Birbaşa vergilər bilavasitə vergi ödəyicilərinin gəlir və əmlakından tutulur (müəyyən
edilir). Birbaşa vergilər hər bir əmlak üçün ayrıca alınır. Gəlirlər (əmək haqqı, mənfəət, faiz,
dividend) və vergi ödəyicilərinin əmlakınin (torpaq, bağ, maşın, qaraj, mənzil) dəyəri
vergitutma obyekti kimi çıxış edir.
Birbaşa vergilərə bunları aid etmək olar: mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi,
fiziki və hüquqi şəxslərdən əmlak vergisi, torpaq vergisi və b.
Birbaşa vergilərdən fərqli olaraq vasitəli vergilər əmtəələrin qiymətinə (xidmətlərin
tarifinə) əlavələr şəklində müəyyən edilir. Dolayı vergilər malların (işlərin, xidmətlərin)
satışı (istehlakı) sferasında tutulur. Başqa sözlə, vergi yükü istehlakçıların üzərinə düşür, yəni
son nəticədə alıcılar tərəfindən ödənilir.
Dolayı vegitutmada malsatanlar malın qiyməti ilə yanaşı, eyni zamanda alıcılardan vergi
məbləğini də alırlar. Yəni malsatanın satılmış mallara (görülmüş işlərə və göstərilmiş
xidmətlərə) görə alıcılardan aldığı pul vəsaitlərinin tərkibinə dolayı vergilərin məbləği də
daxildir. Məhz bu səbəbdən dolayı vergilər bir çox hallarda istehlak vergiləri də adlandırılır.
Dolayı vergilərə aşağıdakıları aid etmək olar : əlavə dəyər vergisi (ƏDV), aksizlər,
gömrük rüsumları, qiymətli kağızlarla əməliyyatlar üzrə vergilər, yol vergisi.