6.2.VERGİLƏRİN İQTİSADİ MAHİYYƏTİ VƏ TƏSNİFATI Vergilər –dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə fiziki və hüquqi
şəxslərin mülkiyyətində, istifadəsində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində
tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergilər öz iqtisadi mahiyyətini funksiyaları vasitəsilə biruzə verir. Vergilərin funksiyaları vergilərin mahiyyət xassələrinin aşkar edilməsi üsullarıdır. Funksiyalar
vasitəsilə dövlət gəlirlərinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi aləti kimi iqtisadi
kateqoriya olan vergilərin ictimai təyinatlarının necə realizə olunduğu göstərilir. Vergilər
əsasən bu funksiyaları yerinə yetirir: fiskal, bölüşdürücü, tənzimləyici, stimullaşdırıcı və
nəzarət. Bütün bu funksiyalar birlikdə büdcə-maliyyə münasibətləri və vergi siyasətinin
effektivliyini göstərir.
Fiskal funksiya verginin əsas funksiyası olmaqla bütün dövlətlərin vergi sistemi üçün
xarakterik olmuşdur. Onun köməkliyi ilə dövlətin maliyyə resursları formalaşır və vergilər
bu funksiyanı yerinə yetirməklə, dövlətin fəaliyyət göstərməsi üçün lazım olan maliyyə
resurslarını formalaşdırır. Bu funksiyanın əsas vəzifəsi bütün səviyyələrdən olan büdcələri
etibarlı gəlir bazası ilə təmin etməkdir.
Beləliklə, fiskal funksiyanın əsas mahiyyəti dövlət xərclərinin maliyyələşdirilməsini
təmin etmək üçün vergi ödəyicilərinin gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb
edilməsidir.
Cəmiyyətdəki bölüşdürücü münasibətlərin xüsusi və mərkəzləşdirilmiş fiskal aləti olan
verginin iqtisadi mahiyyətini ifadə edən bölüşdürücü funksiyası onun fiskal funksiyası ilə
daha çox bağlıdır. Bu funksiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət vergilərin köməkliyi
ilə büdcə və büdcədənkənar fondlar vasitəsilə maliyyə resurslarını yenidən bölüşdürərək
ümumdövlət əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsini həyata keçirir.