Dağıntıların xarakterinə görə belə sahələr dörd dağıntı zonasına ayrılır: 1. Tam dağılma zonası
2. Güclü dağılma zonası
3. Orta dərəcəli dağılma zonası
4. Zəif dağılma zonası
Tam dağılma zonası - nüvə partlayışı mərkəzinə ən yaxın olan sahələrə deyilir və bu
sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan çox olur. Burada
istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların
bir qismi uçulur. Sığınacaqların əksəriyyəti (75%-ə qədər) və yeraltı kommunal-energetika şəbəkələri
salamat qalır. Küçələrdə uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolları uçqunlarla tutulur.
Güclü dağılma zonası - 50-30 kPa izafi təzyiqə məruz qalmış sahələr aiddir. Buradakı
yerüstü bina və qurğular güclü dərəcədə dağılır, sığınacaqlar və yeraltı kommunal-energetika
şəbəkələri, habelə radiasiya əleyhinə daldalanacaqların əksəriyyəti salamat qalır. İşıq şüalanması
nəticəsində güclü yanğınlar baş verir, küçələrdə başdan-başa uçqunlar əmələ gəlir.
Orta dərəcəli dağılma zonası 30-20 kPa-dək izafi təzyiqin təsirinə məruz qalan sahələrdir.
Bu zonanın hüdudları daxilindəki yerüstü binalar orta dərəcədə dağılır, yeraltı sığınacaqlar və
şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması
nəticəsində güclü yanğınlar törəyir.
Zəif dağılma zonası 20-10 kPa-dək izafi təzyiq təsir göstərən sahələr aiddir. Burada yerüstü
binalar zəif dağıntılara məruz qalır, onların qapı-pəncərələri, artımları, daxili arakəsmələri və s. dağılır.
Küçələrdə tək-tək uçqunlar yaranır, işıq şüalanmasından tək–tək yanğınlar baş verir.
Dağıntı zonalarından kənarda zərbə dalğası mühafizə olunmamış adamlara təhlükə törətmir,
binaları isə azacıq zədələyir. Yerüstü nüvə partlayışı zamanı zədələnmə ocağında bu sahənin partlayış
məhsulları ilə çirklənməsi nəticəsində xeyli mürəkkəb radiasiya vəziyyəti yarana bilər. Radioaktiv
buludun hərəkəti istiqamətindəki sektor ən yüksək dərəcədə çirklənəcəkdir. Radioaktiv maddələr tam
parçalananadək alınan dozalara görə, radioaktiv buludun izi düşən bütün ərazi şərtli olaraq dörd
zonaya ayrılır.