ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


Jak MORİS,   İngiltərənin Tehrandakı



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   2   3   4   5   6   7   8   9   10   ...   41

Jak MORİS, 
 İngiltərənin Tehrandakı  
səfirinin müavini. 
 
 
Rus və İran tədqiqatçılarının yazdığına görə Fətəli şahın tədbiri tamamilə 
tərsinə alınmışdı. Onun da günahını Allahyar xanın ruslara nifrətində görürlər. 
Səfarətxanaya basqını təşkil edən şah belə qərar veribmiş ki, camaat vəziri-muxtar 
Qriboyedova toxunmasın. Onlar ancaq Xacə Yaqub Mirzəni, onun apardığı 
qızılları, ləl-cəvahiratı və iki erməni qadınını tələb edib geri alsınlar. Bundan sonra 
şah onları özü cəzalandıracaqdı. Şahın fikrincə, rus imperatoru I Nikolay isə 
Qriboyedovu bu səhv hərəkətinə görə geri çağırıb cəzalandırmalı idi. 
Beləliklə, vəziyyət gözlənilməyən bir şəkil almışdı. “Yahu” - deyib hücum 
edən camaat səfirliyin əlli üç nəfər işçisini daşqalaq edib öldürmüşdü. Yalnız üç 
nəfər salamat qalmışdı: Qriboyedovun birinci katibi İvan Maltsev, kuryerlər 
Arutyun Qazaratov və Ambarsum. 

Yerli əhali ilə kobudcasına rəftar edən Qriboyedova xalq nifrət edirdi. 
Bunun da əsas səbəbi Türkmənçay Müqaviləsinin müstəmləkəçi layihəsinin onun 
tərəfindən hazırlanması idi. Məhz onun səyi ilə Ərdəbilin şeyx Səfiəddin 
məscidində saxlanılan nadir əlyazmaları Peterburqa daşınmışdı. Yerli əhalinin 
Qriboyedova ən kəskin nifrəti bir də ermənilərə göstərdiyi himayədarlığa görə idi. 
Qriboyedov isə 1828-ci ilin avqustunda gündəliyində iftixarla yazırdı:”bədbəxt 
həmvətənlərimin /ermənilərin - Ş.N./ yolunda başımı qoymağa hazıram”. 
Səfir Aleksandr Qriboyedovun İrandakı rəftarı barədə görkəmli İran tarixçisi 
Nasir Nəcimi “Abbas Mirzə” /yaxud “Qacar sülaləsinin qəhrəman vətənpərvər 
oğlu və onun başçılıq etdiyi İran-Rusiya müharibələri”/ kitabında faktiki sənədlər 
əsasında daha dəqiq məlumat verir. O yazır ki, Qriboyedov təkəbbürlü, özünü 
bəyənən adam olduğuna görə sarayda şahın yanına qəbul olunan zaman saray adət-
ənənələrinə, saray qaydalarına riayət etməmiş, Rusiya kimi böyük bir dövlətin 
nümayəndələrinin şəninə uyğun olmayan kobud bir şəkildə şahla danışmışdır. 
Fətəli şah Rusiya səfirinin rəftarına məhəl qoymadan, danışıq tonunu və 
əhval-ruhiyyəsini heç dəyişmədən Qriboyedovu axıra qədər dinləmişdir. Lakin rus 
səfiri öz kobud rəftarını dəyişməyib əhaliyə təzyiq etməyə başlamışdır. O, bir çox 
erməniləri Qafqaza köçürmək üçün hamıdan artıq israr edirdi. Təsadüfən Rusiya 
səfiri erməniləri Zaqafqaziyaya köçürmək üçün fəaliyyət göstərdiyi zaman başqa 
bir hadisə də baş vermişdir. Bu isə əhalinin şübhələnməsinə və böyük acınacaqlı 
bir faciənin əmələ gəlməsinə səbəb olmuşdur. 
Ona görə də İslam adət-ənənəsinə xor baxan Qriboyedovun və iki nəfərin 
meyitini Tehran camaatı küçələrdə üç gün sürüdü. Yalnız Fətəli şah “istirahətdən” 
qayıdıb gələndən sonra meyitləri erməni kilsəsinin həyətinə atdılar. 
Fətəli şah İran dövlətini ağır vəziyyətə saldığını yaxşı dərk edirdi. Vəziri-
muxtar Qriboyedovun ölümü ölkəni yenidən Rusiya ilə müharibə təhlükəsinə sala 
bilərdi. 1828-ci ilin mayında başlanan Rusiya-Türkiyə müharibəsi İranın 
beynəlxalq aləmdə mövqeyini onsuz da mürəkkəbləşdirmişdi. Bir tərəfdən də 
Türkiyə çalışırdı ki, İranı Rusiyaya qarşı müharibəyə cəlb etsin. Digər tərəfdən 
Türkmənçay müqaviləsinin şərtlərinə əsasən, İran verəcəyi müharibə xərcini - altı 
yüz min tümənlik təzminatı ödəməyi yubadırdı. 
Şahın məsləhətə, məşvərətə çağırdığı səray əyanları yalnız bir qərara 
gəldilər: Qriboyedovun qan bahası üçün rus imperatoruna qiymətli bəxşeyiş 
vermək və üzr istəmək. Əslində bu, şah taxttacının ən nüfuzlu vəliəhdi şahzadə 
Abbas Mirzənin təklifi idi. Təkcə saray əyanları yox, şah özü belə bütün 
məsələlərdə onunla hesablaşırdı. Ata Fətəli şaha elə gəlirdi ki, oğul şahzadə Abbas 
Mirzə dərin ağlı, uzaqgörənliyi ilə verdiyi məsləhətlərdə heç vaxt səhv etmir. Ona 
görə də cəsur Nadir şah Əfşarın yadigarı olan “Şah Nizam” almazını rus 
imperatoruna hədiyyə göndərmək qərarına  gəldilər. Dünanın ən böyük və nadir 
incisi olan bu almaz 1591-ci ildə Hindistanda tapılmışdı. Almaz bir müddət Bürhan 
Nizam şah II sarayında saxlanılmış və 1595-ci ildə böyük monqol şahlarının əlinə 
keçmişdir. Nadir şah 1739-cu ildə Hindistanı işğal edəndə onu İrana gətirmişdi. 
Fətəli şah Qacar 1824-cü ildə öz adını bu qiymətli almaza həkk etdirmişdi.
20
 
                                                 
20
 Hаzırdа Моskvаnın Аlmаz fоndundа sахlаnılır - müəl. 

Bu, məsələnin bir tərəfi idi. Ortaya çıxan müşkül bir sual qalırdı ki, onun 
həlli daha çətin idi. Peterburqa “üzrxahlıq” üçün hədiyyəni kiminlə göndərməli? 
Fətəli şah əvvəlcə Abbas Mirzəni məsləhət bildi. Lakin saray əyanlarının 
əksəriyyəti onun getməsinə razı olmadılar. Əsaslı dəlillər gətirib şahı bu fikirdən 
daşındırdılar. Əvvəla, ona görə ki, Qafqazda yaşayan ermənilər Abbas Mirzənin 
əlindən yanıqlı idilər. O, İrəvan yaxınlığında, Lori və Dilican nahiyyələrində 
yaşayan ermənilərə divan tutmuşdu. Onların dəstələrini darmadağın etmişdi. 
İkincisi də, səfarətxanaya basqın zamanı öldürülmüş ştabs-kapitan Məlik 
Şahnazarovun qohumları Tiflisdə yaşayırdılar. Onlar terrorçuluqda ad 
çıxarmışdılar. Taxt-tacın varisi Abbas Mirzə kimi sərkərdəni itirmək İranı başsız 
qoymağa bərabər idi. İranın böyük siyasi xadimi, Abbas Mirzənin saray müəllimi 
Mirzə Əbdülqasım Fərahani-Qaimməqam iftixarla deyəndə ki, avropalılar Qacar 
vəliəhdi Abbas Mirzəni ləyaqətli, cəsarətli, vətənpərvər, zülmün düşməni olan pak 
ürəkli bir sərkərdə kimi tanıyırlar, onda atası Fətəli şahın fərəhi yerə-göyə 
sığışmırdı. 
Yeri gəlmişkən, bir məsələni də burada demək vacibdir. 
A.S.Qriboyedovun səfarətxanadakı fəaliyyəti dövründə ətrafına yığdığı 
işçilərin əksəriyyəti ermənilər olmuşdur. Çoxluq təşkil edən bu ermənilər 
müsəlman adı ilə işləyirdilər. Məsələn, Dadaş bəy - əslində Basili Dadaşyan, Mirzə 
Salman - əslində Soqomon Melikyants, Mirzə Nəriman - əslində Məlik 
Şahnazaryan, İbrahim bəy əslində Ambarsum, Rüstəm bəy isə əslində Rostom 
Becanyan idi. İshaq Sərkisovu, Xaçatur Şahnazarovu, Abram Dadaşyanı, 
Şermazyanı, Arutyun Qazaratovu, Ambarsumu və başqalarını Qriboyedov yüksək, 
məsul vəzifələrə təyin etdirmişdi. Heç şübhəsiz ki, ermənilər müsəlman adı 
daşımaqla, nə bizə, nə də farslara məhəbbət bəsləyirdilər. Onlar sadəcə olaraq, öz 
çirkin təxribatçılıq əməllərini müsəlman adı altında Təbrizdə və Tehranda daha 
asan həyata keçirirdilər. Cildə girmək, kərtənkələ kimi mühitə uyğun rəngə 
düşmək onlar üçün əlverişli idi. 
Bir möcüzədən sağ qalan səfarətxananın birinci katibi İvan Sergeyeviç 
Maltsev /1807-1880/ sonralar Rusiyaya qayıdanda hadisələrin yeganə şahidi kimi 
xatirələrini qələmə almışdı. O yazırdı ki, Məlik Şahnazaryan Mirzə Yaquba 
/Yakov Markaryana - Ş.N./ satılmışdı. Mirzə Yaqubdan bəzi ziynət şeyləri alan 
Şahnazaryan ona söz veribmiş ki, Vəziri-muxtarın vasitəsilə sənin İrəvana 
qaytmağına kömək edəcəm. Yanvarın otuzunda, gecə saat ikidə Mirzə Yaqubun 
səfarətxanaya gəlməsinə də Şahnazaryan kömək etmişdi. Üstəlik də on üçüncü 
maddəni xatırlatmağı və hansı incə mətləblərə toxunmağı, necə yalvarmağı məhz o 
başa salmışdı. 
         Qəribədir ki, rus tədqiqatçılarının bəziləri, dolayısı ilə olsa da, Qriboyedovun 
faciəli ölümündə ermənilərin günahkar olduğunu yazırlar. Xüsusilə Q.A. adlı 
müəllifin /indiyədək familiyası məlum deyil/ bu hadisədən çox sonralar - 1901-ci 
ildə ermənicə “Mşak” qəzetində dərc etdirdiyi “Ambarsumun hekayəti” yazısı 
Qriboyedovun ünvanına böhtandan başqa bir şey deyildi. Ambarsum nəql edir ki, 
guya gecələr Qriboyedovun yanına həqiqətən çarşablı bir qadın gələrmiş. O, səfirlə 
                                                                                                                                                             
 

eyş-işrətdə olub gecə də qayıdarmış. Fətəli şaha çatdırırlar ki, rus səfiri müsəlman 
qadını ilə əxlaqsızlıq edir. Şah qəzəblənir və Qriboyedova bildirir ki, belə şeylər 
eləməsin, yoxsa müsəlman şəriətinin qanunu ilə din xadimləri onu daş-qalaq 
edərlər. Ambarsum “hekayətində” həm də yazır ki, guya eyş-işrətə gələn həmin 
qadın gürcü idi, o, Tiflisə qayıtmaq üçün vəziri-muxtardan icazə almağa gəlirdi. 
Ermənilərin günahını və çirkin əməllərini ört-basdır etmək üçün Ambarsum  
“gürcü qadını” məsələsini uydurmuşdu. Bütün rus tədqiqatçıları Ambarsumun  
“hekayətini”  inkar edirlər və onun büsbütün uydurma olduğunu yazırlar. 
Vəziri-muxtar Aleksandr Qriboyedov isə ölümünü İranda tapacağını bu 
vəzifəyə təyin olunan gün hələ Peterburqda ikən hiss eləmişdi. O, bu vəzifədən 
yaxa qurtarmağa çalışırdısa da, mümkün olmurdu. “Çarın bütün iltifatlarından 
sonra təzə bir bəhanə ilə boyun qaçırmaq mənim tərəfimdən nankorluq olardı. 
Mənim rütbəmdə məni səlahiyyətli səfir təyin etməyin özünü də mən iltifat hesab 
etməliyəm. Lakin hiss edirəm ki, İrandan sağ qayıtmayacağam”. 
Qriboyedovun məktub və yol qeydlərini oxuyanda məlum olur ki, ölümün 
qara fikirləri ondan əl çəkməmişdir. İranda müstəmləkəçilik siyasəti yeridən
Azərbaycan torpağını parçalayan səfir Qriboyedovun özü yaxşı dərk edirdi ki, az 
vaxtda siyasətin qurbanı olacaq. O, ikinci dəfə İrana qayıtmaqla özünü odun və 
təhlükənin içinə atırdı. 
Aprelin iyirmi beşində - imperator fərman verən gün, axşam dostu Andrey 
Candrın yanına gələn Qriboyedov söhbət zamanı demişdi: “Salamat qal, dostum 
Andrey. Mən İrana vəziri-muxtar təyin olunmuşam. Biz bir daha görüşməyəcəyik”. 
Yolüstü Moskvada dayanan Qriboyedov dostu Stepan Beqiçevlə görüşüb. 
Beqiçev yazır ki, mənim yanımda olanda çox qaş-qabaqlı idi. - Niyə kefsizsən? - 
dedim. O isə mənim əlimdən tutub dərin bir kədərlə dedi:  “Salamat qal, qardaşım 
Stepan, səninlə bir daha çətin görüşək.    ...Görərsən, mən salamat yaxa qurtara 
bilməyəcəyəm, mənim başımın üstündə Küxelbeker mühitinin ağır dumanları 
gəzir...” 
Hətta böyük şair Aleksandr Puşkinlə Qriboyedov arasında da belə 
xoşagəlməz bir söhbət olub: “Mən Qriboyedovla keçən il Peterburqda, İrana 
getməzdən qabaq görüşmüşdüm. O, mükəddər idi, ürəyinə nəsə dammışdı. Mən 
ona təsəlli vermək istədim, o, mənə dedi ki, siz hələ bu adamları /iranlıları - Ş.N./ 
tanımırsınız, görərsiniz, axırı qanla qurtaracaq”. 
Ölümünü sövq-təbii duyan Qriboyedov Ksenofont Polevoda söhbətində 
demişdir: Yenidən İrana getmək məni həddindən artıq kədərləndirir. Mən oradakı 
köhnə tanışları, xüsusilə şahın kürəkəni, sədrəzəm Allahyar xanı görmək 
istəməzdim”. 
Türkmənçay Müqaviləsindən sonra Allahyar xanın ruslara, xüsusilə 
Qriboyedova ölçüyə gəlməz nifrəti vardı. O, İrana yola düşəndəTəbrizdəki 
Britaniya səfirliyinin katibi, kapitan Con Kempelə də görüşmüşdü. Kempel 
Qriboyedova çox dəqiq xəbərdarlıq edərək demişdi: “Özünüzü qoruyun, 
müsəlmanlar Türkmənçay Müqaviləsini sizə bağışlamayacaqlar”. 
Qriboyedovun müasiri, məşhur şərqşünas Adolf Berce açıq-aydın yazır ki, 
vəziri-muxtar erməni Yakov Markaryanı və bəzi erməniləri himayəsi altına 

almaqla şahı və bütün saray əyanlarını öz əleyhinə qaldırdı. Özünün də faciəli 
ölümünə səbəbkar oldu. 
Bu hadisədən sonra Qriboyedov faciəsindən onlarla elmi, publisistik və bədii 
əsərlər yazılıb. Birtərəfli yazılan bu əsərlərdə həmişə İranın saray əyanları, 
Azərbaycan əhalisi, xüsusilə, Qacar nəsli günahlandırılıb. Yüz iyirmi altı il 
keçəndən sonra Lyudmila Nazarova da “Qriboyedov” kitabında bu ənənəyə sadiq 
qalıb.O, şəxsiyyəti məlum olmayan knyaz Süleyman xan/ - Ş.N./Melikovun şifahi 
söhbətinə əsaslanaraq yazır: 
“...Rus Səfirliyinin bütün heyətindən yalnız bir nəfər - birinci katib Maltsev 
sağ qalmışdı. 
  
Qriboyedovun faciəli ölümünün səbəbləri haqqında məlumat, baş vermiş 
hadisələrdə Qriboyedovun özünü günahkar kimi qələmə verməyə çalışan 
Maltsevin yalan ifadələrinə əsasən hazırlanmışdı. Bu, təkcə təhlükə anlarında səfiri 
satqıncasına tərk etmiş səfirliyin birinci katibini deyil, həm də “xalqlararası 
münasibətlər tarixində tam siyasi və görünməmiş terror aktı”nın üstünü örtməyə 
çalışan fars kübarlarını qane edirdi. Hadisələrin əsl mənasını təhrif edən Maltsevin 
ifadələri əsasən çar hökuməti tərəfindən də qəbul edilmişdi. Türkiyə ilə gedən ağır 
müharibənin davam etdiyi bir vaxtda imperator I Nikolay İran ilə yeni müharibə 
başlamağa qorxdu, cəsarət etmədi”. 
Sual olunur, Lyudmila Nazarova hansı mənbəyə əsaslanıb hadisənin şahidi 
olan Maltsevi yalançı və fərari adlandırırdı? Əlbəttə, səfirlikdə işləməyən öz 
dindaşı - milliyyətcə erməni olan S.Məlikova. 
Qriboyedovun erməni tədqiqatçısı Boris Balayan isə “Şah” almazı üstündə 
qan” monoqrafiyasında bu işlə əlaqədar qacarlar sülaləsini günahlandırır. Onun 
fikrincə, Qriboyedovu qacarlar sülaləsi ona görə qətlə yetirdilər ki, o, Şərqi 
Ermənistanı Rusiyaya birləşdirməyə çalışırdı. 
Bu da “Böyük Ermənistan” yaratmaq iddiasının qara bir səhifəsi... 
 
* * * 
 
Oğlu şahzadə Abbas Mirzəyə Tiflisdə ermənilərin sui-qəsd edəcəklərindən 
ehtiyatlanan Fətəli şah rus imperatoruna hədiyyəni aparmağı nəvəsi Xosrov 
Mirzəyə tapşırdı. Kişilərə məxsus məftunedici gözəlliyə malik olan şahzadə 
Xosrov Mirzə vəliəhd Abbas Mirzənin kəniz arvadından idi. İyirmi üç yaşlı 
Xosrov Mirzəni şah qeyri-qanuni övlad hesab edirdi. Şahın fikrincə, Tehrandan 
Peterburqa kimi bu uzun məsafədə onun başına fəlakət gəlsə da, qacarlar nəsli heç 
nə itirməyəcəkdi. Ona görə ki, Xosrov Mirzənin qanında rəiyyət qatışığı vardı. 
1829-cu il aprelin sonunda Tehrandan yola düşərkən şahzadə Xosrov 
Mirzənin qırx nəfərlik heyəti mayın 15-də Tiflisə çatdı. Heyətin tərkibi sarayın 
say-seçmə adamlarından ibarət idi: şair Fazil xan Şeyda, tarixçi Mirzə Mustafa xan 
Əfşar, mülki müşavir, tərcüməçi Mirzə Məsud Əmire-Nizam, şahzadənin şəxsi 
müşayiətçisi Ehtəşəm, sarayda yüksək mənsəb sahibi olan Mirzə Məhəmmədtağı 
Fərahani, həkimbaşı, gizli fərraş, xəzinədar, aşbaz və süvarilərdən ibarət mühafizə 
dəstəsi Xosrov Mirzəni müşayiət edirdi. 

Şahzadənin yol təəssüratını yazmaq üçün katib Mustafa xan Əfşara 
tapşırılmışdı. Tərəqqipərvər ziyalı kimi tanınan Mustafa xanın sarayda xüsusi 
hörməti vardı. O, rus dilini səlis bilirdi, rus və Avropa mədəniyyətinin İranda 
yayılmasının güclü tərəfdarlarından idi. Tiflisdə dayanan nümayəndə heyəti 
şəhərin görkəmli yerlərini gəzdi, bir neçə müəssisədə oldu. Bu gəzintilərdə hər 
şeyə tərəqqipərvər və islahatçı gözü ilə baxan Mustafa xan Əfşar rəsmi qəbul və 
ziyarətlərdən çox maarif, mədəniyyət və iqtisadi yüksəlişlər barədə maraqlanırdı. 
O, “Səfərnameye-Xosrov Mirzə” əsərində Tiflisin sənət məktəbində təhsil alan 
dindaşlarının balaları haqqında ürək ağrısı ilə yazır:  “Buradakı uşaqlar pulsuz 
təhsil almaqdan əlavə pulsuz yeməklə, geyimlə, rahat mənzillə də təmindirlər. 
Dövlət bunları öz doğma balaları kimi bəslədir və oxudur. İnsan çətin inana bilir 
ki, bu şən və xoşbəxt uşaqlar Arazdan o tərəfdə yeməli bir şey tapmaq üçün 
səhərdən axşama qədər zibilliklərdə eşələnən, bazarlarda, məscidlərin qapısında əl 
açıb dilənən müsəlman balalarının qardaşlarıdır. Qızmar günəş, amansız şaxta 
altında sifətləri kül rəngi almış bu ac və xəstə uşaqların məktəb, dərs və kitab 
yuxularına da girməz. Belə isə hansı iranlını inandırmaq olar ki, Tiflisdə müsəlman 
balalarına məxsus bu cür məktəb vardır?” 
  
Qafqazın baş komandanı canişin İ.P.Paskeviç heyəti səkkiz gün Tiflisdə 
qonaq saxlandıqdan sonra mayın iyirmi üçündə təntənəli surətdə yola saldı. 
Şahzadə Xosrov Mirzə ona ərəb atı, arvadı Elizaveta Alekseyevnaya 
/Qriboyedovun əmisi qızıdır - Ş.N./ iki bahalı şal, oğluna isə Sədi Şirazinin 
“Seçilmiş əsərləri”ni hədiyyə elədi. 
Hərbi-Gürcüstan yolunda baş verə biləcək hər hansı bir hadisəni dəf etmək 
məqsədilə Paskeviç kazaklardan ibarət on iki nəfərlik dəstənidə Xosrov Mirzənin 
sərəncamına verdi. Kazak dəstəsinə komandir general-mayor P.Y. Rennekampfı 
təyin etdi. Daryal və Lars dərələrinin sərt keçidlərini adlayanda dağlıların 
hücümuna məruz qalan heyət bir neçə dəfə vuruşmalı oldu. Tarixçi Mirzə Mustafa 
xan Əfşar yazır ki, dağlıların ilk atəşi başlayan kimi şahzadə ekipacdan düşüb ata 
mindi, cəsur bir igid kimi döyüşməyə başladı. Çoxları, xüsusilə, kazaklar onun 
hünərlə vuruşmağına heyran qaldılar. 
Təkcə iran tarixçisi yox, Qriboyedovun həyatından “Vəziri-muxtarın ölümü” 
adlı tarixi roman yazan Yuri Tınyanov da şahzadəni ağıllı, igid bir şəxsiyyət kimi 
təsvir edir. 
1829-cu ildə Ərzuruma səfərində böyük şair A.S.Puşkin da onunla 
görüşmüşdü. 
“Paysanurda atları dəyişmək üçün durdum: burada mən İran şahzadəsini 
ötürən rus zabitinə rast gəldim... Ananurun yarım verstliyində, yolun döşündə 
Xosrov Mirzəyə rast gəldim: arabalar durmuşdu. O öz kolyaskasından baxırdı və 
başı ilə mənə işarə etdi. Bizim görüşümüzdən bir neçə saat sonra dağlılar 
şahzadəyə hücum etmişdilər. Xosrov güllələrin vıyıltısını eşidib, öz 
kolyaskasından sıçramış, ata minib çapmışdı: onun yanında olan ruslar şahzadənin 
qoçaqlığına heyran qalmışdılar. İş burasındadır ki, kolyaskaya alışmamış gənc 
asiyalıya, kolyaska sığınacaqdan çox bir tələ kimi görünürdü” /A.S.Puşkin, 
əsərləri, IV c., səh. 429, Bakı, 1949-cu il/. 

Rus şairinin bu səfərdə daha bir eloğlumuzla görüşü də çox maraqlıdır. 
Şahın saray şairi Fazil xan Şeyda ilhamlı nəğməkar Puşkini özünün yüksək 
mədəniyyəti, ali davranışı ilə utandırmışdır. Aleksandr Puşkinin “Ərzuruma 
səyahət” əsərində yazdığı bu parça onu tam aydınlığı ilə göstərir: 
“İran şahzadəsini gözləyirdilər. Kazbekdən bir qədər məsafədə bir neçə 
kolyaska rast gəlib, dar yolu bağladı. Bu arabalar gəlib keçənə qədər qoruyucu 
dəstənin zabiti İran saray şairini ötürdüyünü bizə bildirdi və arzuma görə məni 
Fazil xana təqdim etdi. Mən tərcüməçi vasitəsilə dəbdəbəli Şərq salamıma 
başlamaq üzrəydim. Lakin Fazil xan mənim bu yersiz zəhmətimə abırlı bir adamın 
qayğıkeşliyi ilə sadəcə cavab verdiyi zaman, bu hal mənə ar gəldi!.. O, məni 
Peterburqda görəcəyinə ümid edir və təəssuflənirdi ki, bizim tanışlığımız uzun 
sürməyəcək və i.a. Mən utanaraq dəbdəbəli-gülünc ədanı tərk edərək adi Avropa 
cümlələrinə müraciət etməyə məcbur oldum. Bundan sonra adamların qoyun 
dərisindən papağına və xınalı dırnaqlarına baxaraq, haqlarında əvvəlcədən fikir 
söyləmərəm”. 
 
* * * 
 
Pyatiqorsk şəhərində istirahət üçün bir neçə günlüyə dayanan şahzadə 
Xosrov Mirzə mineral bulaqların möcüzəsi ilə tanış olur. Onun gəlişi münasibətilə 
Maşuk dağının zirvəsində abidə ucaldılır. Şahzadənin təklifi ilə abidənin önündə 
dahi şair Sədi Şirazinin: “Dünyada qızıldan saray qoyub getməkdənsə, yaxşı ad 
qoyub getmək daha vacibdir” - sözləri yazılır. 
Pyatiqorskdan sonra Stavropol, Novoçerkassk, Voronej və Ryazan 
şəhərlərində şahzadəni daha böyük təntənə ilə qarşılayırlar. İmperator əmr 
veribmiş ki, qoy farslar görsünlər ki, ruslar incikliyi necə də tez unudurlar. Onlar 
qonşuya qarşı kin-küdurətli deyillər. 
Novqorodda şahın xüsusi xidmətçisi onlara çatır və Fətəli şahın imperator I 
Nikolaya başıbağlı şəxsi məktubunu təqdim edir. Altı həftədən sonra Kolomna 
şəhərinə çatan heyəti imperatorun göndərdiyi əlahiddə süvari alayı və jandarm 
dəstəsi müşayiət edir. Serpuxov darvazasında Tver bulvarında əsgəri hissələr fəxri 
qonağı musiqi sədaları altında və hərbi yaylım atəşi ilə qarşılayırlar. Təntənə qraf 
Razumovskinin malikanəsinə kimi davam edir. Şahzadənin düşərgəsi qrafın geniş 
və işıqlı salonları olur. Həmin günü Moskvanın adlı-sanlı ziyalıları, məşhur tacirlər 
şəhərin general-qubernatoru knyaz Qolitsinin başçılığı ilə şahzadənin görüşünə 
gəlirlər. Qubernator qısa nitqlə “xoş gəldin” - deyib, qiymətli hədiyyə təqdim edir. 
Qısa istirahətdən sonra şahzadə, Qriboyedovun anası ilə görüşmək arzusunu 
bildirir. Mərhum səfirin anasına başsağlığı verən şahzadə, onunla birlikdə oğlunun 
vaxtsız vəfatı üçün göz yaşı tökür. Şahzadə Xosrov Mirzənin mədəni davranışı, 
gözəlliyi, kövrəkliyi Moskvanın bütün zadəgan ailələrini heyran qoyur. Şərq 
cəngavərinə qarşı qraf və qrafinyaların mənfi fikirləri alt-üst olur. 
Bir neçə gün şəhərin tarixi yerləri ilə tanış olandan sonra şahzadə 1829-cu il 
avqustun dördündə Peterburqa çatır. 
 
* * * 

 
Aradan yüz altmış ildən çox keçsə də Gürcüstan Dövlət Arxivində və 
inqilabdan əvvəlki tarixi əsərlərdə Şahzadə Xosrov Mirzənin səfəri haqqında 
maraqlı sənədlər, məlumatlar qalır. Həmin səfərin iştirakçısı, tarixçi Mirzə Mustafa 
xan Əfşarın xatirələrində şahzadənin rus imperatoru I Nikolayla görüşü daha real 
verilmişdir.O yazır: 
“Peterburqda bizim heyət Tavriçeski Sarayına düşmüşdü. İmperatorla rəsmi 
görüşə bir gün qalmış general-adyutant qraf Suxotelin şahzadənin qəbuluna gəldi. 
Ondan xahiş elədi ki, imperatorla görüşü üçün çıxışının mətnini yazsın. 
Şahzadənin xüsusi müşayiətçisi Ehtəşəm və mülki katib, tərcüməçi Mirzə Məsudla 
birgə çıxış hazırladılar və fransız dilinə tərcümə edib general Suxotelinə verdilər. 
General dedi ki, bu təntənəli çıxış ruslar qarşısında günahı olan İranın vəziyyətini 
xeyli yüngülləşdirər”. 
Avqustun on ikisində general Suxotelin şahzadəni imperatorun adından 
salamladı və onu Qış Sarayına dəvət etdi. Təntənəli mərasimi nümayiş formasında 
olan süvari-qvardiya divizionu musiqi ilə açdı. Sonra saray əhlindən ibarət 
heyətlərin uzun cərgəsi tərpəndi. Onların ardınca çarın süvari dəstəsi ilə mühafizə 
olunmuş Xosrov Mirzənin karetası gedirdi. Təntənəli gəzintini dəmir geyimli 
qvardiya süvari alayı müşayiət edirdi. 
Şahzadənin keçdiyi küçələr şəhər əhli ilə dolu idi. Pəncərə və eyvanlar xalı 
və rəngli bayraqlarla bəzədilmişdi. 
İmperator I Nikolay şahzadəni Georgi salonunda, taxt-tacının yanında ayaq 
üstə qarşıladı. Onun sağ və solunda ailəsi, yaxın qohumları, dövlət katibi qraf 
Nesselrod, senatlar, Baş qərargah rəisi, generallar və qvardiya zabitləri dayanmışdı. 
Hərbi geyimdə olan I Nikolay yaxasına çox sevdiyi Andreyev ordenini taxmışdı. 
Şahzadə Xosrov Mirzə yavaş - yavaş taxt-taca yaxınlaşdı. Bir neçə 
addımlıqda dayanıb Fətəli şahın imperatora göndərdiyi etimadnaməni sinəsi 
bərabəri qaldırdı. Hörmət və ehtiramla baş əyib fars dilində general Suxotelinlə 
/uzun müddət İran da hərbi xidmətdə olan Suxotelin farsca bilirdi - Ş.N./ birgə 
tərtib etdiyi üzrxahlıq nitqini oxudu: 
“Qüdrətli imperator həzrətləri! 
İranın sakitliyi naminə Siz böyük imperatorla mənim hökmdarım və babam 
İranın əzəmətli sahibi arasındakı müqəddəs birlik düşmənçilik ruhuna həmişə zidd 
olmuşdur. Bədbəxt hadisə bizim ailəni və onun bütün məiəyytlərini məyus etdi. 
Qüdrətli İranın şahənşah hökuməti təxribat və çəkişmələr məqsədinə qulluq 
edən bir yığın ziyankarların son zamanlarda qüdrətli rus hökuməti ilə bərpa 
olunmuş dostluq və ittifaqını poza biləcəyi fikrindən qəzəblənmişdir. 
Şahənşah mənə, öz nəvəsinə Sizin dövlətin paytaxtına tələsməyi tapşırmışdı. 
O inanır ki, mənim Sizə həqiqəti çatdıracaq sözlərim böyük imperator həzrətlərinin 
diqqətini cəlb edəcək, iki böyük və qüdrətli dövlətin dostluğunu əbədi edəcəkdir. 
  
Rusiya və İran sarayını eyni dərəcədə təhqir etmiş hadisəni yaddaşımızdan 
əbədi silək”. 
Şahzadə üzrxahlıq məktubuna Sədidən bir bənd də əlavə eləmişdi: 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin