VIII BÖLÜM
AZƏRBAYCAN LEGĠONERLƏRĠ. MAYOR FƏTƏLĠBƏYLĠ
DÜDƏNGĠNSKĠ. LEGĠONERLƏRĠN UĞURLU DÖYÜġLƏRĠ
Azərbaycan legionerlərinin başlıca qərargahı Polşa ərazisində yerləşirdi.
Legionerlərin ümumi sayının 36 mindən 65-70 minədək olduğu göstərilməkdədir
(82, s. 125)
Bütün legionerlər könüllü təklif edilmiş nişan şəklində qollarında öz
vətənlərinin fərqləndirici atributunu gəzdirirdilər. (393, s. 36) Lakin, onlar alman
forması geyməyə məcbur idilər. Legionerlərin sol qollarında üç rəngli bayrağımız
və ay-ulduz həkk olunmuş fərqlənmə nişanı vardı. Bəzi hissələrdə isə papaqlarına
əyri xəncər vururdular. (262) Bundan əlavə, almanlar ayrıca qafqazlılar üçün
igidliyə görə I, II, III dərəcəli gümüş ulduzlar təsis etmişdilər. Eyni zamanda, aldığı
yaranın dərəcəsinə görə də onlara gümüş və bürünc medallar verilirdi. Bundan
əlavə, Ə. Fətəlibəylinin başçılıq etdiyi Azərbaycan Milli Birlik Məclisi tərəfindən
1944-cü ildə iki orden ilə də təsis olunmuşdu: “Azərbaycan İstiqlaliyyəti” və “Boz
Qurd”. Hərbi döyüşlərdə xüsusi fərqlənənlər bu ordenlərlə mükafatlandırılırdı.
Qeyd edək ki, bəzi alman zabitləri də bu ordenlərlə təltif edilmişdi (85).
Azərbaycanlı legionerlər alman dilini bilmədiyindən ayrıca tərcüməçilər
qrupu da fəaliyyət göstərirdi. Qeyd edək ki, hələ 1942-ci ilin sentyabrın 7-də hərəsi
10 nəfərdən ibarət olan azərbaycanlı, gürcü, türküstan dilli tərcüməçilər qrupu
yaradılmışdı və onlara əlavə alman dili dərsləri keçirilirdi. (393, s. 69)
Legionerlər arasında dini-maarifçilik işini aparmaq məqsədi ilə Təbliğat Baş
İdarəsi Drezden şəhərində “Molla kursları” təşkil etmişdi. Bu kurslarda SSRİ-dən
olan bütün müsəlman xalqlarının nümayəndələri təmsil olunurdu.
1942-ci ilin 27 avqustunda legionlarda dini məsələləri tənzim edən xüsusi
diviziya yaradılmışdı. Dini məsələlərə aid bütün işləri obermolla Cumabəyov
tənzimləyirdi. O, həm də diviziya mollası səlahiyyətinə malik idi. Digər obermolla
Paşayev isə Azərbaycan legionlarına məsul idi. (393, s. 138) Bundan əlavə, onlara
tabe olan hər bir taburda da obermollalar vardı. Azərbaycanlıların (eləcə də bütün
müsəlmanların) ibadət vaxtlarında onlar hərbi təlimlərdən azad olunurdu. Eyni
zamanda, azərbaycanlılara 1942-ci ilin dekabr ayında Qurban bayramının, 1943-cü
ilin yanvarında məhərrəmliyin və 1943-cü ilin martında isə Novruz bayramının
keçirilməsinə icazə verilmişdi (393, s. 138-139). Bundan əlavə, ölülərin kəfənə
bükülməsi, qibləgah istiqamətində dəfn edilməsi, qəbirüstü daşının düzəldilməsi
müsəlmanların ixtiyarına verilmişdi. Qeyd edək ki, Azərbaycan legionlarında olan
əsgər və zabitlər milli marşlarımızı, mahnılarımızı, vətən, millət duyğulu şerləri ifa
edirdilər. Əsgi legionerlərdən birinin yaddaşında həmin marşlardan biri belə
qalmaqdadır:
Bombalar partlar, toplar guruldar,
Haydı əsgərlər, haydı irəli.
Haydı əsgərlər, Şərqə gedəlim,
Şərqin ellərini azad edəlim.
Şərqin elləri fəryad eləyir,
Hər zaman bizdən imdad gözləyir,
Haydı əsgərlər, haydı irəli (131)
Qeyd edək ki, azərbaycanlılar (eləcə də bütün müsəlmanlar) gürcü və
ermənilərlə müqayisədə öz keçmişi və tarixləri haqqında çox az biliyə malik idilər.
Dini adət-ənənələrdən isə məlumatsızdılar. M. Ə. Rəsulzadə bununla əlaqədar,
Azərbaycan legionerləri ilə Almaniyadakı söhbətlərini belə xatırlayırdı: “Yeni nəsil
öz dilində, deyə bilərik ki, tamamilə oxuyub-yaza bilir. Hamısı ibtidai məktəbləri
bitirmişlər. Əsirlər arasında orta təhsil görənlər də az deyil. Müxtəlif ixtisaslı ali
təhsillilərə də rast gəlinir. Müəllimlərlə həkimlər daha çoxdular. Mənim -
Azərbaycanda məmləkətin idari və iqtisadi ehtiyaclarını ödəyəcək qədər bir neçə
yüz ali təhsil görmüş gəncləriniz vardırmı? - sualına müsahiblərim əsəbi halda: -
Siz nə deyirsiniz, yüzlərdən deyil, minlərdən danışın... Biz öz-özümüzü idarə
edəcək bir vəziyyətdəyik! - deyə cavab verdilər. Ana dili ilə bərabər, əsirlər ruscanı
da bilirlər, lakin çox zəif. Məsələn, ruscanı kifayət dərəcədə bilməyən rus dili
müəlliminə rast gəldim. Bizə anlatdılar ki, ruscaya qarşı Qafqazyada xüsusi bir
müxalifət vardır... Sovet şəraiti və idarəsi ilə bağlı olaraq çox da yüksək səviyyədə
olmayan ümumi məlumat və biliklərinə baxmayaraq, azərbaycanlı əsirlərin dini
məsələlərdə tamamilə biliksiz olduqları nəzərə çarpırdı.
Azərbaycandakı yeni nəsil, deyə bilərik ki, dinə qarşı laqeyddir. Dini
mərasim və ibadətlərdən ən bəsit şeyləri belə bilmirlər. Məmləkətdə məscidlər
bağlanmışdır. Nə Ramazan, nə də Qurban bayramı sovet gənclərinə məlum
deyildir. Azərbaycanda əsgidən çox böyük əhəmiyyətə malik olan bahar xalq
bayramı – “Novruz” da dəbdən düşmüşdür. Azərbaycan, bütün Sovetlər Birliyi ilə
bərabər yalnız Oktyabr inqilabının siyasi bayramlarını və bir də Azərbaycanın
sovetləşdirildiyi günü qeyd edir. Yeni nəsil heç bir dua və namaz bilməz. (Çox
qüvvətli ailə ənənələrinin təsiri ilə adətləri yaxşı bilənlərə təsadüf olunur.) Krım
cəbhəsində əsir düşən azərbaycanlı kiçik yaşlı qızlar - bacılar namaz qılan
nənələrini necə ələ saldıqlarından danışırdılar. Əsirlərdən bəziləri alman ordusuna
legioner yazılmışdılar: bunlardan bir neçəsi faciəli bir hadisədən bəhs edirdilər.
Bölük komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən arkadaşlarını İslam
adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman
əl çəkməmişdir. İsrar edən komandirin əlindən qurtulmaq üçün azərbaycanlı
gənclər, nəhayət, bir çarə tapmışlar. Yeddi dəfə - “Ya Məhəmməd, ya Məhəmməd”
- deyə bağıraraq arkadaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ
məcburiyyətə düşərkən isə ölən arkadaşlarını “Arşın mal alan” operasından
nəğmələr oxuyaraq basdırmışlar...(180, səh. 108-110; 180, 105-107)
Azərbaycanlı legionerlərin geyimi, qidalanması da Sovet ordusundakından
olduqca yüksək idi. Aşağıdakı cədvəldə legionerlərə ayrılan ərzaq və qida
məhsullarının miqdarı verilmişdir:
Alman silahlı
qüvvələrində
legionerlər
Legionerlər
Drezden hər.kom.
15.05.45
Berlin hər. Kom.-lar
21.10.1941
20.12.41
20.05.45
Çörək
214
321
250
300
Ət
-
29
20
20
Yağ
10
19
7
7
Pendir
9
9
-
-
Qənd
21
32
15
15
Marmelad
21
25
-
-
Nehrmittel
14
21
15
30
Şəkər tozu
4
-
-
-
Kartof
714
1214
500
400
Tərəvəz
161
161
-
-
Duzlu kələm
20
39
-
-
İçkilər
4
4
3
5
Duz
15
25
13
13
(393, s. 178)
Qeyd edək ki, hər bir taburun ayrıca adı, yaxud nömrəsi vardı: “Aslan”,
“İgid”, “Dönməz”, “Berqman”, “Cavadxan”, 817, 818, 819 və s.
Bəzi taburlar Polşadakı Yedlino ərazisində formalaşırdı. Taburların şəxsi
heyəti isə Malkino və Deblin düşərgələrində təlim keçmiş hərbi əsirlərdən ibarət
idi. Sonradan legionun Qərargahı Fransanın cənubuna, Rodes şəhərinə köçürüldü.
Qeyd edək ki, Aslan (804-cü) taburu, 1942-ci ilin mayından
formalaşdırılmağa başlamışdı. Taburun komandiri alman Qloger, müavini Ə.
Düdənginski idi. Bu tabur Krasnodar ərazisindəki döyüşlərdə fəallıq göstərmişdi.
Sonradan Fransa ərazisinə, oradan isə Şimali İtaliyaya köçürülmüşdü. 1945-ci ilin
aprelində ABŞ hərbi hissələri taburun bir hissəsini əsir götürür. (98)
“İgid” taburu Sevastopol şəhəri istiqamətində döyüşmüş, sonra Rumıniya və
fransaya aparılmış, 1945-ci ildə ingilis-amerikan qoşunlarına əsir düşmüşdü.
“Dönməz” taburu 1942-ci ildə Ukraynanın Priluki şəhərində yaradılmış və
Qafqaz cəbhəsində vuruşmuşdur. Tamanda, Xarkovda, Kirovoqradda və Odessada
“Dönməz” sovet ordusuna qarşı döyüşlərdə fəallıq göstərib. Varşava üsyanının
yatırılmasına da həmin tabur cəlb edilmişdi. (98)
818-ci tabur da 1942-ci ildə yaradılmış və Qərbi Ukraynada, sonradan Polşa
ərazilərində sovet ordusu hərbi hissələrinə qarşı vuruşmuşdur. Sonradan tabur
Fransaya gətirilmiş, müharibənin sonlarında onların bir qrupu müttəfiq qoşunları
tərəfindən tərk-silah edilib sovet qoşunları komandanlığına təhvil verilmişdi. (98)
819-cu tabur isə əsasən Polşa ərazisində döyüşlər aparırdı. Bəzi hallarda
keşikçi funksiyasını yerinə yetirən tabur 1945-ci ildə sovet ordusu hissələri
tərəfindən dağıldı. (98)
Azərbaycanlı legionerlər döyüşlərdə əsl qəhrəmanlıq göstərirdilər.
Azərbaycanlı könüllülərin ilk uğurlu döyüşlərindən biri Qafqaz bölgəsində
Qaraçay türklərinin yaşadığı ərazilərdə olmuşdu. Ruslara qarşı vuruşan
azərbaycanlı əsgərlər ilk azad etdikləri kəndin adını “Zəfər kəndi” qoymuşdular.
Bu döyüşdən sonra azərbaycanlı əsgərlər yüksək rütbəli alman zabitinin
təşəkkürünü qazanmışdılar. Döyüşlərdə xüsusilə fərqlənən Fətəlibəyli Düdənginski
böyük şücaət göstərən azərbaycanlı və Qafqasiyalı türk dəstələrinə belə müraciət
etmişdi: “Qardaşlarım, bu qarlı dağların ardında bizi səbirsizliklə gözləyən
milyonlarca gözləri yaşlı əsir türk qardaşlarımız vardır. Onları qurtarmaq bizə
namus borcumuzdur, irəli...” (398, s. 2)
Dəstəyə başçılıq edən alman zabiti Şarnberq bu qəhrəmanlıqdan vəcdə
gələrək “bravo-əhsən, aslanlar” söyləmiş və məhz həmin döyüşçülərin çoxunun
toplandığı taburu “Aslan” adlandırmış, Fətəlibəyli isə tabur komandiri olmuşdu.
Qafqaz cəbhəsindən Krıma çəkilərkən yetmiş azərbaycanlı mücahidlə birgə alman
albayı Şarnberq də şəhid olmuşdu.
Azərbaycanlı legionerlərdən biri Qafqaz uğrunda - Vətənlərini
bolşevizmdən və rus əsarətindən xilas etmək üçün apardıqları döyüşü, onların yerli
əhali tərəfindən necə qarşılanmasını belə xatırlayırdı: “Almanlar dağlıların daxili
işlərinə qətiyyən müdaxilə etmədilər. Dağlılar da özlərinin ənənəvi qonaqpərvərlik
nəzakəti ilə almanları əzizləyir, hətta onları milli və dini bayramlarına dəvət
edirdilər”. (177, s. 64)
Azərbaycanlı legionerlərin uğurlu döyüş əməliyyatları tez-tez olurdu. Bu
uğurlar azərbaycanlılarla almanların münasibətlərini daha da yaxınlaşdırırdı.
Azərbaycanlı legionerlər xatırlayırdı: “Böyük bir qəsəbədə dayandıq. Təsadüfən
“Aslan” taburu komandanı, həmçinin, çadırını eyni məntəqədə qurmuşdu. Minbaşı
Elxan bəyin ziyarətinə getdim. Dostum mənim üçün bir səhra ziyafəti təşkil etdi.
Fəqət bu halda taburun radioçuları sol cinahda bütöv bir alman diviziyasının dəmir
məftillərə alındığını bizə xəbər verdilər. Ruslar ani bir basqın etmişdilər. O saat
Elxanla baş-başa verərək, vəziyyəti müzakirə etdik və silahdaşlarımızı xilas
edəyim, - deyə qəti bir qərara gəldik. Mən təcili geri döndüm. Bir neçə saat sonra
hər iki taburumuz hücuma keçdi. Hazırladığımız plana görə, düşmən dəmir
məftilləri iki tərəfdən qıracaq və rusların özləri dəmir məftillərə alınacaqdılar.
“Timur” və “Aslan” taburlarımız ildırım sürətilə irəlilədilər. “Allah, Allah” sədası
rus torpağını bir daha titrətdi. Bütün bir ehtiyat ordu basqın edirdi sanki. Təbii,
almanlar da bir qəhrəman kimi vuruşurdu. Ruslar iki atəş arasında qalaraq, xeyli
itki verdilər. Sağ qalanlar isə fərarilik etmək istəyirdilər. Fəqət onların da sinələrinə
türk süngüləri saplandı. Qəhrəmanlarımız həm süngü işlədir, həm də hayqırırdılar:
- Türküstan naminə, Qafqaz naminə, Krım naminə, İdil-Ural naminə, Türklər
naminə, İnsanlıq naminə... Bəli, bütün bu döyüşlər türklük və insanlıq naminə
edildi. Ruslarla bərabər döyüşmək istəməyən və “yoldaş” deyə həqarətə uğrayan
soydaşlarımız, ruslara qarşı döyüşlərdə bir aslan kimi kükrədilər. İşin sirri harda
idi? Bəlli deyildir. Milli idealları uğrunda döyüşə girən bütün övladlarının ümumi
və tarixi bir adları vardır: “Aslan”. (7, s.95-96)
Azərbaycan legionerlərinin cəsarətli və qorxmaz olduğunu döyüşlərdəki
şücaətini sübut edən bir başqa xatırlamada isə göstərilirdi: “Taburumuz yenicə
təşkil edilmişdi. Nizami soydaşlarımız ruslarla bir an əvvəl qarşı-qarşıya gəlmək
istəyirdilər. Fəqət bağlı olduğumuz alman diviziyasının komandanı bizim cəbhə
arxasında gözləməmizi əmr etdi. Yəqin ki, bizə etimad etməyirdi. Nə edə bilərdik.
Almanların “Bəfexi, ist bəfexi” (əmr-əmrdir) sözlərini xatırladıq və gözlədik. İki
gün sonra ruslar cəbhə arxasındakı bir təpə ətrafında paraşütçülər endirdilər.
Bundan daha yaxşı bir fürsət ola bilməzdi? Heç bir əmr-filan gözləmədən hərəkətə
keçdik. Mən rusları tələyə salmaq üçün plan hazırladım və onu sübut etdirməyə
başladım. Rus dilində yaxşı bilən bir soydaşımız rus komandirinin əleyhinə bu -
sözlərlə xitab etdi: - Bizim də hissəmiz almanların işğal etdikləri məntəqələrdə
fəaliyyət göstərmək üçün göndərilmişdir. İki gün öncə bütöv bir alman birliyini
məhv etdik və alman əsgərlərinin hərbi paltarlarını geydik. Bu hərbi paltar hiyləsi
ilə daha böyük alman birliklərini tələyə salacağıq. Haydı, bizim qərargahımıza
doğru gedəyin. Edəcəyimiz bir çox işlər var.
Paraşütçü birliyinin komandanı öz əsgərlərini başsız buraxaraq bir neçə
nəfər zabit ilə bərabər bizim qərargahımıza qədər gəldi. Budur, mən də onun belə
bir ağılsızlıq etməsini istəyirdim. Tez özünü və zabitlərini yaxaladım. Başsız
qalmış əsgərlərini isə bir güllə belə atmadan əsir aldıq”. (177, s.98-99)
“Onlar türklərdir” xatirə kitabında azərbaycanlı legionerlərin döyüşdəki
qəhrəmanlığı belə təsvir olunurdu: “Artıq alman komandanlığının etimadını
qazanmışdıq. Bizi cəbhəyə göndərdilər. Mənəviyyatımız bir daha möhkəmlənmiş
oldu. Diviziya komandanlığı qəsəbəyə doğru gələn hər iki yolu müəyyənləşdirdi və
yeni bir hücum planı hazırlamağa başladı. Diviziya komandiri əmr verdi, hazırlıq
işlərimizi bir gündə qurtardıq və ertəsi gün hələ tamamilə təmizlənməmiş olan
minalı yollar arasından hücuma başladıq. Ruslar çaşmışdılar. Buna baxmayaraq,
üstünlük bunların tərəfində olduğuna görə yerlərini tərk etmək istəmirdilər.
Dəhşətli bir döyüşdən sonra əsgərlərimiz irəlilədilər və düşmənlə üzbəüz
vuruşmağa başladılar. Döyüş şiddətlənincə, Stalin strategiyasının yeni bir
formasının şahidi olduq. Rus topçuları bütün döyüş sahəsini topa tutdular və artıq
biri digərinin sahəsinə daxil olmuş hər iki tərəfin qüvvələrini ləğv etmək istədilər.
Bu halda üçlü təyyarə eskadrası yardımımıza gəldi. “Messer”lər düşmən
batareyasını bir neçə dəqiqədə susduraraq, rəsmi keçid etmiş kimi döyüş sahəsi
üzərindən uçub keçdilər. O dəqiqə maşınların səs və gurultuları da düşməni
vahiməyə saldı. Ruslar artıq məğlub olmuşdular. Biz düşmənlərdən bir qismini
məhv edərək bir xeyli irəliləmiş və döyüş həyəcanı içində iki düşmən qüvvəsinin
arasına soxulmuşduq. Qırmızı həriflər fürsət tapıb hər iki tərəfdən üzərimizə
hücum etdilər. Dərhal süngülərimizi taxdıq və rusların “ura” bağırtılarına qarşı
“Allah” - deyə hayqırdıq. Türkün “Allah, Allah” sədası qarşısında rusun “ura”
bağırtıları elə sönük və zəif idi ki... Bu qanlı döyüşdə ruslar məğlub oldular, bir çox
rus zabiti və əsgərlərini əsir aldıq. Diviziya komandanı bütün yüksək hərbi
rütbəlilərlə bərabər bizi təbrik etməyə gəldi. Soydaş aslanlarımı alman dostlarımıza
təqdim etdim və yeni hərbi formaları ilə əsgi çar ordularını andıran rus əsgərlərini
də onlara göstərdim. Dostlarımız və düşmənlərimiz dərin bir heyrət içində idilər.
Çünki, rusları məğlub etmiş olan aslanlar, dünən “yoldaş” deyə həqarət etdikləri
türk uşaqları idi. Almanlar heyrət edirdilər. Çünki, hünər göstərən həmin əsgərlər
dünənə qədər “Untermanş” (“ən aşağı adam”) - deyə onların istehza etdikləri
əsirlərdi”. (177, s. 99-102) Azərbaycan legionerlərinin döyüşlərdəki fədakarlığı
alman hərbi komandanlığı tərəfindən lazımınca qiymətləndirilirdi. Keçmiş
legionerlərdən biri ilk keçirdikləri uğurlu döyüşü belə xatırlayırdı: 1942-ci ilin
yanvar ayında Polşanın Yedlino şəhərində toplanmış 7000 qafqaziyalılardan
mürəkkəb əsgəri birlik - 804 saylı tabur (bu tabur sonradan əsasən
azərbaycanlıların adı ilə bağlandı) alman minbaşısı Qlogerin rəhbərliyində
Qafqasyaya göndərildi. Taburumuz “Mostovoy” bölgəsinin “Çubinski” kəndinə
daxil oldu. Burada 4-cü alman dağ alayı ilə birləşərək hərəkət əmrini aldı.
Avqustun 26-da səhər saat 4-də minbaşı Qlogerin əmri ilə taburumuzun 2 və 4-cü
bölükləri ilə bir alman dağ alayının köməyi ilə hücuma keçdik. Kəndlərə iki yüz
metr qalmış komandiri Xasay taqım komandirlərinə son əmrlərini bildirdi. Buna
uyğun hücuma keçdik... Bizim vuruşmamıza şahid olan alman dağ bölüyünün
komandiri Moritz bunları söylədi: “Məni 4-cü dağ alay komandiri general N.
Braun sizin hamınızdan raport yazmaq üçün bura göndərdi. Vuruşmağınızı
gördüm, heyran qaldım. Əsgəri məktəbdə ikən türklərin hərb meydanında şücaətlə
vuruşduqlarını oxumuşdum. Bu gün sizi gördükdən sonra buna şahid oldum.
Raportum sizi mədh edən sətirlərlə dolacaqdır” (135, s. 25-26).
Belə uğurlu döyüşlərdən sonra alman yüksək komandanlığının xüsusi
təbriki də oxunurdu. Təsadüfi deyildi ki, 1942-ci ilin oktyabrında Şərq könüllü
birliklərinin komandanı general Köstrinq “Bahovisko” bölgəsində 804-cü taburun
bütün döyüşçülərini toplayıb demişdi: “Sizin yeni bir qəhrəmanlığınızı daha
duydum, çox sevindim və sizi xüsusi olaraq təbrik etmək üçün buraya qədər
gəldim. 804 saylı taburun buraya göndərilməsinin səbəbi, sizə olan etimadımızı bir
daha gücləndirmək üçündür. İndi biz qafqaziyalıların ruslara qarşı almanlardan
daha yaxşı çarpışmaq qüdrətində olduğunu anladıq. Yaşasın vətən uğrunda
çarpışan qafqasya qəhrəmanları!” (403, s.25-26).
General Köstrinq axşam ziyafətində isə tərifli sözlərini belə
yekunlaşdırmışdı: “Mən uzun illər Moskvada hərbi attaşe olaraq çalışdım. Bu
etibarla sizləri yaxşı anladım. Baş komandanlığa da, qafqaziyalıların yalnız indi
deyil, 100 ildən bəri vətənləri üçün vuruşduqlarını söylədim və bu ölkə
övladlarının şücaətini tərif etdim” (403, s. 25-26).
Azərbaycan legionerlərinin yüksək döyüş bacarığı və qorxmazlığı haqqında
Berlində çap edilən “Siqnal” qəzetində də çoxlu məlumatlar dərc olunurdu: “Aslan
sözünün azərbaycanca mənası şir deməkdir. 1943-ci ilin yazında, bu söz bütün
Kubanda şərəf və qəhrəmanlıq rəmzinə çevrildi. Cəbhənin bu bölgəsindəki
döyüşlərdə fərqlənən mayor Fətəlibəylinin başçılıq etdiyi Azərbaycan taburu
döyüşçülərini “Aslan” adlandırırdılar. Mayor isə indinin özündə belə həyəcanını
gizlətmədən bu qəhrəman günləri xatırlayır. Yüksək şərəf rəmzi hücum nişanıdır.
Yalnız əlbəyaxa döyüşdə müstəsna bacarıq və kişilik göstərənləri həmin nişanla
təltif edirlər. Kuban çöllərində azərbaycanlı döyüşçüləri şərqli könüllülərdən
birinci olaraq ilk belə hücum nişanlarına layiq görüldülər. Belə nişanlardan biri
mayorun da döşündən asılıb”. (344, s.4)
Qeyd etdiyimiz kimi, Azərbaycan legionerlərinə əvvəlcə qrup halında
başçılıq edilsə də, (A. Atamalıbəyov, F. Əmircan və Ə. Fətəlibəyli-Düdənginski)
burada daha çox fəallıq göstərən Ə. Fətəlibəyli-Düdənginski idi.
Ə. Fətəlibəyli-Düdənginski əslən Naxçıvanın Şərur rayonundandır. O,
1908-ci il iyunun 12-də Şərurun Düdəngə kəndində anadan olmuşdur. Ata-babaları
məşhur Səfəvi nəslinə mənsubdur. “Əlincə yaddaşı, Naxçıvan, 1914-1992”
kitabında bu haqda maraqlı məlumatlar verilmişdir: “Arpaçayın sol sahilində
məskunlaşan səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri də
dövlət aparatalarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti
səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan
bir qayda olaraq qəzanın mirabı seçilərdi. 1914-1915-ci illərdə onu bir neçə dəfə
şəxsən görmüşdüm, boy-buxunlu, saqqallı kişiydi. Səfəvilər 1920-ci ildən etibarən
xeyli zəifləmiş, mülkləri dağılmış, özləri də pərən-pərən düşmüşlər. Səfəvilərin
nümayəndəsi Teymur bəy ömrünün sonunadək Şərur Qəza İcraiyyə Komitəsinin
katibi vəzifəsində işləmişdir. Tağı bəy Baş Noraşen natamam orta məktəbində rus
dilini tədris etmişdir. Allah rəhmət eləsin, mən də ondan dərs almışam.
Səfiyevlərdən Əbdürrəhman (Abo) Fətəlibəyov İsmayıl xanın (Nəso xanın) nəvəsi
idi. Qərəz, İsmayılın övladları - Bəhlul xanı, Beytulla xanı, Rəşid xanı sovet
hökuməti zülmə düçar etdi, axırına çıxdı. Beytulla xandan başqa, hamısı məhv
oldu. Səfəvilərin həm də Dərələyəzdə yaşayan Vəkilovlarla qohumluğu vardır.
Səfiyevlər sülaləsində qalan nəslin az bir qismi hazırda Baş Noraşendə -
Cəlilkənddə məskundur. Bu sülalənin görkəmli şəxsiyyətlərindən biri də uzun illər
ictimaiyyətimizə Vətən xaini kimi təqdim olunan Əbdürrəhman (Abo)
Düdənginskidi. Mən Abonu üç dəfə görmüşəm. Kəlbalı xan ona oxşayırdı.
Olduqca cəsur, mərd adam idi. Hakimiyyətə gəlmiş yeni təhsil görməyən, amma
vəzifədə olan adamları incidərdilər. 1929-cu ildə Abonu (Əbdürrəhmanı)
komsomol sıralarından xaric edəndə, gənc Əbdürrəhman ona amansız mövqe
tutanlar qarşısında əsəblərini cilovlaya bilməyib ağlayır və deyir ki, məni atama
görə cəzalandırırsınız, axı, mən onu görməmişəm, Allahın himayəsində
böyümüşəm. Tənələrə, təhqirlərə dözməyən yeniyetmə kəndi gizlincə tərk edib
Tiflisə gəlir. Tiflisdə hərbi məktəbdə oxuyan Əbdürrəhmanla tez-tez görüşərdik.
Zaqafqaziya Kommunist Universitetində oxuyan naxçıvanlı tələbələrin yanına
vaxtaşırı gələrdi, tələbə dostum Hüseyn Mahmudovla dostluq edərdi. Gözündə
daim kədər var idi, doğma kəndində verilən mənəvi əzablar ona rahatlıq verməzdi.
Zavallı bilmirdi ki, qohumlarının qarşılaşacağı müsibətlər hələ irəlidə idi. Açıq
danışmağı sevirdi, düz sözün aşiqi idi. Qətiyyətlə deyirəm: o heç zaman el-obasına,
doğma xalqına dönük çıxa bilməzdi. Hər zaman bu fikirdə olmuşam”. (105, s.121-
122)
Ə. Fətəlibəylinin atası Əli bəy Fətəlibəyli Naxçıvanın Şərur rayonunun
Düdəngə, Zeyvə kəndlərinin bəyi olaraq hörmətli, tanınmış şəxsiyyətlərdən biri
olmuşdur. Əli bəy çar Rusiyasının vaxtında Türküstan, sonralar İrəvan
quberniyasının sərhədi boyu zabit kimi xidmət etmişdir. İrəvan quberniyasında
olan vaxt zabitlər yığıncağında bir rus zabiti müsəlman dininə istehza etdikdə, Əli
bəy qılıncı ilə rus zabitini vurmaq istəmişdir. Oradakı zabitlər Əli bəyi
sakitləşdirmişlər. Bir ay sonra Əli bəyi zəhərləyib öldürdülər. Böyük oğlu Qulam
(Əbdürrəhman Fətəlibəylinin qardaşı) xatırlayırdı: “Biz gələn günün sabahı zabitlər
yığıncağında axşam yeməyindən sonra ağam özünü pis hiss elədi, gecə yarısında
keçindi. Bu xəbər çatan kimi qaynı Nəsrulla xan bir neçə nəfərlə hərbi hissəyə
gedərək Əli bəyin cəsədini gətirib Düdəngədə dəfn elədilər. Bu yolla Əli bəyi
1910-cu ildə zəhərləyib öldürdülər”. (148)
Atası belə faciəli surətdə öldürüləndə Əbdürrəhman bəyin iki yaşı vardı. F.
Düdənginski gənc yaşlarında əsgər getmiş, hərbi piyada məktəbini bitirmiş, (124)
Azərbaycan diviziyasında zabit olmuşdur. 1935-1936-cı illərdə Moskva Hərbi
Akademiyasına oxumağa göndərilmişdir. 1937-ci ildə Bakıda məzuniyyətdə
olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir.
Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada
(indiki Sankt-Peterburq) aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci
ildə Leninqradda ilk övladı Əli anadan olub.
Qeyd edək ki, Ə. Düdənginski olduqca bacarıqlı bir zabit idi. O, 1939-cu
ildə Finlandiya müharibəsində iştirak etmiş, “Qırmızı Ulduz” ordeni ilə təltif
olunmuşdur. O, bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi
işləmişdir. 1940-cı ildə Sovet ordu hissələri Pribaltika respublikalarını işğal
etdikdən sonra Ə. Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada
almanlara əsir düşmüşdür.
Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə də
Ə. Fətəlibəyli-Düdənginskini yüksək qiymətləndirir və onunla ilk görüşünü belə
xatırlayırdı: “Hərarətli və anlayışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın
əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu.
Milli Azərbaycan Komitəsi, nasist alman məqamlarına məram anlada bilmədi.
Hitler “heç bir komitə istəmirəm” demiş, təşkil olunan milli legionlarla ordu
qərargahı arasında rabitə vəzifəsini aparan məhdud və müəyyən işlərlə bağlı olan
“Rabitə Heyətləri” (Əlaqələr heyəti) qurulmasını əmr etmişdi. Azərbaycan Rabitə
Heyətinin başına da mərhum Fətəlibəyli gətirilmişdi.
İş bu şəkil alınca, mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmənna edərək,
fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, onu
mənən dəstəkləyəcəyimizi vəd etmişdik”. (178, s.11-14; 181, s. 64).
Sonralar SSRİ-nin Müdafiə Naziri olmuş, bir zamanlar Ə. Fətəlibəyli ilə
birgə Baş Qərargahın Akademiyasında oxumuş Sovet İttifaqı Marşalı A. Qreçko
yazırdı: “O, heyrətedicı bir aydın ağıla və təhlil düşüncəsinə malik idi. O,
anadangəlmə komandir idi. Hərbi taktika məsələlərində bizim heç birimiz onunla
müqayisə oluna bilməzdik”. (12, s. 105)
Mühacirət illərində sovet rejiminə qarşı ideoloji mübarizə aparmış,
“Hakimiyyətin texnologiyası”, “Partokratiya”, Stalin və Beriya haqqında kitablar
müəllifi kimi tanınmış, əslən çeçen millətindən olan Əbdürrəhman Avtorxanov Ə.
Fətəlibəylini belə dəyərləndirirdi: “Hardasa 1943-cü ilin ortalarında, mən Berlində
Vermaxtın Ali Komandanlığının (OKV) qəbulunda qafqazlı görkəmində, sovet
hərbi əsiri zabiti formasında olan (xarici görkəmindən hiss edilirdi ki, o,
düşərgədən yenicə azad olunub) bir nəfərlə qarşılaşdım. Hiss olunurdu ki, həmin
şəxs fikirlidir, daxili qayğıları ilə məşğuldur və taleyin ona nə hazırlayacağını
düşünür. Qəbul otağında adamlar çox idi və bir qədər tərəddüddən sonra mən ona
yaxınlaşıb qafqazlı olub-olmadığını soruşdum. Gözlənilməz sualdan o, səksəndi və
cavab vermək əvəzinə eyni sualla da mənə müraciət etdi. Mən özümü təqdim
etdim. O da özünü təqdim etdi: keçmiş sovet ordusu mayoru, azərbaycanlı Əbo
Düdənginski. Həmin vaxtdan bizim dostluğumuz başladı. İnanıram ki, Abonu
ömründə bir dəfə görən şəxs, bu qeyri-adi insanı heç zaman unuda bilməz. Onun
şəxsi ünsiyyəti, onun şahzadəliyi, onun çətinliyə düşən hər şəxsə köməyə hazırlığı
hamını heyran edirdi. Onun bu xarakterindən “NKVD” qatili, onu öldürməyə
göndərilmiş Mikayıl İsmayılov da istifadə etdi.
Abo Düdənginski (mən heç vaxt ondan əsl familiyasını soruşmurdum -
Düdənginskidir, yaxud Fətəlibəylidir) hərbi əsirlər düşərgəsindən azad edildikdən
sonra OKV (Ali Baş Komandanlıq) ona Azərbaycan legionlarına komandanlıq
etməyi təklif etdi. (Almanlar şərq xalqlarından belə legionlar yaradırdılar:
Türküstan, Azərbaycan, erməni, gürcü, şimali qafqazlı və s.)... Abo doğma
Azərbaycanını ürəkdən sevirdi, lakin şovinist deyildi. O, alovlu və inamlı Qafqaz
patriotu idi. Qafqaz bu gün çox ağır və kədərli günlərini yaşayır. İnanıram ki, bizim
ümumi Qafqaz evimiz qardaşlıq dünyasına qayıdacaq və bu, Fətəlibəyliyə qoyulan
ən yaxşı heykəli olacaq”. (206, s.59-60; 205)
Ə. Fətəlibəylinin Azərbaycan İrtibat Qərargahına gətirilməsini və bu işə
rəhbərliyini keçmiş legioner Məhəmməd Kəngərli belə xatırlayırdı: “O,
Azərbaycan legionunun layiqli mövqeyini nümayiş etdirmək üçün legionun
cəbhəyə göndərilməsini alman məqamlarına tövsiyə etmiş və sonradan cəbhələrdə
qızıllara qarşı mücadilədə göstərmiş olduqları üstün bacarıq və qəhrəmanlıqlardan
dolayı alman məqamları tərəfindən “Aslan” adı verilən 804-cü tabur ilk dəfə olaraq
1942-ci ildə Qafqasya cəbhəsinə sövq edilmişdi. Gecəni gündüzə qataraq
çalışmanın nəticəsində qısa bir zamandan sonra bütün hazırlıqları tamamlanan beş
azəri taburu da 17-ci alman ordusuna bağlanaraq cənub cəbhəsindəki savaşlarda,
xüsusən Krım cəbhəsində böyük bacarıqlar göstərmişdilər”. (144)
Keçmiş legionerlərdən Əflan Muğan da Ə. Fətəlibəylinin alman hərbi
dairələrində böyük nüfuza malik olması ilə bağlı maraqlı məlumatlar çap
etdirmişdi. O, yazırdı ki, komandiri olduğum birinci taburu əslən ruslardan ibarət
olan Don kazaklarının təşkil etdiyi birliklərə birləşdirmək istəyirdilər. Lakin
Berlinə gedib Ə. Fətəlibəyliyə problemi çatdırdıqdan sonra o, qısa bir zamanda hər
şeyi bizim xeyrimizə həll etdi. (109, s. 13-14) Bu onun alman hərbi
komandanlığında yüksək əlaqələrinin olduğunu göstərirdi.
Ə. Fətəlibəylinin doyüşlərdəki cəsurluğu, qəhrəmanlığı haqqında legioner
Şamil Atabəy yazırdı: “1942-ci ilin ortalarından başlayaraq Fətəlibəyli
legionerlərlə birlikdə cəbhədə idi. Qısa bir vaxtda Fətəlibəylinin başçılığı altında
olan legionerlərin qəhrəmanlığı almanları heyrətə gətirirdi”. (215, s. 61-62)
Mayor Ə. Fətəlibəyli Düdənginskinin Almaniyadakı fəaliyyətinin ən
mühümü onun Azərbaycan Konfransını təşkil edib keçirməsi oldu. M. Ə.
Rəsulzadə yazırdı: “Mərhum, üzərinə aldığı vəzifəyə başlarkən Rabitə Heyətinin
yanında bir təbliğat təşkilatı da vücuda gətirmiş, bu məqsədlə, 6 qasım (noyabr)
1943-də Berlində bir Qurultay çağırmışdı. Qurultayın Fətəlibəylinin raporu üzərinə
qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdır”.
(118, s.12)
Qeyd edək ki, 1943-cü ilin noyabrın 6-11-də Berlində Azərbaycan “Milli
Birlik” Məclisinin təşəbbüsü ilə çağırılan Azərbaycan Qurultayının böyük
əhəmiyyəti oldu. Belə ki, digər xalqların mühacir və legionerləri arasında ilkin
olaraq azərbaycanlılar öz qurultaylarını keçirdilər.
Dostları ilə paylaş: |