II. Ġngiltərə, Amerika və SSRĠ yaxud 3-cü artıqdır
Stalini qaçılmaz ölümdən ingilis-amerika köməyi qurtardı. Belə bir kömək
olmadan nə Stalinqrad, nə də Şərqdə irəliyə doğru hərəkət olacaqdı. Əksinə, o,
1943-44-cü illərdə tamamilə darmadağın ediləcəkdi. Həqiqət budur. Ancaq Stalin
hesab edir ki, o, təkbaşına Almaniyaya, Yaponiyaya qalib gəlib, İngiltərə və
Amerika isə sadəcə iştirakçı və mübarizə yoldaşı olmuşlar. Bunu bütün dünya
kommunistləri müxtəlif ladlarda təkrar edir və Stalin Avropanın, Britaniya
imperiyasının və Amerikanın xilaskarı kimi təqdim olunur. Hansı ki, Stalinin özü
və rejimi öz xilasları üçün İngiltərə və Amerikaya borcludurlar. İndi o, Avropada,
Çində, İranda yaşayan xalqları ələ salır. Misir, Hindistan, Suriya və başqa ölkələrin
xalqlarını qıcıqlandırır, ingilis dünyasına qarşı bütün xalqların kommunist blokunu
yaradır və cənab Çörçilin nitqinə cavabında ingilis dünyasını ələ salmaqdan və
təhqir etməkdən çəkinmir. Bütün bunlar Qərb demokratiyasının səhlənkarlığı, zərif
xarakterliyi və zərif sentimentallığı üzündən baş verir.
Bunlar ona görə baş verir ki, İngiltərə, xüsusən Amerika SSRİ və “köhnə
demokrat” Stalinlə birlikdə demokratik dünya qurmaq istəyir. Belə cəhd dünyanın
bütün xalqlarının, ilk növbədə isə ingilis, amerikalı, rus, ukraynalı və türk-
müsəlman xalqlarının maraqlarının əksinədir. Yoxsa Stalinin DSSRİ, yəni Dünya
Sovet Sosialist Respublikaları İttifaqı qurmaq uğrunda hazırladığı III Dünya
müharibəsi bütün ağırlığı ilə bu xalqların üzərinə düşəcək. Əgər Sizin Rusiyaya,
Ukraynaya, Türküstana, Azərbaycana və eyni zamanda ruslara, ukraynalılara, türk-
müsəlmanlara, qafqazlılara və başqalarına rəğbətiniz varsa, onda siz bu xalqlara
SSRİ-dən, “doğma ata” Stalin və onun kommunizmlərilə birlikdə beynəlxalq
avantürist dəstəsindən qurtarmaq üçün yardım etməlisiniz. Əgər Siz daimi sülhə
nail olmaq istəyirsinizsə, o zaman bunu Rusiya, Ukrayna, Azərbaycan, Türküstanla
birlikdə edə bilərsiniz, nəinki SSRİ ilə ruslar, ukraynalılar, türklərlə birlikdə edə
bilərsiniz, nəinki bolşevik-kommunist beynəlmiləlçilərlə.
Hazırda SSRİ Ali Sovetinin sessiyası keçirilir. Orada yenə də gurultulu,
sonsuz alqışlar, kapitalist mühasirəsi haqqında həmişəki boş söhbətlər, bütün
xalqları səfərbər vəziyyətdə hazır saxlamağın labüdlüyü, Qızıl Ordunu
möhkəmləndirmək kimi müzakirələr gedir. Bütün bunlar bizim xalqların
marağındadırmı?
Bizim bədbəxt xalqların “DSSRİ” yaratmağa bütün güc və vəsait
qoyduqlarını görmək bizi ağrıdır. Nə üçün biz SSRİ-yə, kommunizmə, Stalinə
qarşı mübarizə bayrağı qaldırdıq? Çünki, biz daha kommunizm uğrunda vuruşan
ata və qardaşlarımızın qanını görə bilmirik, çünki, biz bu xalqların gələcəkdə
İngiltərə və Amerikaya qarşı vuruşmalarını istəmirik. Əksinə, biz Sizinlə və bütün
dünya xalqları ilə sıx dostluq şəraitində yaşamaq istəyirik. İngiltərə və Amerikanın
Stalinlə müttəfiqlik əlaqələrini davam etdirməyə və bununla da Stalin rejimini
möhkəmlətməyə və bizim xalqlarımızı bolşevik boyunduruğuna dözməyə məcbur
etməyə heç bir mənəvi haqqı yoxdur.
İngiltərə və Amerika SSRİ-ni demokratik ölkələr sırasında görmək və
kommunizmi demokratik hadisə hesab etməklə kommunist hərəkatına tarix boyu
görünməmiş vüsət vermiş oldular. Kommunizmin gücü də elə bundadır.
Kommunizmin gücü ondadır ki, İngiltərə və Amerika SSRİ-nin tərəfdarıdır.
Kommunizmin gücü ondadır ki, İngiltərə və Amerika Stalinlə qanunsuz
mövcudluğuna can atırlar. Onlar SSRİ və kommunizmin mövcud olması üçün
“Qərb demokratiyası” və “Şərq demokratiyası” nəzəriyyələrini yaradırlar. Hansı ki,
həqiqətdə belə deyilməlidi; “Qərb demokratiyası”, “Kommunist despotizmi”.
Kommunizmin gücü ondadır ki, onun vətəni yoxdur, o, beynəlmiləldi, ancaq bir
mərkəzdən idarə olunur və bir atası var. Alya Kusinen, Dimitrov, Torez, Tolkatti,
Bela-Kuna, Qallaxera, Hani Pollita və başqaları üçün bu mərkəzin və atanın
direktivləri hər şeydir, öz vətəninin və öz xalqının maraqları isə heç nə. Məsələn,
Triestin Yuqoslaviyaya verilməsi kommunizmin maraqlarına uyğundur və Tolkatti
bunun İtaliyaya ağır zərbə olacağını düşünmədən asanlıqla razılaşır.
Kommunizmin gücü onun amansızlığında, həyasızlığında, insanları alçaq
hisslərə qaldırmağındadır. Odur ki, kommunizm bütün münasibətlərdə Qərb
demokratiyasından güclüdür və bir müddətdən sonra o, qəddarlıqla Qərb
demokratiyasını boğacaq. Zaman kommunizmin himayədarıdır. Vaxt onun xeyrinə
işləyir, Qərb demokratiyasının yox. Yaxın 5-10 ildə SSRİ-nin qalması şəraitində
nələr baş verə bilər? Birinci növbədə Moskvanın nəzarətində olan bütün Avropa
ölkələri kommunizmlə panslavizmin uğurlu birləşməsi nəticəsində SSRİ-nin
tərkibinə daxil olacaqlar. Bismark ideyalarının kommunizmlə birləşdirilməsinin
uğurlu nəticəsi əsasında sonda onu SSRİ tərkibinə qatmaqla Almaniyanın
sovetləşdirilməsi həyata keçiriləcək. Bu, Kayzer Almaniyası ilə çar Rusiyasının
ittifaqından da güclü olacaq. Sözsüz ki, sovet Almaniyası SSRİ-nin tərkibində
özünə layiqli yer tutacaq. Çünki, bu çoxmilyonlu, yüksək sivilizasiyalı, əməksevər
və yaradıcı xalq SSRİ məkanında öz biliyini geniş tətbiq edə, texnika və sənayedə
möcüzələr yarada və digər “qardaş” sovet respublikaları ilə birlikdə külli miqdarda
nəinki atom, hətta elektrik bombalar da istehsal edə biləcək. Bunun üçün vəsait
tapılar. Bütün bunlar bir şüar altında həyata keçiriləcək: “İngilisdilli köləliyə
düşməmək!”
İndi cənab Çörçil Allaha şükür edir ki, gizli atom bombaları İngiltərə-
Amerika və Kanadadadır. Əgər bomba Stalində olsaydı, o, Sizinlə danışmaq
istəməzdi və Sizi bir dəqiqə belə nəfəs almağa qoymazdı. Ancaq, hansısa bir ixtira
uzun müddət gizli qalıbmı? Əlbəttə, yox. Fərq ondadır ki, bəziləri kəşf edirlər və
əgər istifadə etməyə imkan tapmırlarsa, onu başqaları tezliklə mənimsəyirlər.
Alman baş və əlləri sovet gücü ilə birləşdikdə öz işini görəcək.
Sovetləşmə prosesi Asiyada da həyata keçiriləcək. İranda, Çində, Koreyada o, əlini
Yaponiyaya da uzadacaq və o, bütün Asiyada Sizin hər ikinizdən - İngiltərə və
Amerikadan güclü olacaq. O, çinliləri Amerika kimi danışıq və təbəssümlə deyil,
qılınc və demoqoqluqla kommunizmin qırmızı bayrağı altında birləşdirəcək.
Gördüyünüz kimi, səfir general Marşalın təbəssümü də yardım etmədi. Hətta onun
Çan Kay Şi və kommunist nümayəndələri arasında oturmağı da köməyinə çatmadı.
1938-ci il sərhədlərindən uzaqlaşan SSRİ mövcud olduqca nə UNO, nə də cənab
Çörçilin beynəlxalq ordusu yardımçı olmayacaq və dünya mütləq III Dünya
müharibəsinə doğru gedəcək. Qədim rus məsəli var: “Üçüncü artıqdır” və daimi
sülh yaratmaq işində SSRİ 3-cüdür və zərərli artıq olandır. Hələ Amerika Stalinə 6
milyon borc vermək istəyir. Amerikalılar soruşa bilərlər: “SSRİ bu borcunu necə
qaytaracaq? Aydındır ki, SSRİ Amerika xalqına borcunu ona arxadan güllə
vurmaqla, onların başına atom və nüvə bombaları yağdırmaqla qaytaracaq.
Amerika kapitalistləri sevinirlər ki, SSRİ-ni və dağılmış Avropanı tikib qurmaqla
böyük gəlir əldə edəcəklər. Yox, onlar gəlir əldə etməyəcəklər. Onlara yalnız
imkan verəcəklər ki, kapitallarını çıxarsınlar və sonra NEP-in ləğv edilməsi
dövründə (1929-31) olduğu kimi qovacaqlar. Axı, hamı gördü ki, yerin 1/6
hissəsinin dünyadan təcrid olunması üzündən əhali böhran və işsizlik
məngənəsində idi. İndi isə daha pis olacaq. Çünki, İngiltərə və Amerika SSRİ-nin
sərhədlərini bir az da genişləndiriblər.
Qoy bunu ingilis və amerikan fəhlələri də bilsinlər. Sonra cənab Çörçil
təklif edir ki, 1946-cı ildə SSRİ ilə bütün bəndlər üzrə danışıqlar aparılsın. 1946-cı
ildə SSRİ-nin olduğu bəndləri vurmaq lazımdır. Onu Yaponiyada, Koreyada,
Çində, Bolqarıstanda, Macarıstan, Polşa, Yuqoslaviya, Finlandiya, Estoniya,
Latviya, Litvada, Almaniya, Avstriya, Çexoslavakiyada və ən əsası Rusiya,
Ukrayna, Türküstan, Qafqaz və İranda vurmaq lazımdır. 3-cü və zərərli artıq olanı
vururlar, onunla danışıqlara getmirlər.
III. Sülhsevər UNO, yoxsa qanlı DSSRĠ. Ġngiltərə və Amerika Allah
və bəĢəriyyət qarĢısında öz borcunu ödəməli və yer üzündə davamlı və əbədi
sülhü bərqərar etməlidir
İngiltərə və Amerikanın maddi və mənəvi gücü Sizə daha yaxşı
məlumdur. Onlara əlavə olaraq, İngiltərə və Amerikanın gücü bir daha ondadır ki,
bu gün də bütün dünya xalqları hələ Sizə inanırlar. Baxmayaraq ki, SSRİ-yə
meyllənənlərin vətəni var və onlar hakimiyyətdədirlər. (Tito və b.). Ancaq İngiltərə
və Amerikaya meylli olanlar vətənsiz qalıblar. Bunlar kral II Pyotr, kral Əhməd
Zoqu, generallar Anders, Mixayloviç və başqalarıdır.
Bu gün İngiltərə və Amerikanın gücü bir də ondadır ki, bütün mütərəqqi
və vətənini sevən insanlar onların tərəfindədir. İngiltərə və Amerikanın ittifaqı,
daha doğrusu Stalinlə, SSRİ və kommunizmlə bağlanmış qanunsuz müqavilədən
imtina etmələri kifayətdir ki, bolşevizm tərəfındən əzilmiş bütün xalqlar öz
azadlıqları və müstəqillikləri uğrunda müharibəyə başlasınlar. Biz hamıdan çox
maraqlıyıq ki, bu müharibə daha çox siyasi olmalı və bolşevizmin əzdiyi xalqlar
tərəfindən aparılmalıdır. Biz rus, ukraynalı, türk-müsəlman, qafqaz, polyak,
yuqoslav, bolqar, macar, fin, baltikyanı və başqa xalqlardan ibarət xilaskar ordular
təşkil edəcəyik. Ola bilər ki, ilk vaxtlar üçün bu orduların sayı çox az olsun, ancaq
onların siyasi əhəmiyyəti böyük olacaq. Bu ordular günbəgün artacaq. Onlar
mübarizəni nəinki cəbhədə, əsaslı şəkildə ölkə içində aparacaqlar. Bu ordulara
rəhbərlik etmək üçün ümumi antibolşevik qərargah yaradacağıq. Biz bolşevizmin
əzdiyi bütün xalqların nümayəndələrindən ibarət konqres çağıracaq və bolşevik-
kommunizmi bütün dünya qarşısında ifşa edəcəyik. Biz ayrıca Ümumslavyan
Konqresi çağırıb orada Stalin-kommunist panslavizminin iç üzünü açacağıq. O
zaman hər bir slavyana aydın olacaq ki, yer üzündə Stalindən çox əlləri slavyan
qanına batmış ikinci bir adam yoxdur və əgər SSRİ mövcud olacaqsa, milyonlarla
slavyanın həyatı dünya inqilabına qurban veriləcək. Biz hər hansı bir müsəlman
ölkəsində
bolşevizmin
əzdiyi
40
milyonluq
müsəlman
dünyasının
nümayəndələrindən ibarət Konqres çağıracağıq. Heç bir şübhə yeri yoxdur ki,
Almaniyanın, Çinin və başqa ölkələrin bütün demokratik qüvvələri bizimlə olacaq.
İnanmaq lazımdır ki, İtaliyanın indiki xristian-demokrat hökuməti lap əvvəldən
axıracan öz xalqını İngiltərə və Amerikanın ardınca aparacaq. İngiltərə və
Amerikanın köməyi ilə Atlanta Xartiyasının bayrağı altında biz bolşevizmi və
SSRİ-ni məhv edəcək və Rusiya, Ukrayna, Türküstan, Azərbaycan, Qafqaz
yaradacağıq. Bununla da bütün müharibələrə nöqtə qoyulacaq.
Biz İngiltərəni, Amerikanı və dünyanın digər ölkələrini qanlı “DSSRİ”
tərkibində görmək istəmirik. Biz Rusiyanı, Ukraynanı, Türküstanı, Azərbaycanı və
Qafqazı bütün ölkələrlə birlikdə sülhsevər UNO (Birləşmiş Millətlər Cəmiyyəti -
N. Y.) cərgəsində görmək arzusundayıq. Tanrı bizə kömək olsun! Mən İngiltərə
kralına, əlahəzrət kralın hökumətinə, Sizə və bütün ingilis xalqına həyatda uğurlar
arzulayıram.” (369, 111)
Lakin mayor Ə. Düdənginskinin ciddi problemlər qaldırdığı bu məktub
sonradan cavabsız qaldı.
Azərbaycan legionerlərindən imkan tapıb Cənubi Amerikaya, Amerikaya,
Argentinaya, Fransaya, İsveçrəyə, Çinə də gedənlər oldu. Keçmiş legioner, sovet
ordusunda leytenant, Almaniya ordusunda qauptman olmuş K. Ələsgərli
xatirələrində yazırdı ki, o, vətənə qayıdıb həyatını məhv etməkdənsə, Uyğur türkü
Günbatay Çingiz adı altında Çinə getmiş, ölkənin vətəndaşlığını qəbul etmiş və
səkkiz ilə qədər orada yaşamışdı. (262) K. Ələsgərli yalnız 1955-ci ildə Xruşşovun
verdiyi bəraətdən sonra Azərbaycana qayıtmışdı.
Qeyd etdiyimiz kimi, SSRİ-yə qayıdan əsirləri və legionerləri ağır cəzalar
gözləyirdi. Stalinin 1941-ci ilin 16 avqustunda verdiyi 270 saylı əmrə əsasən əsir
düşmüş bütün sovet əsgərləri qiyabi olaraq güllələnməyə məhkum edümişdilər.
Müttəfıq dövlətlərdən olan İngiltərə 1944-1946-cı illərdə 32.259 hərbi
əsiri Sovet hökumətinə təhvil vermişdi. Hərbi əsirlərin təhvil verilmə əməliyyatına
İngilis feldmarşalı Aleksandr başçılıq edirdi. 1919-1920-ci illərdə bolşeviklərə
qarşı vuruşmuş feldmarşal Aleksandr əvvəlcə əsirləri verməkdə tərəddüd göstərsə
də, sonradan şəxsən Çörçildən ciddi xəbərdarlıq almış, əmrə tabe olmuşdu.
Təəssüflər ki, müttəfiq dövlətlər, o cümlədən, İngiltərə - Yalta
müqaviləsində nəzərdə tutulmadığma baxmayaraq, keçmiş mühacirləri də sovetlərə
təhvil verirdi. 1430 nəfər keçmiş mühacir belə yanlış olaraq sovet dövlətinə
göndərilmişdi. Xalq Komissarlar Sovetinin təhvil verilmə işləri üzrə səlahiyyətli
nümayəndəsi general-polkovnik F. İ. Qolikovun 1945-ci il 7 sentyabr tarixli
məlumatına əsasən həmin vaxta kimi sovet hökumətinə 2.229.552 nəfər təhvil
verilmişdi. Buraya hərbi əsirlərlə yanaşı, zorla Almaniyaya köçürülənlər də daxil
idi. (371, s. 240)
İlk təhvil verilənlərin çoxunu güllələyir, qalanlarına 25 il iş kəsir, Sibirə,
Vorkutaya, İntaya, Asbestə, Norilskə, Tayşetə, Kemerovo vilayətindəki
düşərgələrdə ağır işlərə göndərirdilər.
ABŞ və İngiltərənin nəzarəti altında yaşayan hərbi əsirlər, mühacirlər,
müxtəlif səlahiyyətli adamlara da müraciətlər edirdilər. General-mayor
Meandrovun xanım Ruzveltə (Prezident Ruzveltin həyat yoldaşı) məktubunda
yazılmışdı: “SSRİ-dən başqa dünyanın bütün ölkələri düşmən əlinə düşmüş
əsgərlərinə mənəvi və maddi maraq göstərir, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti
vasitəsi ilə onların qohumları ilə əlaqələrini təşkil edir. Yalnız Stalinin əmri ilə
ruslar hər köməkdən məhrumdurlar və düşərgələrdə kütləvi ölümə məhkum
ediliblər”. (371, s.247)
Yüksək səlahiyyət sahiblərinə göndərilən məktublarda adamların özünü
öldürməsi hallarına toxunulurdu. 1946-cı ilin fevralında yazılan bir məktubda
bildirilirdi: “Ulduzlu azadlıq bayrağının daldalandığı yerdə biz öz qadınlarımızı və
uşaqlarımızı şüşə qırıntıları ilə öldürməyə, damarlarımızı kəsməyə məcbur idik ki,
qırmızı Moskvaya qayıtmayaq”. (371, s.250)
1945-ci ilin avqustunda Kemptendəki qanlı hadisələrdən sonra, general
Eyzenhauerin göstərişi ilə adamları zorla təhvil vermək müvəqqəti dayandırılsa da,
1945-ci ilin 20 dekabrından, general Maknarniyə əvvəlki qaydanı - gücü yenidən
tətbiq etmək haqqında Vaşinqtondan tapşırıq gəldi. Lakin amerikalı zabit və
əsgərlər əsirlərin təhvil verilməsinə mənfı münasibətlərini gizlətmirdilər.
Bundan əlavə, 1946-cı ilin fevralında Papa XII Piy də adamların məcburi
təhvil verilməsinə mənfı münasibətini bildirdi. Lakin bu etiraza da baxmayaraq,
fevralın 24-də Plattlinqdəki 431 saylı hərbi düşərgəyə iki tabur daxil olub, əsirləri
yaşadığı yerdə əhatəyə alaraq həyətə qovdu və onların özlərini öldürməyinə imkan
yaratmadı. Tezliklə, həmin əsirləri də sovetlərə təhvil verdilər.
Maraqlıdır ki, belə gərgin şəraitdə də almanlar onların tərəfində
vuruşanları unutmur, imkanları daxilində yardım edirdilər. Latviyada, Tkexoda
(Almaniyada) belə hallar olmuşdu. Avstriyanın Liens şəhərində təhvil verilməyə
etiraz olaraq kilsə zəngləri çalınmışdı. Bavariyada Plattlinqdə vağzalda əksəriyyəti
qadınlardan ibarət olan sakinlər təhvil verilmə zamanı yaralılara kömək etmişdilər.
Alman generalı fon Pannvitsə qaçmaq üçün imkan yaradılsa da, ona inanan,
birlikdə döyüşdüyü kazakları qoyub getməmişdi. Alman yarımalbayı Hanzen
“bizim üçün qan tökənləri” xilasa çalışaraq onlara vəsiqələr vermişdi.
Qeyd etdiyimiz kimi, təhvil verilən əsirləri, keçmiş sovet zabit və
əsgərlərinin əksəriyyətini güllələyirdilər. Keçmiş sovet generalı Vlasovu 1946-cı
ildə güllələdilər. Sovet ordusunun inanılmış zabitlərindən olan, “Pravda” qəzetində
ünvanına təriflər yazıları (309) başçılıq etdiyi 99-cu diviziyası nümunə göstərilən
(279) 1941-ci ilin fevralın 23-də SSRİ Ali Sovetinin qərarı əsasında Lenin ordeni
ilə təltif edilən (264, 218) general Vlasov artıq vətən xaini olaraq cəzalandırılırdı.
Maraqlıdır ki, general Vlasov öz ifadələrində “vətən xaini” damğasını qəbul
etməmiş, Stalinə olan nifrətini isə bir daha açıqlamışdı.
1946-cı ilin 2 avqustunda “Pravda” qəzetində general Vlasovun edamı
haqqında məlumat dərc edildi. (352)
Tanınmış Azərbaycan zabiti İsrafil bəyin aradan çıxmaq imkanı olsa da, o,
öz əsgərlərini başsız qoymamış, onlarla birlikdə sovetlərə təhvil verilmişdi. İsrafil
bəyi də general Vlasov kimi ağır cəzaya - edama məhkum etmişdilər.
Qeyd edək ki, müxtəlif vasitələrlə Türkiyə ərazisinə keçmiş azərbaycanlı
legionerləri sonradan yerli polis həbs etdi. Türkiyə dövləti isə həmin hərbi əsirləri
Ərzurum - Qars - Sarıqamış marşrutu ilə Türkiyə-SSRİ sərhəddinə gətirib sovet
hökumətinə təhvil vermişdi. (97). Təhvil verilən legionerləri ya cəza “dərəcəsinə”
uyğun olaraq güllələyir, yaxud da Sibirə sürgünə göndərirdilər. Tanınmış yazıçı A.
Soljenitsinın “Arxipelaq Qulaq” əsərində “Vətən xaini”, “Vlasovçular” adı altında
sürgünə göndərilənlərlə bağlı geniş məlumatlar vardır. (340, s. 145; 341,s.32-34)
XIII BÖLÜM
ĠKĠNCĠ DÜNYA MÜHARĠBƏSĠNDƏN SONRAKI ĠLLƏRDƏ
AZƏRBAYCAN LEGĠONERLƏRĠNĠN FƏALĠYYƏTĠ
İkinci Dünya hərbindən sonra mühacir təşkilatların birləşib antisovet
mübarizə aparmasına getdikcə daha çox ehtiyac duyulurdu. Digər tərəfdən isə
müxtəlif ölkələri təmsil edən ayrı-ayrı mühacir təşkilatlarının mövcudluğu və bəzi
hallarda bu qrupların daxili çəkişmələrə meylliyi reallığa çevrilirdi. Bu illərdə bir
neçə rus, gürcü, erməni, tatar təşkilatları ilə yanaşı iki azərbaycanlı təşkilatı da
mövcud idi. Təşkilatlardan biri 1924-cü ildən fəaliyyət göstərən Azərbaycan Milli
Mərkəzi idi. İkinci Dünya hərbindən sonra Azərbaycan Milli Mərkəzi Ankarada
yerləşirdi və Milli Mərkəzin başqanı M. Ə. Rəsulzadə idi.
İkinci mühacir azərbaycanlı təşkilatı “Azərbaycan Milli Birlik Məclisi”
adlanırdı. Təşkilat 1943-cü ildə Berlində yaradılmışdı. Təşkilatın rəhbəri Ə.
Fətəlibəyli Düdənginski idi (sonradan rəhbər C. Hacıbəyli olmuşdu). Başqanlıq
heyətinin üzvləri isə Ceyhun Hacıbəyli, Əkbərağa Şeyxülislam idi. Sonralar
Həsənbəy Kərbəlayi, S. Təkinər, Ə. Aranlı, İ. Əkbər və Səmran Məmmədzadə
təşkilatın rəhbərliyinə daxil idilər. 1972-ci ildə təşkilat bir qrup azərbaycanlının
təşəbbüsü ilə ləğv edildi. Hər iki mühacir azərbaycanlı təşkilat arasında çəkişmələr,
ziddiyyətlər mövcud idi.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan legionerləri
müxtəlif ölkələrdə dağınıq vəziyyətdə yaşasalar da, yalnız əllinci illərdən ciddi
fəaliyyət göstərməyə başladılar. Bu da, şübhəsiz ki, Qərblə Sovet dövləti arasında
münasibətiərin gərginləşməsi və nəticədə birincinin sovet dövlətindən narazı qalan
qüvvələri daha çox dəstəkləməsi idi. Əslində, Qərbin sərt münasibətini İngiltərənin
Baş naziri U. Çörçill 1946-cı ilin martın 5-də, Amerikanın Fulton şəhərindəki
məşhur nitqində ifadə etmiş və “soyuq müharibə”nin başlandığını göstərmişdi
(263, s. 352)
İkinci Dünya müharibəsindən sonra Azərbaycan legionerləri Türkiyədə M.
Ə. Rəsulzadənin, Almaniyada isə Ə. F. Düdənginskinin rəhbərliyi altında olan
müvafiq qurumlarda fəaliyyətə başladılar.
Türkiyənin Ankara şəhərində M. Ə. Rəsulzadənin bilavasitə rəhbərliyi ilə
1949-cu ilin fevralında Azərbaycan Kültür Dərnəyi yaradıldı. (5)
1952-ci ilin aprelindən isə M. Ə. Rəsulzadənin yaxından köməyi, əski
mühacir və legionerlərin fəallığı ilə Ankarada “Azərbaycan” jurnalı nəşr edilməyə
başladı. (4)
Qeyd edək ki, Türkiyədəki mühacirlərin bu dövlətdəki mövcud əlaqələri
müəyyən problemləri həll etməyə imkan yaratsa da, (əlavə edək ki, burada M. Ə.
Rəsulzadənin böyük nüfuzu vardı), siyasi fəaliyyət göstərmək olduqca çətin idi.
Odur ki, Türkiyədəki mühacir və legionerlər daha çox mədəni-ədəbi fəaliyyət
sahəsinə üstünlük verir, Sovet dövləti əleyhinə 20-30-cu illərdəki qədər sərt
çıxışlar etmirdilər.
Lakin Qərbi Almaniyada vəziyyət başqa idi. ABŞ dövləti əllinci illərdə
Sovet dövləti əleyhinə kəskin mübarizəyə başlamış və bu işdə oradakı mühacir və
legionerlərin gücündən faydalanır, onlara maddi dəstək də verirdi.
Qeyd edək ki, həmin fəaliyyət rəsmiləşənə qədər Azərbaycan legionerləri
böyük çətinliklərlə qarşılaşmışdılar. Belə ki, sonradan yaradılan “Amerikan
Komitəsi”nin etibarını qazanmaq və müəyyən problemləri həll etmək o qədər də
asan deyildi. Ə. Fətəlibəylinin bununla əlaqədar Münhendən Parisə - C.
Hacıbəyliyə ünvanladığı məktublarda maraqlı məlumatlar vardır. O, yazırdı:
“Mənim əzizim Ceyhun bəy! Sücaət xanımla bu gün görüşməyimə çox sevindim.
O, Sizin fıkirlərinizi mənə çatdırdı və mən tam razıyam. O ki qaldı bizim ümumi
işlərimizə, hələ ki, ciddi bir şey yoxdur. 4 ay müddətində danışıqlar apardım,
planlar təqdim etdim. Lakin gözləməyi xahiş edirlər. İndi başqa xətlə işləyirəm,
əgər bu da alınmasa və onlardan prinsipial razılıq almasam, onlarla əsas
məsələlərdə əməkdaşlıq etməyəcəyəm. Burda elə adamlar var ki, kiçik
xidmətlərinə görə bir şey ala bilirlər. İlk imkan yaranan kimi Türkiyəyə
gedəcəyəm, ailəmdən ötrü, demək olar ki, bərk sarsılmışam”. (357)
Qeyd etdiyimiz kimi, əllinci illərin əvvəli legionerlər üçün olduqca ağır
dövr idi. Maddi sıxıntılar, ayrı-ayrı ölkələrdə yaşamaq, təşkilatlanmaq böyük
çətinliklər törədirdi. Eyni zamanda, Amerika və Qərb dairələri legionerlərlə ilk
işbirliyinə çalışırdılar. Ə. Fətəlibəyli-Düdənginskinin Münhendən C. Hacıbəyliyə
göndərdiyi 1950-ci il 29 oktyabr tarixli məktubda maraqlı məlumatlar vardı. O,
yazırdı: “Mən burada Qərbin bəzi nümayəndələri ilə görüşdüm. Onlar bütün
planlarımızla tanışlıqdan sonra əməkdaşlığa razıdırlar. Amma uzadırlar. Son
zamanlara qədər onlar Kerenskinin güclü təsiri altında idilər. Bizdə güclü
canlanma vardır. Buraya Şimali-Qafqaz təxəllüslü məsul bir amerikalı gəlmişdi və
Əhməd Nəbi-Maqoma ilə, mənimlə və başqaları ilə uzun söhbətlər etdi. O,
məsləhət gördü ki, Türk-Qafqaz İttifaqı yaradaq. Biz razılıqla bu təklifı qəbul etdik
və Maqoma ilə birgə sxem hazırlayıb ona verdik. Düşünürəm ki, iki-üç aydan
sonra cavab olacaq. Bu ittifaq mənim xoşuma gəlir və onun böyük nüfuzu olacaq.
Şübhəsiz ki, əsas işləri Milli Komitələr aparacaq və bu qurumlar həmin ittifaqda
arxa planda olmayacaqlar. Milli Komitələrlə yanaşı, Qafqaz Komitəsi də mövcud
olacaq və hər komitədən 4 nəfər oraya daxil olacaq. Qafqaz Komitəsinin 4 üzvü və
Türküstan Komitəsinin 1 üzvü İttifaqın Rəyasət Heyətini təşkil edəcəklər. Bu
Rəyasət Heyətinin Milli Komitə üzvlərindən ibarət olan 4 idarəsi olacaq. Beləliklə,
Milli Komitədən kənarda heç bir məsələ həll edilə bilməz. Məlumunuz olduğu
kimi, bizim Milli Komitədə Siz, mən, albay Kazım bəy (Cahangir Kazımoğlu - N.
Y.) və Atamalıbəyov vardır. Sonuncu Çilidə olduğundan fəal iştirak edə
bilməyəcək. Milli Komitənin üzvlərinin sayını 10-a qədər artırmalıyıq. Mən hətta
ona yaşlı və cavan xadimlərin də siyahısını vermişəm. Siyahıya Timuçinin adını
yazmışam. O, məndən xahiş etdi ki, Nyu-Yorkda “Amerikanın səsi”ndə işləmək
üçün 6 nəfərin də siyahısını verim. Mənə isə məsləhət bildi ki, hələlik Türkiyəyə
getməyim və cavab gözləyim... Lənətə gəlmış maddi şəraitə görə, indiyə qədər
görüşə bilməmişəm”. (358)
Belə bir vaxtda antibolşevik cəbhənin yaradılmasını vacib sayan Amerikan
Komitəsi fəaliyyətə (Amerikanın kommunizm ilə mücadilə Komitəsi) başladı.
Amerikan Komitəsinə əvvəl C. Layons, sonradan isə Amerikanın Moskvadakı
keçmiş böyük elçisi Alan Gerk başçılıq edirdi. 1952-ci ildən isə Sovet Rusiyasını
yaxından tanıyan, Moskvada Amerika attaşesi olmuş Stevens Komitənin başqanı
oldu. Komitə üzvləri arasında tanınmış siyasətçilər çoxdu. Onların arasında
aşağıdakı tanınmış adamlar vardı: Çarlz Edison (məşhur Tomas Edisonun oğlu),
Vilyam Henri Çemberlin (Amerikada sovet məhkumu millətlərin istiqlal haqlarının
müdafıəsi ilə məşhur idi), general-mayor Con-Dean (Moskvada olmuş, “Streync
Əlleyinc” kitabı ilə böyük rəğbət qazanmışdı), Nikolas Ruzvelt (yazıçı və
diplomat, Amerikanın Macarıstan elçisi olmuşdu) və başqaları (3, s. 46).
Amerikan Komitəsi bildirirdi ki, millətlər, xalqlar Sovet hökumətinin
diktatorluğu altında qaldıqca, insanların azad və hürriyyət içində yaşaması
mümkün olmayacaq. Amerikan Komitəsi proqramına müvafiq surətdə fəaliyyətə
başladı.
Qeyd olunmalıdır ki, bolşeviklərin süqutundan sonra Rusiyanın hansı
formada mövcudluğu ilə bağlı Amerika siyasi dairələrində ikili fikir mövcud idi.
Bir fikrin tərəfdarları düşünürdü ki, bolşeviklərin süqutundan sonra Rusiya
parçalanacaq, yoxsa rejim dəyişməklə, bütöv Rusiya qorunub saxlanacaq? Amerika
ictimaiyyətində o dövrdə Amerikada yaşayan mühacir rusların təsiri ilə Rusiyanın
bolşevik rejimindən bir bütün halında qurtulması fikrini dəstəkləyənlər çox idi.
Mühacir rusların bu “şovinist” fıkirlərinin qəti yürüdücüsü A. Kerenski və S.
Melqunov idi. Amerikan Komitəsi 1917-ci ildə Rusiyada fevral-burjua
inqilabından sonra müvəqqəti hökumətə başçılıq etmiş, indi isə mühacirətdə
yaşayan A. Kerenskiyə daha çox etimad göstərirdi.
Amerikan Komitəsinin yardımı ilə 1951-ci il yanvarın 16-da bir çox rus
partiyalarının iştirakı ilə Füssen konfransı keçirildi. (132, s.200) Konfransda
mühacir ruslar yalnız Rusiyanın ərazi bütövlüyünün qorunması şərtilə qeyri-rus
təşkilatları ilə işbirliyini mümkün saydılar.
Bu işin davamı olaraq yenə Amerikan Komitəsinin yardımı ilə 1951-ci il
avqustun 28-də Qərbi Almaniyanın Ştutqart şəhərində mühacir ruslar konfrans
keçirdilər. Bu konfransda onlar Rusiya Millətlərinin Qurtuluş Şurası yaradılmasına
qərar verdilər. Bununla bərabər, Rusiyadakı milli azlıqların da nümayəndələrini bu
Şuraya cəlb etmək məqsədi ilə bir Büro da yaradılmışdı.
Vəziyyəti belə görən M. Ə. Rəsulzadə Amerikan Komitəsini ciddi tənqidə
başladı. Qeyri-rus xalqların uzun illər idi ki, apardığı qurtuluş davasına etinasız
yanaşan mühacir rus təşkilatlarının maliyyələşdirilməsini düzgün olmayan hərəkət
adlandırdı. Vəziyyətin getdikcə gərginləşdiyini, əsgi mühacirlərin güclü etirazlarını
hiss edən Amerikan Komitəsi rus mühacir təşkilatlarına qeyri-rus mühacir
təşkilatları ilə işbirliyinin vacibliyini bildirmişdi.
Bunun davamı olaraq 1951-ci il noyabrın 7-də Qərbi Almaniyanın Visbaden
şəhərində beş mühacir rus təşkilatının (1.“Rusiyanın hürriyyəti üçün mücadilə
birliyi”, 2.“Milli Əmək Birliyi”, 3.“Rus Xalq Hərəkatı”, 4.“Xalqın hürriyyəti üçün
mücadilə cəmiyyəti”, 5.“Rusiya xalqlarının qurtuluşu üçün mücadilə birliyi” və
beşi də rus olmayan millətlərə mənsub təşkilatın nümayəndələrinin iştirakı ilə
konfrans keçirildi. (195, s. 229-230)
Konfransda çıxış edən A. Kerenski “Bölünməz Rusiya” fikrini müdafiə
edirdi. Qeyri-rus mühacirlər isə Birləşmiş Millətlər Təşkilatının insan haqlarına aid
prinsiplərini müdafıə edirdilər. Konfransın yekunu kimi bir bəyannamə imzalandı.
Bəyannaməni azərbaycanlı təmsilçilər da imzaladılar.
“Rusiyanın bölünməzliyi” ideyası ilə çıxış edən, Azərbaycanın istiqlalını
(eləcə də digər rus məhkumu xalqların) xalqın öz “iç işi” kimi qəbul etməyən,
Azərbaycan davasını (yenə digər xalqların) Rusiyanın daxili məsələsi kimi anlayan
rus mühacirləri ilə bəyannaməni imzaladığına görə “Milli Birlik Məclisi” M. Ə.
Rəsulzadənin şiddətli hücumuna məruz qaldı. Bir çox şəhərlərdə hətta etiraz
yığıncaqları da keçirildi.
M. Ə. Rəsulzadə Kerenskinin hansı fikirlərlə yaşadığını bildiyindən onun
başçılıq etdiyi rus təşkilatı ilə birgə işin əleyhinə idi. Kerenski “Bölünməz
Rusiya”nın qəti tərəfdarı idi və hələ 20-ci, 30-cu illərdən bu mübarizəsini davam
etdirirdi. 1930-cu ildə Kerenskinin “Gün” məcmuəsində (N60) “Rus xalqı üzərində
diktatura” adlı məqaləsi çap edilmişdi. Və elə həmin ili M. Ə. Rəsulzadə “Odlu
Yurd” dərgisində Kerenskiyə “Nə ondandır, nə bundan” adlı cavab məqaləsi nəşr
etdi. (175) M. Ə. Rəsulzadə məqalə-məktubda Sovet İttifaqındakı türk
respublikalarının istiqlal və azad dövlət qurmaq istəklərinə istehza ilə yanaşan
Kerenskini tənqid etdi. O, Kerenskini xalqların apardığı milli-azadlıq hərəkatının
mahiyyətini anlamağa çağıraraq yazırdı: “Biz həmişəlik olaraq cənab Kerenskiyə
bildiririk ki, heç bir “separatizmdən”, “Rusiyanın bölünməsi”ndən söhbət gedə
bilməz. Bizcə bu söz tamam başqa anlamda işlədilir: birincisi, öz ölkəsini xarici
işğaldan qurtarmağa yönəldən xalq hərəkatını “separatçı” adlandırmaq düzgün
deyildir”. (325, s.31)
Məhz buna görə də “Azərbaycan Milli Birlik Məclisi” təmsilçilərinin belə
bir şəxslə, hələ də 50-ci illərdə də “bölünməz Rusiya” ideyası ilə yaşayan Kerenski
ilə eyni sənədə imza atması M. Ə. Rəsulzadədə ciddi narazılıq doğurmuşdu.
“Amerikanın Kommunizm ilə Mücadilə Komitəsi” başqanı Don Levin
1951-52-ci illərdə Müsavat Partiyası ilə işbirliyi aparmaq üçün M. Ə. Rəsulzadəni
İtaliya ilə Almaniyaya görüşməyə dəvət etmişsə də, Komitənin “Sovetlər Birliyinin
mövcud mühafızəsi” prinsipinə dayandığı üçün görüş qəbul edilməmişdi. (156,
s.29)
Belə gərginliklərə baxmayaraq, əllinci illərin əvvəllərində legionerlərin
siyasi və təbliğati fəaliyyətinin yüksəliş dövrü oldu. Belə ki, 1952-ci ilin iyun
ayının 19-dan 21-nə qədər Almaniyanın Ştarnberq şəhərində rus və rus olmayan 9
milli təşkilatın konfransı keçirildi. Konfransda iki əsas komissiya yaradıldı: a)
müvəqqəti millətlərarası siyasi komissiya; b) müvəqqəti radio komissiyası.
Məhz Ştarnberq konfransından sonra “Amerikan Komitəsi” radio təbliğatın
qurulması ilə bağlı işi daha da sürətləndirdi. Belə ki, yaradılan “radio komissiyası”
ciddi olaraq çalışır və yaxın vaxtlarda fəaliyyətə keçəcəyi hiss olunurdu. (126, s. 3-
4) SSRİ-dən olan mühacirlərin birləşdirilməsi və ümumi düşmən olan bolşevizmə
qarşı mübarizəyə güc verməsi baxımdan tanınmış mühacir C. Hacıbəyli bu tədbiri
əhəmiyyətli hesab edirdi. (242, s. 1-2) Birinci mərhələni isə o, Visbaden
konfransının keçirilməsi kimi qiymətləndirdi. Visbadendə bu əməkdaşlığın ilkin
əsası qoyulmuşdusa da, Ştarnberq konfransında isə bolşevizmə qarşı güclü mətbu
işin təşkili və şifahi təbliğat vasitəsi olan radiostansiyanın yaradılması haqqında
qərar qəbul edilmişdi.
Almaniyada və Fransada yaşayan mühacir və legioner qrupları istər
Visbaden, istərsə də Ştarnberq konfranslarının əhəmiyyətini belə dəyərləndirirdilər:
“... Bizim hamımıza, istər ruslara, istərsə də milli mühacirətə imkan verilir ki,
inkişaf etmiş müasir dünya qarşısında öz mövqeyimizi müdafiə edək və xalqımıza
həqiqətləri söyləyək, onları ruhlandıraq, işıqlı gələcəyə olan ümidlərini artıraq”.
(222, s.2)
Lakin legioner və mühacirlər Avropa ölkələrində ciddi problemlərlə
qarşılaşırdılar. Bəzi hallarda təhqir olunur, həbs edilir, hüquqsuz bir vəziyyətdə
yaşayırdılar. Qeyd edək ki, Amerikada və Qərb ölkələrində yaşayan legionerlərin,
Sovet İttifaqından qaçqın düşmüş şəxslərin hüquqlarının qorunması ilə SSRİ
xalqlarının azadlığı üzrə Amerikan Komitəsi daha çox maraqlanırdı. Həmin komitə
1951-ci ilin fevralın 8-də ABŞ-ın Delaver ştatında yaradılmışdı. (223, s.31)
Bir neçə aydan sonra təşkilatın adı dəyişdirilib belə adlanmışdı:
“Amerikanın Rusiya xalqlarını Qurtuluş Komitəsi”. 1953-cü ilin martında isə
Komitənin sədri vitse-admiral Lesli K. Stivens bildirdi ki, təşkilat bu gündən sonra
belə adlandırılacaq: Amerikanın Bolşevizmdən Qurtuluş Komitəsi. Təşkilatın belə
adlandırılmasının, şübhəsiz, müxtəlif səbəbləri vardı. Admiral Stivens açıqlayırdı
ki, ayrı-ayrı rus olmayan mühacir qrupları “Rusiya xalqları” sözünə etiraz edir və
müstəqillik hüquqlarının pozulması kimi anlayırlar.
Bunları nəzərə alıb, həmin qrupları bir araya gətirmək üçün “Rusiya
xalqları” və “Sovet İttifaqı xalqları” adlarından imtina edilərək Bolşevizmə qarşı
mübarizənin Koordinasiya Mərkəzi adlandırıldı. Stivensin müraciəti bu sözlərlə
bitirdi: “Sovet İttifaqı Kommunist Partiyası, “bolşevik” sözündən uzaqlaşmaq üçün
yeni bir cəhd göstərmişdir. Lakin o, bununla heç kimi aldada bilməz. İstər SSRİ-
nin daxilində, istərsə xaricdə gözəl başa düşürlər ki, beynəlxalq sui-qəsdçilər
tərəfindən yaradılıb bolşevizm adı ilə tarixə düşən bu nifrətəlayiq sistem bundan
sonra da bu adla qəbul ediləcəkdir. Amerikan Komitəsinin, eləcə də Koordinasiya
Mərkəzinə toplaşan mühacirlərin məqsədi Sovet İttifaqının hazırkı ərazisini bu
lənətlənmiş addan xilas etməkdir. (343, s. 34)
Əllinci illərdə mühacir və legionerlərin fəaliyyəti getdikcə genişlənirdi.
1952-ci ilin oktyabrın 16-da Münhen şəhərində dörd rus siyasi təşkilatı (Xalqların
sərbəstliyi üçün çalışanlar, Rusiya Xalq hərəkatı, Rusiya Millətlərini Qurtarma
Savaş Birliyi, Sərbəst Rusiya üçün Savaşanlar Birliyi) və SSRİ Birliyindən rus
olmayan beş milli təşkilat (Azərbaycan Milli Birlik Komitəsi, Ermənistan İstiqlalı
üçün Savaşanlar Birliyi, Gürcüstan Milli Şurası, Şimali Qafqasya Milli Birliyi
SKANO, Türküstan Qurtuluş Komitəsi Türkeli) müştərək bir ictimai qurum –
“Bolşevizmə qarşı Koordinasiya Mərkəzi”ni yaratdılar.
Koordinasiya mərkəzini yaratmaqda məqsəd diktatorluq rejiminə qarşı
mübarizə aparan orqanları yaratmaq idi. Başlıca məqsədi belə idi: SSRİ Birliyində
yaşayan millətləri kommunist diktatorluğundan qurtarmaq, millətlərin arzularına
uyğun demokratik cəmiyyət qurmaq idi.
Mərkəzi Büronun on iki nəfərdən ibarət üzvləri seçildi. Koordinasiya
Mərkəzi Nizamnaməsi on bir maddədən ibarət idi və birinci maddədə təşkilatın
əsas mübarizə hədəfı belə müəyyənləşdirilmişdi: “1. Kommunizm diktatorluğu
tamamən yox edilincəyə qədər amansız mücadilə”; üçüncü maddədə isə milli
məsələnin qoyuluşu belə idi: “Sovetlər Birliyi daxilində yaşayan bütün millətlərin
öz idarələrini qurmağa və demokratik prinsiplər üzərinə öz müqəddəratlarını təyin
etməkdə sərbəst olduqlarını qəbul və təmin edərik”. (3, c. 4).
Tanınmış mühacir C. Hacıbəyli qeyd edirdi ki, məhz belə ciddi proqrama
malik olduğundan yeni yaradılan “Antibolşevik Mücadilə Koordinasiya Mərkəzi”
fərqli bir təşkilat olaraq fəaliyyət başlamışdı. (3, s. 3-4; 127, s. 3-4).
Qeyd olunduğu kimi, mühacir və legioner qrupları getdikcə Qərbin daha
çox marağına daxil olur, bu ölkələrdə daimi yaşamaq hüququ əldə edirdilər. Qərblə
Sovet dövləti arasında münasibətlər kəskinləşdikcə (əllinci illərdə bu daha açıq hiss
olunurdu) münasibət fərqləri də dəyişirdi.
Belə bir vaxtda 1952-ci ilin avqustun 5-də Amerikan Komitəsinin sədri
admiral Alan Q. Kerk Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları
Komissiyasının sədri xanım Yelenora Ruzveltə müraciət edib Sovet İttifaqından
olan antikommunist qaçqınları himayəyə götürməyi xahiş etdi. (209, s.6-7)
Alan Kerk xanım Ruzveltə müraciətində bildirirdi: “Azad dünya getdikcə
Moskva rejimi ilə onun ilk qurbanları olan SSRİ xalqları arasında dəqiq sərhədin
çəkilməsi vacibliyini anlayır. Məhz bu mənada bizim komitə Sizdən xahiş edir ki,
kommunizmə düşmən olan keçmiş sovet vətəndaşlarının hüquqlarını bərpa
edəsiniz”. (209, s.7)
Şübhəsiz ki, belə müraciətlərin təsiri artır, mühacir və legionerlərə
münasibət də yaxşılaşırdı.
Qeyd edək ki, əllinci illərdən başlayaraq “Amerikan Komitəsi” ayrı-ayrı
mühacir və legionerlərin yaratdığı təşkilatları, xüsusilə mətbu orqanları
maliyyələşdirirdi. 1952-ci ildə Münhendə “Azərbaycan” jurnalının ilk sayının nəşri
mühacirləri və legionerləri çox sevindirmişdi. Bu münasibətlə legionerlərin
redaksiyaya göndərdiyi təbrik məktubları çox maraqlı idi. Legionerlər yazırdılar:
“Çox hörmətli redaksiya! Vətənimizin adını daşıyan jurnalın ilk sayını aldıq.
Oxuyub çox məmnun qaldıq... Azad və müstəqil Azərbaycana eşq olsun! Hörmət
və şərəflə: Atabəy Şamil, Tahir Heydərzadə, Səfər Ağaoğlu, İsmayıloğlu, Həsən
Əziz. Münhen. 30.03.1952. (224, s.1-2)
Eyni zamanda, Ə. Fətəlibəyli Ceyhun bəyə göndərdiyi məktublarda
“Azərbaycan” jurnalının nəşri ilə bağlı çətinliklərin olduğunu qeyd edirdi.
Göstərirdi ki, maddi imkanlara görə jurnalın 2-ci sayını nəşr etmək çətinləşib.
Amerikan Komitəsi isə maddi yardımı reallaşdırmamışdır. Hətta buradan Noy-Ulm
şəhərinə getməyə də pul yoxdur. Lakin, mövcud imkansızlığımıza baxmayaraq,
jurnalın növbəti sayını nəşr etdirəcəyik. (364)
Lakin, Azərbaycan təşkilatları arasında fikir ayrılığının və müxtəlif
yanaşmaların olması bu yardımların alınmasında çətinlik yaradırdı. Ə.
Fətəlibəylinin 1952-ci ilin martın 27-də C. Hacıbəyliyə göndərdiyi məktubda bu
problemlərin geniş şərhi verilirdi. (363)
“Azərbaycan” jurnalını Amerikan Komitəsi maliyyələşdirsə də, burada
ciddi problemlər yaranırdı. Mühacir və legionerlər arasında ziddiyyət və
anlaşılmazlıqların olması bəzi hallarda onlara ayrılan maliyyə fondlarının
azalmasına gətirib çıxarırdı. Ə. Fətəlibəyli C. Hacıbəyliyə göndərdiyi məktubda
bununla bağlı yazırdı: “Sizin təqdim etdiyiniz və mənim müdafiə etdiyim layihə D.
L. tərəfındən dağıdıldı. Onun mənimə olan oyunu haqqında ötən məktubumda
yazmışdım. Onun fikri sadədir: ermənilər 3000 (üç min) marka alır və bu pulla
həftəlik məcmuə buraxır, altı nəfər də dolanır. Kanatbay dörd min marka alır və iki
dildə jurnal buraxır, bütün komitə dolanır. Avtorxan beş min marka alır və hamısı
dolanırlar. Bizim işimızi jurnalla bağlı pozan Əkbər-Ağa oldu. D. L.-nın (D. Levin)
sözlərinə görə, məhz Əkbər-Ağa aylıq yox, yalnız dövrü (yəni iki-üç aydan bir)
jurnal buraxmağa onların gücü çatar.
Buna görə də D. L. dedi ki, “aylıq orqan” sözünü yazmayaq və nəşrin ayını
da göstərməyək. Mən də elə etdim”. (365)
Ə. Fətəlibəylinin C. Hacıbəyli ilə yazışmalarında “Azərbaycan” jurnalının
fransız dilində nəşrinə də çalışmaları qeyd olunurdu. Təəssüflər ki, Amerikan
Komitəsinin nümayəndəsi jurnalın fransızca nəşrinə maraq göstərməyib
bildirmişdi: “Əgər Hacıbəyli Parisdə yaşamasaydı və fransız dilini bilməsəydi,
onda o jurnalın fransızca da nəşrinə ehtiyac qalmazdı”. (366)
Qeyd edək ki, bu illərdə Ə. Fətəlibəyli Düdənginski ilə C. Hacıbəyli
arasında da müəyyən soyuq münasibətlər yaransa da, ötüb keçmişdi. Belə ki,
“Amerikan Komitəsi”nin nümayəndəsi D. Layonun Parisdə C. Hacıbəyli ilə
görüşməməsindən o, bərk incimiş və günahı Ə. Fətəlibəylidə görmüşdü. Lakin, Ə.
Fətəlibəyli C. Hacıbəyliyə məktubunda bu məsələyə aydınlıq gətirib yazırdı: “Mən
cənab Aleksanderlə görüşdüm. O, mənə dedi ki, D. Layon xəstələndiyinə görə
Hacıbəyli ilə görüşə bilmədi. İndi sizin daha bir məktubunuz haqqında. Siz
yazırsınız ki, çox işləmisiniz və jurnalın redaktoru kimi gərək imza qoyaydınız.
Mən başa düşmədim, belə çıxır ki, mən Sizin arxanızda gizlənmişəm. Lakin, Sizə
məlumdur ki, müharibədən sonra mən bütün ordenlərimi taxıb amerikalıların
yanına gedib dedim: “Bəli, mən milli azadlıq hərəkatına rəhbərlik etmişəm və bu
hərəkatla bağlı sözü olan istənilən xalqın məhkəməsi qarşısında dayanmağa
hazıram. Mən o zaman dediklərimi və yazdıqlarımı bu gün də təkrar edirəm”. (367)
Şübhəsiz ki, çətin, mürəkkəb siyasi mübarizə həyatının belə anlaşılmazlıq
məqamları olurdu və bu hallar Ə. Fətəlibəylini və C. Hacıbəylini bir-birlərindən
heç də uzaqlaşdırmırdı.
Azərbaycan mühacir və legionerlərinin fəallaşmasında 1952-ci ilin
sentyabrın 12-dən 19-na qədər Ştarnberqdə və Münhendə keçirilən Azərbaycan
konfransının da böyük təsiri oldu. Konfransda Türkiyədən, İrandan, Fransadan,
Avstriya və Almaniyadan olan nümayəndələr iştirak edirdilər. Konfransda
Azərbaycanın müstəqilliyi, vahid antibolşevik mərkəzin yaradılması, gələcək
mübarizənin qısa proqramı məsələləri müzakirə edildi.
Eyni zamanda, konfransda Azərbaycan Milli Məclisinin “Milli Birlik”
adlandırılması məqsədəuyğun sayıldı. 9 nəfərdən ibarət olan İdarə Heyətinin sədri
vəzifəsinə C. Hacıbəyli, müavinləri isə C. Kazımbəy və Əziz Alpaut seçildilər.
Bundan əlavə, konfransda azad dünyaya, müsəlman ölkələrinə, eləcə də prezident
Xoysa, Amerikan Komitəsinə, admiral Kerkə müraciətlər qəbul edildi, azad dünya
ölkələrinin Xarici İşlər nazirlərinə memorandium göndərildi. (225, s. 1-4, 8-10)
Bu illərdə D. Levin Ə. Fətəlibəyli, Avtorxan, Kanatbay və digərləri ilə
görüşərək maraqlı müzakirələr aparırdı. Rus mühacirlərinin nümayəndəsi
Kerenskinin “Novoe Russkoe Slovo” (“Yeni Rus Sözü”) jurnalında D. Levini
tənqid etməsinə baxmayaraq “Amerikan Komitəsi” onlarla məsləhətləşmələri
davam etdirirdi. (368, 119)
1953-cü ilin martında ABŞ dövlətinin maliyyələşdirdiyi “Boişevizmlə
Mübarizə Koordinasiya Mərkəzi” tərəfindən istiqamətləndirilən “Qurtuluş” radiosu
öz ilk verilişlərinə başladı. Bu münasibətlə yayılan müraciətdə bildirilirdi: “Qulaq
asın, qulaq asın! Bu gün yeni “Qurtuluş” radiostansiyası verilişlərinə başlayır.
Həmvətənlər! Axır ki, bizim öz səsimiz var. Stalinin polis terroru bizi öz evimizdə
susmağa məcbur etsə də, xaricdə azad danışa bilirik. Azadlığa olan əbədi cəhdimiz
xalqımızın qəlbində sönmədi. Bizim ilk tapşırığımız azadlığa çağırışdır.
Kommunist rejiminə müqavimət hissi də xalqımızı tərk etməyib. Biz
azərbaycanlılar, eləcə də Sovet İttifaqının digər xaqları, kommunizmi məhv edib,
qəsb edilmiş azadlığımızı qaytarmağa tam qərarlıyıq. Bizim harda olmağımızdan
asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də azad xarici ölkələrdə olsun,
yalnız bir istəyimiz vardır: Kreml hakimiyyətinin yıxılması. Biz, hamımız -
gənclərimiz, yaşlılarımız, Stalinin dəmir pərdəsi arxasında yaşayıb əzab çəkən
sizlərlə bir istək və arzudayıq.
... 1952-ci ilin oktyabrın 16-da xarici siyasi qrupların nümayəndələri
Vətənimizi kommunist diktaturasından xilas etmək üçün “Bolşevizmlə Mübarizə
Koordinasiya Mərkəzi” yaratdılar. Biz mövcud diktaturaya qarşı öz xalq
hakimiyyəti prinsiplərimizi qoyuruq... Biz bilirik ki, mübarizə üçün burdan hazır
reseptlər vermək mümkün deyildir. Vaxtı çatanda xalq özü necə etməyi başa
düşəcək. Bizim radiostansiyanın başlıca vəzifəsi Sovet İttifaqında eşidilməyən
həqiqi informasiyalarla dinləyicilərimizi təmin etmək, neçə illərdir ki, aparılan
sovet təbliğatının yalanlarından azad olmaqdır! Bizim radiostansiyanı dinləyin!
Bolşevizmlə mübarizə aparan koordinasiya mərkəzinin səsini eşidin!” (223, s.1-3)
Qeyd edək ki, hələ 1949-cü ilin may ayının sonunda Nyu-York şəhərində
ABŞ dövlət rəsmilərinin iştirakı ilə gizli bir müşavirə keçirilmiş və SSRİ-yə, eləcə
də digər sosialist ölkələrinə qarşı ideoloji hücumu gücləndirmək məqsədi ilə
nəhəng bir orqan yaradılması vacib sayılmışdı. General Kleyy tərəfindən
müəyyənləşdirilmiş proqramda deyilirdi: “Kommunist rejimini devirmək məqsədi
ilə psixoloji müharibə aparmaq üçün geniş və həlledici kompaniya təşkil edilsin”
(106, s. 71)
ABŞ senatı isə federal büdcənin hesabına iki radiostansiyanın
maliyyələşdirilməsi barədə qanun layihəsini bəyənib qəbul etdi.
Həmin müşavirədən sonra 1950-ci ilin iyulun 4-də “Azad Avropa”, 1953-cü
ilin martın 1-də isə “Azadlıq” radiostansiyaları Almaniya Federativ
Respublikasında fəaliyyətə başladılar. Əvvəlcə stansiyaların illik büdcəsi 34
milyon dollar idi ki, bunun da 13 milyon dolları təkcə “Azadlıq” radiostansiyasının
payına düşürdü. Sonradan isə “Azad Avropa” və “Azadlıq” radiostansiyalarına hər
il 100 milyon dollardan çox vəsait sərf edilirdi.
Dünyanın yüzdən çox ölkəsində bu stansiyaların 240 məlumat mərkəzi, 80-
dən çox ölkədə 200-dən artıq kitabxanası vardı. Həftədə 2 min saatdan çox veriliş
təşkil edən stansiyalar Vətənimizə qarşı SSRİ xalqlarının 23 dilində təbliğat
aparırdı. Burada çalışan jurnalistlərin də sayı daima artırdı. Belə ki, 1960-cı illərdə
hər iki radiostansiyalardakı əməkdaşların sayı 306 nəfər idisə, sonradan bu rəqəm
1300-ə çatdırıldı. Onların əksəriyyəti isə keçmiş SSRİ vətəndaşları, legionerlər və
mühacirlər idi. “Azadlıq” radiosunun 17 stansiyası arasında SSRİ-nin bütün ərazisi
bölüşdürülmüşdü.
“Azadlıq” və “Azad Avropa” radiostansiyaları Münhendə (hazırda isə
Praqada), İngilis Parkının yaxınlığında Arabellaştrasse küçəsindəki 18 saylı üç
bloklu beton binada yerləşirdi. Həmin yer şəhərin şərq hissəsindən təxminən 4-5
km məsafədə idi.
“Azadlıq” radiosunun “Azərbaycan redaksiyası”na bir müddət (1953-1954-
cü illər) Ə. Fətəlibəyli Düdənginski, sonradan isə İsmayıl Əkbər və Əli Aranlı
başçılıq etmişlər. “Azərbaycan” redaksiyasında Məcid Musazadə (Qarsalani),
Fərman Məmmədov, Murad Muradlı, Kərim Aslanoğlu və digər keçmiş legionerlər
çalışırdılar.
Qeyd edək ki, “Azadlıq” radiosunun “Azərbaycan” redaksiyasının ilk
verilişi efirə 1953-cü ilin martın 6-da getmişdi. (226)
“Qurtuluş” (sonradan “Azadlıq” radiosu adlandırıldı) radiosunun
yaradılması istiqamətində ilk çalışmalar 1952-ci ilin fevralından başlanıldı.
“Amerikan Komitəsi”nin sədri olan admiral Kerkin rəhbərliyi ilə tez bir zamanda
“Qurtuluş” radiosu Avropada verilişlərinə başladı. Tezliklə Sovet İttifaqına və
Sovet İttifaqında qalan Avropa əraziləri üçün də radioverilişlərin ötürülməsi
planlaşdırıldı. Radioverilişlərin Sovet İttifaqından gəlmiş mühacirlər tərəfindən
hazırlanacağı nəzərdə tutulurdu. Bununla əlaqədar 1952-ci ilin iyununda
Ştarnberqdə (Bavariyada) konfransda hazırlıq işləri görülmüşdü. (226, s.5-6)
Qeyd edək ki, “Qurtuluş” radiosunun yaranmasında böyük xidmətləri olan
Alan Q. Kerk vaxtı ilə ABŞ-ın Moskvada səfiri işləmiş, “Amerikan Komitəsi”nin
sədri olmuş, sonradan isə prezident Trumen ona Psixoloji Strategiyalar Şurasının
direktoru vəzifəsini təklif etmişdir. Bu şura ABŞ-ın Milli Təhlükəsizlik Şurasının
nəzarətində idi və Amerikanın Sovet İttifaqına qarşı olan psixoloji strategiyalar və
dünyada kommunist təbliğatı sahəsindəki siyasətini müəyyənləşdirirdi. Əllinci
illərdə isə radionun daha effektli bir təbliğat olduğu aydın görünməkdə idi. (240, s.
14)
Beləliklə, 1953-cü ilin martından “Qurtuluş” radiosunun Azərbaycan
redaksiyası fəaliyyətə başladı. “Azərbaycan” redaksiyasının ilk Baş redaktoru
mayor Ə. Fətəlibəyli-Düdənginski oldu.
“Azadlıq” radiosu fəaliyyətə başladığı ilk gündən Ə. Fətəlibəyli sovet
hökuməti siyasəti əleyhinə olan verilişlər hazırlayırdı. 1953-cü ilin iyununda efirdə
səslənən “Türkiyə haqqında həqiqət” verilişində deyirdi: “Danışır Azadlıq
radiostansiyası. Əziz həmvətənlər! Siz öz azad həmvətənlərinizin azad dünyadan
səsini eşidirsiniz. İndi isə Sovet imperializmi seriyasından “Türkiyə haqqında
həqiqət” mövzusunda verilişimizə qulaq asın. İkinci Dünya müharibəsindən sonra
Sovet İttifaqının Türkiyəni “sülhlə fəth” etmək cəhdi boşa çıxdı. Türkiyə Kremlin
bütün həyasız tələblərini rədd edib SSRİ-nin basqısına qarşı dayana bildi və
bununla azadlığın və demokratiyanın qorunması üçün azad dünyaya böyük xidmət
göstərdi. Bundan sonra Kreml görünməyən antitürk kampaniyasına başladı. Son
zamanlarda SSRİ-də antitürk kampaniyası adi sovet vicdansızlığından da kənara
çıxmışdır.” Ə. Fətəlibəyli verilişin sonunu bu sözlərlə bitirirdi: “Lakin, bu hiyləgər
yanaşmalar əbəsdir. Demokratiya bir hakim olaraq kommunizm və sovet
imperializmini ölümə məhkum etmişdir. Bütün dünyanın azad xalqları sovetlərin
əzilən xalqları ilə birgə bu hökmü yerinə yetirəcək və vahid azad dünya
yaradılacaqdır”. (359)
Ə. Fətəlibəylinin “Azadlıq” radiosunda müəllifliyi və redaktorluğu ilə 1953-
cü ilin iyunun 29-da efirə gedən “Son xəbərlərin” 109 saylı bülletenində Sovet
dövlətinin və Kremlin mövqeyi kəskin olaraq tənqid edilirdi: Vaşinqtonda Amerika
senatının xarici işlər üzrə komissiyasının sədri Aleksandr Uayli amerika xalqına və
bu dövlətin müttəfiqlərinə müraciət etmişdir. O, müraciətində bildirmişdır:
“Barışdırıcılıq siyasəti dayandırılmalıdır. Berlinin sovet bölməsindəki üsyan,
Çexoslovakiyada, Polşada və digər ölkələrdəki hadisələr Kreml hökmdarlarının
məşhur olmadığını sübut etdi. Azad Qərb dünyası qəti şəkildə Sovet hökumətindən
təcavüzkar siyasətindən əl çəkməyi tələb etməlidir”. (360)
Sovetlərin təsirində olan Alman Vahid Sosialist Partiyasının mövqeyinin
sarsıldığını Ə. Fətəlibəyli belə təqdim edirdi: “Şərq bölgəsindən alınan xəbərlərə
görə zəhmətkeşlər kütləvi şəkildə Vahid Alman Sosialist Partiyasından çıxmaq
haqqında ərizələr verirlər. Partiyanın Mərkəzi Komitəsi yerli təşkilatlara həmin
ərizələrə baxmamaq tapşırığı vermişdir”. (360)
Qeyd edək ki, Azərbaycan legionerləri mühacirətdə olan rusların yanlış
mövqelərini kəskin tənqid edirdilər. Belə ki, 1952-ci ildə aprelin 27-də mühacir
rusların “Xalqın səsi” qəzetində “Vlasovçulara salamımızı bildirin” başlıqlı bir
məktub dərc etmişdi. Məktubda bir almanın adı ilə ruslar təriflənir, moğollar (yəni,
qeyri-ruslar) isə pislənirdi. (140, s. 30)
Mühacir rus mətbuatı kommunizmin keçici bir situasiya olduğunu, Sovetlər
Birliyində milliyyət məsələsinin təzahür etmədiyini, qeyri-rus xalqların Rusiyadan
ayrılmağının yalnız onlara ağır zərbə vuracağı fıkrini (172, s. 13-14) təbliğ edirdi.
Göstərirdilər ki, Sovet İttifaqında baş verən hadisələrin əsas səbəbkarı gürcü
Stalin və onun ətrafındakı qeyri-rus ünsürlərdir. Əks halda, Rusiyada rus
olmayanları Rusiyadan ayıran başqa səbəblər yoxdur.
Belə yazıları və fikirləri legionerlərimiz lazımınca və obyektiv olaraq
cavablandırırdılar.
Tanınmış mühacir C. Hacıbəyli də millətçi rusların “Rusiyanın azadlığı
uğrunda Mübarizə İttifaqı”nın orqanı olan “Rus demokratı” jurnalındakı
məqalələrə məntiqli yazılarla cavab verir, onların “Stalinin hesabına Rusiyada
yaxud SSRİ-də milli məsələ qalmayıb, vahid “milli kompleks” formalaşmışdır”
fikrini kəskin tənqid edirdi. (243, s. 2-3)
Mühacir rusların şovinist mövqelərinə qarşı Ə. Fətəlibəyli də kəskin
yazılarla çıxış edirdi. O, göstərirdi ki, rus mühacirlərinin apardığı mübarizə rusların
və Rusiyanın əleyhinə çevrilməklə nəticələnməməlidir. Bu halda o, yazırdı: “Biz
vahid antibolşevik cəbhəyə qarşı vahid demokratik cəbhə yaratmalıyıq”. (361, s. 6)
Əllinci illərdə Azərbaycan legionerlərinin fəaliyyətində bir mühüm
istiqamət də onların müxtəlif təşkilatlar və cəmiyyətlər yaratması idi. Belə ki,
Türkiyədə-Ankarada mühacir və legionerlərin fəallığı ilə “Azərbaycan Patriotlar
Cəmiyyəti” yaradıldı. Cəmiyyətin yaradıcıları Əhməd Ulusoy, Çingiz Göygöl, Əli
Taşkənt, Hidayət Turanlı və başqaları idi. (224, s.62)
Eyni vaxtda yalnız əsgər və legionerləri birləşdirən “Cəbhəçilər İttifaqı”
yaradıldı. Təşkilat qısaca olaraq belə adlanırdı: “Azərər”. (224, s. 62)
Legionerlərin bir araya gəlməsində və problemlərinin həllində göstərilən
cəhdlərdən biri də dini əsaslarla “İslam” müsəlman cəmiyyətinin yaradılması idi.
Belə ki, 1953-cü ilin martın 1-də Münhendə Lyudvisfolda Sovet İttifaqından olan
müsəlman mühacirləri (eləcə də legionerlərin) nümayəndələrinin iştirakı ilə
qurultay keçirildi. Qurultayda “İslam” müsəlman cəmiyyətinin yaradılması və bu
cəmiyyətin bilavasitə dağınıq vəziyyətdə olan qaçqın müsəlmanları birləşdirməsi
vəzifəsi irəli sürüldü. Cəmiyyətin İdarə Heyətinin sədri İbrahim Hacıoğlu seçildi.
(227, s. 31)
Əllinci iliərdə mühacir və legioner qruplarının yaratdığı daha bir dərnək də
fəaliyyətə başladı: “Azəri Qardaşları Yardımlaşma Dərnəyi”. Türkiyədə -
İstanbulda fəaliyyət göstərən bu dərnəyin 1952-ci il dekabrın 28-də konfransı
keçirildi və aşağıdakı tərkibdə rəhbərlik seçildi: Başqan - Məhəmməd Sadiq Aran;
başqan vəkili - İdris Yaybulaq; baş katib - Ələkbər Fərhadlı; Xəzinədar və mühasib
- Səməd Göyçay; üzvlər - 1) Əflan Muğan; 2) Şəfiqə Kaspirallı; 3) Səlim Bədəl; 4)
Həsən İsmayıl. (3, s. 35).
Qeyd edək ki, İkinci Dünya hərbindən sonra legionerlərdən bir qrupu da
Amerikada məskunlaşdı. Amerikaya gedən azərbaycanlı legionerlər əsasən Nyu-
Yorkun 40 km-də yerləşən Nevada şəhərində yaşayırdılar. Legionerlərdən Əhməd
İbrahim, Hidayət İsrafil (albay İsrafil bəyin qardaşı), Ənvər Soltan, Oğuz Odər və
başqalarının təşəbbüsü ilə burada əvvəlcə “Azərbaycan İslam və Xariciyyə
Cəmiyyəti” yaradıldı. Sonradan isə bu cəmiyyətin adı dəyişdirilərək “Amerikada
Azərbaycan Kültür Cəmiyyəti” adlandırıldı. Cəmiyyətin başqanı vəzifəsinə Əhməd
İbrahim seçildi. (18, s. 8-10)
Qeyd edək ki, 1950-ci ilin iyul ayının 8-də Almaniyanın Münhen şəhərində
“Amerikan Komitəsi” tərəfindən yaradılan “SSRİ-ni Öyrənmə İnstitutu” fəaliyyətə
başladı. Keçmiş legionerlərin və eləcə də mühacirlərin bəziləri buraya işə cəlb
edildilər. İnstitut Sovetlər Birliyini tərk edən və Sovetlər haqqında elmi
araşdırmalar aparan sərbəst elm adamlarının təşkilatı olaraq da fəaliyyət göstərirdi.
Bu araşdırmalarda məqsəd Sovetlər Birliyi haqqındakı bilgisizliyi aradan
qaldırmaq və Sovetlər Birliyi ilə bağlı məsələlər haqqında demokratik dünyaya
məlumat vermək idi.
İnstitutun başlıca fəaliyyət istiqaməti belə müəyyənləşirdi: SSRİ-nin xarici
siyasətini, iqtisadiyyatını, coğrafiyasını, xalqların yaşayış tərzini, Sovet ordusunun
təşkilini, komanda heyətinin silah növlərini, topoqraf və hərbi xəritələrini,
sərhədlərini öyrənməkdən ibarətdir. Kommunist Partiyasının üzvü olmayan və bu
partiyaya meyl göstərməmək şərti ilə milli və siyasi mənsubiyyətindən asılı
olmayaraq hər bir elm adamı İnstitutda fəaliyyət göstərə bilərdi.
Azərbaycanlı mühacir və legionerlərdən olan Mirzə Bala Məmmədzadə,
Məhəmməd Əmircan, Süleyman Təkinər, Rza Bayram və başqaları da burada
çalışırdılar.
İnstitut Sovetlər Birliyinə aid olan kitablar, dərgilər, bülletenlər də nəşr
edirdi. İnstitutun nəşr etdiyi “Dərgi” jurnalının məsul müdiri Mustafa Kamal, Yazı
işləri müdiri isə azərbaycanlı Məhəmməd Əmircan idi.
Qeyd edək ki, mühacir və legionerlərin əllinci illərdəki bu fəallığı Sovet
dövlətini ciddi narahat etməyə başladı. Belə ki, Sovet dövləti həmin dövrdə
kommunist ideologiyasına qarşı mübarizə aparanları sıradan çıxarmağa dəfələrlə
cəhdlər göstərdi. Bu əməliyyatların həyata keçirilməsində böyük təcrübəsi olan,
geniş şəbəkəli “KQB” - (“DTK”) əsas rol oynayırdı. Bu qurum 1917-ci ilin
dekabrında yaradılmış (282, s.4) və daha çox “daxili düşmən” axtarmağa (283,
s.104) meylli idi.
Məhz həmin təşkilatın fəallığı ilə 1954-cü ilin noyabrın 20-də “Azadlıq”
radiosunun “Azərbaycan” redaksiyasının baş redaktoru Ə. Fətəlibəyli-Düdənginski
Münhenin “Alpenplate-6” meydanındakı bir mənzildə qətlə yetirildi. (381)
Qeyd edək ki, mayor Ə. Fətəlibəyli Düdənginskinin qətli ilə bağlı
Almaniyada nəşr edilən “Abendzeytunq” (381) “Der Stern” (389) və “Kuik” (399)
qəzetlərində geniş məlumatlar verildi. Törədilmiş qətlin səbəbi açıqlandıqda bütün
Almaniya, eləcə də qərb ictimaiyyəti sifarişli bir ölümün baş verdiyini anladılar.
Münhendə nəşr edilən “Abendzeytunq” qəzeti yazırdı: “1954-cü il noyabrın 22-də
bazar ertəsi günü Münhenin Alpenplate-6 meydanında Mikayıl İsmayılovun meyiti
tapıldı. Meyit basdırıldıqdan sonra məlum oldu ki, əslində öldürülən Azadlıq
radiosunun nüfuzlu işçisi Fətəlibəyli imiş. Cani isə Mikayıl İsmayılovdur. Ancaq
hələ noyabrın 26-da dəfn günü Azadlıq radiosuna belə bir xəbər çatdı ki,
Fətəlibəyli İsmayılovu özünümüdafiə zamanı öldürübmüş. Bu xəbərin kim
tərəfindən verildiyi məlum olmadı. Ancaq şənbə günü noyabrın 28-də, bir həftədən
bəri işə çıxmayan Fətəlibəylinin cani deyil, öldürülən olduğu məlum oldu. Bu, heç
bir axtarışın nəticəsi deyildi. Sadəcə olaraq Azərbaycan redaksiyasının üzvləri bu
xəbəri alman polisinə çatdırdılar. Təhqiqat nəticəsində 3 gün əvvəl İsmayılov adı
ilə basdırılan meyitin Fətəlibəyli olduğu müəyyənləşdirildi. İsmayılovun - qatilin
şəkli bir həftədən sonra dekabrın 2-də qəzetlərin çərşənbə axşamı sayında dərc
edildi. Fətəlibəylinin şəkli isə hələ də qəzetlərdə çap edilmirdi. Nə üçün? (Abend?)
(381)
Nüfuzlu “Der Stern” qəzeti isə dərc etdiyi “Divanın altındakı kişi”
məqaləsində hadisəni oxucularına belə çatdırırdı: “Noyabrın 20-dən 21-nə keçən
gecə Münhenin Alpenplate küçəsində Şərqdən olan əcnəbi qətlə yetirildi. Meyit üç
gün polisdə qaldıqdan sonra dəfn edildi. Lakin sonradan məlum oldu ki, qətlə
yetirilmiş şəxs kimi qələmə verilən əslində qatilin özü imiş. Bu, tamamilə siyasi
motivli bir qətl idi”. (389)
Bəs mayor Ə. Fətəlibəyli-Düdənginskini kim qətlə yetirmişdi? Bu qətlin
arxasında hansı səbəblər dayanırdı? Almaniya mətbuatı Amerikanın Məxfi Xidmət
İdarəsinə əsaslanıb dərc etdiyi materiallarda göstərirdi ki, Ə. Fətəlibəyli-
Düdənginskini qətlə yetirən şəxs məhz “Valka” düşərgəsindən keçib gəlmişdir.
“Valka” düşərgəsi uzun illər Şərqin casus məktəbi olmuşdur. ABŞ dövləti isə bu
düşərgədəki müəyyən münasib qüvvələrdən Şərqə qarşı xəfiyyə xidməti üçün
istifadədə etirafını bildirirdi. Ruslar, Sovet hökumətinin müxtəlif millətlərdən olan
vətəndaşları, Polşa mühacirləri, çexlər və əvvəl Balkandan qaçan və ya alman
Vermaxtının işğalına məruz qalmayan digər əcnəbi qruplar üçün bura görüş nöqtəsi
idi. Belçikalı artist Simon de Ridderin qətli kimi saysız-hesabsız cinayətlərin planı
məhz burada hazırlanırdı. Nə vaxtsa bu düşərgədən çıxanlar sonradan izsiz,
nişanəsiz məhv edilirdi.
Burada Georq Müller adlı birisi ABŞ məlumat xidmətindən məharətlə
faydalanırdı. Amerikalıların etibarını qazanan G. Müller Nyurenberqdəki Qərb
Məxfi Xidmət İdarəsi üçün əsasən ukraynalı casusların radiotexniki hazırlığına
nəzarət edir, öz tabeliyində olanlara məlumat xidmətinin tapşırıqlarını çatdırırdı.
Sonradan məlum olur ki, gecə ikən sərhədi keçib Sovet İttifaqının içərilərində
gizlənən bu casuslardan heç biri sağ qalmırdı. Onlar Sovet İttifaqında bu dövlət
əleyhinə işləmək üçün hara getsələr, dərhal həbsə alınıb öldürülürdülər. Onları
sovet cəlladlarına təslim edən G. Müller idi. Çoxlarına sonradan məlum oldu ki, G.
Müller əslində Qızıl Ordunun qərargah rəisi və SSRİ gizli xidmət idarəsinin
xəfiyyə kəşfiyyatı zabiti Georgi Vladimiroviç idi. “Valka” düşərgəsinə isə o, zabiti
olduğu idarədən göndərilmişdi. Həmin şəxs təkmilləşdirdiyi casusların bir hissəsini
sovetə işləmək üçün “dəyişdirirdi.”
Münhendə qətlə yetirilən Ə. Fətəlibəylinin də ölümü məhz G. Müllerin,
yəni G. Vladimiroviçin adı ilə bağlanmaqdadır. ABŞ Məxfi Xidmət İdarəsi
tərəfindən sonradan həbs edilib Frankfurtda saxlanılan G. Vladimiroviçin
ifadələrində bu qətllə də bağlı ciddi məqamlar açıqlanırdı.
Almaniya mətbuatı yazırdı ki, 1954-cü il noyabrın 22-də səhər səksən yaşlı
Frau Böhm mətbəxi yığışdırarkən küncdəki divanın altında meyit olduğunu görür
və dərhal birinci mərtəbədəki qonşusuna xəbər verir. Polis işə qoşulduqdan sonra
F. Böhm meyitin Mikayıl olduğunu bildirir. Alman qadını bunu evin açarının
yalnız onda olması ilə əsaslandırır. Ölünün başı pencəyinə büküldüyündən sifətini
görmək mümkün olmur. Meyit məhkəmə tibb ekspertizasına verilir. Lakin
ekspertiza səthi aparılır. Bundan bir həftə sonra aparılan patoloji araşdırmada isə
məlum oldu ki, onu həm də boğmuşdular. Qatilin çəkiclə başına vurulan zərbələri
öldürücü olmadığından, o, cinayətdən bir neçə saat sonra ölmüşdü. Bu fakt həm də
mərhumun - Ə. Fətəlibəyli - Düdənginskinin əl-qolunun bağlanmasını da
aydınlaşdırırdı.
Bəs Ə. Fətəlibəyli-Düdənginskini qətlə yetirən Mikayıl kimdir? Mikayıl
İsmayılov 1920-ci il avqustun 20-də azərbaycanlı ailəsində doğulmuş, 1941-ci ildə
isə müharibədə almanlara əsir düşmüşdür. Az sonra o, legioner həyatı yaşamış,
162-ci piyada qoşunun tərkibində sovetlərə qarşı vuruşmuşdur. Əslində mayor Ə.
F. Düdənginski ilə də o, burada tanış olmuşdur. Sonradan o, Almaniyanın məğlub
olacağını anlayıb İtaliya partizanlarına qoşulur: 1947-ci ildə İtaliyada bir italyan
qadınla evlənir və iki övladı dünyaya gəlir. 1951-ci ildə isə SSRİ-yə Azərbaycana
qaytarılmaq barədə Neapoldakı səfirliyə müraciət edir. SSRİ-yə qayıtdıqda Sovet
Məxfi Xidmət İdarəsi (KQB) onu ələ keçirir və o, qərbə qayıdıb əvvəlki legioner
yoldaşları arasında casusluq etmək tapşırığını alır. 1953-cü ildə o, Drezdenə -
ailəsinin yanına gəlir və buradan AFR-ə göndərilir. Əvvəlcə o, buradakı “Valka”
düşərgəsinə salınır. Bir neçə həftədən sonra isə Münhenə gəlir və ABŞ-ın xidmət
idarələrinin birində işə düzəlir. 1953-cü ildə M. İsmayılov Sovet Məxfi İdarəsinə
verdiyi vəddən imtina etməyə çalışsa da, baş tutmur. Onun arxasınca göndərilən bir
qadın M. İsmayılova tapşırığı yerinə yetirməyin vacibliyini xatırladır.
1954-cü il noyabrın 20-də günorta vaxtı Mikayıl Alpenplate 6-dakı evin
mətbəxinə gəlir və tanışı Frau Böhmlə nahar edir. Mikayıl tək qalmaqdan özü də
qorxduğundan daima kiminləsə olmağa çalışırdı. Artıq Mikayılı güdür və onu
tapşırığı yerinə yetirməyə təhrik edirdilər. Həmin günün axşamı saat 20-də Mikayıl
yanına gələn mayor Ə.Düdənginskini Frau Böhmlə də tanış edir. Mikayıl mayorla
birlikdə şam etdikdən sonra gəzməyə çıxırlar. Onlar əvvəlcə Leopold küçəsindəki
kafedə, sonra Bayer küçəsindəki pivəxanada oturur, sonra Rozenhaymer
küçəsindəki rəqs zalına gedirlər. Burdan sonra mayorun izi itir.
Sabahı gün, noyabrın 21-də saat l-də Mikayıl Frau Böhmün qapısını döyür.
Qadın onun titrədiyini görüb, nə baş verdiyini soruşur. O isə cavab verməyib,
gedəcəyini bildirir. Hələlik isə mətbəxdə yatmaq üçün icazə istəyir.
Noyabrın 22-də səhər Frau Böhm mətbəxə keçir. Bundan sonra hadisədən -
törədilən qətldən xəbər tutulur.
Məlum olur ki, noyabrın 20-də Mikayıl son dəfə Ə. F. Düdənginski ilə
Rozenhaymer küçəsində görüşənə qədər onların münasibətində qeyri-adi ziddiyyət
nəzərə çarpırdı. Lakin həmin gün onların söhbəti çox gərgin olmuşdu. Stol
arxasında oturduqları vaxt mayor Fətəlibəyli artıq 6-cı şərab dolu qədəhinı içirdi.
Mikayıl isə yalnız ikinci qədəhini yarısına qədər içmişdı. Arada Mikayıl iki dəfə
pulu ödəmək bəhanəsi ilə çölə çıxmış və yaxınlıqda yaşayan usta Faustledən çəkic
götürmüş, Fətəlibəylini də əvvəlcə məhz həmin alətlə vurub ölümcül hala salmış,
sonra boğub öldürmüşdü. (389)
Ə. F. Düdənginski Münhen yaxınlığında Noy-Ulm şəhərindəki
qəbirstanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edildi. Ə. F.
Düdənginskinin qardaşı Seyfulla 1951-ci ilin aprelində 41 yaşında Münhendə
avtomobil qəzasında həlak olmuşdu. Qeyd edək ki, M. İsmayılov Azərbaycana
qayıtdıqdan sonra izi itirmək üçün onu öz evində öldürmüşdülər. Bəzi mənbələrdə
qayıtdıqdan sonra evində asıldığı deyilir.
Mərhumun ölümü münasibəti ilə Azadlıq radiosunun Azərbaycan şöbəsi
dostlarına və yaxınlarına bildirirdi: “Azadlıq radiosu”nun Azərbaycan şöbəsi
idarəmizin unudulmaz müdiri və “Azadlıq” Radiosunun görkəmli başçılarından
Əbdürrəhman Fətəlibəylinin 20.11.1954 tarixdə vəhşicəsinə öldürüldüyünü və
5.12.1954 tarixdə Noy-Ulm məzarlığında yatan mərhum qardaşı Seyfulla
Fətəlibəylinin məzarı yanında dəfn edildiyini mərhumun əqrəba, dost və
tanıdıqlarına dərin təəssüflərlə bildirir.”Azadlıq” radiosunun Azərbaycan şöbəsi”.
(120)
Ə. Fətəlibəylinin ölümü münasibəti ilə Türkiyədə - İstanbulda Azərbaycan
Kültürünü Tanıtma Dərnəyində və Ankaradakı Azərbaycan Kültür Dərnəyində
matəm toplantısı keçirildi. Toplantıda M. Ə. Rəsulzadə çıxış edib, mərhum mayor
haqqında öz xatirələrini söylədi”. (121)
Ə. Fətəlibəylinin ölümü münasibəti ilə yaxın dostu Əziz Alpaut yazırdı:
“Daha gün kimi sevgi ilə dolu gözləri, gülər üzü gözümün önündə. Münhen
təyyarə meydanında qarşılayırdı məni... Əbdürrəhmanın başlıca qayəsi, bütün
düşüncəsi, canından çox sevdiyi yurdu Azərbaycanın qurtuluşu idi”. (19, s. 6)
Ə. Fətəlibəylinm ölümündən sonra onun ailəsinin də maddi vəziyyəti çox
ağırlaşdı. Bununla əlaqədar “Azadlıq” radiosu Azərbaycan redaksiyasının baş
redaktoru İsmayıl Əkbərin (Ə. Fətəlibəylinin ölümündən sonra onun yerinə İ.
Əkbər gətirilmişdi) Avropadakı Amerikan Komitəsinin vitse-prezidenti Robert
Kellə məktubunda yazılmışdı: “Çox hörmətli cənab Kell! İcazə verin, aşağıdakıları
diqqətinizə çatdırım: “Azadlıq” radiostansiyası Azərbaycan redaksiyasınm mərhum
baş redaktoru Əbo Fətəlibəyli, məlum olduğu kimi, ailəli idi və onun həyat yoldaşı
oğlu ilə birgə Ankarada yaşayırdı. Hazırda da orada yaşamaqdadır. Ə.
Fətəlibəylinin ölümündən sonra, Sizə məlum olduğu kimi, biz Amerikan
Komitəsindən xahiş etdik ki, mərhumun ailəsinə maddi kömək etsin. Və biz ümid
edirdik ki, komitə bu işdə yardımçı olacaqdır. Lakin, komitə ilə uzunmüddətli
yazışmalardan sonra Nyu-Yorkdan belə xəbər gəldi ki, guya Fətəlibəylinin həyat
yoldaşı ailə həyatı qurmuş və öz oğlu ilə heç nəyə ehtiyacı olmadan rahat və
təminatlı yaşayır. Biz, əlbəttə ki, Amerikan Komitəsinin bu məlumatına inanıb
sakitləşdik. Lakin, alınan məlumat həqiqətə uyğun gəlmir. Belə ki, mən Türkiyədə
ezamiyyətdə olarkən Fətəlibəylinin ailəsinə baş çəkdim və onların yoxsulluq
içində, yarızirzəmi şəraitində yaşadığını gördüm. Fətəlibəylinin həyat yoldaşı
işləyir və ayda iki yüz türk lirəsi alır ki, bu ailənin dolanışığına kifayət etmir.
Mərhumun 17 yaşlı oğlu Əli bəy ötən il gimnaziyanı bitirib və maddi imkan
olmadığından təhsilini davam etdirə bilməyib. Belə vəziyyət, əlbəttə ki, bizim
hamımımızı çox narahat edir və həyəcanlandırır. Odur ki, mərhum Fətəlibəylinin
ailəsinin acınacaqlı vəziyyətini diqqətinizə çatdırıb xahiş edirəm ki, cənab Kell,
Komitə heç olmasa, mərhum Fətəlibəylinin oğlunun təhsili üçün onun ailəsinə
müəyyən maddi kömək ayırsın. Xahiş edirəm ki, mənim Sizə dərin hörmətimin
olduğunu qəbul edəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm. İsmayıl Əkbər”.
(Türkiyədən alınmış bir arayış da məktuba əlavə edilir. Arayışda göstərilir ki, Ə.
Fətəlibəylinin ölümü günündən onun həyat yoldaşı dul qadın kimi qeydiyyata
alınıb.) (108)
Qeyd edək ki, Ə. Fətəlibəyli “vətən xaini” elan edildikdən sonra ailəsi və
yaxın qohumları həbs edilib sürgünə göndərildilər. (110)
Ə. Fətəlibəylinin qətlə yetirilməsindən sonra Türkiyədə yaşayan həyat
yoldaşı Leyla xanım isə Əli bəylə birgə Amerikaya getdi. Yaxın qohumları onları
axtarsalar da, bu günə qədər harada yaşadıqlarını öyrənə bilməmişlər.
Mayor Ə. Fətəlibəylinin vəfatından sonra bir zamanlar Amerikada
“Amerikanın səsi” radiosunda işləyən İsmayıl Əkbər Azərbaycan redaksiyasının
baş redaktoru təyin edildi. Sonradan İsmayıl Əkbəri Əli Aranlı əvəz etdi. Qeyd
edək ki, Azərbaycan redaksiyasmda Məcid Musazadə, Murad Şəkili, Süleyman
Təkinər də çalışır, böyük fəaliyyət göstərir, sovet dövləti əleyhinə geniş təbliğat
aparırdılar. (106, s.70-81)
Qeyd edək kı, Sovet hakimiyyətinin mövcudluğu dövründə xarici ölkələrdə
yaşayan legionerlər “vətən xaini” elan edilsə də yalnız 70-80-ci illərdə
Azərbaycanda olan qohumları ilə məktublaşmaga və onlarla görüşməyə icazə
almışdılar.
Beləliklə, legionerlərin İkinci Dünya müharibəsindən sonrakı fəaliyyəti
ümumilikdə Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə
istiqamətlənmişdi.
Dostları ilə paylaş: |