II Kitab
KÜTLƏ PSİXOLOGİYASI
Ön söz
downloaded from KitabYurdu.org
Bundan əvvəlki əsəri biz irqlərin ruhunun təsvirinə həsr etdik; indi isə kütlənin
ruhunun öyrənilməsi ilə məşğul olaq.
Eyni irqin bütün fərdlərində irsən şərtlənən ümumi əlamətlər, həmin irqin
ruhunu təşkil edir. Lakin həmin fərdlərin məlum sayı fəaliyyətdə olan kütləni
formalaşdırır, müşahidələr göstərir ki, bir irqin bu cür yaxınlaşmasının nəticəsi yeni
psixoloji əlamətlər yaradır ki, onlar nəinki irqin xarakteri ilə uyğun gəlmir, çox vaxt
ondan əhəmiyyətli dərəcədə fərqlənir.
Təşkilatlanmış kütlə xalqların həyatında həmişə böyük rol oynayıb, lakin həmin
rol heç vaxt indiki qədər məhz bu dəqiqə üçün olduğu qədər mühüm əhəmiyyət kəsb
etməyib. Bizim dövrün başlıca xarakterik əlaməti kimi məhz fərdlərin şüurlu
fəaliyyətinin, kütlənin qeyri-iradi fəaliyyəti ilə əvəz olunmasıdır.
Mən kütlənin çətin problemlərini ancaq elmi üsullarla öyrənməyə cəhd etmişəm,
yəni düşüncə, nəzəriyyə və doktrinaları bir kənara qoyub, başqa metod tapmağa
çalışmışam. Güman edirəm bu, həqiqətin heç olmasa müəyyən hissəsini açmağa
kömək edən, xüsusilə də ağılları son dərəcə narahat edən məsələdə, yeganə üsuldur.
Hər hansı təzahürü öyrənməyə başlayan elm adamı, onun kəşflərinin təsir edə
biləcəyi maraqları diqqətə almağa ehtiyac duymamalıdır. Müasir mütəfəkkirlərdən
biri bu yaxınlarda belə bir mülahizə söyləmişdi, mən müasir məktəblərdən heç birinə
aid deyiləm, ona görə, bütün məktəblərin fikir və mülahizələrinə qarşı çox vaxt
müxalifətdə oluram. Mənim bu, yeni əsərim, çox güman ki, oxşar fikirlər doğuracaq.
Hər hansı bir məktəbə mənsub olmaq – onların bütün zehniyyət və fikirlərini hansısa
formada bölüşmək deməkdir.
Amma oxucularıma tədqiqatlarımda ilk baxışda gözlənildiyindən niyə bəzən özgə
nəticələrə gəlib çıxdığımı izah etməliyəm: məsələn, kütlənin əqli cəhətdən olduqca
aşağı səviyyədə olduğunu deyirəm, seçilmişlərin məclisini də hətta bura əlavə edirəm
və eyni zamanda məclislərin təşkilatlarına toxunmağın çox təhlükəli olduğunu da
bəyan edirəm.
Tarixi faktları diqqətli müşahidələrim, məni belə bir qənaətə gəlməyə məcbur
etdi ki, sosial orqanizmlər də bütün canlı varlıqların orqanizmləri kimi çox
mürəkkəbdir və onlarda dərin dəyişikliklər yaratmaq hökmümüzdə deyil. Təbiət
bəzən çox radikal təsir göstərir, lakin heç vaxt bizim başa düşdüyümüz mənada yox;
bax, böyük islahatların maniyası, nəzəri baxımdan nə qədər yaxşı olsa da, xalq üçün
niyə belə fəlakətlidir. Onlar yalnız bir halda, əgər bir anda xalqın ruhunu dəyişdirə
bilsəydilər, fayda gətirə bilərlər, lakin buna yalnız əlahəzrət zaman qabildir. İnsanları
ideyalar, hislər, adətlər, özümüzdə daşıdıqlarımız idarə edir. Təsisatlar və qanunlar
bizim qəlbimizin inikasıdır, bizim tələbatların təzahürləridir; buna görə də onlar
xalqların ruhunu dəyişdirə bilməzlər, çünki elə özləri xalqdan təşəkkül tapırlar.
Sosial hadisələrin öyrənilməsi xalqların tədqiqindən ayrılıqda gedə bilməz, hansı
ki, onlarda müşahidə edilir. Fəlsəfi baxımdan həmin hadisələr özlərini hətta mütləq
dəyər kimi təqdim edə bilərlər, lakin praktik anlamda onların dəyəri həmişə nisbidir.
Ona görə də hər hansı sosial hadisəni öyrənərkən, onlara məntiqi surətdə iki müxtəlif
yöndən baxmaq lazımdır. Beləliklə, təmiz şüurun diktə etdikləri çox vaxt praktik əqlin
nəsihətləri ilə birbaşa ziddiyyətdə olur şəraiti, daha aydın çıxış edir. Bu hər yerdə,
downloaded from KitabYurdu.org
hətta iş fizika ilə bağlı dəlillərə aid olanda belə, müşahidə olunur. Mütləq həqiqət
nöqteyi-nəzərindən kub və dairə özlüyündə qəti şəkildə məlum düsturlarla müəyyən
edilən dəyişilməz həndəsi fiqurları təmsil edirlər. Lakin gözlərimiz üçün həmin fiqurlar
ən müxtəlif forma ala bilirlər. Belə ki, perspektivdə kubu piramidaya və ya kvadrata,
dairəni isə ellips və ya hətta düz xəttə çevirmək olar və bu saxta formalar bizim üçün
real olanlardan daha əhəmiyyətlidir, çünki yalnız onları görürük, foto və ya təsvir
təkcə həmin formaları təkrar edə bilir. Real olmayanlar, bəzi hallarda hətta doğru
olandan da real ola bilir. Əşyaları yalnız dəqiq həndəsi formalarda təsəvvür etmək,
təbiətin təhrifi olardı və onu tanınmaz edərdi. Belə bir dünyanı təsəvvür edək, hansı
ki, sakinləri müxtəlif əşyaların yalnız fotosunu və şəklini çəkə bilirlər, onlara bilavasitə
toxunmağa isə imkanları olmur; həmin əşyaların formaları haqqında düzgün anlayış
formalaşdırmaq onlara çətin olardı. Yeri gəlmişkən, bu formalar yalnız az sayda elm
adamlarına əlçatandır, yoxsa onlar üçün bu, elə də xüsusi maraq doğurmazdı.
Sosial hadisələri öyrənən filosoflar həmişə yadda saxlamalıdırlar ki, nəzəri
əhəmiyyətlə yanaşı onlar üçün həm də praktiki dəyərlər də var və sivilizasiyaların
təkamülü nöqteyi-nəzərindən bu, sonuncu – yeganə, müəyyən əhəmiyyətə malik
olanıdır. Bu nöqteyi-nəzər, onu nəticə çıxararkən ehtiyatlı edir, görünür, bu ona
məntiq tərəfindən təlqin edilir. Lakin digər motivlər də onu öz rəylərində təmkinli
olmağa məcbur edir. Sosial faktların mürəkkəbliyi bundadır ki, onların hamısını eyni
anda əhatə etmək olmur və onların qarşılıqlı təsirlərini də öncədən görmək mümkün
deyil. Bundan əlavə, görünən faktların arxasında çox vaxt minlərlə görünməyən
səbəblər gizlənir. Sosial hadisələr isə nəhəng, qeyri-iradi əməyin nəticəsidir, böyük
hissəsi də bizim təhlilimiz üçün əlçatmazdır. Bu, görünən hadisələri bizə bəlli
olmayan, okeanın dibində gedən sarsıntıların onun səthində yaratdığı dalğalarla
müqayisə etmək olar. Kütlənin əksər əməllərini müşahidə edərkən görürük ki, bunlar
çox vaxt onun son dərəcə primitiv əqli səviyyəsinin ifadəçisi kimi xidmət edir. Lakin
elə vaxt da olur ki, kütlənin hərəkətləri idarə olunur, görünür sirli qüvvələr, qədimdə
tale, təbiət, ilahi qüvvə, indi isə ölülərin səsi adlandırılan qüvvələr tərəfindən idarə
olunur. Biz həmin qüvvələrin qüdrətli gücünü etiraf edə bilmirik, baxmayaraq ki,
onların mahiyyətindən xəbərsizik. Bəzən elə gəlir ki, millətin dərinliyində onların
hərəkətlərini idarə edən gizli qüvvələr var. Məsələn, xalqın dilindən daha mürəkkəb,
məntiqi və heyrətdoğurucu başqa nə ola bilər?
Giriş
KÜTLƏ ERASI
Müasir dövrün təkamülü. – Sivilizasiyaların böyük dəyişiklikləri xalqların
düşüncələrindəki təbəddülatların mahiyyətinin nəticəsidir. – Müasir inancın kütlənin
gücündə yeri. – O, dövlətin ənənəvi siyasətini kökündən dəyişdirir. – Ən ibtidai
siniflər necə çıxış edir və onların gücü necə aşkara çıxır. – Kütlə yalnız dağıdıcı rol
downloaded from KitabYurdu.org
oynaya bilir. – Kütlə köhnəlmiş sivilizasiyaların dağılması prosesini başa çatdırır. –
Kütlə psixologiyası sahəsindən ümumi xəbərsizlik. – Qanunvericilər və dövlət
adamları üçün kütlənin öyrənilməsinin vacibliyi.
Sivilizasiyaları dəyişdirən böyük çevrilişləri, məsələn, Roma imperiyasının süqutu
və ərəb imperiyasının yaranması, ilk baxışdan başlıca olaraq siyasi dəyişikliklər, yad
qəbilələrin işğalları, sülalələrin süqutu müəyyən edir. Lakin həmin hadisələrin
diqqətlə araşdırılması göstərir ki, bu, güman edilən səbəblərin arxasında çox vaxt
xalqların ideyalarında baş verən dərin dəyişikliklər gizlənir. Bizləri öz əzəməti və gücü
ilə heyran qoyan həqiqi tarixi çevrilişlər deyil. Sivilizasiyanın yenilənməsindən irəli
gələn yeganə əhəmiyyətli dəyişikliklər, ideyalarda, anlayışlarda və inanclarda baş
verir. Nəhəng tarixi hadisələr insanların düşüncələrində gedən görünməz
dəyişikliklərin yalnız görünən nəticələridir. Bu dəyişikliklər, amma çox nadir hallarda
baş verir, çünki hər bir irqdə ən möhkəm olanı – düşüncələrinin irsi təməlidir.
Müasir dövr özlüyündə belə böhranlı anlardan birini, insan düşüncəsinin
dəyişikliklərə hazırlığından xəbər verir. Həmin dəyişikliklərin təməlində iki başlıca
amil dayanır. Birincisi, bizim sivilizasiyanın bütün elementlərinə başlanğıc vermiş dini,
siyasi və sosial inancların dağılması; ikincisi – elm və sənaye sahəsində müasir
kəşflərə gətirib çıxaran mövcudluq üçün yeni vəziyyət və tamamilə yeni ideyaların
ortaya çıxması.
Köhnə dövrün ideyaları, baxmayaraq ki, yarıya qədər bərbad olmuş
vəziyyətdədir, hələ kifayət qədər güclüdür; onları əvəz edəcək ideyalar isə hələ
özünün təşəkkül dövründədirlər – bax, müasir dövrün keçici və anarxiya zamanı
olmasının səbəbi budur.
Bu cür, ixtiyarsız xaotik xarakterli dövrdən çıxmağın mümkünlüyünü
proqnozlaşdırmaq çox çətindir. Əvəz etmək üçün gələn yeni cəmiyyətin gətirdiyi
başlıca ideyalar necə olacaq? Biz bunu hələ bilmirik. Lakin indidən də görə bilirik ki,
öz təşkilatları olduğu zaman onlar yeni güclə, müasir dövrün sonuncu məlikəsi –
kütlənin qüdrəti ilə hesablaşmalı olacaqlar. Həmin güc bir çox ideyaların xarabalıqları
üzərində təşəkkül tapıb, vaxtilə həqiqi hesab edilən, indi isə ardıcıl inqilablar
nəticəsində dağılaraq yoxa çıxmış çoxlu güclərin, görünür, digərlərini də yox etməyə
hazırdır. Bütün qədim inanclarımızın tərəddüd etdiyi, cəmiyyətin köhnə sütunlarının
bir-birinin ardınca yıxıldığı zamanda, kütlənin qüdrəti özlüyündə yeganə gücü təmsil
edir, heç bir şey onu təhdid etmir və əhəmiyyəti də durmadan artır. Yeni qədəm
qoyan dövr həqiqətən də kütlə əsri olacaq.
Yüz il bundan əvvəl dövlətlərin ənənəvi siyasəti və hökmdarların bir-biri ilə
rəqabəti hadisələrin başlıca amilləri idi. Kütlənin rəyi hesaba alınmırdı, daha dəqiq
desək, o heç mövcud da deyildi. İndiki zamanda isə siyasi ənənələr, hökmdarların
şəxsi meylləri, rəqabətləri artıq hesaba alınmır və əksinə, kütlənin səsi üstünlük təşkil
etməyə başlayıb. Kütlə hökumətə özünü necə aparmağı diktə edir və o da elə ilk
növbədə onların arzularını yerinə yetirməyə çalışır. Millətlərin taleləri artıq
hökmdarların toplantılarında deyil, kütlənin qəlbində hazırlanır.
Xalq siniflərinin siyasi həyat səhnəsinə daxil olması, yəni əslində onların tədricən
idarəedici siniflərə çevrilmələri, bizim keçici dövrün ən görkəmli xarakterik
cizgilərindən biridir. Bu daxilolma əslində heç də ümumi səsvermə yolu ilə baş
downloaded from KitabYurdu.org
verməyib, uzun zaman idarəedici rol baxımından heç sərbəst də deyildi və kənar
təsirlərə də çox tez tabe olurdu. Kütlənin qüdrətinin artan yüksəlişi, ilk növbədə
məlum ideyaların yayılması yolu ilə genişlənir, tədricən şüurlarda yerləşib və sonra –
fərdlərin assosiasiyalarının tədricən təşəkkülü yolu ilə nəzəri mühakimələrin həyata
keçirilməsi məqsədi daşıyır. Assosiasiyalar yolu ilə kütlə öz maraqları üçün ideyalar
(əgər tam ədalətli olmasa da, bütün hallarda tamamilə müəyyən olunmuş)
hazırlamışlar və beləliklə də öz gücü barədə anlayış əldə edir. Kütlə sindikatlar təşkil
edir, qarşısında bütün hakimiyyətlər bir-birinin ardınca təslim olur və öz iş şəraitlərini
və əmək haqlarını idarə etməklə bağlı əmək birjaları qururlar. Kütlə hökumət
yığıncaqlarına, hər cür təşəbbüslərdən məhrum və hər şeydən öncə onları seçən
komitələrin əlində adi alət olan öz nümayəndələrini göndərirlər.
Hazırda kütlənin tələbləri daha qəti olmağa başlayıb. İş saatının qısaldılması,
mədənlərin, dəmiryollarının, fabriklərin müsadirə edilməsi, bütün ərzaqların bərabər
bölüşdürülməsi və sair – baxın, kütlənin tələbləri nədən ibarətdir.
Nəzəri düşüncələrə az meylli olan kütlə, qarşılığında fəaliyyət göstərməyə çox
meyillidir. Hazırkı təşkilatlarının sayəsində kütlə çox nəhəng bir güc əldə edib. Yenicə
doğulan ehkamlar, çox tezliklə köhnə ehkamların qüvvəsini, ali müstəbidlik gücünü
alacaqlar, onlar heç bir müzakirəni yaxın belə qoymurlar. Kütlələrin ilahi hüquqları,
kralların ilahi hüquqlarını əvəz etməlidir.
Müasir burjuaziyanın rəğbətindən yararlanan və onun bir neçə məhdud ideyasını
daha yaxşı ifadə etməyi bacaran yazıçıların, məhdud səthi skeptisizmi, bəzən həddən
artıq eqoizmi, gözlər önündə yaranan yeni növ gücün qarşısında özlərini itirir və
ağıllarda hökmranlıq edən “qarışıqlığa” hansı yollasa qalib gəlmək üçün kilsənin
mənəvi qüvvələrinə fədakarcasına çağırışlar edirlər, halbuki bir vaxtlar onlara xor
baxırdılar. Onlar elmin iflasından söz açır və Romadan olan günahkarlar kimi tövbə
etməyə başlayırlar və bizləri nazil olan həqiqətləri öyrənməyə səsləyirlər. Lakin bütün
bu “təzə dönmüşlər”, yaddan çıxarırlar ki, artıq çox gecdir! Yalançı möminlərin
silahlandığı, bu “təzə dönmüşlər” hətta İlahi onlara mərhəmət göstərsəydi belə, az
maraq doğuran məsələlərlə, qəlblər üzərində yenə də lazım olan hökmranlığı qazana
bilməzdilər. Kütlə artıq onların tanrılarını istəmir, yaxın vaxtlara kimi özləri də onlara
inanmır və hətta onları devirməyə belə kömək etmişlər. Elə bir ilahi və yaxud bəşəri
güc yoxdur ki, çayı öz mənsəbindən mənbəyinə tərəf geri axmağa məcbur etsin!
Elmdə heç bir iflas baş verməyib və indi nə ağıllarda gedən anarxiya, nə də həmin
anarxiyanın ortasında genişlənən və yaranmaqda olan yeni güclə bağlı onun heç bir
əlaqəsi yoxdur. Elm bizə həqiqəti və ya ən azından ağlımızın qavraya biləcəyi həmin
münasibətlərin biliklərini vəd edir, lakin heç vaxt nə sülh, nə də xoşbəxtlik vəd edir.
Hislərimizə qarşı tamamilə etinasız olan elm bizim şikayətlərimizi eşitmir. Ona
köklənməliyik, çünki onun seyrəltdiyi illüziyaları heç nə bizə
qaytarmayacaq.
Bütün millətlərdə müşahidə olunan ümumi simptomlar, kütlənin sürətlə öz
qüdrətini artırdığını göstərir və həmin qüdrətin tezliklə artmayacağı ilə bağlı heç bir
düşüncəni yaxın qoymur. Özü ilə nəsə gətirməsə də, biz onunla barışmalı olacağıq.
Onun qüdrətinə qarşı hər cür mühakimə və çıxışlar – boş sözlərdir. Əlbəttə,
mümkündür ki, kütlənin səhnəyə çıxışı Qərb sivilizasiyasının son mərhələlərindən
downloaded from KitabYurdu.org
birini təşkil etsin, tamamilə tutqun keçici zaman dövrünə qayıdış, görünür, özündən
əvvəlkilər kimi hər bir inkişaf etmiş yeni cəmiyyətin başına gəlir. Buna necə mane
olmaq olar?
İndiyədək kütlənin ən müəyyənedici rolu köhnəlmiş sivilizasiyaları sıradan
çıxarmaqdan ibarətdir. Həmin rol isə bu gündən başlamayıb. Tarix göstərir ki,
sivilizasiyanın arxalandığı mənəvi güclər, qüvvədən düşən kimi, yekun məhv ədalətli
olaraq barbarlar adlandırılan, qeyri-iradi və kobud kütlə tərəfindən başa çatdırılır.
Sivilizasiyalar bir ovuc intellektual aristokratiya tərəfindən yaradılır və qorunur, kütlə
tərəfindən heç vaxt. Kütlənin gücü yalnız məhvetməyə istiqamətlənib. Kütlənin
hökmranlığı həmişə barbarlıq mərhələsinin göstəricisidir. Sivilizasiyalar müəyyən
qaydaların, intizamın, instinktiv olandan rasionala keçidi, bəsirəti, yüksək dərəcəli
mədəniyyəti nəzərdə tutur, bütün bu şərtləri isə özü-özünə qapanan kütlə heç vaxt
həyata keçirə bilməz. Öz əlahiddə dağıdıcı gücü sayəsində kütlə, zəifləmiş orqanizmin
və ya meyitin dağılması prosesini sürətləndirən mikroblar kimi fəaliyyət göstərir.
Əgər hansısa sivilizasiyanın binası oyulmuşsa, kütlə həmişə onun yıxılmasına rəvac
verir. Bax, həmin anda kütlənin başlıca rolu üzə çıxır və say fəlsəfəsi müəyyən zaman
üçün, görünür, tarixin yeganə fəlsəfəsinə çevrilir.
Bizim sivilizasiyanı da eyni aqibətmi gözləyir? Biz bundan qorxuya düşə bilərik,
lakin bunu hələ bilə bilmərik. Nə olmasından asılı olmayaraq, itaət etməli və kütlənin
səltənətini yaşamalıyıq.
O kütlə haqqında, hansı ki, barəsində bu qədər danışılmağa başlanılıb, biz çox az
şey bilirik. Kütlədən uzaqda duran peşəkar psixoloqlar, həmişə ona etinasızlıq
göstərmişlər, son zamanlar diqqət yetirsələr də, bu yalnız cinayətkarlıq nöqteyi-
nəzərini əhatə edib. Şəksiz, cinayətkar kütlə var, lakin səxavətli, qəhrəman və sair
digər kütlə də var. Kütlənin cinayəti onun psixologiyasının yalnız bir xüsusi halını
təşkil edir; kütlənin mənəviyyatını onun yalnız cinayətlərini öyrənməklə bilmək
olmadığı kimi, hər hansı bir şəxsin mənəviyyatını da yalnız onun qüsurlarını
öyrənməklə bilmək olmaz.
Yeri gəlmişkən, düzünü desək, dünyanın bütün hökmdarları, bütün dinlərin və
dövlətlərin baniləri, bütün inancların həvariləri, görkəmli dövlət adamları və kiçik
insan icmalarının sadə rəhbərləri, həmişə qeyri-iradi psixoloqlar olublar, kütlənin
ruhunu instinktiv olaraq çox vaxt düzgün anlayıblar. Məhz bunun sayəsində onlar
kütlənin hakimləri olublar. Napoleon hökmranlıq etdiyi ölkənin kütlələrinin
psixologiyasını gözəl dərk edirdi, lakin digər xalq və irqlərin kütlələrinin psixologiyası
ilə bağlı çox vaxt tamamilə anlaşılmazlıq nümayiş etdirirdi. Elə qüdrətinə böyük zərbə
vuran və sonunu gətirib çıxaran İspaniya və Rusiyaya qarşı müharibəyə həmin
psixologiyanı bilmədiyinə görə başlamışdı.
Kütlə psixologiyası sahəsində bilgi hazırkı zamanda dövlət adamlarının əlində
mövcud olan yeganə vasitəni təşkil edir – o da kütləni idarə etmək üçün deyil, çünki
bu, onlara öz üzərində daha çox ixtiyar verməmək üçün mümkünsüzdür.
Yalnız kütlənin psixologiyasına daha dərindən nüfuz etməklə, təlqin edilmiş
ideyaların onun üzərində hansı dərəcəyədək gücə malik olduğunu başa düşmək olar.
Yalnız bütünlüklə nəzəri ədalətə əsaslanan qaydalar vasitəsilə kütləni idarə etmək
olmaz, onda təəssürat oyadan, onu cəlb edən şeyləri axtarıb tapmaq lazımdır.
downloaded from KitabYurdu.org
Məsələn, hansısa qanunverici yeni vergi tətbiq etmək istəyirsə, seçim edərkən,
bunun ən ədalətli vergi olmasına fikir verməlidirmi? Heç vəchlə! Praktik cəhətdən ən
haqsız vergi kütlə üçün ən yaxşısı ola bilir. Əgər, tətbiq edilən vergi gözə elə də
çarpmırsa və daha yüngüldürsə, o, kütlə tərəfindən daha asan qəbul olunur. Bu
baxımdan, dolayı vergi, nə qədər böyük olsa belə, kütlənin etirazına səbəb olmur,
çünki o, vərdişləri məhdudlaşdırmır və kütlədə təəssürat oyatmır; çünki gündəlik
istehlak malları alınarkən tutulduğundan gözə çarpmır. Amma bunu əməkhaqqına və
yaxud digər gəlirlərə proporsional vergi olaraq həmin andaca tətbiq etməyə cəhd
edin – o dəqiqə həmrəylik təşkil edən etirazlarla qarşılaşarsınız, baxmayaraq ki,
nəzəri cəhətdən həmin vergi birincidən on dəfə daha yüngül olardı. Gündəlik
ödənilən və nəzərə çarpmayan qəpiklərin əvəzinə, burada müqayisədə yüksək
məbləğ tətbiq edilir və elə həmin gündə ödəndiyindən, məbləğ onlara həddən çox
görünür və belə təəssürat oyadır. Tədricən qəpik-quruşla ödəniləndə, o, gözə elə də
çarpmır, lakin oxşar iqtisadi fənd tədbirliliyin əlamətidir, kütlə bu sahədə,
ümumiyyətlə, bacarıqsızdır.
Gətirilən nümunə çox sadədir və onun ədalətliliyi gözə çarpır. Napoleon kimi bir
psixoloq, əlbəttə ki, bunu başa düşürdü, lakin kütlənin ruhundan xəbərsiz olan
qanunvericilərin çoxu bu xüsusiyyəti müşahidə edə bilməyəcəklər. Təcrübə hələ
onları kütləni yalnız şüurun vasitəsilə idarə etməyin mümkünsüzlüyünə lazımi
səviyyədə inandıra bilməyib.
Kütlə psixologiyası digər bir çox hallarda da tətbiq edilə bilər. O, bir çox tarixi və
iqtisadi faktların üzərinə işıq salır, bunlarsız onlar tamamilə izah oluna bilməzdilər.
Burada qeyd etməliyəm ki, əgər müasir tarixçilərin ən görkəmlilərindən biri sayılan,
Ten bəzi hallarda böyük inqilabımızı ona görə yaxşı dərk edə bilməyib ki, o, kütlənin
ruhunu öyrənmək barədə heç vaxt düşünməyib. O, həmin mürəkkəb dövrü,
naturalistlərin qeyd metodunu rəhbər tutmaqla öyrənib. Lakin axı naturalistlərin
müşahidə etdikləri təzahürlər arasında tarixin həqiqi hərəkətverici qüvvəsini təşkil
edən mənəvi qüvvələri görmürük.
Beləliklə, kütlə psixologiyasını praktiki nöqteyi-nəzərdən öyrənmək daha
arzuolunandır, lakin əgər o, hətta nəzəri cəhətdən maraq doğursaydı belə, bu halda
da diqqətəlayiqdir. İnsanların fəaliyyətini idarə edən mühərrikləri duymaq, hansısa
mineralı və yaxud çiçəyi duymaqdan az maraq kəsb etmir.
Kütlənin ruhu ilə bağlı tədqiqatlarımız, bizim əvvəlki tədqiqatlarımızın qısa izahı
ilə bağlı sadə sintezdən başqa bir şey ola bilməz. Oçerkimizdən bizə bəzi yol göstərən
düşüncələrdən başqa nələri isə tələb etmək olmaz. İndiyədək az tədqiq olunan
məsələdə biz hələ də səthi araşdırmalar aparmışıq, digərləri, o hüdudları
dərinləşdirəcək.
downloaded from KitabYurdu.org
|