Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix25.01.2017
ölçüsü2,27 Mb.
#6400
1   ...   12   13   14   15   16   17   18   19   20

V FƏSİL 
 
ƏLAVƏLƏR
9
 
 
                                                 
9
 “Gündəlik Azərbaycan” qəzetində dərc olunmuş xəbər və Daxili İşlər Nazirinin “Liberal” qəzetinə verdiyi müsahibə, Muradın xahişi ilə 
romanın 2011-ci ilin ikinci yarısında çap olunmuş ikinci nəşrinə əlavə edilib (Sevil).  

 
166
Cinayət və cəza 
 
Səbayel rayon məhkəməsində hakim Erkin Qədirlinin sədrliyi ilə Murad Fərəcova qarşı qaldırılmış cinayət işi üzrə 
keçirilən məhkəmə prosesi, müttəhimin səkkiz il müddətinə həbs cəzasına məhkum edilməsilə nəhayət sona çatdı. 
Lakin aylardır ictimaiyyəti narahat edən “Şamaxı cinayəti”  ətrafında gedən söz-söhbətlər, hərarətli mübahisələr, 
məhkəmənin hökmündən sonra nəinki səngiməmiş, hətta daha da alovlanmışdır. KİV və QHT sektorunun gündəmindən 
düşməyən “Şamaxı cinayəti”-nə münasibət də birmənalı deyil. Murada bəraət qazandıraraq, onun dərhal azadlığa 
buraxılmasının vacibliyini deyənlərlə yanaşı, kimliyindən və cinayətinin motivlərindən asılı olmayaraq, hər bir qatilin 
mütləq cəzasını çəkməli olduğunu düşünənlər də var. Murad Fərəcovu müdafiə edənlərin arqumentləri bir qayda olaraq 
belədir ki, “Murad və onun kimi demokratiya uğrunda mübarizə aparmış  şəxslərin, keçmiş quruluşda, avtoritar rejim 
nümayəndələrinə qarşı törətdikləri cinayətlər, indiki demokratik rejimə translyasiya edilməməli və bu kimi cinayət işlərinə 
baxılmamalıdır”. 
Onu da xatırlatmaq yerinə düşər ki, Muradın üç həftə  əvvəl işıq üzü görmüş “Gündəliklər” adlı kitabı, bu cinayət işi 
ətrafında gedən söz-söhbətlərin daha da böyüməsinə səbəb olmuş, hətta məhkəmə və istintaq orqanları, Muradın həyat 
yoldaşı Sevil xanımın məhkəmə prosesi tamamlanmadan kitabı çap etdirməsini “əxlaqsızlıq” kimi qiymətləndirmişdilər. 
 
Leyla Abbas 
“Gündəlik Azərbaycan” qəzeti 
28 yanvar 2011 
 
 
 

 
167
“Hüquqi dövlətdə emosiyalara yer yoxdur - hər bir cinayətkar cəzasını çəkməlidir” 
Daxili İşlər Naziri Sülhəddin Muxtarlı ilə müsahibə 
 
“Vətəndaşların hüquq-mühafizə orqanlarına münasibətini dəyişmək elə də çətin məsələ deyil.  
Bunun üçün, hüquq-mühafizə orqanlarının vətəndaşlara münasibətini dəyişmək kifayətdir”. 
 
- Cənab nazir, qəbulunuza düşmək, sizdən müsahibə almaq üçün aylarla sorğu dalınca sorğu göndərdik. 
Mətbuat xidmətiniz də  hər dəfə “islahatlar gedir, vaxtı  gələndə görüşərik” deyib, bizi intizarda saxlayırdı. 
Nəhayət görüşə bildik. Bu o deməkdir ki, islahatlar artıq tamamlanıb? 
- Sizi intizarda saxladığımıza görə, nazirliyimiz adından sizdən üzr istəyirəm. Doğrudan da fəaliyyətimin ilk yarım ilində 
mətbuatla görüşməyin mənasını görmürdüm çünki, bildiyiniz kimi, nazir postuna təyin olunar-olunmaz islahatlara 
başladıq. Bu səbəbdən KİV-ə doğrudan da deməyə sözümüz yox idi. Qaldı ki, islahatların tamamlanıb 
tamamlanmamağına (gülür)... Bilirsinizmi, islahatlar əvvəli olan amma sonu olmayan prosesdir. Yəni heç vaxt tamamlana 
bilməz. Kim deyə bilər ki, biz islahat apardıq, bitirdik və bundan sonra bütün mexanizm mükəmməl işləyəcək? Əlbəttə ki, 
işlərin əsas hissəsi görülüb, tamamlanıb. Amma görəcəyimiz hələ çox iş var. 
- Deyəsən görülən əsas işlərdən biri də DİN-in bu şəffaf binasıdır. 
- Tamamilə doğrudur. Bu bina da, islahatların vacib elementlərindən biridir. Bildiyiniz kimi, biz hakimiyyətə  gələn kimi, 
Bakı Şəhər Baş Polis idarəsini yeni, şüşəli binaya köçürdük. Eksperimenti bu idarədən başladıq. O bina ofis mərkəzi kimi 
inşa edilsə  də, qarışıqlığın olduğu dövrdə  təhvil verilmişdi. Ona görə  də, hələ heç bir şirkət orada ofis icarəyə 
götürməmişdi, bina boş qalmışdı. Mən nazir təyin olunan kimi, o binanı  BŞBPİ üçün satın almağı  təklif etdim və bu 
təklifim qəbul olundu. Siz də bilirsiniz ki, eksperiment çox uğurlu alındı. Əhali arasında aparılan sorğular da göstərir ki, 
şəffaf bina onların çox xoşuna gəlir, bu şəffaflıq polisə olan inamı artırır. Bu səbəbdən nazirliyimiz üçün də dərhal şəffaf 
bina tikdirməyə  qərar verdik. Bir həftədir bura köçmüşük.  İndi icazə verin mən sizə sual verim: Necədir? Binamızı 
bəyənirsiniz? 
-  Əlbəttə, binaya söz ola bilməz. Küçədən içəridə  nə baş verdiyinin görünməsi  şəxsən mənim üçün qeyri-adi 
haldır. Özümü Avropada hiss edirəm. Yəqin ki, polisə olan inamı, yalnız  şəffaf binalarla artırmağı 
düşünmürsünüz, başqa planlarınız da var... 
-  Əlbəttə var. Bir bina ilə bütün işlər düzəlsəydi nə varıydı (gülür). Biz, bütün fəaliyyətimizlə xalqın inamını, sevgisini 
qazanacağıq, bizdən əvvəl formalaşmış stereotipləri sındıracağıq. Polis artıq cibə narkotik maddə atan, işgəncə verən, 
döyən, oğurluq edən, savadsız, bığlı, yekəqarın, debil görkəmli adam olmayacaq! Biz polisdən  əvvəl, insan olacağıq. 
Hamı maraqlanır, soruşur ki, “Bəs çətin olmayacaq?”. Xeyr, olmayacaq. Vətəndaşların hüquq-mühafizə orqanlarına 
münasibətini dəyişmək elə də çətin məsələ deyil. Bunun üçün, hüquq-mühafizə orqanlarının vətəndaşlara münasibətini 
dəyişmək kifayətdir. 
- Hamını maraqlandıran bir sual var, istərdim bu suala da cavabınızı eşidim. Nəyə görə islahatlar məhz DİN-dən 
başladı? 
- İslahatlar əslində hər bir sahədə aparılır, amma insanlar birinci Daxili İşlər Nazirliyini görürlər. Bu da təbiidir. İllər boyu 
xalqa zülm etmiş, qəddar, qaniçən bir strukturun birdən-birə simasını  dəyişməsi, hər kəsin diqqətini cəlb edir. Başqa 
tərəfdən də, uğur qazanmaq, demokratiyanı təmin etmək üçün əlbəttə ki, qayda-qanundan, təhlükəsizlikdən başlamaq 
lazımdır. İnsanlara tam sərbəstlik verilməlidir. Axı qayda-qanun da, təhlükəsizlik də iqtisadiyyatın inkişafının ən önəmli 
təkanverici qüvvəsidir.  Əgər sənin hüququn pozulursa, fikrini sərbəst ifadə etmək azadlığın yoxdursa, biznes də aça 
bilməyəcəksən. Biz Qərb standartlarını  mənimsəmişik və artıq bircə yolumuz var - Avropanın liberal-demokratik 
dəyərlərini, olduğu kimi Azərbaycanda tətbiq etmək.  
 
“Polis vətəndaşın nökəridir, qulluqçusudur, xidmətçisidir” 
 
- Cənab nazir, sizə belə bir sual da verim. Sovet mühitində böyümüş, tərbiyə almış, oxumuş bir şəxs kimi, Qərb 
standartlarına adaptasiya olunmaq sizin üçün çətin olmadı ki? 
- Xeyr, olmadı. İstər sovet dövründə, istərsə də İslam və Qənirə Millilərin hakimiyyəti illərində mən və yoldaşlarım yalnız 
və yalnız Avropa dəyərlərinin Azərbaycanda tətbiq olunmasını arzulamış, bu uğurda mübarizə aparmışıq. Biz normal 
dövlətdə yaşamaq istəyirdik, buna da nail olduq. Sevgi, məhəbbət haradan başlayır? Başqalarını düşünməkdən!  Əgər 
nazir, komitə  sədri ilk növbədə özünü düşünürsə, onun başqalarına heç vaxtı da qalmayacaq. Göz doyan şey deyil. 
Oğru, rüşvətxor yeyib, yeyib doya bilməz. O daha çox yemək istəyəcək. Yadınızda olar, Milli rejimi illərində 
opponentlərimiz deyirdi ki, müxalifət acdır, iqtidar isə tox. Əgər müxalifət iqtidara gəlsə, daha çox yeyib-dağıdacaq. İndi 
görsünlər və utansınlar!  
Əsas məsələ  nədir? Mentalitetin dəyişməsi.  İslahatların uğurlu olması üçün bu vacib şərtdir. Qətrə-qətrə insanların 
içindəki qulu, köləni öldürmək lazımdır.  Şəxsən mən bütün vətəndaşlarımızın azad ruhlu, azad düşüncəli olmasını 
istəyirəm və bir nazir kimi, bütün məsuliyyətim və səmimiyyətimlə bəyan edirəm ki, vətəndaş ağadır. Polis isə vətəndaşın 
nökəridir, qulluqçusudur, xidmətçisidir.  
- Azadlıqların birdən-birə verilməsi xaos yarada bilər deyənlər də var. Bu fikrə münasibətiniz necədir? 

 
168
- Çox əxlaqsız, tərbiyəsiz, pozğun fikirdir. Belə bir sözü son dərəcə görməmiş, avtoritar ruhlu adam iddia edə bilər. 
Azadlıqların, demokratiyanın yaratdığı problemlərin yeganə həll yolu, daha çox azadlığın, demokratiyanın tanınmasıdır.  
- Çoxları deyir ki, Azərbaycanda islahatların uğur qazanmasının səbəbi ölkə  ərazisinin kiçik olmasıdır. Böyük 
ölkələrdə belə islahatlar mümkün deyil. 
- Bu da qəribə,  əsassız fikirlərdən biridir. ABŞ, Kanada, Almaniya, nə bilim Avstraliya və adını saymadığım onlarla 
ölkədə idarəetmə mexanizmləri mükəmməl işləmirmi? Ölkənin böyüklüyü, kiçikliyi məsələsinin islahatlara nə  dəxli? 
Azərbaycan ərazisi iki milyon kvadrat kilometr də olsaydı, biz bu islahatları həyata keçirəcəkdik. İstək, niyyət, məqsəd 
olandan sonra islahatlara heç nə mane ola bilməz. 
- Tabeçiliyinizdə olan insanlar sizə təklif verməkdən çəkinmirlər ki? 
- Əksinə, onlar təklif verməməkdən qorxurlar. Təşəbbüskar olmayan insanları sevmirəm. Söz düşmüşkən, hər ideyayla 
üstümə  gələnlərə  də  əsəbiləşirəm – yaxşı ideyadırsa, öz ərazində  həyata keçir. Sən, buna görə cavabdehsən. Mən 
nazirliyin sənədlərinin 0,1 faizini imzalayıram. Ölkə  ərazisində 30-dan artıq  şəxsə  mənim səlahiyyətlərimə daxil olan 
məsələlərdə qərar qəbul etmək icazəsi vermişəm. 
 
“Bizi başa düşməyən, rüşvətsiz yaşaya bilməyənlərin hamısı çıxıb getdi” 
 
- Siz bu islahatlara başlayanda polislərin reaksiyası necə oldu? 
- Biz islahatlara, nazirliyin 70 faizini ixtisar etməklə başladıq. Təsərrüfat işlərinə baxanların hamısı demək olar ki, işdən 
çıxarıldı. Bəziləri də yeni qaydalara uyğunlaşmayacaqlarını başa düşüb özləri getdilər. Məsələn, bəziləri gördü ki, 
yaxınları  həbs olunsa, hansısa cinayətə görə istintaqa cəlb olunsa onlar heç nə edə bilməyəcəklər, ona görə  də 
ərizələrini yazıb getdilər. Artıq heç bir polis əməkdaşı, rütbəsindən asılı olmayaraq, cinayət  əməli olan yaxınına, 
qohumuna, hətta atasına-anasına kömək edə bilməz. Ümumiyyətlə, bizim yeni iş prinsiplərimizi başa düşməyən, 
rüşvətsiz yaşaya bilməyənlərin hamısı çıxıb getdi. Mən də buna çox sevinirəm. 
Sizə bir fakt deyim. Çox yox, beş-altı ay əvvəl bizim qərbyönümlü komandamızdan elə adamlar vardı ki, mənə  zəng 
vurub hansısa qohumlarını, dostlarını azad etməyimi xahiş edirdilər. Onların hamısına çox sərt cavab verib, dəstəyi 
tullayırdım. Hətta onların arasında bir nazir müavini də varıydı. Nəticəsi nə oldu? O gün, bu gündür mənə belə zənglər 
gəlmir. 
- Biz bilirik ki, məktəb şagirdləri tez-tez nazirliyə ekskursiyaya gəlirlər...  
- Bəli, gəlirlər. Bunu da bizim şöbə müdirlərimizdən biri təklif elədi, mən də razılaşdım. Uşaqlar gəlib nazirliyin işi ilə, 
əməkdaşlarla tanış olurlar, suallar verirlər. İndidən uşaqların beynində polisin müsbət obrazını yaratmaq lazımdır. Fikir 
vermisinizsə, indi bizim bütün polis idarələrimiz daha çox bankları xatırladır. Təmiz, səliqəli idarələr və gülərüz polis 
əməkdaşları. Hər  şey  şəffaf və açıqdır. Hansısa pəncərənin, qapının dalında gözləmək söhbətləri də artıq qurtarıb. 
Apardığımız sorğular göstərir ki, indi əhalinin 85 faizi polisə güvənir, ona inanır. Hər kəs başa düşdü ki, polis 
cəmiyyətdən yüksəkdə dayanmır. Polis cəmiyyətin bir parçasıdır. 
- Xəbərlər gəzir ki, polislər bir-birini satır. 
- Xahiş edirəm, o sözdən bir daha istifadə etməyəsiniz. Bu, mənim üçün təhqirdir. Cinayət törədilibsə, hər bir vətəndaşın 
borcudur ki, bu barədə polisə  xəbər versin. Bilib demirsə, o da cinayətə  şərikdir və buna görə  cəza alacaq. Polis 
əməkdaşları da, həmkarlarının qanun pozuntuları barədə dərhal rəhbərliyə xəbər verməlidirlər. Əlbəttə, ayrı cür ola da 
bilməz. Cəmiyyəti dəyişməyin yeganə yolu budur. Qəddar görünsə də, buna məcburuq. Avtoritarizmi Qərb standartları ilə 
əvəz etməyin başqa metodu varmı? 
- Cənab nazir, aparılan islahatların artıq qarşısıalınmaz proses olduğunu demək olarmı? 
- Çox yox, heç olmasa bizə tanınan beş illik hakimiyyət müddətinin sonuna qədər islahatları bu minvalla davam etdirsək, 
ölkəni ayağa qaldırsaq, bizdən sonra başqa hökumət də seçilsə, seçilib avtoritar meyllər də nümayiş etdirsə, xalqımız o 
iqtidarı dərhal rədd edər. Əminəm ki, beş il ərzində biz xalqa özünə hörmət qoymağı, ədalətsizliklə barışmamağı, qorxaq, 
kölə olmamağı öyrədə, aşılaya biləcəyik. 
 
“Hüquqi dövlətdə emosiyalara yer yoxdur - hər bir cinayətkar cəzasını çəkməlidir” 
 
- Cənab nazir, yarım il əvvəl, Səbayel rayon məhkəməsi Murad Fərəcovu səkkiz il müddətinə  həbs cəzasına 
məhkum etdi. Apelyasiya məhkəməsi də hökmü qüvvədə saxladı. İndi iş Ali Məhkəmədədir. Siz də bilirsiniz ki, 
cəmiyyətin bu prosesə münasibəti birmənalı deyil. Muradı qəhrəman hesab edənlər də var, cinayətkar sayanlar 
da. Siz isə o vaxtdan bu prosesə münasibət bildirməmisiniz. Muradı cinayətkar hesab edirsinizmi? 
- Üzr istəyirəm, bu sualı mənə verməyiniz çox yersizdir. Əlbəttə ki, mən onu cinayətkar hesab edirəm, ən azı ona görə ki, 
məhkəmənin hökmü bunu tələb edir. 
- Bildiyiniz kimi, birinci instansiya məhkəməsi davam edən vaxt, Muradın həyat yoldaşı onun “Gündəliklər” adlı 
kitabını çap etdirmişdi. Hətta məhkəmə  və istintaq orqanları, bu kitabın işıq üzü görməsinə görə, Muradı  və 

 
169
yoldaşı Sevil xanımı  əxlaqsızlıqda, məhkəmə prosesinə  təsir etmək cəhdində günahlandırmışdılar. Siz 
sözügedən kitabı oxumusunuzmu? 
- Bəli, oxumuşam. Özü də çox böyük maraqla oxumuşam. Struktur baxımından klassik romanlardan xeyli fərqlənsə də, 
vulqarizmlərlə, söyüşlərlə dolu olsa da, əsərin uğurlu alındığını deyə bilərəm. Etiraf edim ki, bu əsərdə  məni güldürən 
məqamlar da oldu, ağladan məqamlar da. Yaxşı yazıb, sadəcə olaraq öz cinayətinə bəraət qazandırmağa çalışıb. O da 
alınmayıb.  
- Murad Fərəcov bu əsərdə yazıb ki, Şeyla Orucun Daxili İşlər Nazirinin oğlundan uşağı var. Eyni sözləri o, 
məhkəmədə də təkrarlamışdı... 
 
- (Gülür) Bunlar hamısı  cəfəngiyatdır, qurduğu oyunun bir parçasıdır. Nə polkovnik Vahabov, nə  də ki, müstəntiq 
Dadaşov ona Şeylanın müxalifətə  işlədiyini, mənim oğlumdan uşağının olduğunu deməyiblər. Hamısı Muradın 
təxəyyülünün məhsuludur. Həmin uşağın taleyi də bizə məlumdur. Şeylanın oğluna, hal-hazırda Səyavuş Orucun bacısı 
baxır. Atasını müəyyən etmək isə bizim işimiz deyil. Amma dəqiq deyə bilərəm ki, o uşaq mənim nəvəm deyil (gülür). 
Yeri gəlmişkən, romanı mənim oğlum, başqa ailə üzvlərim də oxuyublar. Orada haqqımızda yazılanları evdəkilər indiyə 
qədər yada salıb gülürlər. 
 
- Cəmiyyətin Murada olan heyranlığı, sevgisi sizi narahat etmir ki? 
 
- Bilirsinizmi, cəmiyyətin böyük hissəsində Murada qarşı olan müsbət münasibət başa düşüləndir. Bir insan kimi bu 
hisslər mənə tanışdır, doğmadır. Mən də başa düşürəm ki, Murad Milli rejimi dövründə müxalif fikirli, demokratik 
dəyişiklik arzulayan adam olub. Lakin gəlin etiraf edək ki, Murad azadlıq mübarizəsində öz rolunu çox böyüdüb. Əlbəttə 
müxalifətçi idi, rejimin dəyişməsini arzulayırdı, nə bilim, hər fürsətdə həqiqəti dilə gətirirdi. Amma faktlar da göstərir ki, 
heç də özü haqqında yaratdığı  əzabkeş obrazına uyğun həyat tərzi keçirməyib. Razıyam ki, Şeyla Oruca olan nifrəti, 
onun atasına görə olub. Onu qətlə yetirməsinin səbəbi də budur. Lakin hüquqi dövlətdə emosiyalara yer yoxdur - hər bir 
cinayətkar cəzasını  çəkməlidir. Biz iqtidara gələndə  də demişdik ki, avtoritar quruluş dövründə  işlənmiş  və üstü 
açılmamış cinayətlərin üstünü biz açacağıq. Bunu yenə  də  təkrar edirəm - əgər avtoritar rejimlə mübarizə aparmış 
hansısa vətəndaşın cinayət ləkəsi varsa, aşkar olunacağı təqdirdə ona güzəşt olunmayacaq.  
- Muradın “Gündəliklər”ində, onun narkolepsiya adlı xəstəliyə tutulması haqqında bir hissə var. Daha sonra ruhi 
dispanserdə yazdığı qeydlər də romana əlavə olunub...  
- Sözü hara gətirdiyinizi bilirəm. Onun ruhi xəstə olub-olmaması məsələsinə...  
Anar bəy, siz də bilirsiniz ki, məhkəmənin təyin etdiyi ekspertizadan əlavə, vəkil Elton Aşurovun tələbi ilə alternativ 
yoxlama aparan müstəqil ekspertiza da Muradın dəliliyinin imitasiya xarakterli olduğunu sübuta yetiriblər. Onun psixi 
sağlam adam olması artıq təsdiqlənmiş faktdır. Romandakı narkolepsiya haqqındakı hissələr də əlbəttə ki, uydurmadır. 
Ruhi dispanserdə yatması da ssenarinin bir parçasıydı ki, Murad bunu həyat yoldaşı ilə birlikdə fikirləşib, həyata 
keçirmişdilər. Ola bilsin bədii  əsər üçün bunlar uğurlu tapıntılardır, lakin öz uydurmalarını  gəlib məhkəmədə  də  təkrar 
etməsi, hamını öz dəliliyinə inandırmağa çalışması gülünc cəhd idi. Ona görə  də heç nə alınmadı. Ümumiyyətlə  əsəri 
xatırlayırsınızsa, komadan əvvəlki gündəliklərə sonradan edilən əlavələr kifayət qədər süni alınıb. Özünü dəli göstərmək 
cəhdləri əsərin ruhuna xələl yetirib. Bilmirəm, bu mənim şəxsi qənaətimdir. 
- Amma bəzi həkimlər, amneziyadan çıxan insanlarda psixoloji problemlərin yaranma ehtimalının olduğunu da 
deyirlər.  
- Bir daha təkrar edirəm – onun narkolepsiyası da, sonradan guya ağlını tamam itirib ruhi dispanserə düşməsi də bir 
oyun idi. Dəliliyi imitasiya etmək o qədər də asan məsələ deyil. O cümlədən şəxsiyyət ikiləşməsini də. Təqdir edirəm, 
xəyal gücü yaxşıdır, amma yetərli deyil. Çox dolaşıq oyun qurmuşdu, nəticədə özü bu labirintdə azıb qaldı. Yaddaşında 
guya boşluqların yarandığını yazması, faktları təhrif etməsi, heç də inandırıcı görünmür.  
- Dəliliyi imitasiya etdiyi halda, Şeyla Orucu öldürdüyünü nə üçün etiraf edirdi?  
- Biri obirini inkar etmir, mane olmur ki! Düz deyirsiniz, etiraf edib. Amma necə? Etirafın da məqsədi oydu ki, məhkəmə 
onun dəliliyinə inansın, bunu yüngülləşdirici hal kimi qəbul edib, onu həbsxanaya yox, dəlixanaya göndərsin. O da bir 
neçə ay sonra “sağalıb” ordan çıxsın. Əslində istintaqın əlində onun cinayətini sübuta yetirən bu qədər dəlil olmasaydı, 
bəlkə bu etirafı da etməyəcəkdi. Xatırlayırsınızsa, araşdırmalar nəticəsində, Samir Mikayılovun  Şamaxıdakı evinin 
yaxınlığında yaşayan və Muradla Toğrulun ora gəldiyini görən  şahid tapılmışdı. Cinayətin törədildiyi günün axşamı  ağ 
cip, içində də iki nəfər Samir Mikayılovun evinin darvazasını açıb, maşını həyətə sürürlər. Amma evə girmirlər, həyətdə 
bir saat qurdalanandan sonra, çıxıb gedirlər. Bu nə deməkdir?  İndi isə  gəlin Muradın məhkəmədə dediklərini, ruhi 
dispanserdə yazdıqlarını xatırlayaq?  Şeylanı öldürdüyünü etiraf edir, amma Şamaxı  məsələsini, Toğrulun ona kömək 
etməsini inkar edir. Toğrulun adını  çəkmir, çünki məqsədi var – istəyir məhkəmə onun dəliliyinə inansın. Özünü elə 
aparır ki, guya Toğrulun, digər dostlarının öldüklərini bilmir, onların hələ də yaşadıqlarına inanır. Xəstəxanaya, yanına 
gəlib getmirlər deyə giley-güzar edir. Doğrusu,  əsəri oxuyanda Muradın fantaziyasına mat qalmışdım. Yadınızdadırsa, 
orada belə bir hissə var, guya Toğrul onun gözünə görünür və deyir ki, “o gecə sən mənimlə viski içmişdin, ertəsi gün də 
Şeyla ilə görüşüb  İtalyan restoranına getdiniz”. Dəlixana qeydlərində isə Murad Toğrulla viski içdiyini təsdiqləsə  də, 
səhər  Şeyla ilə görüşüb  İtalyan restoranına yox, Şeylanın Gənclikdəki villasına getdiyini, orada da onu öldürdüyünü 
yazır. Görürsünüz? Özü iki fərqli versiya ortaya atmaqla, məhkəməni dolaşdırmağa, çaşdırmağa, izi azdırmağa cəhd 
edir. 
- Sevil xanım bu yaxınlarda qəzetlərin birinə verdiyi müsahibədə, kitabın birinci nəşrinin artıq satılıb qurtardığını, 
indi ikinci nəşrə hazırlaşdıqlarını demişdi. Dediyinə görə, Murad hal-hazırda həyatının məhkəmə  və  həbsxana 
günlərini qələmə alır. Onları da romanın üçüncü nəşrinə əlavə edəcəkmiş.  

 
170
- (Gülür) Mən Murada yalnız və yalnız uğurlar arzu edə bilərəm. Məhkəmə səhnələri, həbsxana günləri romanı daha da 
gözəlləşdirər. Hətta həbsxanadan çıxandan sonra da yeni hissələr yazsın, nə deyirəm ki? Yəqin ki, ömrünün sonuna 
qədər romanını böyütməklə,  şişirtməklə  məşğul olacaq. Görürsünüz də, bir dənə adi gündəlikdən nə boyda əsər 
doğuldu, indi də müəllifə yaxşı pul qazandırır. Halal olsun (gülür). 
 
 
Söhbətləşdi Anar Müqabiloğlu 
 
“Liberal” Qəzeti  
 
17 iyun 2011 
 
 
 
 

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin