2.3. Milli siyasət ətrafında mübarizənin kəskinləşməsi, antiazərbaycan
qüvvələrin qələbəsi
Azərbaycanda sovet dövlət quruculuğunda geniş dəyişikliklər edilməsinə,
yeni iqtisadi siyasətin həyata keçirilməsinə baxmayaraq bu dövrdə siyasi-iqtisadi
vəziyyət hələ də normal ahənginə düşə bilmirdi. Bakıda neft hasilatı 1922-1923-cü
illərdə əvvəlki illə müqayisədə artmış, mərkəzdə və qəzalarda bəzi sənaye
müəssisələri yenidən işə salınmış, dənli bitkilərin, pambıq və başqa bitkilərin əkin
sahələri xeyli genişləndirilmişdir. Lakin bütün bunlarla yanaşı, xalq təsərrüfatının
bərpası işində ciddi çətinliklər qalmaqdaydı. Sənayenin ləng inkişafı, tələbatla
ayaqlaşa bilməməsi, işsizlik kimi ağır problemi hələ də gündəmdə saxlayırdı.
1923-cü ilin sentyabrında 16.700 işsiz var idi. Xüsusi kapitalın ticarətdə hələ də
müəyyən rol oynaması istər-istəməz sovet və kooperativ ticarəti sıxışdırırdı.
Sənaye malları ilə kənd təsərrüfatı mallarının qiymətləri arasında böyük
uyğunsuzluq olması sənaye mallarının çox baha, kənd təsərrüfatı mallarının ucuz
satılmasından zəhmətkeş kütlə və milli hissli rəhbər işçilər, eləcə də müxalifətçilər
çox narazı qalırdı. Bu cür qeyri-stabillikdə Rusiyada Trotskinin ətrafına toplaşan
«fəhlə müxalifəti», «demokratik mərkəziyyətçilər», «sol kommunistlər»lə ciddi
diskussiyalara başlanılmışdırsa da, Azərbaycanda belə mübarizəyə mərkəzdən
xeyli gec başlanılsa da, geniş və şiddətli aparılırdı. Müxalifətçilərə hər yerdə ciddi
zərbə endirirdilər. Bakı təşkilatında partiyadaxili demokratiyaya aid 160 yığıncaq
keçirilmişdir. Fəhlə özəklərində müxalifət özünə ciddi tərəfdar tapa bilmirdi.
Təsadüfi deyildir ki, müxalifətə səs verən, dəstəkləyən qüvvələr qulluqçu və
ziyalılar idi (67, s.l 19).
Bu dövrdə milli məsələ aktuallığı ilə seçilir, xalqının xoşbəxtliyini
düşünən bir çox azərbaycanlı kommunistləri narahat edir, düşündürür, rəhbər
dairələrdə qarşıdurmaya gətirib çıxarırdı. Nəriman Nərimanovun Azərbaycandan
uzaqlaşdırılmasından sonra bu məsələ heç də səngimədi, əksinə daha da dərinləşdi.
Mövcud dövlət idarəçiliyində aparılan siyasətdən narazı qalan, çevrilişin
əleyhinə olan partiyaların üzvləri sovet-dövlət, təsərrüfat və mədəni tərbiyə
müəssisələrində işləyən ziyalıların köməyi ilə kütlələr arasında milli-
vətənpərvərlik, özünə hörmət, zəhmətinə qiymət hissini aşılayırdılar. Sinfi
mübarizənin artdığı bir dövrdə müsavatçılar, ittihadçılar mübarizəyə qoşuldular.
Onların taktikasında başlıca məqsəd kənddə həyata keçirilən tədbirlərə təsir
göstərmək, kolxoz və sovxoz quruculuğunda baş verən haqsızlıqlara mane olmaq,
məktəb və ali təhsil ocaqlarında, ədəbiyyat və incəsənətdə, mətbuat və nəşriyyatda
milli idealoji təsiri artırmaq, sağ təmayülə meyl edən bəzi kommunistləri və
komsomolçuları öz tərəflərinə çəkmək idi. Müsavatçılar və ittihadçılar bu işdə çox
azlıq təşkil edən antisovet əhval-ruhiyyəli kadrlara, müəllimlərə böyük ümidlər
bağlayırdılar.
1924-cü ilin əvvəllərində Mirzə bəy Xanlarov və başqa milli ruhlu
adamlar tərəfindən təşkil edilən millətçi və dini xarakter daşıyan «Azadis»
partiyası da sovet hökuməti əleyhinə xeyli iş aparmışdı.
Hakim milli siyasət əhval-ruhiyyəsi dövlət, təsərrüfat və mədəni-maarif
işçiləri arasında, hətta partiya təşkilatlarında özünü büruzə verirdi. Bəzi idarə və
müəssisələrdə milli kadrlara düzgün münasibət bəslənmir, onların inkişaf edib irəli
getməsinə etinasız yanaşılır, mane olunurdı. Buna «Qırmızı Oktyabr» tütün
fabrikində, Binəqədi avtomobil təmiri zavodunda, Gəncə dəmir yol stansiyasında
və başqa 100-lərlə yerlərdə baş verən hadisələri misal göstərmək olardı. Hətta bu
cür haqsızlıqlar dövri mətbuat səhifələrində də özünə geniş yer tapmışdı.
Rəhbərlikdə, eləcə də ayrı-ayrı rayon partiya təşkilatlarında olan hərc-
mərclik, qarşıdurmalar 1923-cü ildə keçirilən XII Ümumbakı konfransında (6-12
iyun 1923) daha geniş müzakirə və söz-söhbətə səbəb oldu. Konfransa sədrlik edən
Mirzoyan qeyd etdi ki, artıq bizim təşkilatlarda ixtilaflar, fraksiyaçılıq, sərxoşluq
yox həddindədir. Lakin BK-nın məruzələrinə aid müzakirələrdə ciddi fikir ayrılığı
yarandı. Kommunistlərdən Amas Səfərov, Əyyub Xanbudaqov çıxış edərək
partiyadakı hərc-mərclikdən, türklərlə işin zəif olmasından, sərxoşluqdan geniş
danışdılar (146, s.16).
Konfransda türklərlə iş haqqında da məsələ müzakirə olundu.
Respublikanın iqtisadi və mədəni geriliyi, milli kadrların hazırlanması
işinə ögey münasibət, sənaye müəssisələrində, dəmiryol və su nəqliyyatında
ixtisaslı rus fəhlələri ilə yanaşı ixtisaslı azərbaycanlı fəhlələrin zəif hazırlanması,
Azərbaycan dilinin təəssübkeşliyi və b. məsələlər ətrafında mübahisələr milli
məsələnin əsas özəyini təşkil edirdi.
Əyyub Xanbudaqov
*
Azərbaycanda milli məsələnin düzgün həyata
keçirilməsilə razı olmadığını, respublikadakı mədəni quruculuğun inkişafına, yerli
əhalinin savadlandırılması, vergi işindəki nöqsanlara və s. məsələlərə görə çox
narahat olduğunu bildirdi.
O, eyni zamanda 1923-cü ilin iyun ayında «Bakinski raboçi» qəzetində
dərc olunmuş «Quba qəzasında xalq maarifi», «Azərbaycanda bizim başlıca
vəzifələrimiz» və s. adlı məqalələrində kommunist təbliğatının yalanına qarşı tez-
tez çıxış edirdi. Onu milli kadr məsələsi, gənclərin təhsili, təhsil ocaqlarının
acınacaqlı vəziyyəti, dini və bir çox məsələlər ciddi düşündürürdü. Mətbuatda haqlı
olaraq çıxış edərək göstərirdi ki, «Bizim bütün nailiyyətlərimiz xalqın ehtiyac
dənizində bir damladır».
*
Ə. Xanbudaqov - 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata
1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik
məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda
fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi
bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının
sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə
qurultayda onu Kronştatda başlamış «əks-inqilabi» qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin
may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində
üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur. 1921-ci ildə ÜİMİK üzvü
seçilir. Sonralar o, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının sədri, 1922-ci ilin əvvəlindən AHİŞ
sədr müavini, 1922-ci il martında isə AK(b)P MK katibi seçilir (N. Nərimanovun köməkliyi ilə) (14,
s.47).
20-ci illərdə Ə. Xanbudaqov bir sıra maraqlı məqalələr yazır: «Təxirə salınmaz vəzifə (respublikada
statistik hesabat işinin quruluşuna dair)», «Azərbaycanda bizim ən yaxın vəzifələrimiz», «Beş il
ərzində», «Təxirəsalınmaz məsələ», «Milli məsələyə dair» və s.
Milli məsələ ətrafında ixtilafların kəskinləşməsi 1924-cü ildə geniş vüsət
aldı. Bu, xüsusilə Ə. Xanbudaqovun «Milli məsələyə dair» məqaləsinin 1924-cü il
27 aprel tarixli «Bakinski raboçi» qəzetində dərc olunması ilə daha da kəskinləşdi
(13, f. 1, s.8, iş 5596, s.20).
Ə. Xanbudaqov «Milli məsələyə dair» məqaləsində yazırdı: «XII partiya
qurultayının qərarlarını düzgün həyata keçirmək üçün sözün əsl mənasında onlara
hörmət etmək lazımdır. Əks halda biz rus millətinin ayrı millətlərin üzərində ağalıq
etməsinə yol veririk. Bu hal Stalinin tezislərində qeyd olunub. «Bəzi milli
respublikalarda fəhlə sinfinin çox hissəsi sovet hakimiyyətinin əsas dayağı olan
böyük rus xalqına mənsubdur. Köhnə rus şovinizmi hələ aradan qalxmayıb...
Burada böyük rus xalqının mədəniyyətinə böyük yer verilir, beləliklə də qalan
millətlərin mədəniyyəti aşağı səviyyədə göstərilir (112, 27.04.1924).
Ə. Xanbudaqov «Milli məsələyə dair» məqaləsində yazırdı ki,
«baxmayaraq ki, XII partiya qurultayından bir il keçir, Azərbaycanda milli
məsələyə dair qurultayda qeyd olunan məsələlərin 1/10-i yerinə yetirilməyib.
Makinaçı məqaləni yazanda «onda biri» əvəzinə səhvən yüzdə bir yazmışdı.
Məqalə o cür də qəzetdə dərc olunur. Elə həmin gün Xanbudaqov Kirova səhv
barədə məlumat verir. Lakin Kirov məsələni görünür qəsdən XIII Ümumbakı
partiya konfransına çıxarır.
1924-cü il 26 aprel - 4 may tarixində keçirilən AK(b)P XIII Ümumbakı
konfransı milli məsələni çox ciddi müzakirə edir.
*
Ə. Xanbudaqov, Mirbəşir Qasımov, H. Cəbiyev və b. kimi milli ruhlu
kommunistlərin üzərinə əsl hücuma keçilir. Ə. Xanbudaqov və onun tərəfdarlarına
qarşı hazırlanmış ssenarinin aparıcıları əsasən azərbaycanlı kommunistlər oldu.
Pleşakovun sədrliyi ilə Konfransın 2 may 1924-cü il tarixli iclası xüsusilə milli
məsələyə həsr olundu. Konfransda R. Axundov çıxışında qeyd edir: «Cəbiyev, siz
ağzınız köpüklənərək qışqırırsınız ki, qurtarın cavanları şovinizmdən. Hansı
şovinizmdən? Kim yaradıb bu şovinizmi? Cəbiyev kimiləri və ona bənzərlər.»
(147, s.52).
Həmçinin R. Axundov Ə. Xanbudaqovun üzərinə hücuma keçir: «Siz
yoldaş Xanbudaqov və sizin kimi bir neçələri, o cümlədən M. B. Qasımov kimiləri
sizin şüurunuzu, fikirlərinizi müdafiə edirlər. Yoldaş Mirbəşir qalsın, o bizim üçün
təhlükəli deyildir, o sabah üçün lazımdır. Biz onu yenə də Azərbaycan MK dəmir
yol işinə yollayarıq. Beləliklə, biz Qasımovu xilas edə bilərik. Çünki onun daxili
hissiyatı var. Lakin qorxulu Xanbudaqovdur. Çünki o, canı ilə, kökü ilə fəhlə
təbəqəsindən deyil (147, s.53).
*
Qeyd: 1926-30-cu illərdə Ə. Xanbudaqov Azərbaycan Kənd Təsərrüfatı bankının sədri, sonralar isə
ZSFSR xalq komissarlığında məsul işlərdə çalışır. Onun axırıncı vəzifəsi Azərbaycan İstehlak
cəmiyyəti ittifaqı idarə heyətinin sədr müavini olur (146, s.69).
XIII Ümumbakı partiya konfransında fikir ayrılığına gətirib çıxaran əsas
məsələ Xanbudaqov və onun tərəfdarlarının türkləşdirmə, əlifba siyasəti, kadr
siyasəti və s. məsələlər idi.
Azərbaycanda hazırlıqlı türk kadrlarının işlə təmin olunması çox çətin idi.
Azərbaycan Cümhuriyyətinin kadrlarından istifadə etməkdən söhbət gedəndə Ə.
Qarayev cavab verirdi ki, biz bu ikinci dərəcəli ziyalılardan geniş istifadə edə
bilmərik. Çünki onların tərkibi 10-15% keçmiş pristavlardan, nəzarətçilərdən, cəza
polis rəislərindən, tərcüməçilərdən, müstəntiqlərdən, xalq məhkəmələri
katiblərindən, bir sözlə, keçmişləri ləkəli olan adamlardan ibarətdir. Bunları biz
idarələrdə qulluq etməyə buraxa bilmərik. Onların içərisində türkcə əla yazıb
oxuyan, dili yaxşı bilən ünsürlər var. Lakin onların biliyindən bizim fəhlə
kütləsinin ürəyi bulanır.
Milli məsələ ətrafında ixtilaflar respublika partiya təşkilatının VI
qurultayında (5-9 may 1924) kəskin xarakter aldı. Xanbudaqova qarşı hücum
gücləndi. Kadr siyasəti, türkləşdirmə, Azərbaycan dili və s. yenə də məsələnin
əsasını təşkil edirdi.
M. Ə. Rəsulzadə «Çağdaş Azərbaycan tarixi» əsərində milli məsələ ilə
əlaqədar yaranmış vəziyyəti çox düzgün qiymətləndirirdi: «...Kommunizmin əsas
əqidələri ilə razılaşmayanlara və partiya intizamına riayət etməyənlərə «uklonist»,
«sapıntçı» adı verilirdi. 1924-cü ildə Ə. Xanbudaqov Azərbaycan «sapıntçılarına»
başçılıq etdi və bu cərəyanın istəklərini bu şəkildə formalaşdırdı:
1.
Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq.
2.
Yerli kommunistləri sadəcə yuxarıdan təqib olunan katiblərlə
rəhbərlərin idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və
adətindən vaz keçiləcək.
3.
Azərbaycan milləti öz-özünü idarə etmək çağına çatmış ikən, moskvalı
idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına əngəl olur və bu çalışmaya
«yerli millətçilik» damğası vurur. Buna qəti olaraq son qoyulacaq.
4.
İşçi birlikləri, kooperativləri və digər dövlət müəssisələri, sözdə deyil
gerçəkdən türkləşdiriləcək.
5.
Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun etmək istəyən
sovet hakimiyyətinin məskunlaşdırma siyasətinə son qoyulacaq.
6.
Cənubi Qafqaz respublikalarında milli mədəniyyətlərin inkişafını
saxlamaq üçün Cənubi Qafqaz Sovet Sosialist Respublikaları Federasiyasının
təşkilati əsası işdə qanunu dəyişəcək (həmin tarixdə adı çəkilən federasiya var idi.
Bu federasiya sonradan dağıldı) (99, s.95).
VI qurultayda Xanbudaqova qarşı Mirzoyan, Kirov və b. çıxış edib, onun
türkləşmə, milliləşmə siyasətinin əleyhinə çıxdılar. Arxiv materialları içərisində
«Xanbudaqovçuluq» adlı sənəddə K. Nikbinin imzası ilə yazılmış işdə
Xanbudaqov bir millətçi kimi verilib. O, Xanbudaqovun hazırladığı tezisləri,
«Milli məsələyə dair» məqaləsini XIII partiya konfransı və Azərbaycan K(b)P-nın
VI qurultayının gedişindəki məsələləri «Xanbudaqovçuluq» adlı sənəddə təhlil edir
və bütün bu hadisələri millətçilik kimi qiymətləndirir (13, f.456, s.10, iş 141, s.1-
8).
Xanbudaqov türk dilini Azərbaycanda yaşayan bütün millətlərin
öyrənməsini vacib sayırdı, türk dilini öyrənməyənləri vəzifədən, istehsalatdan
uzaqlaşdırmaq lazımdır deyirdi. Bu qətiyyət isə başqa millətlərdən olan rəhbər
işçiləri qane etmirdi və onlar müqavimət göstərirdilər. Kirov VI qurultayda öz
məruzəsində Xanbudaqovun milli məsələ ilə əlaqədar tərtib etdiyi tezislərə istehza
ilə yanaşır, «türk fəhləsinin işə qəbulunu yüngülləşdirmək» bəndini müzakirəyə
qoyaraq deyir: Bax mən rusam, oxuyuram, yazıram. Mən nə edim? Xanbudaqov
səhvdir. Axı bunun millətçiliyə nə dəxli var? (13, f. 1, s.74, iş 8, s.51).
Xanbudaqov azərbaycanlı fəhlələrin işlə təmin edilməsi üçün hər cür
tədbirlərə əl atırdı. O, Azərbaycana qonşu respublikalardan gətirilən, hansısa tikinti
üçün işləyən işçi qüvvəsinin əleyhinə idi. Partiyanın VI qurultayındakı çıxışında bu
məsələyə toxunaraq qeyd edirdi ki, Zaqafqaziya ölkə komitəsinin iclasında
Orconikidzeyə dedim: yoldaş Eliavi dəmiryolunun inşasına Tiflisdən 15 dəmiryol
gözətçisi və 32 başqa işçilər göndərib. Qeyd etdim ki, bizim özümüzdə də işsizlər
çoxdu. Onları buradan geri çağırmaq lazımdır. Buna yerli fəhlələr öz etirazlarını
bildirirlər (13, f.l, s.74, iş 8, s.257).
Azərbaycan dilinin öyrənilməsinin vacibliyi həmişə milli məsələnin ana
xəttini təşkil edirdi. Sovetləşmənin əvvəlində B. Talıblı, N. Nərimanov və başqa
vətənpərvərlər çıxış edirdilərsə, sonralar bu ideyanı Ə. Xanbudaqov davam
etdirirdi. Çox təbiidir ki, bu da qeyri millətlərdən olan vəzifəli şəxslərlə fikir
ayrılığına səbəb olurdu. Acınacaqlı hal idi ki, milli məsələdə öz səhv nöqteyi nəzəri
ilə hələ əvvəldən tanınmış Ə. Qarayev, M. D. Hüseynov və başqalarının çıxışı VI
qurultayda ixtilafa gətirib çıxartdı.
Ə. Qarayev çıxışında Ə. Xanbudaqovu şovinistlikdə günahlandırır, bütün
günahların L. Mirzoyanda deyil, Ə. Xanbudaqovda olduğunu isbat etməyə
çalışırdı: «Yoldaş Xanbudaqov, əgər siz burada Müsavatçı rolunu oynamaq
istəyirsinizsə ən qatı şovinistsiz, ayrılın bizdən. O deyir, türk fəhlələrini irəli
çəkmirik. Mən başa düşmürəm, o görmür, ya kardır, ya da sarsaqdır. Burada
Əmənulla Əzizov, Muxtar Fətəli və b. çıxış etdilər, hansılar ki, marksist fəhlələrdir.
Xanbudaqov Zaqafqaziya ölkə komitəsinin plenumunda çıxış edirdi ki, əgər rus
fəhləsi Azərbaycanda yaşayırsa, o mütləq türk dilini öyrənməlidir. O vaxt M. Ə.
Rəsulzadə hətta, məsələni belə qoymurdu. Hətta quduz menşevik Noy Jordaniya
Gürcüstanı milliləşdirəndə belə məsələ qoymamışdı. Yalnız Xanbudaqov belə
məsələ qoyur (13, f.l, s.74, iş 8, s.302).
Ə. Qarayev çıxışının sonunda qeyd edirdi ki, «mən əminəm ki,
partiyadaxili xəstəliyə dair keçirilən Azərbaycan qurultayı Bakı təşkilatı ilə
birlikdə bir nəticə qəbul edib, bu məsələnin qəti həllinə qərar çıxaracaqlar. Əgər
Xanbudaqov bundan sonra bu işə qarşı çıxsa onu nəinki biz işdən çıxarar, hətta
başını bədənindən ayırarıq» (13, f.l, s.74, iş 8, s.303).
Ə. Xanbudaqovu millətçilikdə, şovinizmdə günahlandırırdılar. O, bütün
bunlara VI qurultaydakı çıxışında cavab verirdi ki, «Azərbaycanda milli məsələ
olub, indi də var. Ancaq heç bir zaman onun indiki kimi (XIII Ümumbakı partiya
konfransını və VI qurultayı nəzərdə tuturdu - R.B.) rəngi yox idi. Xanbudaqov
qeyd edirdi ki, mənim tərəfimdən heç zaman rus, fars və b. millətlər haqda məsələ
qoyulmayıb, sadəcə türkləşmə haqqında olub. Türkləşmə Azərbaycanda tam
aparılmayıb. O, fakt gətirir: «Mədən ittifaqı və BK qərar qəbul ediblər. Mən
oxuyum görün, orada türklərə necə münasibət var: «Aşağıdakı əsas qrupu təşkil
etmək: Təklif olunsun Nikitinə, Ağaverdiyevə, Qutinə, idarə heyətinə aşağıdakı
qrup əsasında: Nikitin, Ağaverdiyev, Qutin, Yaroslavski, Aparin, Leyman, İvanov
və b. bir rus yoldaş. Qərarda dərhal gözə çarpır. Bəs hanı türk fəhlələri? Niyə onlar
cəlb olunmur?» (13, f.l, s.74, iş 8, s.256).
Xanbudaqov öz çıxışında türk dilinə qarşı ögey münasibətə toxunaraq
göstərirdi ki, 3 dekret verilməsinə baxmayaraq, indiyənə kimi, ancaq bunlar kağız
üzərində qalıb, heç bir iş görülməyib. Türk dili istifadə olunmur, öyrənilmir.
Həmçinin Xanbudaqov kitablar haqqında qeyd edirdi ki, bizim ədəbiyyat çox
yoxsuldur. Bakı nəşriyyatı minlərlə kitab satır, belə etmək olar ki, türk nəşriyyatına
müəyyən məbləğdə pul ayrılsın, kitablar türk dilinə tərcümə olunsun. Lazımi
kitablar olsun. Beləliklə də kitabxanalarımız zənginləşsin. Bundan başqa
Xanbudaqov Azərbaycanın ucqar rayonları ilə əlaqə saxlayır, onların geriliyi,
savadsızlığı onu daim narahat edir və bu barədə daim ciddi məsələ qaldırırdı.
Məsələn, Lənkəranda 230.000 əhali yaşadığı halda, 45 yoxsul məktəb vardı.
«Tədris işlərinə fikir verilmir. Bəs nə üçün bu haqda danışmırsınız? Siz yalnız
mərkəzi götürürsünüz». Həmçinin o çıxış edən yoldaşların yerli şovinizmi tənqid
etməsinin əleyhinə çıxır və göstərirdi ki, «Diqqətin 9/10-nu rus şovinizminə
yetirmək lazımdır. Yerli şovinizm o qədər əhəmiyyət kəsb etmir» (13, f.l, s.74, iş 8,
s.257-258).
Ə. Xanbudaqov qonşu Gürcüstanla müqayisədə göstərirdi ki, «şəhər icra
hakimiyyətində 36 nəfərdən 27-si gürcüdür. Bundan başqa o göstərirdi ki, Tiflis
sovetində 43% gürcü, 17% erməni, 27% rus və 2% yəhudi. Biz bunu heç vaxt deyə
bilmərik ki, hamısı türk olsun. Bu yalandı, hansı ki, siz yayırsınız» (13, f.l, s.74, iş
8, s.258).
VI qurultayda L. Mirzoyan Ə. Xanbudaqovun haqlı narazılığına və
tələblərinə qarşı çıxır, öz mənfur niyyətlərini ört-basdır etməyə çalışır:
«Xanbudaqov deyir ki, qəzalar inciyir, onların hər şeyini əllərindən alırıq. Lakin
Xanbudaqov bunu deməyə də bilər. O bunu deməklə qərəzçilik toxumu səpir, fəhlə
sinfi ilə Azərbaycan kəndliləri arasında narazılıq yaradır» (13, f.l, s.74, iş 8, s.285)
Təbiidir ki, Ə. Xanbudaqova xalq rəğbət bəsləyirdi: Həmişə o, xalqın
içərisindəydi. Onu yerlərdə də çox hörmətlə qarşılayırdılar. Bütün fikirlərinə
tərəfdar çıxırdılar. Lakin bu onu istəməyənlərə xoş gəlmirdi. Belə söhbət
yayılmışdı ki, Azərbaycanda Xanbudaqovun başçılıq etdiyi millətçi qrup fəaliyyət
göstərir. Xanbudaqov isə bunu VI qurultayda qəti təkzib edib deyirdi: «Burada
mənim əleyhimə çıxış edənlərin bir çoxunu oğurluq üstündə işdən çıxarmışam. Nə
üçün mənim yanıma gələnləri təmayülçülər adlandırırlar.
Əgər rus yoldaşlar kiminsə yanına yığılırsa, onları kef yoldaşı
adlandırmaq lazımdır» (13, f.l, s.74, iş 8, s.63).
Partiyada yaranmış ixtilaflar, daxili intriqa nə qədər ört-basdır edilsə,
xalqdan gizlədilsə də, yenə də geniş kütləyə gedib çatırdı. İstər-istəməz hamı
qurultaydakı, konfrans, plenumlardakı çəkişmələrlə maraqlanırdı. VI qurultayda L.
Mirzoyan kinayə ilə bu məsələyə toxunurdu: «İndi kəndin və qəzanın harasına
gedirsənsə, hər yerdə söhbət yalnız Ə. Xanbudaqovdan gedir. Afərin Xanbudaqov,
vəssalam. Bu kimin nəyinə lazımdır, kimdir Xanbudaqovu tərifləyənlər?
dükanbazlar, alverçilər, dəllallar. Bunlar bizim sinfi düşmənlərimizdir. Belə
həqiqət var, deyərlər düşmən səni tərifləyirsə deməli sən heç nəyə layiq deyilsən.
Nə vaxta qədər ki, burjuaziya, dükanbazlar, daim Xanbudaqovu tərifləyirlər, onda
Xanbudaqova demək lazımdır ki, «Yoldaş Xanbudaqov sizin mövqeyiniz səhvdir»
(13, f.l, s.74, iş 8, s.285).
Nərimanov, Xanbudaqov kimi azərbaycanlı kommunistlər çox təəssüf ki,
bir-birlərini vaxtında başa düşmədilər, bir-birlərinə vaxtında arxalanmadılar.
Sovetləşmənin əvvəllərinə nəzər salsaq, o illərdə N. Nərimanov köməksiz idi. Onu
nə yolla olur olsun təkləməyə çalışırdılar. Müəyyən mənada buna nail də olunurdu.
Vaxtilə N. Nərimanovun üzünə ağ olanlar sonralar vaxt gələcəkdir ki, öz səhvlərini
başa düşəcəkdilər, Nərimanov kimi tək qalmaq, unudulmaq onların da qismətinə
düşəcəkdir. M. Ə. Rəsulzadə yazırdı: «Azərbaycanın sovetləşdirildiyi ilk gündən
başlayaraq müsavatçılıq və pantürkizmə qarşı amansız mübarizə aparan Ruhulla
Axundov «pantürkizmin zəhərli bir nümayəndəsi və «müsavat» partiyasının zavallı
bir agenti kimi günahlandırıldı. Sovet dərsliklərinə panturanist və panislamist
fikirlərini soxuşduran «Türkiyə agentləri»ni ciddi-cəhdlə üzə çıxarmağı özü üçün
böyük bir hünər sayan Əliheydər Qarayev «Müsavat» partiyası ilə beynəlxalq
faşizmin «soysuz bir uşağı» kimi ifşa edildi. Milli Azərbaycan hökumətinə qarşı
konspirasiyası ilə məşhur olan Azərbaycan İnqilab Komitəsinin keçmiş üzvü,
1920-ci ildə Gəncə üsyanının yatırılması tapşırılmış baş komisar Həmid Sultanov
inqilabi məhkəmənin qərarı ilə Azərbaycanı Sovetlər birliyindən ayırmaq istəyən
silahlı üsyan qüvvələrinin başçısı olduğu üçün ölüm cəzasına məhkum edildi: eyni
zamanda o yabançı bir dövlətə cəsusluq etməkdə də günahlandırıldı. Onunla
birlikdə «sapıntçı» kommunistlərin bir çoxu da cəzalandırıldılar» (99, s.101-102).
N. Nərimanov «Ucqarlarda inqilabımızın tarixinə dair» İ. V. Stalinə
məktubunda Xanbudaqovu fırıldaqçı adlandırır, onun apardığı mübarizəni təhlil
edərək yazırdı: «Bu və başqa nitqlərində artıq yoxlanılmış mənbələrdən görünür ki,
Mirzoyanın son vaxtlar vəzifədən atdığı agent qohumlarının mənafeyini müdafiə
etmək məqsədilə Xanbudaqov birdən-birə milli məsələnin belə bir qoyuluşunu irəli
sürdü: xristian və yəhudiləri qovmaq və onların yerinə müsəlman fəhlələri qoymaq
zəruridir. O, AKP MK katibi olanda deyirdi ki, Azərbaycanda milli məsələ üzrə
12-ci qurultay tərəfindən qoyulan işin yüzdə biri həyata keçirilməyib. Və maraqlı
burasıdır ki, onun qohumları və agentləri işdən qovulmağa başlayanda o, həmin
andan bütün bunlar haqqında kəskin danışmağa və məsələ qaldırmağa başlayır. O,
nəinki bu barədə yazır, hətta rayonunda məsul türk işçiləri və fəhlələri arasında
gizli iş aparır. Qəzalara göndərilmiş məsul işçilər AKP MK katibi Ə.
Xanbudaqovun göstərişləri üzrə fəaliyyət göstərirlər; onlar yerli işçilərə deyirlər:
biz mərkəzdə birləşmişik, Mirzoyan və Kirovu yıxmalıyıq və i.a. Yerli işçilərin bir
hissəsi razı olur, digər hissəsi yox. Və bu axırıncı hissə gizli iş aparanların adlarını
konfransda açıb bildirir. Və bu işə kim cəlb edildi. Xanbudaqov, Cəbiyev, M.
Quliyev, Rəhim Hüseynov, Cahangir Nağıyev (eserlər) M. D. Hüseynov
(müsavatçı) və bir də Ağayev qardaşları qrupu, bunlar çoxdan fırıldaqçılar kimi
məlumdur, lakin onlar hər yerdə mənə qarşı çıxış etdikləri üçün Mirzoyan
tərəfindən partiyada saxlanılmışdılar. Bu o adamlardır ki, onlar haqqında
konfransda və partiya qurultayında açıq danışılmışdır. Lakin bu gizli işin qalan
iştirakçıları (Qarayev, Musabəyov, Dadaş və b.) təhlükəni hiss edib, məharətlə
vəziyyətdən çıxmış və beləliklə, hələlik Mirzoyanın cəzasından qaça bilmişlər»
(90, s.58).
N. Nərimanov ilə Xanbudaqov arasında ziddiyyətləri təbiidir ki,
yaradanlar var idi. Azərbaycan xalqının milli ruhda olan kommunistlərini mütləq
bir-birindən uzaqlaşdırmaq mirzoyanların, stalinlərin düşünülmüş planı idi.
Sonrakı peşmançılıq fayda verməz deyərlər. Belə sonradan peşman olanlardan biri
də Ə. Xanbudaqov idi. (hansı ki, o vaxtilə Nərimanova deyil, Mirzoyana arxalanır,
qurultayda təəssüflə etiraf etdiyi kimi Mirzoyanı özünə «ata» sayırdı - R.B.).
Xanbudaqov kimi Mirzoyanın hiyləsinə aldanan, sonradan bunu başa düşənlər çox
idi. H. Cəbiyevin L. Mirzoyana 1926-cı ildə yazdığı məktubu buna misaldır:
«...Açıq danışdığımız üçün heç birimiz inciməməliyik. Sən Ruhullanı aldatdın.
Vaxtilə sən məni də aldatmışdın. Ruhulla sənə etibar edib inanmışdı. O, möhkəm
əqidəli inqilabçıdır. Biz heç kimə imkan verməməliyik ki, bizim ümumi işimizi
ləkələsin, bunu ancaq sən edə bilərdin. 1920-22-ci illərdə vaxtilə sənə yaxın olan
adamları özündən uzaqlaşdırdın (Napaleon kimi) ...Sənin qeyri səmimi olan
mövqeyin 1924-25-ci illərdə məni fiziki cəhətdən sındırdı və məni xəstəliyə düçar
etdi» (13, f.l, s.122, iş 152, s.75).
Ə. Xanbudaqov artıq başa düşmüşdü ki, Azərbaycanı düşdüyü bu çətin
vəziyyətdən yalnız N. Nərimanov xilas edə bilər və Nərimanov kimi vətənpərvər
şəxslərin ətrafında birləşmək lazımdır. Ancaq N. Nərimanov ona inanmırdı. Bunu
onun vaxtı ilə Stalinə yazdığı məktubdan da aydın görmək olar. O, Stalinə
məktubuna əlavədə yazırdı: «yeri gəlmişkən həmin bu Xanbudaqov son vaxtlar
dəfələrlə başqa yoldaşların vasitəsilə mənə çatdırdı ki, guya mən həddən artıq açıq
fəaliyyət göstərirəm və onların (eserlərin) uğrunda mübarizə apardıqları işi
korlayıram. Mən cavab verdim: Mənim partiyadan gizli heç bir sirrim yoxdu və
gələcəkdə də belə hərəkət edəcəyəm. Keçən yaz Xanbudaqov Moskvada olarkən,
S. M. Əfəndiyev vasitəsilə məndən xahiş etmişdir ki, hansısa bir söhbət üçün onu
qəbul edim. Mən Əfəndiyevə rədd cavabı verib dedim: O, fırıldaqçıdır, mənim
onunla heç bir işim ola bilməz. Üçüncü dəfə S. M. Əfəndiyev məni razı sala bildi
və dedi: Ona qulaq asmaq lazımdır, bəlkə öz səhvlərindən peşman olub, mən
yoldaş Əfəndiyevə güzəştə getdim. Onu qəbul etməyə razılıq verdim. Əfəndiyevin
yanındaca onu qəbul etdim. O, hələ oturmamış mən onu bu sözlərlə qabaqladım.
Mənim partiyadan gizli sirrim yoxdu və sənin bütün bunları Serqo Orconikidzeyə
çatdıracağını bilməyimə baxmayaraq, mən açıq danışmağa öyrənmişəm. O, bu
sözdən incidi və heç bir şey demədən çıxıb getdi» (90, s.57).
Belə vəziyyət, bir-birlərinə bu cür inamsızlıq sonralar onların hər ikisi
üçün çox faciəli oldu, həm də bu inamsızlığı yaradırdılar da.
Bununla belə Ə. Xanbudaqov öz mübarizəsini davam etdirirdi. Bir neçə il
keçdi. 20-ci illərin axırlarında Xanbudaqov 1923-cü ildəkindən daha çətin
mübarizəyə, stalinizmə, totalitar dövlət quruluşuna, ölkədə baş alıb gedən
haqsızlıqlara və əyintilərə qarşı kəskin mübarizəyə girişməli oldu.
1927-ci ildə İosif Stalini açıq-açığına tənqid etmək, bu azmış kimi, hələ
üstəlik də Stalinin başçılıq etdiyi Mərkəzi Komitənin həm siyasi, həm də təşkilati
xəttini və işini yarıtmaz qiymətləndirmək çox cəsarətli və həm də riskli bir iş idi.
Ə. Xanbudaqov bununla özünü təqiblərə məruz qoydu. Çəkinməyərək, Stalinin
«atəşi sola» cəmləşdirmək şüarının əsas məqsədini dərindən duymuş, onun ölkənin
həm xarici, həm də daxili siyasətinə, partiyanın özünə, xalqa böyük ziyan
vuracağını görmüş və məhz bunlara görə də Stalini haqlı olaraq tənqid etmişdi.
Doğrudur, bu mübarizədə əksəriyyət onu müdafiə etmədi. Ancaq bu böyük
əksəriyyət az sonra Xanbudaqovun haqlı olduğunu öz acı həyat təcrübələrində,
həyatlarında gördülər.
Ə. Xanbudaqov isə öz mübarizəsini təklikdə davam etdirirdi. Ona
«trotskiçi» damğası vurdular, sonralar müxtəlif vəzifələrdə işləyəndə də,
Azərittifaqın sədr müavini vəzifəsində çalışanda da daim nəzarət altında oldu.
Ancaq haradasa bilirdi ki, repressiyalar ondan da yan keçməyəcəkdir (Xanbudaqov
SSRİ Ali məhkəməsi hərbi kollegiyasının 1938-ci il 12 oktyabr tarixli hökmü ilə və
23 iyul tarixli qərarı ilə güllələnməyə məhkum edilir. 1958-ci ildə iş cinayət
tərkibli olmadığından ona bəraət verilir.) (13, f.12, s.l, iş 523, s.1). Bütün bunlara
baxmayaraq, çox vaxt öz mübarizəsində tək qalsa da, apardığı mübarizə təsirsiz
qalmadı, Ə. Xanbudaqovun çıxışları Azərbaycan kommunistlərı arasında müəyyən
bir hərəkata səbəb oldu. Bu hərəkat Moskvanın zorakı tədbirləri ilə nəticələndi.
Xanbudaqov repressiyanın qurbanı olduqdan sonra Azərbaycanda partiya
rəhbərliyinə Moskvadan təyin olunan yabançı adamlar göndərildilər. Onlar
partiyanı Ə. Xanbudaqov tərəfdarlarından təmizlədilər (99, s.95).
M. Ə. Rəsulzadə yazırdı: «Siyasət adamlarından sonra ədəbiyyata,
incəsənətə, elmə mənsub olan bütün görkəmli şəxsiyyətləri eyni şiddət və
töhmətlərlə təmizlədilər... Yeni sovet konstitusiyasının qəbulundan və rus
hərflərinin tətbiqindən sonra Azərbaycan bolşevik terrorunun yeni bir mərhələsi
başlandı. Məmləkətin həyatında az çox rolu olan adamlar aradan götürüldü. Sovet
«Azərbaycanının yubileyi qeyd olunduğu gün, məsələn, «tarixi günün qəhrəmanı»
kimi öyüləcək yerli bir ad tapılmadı. İlk Azərbaycan İnqilab Komitəsinin sədri
doktor N. Nərimanovun adı belə çoxdan ölüb getməsinə baxmayaraq, «milli
sapıntçı xainlərin hamisi kimi» ifşa edildi (99, s.102).
Sənədlərin araşdırılması belə fikir söyləməyə əsas verir ki, artıq 20-ci
illərin ortalarından etibarən bolşevik üsul-idarəsindən nəinki təkcə xalq, hətta bu
rejimin qurulmasında yaxından iştirak edən, vaxtilə sosializm ideyalarına son
dərəcə aludə olmuş, illiuziyalara qapılmış çox rəhbər azərbaycanlı kommunistlər
də narazı qalaraq, aldandıqlarını başa düşmüşdülər. Bunu N. Nərimanovun
silahdaşlarından Əhməd Əhmədovun
*
, B. Talıblının, M. Qədirlinin, T. Şahbazinin
və b. arxivdə toplanmış yazılı ifadə və məktublarından aydın görmək olar. Onlar,
N. Nərimanovun ölümündən az qabaq siyasi baxışlarının dəyişməsi haqqında çox
maraqlı fikirlər söyləyirlər. Məsələn, Ə. Əhmədov N. Nərimanovun 1925-ci ilin
martında ölümündən az qabaq Bakıya gəlişi haqqında yazır: «Həmişə olduğu kimi
təmayülçü rəhbərlər Qədirli, Şahbazi, Abdulbaği Məmmədzadə, Əhmədov,
Mahmudbəyov, Muxtar Hacıyev və b. onun başına yığışıb hazırki siyasi vəziyyət
və gələcək planlar haqqında söhbət aparırlar. Belə qəti fikrə gəlirlər ki, Moskvanın
Azərbaycanda yeritdiyi siyasət Azərbaycan xalqının mənafeyinə ziddir. Onlar
hesab edirdi ki, Rusiyanın siyasəti nəinki Azərbaycanda, bütün Şərqdə iflasa
uğrayır. Əhmədov deyirdi ki, indi bizə heç kim inanmır, elə başa düşürlər ki,
«qırmızı imperializm» siyasəti yeridirik. N. Nərimanov və Qədirlinin fikrincə
vəziyyətdən çıxmaq üçün hakimiyyət «təmayülçü»lərin əlinə keçməlidir. Ancaq bu
çox çətindir. Çünki, mərkəz ancaq vahid böyük rus siyasəti tutur. Onlar bizim
hakimiyyətə gəlməyimizi heç eşitmək istəmirlər. N. Nərimanovun təkcə ümidi ona
idi ki, Mərkəzdə əgər xarici-daxili çətinliklər əmələ gələrsə, böhran yaranarsa,
*
Qeyd: Azərbaycan Respublikası Mərkəzi Dövlət Siyasi Par. və İct. Hər. arxivinin sənədlərinə əsasən
1900-cü ildə anadan olmuş Əhmədov Əhməd Baxış oğlu haqqında aşağıdakılar müəyyən edildi: 1918-
19-cu ildə mətbəədə korrektor; 1920-21-ci il hərbi məktəbdə hərbi komissarın köməkçisi; 1921-22-ci
ildə 26-lar adına 1-ci atıcı alayı hərbi komissarı; 1922-23-cü ildə Qaubitsa (top) batereyası; 1923-24-cü
ildə Azərbaycan diviziyası; 1924-25-ci ildə AKb/P MK-sı təlimatçı; 1925-27-ci ildə Partiya tarixi
institutunda elmi işçi; Ə. B. Əhmədov 1916-17-ci ildə sosioloq-inqilabçı (eser), 1917-19-cu illər sol
sosial inq., 1919-cu ildən əvvəl Hümmət, sonra isə Kommunist partiyasının üzvü oldu. 1927-ci ildə Ə.
B. Əhmədov Az.BSİ (AzQPU) tərəfindən həbs edilməsi ilə əlaqədar işdən çıxarılır və onun elmi işinin
nəşri dayandırılır. AK/b/P təftiş komissiyası Par. Kom-sının 1928-ci il 21 mart tarixli iclasının qərarına
əsasən həbsdə olan Əhmədov Əhməd Baxış oğlu 1925-ci ildən qeyri-leqal Müsavat Partiyasının xeyrinə
fəaliyyət göstərdiyi, Balaxanı kəndində müsavat özəyi yaratdığına görə AK/b/P sıralarından xaric edildi.
1928-ci ildə güllələnmışdi. (13, f.l, s.122, iş 153,v.3-7).
yalnız bu yolla əsl hakimiyyəti biz öz əlimizə ala bilərik. Əhmədovun dediyinə
görə, Nərimanov özü etiraf edirdi ki, bu millətlər əldə olunmuş nailiyyətlərə,
diktaturanın yaratdığı çətin rejimdən qorunmaq üçün, məhv olmamaq naminə, bu
inkişafa çatıblar. Əhmədov qeyd edirdi ki, siz (yəni N. Nərimanov) hesab edirsiniz
ki, SSRİ-də heç bir sosializmdən söhbət gedə bilməz. Ona görə ki, Rusiyada
sosializm qurmaq üçün heç bir şərait yaranmayıb. Siz dünya inqilabı ideyasına
artıq inanmırsınız. Onda daha sizin kommunizmdən nə qalır? Əgər siz özünüzü
kommunist hesab edirsinizsə, onda siz özünüz-özünüzü aldadırsınız.» (13, f.12, s.l,
iş 152, s.29-30).
Əhmədov onlara sübut etməyə çalışırdı ki, «mənim Rusiyadakı
kommunizm ideyalarına inamım itib. Əvvəl-axır bu quruluş dağılacaqdır.
Marksizmlə leninizm arasında ümumi bir şey yoxdur. Rusiyanın təcrübəsindən
məlum oldu ki, sosializmə keçid birinci növbədə möhkəm iqtisadi-mədəni bazanın
möhkəmliyində mümkün ola bilər. Amma Rusiyada bu hələ görsənmir. İkinci,
sosializmə demokratiya yolu ilə gəlmək olar. Diktatura və vətəndaş müharibəsi
yolu ilə yox. Biz gördüyümüz diktatura deyil, tarixdə analoqu olmayan bir
irticadır.» (13, f.12, s.l, iş 152, s.33).
Əhmədovun yazdığına görə onlar bir çox vacib məsələlər ətrafında -
bolşevik rejiminin hansı tərəfdən dağılmasının mümkünlüyü, diktatura rejimindən
demokratiya rejiminə keçməyin yolları, kominternin rolu və s. məsələlər barəsində
diskussiyalar aparmışlar.
N. Nərimanov Moskvaya qayıdandan az sonra onun acı və müəmmalı
ölüm xəbəri bütün vətənpərvər azərbaycanlıları, o cümlədən onun silahdaşlarını
çox sarsıtdı, onlara böyük zərbə vurdu, beləliklə də «təmayülçülərin» bazası
dağıldı (N. Nərimanovun bu fikirlərini mərkəz artıq hiss etmişdi, ona görə də
Nərimanov kimi bir rəhbərin həyatda qalması onlara sərf etmirdi - R.B.).
«Təmayülçü» hakimiyyətin tərkibi haqqında Ə. Əhmədov bildirirdi ki,
xarici və daxili çətinliklər yarandıqda, Moskva əgər Azərbaycanın taleyini,
hakimiyyətini təmayülçülərə verərsə, onlar aşağıdakı tərkibdə hakimiyyəti təşkil
etmək, «İctimai-etimad» adlı hökumət qurmaq istəyirdilər. Qədirli, T. Şahbazi,
Kazımov, Teymur Əliyev, Talıblı, D. Bünyadzadə, Abdulbaqi Məmmədzadə, Ə.
Əhmədov, Cəmil Vəzirov, Əyyub və Mahmud Xanbudaqovlar və b. (N.
Nərimanovun ölümündən sonra)...
Xalq Komissarlar Sovetinin sədri M. Qədirli, partiya aparatına gəldikdə
isə AK(b)P MK-nın baş katibi S. M. Əfəndiyev, AK(b)P-nın katibi Həbib Cəbiyev
(əgər o tam təmayülçü platformasını qəbul etsə), əks təqdirdə AKP BK katibi D.
Bünyadzadə ya da T. Şahbazi olmalı idi. (O rəhbər işçilər ki, özlərinə ləkə
salmamışdılar, təmayülçülərə qarşı mübarizə aparmamışdılar - R.B). Vacib
vəzifələri təmayülçülər tutmalı idilər. Milli baxışlı kommunistlərin düşmənlərini
Moskvaya qovmaq nəzərdə tutulurdu. Onların planlarında sonralar Moskva ilə yeni
əlaqələr yaratmaq, Zaqafqaziya Federasiyasının ləğvi, milli ordu yaratmaq və s.
kimi mühüm işlər öz əksini tapmışdı. Təmayülçülərin planları demək olar ki, kor-
təbii idi. Hətta onlar ermənilərlə qardaşlıq münasibəti haqqında da öz planlarında
qeyd edirdilər (13, f.12, s.l, iş 152, s.49-50).
N. Nərimanovun oğluna bitməmiş məktubunda yazdığı kimi: «Bəlkə də
sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq. Ancaq bu o demək deyil ki,
bolşevizm lazım deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona
lazımi qiymət verməmiş, işimizə pis yanaşmışıq... Açıq demək lazımdır: biz əldə
etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və
çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq» (99, s.65).
Partiyadaxili ixtilafların dövlət idarəçiliyinə və quruculuğuna mənfi
təsirləri çox idi. Bu sağlam rəqabətdən çox, şəxsi intriqalara, çəkişmələrə daha çox
sirayət edirdi. Lakin bu quruluşun özünəməxsus müsbət dəyərləri də var idi.
Obyektivlik baxımından onlara da diqqət yetirilməlidir. Ancaq bir faktla tam
razılaşmaq lazımdır ki, iqtisadiyyatı zəif olan bir ölkədə yeni quruluşun müsbət
nəticələrindən danışmaq çətin idi.
Azərbaycanda, milli baxışlarına və mübarizliyinə görə seçilən Böyükağa
Talıblının Ruhulla Axundova yazdığı məktubda, rəhbərlikdə olan siyasi ab-hava
çox aydın əks olunmuşdu. Həmin məktubun qısaca məzmunu belə idi: «...çox
güman ki, mənim ilk məktubumdan narazı olmağımı anlamısan. Bir dəfə
Myasnikov mənə dedi: «Nə olub sənə, niyə hay-küy salırsan? İndi ki, Nərimanov
bütün Sovet İttifaqında rəhbərlik edir. Nədən narazısan?» Mən dedim: «Bəli düz
buyurursunuz.
Onun
«rəhbərliyi» Hüseynovun Tiflisdə, Musabəyovun
Azərbaycanda «rəhbərliyinə» bənzəyir. Məni narahat edən ayrı sualdır - indiki
zamanda türk kommunistlərinə qeyriləri nə cür baxırlar? Heç olmasa onlardan bir
nəfər hörmətlə qarşılananı varmı?...
Məhz bu laqeydliyin nəticəsində mövcud olan acınacaqlı vəziyyət
mümkün olub, yerli inqilabçılar öz simalarını dəyişərək, insan ləyaqətini ləkələyən
bir mövqe tutublar. Vəzifə və rəhbərlik mənbələri milli mənafelərdən uzaq olan
manqurtların əlində olduğuna görə, yerli yoxsul, türk kommunistləri vəzifə əldə
etmək üçün yaltaqlanıb hər cür xidmətlər göstərib «xozeynin» xoşuna gəlməyə
çalışırlar.
Belə vəziyyəti görərək mən düşünürəm: heyif hədər keçən günlərdən
cəhalətə sərf edilib, yerdə qalanı isə peşmançılığa. Vəzifə pillələri ilə qalxaraq,
mən Qafqazda keçirilən siyasətə cavabdeh olan şəxslərin əsl qatı millətçi
olduqlarının şahidiyəm. O şəxslər ki, Azərbaycanda özlərini millətpərvər kimi
qələmə veriblər. Tiflisdə və İrəvanda ən qatı millətçi olduqlarını aşkar etdilər və bu
yolla irəliləyirlər. Bizimkilər isə siyasətlərini onların tələbatlarına uyğunlaşdırırlar.
Sərhəd komissiyalarında, ticarət komissiyalarında, maliyyə idarələrində və
hamısında azərbaycanlı nümayəndələr yalnız «pərdə» rolunu oynayırlar. Bütün
Zaqafqaziyada vəziyyət o yerə gəlib çıxıb ki, türk kommunistlərinin vəzifəsi yalnız
hazırlanmış qanun layihələrinə və qərarlarına imza qoymaqdan ibarətdir, o da ki,
ona görə ki, siyasi tələblərə uyğun olaraq «müsəlman imzası» lazımdır...
Bu günkü məktubumu onunla tamamlayıram ki, Azərbaycanda inqilabi,
siyasi və ictimai tərbiyə düzgün yoldan ayrılaraq, cəsarətli qəhrəmanlar
yetişdirmək əvəzinə, yaltaqlar, riyakarlar, manqurtlar və s. nalayiq kadrlar
yetişdirmək yolu ilə gedir. Hörmətlə B. Talıblı. 27.01.24» (13, f.l, s.122, iş 571, s.
58.).
Türk diplomatının qısa müddətli müşahidə nəticəsi, - «...faktiki olaraq
Azərbaycanın bütün siyasətinə onu qətiyyən tanımayan və onunla heç bir yaxınlığı
olmayan Orconikidze rəhbərlik edir», - M. Ə. Rəsulzadənin qənaəti, - «məmləkəti,
guya ki, Azərbaycanın Kommunist partiyası idarə edirdi... İmzanı nərimanovlar,
əliheydərlər atırdısa da, hökmləri mikoyanlar, çorayevlər və solovyovlar yazırdı»
(33, s.121).
20-ci illərdə Azərbaycanda sovet üsul-idarəsinin dövlətçilik siyasətindən
nəinki rəhbərlikdə milli ruhlu kommunistlər, eyni zamanda zəhmətkeş fəhlələr
arasında xüsusi ilə seçilən Bakı müxalifətçiləri də narazılığa və mübarizəyə
başlamışdılar. Bakı müxalifətçilərinin sovet hökuməti və hegemon partiya olan
kommunist partiyasının apardığı özbaşınalığa qarşı fəaliyyəti genişlənmişdi. Belə
ki, Mərkəzdən Trotski və Zinovyevin bilavasitə rəhbərliyi ilə Zaqafqaziyada
müxalifətçi mərkəz yaradılmışdı. Bu mərkəzə Gürcüstan müxalifətçilərinin başçısı
Mişa Okuçava rəhbərlik edirdi. Həmin mərkəzə Bakı müxalifətçilərindən Qrişik,
Məmmədlinski, Şebarşov daxil idi.
Mübarizənin kəskinləşdiyi bir vaxtda Azərbaycanda müsavatçılar,
ittihatçılar, qolçomaqlar da mübarizəyə qoşuldular.
«...1924-cü ilin əvvəllərində Mirzəbəy Xanlarov və başqaları tərəfindən
təşkil edilən burjua - millətçi və dini xarakter daşıyan «Azadis» partiyası da
əksinqilabı iş aparırdı. Lakin 1929-cu ilin axırlarında həmin partiya onun fəal
üzvlərinin həbs edilməsi yolu ilə ləğv edildi. Beləliklə, sinfi mübarizənin
kəskinləşdiyi bir zamanda müsavatçılar, ittihatçılar, qolçomaqlar, ruhanilər bir
sözlə, bütün əksinqilabçılar birləşib sovet hakimiyyətinə qarşı vahid cəbhə təşkil
etmişdilər» (67, s.138).
Bakı müxalifətçilərinin ilk fəaliyyəti 1926-cı ilin axırları və 1927-ci ilin
əvvəllərindən başlanır. Zinovyev Bakı müxalifətçilərinin başçısı Məmmədlinski ilə
söhbət edərkən Bakı müxalifətçilərinə Əyyub Xanbudaqovun millətçi qrupu ilə
birləşməsini ona məsləhət görmüşdü... Zinovyev Məmmədlinskiyə göstəriş
vermişdi ki, plenum və qurultaydakı diskussiyaya ciddi hazırlaşsınlar və mümkün
qədər rəhbər işçilərdən bir neçəsini öz tərəflərinə çəksinlər. Azərbaycan
müxalifətçiləri tərəfində rəhbər işçi yox idi. Əyyub, Mahmud və Nəbi
Xanbudaqovlar müxalifətçilərlə birləşərək Bakı təşkilatında, xüsusilə Bayıl-
Bibiheybət rayonunda böyük fraksiyaçı iş aparmış, Bayıl - Bibiheybətdə,
Balaxanıda müxalifətçi dərnəklər təşkil etmiş və diskussiya zamanı xüsusi
canfəşanlıq göstərmişdilər (67, s. 111).
Bakı müxalifətçiləri Moskvadan gətirilən sovet hökuməti əleyhinə
ədəbiyyatı geniş yayır, gizli yığıncaqlar keçirir, mübahisəyə hazırlaşır, partiyaya
yad olan, dövlət siyasətindən narazı olan adamlardan istifadə edirdilər. 1927-ci il
dekabrın 1-də AK(b)P BK-da keçirilən müşavirədə Bakıda mübahisəyə yekun
vuruldu. Mübahisə noyabrın 12-dən ayın axırınadək davam etmişdi (67, s.116).
AK(b)P-nin VIII qurultayında (noyabr 1927-ci il) Azərbaycan partiya təşkilatı
müxalifətə qarşı güclü hücuma keçdi. Bakı müxalifətçiləri ideya və təşkilatca
darmadağın edildi.
Beləliklə də, hələ 20-ci illərdə Azərbaycanın dövlətçilik siyasətində
aparılan birmənalı siyasət, xalqın və bir çox azərbaycanlı rəhbər işçilərin
mübarizəsinə səbəb olmasına baxmayaraq, antiazərbaycan qüvvələrin qələbəsi ilə
başa çatdı. N. Nərimanov, Ə. Xanbudaqov və b. milli ruhlu, xalqını düşünən
kommunistlərin aqibəti təbii idi, lakin vaxtilə onlara qarşı mirzoyanlar tərəfindən
ələ alınmış R. Axundovun, Ə. Qarayevin, H. Sultanovun və b. «beynəlmiləlçi»
kommunistlərin taleyi də son dərəcə acınacaqlı oldu. «Pantürkist», «panislamist»,
«xarici dövlətə işləyən casus» və sair kimi ağır ittihamlarla damğalanaraq ya
güllələndilər, ya da «millətçi» damğası vurularaq sürgün edildilər.
Dostları ilə paylaş: |