Azərbaycanın kosmik sahədə elmi tədqiqatları barədə nə deyə bilərsiniz?
-
Yerin məsafədən müşahidəsi, onun təbii ehtiyatlarının öyrənilməsi,
ümumilikdə kosmos elmi sahəsində elmi tədqiqatlar dövlətin inkişaf
göstəricisidir. Fundamental və tətbiqi elm sahələrində gündəlik vəzifələr
həddindən çoxdur. Onların arasında kooperasiya və səylərin birləşdirilməsini,
birgə texniki vasitələr və texnologiyaların istifadəsini tələb edən beynəlxalq
məsələlər də var. Yuxarıda qeyd etdiyimiz 2019-2022-ci illər üçün Dövlət
Proqramında bu sahədə beynəlxalq əməkdaşlıqdan, beynəlxalq elmi
layihələrdə müştərək iştirak məsələlərindən də bəhs olunub.
Hazırda Azərbaycan Respublikasında bir sıra dövlət strukturlarında, özəl
firmalarda, birgə kommersiya təşkilatlarında peyk informasiyalarının istifadəsi
məsələləri ilə məşğul olurlar. Lakin bunlar daimi tətbiqi və kommersiya xarakteri
daşımır. Fundamental elmi tədqiqatlar isə çox az aparılır. Azərbaycanda 1975-
ci ildən Aerokosmik Agentliyi fəaliyyət göstərir. Bu qurum ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Hələ Sovet İttifaqı dövründə və
müstəqillik illərində bu agentlik uzun müddət fundamental elmi tədqiqatlar,
kosmik aparatlar üçün cihazların hazırlanması ilə məşğul olub. Açığını desək,
bu işlər uğurla aparılıb: Azərbaycan alimləri və mütəxəssislərinin hazırladığı bir
neçə cihaz “Mir” orbital stansiyasında quraşdırılıb, namizədlik və doktorluq
dissertasiyaları müdafiə olunub, elmi əsərlər və monoqrafiyalar dərc edilib.
Burada indi də elmi jurnal nəşr olunur, agentliyin əməkdaşı olmayanların da
elmi məqalələri dərc edilir. Agentlikdə doktorantura da fəaliyyət göstərir, habelə
uzun illər burada dissertasiyaların müdafiəsi üzrə şura olub.
Lakin reallıq kosmik sahədə aparılan elmi tədqiqatlara daha rasional və
perspektivli, deyərdim ki, vətənpərvər və dövlətçilik prizmasından yanaşma
tələb edir. Bu yaxınlarda Azərbaycan Moskvada keçirilən kosmik sahədə
fəaliyyətlə bağlı əməkdaşlıq məsələlərinə dair MDB ölkələri icra hakimiyyətləri
orqanlarının nümayəndələrinin V iclasında iştirak edib. Tədbirdə Azərbaycan və
Rusiya ilə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan və Ukrayna nümayəndələri
də təmsil olunublar. İclasın yekun protokolunda “GLONASS” siqnal sisteminin
istifadə olunduğu yerüstü infrastrukturun inteqrasiyasının zəruriliyi, MDB
dövlətlərinin kosmos və iri fəlakətlər üzrə Beynəlxalq Xartiyaya qoşulması,
fövqəladə halların kosmik monitorinqinə dair dövlətlərarası sistemin və
regionlararası peyk rabitəsi sisteminin yaradılmasının vacibliyi öz əksini tapıb.
“Birləşmiş Kosmik Tədqiqatlar İnstitutu” adlı hökumətlərarası elmi-tədqiqat
təşkilatının yaradılması haqqında Sazişin layihəsinin hazırlanması təklifinə də
xüsusi diqqət yetirilib. Bu institutun yaradılması ideyasını hələ 2011-ci ildə MDB
ölkələri kosmik agentliklərinin elmi-nəzəri konfransında çıxış edən Rusiya
Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri, akademik Lev
Zelyonı irəli sürüb. Onun sözlərinə görə, sözügedən institut MDB məkanında
kosmos mövzusu ilə məşğul olan elmi-tədqiqat institutlarının səylərini özündə
birləşdirə bilər. Birləşmiş Kosmik Tədqiqatlar İnstitutunun yaradılması qərarına
Azərbaycan da qoşulub. Bu kontekstdə Milli Elmlər Akademiyasında Milli
Aerokosmik Agentliyin bazasında aerokosmik tədqiqatlar üzrə müvafiq
strukturun yaradılması məqsədəuyğun olardı. Əminəm ki, AMEA və
“Azərkosmos” ASC-nin arasında kooperasiya, imkanların və səylərin rasional
istifadəsi dövlətimizin qarşısında duran perspektivli iqtisadi və elmi vəzifələrin
gələcəkdə də uğurla yerinə yetirilməsinə imkan verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini
basaraq bizə göndərin