3. Azərbaycanın vergi sistemi tarixində aparılan vergi islahatlarının
mahiyyəti
Orta əsrlərin vergi münasibətləri tarixində ayrı-ayrı hökmdarlar tərəfindən vergi
islahatları da aparılmış və aparılan islahatların müəyyən dərəcədə əhəmiyyəti də ol-
muşdur. Onlardan bəziləri aqressiv və mürtəce xarakter daşımış, bəziləri isə əksinə
mütərəqqi istiqamətdə aparılmışdır.
Bütövlükdə isə vergiqoyma sahəsində olan dəyişikliklər məzmunundan asılı ol-
mayaraq vergi işinin bir yerdə dayanmayıb inkişaf etməsi və təkmilləşməsi demək
idi. Bu nöqteyi-nəzərdən, Qazan xanın 1295-1304-cü illərdə vergi sahəsində apardığı
islahatlar hətta monqolların Azərbaycana təsiri şəraitində olsa da belə, orta əsr vergi
işi tarixinin ən yüksək nailiyyəti idi.
Qazan xana qədər isə, ölkədə əvvəlki vergilərlə yanaşı, monqolların təyin etdiyi
yeni vergilər toplanırdı. Əhalinin 10 yaşdan 60 yaşadək kişiləri siyahıya alınmış,
40-dan artıq vergi və mükəlləfiyyətlər müəyyən olunmuşdu. Vergi yığılmasında
qayda-qanun olmadığından eyni vergi təkrarən alınırdı. Vergini verə bilməyənlərin
oğul və qızları əllərindən alınır, rəiyyəti məcburi əməyə (biyara) cəlb edirdilər [5].
Qazan xanın apardığı istər iqtisadi islahatlar, istərsə də vergi islahatları tezliklə
öz müsbət nəticələrini göstərdi. Əvvəla, ölkə iqtisadiyyatında müsbət dəyişikliklər
baş verdi. İkincisi, bu islahat əhalinin vəziyyətini müəyyən dərəcədə yüngülləşdirdi.
Üçüncüsü, vergi islahatları dövlət xəzinəsinə vergi daxilolmalarının artmasına səbəb
oldu. Nəhayət iqtisadiyyatın vəziyyəti xeyli möhkəmləndi və belə vəziyyət bir neçə
onilliklər boyu davam etdi.
Uzun Həsəndən sonra XV əsrin axırlarında daha bir islahat yeni Ağqoyunlu
padşahı tərəfindən aparıldı. Belə ki, 20-yə qədər vergi və mükəlləfiyyətlər ləğv edildi
və xəracın yeni forması olan «malcəhət» torpaq vergisi kimi, kəndli məhsulunun
böyük bir hissəsindən ibarət olmaqla tətbiq olundu. Bununla belə, ailə və can vergisi
- hər kəndli ailəsindən adambaşına alınan vergi; inzibati idarə məmurlarının və
ruhanilərin, əsgəri qoşunların xeyrinə yığılan vergi; tamğa-gömrük rüsumu; şilan-
bəha-hakimlərin xərcləri üçün alınan vergi; rəsmül-sədarə-ruhani başçısının xeyrinə
vergi; rəsmül-vəzarə-vəzirin xeyrinə vergi darğalıq-yerli hökumət məmurları üçün
vergi; rüsumi-ümmal-maliyyə məmurları üçün vergi; məvaşi-mal-qaradan, yaxud
otlaqlardan yığılan vergi; tağar-taxılı olanlardan və çaxır çəkənlərdən yığılan vergi;
avarizat-müxtəlif hadisələrlə bağlı yığılan ərzaq vergisi və s.vergilər tutulurdu.
XVIII əsrin sonu XIX əsrin başlanğıcında Şimali Azərbaycan torpaqları
Rusiyanın tərkibinə qatıldıqdan sonra xanların, habelə Rusiya tərəfə keçməkdən
imtina edib qaçmış feodalların torpaqları dövlət xəzinəsinin ixtiyarına keçdi.
Kəndlilər istifadə etdikləri torpaqlara görə dövlət xəzinəsinə və torpaq sahiblərinə
vergilər ödəyir, mükəlləfiyyətlər daşıyırdılar. Bu dövrdə də vergilər həm pulla, həm
də natura ilə ödənilirdi.
|