AZƏrbaycan rəHBƏRLİYİNDƏ İXTİlaflar və daxiLİ Sİyasi ÇƏKİŞMƏLƏR


 Dövlət idarəçiliyində, yerli şərait və milli xüsusiyyətlərin nəzərə



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix03.02.2017
ölçüsü0,74 Mb.
#7318
1   2   3   4   5   6   7   8

1.3. Dövlət idarəçiliyində, yerli şərait və milli xüsusiyyətlərin nəzərə 
alınmaması 
 
Azərbaycanda  aprel  çevrilişindən  sonra  aparılan  siyasət,  Mərkəzin  milli   
mənafe  və  yerli  şəraitin  xüsusiyyətlərini  nəzərə  almaması  təbii  ki,  xalqın,  o 
cümlədən  rəhbərlikdə  milli  ruhlu  kommunistlərin  böyük  narazılığına  səbəb 
olmuşdu.  Bir  çox  məsələlərdə,  ərazi  bütövlüyünün  itirilməsinə  Mərkəzin  bitərəf 
yanaşması,  xüsusən  də  Azərbaycanın  milli  mənafeyinin,  tamamilə  mübahisəsiz 
ərazilərinin  Ermənistana  qurban  verilməsi  ilə  bağlı  gizli  sövdələşmə  ciddi 
narazılıqlara gətirib çıxarmışdı. 
RSFSR  xalq  xarici  işlər  komissarı  1920-ci  il  iyunun  22-də  RK(b)P  MK-
nın  Siyasi  Bürosuna  göndərdiyi  məlumat  vərəqəsində  «bakılı  yoldaşların 
intizamsızlığından  və  MK-nın  yeritdiyi  siyasi  xətlə  onların  hərəkətləri  arasındakı 
biabırçı ziddiyyətlərdən şikayətlənir və tələb edirdi ki, «onların cilovlanması üçün 
tədbirlər görülsün»... «Gürcüstan və Ermənistanın burjua dövlətləri ilə kompromis 
xətti  yeritmək  qərarına  gələrkən  «bakılı  yoldaşlar  öz  hərəkətləri  ilə  kompromisi 
pozur...,  mübahisəli  ərazilərin  Azərbaycana  birləşdirilməsini  tələb  edirlər.  Eyni 
zamanda  G.  Çiçerin  təcili  olaraq  «Azərbaycanlı  işçiləri  ələ  almaq  üçün  «Qafqaz 
xadimləri  qrupu  ilə  əlaqəsi  olmayan  nüfuzlu  bir  adamın  Moskvadan  təyin 
edilməsini  təklif  edir,  ümid  edirdi  ki,  mərkəzin  bu  nüfuzlu  nümayəndəsi  daima 
yerli yoldaşların qarşısını alacaq» (94, s.12). 
N. Nərimanovun Azərbaycan İnqilab komitəsinin sədri təyin edilməsindən 
bir ay sonra V. İ. Lenin Serqo Orconikidzeyə teleqram göndərərək, «Azərbaycanın 
bütün  xarici  və  daxili  siyasətinə  rəhbərliyi  ona  həvalə  etmişdi»  (13,  f.268,  s.26,    
s.51,  s.263).  Orconikidzeyə  göstərilmiş  bu  «etimad»  əslində  Nərimanovu   
respublikaya  rəhbərlikdən  uzaqlaşdırmaq,  yalnız  Azərbaycanda  deyil,  bütün 
Qafqazda 
Mərkəzin 
nümayəndəsi 
kimi 
Orconikidzenin 
mövqeyini 
möhkəmləndirmək demək  idi. N. Nərimanov ona göstərilən münasibəti yetərincə 
anlayırdı:  «Mərkəz  ancaq  Serqo  Orconikidzeyə  etibar  edib...  Ona  özünün  heç  bir 
xüsusi fikri olmayan, yalnız icraçı adamlar lazım idi». 
O, oğlu Nəcəfə bitməmiş məktubunda yazırdı ki,  «...hər dəfə dərk edəndə 
ki,  səni  hakimiyyətə  qabiliyyətin  üçün  deyil,  məcburən  təyin  etmişlər,  onda  sən 
daim vicdan əzabı çəkəcəksən, öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz 
qarşında  da  itirəcəksən.  Sənin  dünyagörüşündəki  sonrakı  pozulma  məhz  buradan 
başlayacaqdır» (90, s.66). 
Digər tərəfdən rəhbər kadrların seçilməsi sahəsində Azərbaycanın suveren 
hüquqları  kobud  şəkildə  pozulurdu.  Mərkəz  Azərbaycana  ondan  soruşmadan 
razılaşdırmadan,  nəinki  təkcə  partiya  işinə,  habelə  dövlət  və  təsərrüfat  işlərinə   
adamlar  göndərirdi,  Onlar  isə  əslində  Azərbaycan  hökumətini  saymır,  ona  tabe 
olmur,  Azərbaycanın  mənafeyini  qorumurdular.  Halbuki  respublikada  mühüm 
sosial  və  siyasi  vəzifələr,  milli  şərait,  Azərbaycanın  öz  spesifik  xüsusiyyətləri  

nəzərə  alınmaqla  yerinə  yetirilə  bilərdi.  Bu  vəzifələri  ancaq  yerli  şəraitə  yaxşı 
bələd  olan,  əhalinin  əsas  kütləsi  ilə  (ilk  növbədə  kəndlilərlə)  eyni  dildə  danışan,  
kütlələrin ənənələrini, ehtiyaclarını, tələblərini, məişət xüsusiyyətlərini başa düşən 
kadrlara  arxalanmaqla  yerinə  yetirmək  olardı.  20-ci  illərin  əvvəllərində  yerli 
millətdən olmayan və Azərbaycan kəndi ilə zəif əlaqə saxlayan fəhlələr əksəriyyət 
təşkil  edirdilər.  Məsələn,  Azneftin  46  min  nəfər  fəhləsindən  yalnız  7  min  nəfəri 
azərbaycanlı idi (102, s.168). 
N.  Nərimanov  bu  siyasətin  əleyhinə  çıxaraq  «Ucqarlarda  inqilabımızın 
tarixinə  dair»  (İ.  V.  Stalinə  məktubunda)  yazırdı:  aşağıda  mən  bəzi  statistik 
məlumatlar  göstərirəm  ki,  bunlar  mərkəzin etimadını  qazanmış  məsul  yoldaşların 
müstəmləkəçilik siyasətini daha yaxşı əks etdirir. 
Azərbaycanın  paytaxtında  türklər  Bakı  Sovetinin  qulluqçularına  istər-
istəməz yazılı və şifahi şəkildə müraciət etdikdə bu müraciət rus dilində olmalıdır. 
Belə ki, ruslar, yəhudilər və ermənilər türk dilində danışmırlar. 
Mən  bildirirəm  ki,  Dövlət  Dumasında  olanda  türk  əhalisi  belə  sıxıntıya 
məruz qalmırdı. 
Bəs Bakı qəzasında yerləşən 76 türk kəndinin əhalisi öz işləri üçün şəhərə 
gəlib və Bakı Sovetinə müraciət etdikdə necə təəssürat yaranır? 
Bəs türklər üçün məktəblərin, uşaq evlərinin sayı? 
Lakin hər şeydən dəhşətlisi təqaüdçü tələbələrin sayıdır: 30 rus və 5 türk. 
Daha  dəhşətlisi  isə  bu  məsul  fəhlə  yoldaşların  fəhlə  uşaqlarına 
münasibətidir. 
Fabrik-zavod-şagirdlik  məktəbləri  adlanan  təhsil  ocaqlarının  sayı  17, 
burada  rus  uşaqlarının  sayı  1192,  müsəlman  fəhlələr  üçün  isə  26.  Məgər  bütün 
bunlar yoldaş Kirov və Mirzoyana bəlli deyil? Məgər Mirzoyan və başqalarının bu 
cür cinayətkar siyasətini müdafiə edən R. Axundov və ona bənzər türklər bunu hiss 
etmirlər? (90, s.49-50). 
N.  Nərimanovun  il  boyu  təkid  etdiyi,  partiyadaxili  ixtilafa  səbəb  olacaq  
mövqeyi-idarəetmə metodlarının yumuşaldılması, psixoloji durumun, yerli şəraitin 
nəzərə  alınması  kimi  şərtlərindən  daha  irəli  gedən  başlıcası  keyfiyyət  dönüşünü 
nəzərdə tutan partiya xətti irəli sürüldü. Qonşu respublikalarda yeni hakimiyyətin 
qurulması  sovet  məkanında  islahata  dönüş  dövrünə  təsadüf  etdiyi  halda,  artıq 
Azərbaycan «hərbi kommunizm» siyasətinin bəhrəsini görmüşdü. 
RSFSR-in  siyasətində  qarşıda  duran  ən  ümdə  vəzifələrdən  biri  Bakı 
neftinin  konsessiyası  məsələsi  idi.  Azərbaycan  rəhbərliyinin  iştirakı  və  rəyi 
mərkəzi maraqlandırmadığından, Bakı neftinin taleyini Moskva tək həll edirdi. Bu 
da  təbii  ki,  Bakıda  birmənalı  qarşılanmayan  narazılığa  səbəb  olmuşdu. 
Mübahisələrin  davam  etməsi  ilə  əlaqədar  nəzərdə  tutulan  sahələr  icarəyə 
verilməmiş  qalırdı.  1920-1922-ci  illərdə  A.  Serebrovskiyə  RSFSR  Ali  Xalq 
Təsərrüfat  Şurası  tərəfindən  verilmiş  çoxsaylı  mandat  və  vəkalətnamələrdə  ona 
Azərbaycanın bütün neft sənayesini şəriksiz idarə etmək tapşırılırdı. 

«Neft  və  neft  məhsullarını  xarici  bazara  çıxaran  Serebrovski  çevik  və 
geniş ticarət əməliyyatları həyata keçirmişdi» (143, s.12-15). 
Beləliklə,  Azərbaycan  neftini  öz  istədiyi  kimi  «sağa-sola  dağıdaraq» 
Nərimanovun  qeyd  etdiyi  kimi  «sovet  Azərbaycanını  tanımaq  istəməyən» 
Serebrovski  həqiqətən  də  ilk  gündən  özünü  Azərbaycan  neft  sənayesinin  «tacsız 
kralı» kimi aparır, respublikanın hakimiyyət orqanları ilə əsla hesablaşmırdı. Hətta, 
öz  neftindən  ehtiyaclarını  ödəmək  üçün  Azərbaycana  icazə  verilmirdi.  Belə  ki, 
1923-cü  il  fevralın  27-də  Azərbaycan  SSR  Xalq  Komissarları  Sovetinin  sədri  Q. 
Musabəyova  göndərdiyi  məktubunda  A.  Serebrovski  yazırdı  ki,  «Sizinlə  şəxsən 
danışmağımıza  əlavə  olaraq  onu  da  bildirirəm  ki,  Azərbaycan  hökumətindən  pul 
ala  bilmədiyimiz  üçün  fəhlələrin  əmək  haqqını  ödəyə  bilmirik.  Ona  görə  də 
Azərbaycan  neft  komitəsi  Azərbaycan  SSR  Xalq  Komissarları  sovetinin  göstərişi 
ilə  Azərbaycan  üçün  neft  məhsulları  buraxmayacaq».  Necə  deyərlər,  bağ  yiyəsi 
bağına qıydı, bağban bir salxım üzümə qıymadı» (93,21.07.2001). 
Neft sənayesində milli kadrlara olan ögey münasibət, onlara etimadsızlıq, 
inamsızlıq  Serebrovskinin  işində  özünü  bariz  göstərirdi.  Azərbaycanlı  fəhlələr, 
ixtisaslı,  təcrübəli  neftçilər  işdən  çıxarılaraq,  əvəzinə  «mədənlərdə  işçi  qüvvəsi 
ehtiyacını təmin etmək üçün Konstantinopoldakı 5 mindən çox vrangelçi əsgərləri 
Bakıya  gətirməyə  nail  olmuşdu».  Odur  ki,  1921-ci  ildə  müxtəlif  bəhanələrlə  bir 
neçə  dəfə  İstanbula  uzun  müddətli  ezamiyyətə  gedir,  «fəhlələr  üçün  ləvazimat» 
gətirmək pərdəsi altında olan bu ezamiyyət nəticəsində  «1921-ci ilin iyul-oktyabr 
aylarında 1500-dən yuxarı vrangelçi və onların ailə üzvləri gətirilərək Azneftkom 
hesabına Bakıdan Rusiyanın müxtəlif yerlərinə yola salınmışdı... 1923-cü il aprelin 
15-nə  olan  məlumata  görə  hazırlanmış  və  mayın  8-də  A.  Serebrovski  tərəfindən 
imza edilmiş siyahıda həmin sistemdə Vrangel ordusunda, habelə Denikin, Kolçak 
və  erməni  daşnak  ordularında  xidmət  etmiş  65  zabitin  adı  daxil  olmuşdu»  (93, 
22.07.2001). 
Azneftkomda gəlib işləyən vrangelçilər artıq 1921-ci ilin axırlarında neft 
sənayesi  sahəsində  gizli  təxribatlara  başlayırlar.  Onlar  neft  sənayesinin  bərpasına 
hər vasitə ilə mane olmaq istəyirlər. Mədənlərdə avadanlıqları xarab edir, yanğınlar 
törədir,  fəhlələr  arasında  Sovet  hökumətinə  qarşı  təbliğatlar  aparır  və  b.  təxribat 
əməlləri törədirdilər. Buna görə də 1922-1923-cü illərdə vrangelçilər ciddi nəzarətə 
götürülür (93, 22.07.2001). 
Çevrilişdən sonra Azərbaycan öz neftindən demək olar ki, məhrum edildi. 
Xüsusən  Bakıda  Neft  sənayesinə  qeyri  millətlərin  nümayəndələri  -  ermənilər, 
ruslar, yəhudilər daha çox cəlb edildilər. O zaman Azneftin sədri kimi respublikaya 
göndərilən  Serebrovski  ilə  N.  Nərimanov  arasında,  neft  məhsullarının  müəyyən   
faizini  Azərbaycanın  hesabına  verilməsi  üstündə  narazılıqlar  olmuş,  hətta 
Nərimanov  Siyasi  Büroda  respublikanın  xeyrinə  qərar  qəbul  etdirməsinə 
baxmayaraq, Kirov və Mirzoyan, eləcə də Serebrovski bu qərara əhəmiyyət vermir
əksinə sərvətimizi öz bildikləri kimi talan edirdilər. 

N.  Nərimanov  «Ucqarlarda  inqilabımızın  tarixinə  dair»  məktubunda 
yazırdı:  «Sovet  Azərbaycanı  özü  könüllü  olaraq  neftin  Sovet  Rusiyası 
zəhmətkeşlərinə mənsub olduğunu elan etmişdir, lakin sovet respublikasında başda 
«kral» Serebrovski olmaqla «Monarxiya yaratmaq nəyə lazım idi, o indiyənə qədər 
elə bilir ki, azərbaycanlıları aypara və ulduzlarla aldadır... 
Azərbaycan  birinci  il  nəinki  neft  verir,  hətta  öz  dövlət  kassasından 
fəhlələrin məvacibini də ödəyirdi. Bundan artıq beynəlmiləl nə ola bilər?... 
Əgər  indi  Neftkomun  və  Baksovetin  qulluqçularının  tərkibinə  nəzər 
salınarsa, onda qərəzsiz müşahidəçi dəhşətə gələr. Yerli müsəlman mühəndislər və 
ümumiyyətlə,  ziyalılar  alver  edir,  bu  müəssisələr  isə  rus,  erməni  və  yəhudilərlə 
doldurulmuşdur. 
Azərbaycan  kəndlisi  ağ  neft  olmadığı  üçün  talaşa  yandıranda, 
azərbaycanlı  vətəndaş  Tiflisdə  ağ  neftin  Gəncədəkindən  ucuz  satıldığını  görəndə, 
istər-istəməz bütün bunları  törədənlərin ünvanına tənə, müstəmləkəçilikdə ittiham 
və s. eşitməyə məcbur olursan.»  (90, s. 35-36). 
1922-ci  il  yanvarın  18-21-də  keçirilən  IX  Ümumbakı  Partiya  Konfransı 
bir  çox  məsələləri  müzakirə  etdi.  «Azərbaycan  işçilərinə  Mərkəzin 
«Direktivlərindən»  irəli  gələn  vəzifələr  IX  Ümumbakı  Partiya  Konfransında  da 
prinsipial  müzakirə  mövzusu  olmadı.  Bakı  Komitəsi  adından  hesabat  verən  L. 
Mirzoyan  işi  elə  qələmə  verməyə  çalışırdı  ki,  guya  təşkilatda  hər  şey  yerli-
yerindədir. O, Direktivlərin əhəmiyyətini hər vəcdlə kiçiltməyə cəhd göstərirdi, bu 
sənədin  qəbul  olunmasını  MK-nın  pis  məlumatlandırılması  ilə  izah  edərək  dedi: 
«RK(b)P  MK-nın  Direktivləri  burada  müsəlmanlar  arasında  aparılan  iş  haqqında 
partiyanın Mərkəzi Komitəsində düzgün təsəvvür olmamasının nəticəsi idi. MK-ya 
çatdırılmışdı ki, burada Bakı təşkilatı türk fəhlələri arasında iş aparılmasına az, çox 
az fikir verir. Məhz belə birtərəfli məlumatın nəticəsi idi ki, biz RK(b)P MK-dan 
müvafiq göstərişlər və direktivlər aldıq» (144, s.7). 
N.  Nərimanov  çıxışında  qeyd  etdi  ki,  ən  əsas  ixtilaf  işin  dərinliyini  başa 
düşməməkdən doğmuşdur. O, mərkəzin yaxşı məlumatlandırılmaması haqqında L. 
Mirzoyanın  iddiasını  rədd  etdi.  «Yox,  yoldaş  Mirzoyan,  Mərkəz  pis 
məlumatlandırılmamışdır.  Əgər  siz  mərkəzdən  direktivlər  almısınızsa,  nə  üçün 
onların haqqında danışmırsınız?» (90, s.22). 
Direktivlər  elə  kağız  üzərində  də  qaldı.  Hətta  Mərkəzdə  həmin  sənədin 
hazırlanmasında iştirak edən Q. Orconikidze də ondan yan keçdi. Bu da ixtilaf və 
çəkişmələrin aradan qalxmasına heç bir təsir etmədi. 
IX Ümumbakı partiya konfransı neft məsələsinə də baxdı. Konfransda A. 
Serobrovskinin məruzəsi ətrafında geniş müzakirələr başlandı. 
Çıxış  edənlər  -  D.  Bünyadov,  N.  Nərimanov,  M.  Quliyev  A. 
Serebrovskinin məruzəsindən narazı qaldıqlarını bildirdilər. D. Bünyadov qeyd etdi 
ki,  Serebrovski istehsalat  haqqında  çıxış etdi,  ancaq fəhlələr haqqında  danışmadı. 
Burada oturan nümayəndələr yaxşı bilirlər ki, fəhlələrin vəziyyəti necədir, onlar bir 

neçə aydır ki, maaş almırlar. Fəhlələr və ixtisasçılar arasında olan fərq fəhlələri çox 
narahat edir. Buna diqqət etmək lazımdır. 
Əgər  biz  fəhlələrin  güzəranını  yaxşılaşdırmasaq,  keçən  ilki  hadisə  baş 
verəcək, fəhlələr qaçacaqlar (144, s.47). 
Konfransda  fəhlələrin  istismar  olunmasına  öz  narazılığını  bildirən  N. 
Nərimanov  onların  maddi  vəziyyətinə  xüsusi  diqqət  yetirmək  lazım  olduğunu 
xüsusilə  qeyd  edərək  göstərirdi  ki,  «Biz  uşaq  deyilik,  hər  şeydən  əvvəl  fəhlənin 
orqanizmasını  saxlamaq  lazımdır  ki,  o  lazım  olan  işi  görsün.  Orqanizmi 
saxlamasaq, iş irəli getməz. Aydındır ki, əgər fəhlənin qan azlığı varsa, qan azlığı 
da ondan irəli gəlir ki, o, lazımınca qidalanmır, təbiidir ki, işə başlayandan 2-3 saat 
sonra onun baş hərlənməsi olacaq, beləliklə də o, istehsal edə bilməyəcək. Bunun 
əsasında  demək  olmaz  ki,  fəhlə  özbaşınalıq  edir,  fəhlə  işləmir.  Bundan  başqa 
fəhlənin yeri dinc olmalıdır, isti yaşayış yeri ilə təmin olunmalı, əgər rütubət varsa 
onun  qarşısı  alınmalıdır.  Hazırkı  şəraitdə  fəhlədən  çox  şeyi  tələb  etmək  olmaz... 
Nərimanov  deyirdi  ki,  fəhlənin  ailəsi  haqqında  da  düşünmək  lazımdır.  Əgər  biz 
fəhləni lazımi cəhətdən təmin etməsək, o, evə gedəndə onun körpə uşaqları ona iti 
gözlə  baxacaqlar...  «Ata  mən  acam,  mənə  yemək  ver».  Belə  halda  fəhlə  işləyə 
bilərmi?  O  bütün  diqqətini  işə  verə  bilərmi?  Yox,  bu,  fəhləni  əsəbiləşdirər,  onda 
narahatlıq yaradar (144, s.49). 
Azərbaycan  sovetləşəndən  az  sonra  milli  mənafelərin  nəzərə  alınmaması 
özünü  ruslaşdırma  siyasətində  daha  qabarıq  göstərdi.  M.  Ə.  Rəsulzadə  «Çağdaş 
Azərbaycan  tarixi»  əsərində  məsələni  işıqlandırırdı:  «Azərbaycanda  rus-bolşevik 
hakimiyyətinin  ruslaşdırma  siyasəti  iki  şəkildə  təzahür  edir:  iqtisadiyyatda 
mərkəzləşdirmə; mədəniyyət sahəsində ruslaşdırma». 
İqtisadi  mərkəzçilik,  məmləkəti  Moskvanın  nəzərdə  tutduğu  iqtisadi 
planlara  tabe  etməkdən  ibarətdir.  Bu  məqsədlə  Azərbaycanın  neft  sənayesi 
bilavasitə  Moskvadan  idarə  olunurdu.  Azərbaycan,  Sovet  İttifaqı  sənayesinin 
ümumi mənafeyi üçün Türküstandan sonra, ikinci, pambıqçılıq regionuna çevrilir. 
Azərbaycan  ərazisində  Rusiyadan  köçənlər  məskunlaşır.  Siyasi  və  iqtisadi 
müəssisələrdə  Rusiyadan  gələn  yabançı  ünsürlər  hökm  sürür,  şəhərlər  getdikcə 
milli özünəməxsusluqlarını itirir, sənaye işçilərinin sayı azərbaycanlıların zərərinə 
dəyişir.  Bir  sözlə,  «ən  demokratik  Stalin  konstitusiyası»  baxımından  sözdə 
müstəqil  Azərbaycan  respublikası  metropoliya  tərəfindən  qeyri-məhdud  bir 
miqyasda soyulmaqda və istismar edilməkdə idi (99, s.98). 
M.  Ə.  Rəsulzadə  «Azərbaycan  Cümhuriyyəti»  əsərində  mədəniyyətin 
ruslaşdırılmasını  Azərbaycanın  faciəsi  adlandıraraq,  göstərirdi  ki,  sovetləşmənin 
ilk  dövrlərində  bu  siyasət  mədəniyyətin  «formaca  milli,  məzmunca  kommunist» 
olmasından bəhs edən bolşevik formulu ilə maskalanırdı. 
Bütün  bunlarla  yanaşı  qısa  da  olsa,  Azərbaycan  xalqının  sovet  rejimi 
altında  nə  şəkildə  olur  olsun,  əldə  etmiş  olduğu  bəzi  mədəni  nailiyyətləri 
göstərərək  yazırdı:  «Hər  şeydən  əvvəl  indi  Azərbaycanda  oxumağı,  yazmağı 

bilməyənlərin  sayı  aşağı  səviyyəyə  enmişdir.  Türkcə  çap  edilən  qəzet  və 
kitabçaların  tirajı  artırılmışdır.  Almaniyada  rast  gəldiyimiz  azərbaycanlı  hərbi 
əsirlər  arasında  oxuyub  yazmağı  bilməyənlərə  rast  gəlmədik.  Azərbaycanlılar 
arasında  müxtəlif  ixtisaslar  sahəsində  yetişmiş  adamların  sayı  diqqətə  layiq  bir 
vəziyyətdədir.  Alimlik  qadınlara  da  aiddir.  Bir  çox  orijinal  pyeslərdən  başqa 
Azərbaycan teatrının repertuarı Avropa dramaturgiyasının tərcümə edilmiş pyesləri 
ilə  zənginləşdirilmişdir.  Əlbəttə  ki,  rus  yazıçılarına  üstünlük  verilmişdir.  Yeni 
istedad sahibi artist və aktrisalar meydana çıxmışdır. Səhnə sənəti inkişaf etmişdi. 
Bundan başqa məşhur bəstəkar Üzeyir Hacıbəyli ilə başlanan Azərbaycan musiqili 
səhnəsi böyük addımlarla irəliləmişdi. Sovet İttifaqına daxil olan  millətlər arasında 
Azərbaycan musiqisi qabaqcıl bir yer tutmuşdur. Musiqi təhsili ümumiləşmişdi. ... 
Lakin  mədəniyyət  sahəsində  sayılan  nailiyyətlər  nə  kəmiyyət,  nə  də  keyfiyyət 
baxımından azərbaycanlıları təmin edəcək bir şəkildə deyildir» (99, s.97). 
Heydər Əliyev  yeni 2001-ci  il,  yeni əsr  və  üçüncü  minillik  münasibətilə 
Azərbaycan  xalqına  müraciətində  XX  əsr  tarixinin  III  mərhələsi  kimi 
qiymətləndirdiyi  sovet  dövrünü,  xüsusilə  sovetləşmənin  əvvəllərini  çox  düzgün 
xarakterizə  edərək  göstərir:  «Bolşeviklər  Şərq  ölkələrinin  yeni  inqilabı 
dəyişikliklərə  can  atmaq  arzusunda  olmadıqlarını  gördükdən  sonra  öz  siyasi 
məqsədləri naminə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ideyasından 
əl  çəkdilər.  1921-ci  ildə  Zaqafqaziya  Federasiyasının  yaradılması  artıq 
müstəqilliyin  itirilməsi  yolunda  atılan  ilk  addım  oldu.  1922-ci  il  dekabrın  30-da 
SSRİ-nin  yaranması  isə  Azərbaycanın  müstəqilliyinə  son  qoydu.  O,  bir  sıra 
dövlətçilik  atributlarını,  o  cümlədən  bayraq,  gerb,  himn  və  konstitusiyasını 
qoruyub  saxlamasına  baxmayaraq, bir çox sahələrdə  özünün beynəlxalq  hüququn 
subyekti olmaq statusunu itirmişdi» (2, s.14) 
Azərbaycan  dilinin  dövlət  dili  olması,  sovetləşmədən  sonra  rəhbərlikdə 
mübahisələrin  yaranmasına  gətirib  çıxartdı.  Əvvəlki  qurultaylarda  da  türk  dili 
ətrafında  mübahisələr  olmuşdur.  N.  Nərimanovun  Genuya  konfransında 
iştirakından  istifadə  edərək  sol  qrup  türk  dili  üzərinə  hücuma  keçmişdi. 
Məktəblərdə  rus  dili  dərslərinin  sayını  türk  dili  dərslərinin  azaldılması  hesabına 
artırmaq haqqında mətbuatda açıq çıxışlar edilirdi. 
1922-ci  il  fevralın  2-7-də  keçirilən  Bakı  Kommunistlərinin  IV 
qurultayında  geniş  mübahisə  oldu.  Nərimanov  çıxışında  demişdi:  «Yoldaşlar 
soruşurlar  idarənin  milliləşdirilməsinə  MK  necə  baxır?  Türk  dilinin  dövlət  dili 
olması qanundur. Bu haqda dekret var. Ona görə idarələrdə yazı və danışıqlar türk 
dilində olmalıdır. İndi məsul vəzifədə başqa millətlərdən olan kommunistlər durur. 
Onlar  azərbaycanca  oxuyub  yaza  bilmirlər.  Gizlətmək  lazım  deyil,  elə  yoldaşlar 
var  ki,  rusların  arasında  da  yox  deyillər.  Lənətə  gəlsin  teoretik  türk  dili.  Onlar 
Azərbaycanda  işləmək  istəmirlər.  Əgər  onlar  burada  daimi  işləməyi  qərara 
alıblarsa, türk dilini mütləq öyrənməlidirlər» (13, f.1, s.74, iş 5, s. 78). 
 

Qurultayda  qeyd  edildi  ki,  Mərkəzi  Komitə  daxilində  əsas  məsələlərdə 
bəzən fraksiyaçılıq dərəcəsinə çatan və birliyin tamamilə aradan qalxmasına gətirib 
çıxaran  ixtilaflar  olmuşdur.  Fraksiya  mübarizəsi  MK-ya  respublika  həyatına 
istiqamət verən və rəhbərlik edən ali orqana çevrilməsinə mane olurdu. 
Qurultay, plenum qərarlarında  milli məsələ barəsində faydalı, mütərəqqi, 
inkişaf yönlü mülahizələr, tövsiyyələr təsbit olunsa da, əksəriyyəti kağız üzərində 
qalaraq  həyata  keçirilmədi.  Üstəlik  sol  qrup  Nərimanova  hücumlarını  davam 
etdirirdi.  Bu  hücumlar,  o  hətta  Azərbaycandan  uzaqlaşdırılandan  sonra  da  ara 
vermirdi. 
Aprel  çevrilişindən  sonra  bolşeviklərin  kadr  siyasətində  yol  verdikləri 
nöqsanlar,  xüsusən  də  azərbaycanlılara  qarşı  ögey  münasibət  nəinki  tək  xalqda, 
eləcə  də  rəhbərlikdə  ciddi  narazılıqlara  gətirib  çıxardığından  partiyanın  Bakı 
Komitəsi bir sıra tədbirlər görməli oldu. 
1921-ci ilin sonlarında Bakıda Mərkəzi Türk Sovet partiya məktəbi açıldı. 
Qəzalarda partiya siyasi maarif şəbəkəsi genişləndirildi (13, f.l, s.74, iş 5, s.84). 
Azərbaycanda sovet hakimiyyəti qurulanda R. Axundovun, S. Qutinin, Ə. 
H.  Qarayevin,  M.  Quliyevin,  M.  D.  Hüseynovun,  H.  Cəbiyevin  və  AK(b)P  Bakı 
Komitəsinin digər üzvlərinin  cəmi bir ilə yaxın  partiya  stajı vardı.  N.  Nərimanov 
R.  Axundovun  və  Ə.  H.  Qarayevin  solçu  çıxışlarının  səbəblərini  birincinin  sol  
eserlər  partiyasından,  ikincinin  isə  menşevik  «Hümmət»  qrupundan  olmasında 
görürdü. Onların «ifrat inqilabçılığı», «ifrat beynəlmiləlçiliyi» də bu baxımdan irəli 
gəlirdi.  R.  Axundov  və  M.  D.  Hüseynovun  geri çağırılması  məsələsi  AK(b)P-nin 
IV qurultayında qalxmışdı. Kirov milli xətti nəzərə almadan həmfikirlərini müdafiə 
edərək  belə  deyirdi:  «Nə  üçün  cərrahiyyə  əməliyyatı  özlərini  beynəlmiləlçi 
adlandıran  yoldaşlar  üzərində  aparılmalı  idi?  Nə  üçün  bir  tərəfə  zərbə  vurulmuş 
(sol  fraksiyanın  üzvlərini  nəzərdə  tuturdu  -  red.),  o  biri  tərəfə  dəyməmişlər? 
...Ehtimal  ki,  onlar  öz  mövqelərini  yazılı  şəkildə  şərh  etmişdilər.  MK-nın  siyasi 
bürosu  yoldaşları  Moskvada  saxlamağı  və  Azərbaycana  qaytarmamağı  qərara 
almışdır.  Görünür,  Mərkəzi  Komitə  belə  hesab  etmişdir  ki,  bu  yoldaşlar 
Zaqafqaziyada partiya xəttinin daşıyıcıları ola bilməzlər» (13, f. 1, s.74, iş 5, s.66-
67). 
Sovet  hakimiyyətinin  ilk  illərində  milli  xüsusiyyət,  yerli  şərait  və  milli 
mənafelərin  nəzərə  alınmaması  dinə  və  digər  adət  ənənələrə  qarşı  mübarizənin 
güclənməsində özünü daha bariz şəkildə göstərirdi. 
Keçmiş  SSRİ-yə  daxil  olan  respublikalarda  dinə  qarşı  mübarizə 
özünəməxsus  xüsusiyyətlər  daşımışdır.  Belə  ki,  Azərbaycan  respublikasında 
yaranmış  hakimiyyətdə  qeyri-azərbaycanlı  qüvvələrin  aparıcı  mövqe  tutması  və 
milli kommunistlərin «tam beynəlmiləlçiliyi» başqa məsələlərdə olduğu kimi dinə 
münasibətdə də «öz sözünü» demişdir (49, s. 110). 

Respublikada  dinə  qarşı  mübarizədə  ilk  təşəbbüs  1920-ci  ildə  «Şaxsey-
vaxsey», «Şaxsey-vaxseydə kim iştirak edir» adlı plakatların buraxılması oldu (13, 
f.1, s.l, iş 32, s.18). 
1920-ci  il  mayın  15-də  Az.  SSR  Xalq  Maarif  Komissarlığının  verdiyi 
dekretdə  vicdan  azadlığı  elan  edildi.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Dini 
Ayinlər Nazirliyi ləğv olundu. Xalq Maarif Komissarlığının öhdəsində olan bütün 
dövlət  məktəblərində  və  pullu  məktəblərdə  şəriət  dərslərinin,  habelə  məktəb 
daxilində hər cür dini ayinlərin icrası qadağan olundu. 
Rusiyada  bolşeviklər  hakimiyyətə  gəldikdən  sonra,  hələ  1917-ci  il 
noyabrın  22-də  «Rusiyanın  və  Şərqin  bütün  müsəlman  zəhmətkeşlərinə»  adlı 
müraciət  qəbul  edildi.  Bu  müraciətdə  göstərilirdi  ki,  «İndi  sizin  dininiz,  milli  və 
mədəni müəssisələriniz azad və toxunulmaz elan edilir...» (141, 24.11.1917)1 
1920-ci il mayın 5-də Azərbaycan İnqilab Komitəsi bəy, xan və vəqf (din 
başçılarının)  torpaqlarının  müsadirə  edilib  heç  bir  ödənc  alınmadan  kəndlilərin 
istifadəsinə  verilməsi haqqında dekret imzaladı (123, s.16). Bu da  həqiqi mənada 
hücum xarakterli bir siyasət idi. Bolşeviklər yaxşı bilirdilər ki, müsəlmanlar məscid 
torpağına  sahib  olmağa  razılıq  verməz.  Ona  görə  də  Sovetlər  dekretin  yerinə 
yetirilməsi üçün şərt qoyurdular ki, dekretin həyata keçirilməsinə kim mane olsa, o 
adamlar zəhmətkeş xalqın açıq düşməni sayılacaq və qanundan kənar ediləcəklər. 
Müsəlman  dünyasının  müqəddəs  ayı  sayılan  məhərrəmliyə  qarşı  təbliğat 
İslam dininin başqa ayinlərinə və hətta dinin özünə qarşı aparılan təbliğatdan daha 
artıq səy tələb edirdi. 
Bolşeviklər  məhərrəmliyə  qarşı  15  maddədən  ibarət  olan  tezislərlə 
Kərbəla  hadisələrinə  siyasi  və  iqtisadi  nöqteyi-nəzərdən  yanaşır  və  bu  hadisəyə 
feodal münaqişəsi kimi qiymət verirdilər. Məhərrəmlik əleyhinə yazılmış tezislərdə 
İslamın əsaslarına da ciddi toxunulurdu (117, s.51-54). 
Az  K(b)P  MK-nın  1920-ci  ildə  respublikadakı  partiya  təşkilatlarına, 
ideoloji və din əleyhinə məsələ ilə əlaqədar təlimat məktubunda yazılmışdı: «Bütün 
qəza  təşkilatlarına,  AK(b)P-nin  yerli  orqanlarına.  «Aşura»  günü  yaxınlaşdıqca 
qabağımıza  çətin,  məsuliyyətli  iş  çıxır.  «Aşura»  günü,  onunla  bağlı  zəncirlərlə 
özünüdöymə,  küçələrdə  səs-küylü  yürüşlər  və  s.  bizim  üçün  silinməz  bir  ləkədir. 
Azad Azərbaycanda belə hallara yol vermək olmaz. Sizlərə  tapşırılır ki, Şaxseyə-
vaxseyə qarşı ağıllı təbliğat aparasınız.» (13, f.l, s.l, iş 32, s.34). 
Bolşeviklər  düşünülmüş  təbliğat  seçmişdilər.  Onlar  bu  cür  qabaqgörən 
siyasətlə çox nüfuzlu din xadimlərini öz ətraflarına çəkir və öz istədikləri kimi din 
əleyhinə iş görə bilirdilər. Təəssüf ki, çox hallarda ifrata vararaq hədlərini aşırdılar 
da. Bunu Orconikidze, Mirzoyan da sonralar öz çıxışlarında etiraf edirdilər. 
Azərbaycan  sovetləşəndən  sonra  şəriətin  başqa  adətləri  kimi,  orucluğa 
qarşı da barışmaz mübarizə aparılmağa başlandı. Bolşevik təbliğatında orucluq da 
məhərrəmlik,  novruz  və  qurban  bayramı  kimi  mövhumatçıların  uydurması 
sayılırdı. 

Sovet  mətbuatı  məsələyə  tamam  əks  mövqedən  yanaşaraq  yazırdı: 
Orucluq orqanizmi əldən salır və sağlamlığı məhv edir. 
Məhərrəmliyə  və  orucluğa  qarşı  geniş  mübarizə  kampaniyası  partiyanın 
Bakı  Komitəsinin  protokollarında  öz  əksini  tapmışdı.  Dini  mərasimlərə  qarşı 
mübarizə  aparmaq  məqsədilə  tənqid-təbliğ  teatrlarından  istifadə  edərək  yeni 
pyeslərin baxımını və təsdiq edilməsini təmin etmək üçün Komissiya  yaradılması, 
xüsusi  plakatlar,  şüarlar  hazırlamaq,  qəzetlərdə  məhərrəmliklə  əlaqədar 
kompaniyaya başlamaq nəzərdə tutulurdu (13, f.l, s.l, iş 130, s.42). 
Əsrlər boyu xalqın öz arzusunun, istəyinin baş tutması üçün Allaha rəğbət 
və  minnətdarlıq  rəmzi  kimi  qurban  kəsməsi  bolşevik  təbliğat  və  mətbuatında 
hədəfə  çevrilmişdi.  Qəzet  və  jurnalların  səhifələrini  mollalara  qarşı  karikaturalar, 
anonim müəlliflərin məqalələri və klassik poeziyaya bələd olan, dini məsələlərdən 
başı çıxan şəxslərin məktubları verilirdi. 
Din  xadimləri  və  dindarlara  qarşı  aparılan  bolşevik  kompaniyası  dinə 
qarşı  aparılan  təbliğatla  demək  olar  ki,  eyni  vaxtda  başlanmışdı.  Bolşeviklərin 
fikrincə, din xadimləri kütlələrin mədəni inkişafı və tərəqqisində əngəl törədirdilər, 
deməli,  onlara  qarşı  cəmiyyət  barışmaz  olmalıdır.  Din  xadimlərinin  torpaqları, 
varidatları əllərindən alındı, dövlət mədrəsələri bağlandı. Həmçinin mollaların ailə-
nigah  məsələlərinə  qarışması  qadağan  edildi.  Bütün  bunlara  baxmayaraq, 
müsəlman  dindarları  xristian  dindarlarına  nisbətən  daha  təmkinli  davrandılar. 
Xristian  dindarları  sovet  hakimiyyətinə  qarşı  açıq  çıxışlar  etmiş,  antisovet 
bəyanatlar  qəbul  etmişlər.  Uzun  illər 
 
Rusiyada  və  b.  yerlərdə  dindarlar  müxtəlif 
üsullarla  müqavimət  göstərirdilər  ki,  bu  da  hakimiyyət  tərəfindən  kütləvi 
repressiyalarla qarşılandı. 
Müsəlman  dindarları  isə  əksinə,  məcburiyyət  üzündən  heç  bir  şeylə  öz 
narazılıqlarını  bildirmədilər.  Hətta  bəzi  din  xadimləri  Məhəmməd  peyğəmbərin 
təlimi  ilə  marksizm  nəzəriyyəsi  arasında  bəzi  paralellər  aparmağa  başladılar. 
Müsəlman din xadimlərinin bu təşəbbüsü əvvəlcə bolşeviklər tərəfindən bəyənildi, 
sonra isə bu hərəkətə ayrı məna verildi (71, s.38-39) 
Dinə qarşı təbliğat 1923-1924-cü illərdə daha da fəallaşmışdı. 1924-cü il 
yanvarın  8-də  AK(b)P  Siyasi  Bürosunun  iclasında  «Din  əleyhinə  təbliğatın 
aparılmasına dair» məsələ müzakirə edildi və din əleyhinə mübarizəni təşkil etmək 
məqsədilə komissiya yaradıldı (13, f.l, s.2, iş 18, s.144). 
1924-cü ildə Bakıda «Allahsızlar cəmiyyəti»nin yaradılması ilə dinə qarşı 
mübarizə  daha  da  gücləndirilirdi.  Bolşevik  mətbuatı  «Allahsızlar  cəmiyyəti»nin 
qarşısında duran vəzifə ilə bağlı yazırdı ki, cəmiyyətin qarşısında duran əsas vəzifə 
bütün  şüurlu  fəhlə  və  kəndliləri  mübariz  ateizm  bayrağı  altında  birləşdirmək, 
zəhmətkeşləri  dini  xurafatdan  uzaqlaşdırmaq  və  onlarda  materialist  dünyagörüşü 
formalaşdırmaqdan ibarətdir (112, 14.04.1925). 
Azərbaycanda  sovetləşmə  prosesi  başlayan  kimi  «şaxsey-vaxsey»  
qadağan  olunmuşdur.  Lakin  fəhlə  və  kəndlilərin  inamına  qarşı  yönəlmiş  bu 

tədbirlərdən  tez  imtina  edildi.  Hökumət  manevr  edərək  1923-cü  il  avqustun  1-də 
xüsusi  dekretlə  «Şaxsey-vaxsey»  mərasimini  qadağan  edən  qərarı  ləğv  etdi. 
Dekretdə  deyilirdi  ki,  Azərbaycan  şiələrinin  «Şaxsey-vaxsey»  mərasiminə  qarşı 
heç bir inzibati tədbir görülməsin (117, s. 50). 
Azərbaycanda  bolşeviklərin  yeritdiyi  antiislam  siyasəti  N.  Nərimanovu 
çox düşündürürdü. O, buna dəfələrlə öz kəskin etirazını bildirirdi. Dinə münasibət 
başqa  məsələlərdə  olduğu  kimi  Azərbaycandakı  rəhbər  dairələrdə  də  ciddi  fikir 
ayrılığına, ixtilaflara gətirib çıxarırdı. Bu fikir ayrılığı hələ aprel çevrilişindən çox 
keçməmiş  1920-ci  ilin  oktyabrında  keçirilən  AK(b)P-nin  II  qurultayında  özünü 
bürüzə verdi. Qurultayda Lominadze qeyd edirdi ki, «Azərbaycanda dini fanatizm 
mühüm  qüvvədir,  onunla  biz  mübarizə  aparmalıyıq.  Kəndlərdə  vəziyyət  daha 
ağırdı. Burada zəhmətkeş qüvvələr bütünlüklə dini adətlərlə xəstələnib və bundan 
burjuaziya istifadə edir. İcazə verin kəndlərdə inqilab edək. Feodal qalıqlara qarşı 
biz  ciddi  mübarizəyə  qalxmalıyıq,  amma  çox  ehtiyatla.»  (13,  f.l,  s.l,  iş  8,  s.  92). 
Sarkisin  dinə  münasibəti  də  mənfi  idi.  «Mollalar  və  dindarlar  keçmişin  qalıqları 
kimi indiki zamanda kasıblara siyasi iqtisadi təsir edirlər, çünki onların əlində hələ 
çoxlu mülk var. Dindarlara qarşı mübarizə bizim qurultayın qarşısında duran əsas 
vəzifədir» (13, f.l, s.l,iş 8, s. 92). 
Qurultayda  N.  Nərimanov  bildirdi  ki,  «Şərqdə  din  məsələsi  olduqca  çox 
vacib  məsələdir. Bu  məsələ  ilə son dərəcə  ehtiyatlı  olmaq lazımdır, çünki burada 
bütün həyat bu məsələdən asılıdır». 
Nərimanov  İslam  dininə  hörmətlə  yanaşaraq  göstərirdi  ki,  İslam  dini  ilə 
xristianlığı  eyniləşdirmək  olmaz.  Xristianlıq  ehkamdırsa,  müsəlmanlıq  həyatdır 
(13, f.l, s.l, iş 8, s. 194). 
Xalqın milli adət-ənənələrinə, xüsusilə dinə qarşı mübarizə o qədər kəskin 
şəkil almışdı ki, artıq rəhbərlikdə oturan qeyri-azərbaycanlı kommunistlər də bunu 
deyirdilər.  Orconikidze  etiraf  edirdi  ki,  «din  ilə  mübarizədə  biz  çox  səhvlərə  yol 
veririk. Götürək Qubadakı qiyamı. Bu qiyamı kasıblar başlamışdılar. Ona görə ki, 
orada  bizim  gənclər  Quranı  ayaq  altına  atıb  tapdalayırdılar.  Bu  isə  insanların 
qəzəbinə  səbəb  olub.  Quranı  cırıb  atmaq  heç  də  sosial  inqilab  deyil.  Mən  hesab 
edirəm ki, biz kəndlilərin başından Quranın təsirini çıxarmalıyıq» (13, f.l, s.l, iş 8, 
s. 144). 
Xalq Xarici İşlər Komissarlığına göndərdiyi məktublarında N. Nərimanov 
İslamın  müxtəlif cərəyanlarını ətraflı səciyyələndirir,  müasir dil ilə desək,  «İslam 
amilindən»  yaxın və orta Şərqdə azadlıq hərakatının, dünyanın sosial tərəqqisinin 
xeyrinə istifadə etmək imkanını nəzərə çatdırırdı. O, möhkəm inanırdı ki, İslamdan 
sosializm məqsədləri üçün ancaq bacarıqla istifadə etmək olar. Misal gətirərək izah 
edirdi  ki,  hələ  1918-ci  ildə  Həştərxanda  ruhanilərin  yığıncağında  o,  mollaların 
özünün razılığı ilə əmək məktəbinin tədris prosesinden şəriətin çıxarılmasına nail 
olmuşdur (59, 4. XI. 1990). 

N.  Nərimanov  Çiçerinə  məktubunda  yazırdı:  «1920-ci  ildə  mən 
Azərbaycanda  izdihamlı  yığıncaqda  çox  arvadlılığa  qarşı  nitq  söylədikdən  sonra 
yüksək  nüfuzlu  bir  molla  söz  alıb  Quranın  surələrinə  əsasən  çox  arvadlılığın 
əleyhinə çıxdı. Məsələ burasındadır ki, Quranda çox arvadlılığa icazə verən qanun 
da var, onu qadağan edən qanun da. Sosializm ideyasını da məhz İslamın qanunları 
əsasında  eyni ilə bu cür bərqərar etmək olar. Hər şey ondan asılıdır ki,  bu qanun 
kimlərin  əlindədir,  onu  kim  və  necə  yozur».  (13,  f.609,  s.1,  iş  71,  s.47-48).  O 
inanırdı ki, İslama – mədəniyyətə, tərəqqiyə mane olmaq məqsədi güdən nəzəriyyə 
kimi baxmaq böyük səhv olardı. 
N.  Nərimanov  İslamda  dünya  sivilizasiyası  tarixində  xüsusi  yer  tutan 
qüdrətli,  misilsiz  dərəcədə  zəngin,  dünya  mədəniyyətinə  həqiqətən  böyük  təsir 
göstərmiş mədəniyyət görür və təbliğ edirdi. 
Çevrilişdən  sonra  Azərbaycanda  dinə  və  dindarlara  qarşı  aparılan 
mübarizə,  xüsusən  vicdan  azadlığının  demokratik  prinsipinə  məhəl  qoyulmaması 
xalqda,  eləcə  də  böyük  nüfuza  malik  olan  ruhanilər  arasında  qəti  etiraza  səbəb 
olmuşdu.  N.  Nərimanov  bütün  haqsızlıqların  əleyhinə  çıxır,  matəm  günlərində 
məscidə gedərək xalqla bir yerdə olurdu. Ona böyük hörmət və inam bəsləyirdilər. 
1922-ci  ilin  avqustunda  (N.  Nərimanov  Tiflisə  getdikdən  sonra) 
respublika  orqanları  «şaxsey-vaxsey»  mərasimi  zamanı  camaatın  şəhərin 
küçələrindən keçib getməsini qadağan edən qərar çıxardı. Mərasim başlanan kimi 
hakimiyyət  orqanlarının göstərişi  ilə  hərbi qüvvələr hərəkətə  gəldilər. Baş vermiş 
toqquşmalar zamanı fəhlələr arasında ölənlər oldu (59, 4. XI. 1990). 
N.  Nərimanov  1923-cü  ilin  yayında  RK(b)P  MK-ya  göndərdiyi 
məktubunda  bu  kədərli  hadisələrdən  ətraflı  bəhs  edib,  matəm  mərasimi  zamanı 
hərbi  güc  işlədən  hakimiyyət  orqanlarının  əməllərini  qəti  pislədi,  mərasimin 
qadağan  olunması  haqqında  qərarı  inzibatçılığın,  əhalinin  dini  xüsusiyyətlərinin, 
yerli  adət-ənənələrin  qulaqardına  vurulmasının  əyani  təzahürlərindən  biri  kimi 
səciyyələndirdi. O, yazırdı:  «Bir materialist  kimi dinə qarşı çıxmaq bir şeydir, bu 
mərasimlərin yerinə yetirilməsini qadağan etmək məqsədilə silahlı qüvvə çıxarmaq 
başqa şey» (59, 4. XI. 1920). 
Mirzoyan  AK(b)P-nin  XII  konfransında  (6-12  iyun  1923)  din  əleyhinə   
təbliğatın  aparılmasında  yol verilmiş  səhvləri etiraf edirdi: «Dinə qarşı mübarizə 
əsas  məsələ  kimi  qalmaqdadır.  Amma  işi  apararkən  biz  bir  çox  səhvlərə  yol 
vermişik.  Biz  çalışmışıq  ki,  mövcud  olan  faktı  3  gün  ərzində  aradan  götürək. 
Düzdür,  biz  marksistlər  Allaha  inanmırıq,  ancaq  öz  işimizi  elə  qurmalıyıq  ki, 
dindarların heysiyyatına toxunmayaq. Təzyiqlərə yol vermək olmaz. Görün, biz bu 
işi  hara  gətirib  çıxarmışıq.»  (145,  s.22).  Ancaq  bu,  öz  cinayətkar  əməllərini 
sığortalamaq üçün qeyri-səmimi etiraf idi... 
1923-cü ilin iyulunda XII Ümumbakı partiya konfransında din əleyhinə iş 
aparılmasında  ciddi  əyintilərdən  təşvişlə  danışıldı.  Konfrans  məscidə  və  kilsəyə 

qarşı  «süvari  qoşunların  hücum»  etməsi  faktını  pislədi,  «basqınlardan  və 
kustarçılıqdan» düşünülmüş işə keçirilməsinin labüd olduğunu göstərdi. 
1923-cü  il  avqustun  22-də  AK(b)P  Bakı  Komitəsinin  Rəyasət  Heyəti 
qərara  aldı:  «Rayonlarda  «şaxsey-vaxsey»  mərasiminin  iştirakçılarına  nümayiş 
düzəltməkdə    maneçilik    törədilməsin.  Rayon    komitələrinə  və  «şaxsey-vaxsey» 
mərasiminə  qarşı  kompaniya  keçirilməsi  üçün  təhkim  edilmiş  məsul  işçilərin 
hamısına tapşırılsın ki, onlar istər məscidlərdə, istərsə də küçələrdə heç bir məcburi 
tədbirlər görməsinlər.» (59, 4. XI. 90). 
N.  Nərimanov  məscidlərin  və  digər  ziyarət  yerlərinin  təhqir  olunmasına 
qarşı  bütün  qüvvəsi  ilə  mübarizə  aparırdı  və  eyni  zamanda  digər  dinlərə  də  çox 
hörmətlə  yanaşırdı.  1924-cü  ilin  fevralında  Bakıda  Rojdestvenski  provoslav 
kilsəsini  uçurmaq  məsələsi  qaldırıldıqda,  dini  icmanın  nümayəndələri  bu  qərara 
gəldilər  ki,  SSRİ  MİK  sədri  N.  Nərimanova  teleqram  vurub,  ondan  məbədin 
saxlanmasını  xahiş  etsinlər.  O,  dindarların  teleqramına  dərhal  münasibətini 
bildirmişdi:  «Smidoviç  yoldaşa,  xahiş  edirəm  bu  məsələ  barəsində  mənimlə 
danışasınız.»  Bütün  Rusiyanın  patriarxı  Tixinovun  əfv  edilməsi  haqqında  SSRİ 
MİK-nin dekretini də məhz N. Nərimanov imzalamışdı (59, 04.XI.1990). Bu keşiş 
əksinqilabi fəaliyyətdə təqsirləndirilərək mühakimə olunmuşdur. 
Artıq  20-ci  illərin  sonunda  «Allahsızlar  cəmiyyəti»nin  adı  Moskvada 
olduğu kimi «mübariz allahsızlar ittifaqına» çevrildi. 
Beləliklə,  Azərbaycanda  sovet  hakimiyyətinin  bərqərar  olunmasından 
sonra  cəmiyyət  həyatının  müxtəlif  sahələrində  istər  kadr  siyasətində,  istər  neft 
sənayesində,  dinə  münasibətdə,  ərazi,  dil  məsələlərində,  ümumiyyətlə,  cəmiyyət 
həyatının  bütün  sahələrində  yerli  şərait  və  milli  xüsusiyyətlər  nəzərə  alınmırdı. 
Faktlar, arxiv materialları göstərir ki, sovet hakimiyyəti möhkəmləndikcə, onların 
xalqlara  vəd  etdikləri  azadlıqlar  unudulur,  əsrlər  boyu  saxlanılan,  nəsildən-nəslə 
ötürülən  mənəvi  etnik  dəyərlər  üstündən  xətt  çəkilir,  amirlik,  totalitar  tədbirlər 
həyata keçirilirdi. 
20-ci  illərdə  İslam  dininə  qarşı  başlanmış  hücum  xalq  kütlələrində  sovet 
hakimiyyətinə  qarşı  nifrət  əhval  ruhiyyəsini  formalaşdırdı  və  sübut  olundu  ki, 
Azərbaycan  xalqını  öz  əqidəsindən  döndərmək,  «Allahsızlaşdırmaq»  mümkün 
deyil və xalqda inam, dinə etiqad əbədi yaşayacaqdır. 
Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin