinsipinə 
üstünlük verirdi. 
İşğal edilmiş bölgələrə münasibətdə Rozenberqin fıkirlərini Göbbels də bu 
və ya digər formada dəstəkləyirdi. Məsələn, Göbbels (baxmayaraq ki, onlar köhnə 
rəqib idilər) uzun müddət Ukraynaya muxtariyyət verilməsi ideyasını dəstəkləyirdi. 
Bununla əlaqədar o, Şərq bölgələrindəki yerli əhalinin ümumi rəğbətini qazanmaq 
üçün  xüsusi  planını  təklif  edirdi.  Lakin  bu  plan  da  qəbul  edilmədi,  çünki  Hitler  
məğlublarla  barışığa  getmək  istəmirdi.  Onun  fikrincə,  onları  yalnız  zorla 
köçürmək,  qovmaq,  paylamaq,  məhv  etmək  lazımdır.  Sonradan  işğal 
bölgələrindəki  köklü  xalqların  bəzilərinə  alman  vətəndaşlığı  verilməsi  təklifı  də 
səsləndi. Dansiq qaulyayteri Albert Forsterin məlumatına görə, irq nəzəriyyəsində 
nüfuzu  olan  professor  Qyunter  Şərqi  Prussiyaya  səkkizgünlük  səfəri  zamanı  belə 
qənaətə  gəlib  ki,  polyaklar  alman  vətəndaşlığını  almağa  layiqdirlər.  İrqi 
yüksəltmək  üçün  isə  əvvəlcədən  müəyyən  rayonlarda  SS-in  xüsusi  bölmələrini 
yerləşdirmək  lazımdır.  Lakin  həm  Hitler,  həm  də  Borman  belə  “qan  qarışığına” 
qarşı çıxırdılar. Avropada “250 milyonluq Alman” dövləti yaratmaq istəyən Hitler 
işğal etdiyi bölgələrdə xalqları hər şeydən məhrum etmək istəyirdi: həm torpaqdan, 
həm də azadlıqdan. 
Belə  olduqda,  Rozenberq  Pribaltikaya  müəyyən  məhdudiyyətlərlə 
muxtariyyət  verilməsi  layihəsini  təqdim  etdi.  Borman  Rozenberqin  layihəsinə 
kəskin  etirazını  bildirdi  və  göstərdi  ki,  o  heç  zaman  “Pribaltika  Birləşmiş 
Ştatları”nın  yaradılmasına  imkan  verməyəcək.  Bundan  əlavə,  bütün  bu  torpaqlar 
üçüncü reyxin ayrılmaz tərkib hissələridir. 
Bormanın  bu  mövqeyinə  baxmayaraq  Himmler  gizlicə  eston  və  latışları 
SS  hissələrinə  cəlb  etdi.  Himmler  bu  fikirdə  idi:  əgər  vuruşmaq  və  həlak  olmaq 
lazımdırsa,  onda  bunun  irqi  ayrı-seçkiliyə  aidiyyatı  yoxdur.  (312,  s.369)  Eyni 
zamanda  Himmler  tərkibində  əlli  minə  qədər  ukraynalı,  qazax,  tatar  və  başqa 
millətlərin nümayəndələri olan bir neçə tabur yaratdı. SS reyxsfüreri göstərirdi ki, 
partizanlara  qarşı  mübarizə  aparmaq  üçün  onun  hissələri  kifayət  sayda  deyildir. 
Artıq bu zaman Vermaxtda könüllü dəstələrin  – “xivi”lərin yaradılması razılığına 
gəlmişdi. 
Getdikcə daha çox könüllülər – “xivi”lər alman hərbi hissələrinə xidmətə 
cəlb  edilirdilər.  Yalnız  bir  piyada  diviziyasının  təchizat  xidmətinə  700-ə  qədər 
“könüllü  köməkçilər”  gətirilmişdi.  79-cu  piyada  diviziyası  komandirinin  əmri  ilə 
azad olunmuş hərbi əsirlərə diviziyanın təchizat işinin yarıdan çoxu tapşırılmışdı. 

Bundan əlavə bir piyada alayı və könüllü-hərbi əsirlərdən sayı yüzdən ibarət olan 
bir  minatəmizləyən  bölük  formalaşdırmalı  idi.  Burada  10  alman  kadr  zabiti  də 
çalışırdı.  Hərbi  hissələrin  tərkibinə  daxil  olan  könüllülər  aşağıdakı  göstəricilərini 
qeyd etməli idilər: ad və familiyasını, anadan olma tarixini, sonuncu yaşayış yerini 
və  şəxsi  əşyalarını.  Hər  bir  “könüllü”  alman  əsgəri  qədər  pay  alır,  sonradan  isə 
rəsmi şəkildə ona pul və əlavə güzəştlər verilirdi. 
İlkin  vaxtlarda  köməkçi  vəzifələrə  daxil  edilən  bəzi  “xivi”lər  tədricən 
mühafizə  dəstələrinə  keçirilir,  alman  döyüş  hissələrində  silah  alıb  müharibədə 
döyüşürdülər. Alman hərbi hissələrində “könüllü xivi”lərin sayı da getdikcə artırdı. 
Məsələn, 1942-ci ildə piyada diviziyasında 10708 alman şəxsi heyəti olduğu halda, 
könüllülərin sayı 2005 nəfər idi. 
Quru qoşunlardan əlavə, könüllülər Silahlı Qüvvələrin digər sahələrinə də 
cəlb  edilirdilər.  “Könüllülər”  Almaniyanın  Hərbi-Hava  Qüvvələrində  də  texniki 
işlərə cəlb olunurdular. Hərbi-Dəniz Qüvvələrində, zenit və artilleriya hissələrində 
də  çoxlu  sayda  “xivi”lər  vardı.  Müharibə  illərində  Vermaxtın  formasını  geyinmiş 
sovet  vətəndaşları  alman  ordusu  ilə  birgə  əksər  ölkələrdəki  döyüşlərdə  iştirak 
etmişdilər.  Bu  məsafə  Norveçdən  başlamış  Şimali  Afrikaya  qədərki  böyük  bir  
ərazini  əhatə  edirdi.  (254,  s.6)  1945-ci  ilin  fevralına  olan  məlumata  görə  Alman 
ordusundakı “xivi”lərin sayı belə idi: quru qoşun hissələrində 600 min, Hərbi-Hava 
Qüvvələrində 50 mindən 60 minə qədər, 15 minə qədərisə kriqsmarində. (254, s.6) 
Arxa  cəbhə  rayonlarında  mühafizə  dəstələrinin  çatışmadığını  nəzərə  alıb 
general-leytenant  Paulyusun  1942-ci  ilin  yanvarın  9-da  verdiyi  əmrə  əsasən  yerli 
sakinlərdən,  könüllülərdən  kömək  və  sovet  hökumətinə  düşmən  münasibətdə 
olanlardan  köməkçi  mühafizə  hissələri  yaratmaq  planlaşdırıldı.  Qeyd  edək  ki, 
çoxsaylı mühafizə və əkspartizan qrupları Vermaxtın yerli komandirləri tərəfindən 
yaradılırdı.  (1,  s.6)  1942-ci  ilin  yazında  alman  ordularının  yerləşdiyi  arxa 
rayonlarda  çoxlu  sayda  köməkçi  hissələr  formalaşırdı.  Onların  funksiyasına 
aşağıdakılar daxil idi: dəmiryolu stansiyalarının, körpülərin, maşın yollarının, hərbi 
əsir düşərgələrinin və digər obyektlərin qorunması. 
Belə  könüllü  birliklər  “Şimal”  ordu  qruplarında  “Yerli  döyüş  birlikləri” 
“Mərkəz”  ordu  qruplarında  “Xidmət  qaydası”,  “Cənub”  ordu  qruplarında  isə  - 
“Köməkçi mühafizə dəstələri” adlanırdı. (254, s.6) 
Sovet  partizanlarının  fəaliyyəti  gücləndikcə  almanlar  yerli  əhalidən  və 
hərbi əsirlərdən təşkil edilmiş mühafizə hissələrinin sayını artırırdılar. 1942-ci ilin 
iyununda  diviziya  qərargahlarında  könüllülərdən  ibarət  əkspartizan  bölükləri 
yaradılmağa  başlandı.  Yaradılan  kiçik  köməkçi  polis  hissələri  bölük  və  taburlara 
daxil edilir, standart paltarlar geyinir, alman zabitlərinin rəhbərliyi altında hazırlıq 
keçib tam döyüş birliklərinə çevrilirdilər. Belə hissələr obyektlərin qorunmasında, 
həm də partizan rayonlarında cəza əməliyyatlarının keçirilməsində iştirak edirdilər. 
Alman hərbi hissələrinin və birliklərinin qərargahları nəzdində çox sayda olmayan, 
qırıcı yaxud ovçu dəstələri yaradılır, onlar avtomat silahla təchiz olunur və partizan 

dəstələrini axtarıb məhv etməyə göndərilirdi. Belə dəstələrə daha etibarlı və yaxşı 
hazırlıqlı döyüşçülər daxil edilirdi. (254, s.7) 
1942-ci  ilın  sonlarında  Şərq  cəbhəsində  olan  hər  bir  alman  diviziyasının 
tərkibində bir, yaxud iki şərq bölüyü, taburu vardı. (254, s.7) Bundan əlavə, arxa 
rayonlardakı  ordu  hissələrinin  sərəncamında  bir  neçə  şərq  taburları,  mühafizə 
diviziyalarının tərkibində isə şərq süvari diviziyaları və eskadronları vardı. (254, s. 
7) 
Şərq  taburlarının  çoxu  standart  nömrələr  daşıyırdı:  601-621;  626-630; 
632-650;  653,  564,  656,  661-669;  674,  675  və  681.  Digər  batalyonlar  isə  ordu 
nömrələri  (510,  516,  517,  561,  581,  582),  korpuslarda  (308,  406,  412,  427,  432, 
439, 441, 446-448, 456) və diviziyalarda (207, 229, 263, 268, 281, 285); 1943-cü 
ilin iyun ayında alman komandanlığının məlumatına görə 78 şərq taburu, 1 alay və 
122  ayrıca  bölük  (mühafizə,  qırıcı,  təsərrüfat  və  s.)  yaradılmışdı  ki,  buradakı 
adamların sayı 80 min idi. (254, s.7) 
Könüllülərdən təşkil olunan hərbi hissələrin sayının bəzi mənbələrdə 180 
olduğu  göstərilirdi.  (348)  Bu  hissələrdən  75-i  rus,  216-sı  kuban,  don  və  terek 
kazakları, Türküstan və Tatarıstan (Tatarıstan və Krım tatarları) - 42, gürcülərdən -
11, Şimali Qafqaz xalqlarından-12, azərbaycanlılardan - 13, ermənilərdən 8 hissə 
yaradılmışdı. 1945-ci ilin 24 yanvarına olan məlumata görə taburlardakı könüllülər 
milli  mənsubiyyətlərinə  görə  belə  bölünmüşdülər:  latışlar  -  104  min,  litvalılar  - 
36.800, azərbaycanlılar - 36500, gürcülər - 19000, Şimali Qafqaz xalqları -15 000, 
tatar (Tatariya)-12500, Krım tatarları  -10 000, estonlar  -10 000, ermənilər  - 7000, 
kalmıklar  -  5000.  Rusların  sayı  haqqında  məlumatı  admiral  Denikin  “hökuməti” 
belə  açıqlayırdı:  1945-ci  ilin  mayın  20-nə  olan  məlumata  görə  599-cu  rus 
briqadasında - 13 000, 600-cüdə 12 000, 650-cidə 18 000 vardı. (348) Qeyd edək 
ki, bu rəqəmlər yalnız döyüşdə iştirak edənlərin göstəricisidir. Almanların tərəfındə 
isə əsirlikdə olanların sayı 4-5 milyona qədər idi. 
Hər bir taburun  tərkibində  3-4 atıcı  bölük  vardı  və  hər bölükdə  100-200 
nəfər  təmsil  olunurdu.  (1,  s.7)  Eyni  zamanda  aşağıdakı  taqımlar  təşkil  edilmişdi: 
idarə,  minomyot,  tankəleyhinə,  artilleriya.  Bu  taqımlar  bölük  qərargahının 
tərkibinə  daxil  idi.  Silahlanma  qaydası  belə  idi:  76,2  mm-lik  çaplı  2-4  silah  (2-4 
çaplı  76,2  mm),  45  mm-lik  çaplı  2-4  tankəleyhinə  top,  2-4  tabur  və  4-12  rota 
minamyotları, dəzgah və əl pulemyotları, tüfəng və avtomatlar. Tabur və bölüklərə 
komandirliyi  alman  zabitləri  edirdi.  Komandir  müavinliyinə  isə  sabiq  Qızıl  Ordu 
zabitləri və ya mühacir-zabitlər təyin edilirdi. Çox nadir hallarda eskadron və bölük 
komandirliyinə qeyri-almanlar gətirilirdi. (254, s. 8) 
“Mərkəz”  Ordu  qrupları  komandanlığı  1942-ci  ilin  iyunun  1-də 
Bobruyskda tərkibində iki – “Berezina” və “Dnepr” (sentyabrdan isə 601 və 602-ci 
şərq  taburları)  olan  və  ümumi  sayı  1000-dən  çox  əsgər  və  zabiti  birləşdirən  1-ci 
könüllü  Şərq  alayını  yaratdı.  Alman  zabitlərinə  bu  alayı  formalaşdırmaqda 
mühacir-zabitlər kömək edirdilər. İyunun 20-də Bobruyskda daha bir ehtiyat tabur 

da  yaradıldı.  (254,  s.8)  Bundan  başqa  orada  “Prilyat”  şərq  taburunu  (604-cü), 
süvari  eskadronu  və  bir  neçə  artilleriya  taburu  yaradıldı.  Alayın  ehtiyatında  bir 
zabit  məktəbi  də  fəaliyyət  göstərirdi.  Başqa  şərq  taburlarından  fərqli  olaraq 
“Berezina”,  “Dnepr”  və  “Prilyat”  taburlarının  komanda  tərkibi  keçmiş  sovet 
zabitlərindən idi və alman heyəti alayın və taburun qərargahında əlaqələndirici və 
təlimatçı olaraq fəaliyyətdə idilər. (254, s.8) 
Şərq  cəbhəsindəki  ordu  qruplarının  və  ordu  hissələrinin  fəaliyyətini 
koordinasiya  etmək  üçün  xüsusi  təyinatlı  şərq  qoşunları  komandirlərinin 
qərargahları  yaradılmağa  başladı.  Ümumilikdə  701-704,  709-712,  721,  741  saylı 
11  briqada  qərargahı  və  750-755  saylı  6  alay  qərargahı  yaradıldı.  Qərargah 
nəzdində  qərargah  zabiti  vəzifəsi  təsis  olundu  və  onlar  şərq  qoşunlarının  döyüşə 
hazırlığı  ilə  məşğul  olurdular.  Qərargah  zabiti  vəzifəsinə  keçmiş  Qızıl  Ordu 
komandirləri təyin olunurdular. Onlar şərq taburlarının inam və etibarına nəzarətdə 
komandirlərə  kömək göstərir, eyni zamanda  təbliğatın qurulmasına, şəxsi heyətin 
ideya və döyüş hazırlığının yüksəldilməsinə cavabdeh idilər. (254, s.8) 
Alman  komandanlığı  yerli  köməkçi  dəstələrdən  işğal  edilmiş  ərazilərdə 
əvvəlcə  mühafızə  dəstələri  olaraq  istifadə  edirdi.  Alman  komandanlığı  belə 
birliklərdən  yalnız  sakit  rayonlarda  faydalanmağa  çalışsa  da,  yerlərdə  vəziyyətin 
mürəkkəbləşməsi  ilə  həmin  qüvvələri  partizanlar  əleyhinə  mübarizəyə 
istiqamətləndirməyə  məcbur  oldu.  (254,  s.9)  Belə  birliklər  partizanlara  qarşı    
mübarizədə  almanlara  böyükköməklik  göstərirdilər.  Belə  ki,  yerləri  yaxşı 
tanıdıqlarına  və  dil bildiklərinə  görə  alman hissələri ilə  müqayisədə  bu dəstələrin 
təsiri böyük idi. 
Bəzi  hallarda  isə  almanlar  məcburiyyət  qarşısında  qalıb  bir  neçə  şərq 
taburlarını  cəbhəyə  göndərirdilər.  Qeyd  edək  ki,  belə  taburlar  hərdən  sovet 
təbliğatının təsirinə  düşüb Qızıl Ordusu tərəfınə  keçirdilər. Məsələn, 1943-cü ilin 
rəsmi  sovet  məlumatına  əsasən  14  min  silahlı  rus  əsgəri  sovet  partizanları  ilə 
birləşməyə  üstünlük vermişdi. 1943-cü ilin fevralında Vitebskə  göndərilən 825-ci 
Volqa-Tatar  taburunun  legionerləri  800-dən  çox  alman  zabitini  güllələyib 
partizanlar  tərəfə  keçmişdilər.  1943-cü  ilin  sentyabrın  13-də  Obolon  rayonu 
ərazisində də 2 alman ordusu tərkibində olan Türküstan taburu da alman zabitlərini 
öldürüb  Sovet  ordu  hissələrinə  qatılmışdılar.  1943-cü  ilin  sentyabrında  isə  Kursk 
döyüşünün  nəticələri  müzakirə  edilərkən  Hitler  məğlubiyyətin  başlıca  səbəbini 
könüllü  hissələrin  “satqınlığı”nda  görmüş  və  demişdi:  “Bu  mənə  bəsdir.  Əmr 
edirəm  ki,  bütün  hissələri  tərksilah  edib,  bu  dəstələri  Fransanın  şaxtalarına 
göndərin”. (348) 
Lakin  alman  komandanlığı  nümayəndələri  Hitleri  bu  sərt  qərardan 
çəkindirə  bilmiş  və  təklif  etmişdilər  ki,  həmin  taburları  ikinci  dərəcəli  döyüş 
bölgələrinə keçirsinlər və yalnız şübhə doğuran hissələri tərksilah etsinlər. (254, s. 
10) 

Bu  hadisələrdən  sonra  almanlar  milli  hissələri  Şərq  cəbhəsindən 
uzaqlaşdırıb  Avropanın  işğal  bölgələrinə  göndərdilər.  Ayrı-ayrı  legion  taburları 
əsasən  Fransanın  cənubundakı  Kastr  və  Mand  şəhərlərində  məskunlaşdılar. 
Azərbaycanlılar Mand şəhərində qaldılar və Lion şəhərindəki 1-ci və 2-ci könüllü 
kadr alaylarına birləşdilər. 
Qərbdəki  alman  taburlarının  şərq  hissələri  ilə  əvəz  edilməsi  haqqındakı 
qərar  1943-cü  ilin  sentyabrın  25-də  verilmiş,  oktyabr  ayının  10-da  isə  şərq 
hissələrinin  Fransa,  İtaliya  və  Balkanlara  köçürülməsi  əmri  həyata  keçirilmişdi. 
(254,  s.10)  Həmin  vaxtlarda  5-6  min  könüllülər  etibarsız  adlandırılaraq  tərksilah 
edilmişdi. 
Legionerlər pis silahlanmalarına baxmayaraq cəsarətlə döyüşdülər. Lakin 
yaxşı silahlanmış müttəfıq qoşunları ilə müqayisədə onlar zəif döyüş qabiliyyətinə 
malik idilər. Könüllülər ciddi müqavimət göstərsələr də, ya məhv edilir, ya da geri 
çəkilirdilər. (254, s. 11) 
Qərb  cəbhəsində  isə  yaxşı  silahlarla  təchiz  edilməmiş  legion  taburları 
ingilis-amerikan  qoşunları  tərəfindən  məhv  edildi.  Qərb  cəbhəsindəki  digər 
taburları  isə  almanlar  Noyhammerdəki  tədris  bölgəsinə  topladılar.  Burada 
azərbaycanlılardan, gürcülərdən, ermənilərdən və şimali qafqazlılardan ibarət 12-ci 
(Qafqaz)  qırıcı  -  tankəleyhinə  birlik  yaratdılar.  Həmin  birlik  sonradan  Odel 
cəbhəsində və Berlinin müdafiəsində iştirak etdilər (254, səh. 42). 
1944-cü  ilin  29  sentyabra  olan  məlumata  görə  Qərb  bölgəsindəki  şərq 
taburlarının  itkisi  8,4  min  nəfər  olmuşdu  ki,  onlardan  7,9  mini  itkin  düşmüşdü. 
Şərq qoşunlarının belə aşağı döyüş qabiliyyətliliyinə görə Qərb Baş komandanlığı 
qərargahının  əmrinə  əsasən  həmin  hissələr  tərksilah  olunub  tikinti,  istehkam 
işlərinə göndərildi. (254, s.ll) 
Bundan  əlavə,  1941-ci  ilin  oktyabr-noyabrından  başlayaraq  1942-ci  ilin 
martında  Noyhammerdə  xüsusi  təyinatlı  “Berqman”  (“Dağlı”)  Qafqaz  taburu 
yaradıldı. Taburun tərkibində təbliğat qrupu və beş atıcı bölük (1,4 və 5-ci gürcü, 
2-ci şimali qafqaz, 3-cü azərbaycan) vardı. Taburun ümumi sayı 1200-ə çatırdı və 
onlardan 900-ü qafqazlı, 300-ü isə alman idi. Taburdakı legionerlərə yalnız yüngül 
silahlar  verilmişdi:  əl  pulemyotları,  bölük  minomyotları,  tankəleyhinə  silahlar  və 
alman  istehsalı  olan  karabinlər.  Taburun  komandiri  vəzifəsinə  Könisberq 
universitetinin professoru, “Şərq məsələləri üzrə” nüfuzlu mütəxəssis sayılan, kadr 
zabiti ober-leytenant T. Oberiender təyin edilmişdi. 
1942-ci ilin avqust-sentyabrında “Berqman” taburunun xüsusi hazırlanmış 
dəstələri  kəşfiyyat-təxribat  aksiyaları  aparmaq  üçün  paraşütlə  Sovet  Ordu 
hissələrinin arxasına atıldı. Bu dəstələrdən biri - 10 alman və 15 qafqazlı Qroznının 
neft istehsal edilən obyektlərini ələ  keçirmək cəhdində olsa da, baş tutmadı. Belə 
ki,  həmin  ilin  sentyabr  ayının  25-27-də  alman  qoşunlarının  Qroznıya  daxil 
olmasının qarşısı alındı və həmin dəstə isə özləri ilə bir neçə yüz azərbaycanlı və 
gürcülərdən ibarət Sovet ordusundan qaçan əsgərləri də götürüb geri döndülər. 

1942-ci  ilin  sentyabrından  “Berqman”  taburu  Mozdok-Nalçik-Mineral 
sular rayonlarında sovet partizanlarına qarşı döyüşdülər. Həmin ilin oktyabrın 29-
dan isə taburu ön cəbhəyə döyüşə göndərdilər. 
1943-44-cü  illərdə  “Berqman”  taburu  alman  qoşunları  ilə  birgə 
Perekopskda  Krıma  daxil  olmağa  çalışan  Qırmızı  Ordu  hissələrinə  qarşı 
vuruşdular. Sonradan həmin hissələr Yunanıstan və Polşa ərazilərinə göndərildilər. 
Məsələn, azərbaycanlılardan ibarət olan II tabur Polşada yerləşirdi və 1944-cü ilin 
avqustunda Varşava üsyanının yatırılmasında iştirak etdilər. 
1942-ci  ilin  yanvarında  isə  1-ci  (450-ci)  “Türküstan  legionu”  taburu 
formalaşmağa başladı ki, burada da müəyyən sayda azərbaycanlılar vardı. Taburun 
yaradıcısı  və  birinci  komandiri  mayor  A.  Mayer-Mader  idi.  Mayor  A.  Mayer-
Mader Birinci Dünya müharibəsində kəşfiyyatçı olmuş, uzun illər Şərq ölkələrində 
işləmiş və xüsusən Çində general Çan Kay Şinin hərbi məsləhətçisi olmuşdu. Türk 
xalqlarının  psixologiyasına  və  adət-ənələrinə  yaxından  bələd  olan  Mayor-Mader 
müəyyən  səbəblərə  görə  1942-ci  ilin  avqustunda  vəzifəsindən  uzaqlaşdırıldı.  O, 
1943-cü ilin sonlarında SS rəhbərliyinə öz xidmətini təklif etdi və ona SS hissələri 
tərkibində  Türküstan  alayı  yaratmaq  tapşırıldı.  Yaradılan  alayın  bazası  üzərində 
“Yeni  Türküstan”  diviziyası  formalaşdırmaq  da  nəzərdə  tutulurdu  ki,  buraya 
Türküstan və Volqa tatarları taburları ilə yanaşı 818-ci Azərbaycan taburu da daxil 
idi. (255, s. 14) 
1944-cü  ilin  martında  Mayer-Maderin  başçılıq  etdiyi  1-ci  SS  Şərq-
Müsəlman  alayı  Qərbi  Belorusiyanın  Yuratişki  şəhərinə  göndərildi.  Oradakı 
döyüşlərdə  Mayer-Mader  müəmmalı  şəkildə  yoxa  çıxdı.  (Bəzi  məlumatlarda 
partizanların  mühasirəsində  öldüyü,  digərində  isə  esesçilərin  özü  tərəfındən 
gülləndiyi göstərilir). Mayer-Maderin ölümündən sonra SS tərkibindəki 1-ci Şərqi-
Müsəlman  alayı  olduqca  zəiflədi  və  Billinqin  komandir  təyin  edilməsi  də 
əhəmiyyətli təsir göstərmədi. (255, s. 14) 
Türk  və  Qafqaz  xalqlarına  məxsus  hərbi  əsirlərin  sayı  getdikcə 
artdığından  daha  bir  Şərq  legionlarını  formalaşdırma  mərkəzinı  yaratmaq  qərara 
alındı. 1942-ci ilin mayında cəbhədə daha çox itkiyə  məruz qalmış 162-ci piyada 
diviziyasının  bazasında  belə  bir  mərkəz  yaradıldı.  Bundan  əlavə,  Poltava  vilayəti 
ərazisində  yeni  tədris  düşərgəli  mərkəzlər  də  yaradılmağa  başlanıldı:  Romnada 
Türküstan  legionu,  Prilukda  azərbaycan,  Qadyaqda  gürcü,  Loxviçdə  və 
Mirqorodda  erməni.  Yaradılan Mərkəzdə  qərargah rəisi vəzifəsinə  albay (1942-ci 
ilin  sentyabrın 6-dan isə  general-mayor) O. fon Nidermayer təyin edildi.  General 
mayor  O.  fon  Nidermayer  Almaniyada  Rusiya  və  Müsəlman  Şərqi  üzrə  ən  yaxşı 
mütəxəssislərdən  sayılırdı.  1943-cü  ilin  mayına  qədər  isə  Ukraynada  Şərq 
legionlarının  əlavə  25  taburunu  formalaşdırmaq  mümkün  oldu  ki,  onlardan  6-sı 
azərbaycanlılardan  təşkil  edilmişdi.  (Bir  tabur  4-cü  diviziyada,  iki  tabur  73-cüdə, 
bir  tabur  97-ci  də,  bir  tabur  101-cidə,  bir  tabur  111-cidə).  1943-cü  ilin  mayında 
Ukraynadakı  şərq  legionlarının  formalaşması  mərkəzi  general-mayor  fon 

Nidermayerin  komandanlığı  altındakı  162-ci  türk  piyada  diviziyasının  təcrübə 
bazasına çevrildi. Diviziya ikialaylı təşkilata malik idi (303-cü Türküstan və 314-
cü  Azərbaycan alayı,  artilleriya  alayı,  arxa  hissələr və  bölmələr) və  şəxsi heyətin 
50 faizini almanlar təşkil edirdi. 
162-ci  diviziya  formalaşma  prosesi  başa  çatdıqdan  sonra  1943-cü  ilin 
sentyabrında  əvvəlcə  Sloveniyaya,  sonradan  isə  İtaliyaya  göndərildi  və 
müharibənin  sonuna  qədər  mühafızə  xidmətində,  partizanlarla  mübarizədə, 
həmçinin amerikan-ingilis qoşunlarına  qarşı döyüşlərdə  iştirak etdilər. Diviziyaya 
başçılıq  edən  fon  Nidermayeri  sonradan  general-mayor  R.  fon  Hayqendorf  əvəz 
etdi. 
1944-cü ilin iyulunda isə Berlində SS qoşunları Baş qərargahının yanında 
xüsusi olaraq şərq könüllü birlikləri ilə işləmək üçün Frits Arltın rəhbərliyi altında 
III şöbə yaradıldı. Elə həmin vaxt Belorusiyada iki qafqaz polis taburunun (70 və 
71-ci) əsasında SS şimali qafqaz və Qafqaz alayları formalaşmağa başladı. 1945-ci 
ilin  fevralında  SS  türk  qafqaz  birlikləri  iki  əsas  etnik  qrupa  bölündü.  Çünki 
Himmlerin  fıkrincə,  bu  qruplar  gələcəkdə  yeni  legionların  formalaşıb  alaylara  və 
hətta diviziyaya çevrilməsi üçün baza olmalı idi. 
1-ci şərqi-müsəlman alayı qalıqlarından və onlara birləşən bəzi qruplardan   
isə  sonradan  SS  tərkibində  şərqi-türk  birlikləri  yaradıldı.  1945-ci  ilin  martında 
azərbaycanlılardan  ibarət  döyüş  qruppası  da  buraya  birləşdirildi.  Birliyin 
komandiri vəzifəsinə Avstriya-macar ordusunun keçmiş zabiti olan, Birinci Dünya 
müharibəsində Ənvər Paşanın hərbi məsləhətçisi və Yerusəlim müftisi yanında SS 
Rabitə  naziri  kimi  tanınıb  İslam  adını  -  Harun-əl  Rəşidbəyi  qəbul  edən  V. 
Hinterzats idi. (255, s. 15) 
Beləliklə, Şimali İtaliyada yerləşən azərbaycanlı, gürcü və şimali qafqazlı 
döyüşçü  qruplarından  SS  tərkibində,  ümumi  sayı  2500-dən  ibarət  olan  “Qafqaz 
döyüşçüləri  Birliyi”  yaradıldı.  (Bu  birlik  həm  də  “Qafqaz  süvari  diviziyası” 
adlanırdı).  Diviziyanın  müvəqqəti  komandiri  vəzifəsinə  baltik  almanı  Toerman 
təyin  edilmişdi.  Döyüş  alaylarına  isə  əski  mühacirlərdən  olan  gürcü  knyazı  P. 
Çulukidze, azərbaycanlı albay İsrafil bəy İsrafilov və K. Ulaqay başçılıq edirdilər. 
Onların hər biri SS ştandartenfürer vəzifəsini daşıyırdı. 
Şimali  İtaliyada  SS  Qafqaz  birliklərindən  başqa  6500-ə  qədər  qaçqın  - 
kişi, qadın və uşaq da yerləşirdi ki, onlara Qafqaz Milli Komitəsinin sədri Adıgey 
knyazı general Sultan Keleq-Girey rəhbərlik edirdi. 
Qeyd  olunmalıdır  ki,  piyada  qoşunlarının  generalı  Olbrixt  tərəfindən 
imzalanmış  qərarda  legionlar  “öz  vətənini  bolşevizmdən  azad  etmək  və  əqidə 
azadlığı  uğrunda  mübarizə  aparanlar”  adlandırılır,  onları  xarici  legionlara  aid 
etmək barədə xəbərdarlıq edilirdi. 
Bütün rəhbər vəzifələr Qızıl Ordudakı xidmət dərəcəsi və müddəti nəzərə 
alınmadan yalnız “hərbi cəhətdən yararlılığa və hazırlığa görə müəyyənləşdirilməli 
idi.  Azsaylı  xalqların  nümayəndələrinin  təhsil  səviyyəsi  kifayət  qədər 

olmadığından  Legionovoda  dəstə  rəhbərləri  (baş  zabit)  və  taqım  və  bölük 
rəhbərlərinin (zabit) təhsil alması üçün Şərq legionlarının zabit məktəbi yaradıldı. 
(393, s. 48) 
İlk vaxtlar legionerlərə xaki rəngli alman hərbi forması və dərəcə nişanları 
vermək nəzərdə tutulmuşdu. Ancaq 1942-ci il 24 aprel tarixli qərarda bu məsələyə   
yenidən  qayıdıldı  və  seyimlərinin  alman  əsgərlərinin  geyimi  ilə  fərqli  olması 
xüsusı qeyd edildi. Beləcə legionerlər alman hərbi formasını qazandılar və ruslar, 
ukraynalılar,  beloruslardan  fərqli  olaraq  kazaklar  kimi  alman  rütbə  nişanları 
daşımaq  hüququ  əldə  etdilər.  Onların  rütbə  göstəricisi  olan  ənənəvi  döş  nişan  və 
baftaların  çiyin  nişanları  və  ulduzları  tamamilə  fərqli  idi.  Legionlarda  müvəqqəti   
qrup  rəhbərləri,  taqım  və  bölük  rəhbərləri  hərbi  dərəcəsinə  görə  deyil,  hərbi 
mövqeyinə  görə  seçilirdi.  Hər  hansı  bir  çatışmayan  cəhətə  görə  vəzifədən 
uzaqlaşdırılanda onlar nişanlarını da təhvil vermək idilər. 
Alman  zabitləri  bütün  legionerlərin  rəisi  idilər, alman leytenantları isə 
bölük başçısı idilər. 1942-ci il 24 aprel qərarı ilə bölük və vzvod rəhbəri və ya onun 
müvəqqəti icraçısı olan legionçular kiçik alman zabiti hesab edilə bilərdilər (393, s. 
49). 
Doğrudur,  belə  qruplar  təşkil  edilə  və  lazım  olduqda  istənilən  həcmə 
qədər  böyüdülə,  batalyon  sıralarında  qala  və  heç  vaxt  cəbhəyə  göndərilməyə 
bilərdilər.  Hitlerin  bu  qadağanı  tezliklə  bir  qədər  dəyişdirildi  və  1942-ci  ilin 
avqustunda  təkrarən  verildi.  Həmin  qərara  əsasən,  Orta  Asiyadan,  Yuxarı  Volqa 
ərazilərindən,  Zaqafqaziya  və  Krımdan  olan  etnik,  dil,  dini,  mədəni,  siyasi 
cəhətdən fərqləri nəzərə alınmaqla Qızıl Ordunun müharibə əsirləri “Türk xalqları” 
adı  altında  birgə  döyüşçülər  kimi  qəbul  edilirdi.  Görünür,  Vermaxtın  uğurlu 
hücumları  və  hər  iki  türk  generalı  Ərdən  və  Ərdilətin  xidmətləri  təsirini 
göstərmişdi. 
Məhz  bu  cür  təşəbbüslər  Hitlerin  hüsn-rəğbətınə  səbəb  olurdu  və  o,  öz 
nitqində  “günahsız  müsəlmanları  -  yəni  həqiqi  türkləri”  Sovet  İttifaqının  etibarlı 
antibolşevik xalqı hesab edirdi. (393, s. 50) Legionlar   təşkil   olunarkən   onlara   
verilən   rütbələr və fərqləndirici əlamətlər də xüsusi əhəmiyyət kəsb edirdi. Belə 
ki, Şərq legionlarında hərbi rütbələr və işarələr haqqında olan 2380 saylı əmr 1942-
ci ilin iyunun 2-də verildi. Həmin əmrin əsasında daşıdığı  vəzifəyə müvafiq olaraq 
8  rütbə  müəyyənləşdirildi:  legioner,  manqa  komandirinin  müavini,  manqa 
komandiri,  taqım  komandirinin    müavini,    taqım  komandiri,  bölük  komandirinin 
müavini, bolük komandiri, tabur komandiri. 
Zabit  vəzifəsini  göstərən  rütbələr  paqonda  nazik  gümüşü  xətlə  verilirdi. 
Yaxalığın  rəngləri  də  legionları  fərqləndirirdi:  açıq-göy  türküstanlılara,  yaşıl 
qafqazlılara, moruğu gürcülərə, boz rəng isə ermənilərə aid idi. 
Şərq  legionlarının  digər  fərqli  işarələri  qola  bağlanan  sarğılar  idi.  Bu 
haqda olan müvafıq əmr 1944-cü ilin iyulun 1-də verilmişdi. 

1943-cü  ilin  mayın  29-da  Baş  Qərargahın  təşkilat  şöbəsinin  14124  saylı 
əmri ilə rəngli nişanlar boz, lakin rəngli xətlərlə əvəz olundu. Belə ki, türküstanlılar 
üçün açıq-göy, azərbaycanlılar üçün yaşıl, gürcülər üçün moruğu, ermənilər üçün 
sarı, şimali qafqazlılar üçün qəhvəyi rəng müəyyənləşdirildi. (255, s. 18) 
Bununla  əlaqədar  tutduğu  vəzifəsindən  asılı  olmayaraq  şəxslərin  əvvəlki 
rütbələri  olduğu  kimi  saxlanıldı:  könüllü,  yefreytor,  unter-zabit,  feldfebel, 
leytenant,  ober-leytenant,  kapitan,  mayor,  podpolkovnik,  albay.  1943-cü  ilin 
dekabrından isə bu sıraya üç general rütbəsi əlavə olundu: general-mayor, general-
leytenant və general. 
1944-cü  ilin  fevralın  20-də  könüllü  birləşmələr  generalının  və  Baş 
Qərargahın  təşkilat  şöbəsinin  həmin  ilin  martın  14-də  olan  əmrinə  əsasən  şərq 
hissələrinin heyətinə Vermaxtda qəbul edilmiş bütün geyimlərdən istifadəyə icazə 
verildi.  Burada  fərqləndirici  yeganə  əlamət  legionerlərin qoluna  bağlanan işarələr 
idi. Şərq legionlarının müxtəlif hissələrində milli rəmzlərin əksi olan bayraqlardan 
da istifadəyə icazə verilsə də, Vermaxta məxsusluğu göstərilirdi. Şərq legionlarının 
hissələrində  ilkin  təlim  keçən  könüllülər  polşalılara,  hollandlara,  fransızlara, 
çexoslovaklara  məxsus  geyimlərdən  də  istifadə  edirdilər.  Belə  hallarda  onlar 
qollarına  üstündə  “Alman  vermaxtının  xidmətində”  sözləri  yazılmış  ağ  sarğı 
bağlayırdılar. 
1944-cü  ilin  yayında  yaradılmış  SS  tərkibindəki  türk  və  qafqaz 
hissələrində  olan  legionerləri  digərlərindən  fərqləndirən  sol  qollarına  bağladıqları 
sarğıdakı haşiyəli qartal nişanı idi. Bəzi hallarda isə SS qafqaz hissələrinin əsgər və 
polislərinin  papaqlarında  alman  döyüşçü  jandarmasının  emblemi  olan  çələngdə 
qartal nişanı da vurulurdu. (255, s. 20) 
SS  qafqaz  döyüşçü  birlikləri  qollarına  xüsusi  sarğılar  bağlamasalar  da, 
paltarlarının yaxalıqlarında Qafqaz xəncər və qılıncı əks olunurdu. 
Beləliklə,  müharibənin  ilk  aylarında  almanlara  əsir  düşən  və  könüllü 
olaraq  keçən  sovet  vətəndaşları  ayrı-ayrı  döyüş  hissələrində  sovet  dövlətinə, 
mövcud bolşevik rejiminə qarşı mübarizəyə başladılar. 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin