Qul Əli yaratdığı obrazların dili ilə ibrətamiz nəsihətləri qələmə
almışdır. Ədalətin gec-tez zəfər çalacağına inam «Qisseyi-Yusif»
poemasında üstünlük təşkil edir. İnsanlar arasındakı münasibətlərdə
218
dürüstlüyün təbliği əsərdə mühüm yer tutur. Şair Yusifin timsalında
insanın ən yaxşı xüsusiyyətlərini belə sadalayır:
Bunun dürlü hünərləri vardur, derlər,
Hünərlərin birin-birin aydur imdi.
Əvvəl, oldur qəddi yaxşı, zərif üzlü,
Həm ikinci, bənzi yaxtu, görklü yüzlü,
Üçüncisi, fəsih dilli, səhih sözlü,
Yetmiş iki dili tamam bilür imdi.
Dörtincisi, şəfaətlü, mürüvətlü,
Beşincisi, alb yürəklü, həm heybətlü,
Altıncısı, qamulardan qatı qutlu!
Qırq ərdən də həm qüvvəti artuq imdi.
Yeddincisi, dini doğrı, dəyanətlu,
Səkkizinci, xayin degül, əmanətlu,
Toquzıncı, xülqi lətif, ləfzi datlu,
Onıncısı, peyğəmbərlər nəsli imdi (53, 65).
Bəli, kiçik adam böyüklük iddiası edəndə məhv olub gedər (54,
325). Suli Fəqih «həm ulu kişilərə hörmət gərək»-deyir (66, 233).
Suli Fəqih yazır:
Həsədi gör sizə nə işlər idər
Qardaşı qardaşdan ayırur gidər (66, 39).
F.R.Xunci yazır: «şahın fərmanıyla (27 avqust 1488-ci il) evlə-
rin yoxlanılmasına başlanıldı ki, bu da şərabın qadağan olunması və
evlərdə onun hazırlanması ilə əlaqıdar idi. Eyni zamanda bu
fərmana əsasən saqqalın qırxılması da qadağan edilirdi» (13, 99).
Əxlaq tərbiyəsinə münasibətdə Füzulinin «Rindü Zahid» əsəri-
nin də böyük əhəmiyyəti vardır. Əsər atalar və oğullar məsələsinə,
bununla əlaqədar olaraq bilavasitə tərbiyə probleminə həsr olun-
muşdur. Əsərdə oğul ilə ata arasında gedən dialoq çox maraq doğu-
rur. Belə ki, ata ilə oğul arasında açıq fikir mübadiləsi gedir. Atadan
219
qorxmayan ona hörmətlə öz düşündüklərini ifadə edə bilən oğulun
azadfikirliliyi qabarıq şəkildə göstərilir. «Rindü Zahid» əsərində de-
yilir ki, Zahid oğlu Rində Quranın surə və ayələrindən misal gətirə-
rək nəsihətlər edir (7, 14–15). Bu müsəlman aləmində tərbiyənin
əsasında Quranın müddəalarının durduğunu təsdiqləyir. Bu əsərdə
ailənin əsas məsələlərindən biri kimi övlad tərbiyəsindən bəhs edi-
lir. Məsələn, «şair atanın dili ilə gənc nəslə müraciət edərək deyir
ki, gənclikdə hər şeyə rəğbət eləsən bacararsan. İnsan çalışmasa fə-
zilət, hünər kəsb edə bilməz. Nə qədər ki, insanın huşu-başı yerində-
dir, fürsəti qənimət bilib hünər kəsb etməlidir. Bədənin əzaları süst-
ləşdikdən sonra peşimançılıq fayda verməz» (28, 437). Uşaqların
körpəlikdən böyüklər tərəfindən tərbiyə olunmasını əsas şərt sayan
müəllif bu işdə müəllimin də rolunu qiymətləndirərək onu müqəd-
dəs varlıq saymışdır. İnsan öz meyllərinə və rəğbətinə görə yaxşılığı
edəndə bu, hələ əxlaqilik deyil. Ancaq insan ürəyi istəməsə də, borc
duyğusuna görə yaxşılığı edəndə də bu, əxlaq olur (63, 234-235).
Şair öz yaradıcılığında qonağa üstün hörmət olunmasını müsbət
keyfiyyət kimi təqdim edir. Əsərlərindən aydın görünür ki, o, şərab
içməyin qəti əleyhinədir.
Füzuli yazır ki, tanrı o bəndəsini sevər ki, xoş xasiyyətli və gü-
lərüz ola (39, 298). Onun tərbiyəvi fikirlərinin əsasını insanpər-
vərlik, həqiqət və ədalət kimi yüksək mənəvi keyfiyyətlər təşkil
edir. «Hədisi–Ərbəin» əsərində haqqı, ədaləti, rəhmi tərənnüm edən
Füzuli bunların da xuda tərəfindən geri qayıdacağını deyir. O
göstərir ki, müsəlmanın gərək dili, əli və əməli xeyir ola. Çox da-
nışmağın bəla gətirəcəyini söyləyən şair həmçinin qeyri-zəruri iş
tutma – deyə məsləhət verir. Eyni zamanda «Füzuli əqli tərbiyənin
əxlaq tərbiyəsi ilə vəhdət təşkil etməsini insan şəxsiyyətinin kamil-
ləşməsi üçün mühüm şərt hesab etmişdir» (41, 75). Bununla yanaşı,
şair mömin o adamdır ki, qonşusunu heç vaxt başqasına möhtac
etməsin – deyə səslənir. Mənəvi dəyərlər şairi hər zaman düşündür-
müşdür. Belə ki, ««Söhbətül–əsmar» poemasının əsasında duran
ideya Füzuli yaradıcılığı üçün çox səciyyəvi olan və şairin dünya-
görüşündəki başlıca xətlərdən birini təşkil edən ideyadır» (28, 389).
220
Əsərdə meyvələrin özlərini öymələrindən söhbət gedir. Əslində
burada təkəbbürlülük, xudpəsəndlik, lovğalıq, yekəxanalıq kimi
mənfi xüsusiyyətlər tənqid atəşinə tutulur. Zəmanəsini bütün çılpaq-
lığı ilə təsvir edərək müəllif dövrün ictimai–siyasi məzmununu
ortaya qoyur. Cəmiyyətdə baş verən hadisələr onun diqqətindən
yayınmır, ziddiyyətlərin, ədalətsizliklərin və nöqsanların mahiyyəti
onun əsərlərində bütün kəskinliyi ilə açıqlanır. Yumoristik üslubda
yazılmış «Bəngü–Badə» əsərində şair saray mühitindəki mənfi
xüsusiyyətləri açıq-aydın və çəkinmədən tənqid etmişdir. Burada
hökmdarlara məxsus şöhrətpərəstlik və birincilik iddiası qətiyyətlə
pislənilir. Əsərdə Bəng ilə Badə (tiryəklə içki) həyata ziyan gətirən
obrazlar kimi təqdim olunmuşdur. Füzulinin yaradıcılığının zirvəsi
hesab edilən «Leyli və Məcnun» əsərində ülvi məhəbbətin qüdrətini
tərənnüm etmişdir. Füzuli poeziyasında təbliğ olunan yüksək
mənəvi dəyərlər və əxlaqi keyfiyyətlər hamı üçün ünvanlanmışdır.
Z.Göyüşov başqa görkəmli orta əsr filosofları ilə bərabər Füzulinin
də həyatın mənası və səadət haqqında mütərəqqi fikirlər irəli
sürdüyünü qeyd edir (6, 42). Şərəfli ömür yolu keçən şair heç bir
fərq qoymadan hətta hökmdarlara da çəkinmədən həyat dərsi verir.
Ona görə də «məhz bu gözəl ictimai – əxlaqi keyfiyyətlərinə görə
Füzulinin poeziyası həmişə insanların tərbiyə və inkişafında böyük
rol oynayan qüdrətli mənəvi silah olmuşdur» (28, 377). İnsanlarda
tərbiyənin mühüm hissəsi sayılan əxlaq tərbiyəsinin formalaş-
masında Füzulinin mütərəqqi fikirlərinin əhəmiyyəti böyükdür. Şair
adət və ənənələrə uyğun davranış qaydaları haqqında söhbət açır,
təlimin əhəmiyyətini vurğulayır. O, elmə, şerə və sənətə böyük
qiymət verir. Bunları tərənnüm və təbliğ etməklə insanların təlim və
tərbiyəsində xüsusi rolunu göstərməyə çalışır. Şair gözəlliyi vəsf
edir. Şairin «Ənis-ül-qəlb» əsərində onun «rəftar və əxlaq haqqın-
dakı mülahizələri də öz əksini tapmışdır» (46, 180). Füzuli daim
elmə yiyələnməyə üstünlük vermişdir. Xüsusən də «o, insan vücu-
dunun sirlər xəzinəsi olduğunu göstərib onu öyrənməyin lazım
gəldiyini söylədiyi kimi, bilici insanların məğrur olmayıb, bütün
elmləri, sirləri öyrənmək sahəsində hələ az iş gördüyünü də qeyd
221
edir.» Göründüyü kimi, burada şair insanların öz üzərində həmişə
çalışmalarını təbliğ edir (61, 158). «Qabusnamə» əsərində atalara
məsləhət kimi tövsiyə olunur ki, «elm və sənətdən hər nə öyrənmək
lazımsa, hamısını övladına öyrət» (64, 117).
Tərbiyə insanın cəmiyyətdə özünü təsdiq vasitəsi və bir növ
şəxsi möhürüdür. Bu isə həyat tərzindən asılıdır və «həyat tərzi –
insanların fəaliyyət formalarının, bu fəaliyyətin şəraiti ilə birgə
götürülmüş və bu şəraiti dəyişə bilən məcmusudur» (48, 302).
Bütün bu deyilənlərə yekun vuraraq deyə bilərik ki, milli adət
və ənənələr ruhunda tərbiyə alan insan onlara əsaslanaraq fəaliyyət
göstərir və müəyyən vərdişlər əldə edir. Ailədəki birgə əmək onun
üzvlərini bir-birinə nə qədər bağlasa da, mənəvi tellərlə bağlılıq da-
ha sıx və dərin olmalıdır. Daimi ünsiyyətdə olma, uşaqların məsu-
liyyətli olmasına çalışmaq kimi vəzifələr qarşıda durur. Onda ailə-
nin bütövlüyü, sağlam təməli daha möhkəm olur. Ayıq və sayıq ol-
maq, özünü dərk etmək, səhvlərini daha yaxşı anlamaq üçündür.
Məlumdur ki, hər bir şəxs əxlaqını onun öz daxili təbiətinə uyğun
tərzdə və vicdanının səsinə müvafiq həyata keçirir. Onu da qeyd et-
mək lazımdır ki, bu məsələ mənəvi sərvət və əxlaqi dəyərlər baxı-
mından xüsusi əhəmiyyət kəsb edir. Ümumi məsələlər haqqında ib-
rətamiz söhbətlər vasitəsilə dünya və həyat haqqında bilgilərə sahib
olmaqla tərbiyəyə nail olmaq olar. Ailə daxilindəki azad və sərbəst
mövqeyini saxlamaq, özünü bir şəxsiyyət kimi təqdim etmək üçün
valideynlərin rolu böyükdür. Valideynlərin övladları ilə əməli və tə-
sirli söhbəti böyük gücə malik ola bilər. Güclü tərbiyə üsulu kimi
ünsiyyət ortaya çıxır və ömür boyu uşaqla ailə arasında bir
bələdçiyə çevrilir.
Ailə münasibətlərinin özülündə tərbiyə durur. Çünki tərbiyə
məsələsi düzgün qoyulmuşsa, deməli ailə daxilində bu özünü müt-
ləq hər sahədə göstərəcəkdir. Təlim, tərbiyə və elmi biliklərin aşı-
lanması – bütün bunlar insan üçündür. İnsanın bir varlıq kimi qiy-
mətləndirilməsi əsas məsələdir. İnsanın tərbiyəvi xüsusiyyətləri,
əxlaqi keyfiyyətləri onun nitqində, təfəkküründə, ünsiyyətində ya-
222
şam tərzində büruzə verir. Zaman keçdikcə həmin keyfiyyətlər
yetkinləşir. Onun mənəvi simasını əks etdirir.
Beləliklə, tərbiyə müəyyən məzmuna malik olmaqla insanı lazı-
mi tərəfə yönəltmək yolunda vasitədir. Bütün bu yuxarıda qeyd olu-
nanlar, orta əsr ailəsində tərbiyə məsələsinin təhlili dövrün mahiy-
yətini elmi sürətdə dərk etməyə müəyyən qədər imkan yaradır. Tər-
biyənin növləri vardır: əmək, əxlaq, estetik və s. Əmək tərbiyəsi tə-
sərrüfatın idarə olunması ilə bağlı olmuşdur. Əxlaq dərk olunaraq
fəaliyyətdə gerçəkləşən vasitədir. İnsanın fərdi xüsusiyyətləri, onun
daxili zənginliyi bütün ömür boyu bələdçisidir. Orta əsrlərdə ailənin
daha güclü tellərlə bağlılığı özünü büruzə verir. Ailənin əsas vəzifə-
si onun üzvlərinin birgə yaşayış dövründə bir-birinə və uşaqlarına
olan münasibətləridir. Tərbiyə ailədə böyük əhəmiyyət kəsb edir.
Ailə daxilində böyüklər övladlarına qarşı müntəzəm surətdə təsir
edir, öz hərəkətlərilə örnək olur, onların yetişməsinə məqsədyönlü
şəkildə çalışırlar. Mövcud şəraitdə övladlarının həyata hazırlanması-
na çalışan valideynlər normal insan və bir şəxsiyyət kimi uşaqları-
nın formalaşmasına səy göstərirlər. Bunun üçün isə bilik və bacarıq
aşılamaqla ailə üzvləri tərbiyə olunan övladlarına təsir gücünü
möhkəmləndirirlər. Bu baxımdan hər bir ailədə tərbiyə məsələləri
həmin ailənin mənsub olduğu təbəqə, ideologiya və iqtisadi durum
əsasında qurulur. Tərbiyə təsir gücünə malik xüsusiyyətlərlə sıx
bağlıdır. Orta əsrlərdə ailə tərbiyəsi adət və ənənələrə dayanaraq
formalaşmışdır. Ailənin müvəffəqiyyəti onun böyük üzvlərinin
uşaqlara olan səmimiyyəti, düzgünlüyü, təmkinli davranışı və eyni
zamanda yaş psixologiyasının nəzərə alınması ilə ölçülür. Qaza-
nılmış təcrübənin geniş istifadə olunması ailə tərbiyəsində mühüm
rola malikdir. Ailə tərbiyəsində əmək vərdişlərinin aşılanması
insanların yaşam tərzindən asılı olmuşdur.
Müasir dövrdə Azərbaycan məişətində müasirliklə uzlaşmayan
bir sıra ənənəvi xüsusiyyətlər itsə də, ailə institutu öz daxili məz-
mununu saxlamaqdadır. Dinin məişətdə kök saldığı bir zaman oldu-
ğu üçün orta əsrlərdə ailədə uşaqları əməyə alışdırmaqla yanaşı,
müəyyən dini biliklərə yiyələnmək və bir sıra adətləri icra etmək də
223
öyrədilirdi. Dinlə bağlı xüsusiyyətlərdən biri də ailədə namaz qıl-
maq, oruc tutmaq, zəkat vermək və s. də ailə tərbiyəsində təbliğ edi-
lirdi. Ailə daxilində uşaq özünüdərkə başlayır. İslam dini dəyərləri-
nin uşaqlara da başa salınması və qəbul etdirilməsi bir az da böyü-
dükdən sonra uşağın həyatına ailə ilə bərabər həmçinin mədrəsələr
də daxil olurdu. Mədrəsələr yeni mühit yaradır, ailədən uzaq, lakin
ailə qədər əhəmiyyətli bir ocaq rolunu oynayırdı. Məişətdə aşılanan
müəyyən hərəkətlər və vərdişlər bütövlükdə davranış mədəniyyəti-
nin formalaşmasını təmin edir.
DAYƏLİK
Ailə və ailə məişəti problemi etnoqrafiya elminin tədqiqat ob-
yektinə daxil olan əsas məsələlərdən biridir. Ailə məsələlərində qız-
bəyənmə, elçilik, nikah, toy, dəfn və başqa mərasimlərlə bağlı çox-
əsrlik adət və ənənələr onların inkişaf mərhələləri və baş verən bir
sıra dəyişikliklər öz əksini tapır. Əsrlərin sərhəddini aşaraq bu gü-
224
nümüzədək gəlib çatan adət və ənənələrimiz olduqca rəngarəng və
zəngindir. Lakin ailənin hərtərəfli öyrənilməsi üçün onun funksiya-
larından biri olan ailə tərbiyəsinin araşdırılması mühüm əhəmiyyət
kəsb edir. Bu işdə isə körpənin saxlanılmasında və tərbiyəsində
əvəzsiz rolu olan dayələrin əməyini də qeyd etmək lazım gəlir.
Dayəliyin tarixinin nə qədər qədim olduğunu muəyyənləşdir-
mək çox çətindir. Çünki bu barədə indiyə qədər etnoqraflar tərəfin-
dən ətraflı tədqiqat işi aparılmamışdır. Bundan əlavə, mövzuya dair
ayrıca bir əsər həsr olunmadığını da qeyd etmək lazımdır. Belə ki,
bu məsələ ailə münasibətlərini və məişət problemlərini araşdırmağa
çalışan etnoqraf alimlərin diqqətini lazımi qədər cəlb etməmişdir.
Odur ki, dayəlik məsələsi indiyədək sərfnəzər olunmuşdur və elmi
ədəbiyyatda bu mövzu işıqlandırılmamışdır. Lakin buna baxmaya-
raq, orta əsrlərdə yaşayıb-yaradan şairlərimizin, mütəfəkkirlərimizin
və müxtəlif mənbə müəlliflərinin əsərlərində ara-sıra dayənin adı
çəkilməkdədir. Bununla bərabər, xalq yaradıcılığı nümunələrimizin
əsasını təşkil edən dastanlarımızda təsvir olunan ailələrdə tez-tez
dayənin adına rast gəlinməsi istər-istəməz bu məsələyə maraq
oyadır. Bildiyimiz kimi dastanlarımızda orta əsr ailə məişəti geniş
şəkildə öz əksini tapır.
Məlum olduğu kimi, ibtidai-icma quruluşunda yaşayan insanlar
sürü halında həyat sürdüklərindən icma daxilində doğulan uşaqlara
da bir yerdə baxılırdı. Hamı bir ocağın başına yığışırdı. Bu zaman
icma daxilində birgəyaşayış qaydalarına əməl olunurdu. Ola bilsin
ki, analar heç bir fərq qoymadan bir-birilərinə yardım məqsədilə
hətta digərlərinin uşaqlarını öz südü ilə bəsləyirdilər. Bu xüsusiy-
yətin keçmişin qalığı kimi gələcəkdə də müəyyən qədər davam
etdiyini ehtimal etmək mümkündür. Artıq böyük ailələr yarandığı
vaxtlarda bu keyfiyyət öz izlərini yaxın qohumlar arasında qoruyub
saxlayırdı. Bir-birinə yardım məqsədilə təxminən eyni vaxtda uşaq
dünyaya gətirən analar (bir ailə daxilində) onların bəslənib böyü-
məsi üçün köməklik göstərirdi. Bu hal patronimik qruplara da xas
idi. Zaman keçdikcə, cəmiyyətdəki bir sıra dəyişikliklərin olması
ailəyə də öz təsirini göstərməyə bilməzdi. Belə ki, kiçik ailələrin ya-
225
ranması ilə əlaqədar olaraq, ictimai münasibətlər dəyişmişdir. Onun
üçün də maddi imkanından asılı olaraq ailələr dayə saxlamağa
başlamışlar. Bu baxımdan da dayəlik özünəməxsus peşə sahəsinə
çevrilərək xüsusi məzmun kəsb etmişdir. Bəzən ailə daxilində
məişət məsələlərini yoluna qoymaq, nizam yaratmaq üçün başqa-
larının əməyinə və köməyinə hər zaman ehtiyac duyulur. Bu barədə
ətraflı bəhs etmək də əsas məqsədimizdir.
Orta əsrlərin ailə məişətini tədqiq edərkən bu dövrdə yaşayıb-
yaradan müəlliflərin əsərlərindən məlum olur ki, ailələrdə dayəyə
mühüm əhəmiyyət verilmişdir. Onu da qeyd etməliyik ki, dastanlar
və müəllif əsərlərində bütün hallarda dayə saxladıqları haqqında
bəhs olunan ailələr yüksək təbəqəyə mənsub idilər. Bu fakt onu
deməyə əsas verir ki, dayəni hər bir ailə tuta bilməzdi. Dayələr
yalnız yuxarı zümrənin övladlarına xidmət etmək üçün tutulurdu.
Topladığımız materiallarda onlar uşağa baxan, ona qulluq edən və
yaxud mürəbbiyə qadın kimi təqdim olunurlar. Onu da əlavə edək
ki, dayə əsasən (sırf qadın peşəsi olmaqla) özgə uşaqlarına öz südü-
nü verib bəsləyən qadınlara deyilirdi. Ümumiyətlə, dayə dedikdə,
bütün bunlarla yanaşı, həm də uşağın həyatında mühüm rol oynayan
bir tərbiyəçi nəzərdə tutulur.
Fikirlərimizi əsaslandırmaq məqsədilə dayə haqqında toplanan
materiallara müraciət edək. Məsələn, «Kitabi–Dədə Qorqud» dasta-
nında deyilir ki, Dirsə xanın «arvadı hamilə oldu. Bir neçə müd-
dətdən sonra bir oğlan doğdu. Oğlancığı dayələrə verdi, saxlatdı»
(7, 134). Buradan görünür ki, bir uşağı saxlamaq üçün bir neçə dayə
tutulurdu. Bu görünür, dayələr arasında iş bölgüsünü təmin etmək
məqsədi daşımışdır. Körpənin normal inkişafı, rahatlığının təmin
olunması və gümrahlığı dayəyə etibar edilirdi. Deməli, dayə ailədə
ən etibarlı və inanılmış adam olurdu. Uşaqlar böyüdükdən və müəy-
yən yaş həddinə çatdıqdan sonra süd verən dayələrin əhəmiyyəti
azalırdı. Belə ki, bu vaxtlar uşaqlara ilk olaraq əmək vərdişlərinə
yiyələnmək tərbiyə olunurdu. Müəyyən biliklərə yiyələnmək üçün
onlara mütləq tərbiyəçi lazım olurdu. Burada dayənin tərbiyəçi rolu
önə çıxırdı. Əgər dayə tələblərə hərtərəfli cavab verirdisə, o, bir
226
müddət də ailədə tərbiyəçi kimi qala bilərdi. Bundan sonra isə
uşaqlara ya müəllim tutulurdu, yaxud da onlar məktəb və mədrəsə-
lərə göndərilirdilər. XII əsrin nümayəndəsi olan Qivami Mütəərrizi
yaradıcılığınla ailə məsələlərinə cüzi də olsa, yer vermişdir. Müəllif
yaradıcılığında mürəbbi sözünü işlətmişdir (18, 397). Bildiyimiz
kimi, qədim zamanlarda bəzi varlı ailələrdə uşaqların təlim və
tərbiyəsi ilə məşğul olmaqdan ötrü xüsusi tərbiyəçi müəllimlər
tutulurdu ki, onları da «mürəbbi» adlandırırdılar. V.Veysəlova da
qeyd edir ki, «məhəbbət dastanlarında da uşaqlar körpə yaşlarından
dayələrə tapşırılır» (9, 108). Müəllif bununla fikrini bitirir və əlavə
heç bir məlumat vermir.
Dayə haqqında xatırlatmalara dastanlarımızda çox rast gəlinir.
XVI əsrin yadigarı sayılan «Qurbani» dastanında deyilir: «Oğlanın
adını qoydular Qurbani, tapşırdılar dayələrə. Tainki, uşaq yeddi ya-
şa çatdı, bir kamil molla tapıb uşağı tapşırdılar ona» (20, 39). Eyni
motiv «Novruz» dastanında da yer almaqdadır. Burada da deyilir ki,
«uşağı dayəyə tapşırdılar. Dayə uşağı bəsləməyə başladı. Ta ki,
uşaq yeddi, səkkiz yaşa çatanda atası onu molla yanına oxumağa
qoydu.» Bununla bərabər «Tahir və Zöhrə» dastanında doğulmuş
uşaqların kamil bir dayəyə tapşırıldığı söylənilir (20, 170; 127).
Uşağın dünyaya gəlməsi mühüm hadisə kimi hər bir ailənin hə-
yatında böyük fərəh və sevinc hissinə səbəb olurdu. Bu isə təbii ki,
ailə daxilində müəyyən dəyişikliklərin olmasını zəruri edirdi. Artıq
ailədə onun əsas qayğısı olan uşağa qulluq edilməsi ilə məşğul olur-
dular. Lakin bu, istər-istəməz, diqqəti evin idarə olunmasında qadı-
nın üzərinə düşən işlərin yerinə yetirilməsindən onu müəyyən qədər
yayındırırdı. Başqa işlərə nəzarət etmək çətin olurdu. Bu baxımdan
da evdə uşaq qayğısının artması nəticəsində ona xüsusi diqqət yeti-
rilməsi məhz dayənin üzərinə düşən məsuliyyətli iş hesab olunurdu.
Maraq doğuran məsələdir ki, əksər müəlliflər anası dura-dura,
sağ ola-ola uşağa dayənin süd verdiyini qeyd edirlər. Məsələn, XVI
əsrin görkəmli şairi Məhəmməd Füzuli yaradıcılığında da həmçinin,
(«Leyli və Məcnun» əsərində) anası deyil, Qeysə məhz dayənin sud
verməsi barədə belə deyilir:
227
Dayə onu pak qıldı qandan,
Qaldırdı bu tirə xakdandan.
Qüslün verib abi-çeşmi-tərdən,
Süd yerinə verdi qan cigərdən.
Əqvamü qəbaili olub şad,
Ol növrəsə Qeys qoydular ad.
Can ilə qələrdı dayə ezaz,
Əsbabi-kəmali-tərbiyət saz (1, 52).
Buradakı təsvirdən aydın olur ki, dayə uşaq doğulan andan eti-
barən onun başının üstündə olan şəxsdir. Uşağı doğuzduran adama
yardım edərək ona ilk qüsl verən, körpəni təmizləyən və onu öz sü-
dü ilə əmizdirən adamdır. Şair uşağın anasının südü olub-olmadığı
barədə heç bir söz söyləməmişdir. Burada həmçinin bir məsələ də
diqqəti çəkir ki, uşağın qırxı çıxmadan, elə doğulan ilk andan
etibarən başının üstündə dayə olur. Ə.Xaqani də uşağın dayə südü
ilə bəslənməsinə toxunmuşdur:
Sənə dayə olub torpaq, südün əmdin, əmər qanın,
Bütün qanın o süddəndir ki, vermiş dayə püstanı (11, 70).
Dayə haqqında məlumat XIII əsrin məşhur elm və dövlət
xadimi Nəsirəddin Tusinin «Əxlaqi–Nasiri» əsərində də verilir.
Müəllif yazır ki, yeni doğulmuş uşağa ilk növbədə yaxşı bir ad və
sonra da sağlam dayə lazımdır. O, sözlərinə onu da əlavə edir ki,
çünki münasib olmayan addan ömrü boyu xəcalət çəkər və qanı
qaralar. Tusi deyir ki, «sonra isə ağıllı və sağlam bir dayə tapmaq
lazımdır, çünki pis adət və xəstəliyin çoxu süd vasitəsi ilə uşağa
keçər.» Bu xüsusda o belə yazır:
Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir daya,
Süd ilə bədənə girərsə azar,
228
O, bədəndən yalnız öləndə çıxar! (2, 156)
Tusinin bu məlumatında bir sıra məqamlar özünü büruzə verir.
Əvvəla, o məsləhət verir ki, hələ uşaq maya tutmamış vaxtından
əvvəl dayə tutmaq lazım deyildir. İkincisi isə, müəllifin bu sözlərilə
dayəyə nə qədər əhəmiyyət verildiyi açıq-aşkar görünür. Belə ki,
onun hərtərəfli sağlamlığı nəzərə alınan əsas xüsusiyyətlər sıra-
sındadır. Buradan belə nəticə hasil olur ki, orta əsrlərdə hər adamı
da dayə olaraq ailəyə qəbul etmirdilər. Deməli, dayə ilk növbədə
sağlam, sonra isə müəyyən təcrübəyə yiyələnmiş və uşağa hərtərəfli
qulluq göstərə bilən adamlardan seçilirdi. Yəni öz keyfiyyətlərinə
görə onlar başqalarından seçilərək ailədə üstün mövqeyə malik
olurdular, müəyyən fərqli xüsusiyyətlərinə görə məhz bu işə qəbul
olunurdular. Deməli, Tusinin də qeyd etdiyi kimi, hər kəs öz layiq
olduğu işi görə bilir.
Tusinin maraqlı məsləhətləri ailəni idarə etmək işlərinə də aid-
dir. Məsələn, o, adı çəkilən əsərində ailə içərisində qulluq edən xid-
mətçiləri idarə etmək haqqında da bəhs etmişdir. Burada o, ailədə
qulluq göstərən adamların (dayə də həmin adamlar sırasına daxildir
– Ş.B) varlığına şükür etməli, onlarla insaf, mürüvvət, mərhəmət və
ədalətlə rəftar edilməyin zəruri olduğunu vurğulayır. «Qulluqçu seç-
mək qaydası odur ki, əvvəlcə bir adamı yaxşı tanıyıb, onu tam yox-
lamadan keçirib, xasiyyətinə bələd olduqdan sonra onu qulluqçu qə-
bul edəsən, bu mümkün olmasa, gərək fərasət, ehtimal və məntiqə
müraciət edəsən» (2, 169). Müəllif eyni zamanda qeyd edir ki, «qul-
luqçuların ürəklərində inam oyatmaq lazımdır ki, bura onların həmi-
şəlik yeridir, başqa yerlərə getmələrinə heç bir səbəb və ehtiyac
olmayacaqdır. Bu, həm insaf və mürüvvət qanununa düz gələr, həm
kəramət və ədalət yerinə yetirilər, həm də xidmətçilər arxayın olub
məhəbbətləri artar, işə can yandırarlar» (2, 170). Müəllif fikrinə onu
da əlavə edir ki, xidmətçilikdə əsas şərt odur ki, qulluqçu gördüyü
işi özünə məcburiyyyət bilməsin, əksinə məhəbbətə görə işləsin.
Tusi deyir ki, onların rahatlığını təmin etmək lazımdır ki, tapşırılan
işi şadlıq və sevinc hissi ilə yerinə yetirə bilsinlər.
229
Qətran Təbrizinin verdiyi məlumatda dayə süd verən insan kimi
deyil, sadəcə uşağa baxan nəzarətçi və tərbiyəçi qismində təqdim
olunmuşdur:
Sanki dayəsi sürmə yerinə onun gözlərinə həya çəkmişdir,
Sanki anası süd yerinə ona hövsələ əmizdirmişdir (16, 270).
Dayə haqqında məlumata dahi şair-mütəfəkkir Nizami Gəncə-
vinin yaradıcılığında da rast gəlmək mümkündür. O yazır:
Buyurdu, onu dayəyə versinlər ki,
Maya (süd) verməklə böyütsün,
Dövran (təbiət) isə dayəlik qayğısı ilə
Onu məhəbbət südü ilə bəslədi.
Dodağına verilən hər süd qətrəsi ilə
Onda bir vəfa hərfi (kəlməsi) yazdılar.
Şair fikrinə davam edərək göstərir ki,
Lalə kimi ağzını südlə yuyurdu,
Səmən yarpağı kimi südlə böyüyürdü.
Sanardın ki, süd içində şəhddir (baldır),
Və ya beşik içində bir aydır (3, 62).
Şairin əsərində dayədən səthi olaraq bəhs edilmişdir (4, 82). Bu-
rada dayə sadəcə olaraq süd verən bir qadın kimi təqdim olunmuş-
dur. Dayə haqqında Nizaminin «Xosrov və Şirin» əsərində də məlu-
mat vardır. O yazır:
Dayə onu müşk kimi ipəyə bürümüşdü,
Tər mirvari kimi quru pambıq arasında saxlayırdı.
Şəkər kimi südə meyl etdiyinə görə
Süd və şəkərlə bəsləyirdilər (14, 55).
230
Dayəyə verilən yüksək qiymət Ə.Xaqani yaradıcılığında da öz
əksini tapmışdır. Şair qeyd edir ki, yetim qalarkən ona arxa çıxan,
dayaq duran əmisi olur və onun «böyüyü, yolgöstərəni, tərbiyə edə-
ninə» çevrilir. Əmisinin onu öz evində, yuvasında himayəsi altında
saxladığını deyən Xaqani belə yazır:
Sanki oldu mənim mehriban dayəm,
Yaralı könlümə o qoydu məlhəm (11, 35).
Maraqlıdır ki, Xaqani atasının vəfatından sonra onu himayəsinə
götürən doğma əmisini məhz dayə ilə müqayisə etmişdir. Bu onu
deməyə əsas verir ki, dayə ailədə böyük hörmət sahibi olmuşdur.
Bununla yanaşı, dayəyə xüsusi qiymət verərək şair belə deyir:
Dünyada hər kəsə əziz, mehriban,
Hamıya dayə tək bir nəzər salan (11, 22).
Burada şair dayələrin nə qədər əziz, mehriban və qayğıkeş ol-
duqlarını hamıya eyni nəzərlərlə doğma adam kimi baxdıqlarını dilə
gətirmişdir. Qeyd edək ki, başqa orta əsr müəllifləri kimi İmadəddin
Nəsimi yaradıcılığında da dayənin adı çəkilmişdir (13, 397).
Müəllifi bilinməyən «Dastani-Əhməd Hərami»də də dayə haqqında
məlumat verilir:
Sarayında xadimlər durmuş idi
Xadimlər həm qapuya varmış idi.
Məgər xadimləri bir dayə gördü,
Xəbər ol dəmdə Güləndama verdi (10, 119).
Burada Güləndamın dayəsi bütün ailədə baş verən hadisələrin
məlumatçısı kimi təqdim olunur. Çünki bilavasitə məsələlər Gülən-
damla bağlı olduğu üçün saxladığı adamın həyatı ilə bağlı
məsələlərin ona çatdırılmasında dayə özünü borclu bilir.
231
Orta əsr şairi Mustafa Zərir «Yusif və Züleyxa» əsərində göstə-
rir ki, doğum vaxtı anası ölən Yusifə atası bir qaravaş satın aldı (5,
212). Satın alınan qaravaşa münasibət isə fərqli ola bilərdi. Əsərdən
görünür ki, öz uşağına yaxşı baxsın deyə, qaravaşı doğma balasın-
dan belə uzaqlaşdırırlar. Deməli, buradan aydın olduğu üzrə onu
ömürlük xidmətə ala bilərdilər və satın alındığına görə o, evi nə
vaxtsa tərk etmək hüququndan məhrum qalırdı. Bir sözlə, dayə
qarşısına çıxan ev yiyəsinin istəklərinə dözməyə məhkum olurdu.
Azərbaycan ədəbiyyatı tarixində mühüm yeri olan XIV əsrin
tanınmış şairi Yusif Məddah «Vərqa və Gülşah» əsərində dayə
barədə yazır:
İkisi iki gövhərdən ki ari,
Dayələr əmzirdi bir yil bunları (10, 149).
Burada verilən məlumat da əvvəlki müəlliflərin dayələr haqqın-
da dediklərini təsdiqləyir. Məlumatdan dayədən bir il istifadə olun-
duğu qənaətinə gəlmək olur. Lakin müəllifin dayə barədə yazdığı
aşağıdakı fikri xüsusi maraq doğurur. Belə ki, o deyir:
Ağlayıb həsrət oduna ol nigar,
Düşdü təxtindən aşağə zarü-zar.
İçinə od düşdü ol biçarənin,
Düşdi ussi getdi ol məhparənin.
Dayə ol gül yüzə saçdı gülab (10, 203).
Məsələyə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, şair burada
sevgilisi ölmüş gənc qızın iztirabını, ürəyinin getdiyini, bir sözlə,
dəfn mərasimini təsvir etmişdir. Lakin şairin bu vəziyyətdə belə qı-
za məhz dayənin öz köməyini göstərməsini (üzünə gülab çiləməsi)
deməsi maraq doğurur. Deməli, bir sıra ailələrdə dayələr ömürlə-
rinin sonunadək həmin ailədə yaşayaraq uşaq hətta böyüsə belə,
onun sanki ikinci anasına çevrilərək heç vaxt bəslədikləri insanı tərk
etmirlər və ömürlük o evdə qalaraq yanından ayrılmırlar. Bu dayə-
232
nin sədaqətli və vəfalı olması ilə də bağlıdır. Görünür, belələrindən
ailələr də imtina etməyərək onu əldən buraxmaq, həmçinin uşaqlar
da körpəlikdən isnişdikləri adamdan uzaq qalmaq istəməmişlər. Da-
yənin ikinci ana rolu burada özünü bariz göstərir. Bu da tərbiyə işin-
də son dərəcə vacibdir. Bu xüsusda Nizaminin bənzətməsi yerinə
düşür:
Zəmanə sənin bilici dayəndir,
Öz yaxşını da, pisini də ona həvalə et (17, 166).
Burada şair dayələrə hər şeyin etibar edildiyini qeyd edir və
onların də nə qədər bilici olduqlarını vurğulayır.
Yusif Məddah dayəni ən yaxın rəfiqə kimi təqdim etmişdir. Gö-
ründüyü kimi, dayə Gülşahın bütün dediklərinə canla-başla əməl
edən ən yaxın adamıdır. Burada dayə ikinçi ana kimidir. Hətta
müəllif Gülşahın dililə belə deyir:
Ey mübarək yüzlü dayə hiç sən
Qayğu yemə kim, sana qurban bən,
Nə xəta qıldın? Sana yoqdur itab,
Bəlkə bu işin səvab, əndər səvab (10, 193).
Əsərdə dayəyə qarşı hörmət və ehtiram dolu münasibət aydın
sezilir. Bu münasibət qarşılıqlı məhəbbətə və ehtirama dayanır.
XVII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələ-
rindən biri olan Məsihinin də əsərində dayənin rolu qeyd olunur:
Dayə baxuban o dilfigarə,
Heyran oldu o karü barə.
Bildi ki, batubdur ehtiyacə,
Möhtac hərifdür əlacə.
Var sineyi-gərmü ahi-sərdi,
Bilməz nədurur dəvayi-dərdi (22, 88).
233
Məsihi «pəs dayəni qıldı məhrəmi-raz» - deməklə dayənin ən
yaxın məhrəm sayılan bir insan olduğunu göstərir. Bu xüsus Qul
Əlinin «Qisseyi-Yusif» əsərində də öz əksini tapmışdır. Şair dayə-
nin ən yaxın sirdaş olduğunu belə qələmə alır:
Ol Züleyxa dayəsinə cavab söylər,
Sirrin cəmin dayəsinə izhar eylər (24, 72).
Qazi Bürhanəddin də «Divan»ında dayənin adını çəkmişdir:
Süd yerinə eşqini içürdi bana dayə,
Ol vəslini özgələrə adaya rəvamı (21, 322).
Y.Məddah isə qaravaş haqqında bəhs edərək onun pulla satın
alındığını qeyd etmişdir (10, 177). Orta əsr şairi Suli Fəqih də dayə-
nin haqqında məlumat vermiş, ərgənlik yaşına çatmış qızın dayə-
sinin olduğunu qeyd etmişdir. Onun əsərində dayə ən munis insan,
simsar, dərd ortağı, müjdəçi, ən sadiq dost və məsləhətçi kimi təq-
dim olunur (26, 65). XV əsrdə yaşamış Azərbaycan şairlərindən
Xəlili öz yaradıcılığında uşağa qulluq edən dayənin adını çəkir (10,
261). Fars nəsrinin nümunəsi sayılan «Qabusnamə» əsərində deyi-
lir: «övladın qız olsa, onu həyalı bir dayəyə tapşır, böyüyəndə ona
bir müəllimə tut» (25, 119). Deməli, uşaqlara dayə tutulması,
yuxarıda adları çəkilən müəlliflər tərəfindən tövsiyə olunur.
Dayə barədə məlumata XIV əsr şairi Arif Ərdəbilinin də ya-
radıcılığında rast gəlmək mümkündür. Arif Ərdəbili «Fərhadnamə»
poemasında əsərin qəhrəmanı olan Gülüstanın ölümündən sonra
anasız qalan uşağın başqa bir qadının – Məryəmin südü ilə bəslən-
diyini qeyd etmişdir (6, 114). Bildiyimiz kimi, belə qadınları el
arasında süd anası adlandırırlar. Əbu Bəkr əl-Qütbi əl-Əhəri «Sultan
Satıbəy sizin süd bacınız və qohumunuzdur» - deyərkən bu məsə-
ləyə toxunmuşdur (15, 43). Anası ölən uşağa qulluq edən süd anası
da müəyyən qədər həm analıq, həm də dayəlik rolunu oynamışdır.
234
Orta əsrlərdə dayəliyin rolu barədə məlumat XVII əsr Azər-
baycan şairi Məsihinin yaradıcılığında da yer almışdır. Şair yazır:
Salduqdə olar zəminə sayə,
Yerdən oları götürdü dayə.
Əldən-ələ çün güli-bəhari,
Gəzdürdilər eyləyib nisari.
Aldı ələ dayə tiği-nüsrət,
Nə tiğ ki, cövhəri məhəbbət (22, 50).
Anası olmayan körpəyə başqasının süd verərək xidmət etməsi
başa düşülür. Amma yuxarıda qeyd olunan məlumatlarda anası ola-
ola uşaqların başqasının südü ilə bəslənilməsi istər-istəməz bunun
səbəbi haqqında sual doğurmaya bilməz. Bunun isə müxtəlif səbəb-
ləri ola bilər. Birincisi odur ki, doğan qadının ya südü olmasın, ya
da az olduğu üçün körpəyə çatmasın. Çünki dastanlarımızda da ana
südü və dağ çiçəyinin məlhəm olduğu söylənilirsə, ana da öz
südünü niyə körpəsindən əsirgəsin ki? İkincisi, uşaq məhz körpə
ikən anasından müəyyən səbəbdən nə vaxtsa ayrı düşə bilərdi. Varlı
ailənin müəyyən istəməyənləri də olduğuna görə, uşağa xətər
yetirilməsin deyə o ələ düşərsə, dayənin öz övladı kimi də təqdim
edilə bilərdi. Bəlkə də bilmədiyimiz başqa səbəblər vardır. Burada
belə bir məsələ də ortaya çıxır. Dini baxımdan «bəzi islam məzhəb-
lərində, xüsusilə Hənəfilikdə qadın öz körpəsini əmizdirməyə məc-
bur deyildir. Əgər qadın öz uşağını əmizdirmək istəməsə, ata uşaq
üçün süd anası tutmalı, uşağını əmizdirən ana bu iş üçün süd haqqı
tələb etsə, kişi ona imkanı daxilində müəyyən məbləğ pul vermə-
lidir» (23, 169). Deməli, islam dininə görə uşaq ilk növbədə ataya
məxsus bir varlıq kimi dəyər qazanır və məsuliyyət məhz onun
üzərinə düşür. Qadının öz uşağını əmizdirib-əmizdirməməsi dində
də təsbit olunduğu kimi onun real seçimi kimi təqdim olunur.
Maraqlı faktdır ki, Dağıstan xalqlarının ailə məsələlərinin
tədqiqatçısı S.Hacıyeva da feodal cəmiyyətindəki qadınların vəziy-
yətinə toxunaraq qeyd edir ki, yeri gəldikdə feodal xanımları mülkü
235
müstəqil idarə edə bilər və ailə məsələlərini nizama salmağı bacarır-
dılar. Lakin onlar ağır fiziki əməyə cəlb olunmur, uşaqları özləri
əmizdirmir və onlara baxmırdılar, çünki bunun üçün xüsusi süd
verənlər və dayələr mövcud idi (19, 96). Orta əsrlərdə Azərbaycanın
tərkib hissəsi olan Dağıstan xalqlarında oxşar ailə münasibətləri
mövcud olmuş və sonrakı dövrlərdə də (XIX–XX əsrlərin əvvəlləri)
qismən qalıq şəklində qalaraq eyni mahiyyət daşımışdır. Burada
nəzəri cəlb edən cəhət feodal xanımlarının ailə daxilindəki statu-
sudur. Göründüyü kimi, onlara uşaqlarla daha çox təmasda olmaq
rəva bilinmirdi. Hətta ananın südü ilə öz övladını bəsləməsi, onlarla
daha çox təmasda olması feodal qadınlarının psixologiyasında sanki
nüfuzlarına xələl gələcək bir anlam daşıyırdı.
Orta əsrlərdə dayənin hansı müddət ərzində işləyəcəyi əldə
edilən mənbələrdə dəqiq müəyyənləşdirilmir. Məlumatlarda körpə-
nin neçə yaşına qədər dayənin ona xidmət etdiyi tam dəqiqliyi ilə
bəlli olmur. Dayələrə bunun müqabilində nə isə verildiyi barədə də
heç bir məlumat verilmir. Lakin qarşılıqlı köməyin olduğu və dayə
əməyinin mütləq nə ilə isə ödənildiyi yəqindir. Ola bilsin ki, burada
hansısa qarşılıqlı şərtlərə riayət olunurdu. Təsadüfi deyildir ki, son-
rakı dövrlərin şair və yazıçılarının da əsərlərində dayənin adı
çəkilir. Bununla yanaşı, Q.Qeybullayev göstərir ki, «varlı ailələrdə
qırxı çıxdıqdan sonra uşağa baxmaq üçün qulluqçu qadın, yaxud
dayə tutulurdu. Bu məqsədlə qaravaş da saxlanılırdı» (8, 284).
Müəllif əlavə heç bir məlumat verməyərək bu dedikləri ilə kifayət-
lənmişdir. N.Quliyeva qeyd edir ki, «əvvəllər çoxuşaqlı kənd ailə-
lərində uşaqların tərbiyəsi üçün xüsusi vaxt ayırmırdılar» (12, 132).
Müəllifin nə qədər əvvəli nəzərdə tutduğu bəlli olmasa da, onu qeyd
edə bilərik ki, kənd ailələrində uşaqların əsasən əmək vərdişləri
qazanmasına üstünlük verilirdi ki, bu da tərbiyənin vəzifələrindən
biridir. Azərbaycanda bununla yanaşı, əsasən böyüklərə hörmət,
kiçiklərə qayğı və qonaqpərvərlik aşılanmışdır. Müəllif müasir
dövrdə tərbiyə işində uşaq bağçalarının rolunu göstərir. Buna onu
əlavə edə bilərik ki, uşaq bağçalarındakı işçilər də məhz dayə və
tərbiyəçi kimi fəaliyyət göstərirlər. Müasir dövrdə imkan sahibi
236
ailələrin işlərini yüngülləşdirmək məqsədilə öz uşaqlarına pul
müqabilində dayə tutduqları məlumdur.
Beləliklə, onu deyə bilərik ki, orta əsrlərdə varlı təbəqəyə məx-
sus ailələrdə uşağa dayə tutulurdu. Dayəlik bir sosial institut kimi
geniş təbəqələşmənin mövcudluğu ilə səsləşərək iqtisadi cəhətdən
tam təmin olunmuş ailələrdə baş tuturdu. Yaxşı dayə uşağın inkişa-
fında mühüm rola malik olurdu. Mehribançılıq göstərmək, uşağa
qarşı münasibətdə şəfqətli olmaq dayələrin ən əsas fərqləndirici
keyfiyyətlərindən idi. Onlar ailədə uzun müddət qala bilərdilər. Da-
yə kəlməsinə xüsusən orta əsr müəlliflərinin əksəriyyətinin əsərlə-
rində rast gəlinməsi bir daha dayə haqqındakı söylədiyimiz fikirləri
təsdiqləyir.
Dostları ilə paylaş: |