NƏSĠman yaqublu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix01.01.2017
ölçüsü1,55 Mb.
#3900
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 
IX BÖLÜM 
 
1943-CÜ ĠLDƏ BERLĠNDƏ MĠLLĠ AZƏRBAYCAN 
QURULTAYININ KEÇĠRĠLMƏSĠ. QURULTAYIN QƏBUL ETDĠYĠ 
QƏRARLAR 
 
1943-cü  ilin  noyabrın  6-da  Almaniyanın  Berlin  şəhərindəki  “Kayserof”   
mehmanxanasında  Milli  Azərbaycan  Qurultayı  keçirildi.  (8)  Azərbaycan  Milli 
Qurultayının  keçirilməsində  əsas  təşəbbüskar  Ə.  F.  Düdənginski  idi.  Belə  ki,  o, 
Almaniyadakı  müxtəlif  azərbaycanlı  qurumların  nümayəndələrilə  danışıqlardan 
sonra,  həmin  qrupların  birləşdirilib  vahid  orqan  yaradılması  ideyasını  Vermaxt 
qərargahında  irəli  sürür  və  bu  fikir  qəbul  edilir.  (Qeyd  edək  ki,  həmin  vaxt  
Almaniyada Milli Azərbaycan Komitəsi, Gənc Azərbaycanın Millətçilər Qrupu və 
digər  qruplar  vardı).  SSRİ-yə  və  bolşevizmə  qarşı  yönələcək  bu  birləşmədən 
Almaniya  dövləti  də  öz  maraqlarına  uyğun  faydalanmaq  istəyirdi.  Bu  məqsədlə    
də Almaniya hökuməti Azərbaycan Milli Qurultayının keçirilməsinə şərait yaratdı.  
Avropanın  müxtəlif  ölkələrindən  dəvət  olunmuş  azərbaycanlılar,  cəbhələrdən, 
döyüş  bölgələrindən  gələn  əsgər  və  zabitlər,  qonaqlar  Milli  Azərbaycan 
Qurultayının keçirildiyi ilk günü salona toplaşmışdılar. Mehmanxana salonu çoxlu 
sayda  adamlarla  dolmuşdu.  Salon  üçrəngli  milli  Azərbaycan  və  Almaniya    
bayraqları  ilə  bəzədilmişdi.  Qurultaya  Berlindən  gəlmiş  nümayəndə  Tuqay  bəy 
ayağa qalxaraq ağsaqqallardan birinin tədbiri açmasını xahiş etdi. Sürəkli alqışlar 
altında tanınmış Azərbaycan hərbçisi, bir zamanlar Gəncə üsyanına başçılıq etmiş 
Cahangir  bəy  Kazımoğlu  kürsüyə  qalxıb  Milli  Azərbaycan  Qurultayını  açıq  elan 
etdi. Cahangir bəy öz çıxışında qurultayın milli istiqlal tarixində oynadığı mühüm 
rol  və  əhəmiyyətini  qeyd  etdikdən  sonra,  tədbirin  çağırışına  təşəbbüs  edən     
vətəndaşlarımıza  və  milli  məsələlərimizin  həllinə  imkan  yaradan  dost  almanlara 
toplantıdakılar adından təşəkkürünü bildirərək dedi: “Yurddaşlarım! Azərbaycanın 
azadlığı  və  istiqlalı  uğrunda  bundan  23  il  əvvəl  bolşevik  istilaçılarına  qarşı 
mübarizəyə  girən  və  mübarək  vətənin  hər  qarış  torpağını  qanı  ilə  boyayan  Milli 
Azərbaycan  Ordusunun  köhnə  bir  zabiti  olaraq  mən,  o  ordunun  davamçıları  olan 
qəhrəman  legionerlərimizin  nümayəndələrini  salamlamaqdan  böyük  bir  zövq 
duyuram.  Azərbaycan  xalqı  bir  çox  dəfələr  öz  milli  hüququnu  silah  ilə  müdafiə 
etmək  məcburiyyətində  qalmışdır. Cavad xanın  milli istiqlal  uğrundakı qəhrəman 
mübarizəsi,  bolşevizmə  qarşı  edilən  Gəncə,  Şəki,  Zaqatala,  Qarabağ  üsyanları  və 
digər  bir  çox  silahlı  çıxışlar  azadlıq  yolunda  aparılan  bu  mübarizələrin  parlaq 
nümunələridir.  Bu  gün  də  bizim  qəhrəman  legionerlərimiz,  Böyük  Almaniyanın 
müzəffər ordusu ilə çiyin-çiyinə, yalnız öz istiqlaliyyəti üçün deyil, eyni zamanda 

bəşər  mədəniyyətinin  mühafizəsi  üçün  mübarizə  edirlər.  Bolşevizmə  qarşı 
mübarizə  hər  millətin  müqəddəs  borcudur  və  biz  azərbaycanlılar  bu  borcumuzu 
yerinə yetirməkdən böyük bir xoşbəxtlik hiss edirik. 
Vətəndaşlar!  Hərb  qəti  bir  mərhələyə  girir  və  biz,  millətlərin  taleyini 
həlledəcək  olan  hadisələrə  hazır  olmalıyıq.  Aramızda  milli  birlik  və  intizam 
yaratmaq bizim üçün ən lazımlı bir vəzifədir. Bu məsələdə qurultayımız öz sözünü 
söyləməlidir. Biz daima öz milli hüququmuz uğrunda mübarizə etdik və edəcəyik. 
Bu  mübarizə  üçün  biz,  bütün  xalqın  etimadını  qazanan  avtoritetli  və  qüvvətli  bir 
təşkilata  malik  olmalıyıq.  Bu  günkü  toplantımızın  əsaslı  məsələlərindən  biri  bu 
milli  təşkilatı  qurmaq  olacaqdır.  Ona  görə  qurultayımızı  idarə  etmək  üçün 
vətəndaşların bir Rəyasət Heyəti seçmələrini rica edirəm”. (91) 
Qurultayda Cahangir bəyin giriş sözündən sonra döyüş meydanından yenicə 
gəlmiş  zabit  Süleymanov  söz  alaraq,  Rəyasət  Heyətinin  seçilməsini  təklif  etdi. 
Abbas bəy Atamalıbəyova tapşırıldı və o, kürsüyə qalxıb Qurultaya sədrlik etdi və 
qısa,  lakin  dərin  mənalı  nitq  söylədi.  Rəyasət  Heyətinin  sədri  Abbas  bəy 
Atamalıbəyov  çıxışında  dedi:  “Əziz  vətəndaşlarım!  Bu  gün  Azərbaycan  milli 
hərəkatı  tarixində  ən  görkəmli  günlərdən  biridir.  Uzun  bir  fasilədən  sonra  azəri 
türkləri yenidən səslərini ucaltmaq və xalqımızın nəsillərinin, uğrunda vuruşduqları 
milli idealları gur səslə söyləmək imkanına  malik olmuşlardır. Bu imkanı  biz, bu 
gün  böyük  Almaniyanın  paytaxtı  Berlində  əldə  etdiyimizdən,  bu  iş  üçün  böyük 
alman xalqına, onun rəhbərinə və şanlı legionerlərimizin çiyin-çiyinə vuruşduqları 
qəhrəman əsgərlərinə öz dərin təşəkkürümüzü izhar edir və salamlarımızı yetiririz. 
Vətənimizin  azadlığı  və  istiqlalı  uğrunda  mübarizədə  xalqımız  bir  çox 
qəhrəmanlıqlar  göstərmişdir.  Ən  yüksək  ideallarımız  uğrunda  şəhid  olanları 
xatırlamalıyıq və mən onların əziz xatirələrini yada salmaq üçün hamınızın ayağa 
qalxmanızı  təklif  edirəm.  (Qurultay  nümayəndələri  ayağa  qalxarkən  salonda  tam 
bir səssizlik və  hörmət  vardı). İkinci  növbədə isə, düşüncələrimiz  - orada, doğma 
vətənimizə,  ana-bacılarımızın,  ata  və  qardaşlarımızın  qaldığı  yerə  çevrilməlidir. 
Onlara  səmimi  salamlarımızı  yetirməklə,  ümid  verməliyik  ki,  tezliklə  biz,  azad 
edilmiş  xoşbəxt  vətənimizdə  öz  əziz  qohumlarımız  və  yaxın  dostlarımızla 
görüşəcəyiz. Daha sonra düşdüyümüz - vəziyyət və şəraitdən asılı olaraq, burada - 
bizim  aramızda  bulunmayan  və  öz  təbriklərini  belə  göndərə  bilməyən 
vətəndaşlarımız olmalıdır. Bunlar - Türkiyədə, İranda və həmçinin başqa ölkələrdə 
olan  çoxsaylı  mühaciratımızdır.  Lakin  əgər  onlar  cismən  burada  deyildilərsə  də, 
ruhən və fikrən bizimlə birdirlər və bizim burada söylədiyimiz  fikir və ideallarda 
bütünlüklə  və  tam  qəlblə  şərikdirlər.  Onların  arasında  illər  boyu  bu  idealların 
təntənəsi  uğrunda  çalışan  şəxslər  vardır.  Mən  bunlardan  1.Məhəmməd  Əmin 
Rəsulzadə;  2.Xəlil  bəy  Xasməmmədli;  3.Mustafa  bəy  Vəkilli;  4.Mir  Yaqub  bəy 
Mehti; 5.Şəfi bəy Rüstəmbəyli; 6.Adil xan, Ziyad xan və Abduləli bəy Əmircanın 
qurultayımızın  fəxri  üzvləri  hesab  edilməsini  təklif  edirəm.  (Hər  tərəfdən  alqış 
dalğaları  yüksəldi.  Təklif  bir  səslə  qəbul  edildi).  Mən  istiqlal  uğrundakı  milli 

mübarizəmizin  tarixi  üzərində  dayanmayacağam.  Bu  haqda  indicə  şücaətli 
mayorumuz  Fətəlibəyli sizə  öz  siyası  məruzəsini söyləyəcəkdir. Mən  yalnız  qeyd 
etmək  istərdim  ki,  son  23  il  tariximizin  ən  qara  dövrü  olmuş,  xalqımız  yadelli 
bolşevik  hakimlərinin  əsarəti  altına  düşmüşdür.  İştə  buna  görə,  minlərlə 
vətəndaşlarımız könüllü olaraq Qızıl Ordu sıralarından qaçır və bu gün milli legion 
sıralarında alman əsgərləri ilə yan-yana qəhrəmancasına  vuruşurlar.  Azərbaycan 
xalqının    öz    ənənəvi  idealları  uğrunda  mübarizəsi  mütəşəkkil  olmalıdır.  Yalnız, 
bütün  qüvvətlərmizin  milli  birlik  ideyası  ətrafında  sıx  sıralarla  və  intizamla 
toplanması  bizi  milli  ideallarımızın  təntənəsinə  və  vətənimizin  gələcək  xoşbəxt 
həyatına  apara  bilər.  Bu  gün  toplanmış  olan  qurultayın  məqsədi  bu  milli  birliyi 
yaratmaq  və  onu  həyata  keçirməkdən  ibarətdir.  Sıx  toplanmış  və  öz  ideya 
cəbhəsində möhkəm duran millət hər zaman dostların ruh yüksəkliyinə, hörmətinə 
səbəb  olur  və  düşmənləri  onunla  hesablaşmağa  məcbur  edir.  Azərbaycanlıların 
müstəqil  həyat  sürmək  və  öz  doğma  torpaqlarının  azad  sahibləri  olmaq  tələbi  -
müqəddəs və parçalanmaz bir haqdır. Bir çox yüzillik ənənələr bizi, Şimali Qafqaz
Gürcüstan  və  Ermənistan  xalqları  ilə  bağlamışdır.  Gələcək,  bu  xalqlar  ailəsini 
vahid dostluqda daha sıx bağlamalı və bağlayacaqdır. Bu, yalnız tam bərabərlik və 
qarşılıqlı hörmət əsasında ola bilər. Azərbaycanlılar heç bir zaman unutmamış və 
unutmazlar  ki,  onlar  türk  irqinə  və  türk  qanına  mənsub  xalqdır.  Bunun  üçün  də 
qohumluq və hüsn-rəğbət hissi onları digər türk xalqları ilə də bağlayır. Bu xalqlar 
içərisində Türküstan, İdil-Ural və Krım xalqları da bizim kimi eyni şərait daxilində 
bolşevik  zülmündən  azad  olmaq  istəyi  ilə  öz  istiqlaliyyəti  uğrunda  mübarizə 
edirlər.  Biz,  bu  mübarizədə  onlara  ürəkdən  müvəffəqiyyətlər  diləyirik.  Bu  gün 
qurultayımızın açılışı münasibətilə, öz sevincini izhar etmək və sizi səmimi qəlblə 
salamlamaqla,  xalqımızın  və  əziz  vətənimizin  səadəti  üçün  qurultay  işlərinin 
uğurlu olacağına inanıram. Yaşasın Müstəqil Azərbaycan! 
Yaşasın  Böyük  Almaniyanın  qalibiyyəti  və  bu  qalibiyyətə  bağlanan 
ümidlər”. (24) 
Abbas bəy çıxışından sonra  sözü Mayor Fətəlibəyliyə  verdi. O, dedi: “Biz 
çar  valilərinə,  bolşevik  əsirlərinə  dözmədiyimiz  kimi,  hər  hansı  bir  millətin 
hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə 
onlar idarə edəcəkdir”. (117). 
Mayor  Fətəlibəyli  Düdənginski  siyasi  məzmunda  maraqlı  və  əhatəli  çıxış 
etdi.  Mayor  Fətəlibəylinin  çıxışı  bir  saat  on  dəqiqə  çəkdi.  Onun  çıxışı  tez-tez 
səmimi  alqışlarla  kəsilirdi.  Hörmətli  mayor  “Azərbaycan  müstəqil  olmalıdır” 
sözləri ilə nitqini qurtararkən hər tərəfdən gurlaşan alqışlar və “yaşasın azad vətən” 
sözləri yüksəldi. 
Qurultayın  axşam  toplantısında  çıxışlar  davam  etdirildi.  Berlin 
nümayəndələrindən  Tuqay  bəy,  Abdulla  Babayev,  İsrafil  bəy,  Fuad  bəy,  Molla 
Axundov,  bölük  komandanlarından  Orucov,  Balakişiyev  və  SS  hissələri  adından 
Bağırov, Əliyev və digərləri çıxış etdilər. 

SA  qrupu  adından  çıxış  edən  A.  Babayev  qurultayın  tarixi  əhəmiyyəti,   
onun  qarşısında  duran  mühüm  vəzifələri  qeyd  etdikdən  sonra,  legionerlərimizin 
cəbhədəki  qəhrəmanlıqlarına  toxunaraq  demişdir:  “Azəri  türklərinin  qəhrəman 
oğlu  mayor  Fətəlibəylinin  iştirak  etdiyi  birinci  Aslan  taburunun  bir  il  içərisində 
çoxlu  sovet  partizan  dəstələrini,  353-cü  sovet  diviziyasını,  qızıl  bayraqlı  40-cı 
briqadanı  və  119-cu  nişançı  briqadanı  darmadağın  etməsi  kimi  qəhrəmanlıqları 
millətimizin istiqlalı uğrundakı milli mübarizə tariximizdə yeni səhifələr açmışdır. 
Azəri türklərinin digər cəbhələrdə iştirak edən bütün tabur, 44 və SA kimi xüsusi 
hərbi  hissələrinin  cəbhənin  arxasında  partizanlarla  və  istərsə  də  cəbhələrin  ön 
nöqtələrindəki,  vuruşmalarda  göstərdikləri  böyük  qalibiyyətlər  nəticəsində  onlar 
özlərinə tarixi  qəhrəmanlıqlar qazanıblar” (83). 
Babayev  nitqinə    davam  edərək,  ayrı-ayrı  vətən  qəhrəmanlarının  döyüş 
meydanlarındakı  fəaliyyətlərindən  bəhs  etdi  və  sözü  legionerləri  idarə  edən 
rəhbərlərə  ünvanlayaraq  dedi:  “Millətin  rəhbəri,  millətin  yetişdirdiyi  inanılmış 
adam olmalıdır. Rəhbər öz həyatını öz milləti üçün fəda edən və millətinin gələcək 
səadətini doğru düşünən bir şəxs olmalıdır. Rəhbər Adolf Hitler kimi olmalıdır. O, 
öz sevimli milli ordusunun sadə bir əsgəridir və eyni zamanda millətini dözülməz 
bir  vəziyyətdən  qurtarmaq  üçün  qarşısına  gələn  hər  cür  çətinliklərdən 
çəkinməyərək  öz  düzgün  rəhbər  göstərişlərilə  məqsədinə  nail  olmuşdur.  Rəhbər, 
Türkiyənin  rəhbəri  Kamal  Atatürk  kimi  olmalı  ki,  türk  milləti  ölüm-dirim 
mübarizəsində  olurkən  onun  başına  keçdi  və  onu  xilas  etdi.  Bizim  də  bütün   
həyatını milli işə  vermiş qocaman nümayəndələrimiz bu gün yeni nəsillə birlikdə 
Azərbaycanın istiqlalı uğrunda vuruşurlar. Öz  milli mənliyini bilən millətlər tarix 
boyu  bütün  mübarizələrdə  daima  qalib  olur.  Əks-təqdirdə  ancaq  özgə  millətlərin 
ovundan başqa bir şey olmurlar. Biz azəri türkləri milli birliyimizin daha möhkəm 
olması ilə daima fəxr edirik. Biz, heç bir zaman başqa millətlərin qulu olub, uzun   
müddət  yaşamamışıq.  Daima  öz  milli  istiqlalımız  uğrunda  vuruşmuş  və  onu 
almışıq. İstiqlalı xoşla verməzlər, onu öz milli qüvvələrimizin birliyi ilə almalıyıq. 
Bu  müharibədə  məğlubiyyətimiz,  millətimizi  bolşevik  cəlladlarının  əlində  ölümə 
vermək;  qalibiyyətimiz  isə  tam  və  müstəqil  olaraq  yaşamaq  haqqını  almaq 
deməkdir. Bu məqsədə nail olacağımıza heç bir şübhə yoxdur.  Çünki, bu  yoldakı 
mübarizələrdə  tək  deyilik.  Böyük  alman  xalqının  silahlı  qüvvələri  də,  bütün 
müttəfiq millətlər də bizimlə bərabərdirlər. 
Yaşasın  tarixi  dostumuz  olan  böyük  alman  xalqının  köməkliyi  ilə  doğma 
vətənimizin istiqlalı uğrunda sədaqətlə vuruşan azəri türkləri!” (83) 
Sonra  söz  Fuad  Əmircana  verildi.  O,  dedi:  Daxildə  və  xaricdə  gedən  bu 
amansız mübarizəmizin bir tək ilham mənbəyi vardı: 28 may! 
Böyük qurultayın möhtərəm nümayəndələri!  
Sözə başlamazdan əvvəl, əsl irqimizə və qəhrəman millətimizə xas milli bir 
həyəcan  içərisində  keçən  bu  toplantının  tarixi  əhəmiyyəti  üzərində  bir  daha 
durmağı lazım bilirəm. 28 May 1918-ci ildə azəri xalqının bir ovuc millətçi övladı, 

türk və İslam dünyasında  ilk  dəfə  olaraq,  müasir cümhuriyyət  rejiminə  əsaslanan 
istiqlalımızı  elan  etdikləri  vaxt,  bədbəxt  vətənimizin  mühüm  bir  hissəsi,  bu  gün 
olduğu  kimi,  düşmən  işğalı  altında  idi.  Lakin,  onlar  ümidlərini  qırmadılar  və 
atalarının  qəhrəmanlıqlarından  ilham  alaraq,  vətəni  düşməndən  azad  etməyə 
müvəffəq oldular. 
27 Aprel 1920-ci ildən sonra  cərəyan edən  hadisələrin bir  çoxlarımız canlı 
şahidləriyiz. Kiçik millətlərə həyat haqqı tanımaq istəməyən qəddar imperializmin, 
insanların üzünü hicabla  qızardan vəhşi zehniyyəti  nəticəsində  vətənimiz  yenidən 
istilaya  uğradı  və  xalqımız  üçün  iztirab  və  məhrumiyyətlə  dolu  ağır  bir  həyat 
başladı.  İçlərində,  28  Mayı  yaratmış  olan  millətçilərdən  bir  çoxlarının  da  daxil 
olduqları  minlərlə  azəri  türk  ziyalısı,  sürgünlərdən  və  güllələnmək  təhlükəsindən 
qaçaraq, böyük bir müşkülat içərisində istilaçı düşmənə qarşı qanlı və amansız bir 
mübarizə  başladı.  Gəncə,  Qarabağ,  Zaqatala,  Şəki  üsyanları  və  digər  bir  çox 
üsyanlar,  Solovkinin  buzlu  cəhənnəmlərində  və  NKVD-nin  qanlı  zirzəmilərində 
ölən minlərcə azəri gənci, azad yaşamaq istəyən qəhrəman bir millətin, sarsılmaz 
istiqlal arzusunun coşqun ifadəsi idi. 
Daxildə  və  xaricdə  gedən  bu  amansız  mübarizənin  bir  tək  ilham  mənbəyi 
vardı: 28 May. Yetişən gənc nəsillər bu inam və ruhla böyüdülər və nəhayət, bütün 
dünya  millətlərinin  taleyini  həll  edə  biləcək  olan  tarixin  bu  ən  böyük  mübarizəsi 
başladığı  vaxt  minlərlə,  on  minlərlə  azəri  gənci,  istiqlal  mübarizəsini  davam 
etdirmək  üçün  silahlarını  əbədi  düşmənə  qarşı  çevirməkdə  bir  an  belə  tərəddüd 
etmədilər.  Şərq  cəbhəsində,  ucsuz-bucaqsız  rus  çöllərini  qarsıb-qovuran  bu  odlu    
qan  səhrası  içərisində  qəhrəmanlığın  ən  yüksək  zirvəsinə  ulaşan  azəri  türk 
legionerlərinin  qəhrəmanlığı  bütün  türk  dünyasını  həyəcan  və  təqdirlə  təqib  
edərkən,  onların  ancaq  və  ancaq  vətənlərinin  azadlığı  və  istiqlallarının  bərpası 
uğrunda  vuruşduqlarından  da  heç  kəs  şübhə  edə  bilməzdi.  Nəsillərdən-nəsillərə 
keçən  bu  sarsılmaz  istiqlal  arzusunun  yeni  və  qüvvətli  bir  nümayiş  şəklini  aldığı 
üçündür ki, 28 May 1918-ci ildən tam 25 il 8 ay sonra, yenə eynən o günkü kimi, 
bədbəxt vətənin düşmən işğalı altında bulunduğu bir zamanda toplanan bu günkü 
qurultay,  milli  tariximizin  ən  mühüm  hadisələrindən  biridir  və  bu  anda  mən   
legionlardan  gələn  qəhrəman  nümayəndələr  -  sizlərə,  yalnız  sizlərə  xitab  edirəm: 
sizlər, milli tariximizin ən parlaq səhifələrinə bir yenisini daha əlavə edən sonsuz   
qəhrəmanlığınızla,  milli mənfəətlərinizi düşmən qarşısında nasıl şiddətlə müdafiə 
etdinizsə, eləcə milli arzularınızı  da dostlara mərdcə bir şəkildə bildiriniz. Bunda 
tamamilə haqlısınız. Çünki, düşmən sizin azadlıq naminə ölüm saçan zərbələriniz 
altında nasıl titrədisə, dost da sizin istiqlal eşqiniz qarşısında hörmətlə əyilməlidir. 
Çünki, bu azadlıq və istiqlal sizin ən müqəddəs haqqınızdır. Bütün tarix boyunca, 
uğrunda ata-babalarınızın qan tökdükləri bu müqəddəs məfkurəni sizlərlə birlikdə 
bütün  qüvvətilə  ruhumda  hiss  etdiyim  üçündür  ki,  bu  anda,  sözlərimin  bütün 
məsuliyyətini yalnız və yalnız öz boynuma alaraq deyirəm ki, içində bulunduğunuz 
vəziyyət  və  şərait  hər  nə  olursa-olsun,  hər  yerdə  fəxrlə  və  mərdanə  bir  şəkildə 

deyiniz  ki,  azəri  türkləriyiz,  içimizdə  əsl  türk  qanı  axır.  Bu  qan  heç  bir  irqin 
qanından  aşağı  deyildir.  Vətənimizin  hər  qarış  torpağı,  əcdadımızın,  uğrunda 
axıtdıqları  bu  mübarək  qanla  yoğrulmuşdur.  Tariximiz  başdan-başa  şərəf  və 
qəhrəmanlıq  səhifələri  ilə  doludur.  Bu  gün  dünyanın  başına  bəla  kəsilən  rus 
ayısına,  Moskov  mujikinə  dövlət  qurmağı  bizim  dədələrimiz  öyrətmədilərmi? 
Dünyanı  titrədən  Topal  Teymurlarla  Yavuzların,  qəhrəmanlığın  timsalları  olan 
Cavad xanlarla Şeyx Şamillərin damarlarında bizim irqimizin qanı axmırdımı? Və 
nəhayət,  Avropa  dərin  bir  cəhalət  və  təəssüb  içində  üzürkən,  bizim  babalarımız 
mədəniyyətin  ən  parlaq  nümayəndələrindən  biri  olan  Şirvanşahlar  dövrünü 
yaratmadılarmı? Bu parlaq keçmiş, bu tarix boyunca axıdılan qan və sönməyən bu 
azadlıq kənar, təsirsiz qala bilərmi? Bu hərbin nəticəsində ümumi düşmənin məhv 
olacağından  heç  bir  an  şübhə  etmirik  və  bu  inamladır  ki,  düşmənin  məhv 
edilməsində  bizə  yardım  göstərən bu dost  məmləkət paytaxtından bütün dünyaya 
elan edirik ki, biz yalnız və yalnız istiqlalımız üçün hərb edirik. Bizi bu müqəddəs 
məfkurədən  vaz  keçirəcək  heç  bir  bəşəri  qüvvət  yoxdur.  Ya  bu  istiqlalı  yenidən 
alacaq və ya atalarımızın cızdıqları yolda şərəflə öləcəyik. Bu mübarizəmizdə bizə 
yardım  göstərən  hər  kəs  dostumuz,  istiqlalımıza  mane  olmaq  istəyən  hər  kəs 
düşmənimizdir. Biz qul olaraq yaşamadıq və yaşamayacağız. 
Möhtərəm  vətəndaşlar!  Ağır  güniər  yaşayırıq.  Vətəndən  uzaq  düşməyimiz 
vəziyyətimizi  daha  da  ağırlaşdırır.  Cəbhədə  millətimizə  xas  qəhrəmanlıqlar 
göstərdikdən sonra, bir müddətdən bəri aramızda olan mayor Fətəlibəyli  yorucu iş 
və  günün  nəhayətində  içini  çəkərək:  “ah,  -  dedi,  -  əgər  vətənin  kiçik  bir  dayağı 
üzərində olsa idik, işimiz nə qədər asan olardı. O zaman qəhrəman legionerlərimlə 
istiqlalın nə cür alındığını mən göstərərdim”. Vətənsevər mayorun hisslərini yaxşı 
anlayaraq  və  hamımız  da  bunu  hiss  edirik  və  yenə  hamımız  zənə  qədər  şübhə 
etmirik  ki,  heç  də  uzaq  olmayan  bir  gündə  vətənin  mübarək  torpaqlarına  ayaq 
basacağız. O gün üçün hazır olmalıyıq. Əgər oraya bir ruh, bir inam, bir məfkurə 
ilə  getməsək,  yeni  bir  27  aprel  faciəsinin  səbəbkarı  oluruq  və  tarix  bizi  heç  bir 
zaman əfv etməz. Bunun üçündür ki,  milli ideya ətrafında  sağlam və qüvvətli bir 
birlik  təmin  etmək  bizim  üçün  ən  böyük  bir  vəzifə  olmalıdır.  Azadlıq  və 
istiqlalımızın ən böyük zamini ancaq bu birlik ola bilər. 
Bu  gün  vətən  xaricində  qalmış  olan,  böyüyündən  kiçiyinə  qədər  hər  bir 
azərbaycanlı  milli  mənfəətləri  hər  şeyin  üstündə  tutmalı  və  bu  birliyi 
qüvvətləndirməyə  çalışmalıdır.  Ancaq  o  zaman  bu  qan  və  od  yurdundan  azad  və 
müstəqil bir Azərbaycan doğacaq. Fəqət biz tariximizi dolduran şanlı dastanlardan 
və 28 Mayı hazırlayan və yaradan böyük vətənpərvərlərin ruhlarından ilham alaraq 
sönməyən  bir  idealla  hədəfimizə  doğru  qoşacağız.  O  zaman  böyük  şairin  dediyi 
kimi: 
Doğacaqdır sənə vəd etdiyi günlər, haqqın, 
Kim bilir bəlkə yarın, bəlkə yarından da yaxın. (122) 
Albay İsrafilbəyli isə çıxışında bildirdi: 

“Əziz  qardaşlar!  Öz  xalqının  vətən  azadlığı  uğrundakı  mübarizə  tarixini 
bilməyənlər, ata-anasını tanımayan cocuqlara bənzərlər. 
Vətənin xilası yolunda xalqımızın mübarizələri haqqında mən bir neçə söz 
demək istərdim, lakin, mayor Fətəlibəyli öz məruzəsində bunu o qədər geniş təsvir 
etdi ki, ona hər hansı bir söz əlavə etməyi artıq sayıram. 
Mənim  əzizlərim!  Bununla  belə  siyasi  konyuktura  və  şərq  cəbhəsindəki 
hərbi  vəziyyətdən  bir  az  danışmağı  hər  halda  lazım  bilirəm.  Avropa  qüvvələrilə 
bolşevik  tiran  qüvvətləri  arasında  gedən  böyük  mübarizə  həlledici  mərhələyə 
girmişdir. 
Şərq  cəbhəsinin,  Aralıq  dənizinin,  Atlantik  və  Sakit  Okeanın  geniş 
sahillərində  milyonlarla  insan  qan  və  həyatını  qalibiyyət  üçün  qurban  verir.  Bir 
dəqiqə  belə  olsun  sakitləşmir.  Öz  vətənimizin  azadlıq  və  şərəfini  hər  şeydən  uca 
tutmuş  və  tutacaq  olan  biz  azərbaycanlılar  da  bu  mübarizədə  iştirak  edirik. 
Xalqımızda  bolşeviklərə  qarşı  nifrət  və  barışmamazlıq  hisslərı  o  qədər  böyük 
olmuşdur ki, bunun nəticəsində 20 il içərisində  -  yəni 1920-1940-ci illər arasında 
40-dan artıq qanlı üsyanlar baş vermişdir. 
Bolşeviklərin  ölkəmizi  şərəfsizləndirdiklərinə,  ailələrimizi  dağıtdıqlarına, 
səfərbərliyə  alaraq  Almaniyaya  qarşı  etdiklərinə  və  Azərbaycanın  ən  yaxşı 
oğullarını güllələtdiklərinə bizim xalq soyuqqanlılıqla baxa bilməz. 
Budur,  1941-ci  il  gəldi;  bolşeviklər  xalqımızın  təkcə  silah  daşımağa  qadir 
olan  erkəklərini  deyil,  həm  də  qadınlarını  səfərbərliyə  alaraq  Almaniyaya  qarşı 
vuruşlara  göndərdilər.  Vətənin  ən  şüurlu  övladları  tərəfindən  təşviq  edilmiş 
azərbaycanlılar  alman  xalqı  və  əsgərləri  ilə  polad  əlaqədə  çiyin-çiyinə  əzablar 
çəkmiş  vətəni  bolşeviklərdən  azad  etmək  və  ona  yeni  gün  qazandırmaq  üçün  ilk 
fürsətdən  istifadə  edərək,  Almaniya  tərəfinə  keçdilər.  Bizə  yaxşıca  məlumdur  ki, 
qadınlarımız, qocalar və uşaqlar dözülməz əzab və aclıqdan qırılıblar. Xalqımızın 
gələcəyi  legionerlərimizin  mübarizəsindən  asılıdır.  Xalqımızın  çiçəkləri  olan 
gənclərimiz  Almaniya  tərəfində  olduğundan  vətənimizin  taleyi  də  bizdən  asılıdır. 
Ona  görədir ki,  başçısı  mayor Fətəlibəyli oian fəallarımızın təşəbbüsü ilə  xaricdə 
yaşayan  bütün  azərbaycanlıları  birləşdirmək  məqsədilə  bu  qurultay  çağırılmışdır. 
Hal-hazırda həm bütün fıziki, həm də mənəvi qüvvələrimizi birləşdirmək gərəkdir. 
Biz  legionerlər-azərbaycanlılar  öz  böyük  müttəfiqimizi  inandırmalıyıq  ki,  heç  bir 
məhrumiyyət  və  çətinlik  bizim  qəti  qələbəyə  olan  iradə  və  inamımızı  sarsıda 
bilməz. Qələbə, dolayısı ilə istiqlal ibadətlə, xahişlə, qələmlə əldə edilmir; o, ancaq 
silahla,  qan  axıtmaqla  qazanılır.  Şərq  cəbhəsində  strateji  geri  çəkilmə 
manevrlərimiz qələbəyə olan inamımızı sarsıda bilməz. Çünki, bu aşağıdakılar bizə 
yaxşı məlumdur: bolşeviklərin hazırlıq və məqsədlərindən vaxtında xəbərdar olan 
Alman Baş Komandanlığı düşmənin bu təzyiqlərini xeyli qabaqlara çıxmış xətlərdə 
qarşılamamağı,  cəbhə  xəttini  qısaltmaqla  vaxtı  mütləq  çatacaq  olan  gələcək  əks-
hücumlar  üçün  çoxlu  diviziyalara  qənaət  etməkdən  ötrü  ona  yumşaq  müqavimət 
göstərməyi  qət  etmişdir.  Biz  azərbaycanlılar,  bütün  qüvvələrimizi  bir  yerə 

toplayaraq şanlı qələbəyə çatmaqdan ötrü öz üzərimizdə nəhəng işlər aparmalıyıq. 
Yaşasın qalibiyyət!” (136) 
“N” bölüyünün komandanı legioner Balakişiyevin çıxışında göstərilirdi: 
“Əziz vətəndaşlar! 
Burada toplaşan Milli Azərbaycan Qurultayı nümayəndələrini taburumuzun 
qəhrəman  əsgər  və  zabitləri  adından  təbrik  etməklə  bəxtiyaram.  Arkadaşlar!  Hər 
millətin dostu və düşməni vardır. Bizim millətin düşməni  isə bolşevik-Rusiyadır. 
Rusiya bizim müqəddəs Vətənimizin sinəsini yüz illər boyu didmiş  və hal-hazırda 
didməkdədir.  Rusiya  Azərbaycan  kimi  zəngin  bir  ölkədən  heç  zaman  əl  çəkmək 
istəmədiyi və istəməyəcəyi üçün düşmənimizdir. Tarix artıq gözlərimizi açdı. Biz 
dost  və  düşmənlərimizi  tanıdıq.  1920-ci  ildə  müstəqil  dövlətimizi  də  məhv  edən 
həmin düşməndi. O zaman milli hökumətimiz silahsız olduğu üçün məğlub edildi. 
Lakin,  indi  biz  silahlıyıq.  Bu  silahı  əlindən  yerə  qoyub,  düşmənə  boyun  əyən 
namussuzdur.  Biz,  şərəfli  türk  övladlarıyıq.  Biz,  düşmən  qarşısında  diz 
çökməyəcəyik.  Önümüzdə  iki  yol  var:  ya  ölüm,  ya  qalibiyyət!  Əlimizdə  silah 
varkən  ölməyəcəyiz,  öldürəcəyiz!  Nə  olur-olsun  biz  qalibiyyətlə  hansı  qütbdən 
olursa  vətənə  dönəcəyiz.  İstiqlal  bazarlarda  satılmır,  onu  qan  bahasına  almaq 
gərək. Biz  o istiqlalı  şəhid qanlarımızla  alacağız. Biz, evlərimizə  ay-yıldızlı  milli 
bayraqla müzəffər olaraq qayıdacağız. Yaşasm qalibiyyət!” (8) 
Baş  molla  Axundov  öz  çıxışında  göstərirdi:  “Azad  surətdə  çıxış  etməyə 
imkan  tapmış  ilk  molla  olaraq  sizi  bütün  legionerlər  adından  təbrik  edirəm. 
Hörmətli  arkadaşlar!  Hələ  1362  sənə  bundan  əvvəl  möhtərəm  peyğəmbərimiz 
Məkkədə  müqəddəs  İslam  dinini  təbliğə  başlarkən  kafirlərin  onu  sıxışdırdıqları 
hamımıza məlumdur. 
O  zaman  sevgili  peyğəmbərimiz  öz  əshabları  ilə  bərabər  Mədinəyə 
mühacirət  etməyə  məcbur  olmuşlardı.  Haman  o  çətin  vaxtlarda  belə 
peyğəmbərimiz  öz  əshabları  ilə  bərabər  vətənə  dönəcəklərinə,  həm  də  müzəffər 
olaraq dönəcəklərinə  heç bir zaman şübhə etmədilər: çünki, işləri haqq işi, ədalət 
işi  idi.  Əfəndilər,  mən  də  bütün  legionerlərimizin  və  mühacirlərimizin  sevgili 
Azərbaycana  dönəcəyinə,  həm  də  müstəqil  qalibiyyətlə  dönəcəyinə  bir  an  belə 
şübhə  etmirəm;  çünki,  haqq  və  ədalət  bizimlədir.  Mən  bu  müharibədən  vətənə 
sağlam və qalibiyyətlə dönəcəyimizə ona görə inanıram ki, artıq bizim təşkilatımız 
möhkəm və sarsılmaz olmuşdur. Var olsun işbirliyi - əlbirliyi! Yaşasın qalibiyyət!” 
(8) 
Qurultayda  çıxış  edənlərdən  leytenant  Süleymanov  Karpatlardakı 
azərbaycanlılar adından qurultay nümayəndələrini səmimiyyətlə salamladı və dedi: 
“Məqsədimiz  birdir.  Vətən  xilası!  Bu  xilas  vətən  azadlığı  uğrunda  çalışan  azəri 
türklərinin əlbirliyi ilə qazanılacaqdır”. (8) 
Qurultayın axşam toplantısında isə Zülqədər bəy Parisdəki mühacir azərilər 
adından Milli Azərbaycan Qurultayına salam gətirmiş olduğunu bildirdi. Zülqədər 
bəy nitqinə davam edərək dedi: “Vətəndən uzaqda keçən 23 illik bir zamanda onu 

unutduğumuz  bir  an  olmadı.  Vətənin  də,  bizlərin  də  xilas  ümidi  sizlərdə,  siz 
legionerlərdədir.  23  ildən  bəri  gözləri  yolda  qalan  bizlər,  sizdən,  siz  azəri  türk 
gənclərindən  ümid  gözləyirik.  Bu  inamımızda  yanılmayacağıq.  Yaşasın  istiqlal!” 
(8) 
Noyabrın 6-da axşam toplantısındakı çıxışlardan sonra, qərar oxundu və bir 
səslə qəbul edildi. Toplantı gənc şair Ə. Şirvaninin “İstiqlal” və Daşqının “Vətən    
qəhrəmanına”  şerlərini  oxumalarından  sonra  aşağıdakı    andın    bütün  qurultay 
nümayəndələri tərəfindən qəbul edilməsi ilə yekunlaşdı: “Milli Birlik Məclisi üzvü 
sifəti  ilə  vətənimizin  düşməndən  xilası  və  milli  istiqlalımızın  yenidən    bərpası    
yolunda,  millətin  şərtsiz  hakimiyyətinə  qeyri-müvafiq  bir  məqsəd  təqib 
etməyəcəyimə  və  istiqlal  prinsiplərindən  ayrılmayacağıma  söz  verir,  şərəfim, 
namusum üzərinə and içirəm”. (8) 
1943-cü  ilin  noyabrın  7-də  səhər  vaxtı  qurultay  nümayəndələri  Berlin 
şəhərindəki  şəhid  əsgər  abidəsi  üzərinə  gül  çələngi  qoydular.  Yüzlərlə  legioner, 
müasir  geyimli  azərilər  ilk  qarın  düşdüyünə  baxmayaraq,  dərin  bir  hörmət 
duyğuları  içərisində  dayanmışdılar.  Hər  kəs,  yüksək  rütbəli  alman  zabitləri  və 
mayor cənablarının şəhid  əsgər abidəsinə  gətirdikləri çələngi gözləri ilə  müşaiyət 
edirdilər. Mərasim çox maraqlı keçdi. 
Qurultayın  7  noyabr  axşam  toplantısı  daha  parlaq  və  təntənəli  surətdə 
davam  etdirildi.  Axşam  toplantısında  bir  çox  yüksək  rütbəli  əsgər  və  xüsusi 
dəvətlilər içərisində general-leytenant Helmic, ober-leytenant Ridel, ober-leytenant 
Bohme, böyük müfti Əminəl Hüseyn cənabları da vardı. 
Abbas bəy qurultay nümayəndələrini və dəvətliləri almanca təbrik etdikdən 
sonra, Azərbaycan legionu üzrə təmsilçi ober-leytenant Bohme çıxış etdi və sonra 
mayor Fətəlibəyli öz siyasi nitqini rusca söylədi. 
Ober-leytenant  Bohme  beynəlxalq  və  tarixi  hadisələrdən  bəhs  etdikdən 
sonra  bolşevizmə  qarşı  əlbir  aparılan  mübarizələrdən  və  bu  mübarizələrdə 
azadlıqsevən  ayrı-ayrı  millətlərin,  o  cümlədən  azəri  türklərinin  iştirakından    
danışdı:  “Avropa  qitəsinin  mühafızəsinə  yaxından  kömək  etmək  üçün  bir  çox 
dövlətlər  Almaniya  ilə  birləşdilər.  Bu  dövlətlər  sırasında  Qafqaz  xalqları, 
azərbaycanlılar  da  vardır.  Azərbaycan  xalqı  tarix  boyu  irsi  xasiyyətə  dönmüş 
mübarizələrdə  öz  vətənləri  uğrunda  varlıqlarını  və  qanlarını  tökmüşlər.  Alovlu 
vətən məhəbbəti, xalq sevgisi siyasi azadlıq uğrunda əsrlər boyu mübarizə edən bu 
xalq, almanlar tərəfinə keçdikdən sonra da alman əsgərləri ilə çiyin-çiyinə Stalinə 
qarşı  ciddi  mübarizəyə  başladılar.  İndi  Azərbaycan  legionunun  təşkilindən  19  ay 
keçir.  Bu  vaxt  içərisində  “N”  qədər  səhra  taburu  təşkil  olunmuş  və  şərqə  tərəf 
istiqamət əmri almışlar. Birinci dörd tabur  1942-ci ildə  Qafqaza göndərildi.  Onlar 
cəbhədə yaxşı vuruşdular. Bu taburların mənəviyyatının olduqca  yüksək olduğunu    
komandanların göstərişlərindən də təyin etmək mümkündür. Vətən sevgisi və geri 
çəkilmə  legionerlərimiz  üçün  olduqca  çətin  idi.  Onlar  vətənlərinə  yaxın  yerləri 
buraxıb  geriyə  dönmək  istəmirdilər.  Lakin,  onlar  yenə  də  geri  çəkilmə 

çətinliklərinə    igidcəsinə  dözdülər.  Bu  taburlardan bir  neçəsi Krımda  və  arxada 
cəbhənin  cənub  və  orta  bölgələrində  dəmir  və  şose  yol  xətlərini,  hərbi  cəhətcə 
böyük  əhəmiyyəti  olan  yerləri  dəstələrdən  mühafızə  etməklə  məşğuldurlar.  İlin 
ikinci yarısının sonunda təşkil edilmiş 2 səhra taburu “N” məntəqəsində dəstələrlə 
mübarizəyə  göndərilmişlər.  Həmin  taburlardan  yaxşı  xəbərlər  eşidilir. 
Azərbaycanlılar  əsgəri  xidmətdə  dəyərcə    başqa  millətlərdən  fərqləndi  və  qabağa 
çıxdılar. Bütün bunlar azərı türklərinin  vuruşqan,  vətənsevən  əsgər  olduqlarını 
və  lazım  gəldikdə  ölməyi  belə  bacardıqlarını  isbat  edir.  Azərbaycanlılar  yaxşı 
bilirlər ki, vətən və istiqlal uğrunda vuruşmalar daima yaxın yerlərdə deyil, bəzən 
uzaqlarda da ola bilər. Legioner harada olursa-olsun  - şərqdə, qərbdə, cənubdamı, 
qarşısına çıxan ingilismi, amerikalımı, o bilir ki, qarşısında vətənini və azadlığını 
ona  vermək  istəməyən  düşmən  durur.  Azərbaycan  legionunun  komandanı  sifətilə 
mən  və  alman  heyəti  inanırıq  ki,  azəri  türkləri  harada  olur-olsun  öz  əsgəri 
vəzifələrini Şərqdəki kimi layiqincə yerinə  yetirəcəklər. Legionerlərimizin, alman 
zabit  və  əsgərlərinin  baş  komandanımız  Adolf  Hitlerə  olan  məhəbbətləri, 
sədaqətləri  azərbaycanlıların  gələcəkdə  azad  vətənlərini  görəcəklərinə  böyük  bir 
rəhndir. O xalq ki, belə bir böyük ideala və inama malikdir, böyük Allah həmişə 
ona məqsədinə yetməkdə kömək edəcəkdir. Lakin, bu iki xalq bu müharibədə qalib 
gəlməli və daima müstəqil yaşamalıdırlar.” (8) 
Nitqlərdən  sonra  Azərbaycan  Milli  Qurultayı  adından  alman  xalqının 
fürerinə  təbrik  teleqramı  göndərildi.  10  dəqiqəlik  fasilədən  sonra  ober-leytenan 
Ridel alman xalqının füreri Adolf Hitler adından general Heyendorfun göndərdiyi 
təbrik  teleqramlarını  oxudu.  Təbrik  teleqramında  yazılmışdı:  “Möhtərəm  mayor 
bəy!  Legionerlər  və  Azərbaycan  vətənsevərləri  adından  göndərdiyiniz  təbrik 
teleqramına  qarşı  təşəkkür  izhar  etməyi  və  həmçinin  sizi  qəlbən  təbrik  etməyi 
Fürer mənə tapşırdı. Sizə sadiq mayor bəy Fətəlibəyli Düdənginskiyə. Hörmətlərlə 
(Fürerin adı ilə). Meissner. Kaiserhof oteli, Berlin W8, Vosstr.l. 7.XI.43” (8) 
Mayor Fətəlibəyli Düdənginskinin Hitlerə göndərdiyi teleqram isə aşağıdakı 
məzmunda  idi:  “Böyük  Almaniya  xalqının  Fürerinə.  Azərbaycanlı  legioner  və 
vətənsevərləri Sizə, Böyük Almaniya dövlətinin Fürerinə, bəşəriyyət kulturunun ən 
qorxunc düşməni olan bolşevizmə qarşı xalqların azadlıq mübarizəsinin başçısına, 
bu qəti vuruşmaq imkanını yaratdığına görə təşəkkürlərini bildirməyi şərəf sanırlar, 
öz  vətənlərinin  və  bütün  Qafqazın  azadlığı  və  istiqlalı  üçün  çarpışan 
azərbaycanlılar  alman  sılahının  qələbəsinə  və  yeni,  ədalətli  nizamın  qurulacağına 
əmindirlər.  Bütün  azərilər  son  nəfərimiz  qalıncaya  qədər  vəzifələrimizi    şərəflə 
yerinə  yetirəcəyimizə  və  sizin  yüksək  etimadınızı  doğruldacağımıza  inanmanızı 
arzu  edirlər.  Dərin  hörmətlərlə,  Milli  Azərbaycan  Qurultayı  adından:  Mayor 
Fətəlibəyli”. (8) 
Sonra Qurultaya dəvət olunmuş mühacirətdə yaşayan qonaqlara söz verildi. 
Şimali  qafqazlılar  adından  Əhmədnəbi  bəy  Maqoma,  gürcülər  adından  Qablinai, 
ermənilər  adından  Camalyan,  Türküstanlılar  adından  Vəli  bəy  Qəyyum,  İdil-

Urallılar  adından  Şəfi  bəy  Elmas  Milli  Azərbaycan  Qurultayını  hərarətlə  təbrik 
etdilər. 
Əhmədnəbi  bəy  Maqoma  (Şimali  Qafqaz  Milli  Komitəsi  sədri)  çıxışında 
dedi:  “Əziz  azərbaycanlı  qardaşlar!  25  illik  ayrılıqdan  sonra  birinci  dəfə  iştirak 
etdiyiniz  Milli  Azərbaycan  Qurultayını  Şimali  Qafqaz  Milli  Komitəsi  adından 
təbrik  edirəm.  Siz,  ey  bütün  Azərbaycan  xalqı  kimi  sovet  hakimiyyəti  ilə 
barışmayan  gənc  azərilər  -  şərəfli  legioner  və  mühacir  nümayəndələr;  biz, 
bolşeviklərin  Qafqazda  göründükləri  ilk  andan  azorbaycanlıların  başladıqları 
qəhrəman  mübarizəsini  həyəcanla  izlədik.  Gəncədə  xalqının  namus  və  azadlığı 
uğrunda cəsurcasına şəhid olmuş şanlı Azərbaycanın qəhrəman oğlu Cavad xanın 
vətənindəki üsyan, Azərbaycanın milli iradəsinin həqiqi təzahürü oldu. O iradə ki, 
o,  böyük  alman  ordularının  yardımı  ilə  Moskva  zorakıları  və  müstəmləkəçilərinə 
qarşı  mübarizəni davam etdirmək üçün  Azərbaycan legionerlərini almanlar  tərəfə 
keçməyə sövq etdi. 
Azərbaycan və Şimali Qafqazın qardaş xalqları Qafqazın digər xalqları ilə - 
erməni və gürcülərlə birlikdə öz tarixləri boyu onların milli varlıq və istiqlallarını 
hədələyən  hücumları  püskürtmüşlər.  Birinci  Pyotrun  vəsiyyətlərinə  əsasən  rus 
imperializminin  isti  dənizlərə  doğru  yönəldiyi  zamandan  bəri  Şimali  Qafqaz 
coğrafi  vəziyyətindən  dolayı  əsrlər  boyu  bərabər  olmayan  qüvvələrlə  Rusiyaya 
qarşı  mübarizə  etməli  oldu.  İstiqlal  uğrunda  “Qafqaz  müharibəsi”  adı  ilə  bütün 
tarixdə  məşhur  olan  bu  qanlı  mübarizədə  Azərbaycan  xalqının  iştirakı  ilə  bizi 
Qafqazda  hər  cür  rus  təsirini  dəf  edən  ayrılmaz  bir  ailədə  birləşdirdi.  Müstəqil 
Qafqaz  Cümhuriyyətlərinin  parlaq  mövcudiyyəti  illərində  Azərbaycanla  Şimali 
Qafqaz  arasındakı  əlaqə  daha  da  möhkəmləndi  və  onların  gələcək  əməkdaşlıq 
həmrəyliyini təyin etdi. Şimali Qafqaz və Azərbaycanın süqutundan sonra, hər iki 
ölkənin  vətənsevərləri  Gürcüstana  çəkilərək,  Dağlı  -  Azərbaycan  Komitəsi  təşkil 
etdilər və onun silahlı dəstələri gürcü orduları ilə birlikdə Gürcüstana hücum edən 
Qızıl Orduya qarşı müharibələrdə iştirak etdi. Qafqazın keçmişi və xüsusilə Qafqaz 
cümhuriyyətlərinin  Qızıl  Ordu  zərbələri  altında  təkə-təkükdə  məhv  edilməsi 
göstərdi ki, Qafqaz xalqları yalnız sıxı vəhdət, əlbirliyi ilə müdafiə, xarici siyasət 
və təsərrüfat ümumiliyi şəraitində yaşaya bilər. Qafqazın dörd xalqının bütün əsas 
siyasi  cərəyanları  Qafqaz  birliyinin  bu  ideya  və  həmrəyliyini  anladılar. 
Bolşevizmin keçmişin səhvləri sayəsində indiyə qədər bizim müqəddəratımızı ələ 
salır, ölkəmizi talayır və  xalqımızı  məhv edir. Böyük dahi  Adolf  Hitlerin  müdrik 
başçılığı ilə alman ordusunun SSRİ-yə qarşı çıxdığı, Qafqaz xalqları üçün allahsız 
sovet  rejimindən  xilas  olmaq  imkanı  yaratdı.  Almaniyanın  hüsn-rəğbəti  və 
qonaqsevərliyi  sayəsində  bu  gün  siz  azərbaycanlılar  -  legionerlər,  digər  Qafqaz 
legionerləri kimi, alman əsgərlərilə bir sırada bizim ümumi vətənimiz olan Qafqazı 
bolşevizmdən və Rusiyadan azad etmək üçün döyüşə girişmişsiniz. Dostlarımızın, 
qohumlarımızın və Qafqazın gələcəyi sizin hərəkatınızdan asılı olduğu bu həlledici 
tarixi  anda  sizi  inandıra  bilərəm  ki,  Şimali  Qafqaz  oğulları  ümumi  idealımız 

uğrundakı  mübarizələrdə  qarşıya  çıxa  biləcək  çətinliyi  sizinlə  bölüşdürməyə 
hazırdır.  Yaşasın  Azərbaycan  və  Qafqaz  xalqlarının  sıxı  birliyi!”  (154)  Vəli 
Qəyyum  isə  (Türküstan  Milli  Komitəsinin  prezidenti)  çıxışında  dedi: 
“Azərbaycanlı  qardaşlarımızın  bu  günkü  qurultayını  Milli  Türküstan  Birlik 
Komitəsi  adından  səmimi  ürəklə  təbrik  edirəm!  Türküstan  xalqı  bu  qan 
qardaşlarımıza  böyük  qalibiyyətlər  diləyir.  Azərbaycanın,  Qafqazın  düşməni 
Rusiyadır. Bu düşmən bizim Türküstanda 60-70 illərdən bəri bütün varlığımızı yox 
edib, kişilərimizi güllələyib öldürən, tarixi-mədəni varlığımızı yandıran düşməndir. 
İllərdən bəri öz istiqlalımızı almaq üçün çarpışmaqdayız. Bu yolda qanlar tökdük. 
Azərbaycan da, Qafqaz da istiqlalını almaq üçün qan tökür və tökməkdədir. Bizdə 
olan qanlı faciələr Azərbaycanda da olmuşdur. Ona görə, sizlərin düşməni bizim də 
düşmənimizdir.  Bizim  düşmənimiz  sizin  də  düşməninizdir.  Biz  istiqlal  üçün 
vuruşurkən  azərbaycanlıları,  qafqazlıları  özümüzün  ən  yaxın  dostumuz  və 
müttəfiqimiz  hesab  edirik.  Bu,  səmimi  sözdür.  Qoy  bunu  qan  qardaşlarımız 
bilsinlər. 
Bu  gün  Türküstan  milli  əsgərləri  düşmən  harada  olursa  -  orada  da 
vuruşmaqdadırlar.  Azərbaycan,  alman,  Qafqaz  əsgərlərilə  bizim  əsgərlərimiz 
birgədirlər.  Bizim  əsgərlərimiz  Qafqazda  Kalmık  çöllərində  düşmənə  qarşı  əl-ələ 
verib  vuruşdular.  Birgə  qan  tökdük.  Bu  qan,  azadlıq  yolunda  tökülən  qandır.  Bu 
qan,  bizdən  millət  işinə  sədaqətli  olmağımızı  istəyir.  Bu  qan,  bizi  bir-birimizə 
kəskin və ayrılmaz surətdə bağladı. Bunu hamı bilir. Neçin biz vuruşuruq? Bizlər 
yalnız  istiqlal,  vətən,  millət  azadlığı  almaq  üçün  vuruşuruq.  Bizim  şüarımız: 
istiqlal,  istiqlal,  yenə  istiqlaldır!  Bu  şüar  nə  bu  gün,  nə  də  dünən  doğulmadı.  Bu 
şüar,  babalarımızın  şüarıdır.  Bu  şüar,  ruslar  ana  yurdumuza  murdar  ayaqlarını 
basdığı gündən başlayıb ortalığa atılan milli şüardır, istiqlal şüarıdır. Bizdə bundan 
başqa  şüar  yoxdur.  Bu  günkü  qurultay  milli  hərəkatda,  azərbaycanlı 
qardaşlarımızın  milli  tarixində  qoy  müqəddəs  yerini  alsın!  Bütün  işlərinizdə 
qalibiyyətlər  diləyirəm.  Yaşasın  Azərbaycan  istiqlalı!  Yaşasın  Qafqaz  istiqlallı!” 
(194) 
Şəfi Elmas da öz (İdil-Ural tatar Milli Komitəsi başçısı) çıxışında dedi: 
“Azərbaycanlı qardaşlarım! Bu gün bu təntənəli toplantıda çıxış edərək İdil-
Ural tatar Milli Komitəsi adı ilə sizi təbrik etməyi böyük şərəf sayıram. 
Mən,  öz  qan  qardaşlarım  azərbaycanlılarla  yalnız  tarix  üzrə  deyil,  həm  də 
1918-20-ci  illərdə  Bakıda  yaşadım  və  müstəqil  Azərbaycan  dövlətinin  bərabər 
hüquqlu bir vətəndaşı pasportunu daşımaq şərəfinə  nail olduğum zamanlardan da 
tanışam. Mən həyatımda çoxlu ağır günlər görmüşəm: ata-anamı və əqrəbamı hələ 
cocuq  ikən  itirdim;  lakin  bunların  heç  biri  -  1920-ci  ildə  qırmızı  rus  dəstələrinin 
Azərbaycana  girib  müstəqil  Azərbaycan  bayrağını  endirdiklərini  və  onun  yerinə 
qırmızı  bir  cındırı  asdıqlarını  gördüyüm  gün  qədər  ağır  olmamışdır.  Mən  hələ  o 
zaman  -  o  müsibətləri  gördüyüm  zamanlarda,  qırmızıların  Azərbaycan  milli 
bayrağını daimi olaraq məhv edə bilməyəcəklərinə arxayındım. 

Hərgah  Azərbaycan  1920-ci  ildə  rus  işğalçılarına  qarşı  təkcə,  bərabər 
olmayan  döyüşlər  aparmağa  məcbur  edilmişdisə,  indi  o,  yalnız  deyildir.  Öz 
azadlığı uğrunda çarpışan qan qardaşları İdil-Uralçılar, türküstanlılar və əsrlərlə rus 
zülmü altında inləyən digər xalqlar da sizinlə bərabər ayağa qalxmışlar. Onlar da 
silaha  sarılmış  və  böyük  alman  xalqı  ilə  bərabər  rus  hakimlərinə  qarşı  həyat 
uğrunda  mübarizə  edirlər.  Yaxın  gələcəkdə  buna  bənzər  bayramların  vətəndən 
minlərlə  kilometr  uzaqlarda  deyil,  azad  və  müstəqil  Azərbaycan  dövlətinin 
paytaxtında  -  Bakıda  keçiriləcəyinə  qəti  inamımız  vardır.  Gənc  Azərbaycan 
Ordusuna və onun rəhbərlərinə eşq olsun! Rus təpikləri altında inləyən millətlərin 
qurtarıcısı böyük Adolf Hitlerə eşq olsun!”(8) 
Milli  Azərbaycan  Qurultayının  axşam  toplantısı  Azərbaycanın  milli  marşı 
və alman milli himninin xor oxunması və milli oyunların ifası ilə yekunlaşdı. 
Noyabrın  8-də  Milli  Azərbaycan  Qurultayının  səhər  toplantısında  ayrı-ayrı 
məsələlərlə  bağlı  da  bir  çox  çıxışlar  oldu.  Axşam  isə  qurultay  nümayəndələrinə 
ziyafət verildi və qurultay nümayəndələri bir-birini salamlayaraq ayrıldılar. 
Milli  Azərbaycan  Qurultayı  beş  maddədən  ibarət  olan  qərar  qəbul  etdi:  1) 
1918-ci  il,  28  Mayıs  -  1920-ci  il  27  aprel  (nisan)ə  qədər  davam  etmiş  Milli 
Azərbaycan  hökuməti  dövrü  şanlı  tariximizin  ən  parlaq  səhifəsini  təşkil  edir;  2) 
Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, 
millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı (yürütdüyü) şanlı və 
qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur; 3) Qurultay, bu ağır 
şərait daxilində aparılan mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda etmiş 
şəhidlərin xatirəsini  hörmət  və  ehtiramla  yad edər; 4) Dünyanı sarsıdan bu İkinci 
Cahan  müharibəsi  nəticəsində  milli  müqəddəratımızın  həllinə  və  istiqlalımızın 
bərpasına  sarsılmaz  bir  inamımız  vardır.  Bunun  isə  ilk  şərti  əzəli  və  əbədi 
düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün 
bolşevizmə  qarşı  qəti  döyüş  aparan  və  (yürüdən)  və  tarix  boyu  türk  xalqlarının 
dostu olan Almaniyaya bağlamışdır; 5) Qurultay əsrlər boyu olduğu kimi, bu gün 
də Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz, Türküstan, İdil-
Ural  və  Krım  xalqları  ilə  eyni  qayə  və  ideal  birliyi  müşahidə  edir  və  onlarla 
işbirliyini zəruri sayır”. (178, s. 13) Milli Azərbaycan Qurultayı azərbaycanlılarda  
böyük  ruh  yüksəkliyi  yaratdı.  Onların  qurultayda  keçirdiyi  təəssüratlar 
legionerlərin  nəşr  etdiyi  “Azərbaycan”  qəzetində  belə    təsvir  olunurdu:  “Böyük, 
lakin, Azərbaycanın ümumi sahəsinə görə əlbəttə çox kiçik olan bir salonda, sanki 
bütün  Azərbaycan  seyr  edilir.  Hələ  rəsmiyyətə  keçilməmişdir.  Yurddaşlar  topa-
topa  ora-burada  danışırlar.  Danışıq  tərzləri  haman  Azərbaycanın  müxtəlif 
hissələrini  adama  xatırladır.  Budur  Nuxalı  şivəsi,  budur,  qarabağlı,  gəncəli,  
qazaxlı,  şamaxılı,  bakılı,  sairə  və  sairə...  Vətənin  doğma  oğullarına  nəzər 
yetirdikcə,  onun  canlı  mənzərələrini  ümumi  bir  şəkildə  seyr  etmək  olur.  Hər 
topadan  ancaq  vətən  və  ana  səsləri  eşidilməkdədir.  Vətən  və  ana!..  Bunlar  necə 
böyük adlardır. Fəqət, hələlik nə qədər uzaq, uzaqdadırlar. Vətəndən uzaqlaşdıqdan 

sonra bir-birilərini ölmüş, itmiş hesab edən bir çox köhnə tanışlar budur, təsadüfən 
tapışırlar. Hətta bir çox yaxın qohumlar dəxi tapışıb, olmazın hərarətlə görüşürlər. 
Görüşən, öpüşən, qucaqlaşan dost-qohumlar yenə də ilk söz olaraq vətən, ana deyə 
xüsusi hallaşmalardan əvvəl, söhbətlərinə ictimai bir məzmun verirlər. Daha sonra 
azəri  türkünə  məxsus  olan  mehriban  ifadələr:  Nuxa  “ay,  ağzını  yeyim”ləri, 
Qarabağ  “bıy,  başına  dönüm”ləri  ümumi  bir  gurultuya  çevrilərək,  bütün  salonu 
guruldadır.  Ruh  verici  bir  ahənglə  eşidilən  musiqi  səsləri  bu  şən  gurultuların 
kəsilməsinə  ani  bir  səbəb  olur.  Qurultayın  xüsusi  deyilə  biləcək  hissəsi  hələlik 
qurtarır. Rəsmi təntənəli hissələrə başlanır. Necə böyük təntənə! 
23  il  əvvəlki  Gəncə  qəhrəmanı  bu  gün  Berlindən  səslənir.  Qurultayı 
Azərbaycanın  sınanmış  qocaman  əsgərlərindən  olan  Cahangir  bəy  açır.  Qurultay 
gündəliyinin  ən  əsas  və  canlı  məsələsinə  başlanır.  Qəhrəmanlıqları  əsl  döyüş 
meydanlarında  sübut  edilmiş  olan  mayor  Fətəlibəylinin  geniş  və  olduqca  atəşin 
məruzəsi eşidilir. 
Hamı  onu  diqqətlə  dinləməkdədir.  Bütün  gözlər  cəsur  mayora  doğru 
çevrilmişdir. Bütün nəzərlərdə isə, haman məruzəni tam həvəslə təqib etmək üzrə, 
uzun bir tarix canlanmaqdadır. Qədim Azərbaycan... Qəhrəman Babəklər... Ölməz 
Nizamilər...  Şanlı  Şirvanşahlar...Unudulmaz  Cavad  xanlar...  Tarixi  şəxslər  birər-
birər  xatırlanır.  Tarixi  hadisələr  isə  sıra  ilə  nəzərdən  keçirilir...  Lakin,  məharətli 
natiq  ilə  birlikdə  bütün  dinləyicilər  öz  fikirlərini  iki  məsələ  ətrafında  daha  da 
həyəcan və təsirlə birləşdirirlər: bu günkü Azərbaycan, sabahkı Azərbaycan! 
Hamı  Azərbaycandan  nisbətən  yaxın  bir  zamanda  çıxmışdır.  Odur  ki,  bu 
günkü Azərbaycanın vəziyyəti yenə də 23 ildən bəri görünən kimidir. Bu, hər kəsə 
aydındır.  Sabahkı  Azərbaycan  məsələsi  isə  əvvəlcə  xülyavi  bir  düşüncəyə 
çevrilərək,  fikirləri  məşğul  edir.  Lakin,  haman  bu  xülyalı  fikirlər  həqiqi 
təsəvvürlərlə  əvəz  edilir.  Böyük  Mirzə  Fətəli  Axundzadənin  “xalq,  ey  zalım, 
səltənətdən çəkil, deyər, öz əlilə konstitusiya yazar, şərq tam cənnətə dönər!” kimi 
dahiyanə  sözləri  xatırlana-xatırlana  gələcək  Azərbaycan  haqqında  ümumi  bir 
təsəvvür yaranır. Mayorun “millətimizin səadəti üçün Azərbaycanı azərbaycanlılar 
idarə  etmiş  və  yenə  də  edəcəklər”  sözləri  isə  bütün  təsəvvürləri  aydınlaşdıraraq, 
yaxın  gələcəyimizin  qəti  mənzərəsini  canlandırır.  Fikirlərdə  tam  bir  aydınlıq, 
qəlblərdə böyük bir inam vardır. Qurultay iştirakçıları vətənin məharətli mayorunu 
əvvəlcə  şiddətlə  alqışlamışdılarsa,  indi  kəsilməz  alqışlar  altında  onun  xitabət 
kürsüsündən  enməsini  təqib  edirlər.  Legiondan  gələnlər  əl  vura-vura  bir-birlərini 
dirsəkləyib,  “bizim  mayor,  bizim  aslan”  deyə  fərəhlə  səslənirlər.  Başqa  hərbi 
hissələrdən  olanlar:  “Azərbaycan  oğulları  özlərini  hər  yerdə  və  hər  cür  şəraitdə 
göstərmişlər  və  göstərirlər”-  deyə  qürurlanırlar.  Sivil  paltarında  olanlar  isə  “biz 
azəri türkləriyik. Demək ümumi türklüyümüzün ənənələrini biz dəxi davam etdirir, 
“Qorxmazlar”, “İgidlər”, “Dönməzlər” yetişdiririk” deyir, sevinirlər... 
Bütün  çıxışlarda  keçmiş  ənənəvi  qəhrəmanlıqdan,  bu  günün  layiqli 
igidliklərindən  və  gələcək  həqiqi  ümidlərdən  bəhs  edilir.  Həm  də  bu  bəhslərin 

hamısı  milli  bir  məzmun  daşımaqdadır.  Ruhlar  milli,  çıxışlar  da  millidir.  Sovet 
iclaslarının zəhlə aparan adətləri kimi burada heç bir quru tərif və heç bir çığırtıqlı 
yoxdur.  Səmimi  qəlb  ifadələri  hər  çıxışda  hiss  edilməkdədir.  Milli  duyğu  hər 
çıxışın əsasıdır. Arkadaşlıq, hörmət və ləyaqət hər çıxışın məğzidir. Budur, əsl yeni 
Azərbaycan  burada  yaranmaqdadır.  Çünki,  onun  gələcək  həqiqi  yaradıcıları  indi 
buradan  başlamışdırlar.  Yorulmaz  fəallarımızdan  Fuadın  etdiyi  xüsusi  və  canlı 
çıxışı  azərilər  qəlbinin  tam  içindən  xəbər  verərək,  onların  həm  keçmiş,  həm  də 
indiki mübarizələrinin aydın mənasını əks etdirir. O, deyir: “Allah azərilərə xüsusi 
şəkilli  ayaqlar  qayırmışdır.  Onlar  istiqlal  adı  olmayan  bir  yol  üzərində  yeriyə 
bilmirlər”.  Bir  azəri  oğlu,  bütün  azəri  türklərinin  əsl  ürək  sözlərini  bu  cür  ifadə 
edir. Bu atəşli ifadələr hər çıxış edənin tam qəlbindən gələrək, dinləyicilərin dəxi 
tam qəlblərinə qədər yetişir. Qəlblərdə sevinc, gözlərdə fərəh vardır. Bu sevinc və 
fərəh  dalğaları  böyük  salonun  qalın  divarlarından  keçir,  elektromaqnit  dalğaları 
kimi, uzaqlara  - Qafqaza qədər yayılır. Orada da möhtəşəm Qafqaz dağlarını dəxi 
aşaraq,  doğma  Azərbaycanımıza  çatır.  Dinlə  Azərbaycan,  dinlə!  Danışan  sənin 
oğullarındır.  Onlar  sənin,  ancaq  sənin  haqqında  danışırlar.  Lakin,  təkcə  danışma 
nədir, onlar sənin, ancaq sənin uğrunda vuruşurlar. 
Dinlə,  doğma  yurd,  dinlə!  Qorxmaz  yurddaşlarımız  hələlik  buradan 
səslənirlər.  Lakin,  tarixin  daha  böyük  xoşbəxt  günündə  adi  bir  salonu  titrədən 
qurultay  o  zaman  sənin  geniş  sahən  üzərində  öz  şanlı  iclaslarını  açıq  elan 
edəcəkdir. Xalq öz dili ilə danışacaq, Xalq öz əli ilə yazacaq. O, nədən danışacaq?.. 
O,  nədən  yazacaqdır?..  Ah,  qocaman  Vətən,  bizim  ağ  saçlı  qocalarımızdan  kiçik 
balalarımıza  qədər  bunu  hər  kəs  bilirmi?  Təsadüfən  bilməyən  vardırsa,  qoy 
vətəndən  uzaqlardakı  bu  Milli  Azərbaycan  qurultayı  salonundan  yüksələn  səsləri 
bir daha dinləsinlər. O zaman ən uca səsin “İstiqlal, istiqlal!” olduğu eşidiləcəkdir. 
Ürəkdaş”. (8) 
Qeyd  edək  ki,  Berlində  Milli  Azərbaycan  Qurultayının  keçirilməsi 
azərbaycanlıların vahid bir təşkilat ətrafında birləşməsinə ciddi təsir göstərdi. 
 
Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin