7.5. Moda haqqında. Moda termini modus (latınca ölçü, tərz, qayda deməkdir) sözündən əmələ
gəlmişdir. XVII əsrdən etibarən fransız və italyan ədəbiyyatında mode (fransızca) və
ya moda, modo (italyanca) formasında həmin terminlə başlıca olaraq məişət, geyim,
mebel, saçın düzəldilməsi və davranış sahəsində özünü göstərən xüsusi sosial-
psixoloji fenomeni ifadə etməyə başlamışlar. B.D.Parıginin müşahidələrinə görə, rus
dilində moda sözü I Pyotrun dövründə işlənilməyə başlamış və ilk rus lüğətlərində
təsbit edilmişdir. Azərbaycan dilində moda sözü nisbətən sonrakı dövrlərdə
vətəndaşlıq hüququ qazanmışdır. Bizim dilimizdə uzun müddət onun qarşılığı kimi dəb sözü işlənilmişdir və indi də “dəb salmaq”, “dəbə düşmək” kimi söz birləşmələrində
geniş işlənir. İngilis dilində XV əsrin əvvəllərindən başlayaraq indiyə qədər moda
mənasında fashion (latınca facere, faction sözündəndir) işlənilir; mode sözü isə
nisbətən az, həm də əksərən “adət” (dəb) mənasında işlənilir.
Moda standartlaşmış kütləvi davranışın spesifik və son dərəcə dinamik
formasıdır. O, cəmiyyətdə üstünlük təşkil edən əhvalların, sürətlə dəyişən zövq və
əyləncə vasitələrinin təsiri ilə, əsasən kortəbii surətdə əmələ gəlir. Modanın
yayılmasında kinofilmlər, kütləvi jurnallar, moda festivalları, o cümlədən məşhur
altyorlar, idmançılar və s. mühüm rol oynayır. Bu sahədə reklam vasitələrindən
xüsusilə geniş istifadə olunur.
Moda universal xarakter daşısa da, onun ayrı-ayrı adamlar tərəfindən, hətta
kortəbii surətdə mənimsənilməsinin xüsusiyyətlərini yalnız şəxsiyyət psixologiyası
baxımından ətraflı təhlil etmək olar. Bu cəhətdən, birinci növbədə, modanın zövqlə
qarşılıqlı əlaqəsi diqqəti daha çox cəlb edir. Zövq psixoloji aspektdə mürəkkəb
fenomendir. O, nəinki şəxsiyyətin xarici aləmə estetik, həm də etik münasibətini ifadə