I FƏSİL. AZƏRBAYCANIN BOLŞEVİK RƏHBƏRLİYİNDƏ İXTİLAF VƏ
ZİDDİYYƏTLƏRİ YARADAN ŞƏRAİT
VƏ SƏBƏBLƏR
1.1. Aprel çevrilişindən sonra Azərbaycanda kütləvi zorakılıqlar və
ictimai-siyasi həyatın gərginləşməsi
1920-ci ilin əvvəllərindən Sovet Rusiyasının xarici siyasətində
Azərbaycanı işğal etmək ön plana çəkilmişdi ki, bu da 1920-ci il aprelin 27-də XI
Ordunun gücü hesabına həyata keçirildi. Müvəqqəti İnqilab Komitəsi aprelin 28-də
Azərbaycanın yeni ali-siyasi hakimiyyət orqanı elan edildi.
Yeni qurulmuş Azərbaycan Sovet Respublikasının bu dövrdə beynəlxalq
vəziyyəti, daxildəki siyasi-iqtisadi durumu son dərəcə ağır olmaqla yanaşı, həm də
qeyri-müəyyən idi. Bakı nəinki təkcə Rusiyanın, eləcə də Antanta dövlətlərinin
xüsusi marağında idi. Gürcüstanın menşevik hökumətinin Batumu Antantaya
verməsindən sonra İngiltərənin Azərbaycanı «bolşevik əsarətindən» azad etməsi
kimi plan hazırlandığından Rusiya tezliklə Azərbaycanın müdafiəsinə dair qurudan
və dənizdən Bakının ətrafını möhkəmləndirmək sahəsində ciddi tədbirlər gördü.
Aprel çevrilişindən keçən ilk vaxtlarda Ermənistan tərəfindən Azərbaycan
ərazisinə edilən təcavüz nəticəsində ölkəyə dəyən böyük iqtisadi dağıntılarla
yanaşı, 1918-ci ilin mart faciəsini yaşamış xalqda çaşqınlıq, mənəvi sarsıntı, ruh
düşkünlüyü var idi. Xalq hadisələrin nə ilə nəticələnəcəyindən bədgüman idi. Bu
dövrdə Azərbaycanda millətlərarası düşmənçilik mühiti yaranmışdı. Yaranmış yeni
hökumətə münasibət heç də birmənalı deyildi. Hətta əhalinin bir hissəsində son
dərəcə mürəkkəb vəziyyətdən çıxış yolunu «xilaskar» XI Ordunun gəlişində
görənlər də var idi. Ən çox XI Ordunun Azərbaycana gəlişindən qeyri millətlərin
nümayəndələri, xüsusən milli intiqam hissi ilə yaşayan ermənilər, ruslar işğalçı
ordunun timsalında öz müdafiəçilərini görərək yeni yaranmış hökumətə üstünlük
verirdilər.
1920-ci ilin aprelin 27-dən avqustun 25-dək Azərbaycanın 16 qəzasında
inqilab komitələri təşkil edildi. (12, f.410, s.l, iş 130, s.4). Azərbaycan İnqilab
Komitəsinin xalqa ilk müraciətində «Qızıl Orduya qarşı silahlı müqavimət
göstəriləcəyi təqdirdə terrora əl atılacağı» (114, s.11) bəyan edilmişdi. Bir sıra
səbəblərdən çevrilişin ilk vaxtlarında nə milli orduda, nə də xalqda XI Orduya
qarşı ciddi müqavimət göstərilmədi, çünki saysız itkilərlə nəticələnəcək
müqavimət, qüvvələr nisbətində mənasız idi.
Aprel çevrilişinin ilk günlərində Azərbaycanın iqtisadiyyatı böhranlı
vəziyyətdə idi. Respublikanın, eləcə də əhalinin ağır ərzaq böhranı içərisində
qalması, səfalət içərisində yaşaması bir tərəfdən, digər tərəfdən də XI Ordunun
uzun müddət Azərbaycanda yerləşdirilərək təmin edilməsi, əlavə olaraq birinci
cahan müharibəsindən sonra qaçqın düşən ermənilərin cəbhədən qayıdan zaman
Bakıda dayanması, sığınacaq alaraq yaşaması, xüsusən Bakının neft sənayesində
işlə təmin edilməsi onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirmişdi.
AK(b)P MK-nın 1920-ci il sentyabrın 15-də keçirilmiş iclasında belə bir
qərar qəbul edilmişdir: «Azərbaycan İnqilab Komitəsinə təklif edilsin ki, Mərkəzi
köçürmə məntəqəsindən buraxılış vərəqəsi alan qaçqınlar vətənlərinə buraxılsınlar,
qalanlarına isə geriyə, Rusiyaya qayıtmağa imkan verilsin. Şimali Qafqaza və
Krasnavodska xəbər çatdırılsın ki, ərzaq məsələsi çətin olduğu üçün Bakıya
qaçqınlar qəbul edilməyəcək, ona görə də belələrini göndərməsinlər» (94, s.15.).
Azərbaycanda aprel çevrilişindən sonra Sovet hökuməti xalqa zorla qəbul
etdirilirdi. Sovetləşmənin əvvəllərində hakimiyyətə gələn bolşevikləri çox ciddi bir
məsələ narahat edirdi ki, bu da Zaqafqaziyada sovet hakimiyyətinin süngü gücünə
yaşaması idi. Lakin belə məsuliyyətli dövrdə onu süngü gücünə çoxmu saxlamaq
olardı? Hadisələrə obyektiv və düzgün münasibət bildirmək hələ çox tez idi.
Bu dövrdə Azərbaycanın sosial-iqtisadi vəziyyəti ağır olaraq qalırdı, kənd
təsərrüfatı xüsusilə bərbad halda idi. Sovetləşmənin başlanğıcında Rusiyada olduğu
kimi, Azərbaycanda da əsaslı konsepsiyanın olmamasından istər sənaye sahəsində,
istərsə də aqrar sahədəki buraxılan səhvlər vəziyyəti daha da ağırlaşdırırdı.
Hökumət orqanları gərgin vəziyyətdən çıxmaq üçün fövqəladə üsullara əl atmağa
məcbur oldular: ərzaq diktaturasının elan edilməsi, silahlı dəstələrlə məsələlərin
həll edilməsi, yoxsul komitələrin təşkili, ərzaq çatışmazlığı, bəzi problemlərin
aradan qaldırılmaması və s. Artıq 1920-ci ilin axırı üçün məlum oldu ki, xalq
təsərrüfatını bu cür yollarla bərpa etmək düzgün deyil. Gənc sovet hökumətinin
siyasətində Rusiyaya neft ixracının tələsik bərpası və istismarı iqtisadiyyatı xeyli
ağırlaşdırmışdı. Ağır vəziyyəti yüngülləşdirmək üçün hökumət 1921-ci ilin
yazından Yeni İqtisadi Siyasətə /YİS/ keçmək haqqında göstəriş verir.
Bolşeviklərin hakimiyyətini gücləndirmək, xalqın aclığının qarşısını almaq, k/t-nın
inkişafı üçün YİS zəruri islahatlar sistemi idi.
Sovetləşmənin ilk vaxtlarında partiya quruculuğunda olan çətinlikləri,
xüsusən milli mənafeləri və yerli şəraiti nəzərə alan və bu xüsusiyyətlərə hörmətlə
yanaşan rəhbər partiya üzvləri az idi. Yerli kadrlara qarşı inamsızlıq və
etimadsızlıq, onların rəhbər vəzifələrə çəkilməməsi vəziyyəti daha da
mürəkkəbləşdirirdi.
Çevrilişdən əvvəl əgər əhalinin bəzi hissəsində bolşeviklərə ümidlə
baxanlar var idisə, çevrilişin ilk günlərindən bu ümidlər qırıldı.
Sənədlərlə diqqətlə tanış olduqda görürük ki, Azərbaycanda sovet-totalitar
rejimi öz ağalığının təməlini başlıca olaraq 3 istiqamətdə quraraq inkişaf
etdirmişdi:
l.Dövlət quruculuğu və hakimiyyət uğrunda mübarizə;
2.Ölkə iqtisadiyyatı üzərində totalitar idarə rejimini bərqərar etmək;
3.Siyasi və ideoloji iş sahəsində bütün vasitələri rejimin əlində
cəmləşdirmək.
Azərbaycanda sovet hakimiyyəti qurulan kimi hələ 1920-ci ilin fevralında
yaradılmış AK(b)P ölkədə siyasi rəhbərlik adı altında bütün yuxarıda göstərilən 3
istiqamətdə rəhbərliyi tamamilə öz əlində cəmləşdirir. Ölkədə hər şey bu partiyaya,
onun «demokratik mərkəziyyət prinsipləri əsasında qurulmuş» rəhbər orqanlarına
tabe edilir. Bütün hakimiyyət tam şəkildə partiyanın mərkəzi komitəsindən
başlayaraq aşağı getdikcə yerli təşkilatların əlində cəmləşdirilir (93, 21-
22.07.2001).
Aprel çevrilişindən sonra Azərbaycanda diktatura bərqərar oldu.
Bolşeviklər xalqın adından çıxış edərək yaranmış dövləti proletar diktaturası
adlandırdılar. Bu isə hakim bolşevik partiyasının hökmranlığına bir növ siyasi
pərdə idi.
Danılmaz fakt idi ki, sovet Rusiyası Azərbaycanı işğal etmişdi. Acınacaqlı
o idi ki, sözdə «müstəqil» olan Azərbaycana Rusiyanın bolşevik hökumətinin
antiazərbaycan siyasəti, bütün münasibətlərdə iki müstəqil dövlətin deyil, imperiya
ilə müstəmləkənin qarşılıqlı münasibətləri, milli mədəniyyət və ənənələrə
etinasızlıq, yerli dilə nifrət, böyük qardaş rolunu zorla qəbul etdirmək və s. ilə açıq
göstərmək idi.
Sözdə Rusiya imperiyasının dağıldığını elan edən bolşeviklər əslində
özünün müstəqilliyini elan etmiş dövləti keçmiş sərhədləri hüdudunda qoruyub
saxlamağa cəhd göstərirdilər. Bununla da onlar müstəmləkə siyasətinin layiqli
davamçıları kimi hərəkət etdilər (94,s.7).
Azərbaycanda sovet hökumətinin ilk günlərindən başlayaraq XI Ordunun
xüsusi şöbəsi kommunistlərdən başqa bütün mövcud siyasi qüvvələrə, hətta liberal
əhval-ruhiyyəli adamlara, ziyalılara belə amansız divan tutmağa başladı. On
nəfərdən çox azərbaycanlı general məhkəməsiz, istintaqsız güllələndi (21, s.39).
Azərbaycan ordusu XI Orduya qarşı vuruşmamışdı, əslində generallar təqib
olunmamalı idi.
Azərbaycanda təqiblər, kütləvi həbslər və fərdi terrorlar əsasən XI Ordu
və ona tabe olan təşkilatlar tərəfindən törədilirdi. Ümumiyyətlə, dövlət
səviyyəsində tətbiq edilən terror siyasəti qorxu vahiməsini kütləvi surətdə şüurda
möhkəmləndirmək üçün əsas vasitə idi. Belə ki, inqilabi tribunal, FK (Çeka), XI
Ordunun Xüsusi Şöbəsi (Osobı otdel) birbaşa ordu komandanlığına və mərkəzə
tabe idi. Ona görə də bu təşkilatların fəaliyyətinə Azərbaycan hökuməti demək
olar ki, hakimiyyətinin ilk aylarında nəzarət edə bilmirdi. 1920-ci il mayın 16-da
Bakıya gələn və Azərbaycanda İnqilab Komitəsinin sədri kimi fəaliyyətə başlayan
Nəriman Nərimanov vəziyyətin onun düşündüyündən də çətin olduğunu başa
düşdü. O, işlə tanış olduqdan sonra Azərbaycan İnqilab Komitəsinin razılığı
olmadan güllələnməni qadağan etmişdi.
1920-ci ilin aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48
min adam qırmızı terrorun qurbanı olmuşdur (48, N3, 1990, s.19).
Bütün bu faciə və dəhşətlər sosializmin mahiyyətindən irəli gəlir, yoxsa
bunun digər səbəbləri var idi?
Suala cavab aprel çevrilişindən sonra respublika Xalq Təsərrüfatı
Şurasının sədri N. Solovyovun Leninə göndərdiyi «Çevrilişdən sonrakı 3 ay
müddətində bizim Azərbaycanda siyasətimiz» adlı hesabat qeydində açıq surətdə
verilir. N. Solovyov yazırdı ki, çevrilişə qədər hətta azərbaycanlı ziyalılar
içərisində də sovet hakimiyyətinə rəğbət bəsləyənlər var idi.
Məlumdur ki, Azərbaycan hökuməti azərbaycanlılardan təşkil edilmişdir.
Heç kimə sirr deyildir ki, Azərbaycan hökumətinin üzərində də bir hakimiyyət
mövcuddur. O, Azərbaycan KP-nin hakimiyyətidir. Partiya rəhbərliyi isə əsasən
erməni və gürcülərin əlindədir. Bunlar isə sanki Azərbaycanı başsız qoymaq
fikrinə düşmüşlər. Ziyalılar soldan-sağa, sağdan-sola güllələnir. Küçələrdən kütləvi
surətdə həbs edilən müsəlmanlara qarşı ermənilərin istehzalı gülüşləri
müsavatçıların əvvəlcədən söylədikləri belə bir fikri təsdiqləyir ki, Azərbaycanda
sovet hakimiyyətinin qurulması ümümmilli fəlakətdir (8, s.21).
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dərc edilən bitərəf və siyasi
partiya qəzetlərinin əksəriyyəti bağlandı. Rəsmi dövlət orqanı «Azərbaycan»ın da
nəşri dayandırıldı, onun yerinə «Kommunist» qəzeti dərc olunmağa başladı.
1920-ci il 27 aprel işğalından sonra Azərbaycan Kommunist Partiyasından
başqa heç bir partiyanın leqal fəaliyyətinə imkan qalmadı. Gəncə, Qarabağ, Şəki və
Zaqatalada lokal xarakterli hərbi çıxışların, silahlı üsyanların əsas təşkilatçıları
kimi «Müsavat» və «İttihad»ı ittiham etmək, siyasi partiyalara qarşı amansız
mübarizənin başlayacağını xəbər verirdi (50, s. 56).
M. B. Məmmədzadə aprel çevrilişindən sonra siyasi partiyaların, xüsusən
«Əhrar»ın gizli fəaliyyətə keçməsinə dair yazırdı: «Əhrar, nisbətən şimal
bölgəsində nüfuzu olan bu partiya yarandığı gündən Müsavatı Türkiyəyə arxa
çevirməkdə, şiələri vəzifəyə yerləşdirməkdə ittiham etməklə və sünnilik məzhəbini
qabartmaqla populyarlaşmaq taktikası seçmişdir. Sovet hakimiyyətinin ilk
günlərində özünü buraxmaq haqqında qərar çıxardı və bir-iki il sonra onun üzvləri
rəsmən Müsavat firqəsinə girdi» (82, s.148).
Sosialist fraksiyasına daxil olan «xalqçı sosialist firqəsi» bolşevik
platformasını qəbul edərək üzvlərini məsul vəzifələrə yerləşdirə bildi. Lakin, «fəal
xalqçılardan» Aslan Səfikürdski, Rza Qaraşarlı, Camo Hacınski, Rza Şabanov,
Kərim Feyzullayev, Xankişi Şahverdiyev və digər 26 nəfər 1922-ci ilin sonlarında
Azərbaycan SSR Ali İnqilabi Tribunalın «eser partiyasının Zaqafqaziya təşkilatının
işi» adlı qondarma ittihamı ilə mühakimə olunub müxtəlif müddətli həbs cəzaları
aldılar (50, s.57).
1920-ci ilin yazından «İttihad» gizli fəaliyyətə keçərək özünü güclü
antisovet bir partiya kimi göstərə bildi, 1920-ci ilin iyulunda 3 müstəqil qrupa
bölündü: «Vətən və ya ölüm», «Mərkəzi İttihad», «Quranın əmin-amanlığı».
Göstərilən qruplar ideya və təşkilati cəhətdən müstəqil işləyirdilər, amma hamısı
sınanmış siyasətçi Qarabəyovun rəhbərliyi altında «məhv olsun sovet
hakimiyyəti», «Bolşevizmə ölüm!», «Başda milli hökumətlər olmaqla Şərqdə
müsəlmanlığa eşq olsun!» şüarı ətrafında birləşirdilər (21, s.8).
Həmin dövrdə məram və xarakterinə görə «İttihad»a yaxın olan dini
təmayüllü partiyalar fəaliyyətini gücləndirirdilər. Əsasını Türkiyəli zabitlər təşkil
edən «İslam» partiyası, adından göründüyü kimi İslamı təbliğ edirdi. «İttihad»la
«İslam» birləşərək «İttihadi İslam» («İslam birliyi») Partiyası yarandı.
1921-ci il mayın 5-də «İttihadi İslam» «İslam-əl Quran»la birləşib
«Milləti İslam» adını qəbul etdi (50, s.60).
Siyasi partiyalara qarşı repressiya RK(b)P Qafqaz bürosunun qərarı ilə
bütün Zaqafqaziyada həyata keçirilirdi. 1921-ci il iyunun 16-da Azərbaycan K(b)P
Siyasi Bürosunun məxfi iclasında menşevik və başqa partiyaların ləğv edilməsi ilə
bağlı Qafqaz Bürosunun teleqramı oxunarkən N. Nərimanov ona münasibətini belə
ifadə etmişdir: «Azərbaycanda bu teleqramı «ittihadçılara qarşı mübarizə
aparılmalıdır» kimi başa düşmək olar, çünki bizdə menşeviklər və başqa təşkilatlar
çox zəifdir» (50, s.61).
«Günəş-Qafqaz», «Azərbaycan milli müdafiə İslam firqəsi» və s.
partiyalar da o dövrdə təqibə, terrora məruz qalmışdı.
Milli müqavimət hərəkatının aparıcı qüvvəsi olan Müsavat Partiyası
aprelin 27-də gizli fəaliyyətə keçmələri haqqında qərar verdi. Onun gizli fəaliyyət
dövrünü 4 mərhələyə bölmək olar: 1.1920-1923-cü illər, 2.1923-1927-ci illər,
3.1927-1931-ci illər, 4.1931-ci ildən II Dünya müharibəsinə qədərki mərhələ (50,
s.66).
Z. Bünyadov aprel çevrilişindən sonra partiya üzvlərinə, ziyalılara qarşı
aparılan kütləvi həbsləri çox aydın işıqlandıraraq yazırdı: «1920-ci ilin may
ayından Azərbaycan ÇK (FK) təxmini həbslərə başladı. Həbs olunanları 3-4 ay ara
vermədən sorğu-suala tutdular. Nəticədə fövqəladə Komissiya həmin dövrdə
demək olar ki, fəaliyyət göstərən bütün partiyaların üzvləri barədə özünə lazım
olan məlumatı yığa bildi. Toplanmış materiallar FK-ya «Müsavat»ın
fəaliyyətindəki zəif və güclü cəhətləri müəyyənləşdirmək, öncülləri, potensial
fəalları aşkara çıxarmaq... yaxın gələcəkdə qəti addımlar atmaq imkanı verdi.
1920-ci ilin sonlarından 1923-cü ilin ortalarınadək Fövqaladə Komissiya
«Müsavat» partiyası üzvləri arasında seçmə həbslər apardı. Həbs olunanlar
içərisində Kərbəlayi Vəli Mikayıl oğlu Mikayılov, Rəhim Vəkilov, Qurban
Musayev və b. 30-dan çox müsavatçı var idi» (21, s.40). 1924-cü il aprel ayında
100-dən çox müsavatçı mühakimə olunaraq 2-3 il müddətinə Yaroslavl, Suzdal,
Solovetski həbs düşərgələrinə göndərilmişdilər.
Hər dəfə «antisovet ünsürlərin» həbsi ilə əlaqədar keçirilən genişmiqyaslı
aksiyalardan sonra Azərbaycan FK rəhbərliyi, AK(b)P liderləri açıq şəkildə
bildirirdilər ki, Azərbaycanda «xalq əleyhinə» partiyaların kökü kəsilmişdir. 1923-
cü ildə də belə olmuşdu. Yayın əvvəlində növbəti kütləvi həbslər zamanı
müsavatçıların gizli təşkilatının bir qrup nümayəndəsi zindana atılmışdı. Çekanın
qarşısında dustaqların açıq şəkildə günahlarını etiraf etməsinə və Sovet
hakimiyyətinə qarşı mübarizəni dayandıracaqları haqqında təminat vermələrinə
nail olmaq vəzifəsi dururdu (94, s.24).
1920-ci il 27 aprel işğalı ilə əlaqədar Azərbaycandan kənara yeni mühacir
axını başlandı. Aparılan terror və kütləvi həbslər Azərbaycan Xalq
Cümhuriyyətinin liderlərini, görkəmli dövlət və siyasət adamlarını ölkəni tərk
etmək məcburiyyəti qarşısında qoydu. Fətəli Xan Xoyski, Mustafa Vəkilov, Şəfi
Rüstəmbəyli, Nağı Şeyxzamanlı və b. dövlət xadimləri hələ sovetləşməmiş qonşu
Gürcüstana keçə bildilər (50, s.101).
1920-ci il aprelin ortalarında Azərbaycan parlamentinin sabiq sədr
müavini Həsən bəy Ağayevin rəhbərliyi ilə Tiflisə, Zaqafqaziya Respublikalarının
Konfransına göndərilən nümayəndə heyəti də çevrilişdən sonra vətənə dönmədilər.
1919-cu ildə Azərbaycan parlamenti tərəfindən Ə. M. Topçubaşovun
rəhbərliyi ilə Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin üzvləri
1920-ci il 27 apreldən sonra Avropada qalaraq fəaliyyət gostərdilər (C. Hacıbəyli,
M. Məhərrəmov, M. Mehdiyev və b.).
Respublikada inqilabi tədbirlərin həyata keçirilməsi gedişində köhnə
dövlət aparatı tamamilə dağıdılmışdı. Nazirliklərin və baş idarələrin
əməkdaşlarının, mütəxəssislərin xeyli hissəsi ya vətəni tərk edib getmiş, ya da cəza
tədbirlərinə məruz qalmışdılar. Halbuki, onların bir çoxu Rusiyanın və xarici
ölkələrin təhsil ocaqlarında oxumuş, dövlət idarələrində lazımi iş təcrübəsi
qazanmış adamlar idi. Bu mütəxəssislərin dağıdılması xalq təsərrüfatının bərpa
edilməsinə, maarif, elm və mədəniyyətin inkişafına böyük ziyan vurdu.
Bolşeviklər sovetləşmənin əvvəllərində xalqın milli ləyaqətini alçaldan,
«müsadirəçilik» - sözün əsl mənasında qarətçilik kompaniyasına başladılar. Bu
zaman iri burjuaziya, xırda mülkiyyətçilərlə yanaşı, mütəxəssislər, hətta sovet
hökumətinə hörmətlə yanaşan demokratik ziyalılar, fəhlələr müsadirədən yaxa
qurtara bilmədilər. 1920-ci ilin dekabrından 27 mindən çox adamın iştirakı ilə
həyata keçirilən kütləvi axtarışlara Sarkis rəhbərlik edirdi ki, bu da çox acınacaqlı
sonluqla başa çatdı.
RSFSR hökuməti yanında Azərbaycan SSR-in fövqəladə və səlahiyyətli
nümayəndəsi B. Şaxtaxtinski 1920-ci ilin sentyabrında V. İ. Leninə yazmışdı:
«Müsəlman əhali bitib tükənmək bilməyən müsadirələrdən, ələlxüsus mənzillərin
bölünüb bir neçə ailəyə verilməsindən cana doymuşdu, bütün bunlar xalqın məişət
tərzinə, şəriətə tamamilə ziddir, dinə və qədim adət-ənənələrə qarşı ağır təhqirdir».
Məktubda deyilirdi ki, Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.
Nərimanov öz səlahiyyəti gücünə müsadirəni saxlatmağa məcbur olmuş və artıq
əmlakı könüllü təhvil verməyə çağırmışdı. Bunun çox böyük nəticəsi olmuş, təhvil
müddətinin uzadılmasını əhali özü dəfələrlə xahiş etmişdi. Lakin bu addım inqilabi
addım sayılmamışdı. Məsələ Bakı Soveti İcraiyyə Komitəsinin müzakirəsinə
verilmiş, nəticədə N. Nərimanovun əmri ləğv olunmuş və müsadirəni davam
etdirmək qərara alınmışdır (13, f.268, s.26, iş 32, s.180).
«Müsadirə» adı altında gedən həddini aşmış qarətçiliklə bağlı AK(b)P-nin
1920-ci ilin oktyabrında keçirilən II qurultayında N. Nərimanov öz kəskin etirazını
bildirərək deyirdi: «Müsadirə edərkən və müsəlman evinə girərkən onun hansı
şəraitdə yaşadığını bilmək lazımdır. Müsəlman qadınının qulağından sırğanı
çıxarmaq və bədənində brilyant axtarmaq lazım deyil. Brilyant bizə lazımdır, ancaq
onu başqa yerdə axtarmaq lazımdır» (13, f.l, s.l, iş.8, s.201).
İntizamsız, plansız həyata keçirilən müsadirələr acınacaqlı nəticələrə
gətirib çıxardığından N. Nərimanov vəziyyəti yüngülləşdirmək üçün konkret
təkliflər irəli sürərək «qabaqcadan burjuaziyanın siyahısı və dəqiq ünvanlarını
tərtib etmək və bu məlumatlara əsasən müsadirə keçirmək» (90, s.27) lazım
olduğunu bildirdiyi halda, onun bu təklifinə ciddi əhəmiyyət verilmədi. Əksinə
evlərin nömrələrinə görə müsadirə başlandı ki, bunun da ziyanı əhalinin yoxsul
təbəqələrinə dəydi. İri burjuaziyanın evlərində yerləşdirilmiş sovet qulluqçuları,
kasıb fəhlələr qarət edilir, öz evlərində deyil, kiçik mənzillərdə yerləşən varlıların
əksəriyyəti isə müsadirədən qismən yaxa qurtarırdı.
N. Nərimanov «Ucqarlarda inqilabımızın tarixinə dair» adlı məktubunda
yazırdı: «Bu, əsl plansız qarət idi... Nəhayət, təşkilatların özləri böyük səhvə yol
verdikləri haqqında danışmağa başladılar. Bu səhvlər bütün Azərbaycan boyu
təkrar edilirdi. Nəticədə şeylərin düzgün bölüşdürülməməsi, təşkilatların hər
şeydən qabaq özlərini yaddan çıxarmaması əsas ilhamverici yoldaş Sarkisin
himayədarlığı altında şeylərin itməsi və i. a. haqqında bir cild iş tərtib edilmiş
oldu.» (90, s. 27).
AK(b)P MK Siyasi və Təşkilat Bürosu 1921-ci ilin iyulunda «Partiyanın
təmizlənməsi haqqında məsələ» müzakirə edərək, Mərkəzi Komissiyanı təsdiq
etdikdən sonra Azərbaycanda 22 yoxlama komissiyası təşkil edildi. Təmizləmə
1921-ci
ilin
sentyabrında
başladı və dekabrında qurtardı. Partiyanın
təmizlənməsində bitərəf və kommunistlərin fəal iştirakı nəticəsində bir çox keçmiş
ağqvardiyaçı polis məmuru ifşa olunaraq, partiyadan qovuldu... Ümumiyyətlə
partiya sıralarının təmizlənməsi dövründə Azərbaycanda partiyadan xaric edilənlər
içərisində 417 qolçomaq və polis məmuru olmuşdur (67, s.47).
Qəzalardakı bəzi yoxlama komissiyaları yerli mədəni-məişət şəraitini
nəzərə almayaraq, siyasi cəhətdən savadsız və dini mülahizələrə görə də partiyadan
xaric etmək kimi hərəkətlərə yol vermişdilər. Bunun nəticəsində bir çox
kommunist əsassız olaraq partiyadan xaric edilmişdir ki, bu da partiya
təşkilatlarının işində çətinliklər törədirdi (67, s.47).
1921-ci ilin sentyabr-dekabrında Azərbaycanda aparılmış «partiyanın
təmizlənməsi»
kompaniyasında
özbaşınalıqlar
artmaqda
idi.
Yoxlama
Komissiyasının sədri K. F. Strua, üzvləri İ. Vatsek və S. D. Yaqubovun rəhbərliyi
ilə aparılan təmizləmədən bir alət kimi istifadə edilərək N. Nərimanovu müdafiə
edən milli ruhlu kommunistlərə qarşı əsassız ittihamlar irəli sürülür, «millətçi»
kimi günahlandırılaraq partiyadan xaric edilirdilər. Onların içərisində tanınmış
partiya, dövlət xadimləri, çoxillik staja malik olan kommunistlər də var idi.
Sovet hakimiyyətinin ilk günlərindən «aprelə qədərki» ziyalıların
nümayəndələrinə münasibətdə müəyyənləşdirilmiş ümumi rəy yaradılmasına
hazırlıq başlandı. Onların yeni həyata qoşulmaq, öz bilikləri ilə Vətənə xidmət
etmək arzusu hiyləgərlik, sovet idarələrində işə daxil olmaları isə məkrli niyyət
kimi təqdim edilirdi. Əgər AXC-nin mövcud olduğu qısa dövrdə onlar müəyyən bir
vəzifədə olublarsa, necə irəliləmələrindən asılı olmayaraq onlara şübhə ilə
baxırdılar... məsələn: İsmayıl Rəhimov «keçmiş ağ zabit» olduğu üçün aradan
götürülməlidir. Yunis xan Naxçıvanski «ümumiyyətlə, təkcə xan oldu, buna görə
deyil, həm də ruhuna və dünyagörüşünə görə proletar hakimiyyəti və sovet idarəsi
üçün yad ünsürdür». 1923-cü ilin cəmi bir neçə ayı ərzində Ş. Mahmudbəyovun
göstərişi ilə 87 bitərəf, 46 kommunist məsuliyyətə cəlb edilmişdir (94, s.17).
İ. Vatsek Zaqafqaziya Kommunist Təşkilatlarının I qurultayında (fevral
1922) öyünərək demişdi: «Partiyadaxili ixtilafların aradan qaldırılması Qafqaz
bürosunun, hər hansı başqa partiya komitələrinin xidməti deyildir, partiyadakı
təmizlənmənin nəticəsidir... Azərbaycanda biz bütün millətçi alçaqları... süpürüb
atmışıq... Partiya dəmir süpürgə ilə süpürülüb təmizləndikdən sonra söhbəti daha
işgüzar ruhda aparmaq mümkündür». Bakı şəhərində 2164 partiya üzvündən 760
nəfəri (və ya bütün kommunistlərin 35 faizi), o cümlədən şübhəli keçmişinə görə
221 nəfər, səbatsızlığına görə 97 nəfər, partiya intizamını mütəmadi pozmağa və
partiya intizamına tabe olmamağa görə 90 nəfər, millətçiliyə və şovinizmə görə 34
nəfər, intriqaçılığa görə 31 nəfər partiyadan xaric edilmişdi (13, f.268, s.26, iş.32,
s. 188-189).
Bakı şəhər yoxlama komissiyası Azərbaycan SSR-in Türkiyədəki
səlahiyyətli nümayəndəsi İbrahim Əbilovu «şübhəli keçmişinə» görə partiyadan
xaric etmişdir. Səbəb bu olmuşdur ki, Azərbaycanda sovet hakimiyyəti
qurulanadək İbrahim Əbilov «Hümmət» təşkilatının sağ cinahına mənsub idi. N.
Nərimanov Əbilovu müdafiə edərək Mərkəzi yoxlama Komissiyasına ərizəsində
yazmışdı: «Mən, Əbilov yoldaşı ən yaxşı və proletar inqilabına ən sədaqətli yoldaş
kimi tanıyan bir çox yoldaşlardan biriyəm və hazırda Əbilov yoldaş Bakıda
olmadığına görə təşəbbüsü öhdəmə götürüb Mərkəzi Komissiyadan xahiş edirəm
ki, Əbilov yoldaşın partiyadan xaric edilməsi haqqında şəhər komissiyasının
qərarına yenidən baxsın və AKP üzvü kimi onun hüquqlarını bərpa etsin...
Mərkəzi yoxlama komissiyasının sədri K. F. Sturua Nərimanovun
ərizəsinin üzərində yazmışdı: «Nərimanov yoldaşın məsuliyyəti altında Əbilov
yoldaş 1920-ci ildən sayılan köhnə partiya stajı ilə AKP üzvlüyünə bərpa edilir».
N. Nərimanovun Əbilov üçün «məsuliyyət daşıması» çox çəkmədi. 1923-cü ilin
fevralında İ. Əbilov Türkiyənin Smirna (İzmir) şəhərində cərrahiyyə
əməliyyatından sonra vəfat etdi.
Azərbaycanda təmizləmə zamanı qadınlar da yoxlama komissiyasının
nəzərindən qaçmamışdır. Ceyran Bayramova, Xavər Şabanova, Qızxanım Ələkbər
qızı və b. müxtəlif bəhanələrlə partiyadan çıxarılmışlar. Təmizlənmə nəinki tək
Bakıda, Azərbaycanın qəzalarında da xalqa ağır ziyan vurmuşdur. Göyçay partiya
təşkilatında 650 kommunistdən 440 nəfəri və ya 62,1 faiz, Ağdaş partiya
təşkilatında 61,1, Nuxa partiya təşkilatında 52, Şamaxı partiya təşkilatında təqribən
50, Quba partiya təşkilatında 46,2, Qazax partiya təşkilatında 41,9, Şuşa partiya
təşkilatında 32, Naxçıvan diyarında 944 kommunistin 25,7 faizi partiyadan
çıxarıldı (13, f.268, s.26, iş.32, s.190).
Öz vəzifələrindən istifadə edərək, rüşvətxorluq, intizamsızlıq, sərxoşluq
və s. səbəbindən günahlı olub, təmizlənməyə məruz qalan adamlar da var idi.
Ancaq onlar azlıq təşkil edirdilər.
1921-ci il dekabrın 21-də N. Nərimanov RK(b)P MK-ya həyəcan və təşviş
dolu şifrli teleqram göndərmişdi. Teleqramda deyilirdi: «Azərbaycanda partiyanın
təmizlənməsi ən kütləvi hal almışdı. Azərbaycan komissiyalarının bütün
qərarlarında fraksiyaçılıq aydın görünür. Təmizlənməni fraksiya mübarizəsi alətinə
çevirmişlər. Qəzalarda vaxtilə əksinqilaba qarşı mübarizə aparmış məsul işçilərin
hamısı partiyadan çıxarılmışdır. Partiyanın sıravi üzvlərini də amansızcasına
darmadağın etmişdilər. Xalq komissarlarından biri də salamat qalmamışdı.
Şaxtaxtinski, Əfəndiyev, Əliyev, Qədirli, Kazımov, Vəzirov, Talıblı xaric
edilmişlər. Bizim Ankaradakı diplomatik nümayəndəmiz də xaric olunmuşdur. Elə
bir vəziyyət yaranmışdır ki, işləmək əsla mümkün deyildir (13, f.609, s.l, iş 53,
s.14).
Qafqaz diyar yoxlama komissiyası və onun sədri Mavrin Azərbaycan
kommunistlərinə münasibətdə qeyri obyektiv mövqe tuturdu. Onun fikrincə
Azərbaycandakı müsəlmanlar arasında səbatlı kommunistlər yox idi. N. Nərimanov
buna öz münasibətini bildirərək yazırdı: «Əgər Azərbaycanın müsəlman
kommunistlərinin əksəriyyəti Mavrin düşündüyü kimi millətçilik əhval-
ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru almazdı. Gürcüstana müftə
neft verilməzdi, Azərbaycan kommunistləri partiyanı sağlamlaşdırmaq məsələsində
öz müqəddəratlarını Mavrin kimi «beynəlmiləlçilərə» tapşırmazdılar. Nərimanov
təmizlənmənin qərəzçiliklə aparıldığını göstərərək diqqəti ona cəlb edirdi ki, bir
nəfər də «sol» kommunist partiyasından çıxarılmamışdı, partiyadan kənarda
qalanlar əsasən «sağ» kommunist adlananlardır» (13, f.268, s.26, iş.32, s.191).
Arxiv materialları və aparılmış tədqiqatlar göstərir ki, Azərbaycanda
sovetləşməyə qarşı yerlərdə ciddi müqavimət göstərilmişdir. Belə ki, çevrilişdən
sonra bolşeviklərin apardığı siyasət xalqın ciddi narazılığına səbəb olmuşdur.
Tərəddüd edənlər, ümid gözləyənlər, mübarizə aparmağın yersiz olduğunu
güman edənlər, qeyri-leqal fəaliyyətə keçən siyasi partiyalar və rus ordusunun
özünü necə aparacağını gözləyən Milli ordu əsgərləri qısa müddətdə məsələnin əsl
mahiyyətini başa düşdülər. XI Ordunun özbaşınalığı, qarətçilik, hərcmərclik,
xüsusən günahsız adamların güllələnməsi xalqın qəzəbinə səbəb oldu. Qəzəb
dalğası üsyanlara gətirib çıxardı (49, s.45).
1920-ci il mayın 26-dan iyunun 20-dək Gəncədə, Tərtərdə, Ağdamda,
Şuşada və Zaqatalada silahlı üsyan baş verdi. Üsyanın başlanmasına bilavasitə
təkan verəcək hadisə Azərbaycan hərbi hissələrinin «sinfi baxımdan yad
ünsürlərdən təmizlənməsi» tədbiri oldu. Yeni hökumət Gəncədəki 3-cü piyada
alayına, sovet hakimiyyətinin şərtləri əsasında fəaliyyət göstərməsini əmr etmişdir.
Əmrin yerinə yetirilmədiyini gördükdə Azərbaycan ordusunun rəhbərliyini
dəyişmək, əsgərlərini tərksilah etmək qərara alındı. Bununla da Gəncə komendantı
şahzadə Mirzə Qacar, onun arxasınca piyada diviziyasının rəisi general-mayor
Cavad bəy Şıxlinski və Cavanşir Kazımbəy vəzifədən uzaqlaşdırıldı. Mayın 12-də
şəhər qubernatoru Xudadat bəy Rəfibəyli həbs edilərək Bakıya gətirildi, mühakimə
edilərək məhkəmənin hökmü ilə mayın 20-də güllələndi (50, s.37).
Gəncədəki Azərbaycan milli ordusunun hərbi hissələri özlərinə qarşı yad
münasibət görərək, döyüşə hazırlıq vəziyyətinə gətirilib, gizli təlim keçirməyə
başladılar. Hadisələrdən duyuq düşən XI Ordu hissələri mayın 25-dən 26-na keçən
gecə Azərbaycan ordusunun qərargahına hücuma keçdilər. Milli ordunun əks
hücumu ilə həmlə dəf edilərək şəhərin müsəlmanlar yaşayan məhəlləsi Qırmızı
ordu hissələrindən azad edildi. Şəhər əhalisi silahlandırılaraq üsyana qoşuldu.
Üsyanın başında general Şıxlinski, polkovnik Xanınbəyov, Xoyski qardaşları,
Qəmbər Ələkbərov və şahzadə Məhəmməd Mirzə dururdu. Gəncənin yerli əhalisi
ilə birlikdə üsyanda iştirak edən döyüşçülərin sayı 10 min nəfəri ötmüşdü.
Üsyan başlanan zaman şəhərin erməni əhalisi Yelenendorf (Xanlar)
istiqamətində XI Ordu tərəfindən çox həvəslə vuruşurdu. Bu səbəbdən üsyançılar
erməni məhəllələrini öz nəzarətləri altına ala bilmədilər.
Mayın 27-də XI Ordu hissələri hücuma keçdi, böyük itkilər verərək geri
oturduldular (12, f.410, s.l, iş 80, s.60). Vəziyyətin ağırlığını görən bolşeviklər
Gəncəyə M. Q. Yefremovun komandanlığı ilə zirehli qatarlar qrupu, P. V.
Kurışkonun 18-ci süvari diviziyası, M. D. Velikanovun komandanlıq etdiyi 20-ci
atıcı diviziyasından ibarət güclü hərbi birləşmələr göndərdi (57, s.79).
C. Kazımbəy və alman polkovniki Hauzen birlikdə kəşfiyyat edib Şəmkir
tərəfdən hücum olacağını bildilər və əsas qüvvələri Qərb istiqamətinə
cəmləşdirdilər. Üsyanın gedişində ermənilər Yelenendorf istiqamətində hücumlar
edirdilər. Onlar qırğın törədir, evləri qarət edir, müsəlmanları qırır, qız-gəlini girov
götürürdülər.
Güclənən XI Ordunun üçüncü diviziyası mayın 28-də şəhəri güclü top
atəşinə tutdu. Operativ idarənin rəisi V. Voronkovun ordu qərargahına verdiyi
məlumatda deyilirdi: «Şəhərin yarısı artilleriya zərbəmizlə dağıdılmışdı» (126,
s.57). Qüvvələr nisbətinin qeyri-bərabər olmasından üsyan XI ordunun xeyrinə
qurtardı. Mayın 31-də Qızıl Ordu şəhəri tam nəzarət altına aldı (12, f.410, s.l, iş
180, s.60).
Döyüşlərdə Stankeviç, Hauzen, tabur komandiri Mirizadə qəhrəmancasına
həlak oldular. Üsyan yatırıldıqdan sonra başlanan repressiyada 6 general, 6
polkovnik, 3 mayor və 7 kapitan qətlə yetirildi, ümumi sayı 76 nəfərə çatan hərbçi
Narginə aparılaraq orada güllələndi (50, s.41).
Görkəmli elm xadimi, Qazax Seminariyasının müəllimi Firudin bəy
Köçərli də güllələnmişdi. Onun qətli N. Nərimanovu çox mütəəssir etmişdi. 1920-
ci ilin oktyabrında Gəncədə olarkən dərin istintaq keçirməyə göstəriş vermişdi: «F.
Köçərli Azərbaycan mədəniyyətinin parlaq fiqurudur, adı bizim ölkəmizdən də
kənarlarda geniş tanınıb, biz onun qətli vəziyyəti haqqında dəqiq məlumat almağa
borcluyuq» (33, s.43).
Həbslər zamanı İsrafilbəyov, Adilbəy Zülqədərov, Keçmiş Şeyxülislam
Axund Pişnamazzadə həbs edildi (12, f.27, s.l, iş 705, s.22). 12 min nəfərdən çox
Gəncə əhalisi məhv edildi. XI Ordu isə 8,5 min nəfər itki verdi (102, s.163).
Gəncədə göstərdiyi «şücaətinə» görə M. Q. Yefremov Qırmızı Bayraq
ordeni ilə təltif edildi.
İnsan tələfatı ilə nəticələnən silahlı münaqişələrin biri də Tərtərdə hələ
mayın ortalarında baş vermişdi. Qarabağda baş verən üsyanlar ərəfəsində əhali
milli orduya inanır və ona arxalanırdı. Bolşeviklər isə Gəncə üsyanından sonra
Milli ordunu tamamilə dağıtmaq qərarına gəldilər. XI Ordu onlarla sıx əlaqə
yaradan erməni daşnaklarının hərəkətlərinə göz yumurdu. İyunun əvvəllərində
Qarabağın müxtəlif tərəflərində yerləşən Azərbaycan ordusunun Şəki, Tərtər,
Cavanşir, Ağdam süvari alayları, Bakı piyada alayı və iki topçu diviziyası onların
qarşısını almağa cəhd göstərirdi.
Bolşevik hakimiyyəti xalqın təhlükəsizliyini təmin etmirdi, yaxud etmək
istəmirdi. Milli münasibətlərin kəskin olduğu bu bölgədə ermənilər XI Ordu
əsgərlərindən istifadə edərək öz iyrənc niyyətlərini həyata keçirir, XI Ordu ilə milli
ordu arasında nifaq yaradıb onları toqquşdururdular.
Tərtərdə milli orduya qarşı bolşevik ordusunun hərbi əməliyyatı iyunun
10-da başlandı. XI Ordu komandanı Levandovskinin «düşmən mövqelərinin
təyyarələrdən iyunun 10-da bombardman edilməsi» barədə verdiyi əmr həlledici
rol oynadı (126, s.63). Tərtər və bir neçə kəndi dağıdıldı. Minlərlə insan öz
yurdlarını tərk etmək məcburiyyətində qaldı. Müqavimətə türk generalı Nuru paşa
və polkovnik Zeynalov başçılıq edirdi.
Hələ iyunun 3-dən 4-nə keçən gecə Nuru paşa öz hərbi birlikləri ilə
(onların içərisində polkovniklər Zeynalov, Səfiyev, sabiq pristav K. Qalabəyov da
var idi) birlikdə Şuşaya girərək inqilabi komitə üzvlərini həbsə alıb özünü
«Qarabağ hakimi» elan etmişdi. İyunun 6-da Şuşa İnqilab Komitəsinin sədri B.
Vəlibəyov və b. yeni hakimin sərəncamı ilə güllələndilər (57, s.77).
Bu vaxt Qarabağda xeyli milli ordu birləşmələri var idi ki, bunlar da
Bərdədən Zəngəzura qədər geniş bir ərazidə yerləşmişdilər: süvarilər, tatar
diviziyası (I Dünya müharibəsində vəhşi diviziya adını almışdı) Şəki süvari alayı,
Qarabağ atlılar polku, 5-ci Bakı piyadaları, Ağdam polkları və 2-ci artilleriya
briqadası. Nuru paşanın ciddi uğurlar qazanmaq imkanı, onun ümumi komandanlıq
etmək bacarığının olmasına baxmayaraq, pərakəndəlik, üsyanın lokal xarakterli
olması, qüvvələrin qeyri-bərabərliyi Gəncədə, Şuşada, Tərtərdə, Ağdam və
Qaryagində baş verən müqavimət hərəkatının tezliklə yatırılmasına səbəb oldu.
Beləliklə, iyunun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi və Şuşa XI
Ordu tərəfindən tam nəzarətə alındı (12, f.27, s.l, iş 700, s.3). Pərən-pərən düşən
Azərbaycan ordusu dağıldı.
Qarabağ üsyanlarının davam etdiyi günlərdə Azərbaycanın şimal
qərbində, Zaqatalada da müqavimət hərəkatı başlamışdı. Üsyanın başında bölgənin
nüfuzlu şəxslərindən - Molla Hafiz Əfəndiyev və hərbçi Əhmədiyev dururdu.
Üsyançılar silaha əl ataraq iyunun 5-də müqavimətə rast gəlmədən Zaqatala
qalasını tutdular, qəzanın inqilab komitə sədri və digər kommunistlər həbs edildi
(11, f.l, s.14, iş 6139, s.40). Bir növ üsyan dini xarakterli idi. Onlar «rus
kafirlərindən» ölkəni təmizləmək üçün əhalini köməyə çağırırdılar.
Üsyançılar iyunun 7-də Qaxa daxil oldular. Milli ordunun süvari alayı da
üsyançılara qoşuldu. İyunun 16-da XI Ordu hissələri V. F. Vodopyanovun başçılığı
ilə Zaqatala istiqamətində hərəkət etdi. İyunun 16-da Zaqatala üsyanı yatırıldı (12,
f.27, s.l, iş 700, s.3).
1920-ci ilin avqustunda Quba qəzasının Dəvəçi və Qusar rayonlarında
üsyan baş verdi (12, f.27, s.l, iş 6139, s.41).
Bu üsyanlar əvvəlki üsyanlar kimi XI Ordu tərəfindən amansızcasına
yatırıldı.
1920-ci ilin avqust-sentyabr aylarında Lənkəran qəzasında Sovet
hakimiyyətinə qarşı güclü və uzun müddətli üsyan başlandı. Üsyanın başında
Qulam Tağıyev, general Səlimov, Nəcəfquluxan, Hüseynəli xan və Əsəd xan
Talışinski dururdu. Avqustun 24-də üsyançılar Biləsuvar-Astara arasındakı məsafə
boyu irəliləyərək şəhərin 20 km-nə çatmışdılar. XI Ordunun xüsusi şöbəsi
tərəfindən törədilən özbaşınalıqlar qəzada sovet hakimiyyətindən narazı qüvvələri
birləşdirdi.
1920-ci il dekabrın ortalarında Astarada, Girdənidə, Şahağacıda və
Pensəri yaşayış məntəqələrində sovet hakimiyyəti devrildi. 1921-ci ilin yanvarında
Lənkəran qəzasında sovet hakimiyyəti üçün yaranmış ağır vəziyyət aradan
götürüldü. l921-ci ilin yayında qəzanın Astara hissəsində yenidən üsyan baş verdi.
Xəzər dənizi hərbi qüvvələrinin köməyi ilə oktyabrın 5-də bu üsyan da yatırıldı.
Lənkəran qəzasında müqavimət hərəkatı uzun müddət davam etdi (49, s.49).
Sovetləşmənin əvvəllərində Azərbaycanda müqavimət hərəkatının bir
növü də qaçaqçılıq idi. Torpaqları, var-dövlətləri əllərindən alınmış, siyasi
hüquqlardan məhrum edilmiş adamlar qruplar halında birləşərək, yerlərdə sovet
hakimiyyətinə qarşı silahlı çıxışlar edirdilər. Onların içərisində ən güclüləri Nuxa
qəzasındakı Hüseyn Əfəndinin dəstəsi idi. Göyçayda, Ağdaşda, başqa qəzalarda da
onun dəstələri var idi (12, f.410, s.l, iş 103, s.136-137).
Əsədulla bəyin başçılığı altında Şuşa qəzasında, Adil bəyin başçılığı
altında Kürdüstanda, Şamxor, Zaqatala, Salyan, Qazax və başqa yerlərdə
müqavimət hərəkatı güclü idi.
20-ci illərdə günahsız, öz haqqını tələb edən, haqsızlıqlara göz yuma
bilməyənlər «bandit» möhürü ilə damğalanırdı. Onların içərisində «öz mənliyini,
şəxsi həyatını bolşevik bəlasından qoruyub saxlamaq üçün müxtəlif yerlərə qaçan,
dağlara çəkilən bəylər, varlılar; mövcud hakimiyyətə bel bağlamayan və baş
vermiş hadisələrin mahiyyətini dərk etməyən qruplar..; sovet hakimiyyətinə nifrət
edən silahlı dəstələr..; hakimiyyət hərc-mərcliyindən istifadə edib varlanmaq
məqsədi ilə müxtəlif «dinə-dona» girənlər, ev, mal-heyvan oğruları..; vaxtilə öz
mənəviyyatını itirmiş və narazı camaatı bandit adlandıran bir çox kommunistlərin
özü də sonradan banditizmə qarşı mübarizənin hədəfinə çevrildi..; sovet
hökumətinə sədaqətlə xidmət edən milis dəstələri də.. bolşeviklərdən üz döndərir
və beləliklə, «bandit»ə çevrilirdilər.» (49, s.50).
20-ci illərdə bolşeviklərin güclə bərqərar etdiyi totalitar aparat belə,
Azərbaycan xalqının milli-azadlıq hərəkatının qarşısını ala bilmədi.
Araşdırmalar göstərir ki, 20-ci illərin ortalarında Azərbaycanda
müqavimət hərəkatı zəifləsə də, sonralar müxtəlif yerlərdə ara-sıra çıxışlar
olmuşdur.
Müqavimət hərəkatının qəddarlıqla yatırılmasına baxmayaraq, işğalçılara
əyani sübut olundu ki, Azərbaycan xalqı öz azadlığı və istiqlaliyyəti uğrunda
mübarizə aparmağa qadir xalqdır.
Dostları ilə paylaş: |